Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-316/2026 16.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. xxxx ASC ilə cavabdeh1 arasında 2021-ci il ## ######## tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1 2021-ci il ## #### tarixli, 1.0.4 versiyasının qəbul edilməsi barədə razılaşma imzalanmışdır.
2. 2021-ci il ## ###### tarixli maliyyələşdirmə ərizəsi əsasında cavabdeh1 2023cü il ## ###### tarixənədək illik 17% ödəmək şərti ilə 250.000 manat məbləğində kredit verilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 229.268,49 manat əsas borc, 45.337,58 manat faiz borcu, 72.394,66 manat cərimə borcu olmaqla, cəmi 347.000,73 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 637 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Cavabdehin 2024-cü il # ######## tarixə iddiaçıya qarşısında kredit üzrə öhdəlikləri DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 229.268,49 manat əsas borc, 45.337,58 manat faiz borcu, 72.394,66 manat cərimə borcu olmaqla, cəmi 347.000,73 manat, gecikmə günü isə 933 təşkil edir.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 224.382,35 manat əsas borc, 12.870,82 manat faiz borcu, 11.200 manat cərimə borcu, 538,45 manat dövlət rüsumu, ümumilikdə 248.991,62 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
6. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2025-ci il # ##### tarixli, */*** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 2021-ci il ## ###### tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə cavabdehin 2024-cü il ## ###### tarixinə əsas kredit borcu 250.000,00 manat, faiz borcu 90.558,73 manat, 2024-cü il ## ###### tarixinə əsas kredit borcu 250.000,00 manat, faiz borcu 90.593,46 manat təşkil etmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən təkrar məhkəməmühasibatlıq
7. ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## #### tarixli */**** nömrəli rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayış məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 2021-ci il ## ###### tarixində, DC********-** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehin 2024-cü il # ######## tarixinə əsas borcu 224.382,35 manat, faiz borcu 12.870,82 manat, gecikdirilmiş faiz borcu 9.037,62 manat, 2024-cü il ## ###### tarixə əsas borcu 224.382,35 manat, faiz borcu 12.870,82 manat, gecikdirilmiş faiz borcu 11.281,44 manat təşkil etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə ilə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdehdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehdən tutulacaq əsas və faiz borclarının məbləğləri 2025-ci 10 iyun il tarixli, */**** saylı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ona görə də, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 224.382,35 manat əsas borc, 12.870,82 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
9. Bununla yanaşı, məhkəmə tələb olunan 72.394,66 manat cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 11.200 manat müəyyən edilməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 739.2 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və həmin hissədə tələbin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehdən kredit müqaviləsi üzrə faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi, cavabdehdan iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 43.760,79 manat müəyyən edilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə apellyasiya instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi, aellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov).
13. Apellyasiya baxışı zamanı sonuncu ekspert rəyi tədqiq edilərkən müəyyən olmuşdur ki, 2021-ci il ## ######-2022-ci il ## ######## tarixlər üzrə gündəlik faiz 118,06 manat (250.000 manatın illik 17 faizinin bir günə düşən hissəsi) kimi hesablanmışdır. Lakin, 2022-ci il ## ######## tarixində əsas borc 224.382,35 manat olduğu halda, 2023-cü il ## ###### tarixinədək olan dövr üçün gündəlik faiz 31,16 manat göstərilmişdir. Əsas borc təxminən 1,11 dəfə azaldığı halda, gündəlik faiz 3,8 dəfə azaldılmışdır ki, bu da hesablamanın müqavilə şərtlərinə uyğunluğuna dair əsaslı şübhələr yaratmışdır.
14. Göstərilən uyğunsuzluq nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2026-cı il # ###### tarixli, */**** saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən cavabdehin 2023-cü il ## ###### tarixinə (kredit müddətinin son tarixinə) olan əsas borcu 224.382,35 manat, faiz borcu isə 43.760,79 manat təşkil edir.
15. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əsas götürdüyü ekspert rəyində müəyyən edilmiş faiz borcu məbləği düzgün hesablanmamışdır. Həmin rəy məhkəmə tərkibində əsaslı şübhələr doğurduğundan təkrar ekspertiza təyin edilmiş və bu dəfə verilmiş rəydə faiz borcu qalıq əsas borc məbləğinə mütənasib və müqavilə şərtlərinə uyğun hesablanmaqla şübhələr aradan qaldırılmışdır. Odur ki, iddiaçının apellyasiya şikayətinin faiz borcuna dair dəlilləri qismən əsaslı hesab edilərək, şikayət həmin hissədə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 43.760,79 manat müəyyən edilməlidir.
16. Əsas borca münasibətdə iddiaçının dəlillərinə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə verilmiş hər iki ekspert rəyində mübahisəli kredit müqaviləsi üzrə əsas borc eyni məbləğdə müəyyən edilmişdir. Iddiaçı əsas borcun ekspert tərəfindən düzgün hesablanmamasını onunla əsaslandırmışdır ki, iddiaçının öz hesablaması ilə cavabdeh tərəfindən edilmiş ödənişlər ilk növbədə dəbbə pulunun, daha sonra faizlərin və ən sonda əsas borcun ödənilməsinə yönəldilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ödənişlərin silinmə ardıcıllığı iddiaçı tərəfindən əvvəlcədən hazırlanmış, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş və fərdi qaydada müzakirə edilməmiş X1 IV bölməsinin (Kredit) 3.8-ci bəndində müəyyən edilmişdir. Bu şərtlər müqavilə bağlanarkən cavabdehlə ayrıca razılaşdırılmamış, ona yalnız bütövlükdə qəbul etmək imkanı verilmişdir. Buna görə həmin müddəalar MMin 417.1-ci maddəsinin mənasında müqavilənin standart şərtləri hesab edilir. Mübahisəli müddəaya əsasən ödənişlər ilkin olaraq dəbbəyə, sonra faizlərə və yalnız bundan sonra əsas borca silinir. Bu mexanizm əsas borcun azalmasını sistemli şəkildə ləngidir və gecikmə müddəti uzandıqca dəbbənin artımını sürətləndirir. Nəticədə borclunun faktiki ödənişləri onun əsas borc yükünü azaltmaq funksiyasını dərhal yerinə yetirmir və dəbbə struktur olaraq böyüməyə davam edir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kreditin əsas şərtləri (faiz dərəcəsi, müddət, dəbbə və s.) maliyyələşdirmə ərizəsində ayrıca razılaşdırılmışdır. Lakin kredit öhdəliyinin hissə-hissə icrası zamanı borcun strukturuna birbaşa təsir edən ödənişlərin silinmə ardıcıllığı həmin sənəddə göstərilməmiş və iddiaçının qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış standart şərtlərində nəzərdə tutulmuşdur.
19. Məhkəmə kollegiya hesab etmişdir ki, əsas borcun amortizasiyasını ləngidən və dəbbənin artımını stimullaşdıran belə mexanizm tərəflər arasında hüquqi və iqtisadi tarazlığı pozur və kompensasiya xarakterini aşaraq kreditor üçün struktur üstünlük yaradır, borclu üçün isə zərərli iqtisadi nəticəyə səbəb olur. Bu mexanizm borclunun faktiki icra etdiyi ödənişlərin onun əsas borc yükünü real olaraq azaltmasına imkan vermədiyindən, müqavilə tərəfləri arasında bərabər iqtisadi risk bölgüsünü pozur. Buna görə ödənişlərin ilk növbədə dəbbəyə yönəldilməsini nəzərdə tutan standart müddəa etibarsızdır. Standart şərtin etibarsızlığı nəticəsində ödənişlərin silinmə ardıcıllığı MM-in 432.4-cü maddəsinə uyğun müəyyən edilməli və məhz bu metodologiya üzrə aparılmış ekspert hesablaması əsaslı hesab edilməlidir. Iddiaçının əks arqumenti hüquqi əsasdan məhrumdur.
