Məhkəmə qərarları › İş №2-2(1-8)-330/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-330/2026

11.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-330/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Birgə fəaliyyət müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28.045,75 məbləğində ziyanın əvəzinin və 175 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə münasibətləri 2017-ci ildən yaranmışdır. Həmin ildə iddiaçı öz vəsaiti hesabına həyat yoldaşı X2 məxsus mağazada mobil telefon aparatlarının və telefon aksesuarlarının satışını təşkil etməyi qərara almışdır. Bu məqsədlə X3 cavabdehlə şifahi razılıq əldə olunmuşdur. Razılaşmaya görə, mağazaya maliyyə vəsaitini iddiaçı qoyacaq, malların alınması və çatdırılması X3 tərəfindən həyata keçiriləcək, satış isə cavabdeh tərəfindən təşkil ediləcəkdi. Müqabilində gəlirin 50%-i iddiaçıya, 25%-i X3, 25%-i isə cavabdehə məxsus olmalı idi. Lakin fəaliyyət dövründə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya əvvəlcə 11.400 manat, daha sonra aparılan araşdırmalar nəticəsində isə 13.900 manat maddi ziyan dəymişdir. Iddiaçı dəfələrlə cavabdehdən vurduğu ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bu öhdəliyi qəsdən yerinə yetirməkdən boyun qaçırmışdır. Iddiaçı bu məsələ ilə əlaqədar 2020-ci il ## #### tarixdə Füzuli RPŞ-yə müraciət etmişdir. Toplanmış materiallar Füzuli rayon Prokurorluğuna göndərilmiş və müstəntiq Rəhim Sadıqovun 2020-ci il # #### və 2021-ci il ## ##### tarixli qərarları ilə cinayət işi başlanmasından imtina edilmişdir. Iddiaçıya məhkəməyə mülki qaydada müraciət etməyi tövsiyə edilmişdir. Sonradan müstəqil qiymətləndirici “X1” MMC-nin rəyi əsasında dəymiş ziyan 28.045,75 manat məbləğində hesablanmışdır.

3. Cavabdeh iddiaya etiraz etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia müddətini ötürülmüşdür. Belə ki, iddiaçının haqsız şikayətlərinə baxılmış və yekunda Prokurorluğun 2020-ci il # #### və 2021-ci il ## ##### tarixli qərarları ilə şikayət təmin edilməmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yəni iddiaçıya barəsində edilmiş şikayətin nəticəsi barədə qərarlardan sonra mülki məhkəmə qaydasında müraciət etmək hüququ tam aydın idi. Lakin sonuncu prokurorluğun qərarından 4 ildən çox, ümumi olaraq guya cavabdehə mal verilməsindən isə 8 ildən çox vaxt keçmişdir. Əvvəlcə Füzuli Rayon Məhkəməsinə müraciət edilmiş, həmin vaxt məhkəmə aidiyyatı qaydaları pozulduğundan məhkəmənin 2024-cü il ## ######## tarixli qərardadı ilə ərizə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Lakin sonuncu qərardaddan 1 il keçdikdən sonra iddiaçı yenidən məhkəməyə müraciət etməklə, iddia müddətini pozmaqla iddia tələbi irəli sürmüşdür. Bundan başqa iddia əsassızdır. Belə ki, iş materillarına malların təhvilinə dair 2017-ci il ## ###### tarixli akt əlavə edilmişdir. Həmin akt ümumiyyətlə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyini müəyyən etmir. Həmin aktı və Füzuli Rayon Prokurorluğunun qərarını birlikdə araşdırarkən aydın olur ki, cavabdeh iddiaçının işçisi olmuşdur və akt malların bir işəgötürən tərəfindən işçiyə təhvil verilməsini ehtiva edir. Yəni burada hər hansı öhdəlikdən söhbət gedə bilməz. Həmin malların satışının pulu iddiaçı tərəfindən işçisi kimi cavabdehden götürülmüşdür. Yəni hazırda tələb olunan prokurorluğunun qərarında olan araşdırma rəqəmləri arasında heç rəqəmlə bir uyğunluq yoxdur. Bu da iddiaçıya özlüyündə iddia müddətini ötürməklə ümumiyyətlə iddiasının da əsaslı olmaması qənaətinə gəlinməsinə əsas verir. Iddiaçı 2017-ci ildən 2021-ci ilədək mülki məhkəmə qaydasında ondan heç bir şəkildə pul tələbi irəli sürməmişdir. 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra cavabdeh barədə 1 il ərzində iddiaçı yenə məhkəməyə müraciət etməmişdir. Iddiaçı 2017-ci il tarixdən başlamaqla 2020-ci ilin oktyabr ayına qədər məhkəməyə iddia verilə bilərdi. Füzuli Rayon Məhkəməsinə onun tərəfindən müraciət edilməsi və sonradan iddianın geri qaytarılması qanunvericiliyin müvafiq normalarına əsasən iddia müddətinin axımını dayandırmamışdır. Əgər iddia etdiyi kimi təhvil-təslim aktına alqı-satqı müqaviləsi kimi yanaşaraq guya ona mal vermişdisə müqavilə münasibətlərinə əsasən 3 illik iddia müddəti tətbiq edilməlidir.

4. Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Abbasov).

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında birgə fəaliyyət nəticəsində əldə olunacaq gəlirin bölüşdürülməsinə dair razılıq əldə olunmuşdur. Bu zaman, hər bir tərəf öz üzərinə müəyyən vəzifəni yerinə yetirmək haqqında öhdəlik götürmüşdür. Tərəflər arasında şərikli ticarət fəaliyyəti göstərilməsi barədə şifahi razılaşmanın olduğu, bu məqsədlə iddiaçının cavabdehə 2017-ci il ## ###### tarixdə qeyri-yaşayış sahəsini (mağazanı) və orada mövcud olan 9.715,30 manat dəyərində mal