20. Apellyasiya şikayətinin dəbbə pulu azaldılarkən kreditorun əmlak mənafelərinin nəzərə alınmamasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsində gecikmə halları üçün illik 15 faiz, kredit müddəti bitdikdən sonra isə illik 32 faiz dərəcəsi tətbiq edilməklə dəbbə mexanizmi nəzərdə tutulmuşdur. Bu mexanizm gecikmə müddətinin uzanması ilə paralel olaraq dəbbə məbləğinin kifayət qədər artmasına səbəb olmuşdur. Gecikmənin 933 gün davam etməsi nəticəsində dəbbə məbləği əsas borcun təxminən üçdə bir hissəsinə (72.394,66 manat) çatmışdır. Dəbbə pulunun məqsədi borclunu öhdəliyin icrasına sövq etmək və gecikmənin hüquqi nəticəsini təmin etməkdir. Lakin gecikmə müddətinin uzunluğu və yüksək faiz dərəcələrinin tətbiqi nəticəsində formalaşmış dəbbə məbləği artıq təminedici xarakteri aşaraq borclu üçün açıq-aşkar dözülməz maliyyə yükü yaradır. Belə halda dəbbə institutu öz təminedici mahiyyətindən çıxaraq faktiki olaraq cəzalandırıcı mexanizmə çevrilir ki, bu da onun kompensasiyaedici təbiəti ilə uzlaşmır. MM-in 467-ci maddəsində nəzərdə tutulan “tənasüb” meyarı yalnız formal müqavilə razılaşmasına deyil, işin real iqtisadi nəticələrinə qiymət verilməsini tələb edir. Bu işdə dəbbənin tələb olunan məbləğdə saxlanılması tərəflərin hüquqi və iqtisadi mənafeləri arasında balansı pozur və kreditorun mənafelərinin qorunması üçün zəruri həddi aşır. Lakin dəbbənin tamamilə aradan qaldırılması onun stimullaşdırıcı funksiyasını zəiflədə bilər. Buna görə də dəbbə məbləği elə həddə azaldılmalıdır ki, bir tərəfdən öhdəliyin pozulmasına hüquqi reaksiya təmin edilsin, digər tərəfdən isə borclu üçün tənasübsüz maliyyə nəticəsi yaranmasın. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ işin hallarına və MM-in 467-ci maddəsinin məqsədinə uyğun hesab edilir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 417.1, 420.2, 432.4, 462.1, 467, 739.1, 739.2 və 741-ci, MPM-in 14.2, 77.1, 119.1, 119.5, 372.6, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 432 və 448.1-ci maddələri, MPM-in 88, 97, 217.1, 220.1, 153 və 220.4cü maddələri üzrə - cavabdehin müqavilədən irəli gələn əsas, faiz və cərimə borcu məbləğlərinin müəyyən edilməsi zamanı işin faktiki halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Halbuki, qeyd edilən hallar iş üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün həlledici əhəmiyyət kəsb edir və birbaşa sübutetmə predmetinə daxildir. Buna baxmayaraq, məhkəmə işin faktiki hallarını araşdırmadan ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş, nəticədə əsas, faiz və cərimə borcu məbləğləri əsassız surətdə azaldılaraq düzgün olmayan şəkildə müəyyən edilmişdir. Ekspert rəyində göstərilən rəqəmlər işin faktiki halları, kredit müqaviləsinin şərtləri və bank tərəfindən aparılmış real hesablaşmalarla uzlaşmır və bu səbəbdən düzgün hesablanmış hesab edilə bilməz. Belə ki, ekspert rəyinin məzmunundan aydın olur ki, hesablamalar zamanı ödənişlərin silinmə ardıcıllığı nə müqavilə şərtlərinə, nə də kredit münasibətlərinin hüquqi mahiyyətinə uyğun tətbiq edilmişdir. Bu isə yekun borc göstəricilərinin ciddi şəkildə təhrif olunmasına səbəb olmuşdur. Belə ki, 2021-ci il ## ###### tarixli DC********-** saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən həyata keçirilmiş 61.860,71 manat məbləğində ödəniş ekspert tərəfindən 25.617,65 manat əsas borca, 36.243,06 manat isə faiz borcuna silinmiş kimi qəbul edilmişdir. Halbuki, bank tərəfindən həmin ödənişlər müqavilə şərtlərinə və tətbiq olunan silinmə mexanizminə uyğun olaraq aşağıdakı ardıcıllıqla yönəldilmişdir: ilk növbədə cərimə borcuna – 11.523,71 manat, daha sonra faiz borcuna – 29.605,49 manat, sonda isə əsas borca – 20.731,51 manat. Ekspert tərəfindən isə cərimə borcuna yönəldilmiş ödənişlər nəzərə alınmamış, xüsusilə bank tərəfindən düzgün şəkildə cərimə borcundan silinmiş 11.523,71 manat məbləğ tamamilə faiz borcuna aid edilmişdir. Bu isə silinmə ardıcıllığının yalnız pozulması deyil, eyni zamanda ümumi borc strukturunun süni şəkildə dəyişdirilməsi deməkdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit öhdəliyinin icrasında gecikmə baş verdiyi hallarda cərimə (peniya) borcunun hesablanması və tətbiqi birbaşa müqavilə ilə müəyyən edilmişdir. Müvafiq cərimə məbləğləri kredit münasibətlərinin icrası müddətində öhdəliyin pozulması nəticəsində faktiki olaraq yaranmışdır. Eyni zamanda, iddiaçıya 2021-ci il ## ###### tarixindən 2023-cü il ## ###### tarixinədək 24 ay müddətinə, illik 17% faiz dərəcəsi ilə, gecikmə halında illik 15% əlavə faiz, kredit müddətinin bitməsindən sonra isə illik 32% cərimə faizi tətbiq olunmaqla 250.000 manat məbləğində kredit verilmişdir. Müqavilə şərtləri və faktiki ödənişlərin təhlili göstərir ki, ekspert tərəfindən aparılmış hesablamada faiz borcunun müəyyən edilməsi zamanı kreditin real icra mexanizmi və ödənişlərin hüquqi nəticələri düzgün nəzərə alınmamışdır. Bununla yanaşı, Bank xidmətlərinin göstərilməsinə dair X1 4cü bölümünün 3.8-ci bəndində təsbit edilmiş ödənişlərin silinmə ardıcıllığına dair imperativ qaydalar kobud şəkildə pozulmuşdur. Həmin normaya əsasən, müştəri tərəfindən həyata keçirilən hər bir ödəniş ilk növbədə cərimə (peniya) borcunun, daha sonra faiz borcunun, sonda isə əsas borcun ödənilməsinə yönəldilməlidir. Lakin ekspert rəyində bu ardıcıllıq nəzərə alınmamış, ödənişlərin müqavilə və bank qaydalarına uyğun bölüşdürülməsi prinsipi tətbiq edilməmiş, nəticədə borcun strukturu və həcmi barədə yanlış nəticəyə gəlinmişdir. Məhkəmə isə iş üzrə sübutların məcmusunu qiymətləndirməmiş, tərəflər arasında mövcud olan müqavilə münasibətlərinin mahiyyətini və icra vəziyyətini araşdırmadan nəticəyə gəlmişdir. Bu da borcun hesablanması ilə bağlı nəticələrin əsassız olmasına, mübahisənin mahiyyəti üzrə düzgün hüquqi qiymətin verilməməsinə və nəticə etibarilə ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına səbəb olmuşdur.
24. MM-in 467-ci maddəsi üzrə - dəbbə məbləğinin azaldılması məhkəmə üçün imperativ öhdəlik kimi müəyyən edilməmiş, bu məsələ qanunu tətbiq edən orqanın mülahizəsinə buraxılmışdır. Bu baxımdan, məhkəmə tərəfindən dəbbə pulunun azaldılması yalnız müvafiq hüquqi əsaslar və işin faktiki hallarının hərtərəfli araşdırılması nəticəsində mümkün hesab edilə bilər. Eyni zamanda, maddədə “tənasübsüz” anlayışının konkret meyarları birbaşa göstərilməsə də, hüquqi məntiq və mülki qanunvericilikdə qəbul edilmiş ağlabatanlıq prinsipi əsasında bu anlayışın tətbiqi zamanı əsas borc ilə cərimə məbləği arasındakı nisbətin məqsədəuyğunluğu və balansı nəzərə alınmalıdır. Normanın ruhundan da aydın görünür ki, cərimənin tənasübsüz hesab edilməsi subyektiv qənaətə deyil, konkret müqayisəli və iqtisadi göstəricilərə əsaslanmalıdır. Hazırkı iş üzrə məhkəmənin göstərdiyi əsaslandırıcı məqamlar bu tələblərə cavab vermir. Belə ki, məhkəmə cərimə məbləğinin tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bu qənaətini hər hansı hüquqi norma, sübut və ya hesablamalarla əsaslandırmamış, cərimənin hansı meyarlar üzrə tənasübsüz hesab edildiyini qətnamədə göstərməmişdir. Nəticədə, qətnamənin mübahisələndirilən hissəsində hüquqi müəyyənlik prinsipi pozulmuş və məhkəmə aktının məzmununda qeyri-müəyyənlik yaranmışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, borcalan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə uyğun olaraq cərimə faizlərinin və dəbbə pulunun hesablanması şərtləri ilə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə qarşılıqlı iradə ifadəsinin nəticəsi olmaqla, tərəflərin hüquq və öhdəliklərini müəyyən etmişdir. Mülki qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunun (cərimə, penya) müəyyən edilməsini nəzərdə tutmaqla, kreditorun icranın gecikdirilməsi və ya öhdəliyin pozulması nəticəsində yarana biləcək zərərlərdən qorunmasını və öhdəliyin vaxtında və düzgün icrasının stimullaşdırılmasını məqsəd kimi qarşıya qoymuşdur. Bu baxımdan, cərimə məbləğinin əsaslandırılmadan azaldılması həmin institutun hüquqi mahiyyətini zəiflədir və tərəflər arasında müqavilə balansını pozur. Bu səbəbdən də məhkəmə tərəfindən müəyyən edilmiş cərimə məbləği (11.200 manat) təmin edilmiş əsas borcun cəmi 4.88%-dən az hissəsini təşkil edir ki, bu da MM-in 467-ci maddəsinin tələbləri və formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.”
“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.”
Maddə 417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.”
“Maddə 420. Müqavilənin standart şərtlərinin etibarsızlığı 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.1. təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar; 420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar; 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); 420.3.4. təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar; 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb); 420.3.6. təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar; 420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar; 420.3.8. təklif etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əgər o, hissəhissə icrada daha maraqlı deyildirsə (öhdəlik hissə-hissə icra edildikdə marağın itməsi), müqavilədən imtina etmək hüququndan məhrum edən müddəalar; 420.3.9. təklif etmiş tərəfin yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə 432. Öhdəliyin hissə-hissə icrası 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.“
“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.”
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
30. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli metodikası baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.
31. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarı).
33. Işə baxan apellyasiya instansiya məhkəməsi isə qeyd olunan tələblərə tam riayət etməmiş, habelə tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmişdir.
34. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin silinmə ardıcıllığını müəyyən edən müddəa MM-in 417.1-ci maddəsinin mənasında müqavilənin standart şərti hesab edilir, ödənişlərin ilk növbədə dəbbə puluna, sonra faizlərə və yalnız bundan sonra əsas borca yönəldilməsini nəzərdə tutan həmin şərt borclunun əsas borc yükünün azalmasını ləngidir, tərəflər arasında hüquqi və iqtisadi tarazlığı pozur və ona görə də, MM-in 420.2-ci maddəsinə əsasən etibarsız şərtdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəsi MM-in müqavilə azadlığı prinsipini, müqavilənin standart şərtlərinə dair tələblərin subyektlərə görə fərqli olmasını və onların etibarsızlığına dair normaların tətbiqi şərtlərini tam əhatə edən hüquqi təhlilə əsaslanmadığından əsaslı hesab edilə bilməz.
36. Belə ki, MM-in 6.2, 390.1, 417.1, 420, 425-ci maddələrinin əlaqəli təhlili göstərir ki, müqavilənin standart şərtlərinin etibarsızlığı şərtlərinə onların qanunla müəyyən edilmiş imperativ qaydalara zidd olması və (və ya) müqavilənin bir tərəfinin hüquqlarının pozulması aid edilir. Hüquqların pozulması isə təklif etmiş tərəf üçün öhdəliklərinin icrasından azad olunması və ya hədsiz dərəcədə hüquqların verilməsini müəyyən edən şərtlərdə, habelə digər tərəfin hərəkətlərindən asılı olmayaraq onun üçün əvvəlcədən əlverişsiz olan öhdəliklərin müəyyən edilməsi, hüquqlarının məhdudlaşdırılması və ya məhrum edilməsini müəyyənləşdirən şərtlərdə ifadə olunur. Bunun nəticəsində də tərəflər arasında bərabərlik və ədalətli balans pozulmuş olur.
37. MM-in 420.1 və 420.3-cü maddələrindən görünür ki, həmin normalarda göstərilən əsaslar yalnız qeyri-bərabər vəziyyətdə olan müqavilə tərəflərinə aid edilir. Belə ki, həmin əsaslar təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərinə aiddir.
38. MM-in 420.2-ci maddəsində isə ümumi qayda olaraq müəyyən edilmişdir ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
39. Həmin norma həm təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərinə aiddir. Lakin sonunculara münasibətdə həmin maddə tətbiq edilərkən daha ciddi kriteriyalar əsasında yoxlama aparılmalıdır. Çünki həmin şəxslər istehlakçılardan fərqli olaraq müqavilə üzrə kontraqent seçimində və müqavilənin şərtlərini müəyyən etməkdə əsasən tam sərbəstdirlər. Ona görə də, MM-in 420.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallar üzrə daha ətraflı dəyərləndirmə aparılmalıdır. Belə dəyərləndirmə zamanı tərəflər arasında danışıqların aparılması şəraiti, əks tərəfin standart şərtlərlə tanış olmaq və razılaşdırmaq imkanı, müqavilənin digər şəxslərlə bağlamaq imkanı, tərəflərin qarşılıqlı maraqları və s. hallar nəzərə alınmalıdır.
40. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan şəkildə hüquqi dəyərləndirmə aparmamış və mübahisəli müqavilə şərtinin borclunun faktiki icra etdiyi ödənişlərin onun əsas borc yükünü real olaraq azaltmasına imkan vermədiyindən, müqavilə tərəfləri arasında bərabər iqtisadi risk bölgüsünün pozulmasına əsaslanmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə münasibətlərində tərəflərin üzərinə müxtəlif həcmdə iqtisadi risklərin düşməsi müqavilə azadlığının təbii nəticəsidir. Əks yanaşma müqavilə azadlığı prinsipini məhdudlaşdırmaqla yanaşı, tərəflərin iradə sərbəstliyi əsasında formalaşmış müqavilə münasibətlərinə məhkəmənin əsassız müdaxiləsinə səbəb ola bilər.
42. Mübahisəli müqavilə şərti ilə bağlı nəzərə alınmalı olan əsas məsələlərdən biri ondan ibarətdir ki, həmin şərt borclunun öz kredit öhdəliyini lazımi qaydada icra etmədiyi və gecikməyə yol verildiyi hallarda tətbiq olunur. Borclunun öz öhdəliklərini vaxtında icra etdiyi hallarda müqavilənin qeyd olunan şərti ümumiyyətlə tətbiq edilmir. Başqa sözlə, ödənişlərin əvvəlcə dəbbə puluna, daha sonra faizlərə və sonda əsas borca silinməsi mexanizmi yalnız borclunun müqavilə öhdəliyini pozması nəticəsində işə düşən təminat mexanizmidir. MM-in 462-ci maddəsində müəyyən edilən dəbbə pulunun mahiyyəti də məhz bundan ibarətdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli müqavilə şərtinin etibarsızlığı barədə nəticəyə gəlməzdən əvvəl yuxarıda qeyd edilən meyarlar üzrə hüquqi dəyərləndirmə aparmalı idi. Belə dəyərləndirmə aparılmadan müqavilə müddəasının etibarsız hesab edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin standart şərtinin etibarsızlığı barədə nəticəyə gələrkən MMin 6.2, 390, 417, 420, 425, 462-ci maddələrinin düzgün hüquqi təhlilini aparmamış, bunun nəticəsi olaraq borcun hesablanması qaydasını dəyişdirmiş və ekspert rəyini həmin yanaşma əsasında qiymətləndirmişdir. Bu maddi hüquq pozuntusu əsas, faiz və dəbbə borcunun məbləğinin müəyyən edilməsinə birbaşa təsir göstərdiyindən qəbul edilmiş qətnamə MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə cavab vermir. Buna görə qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.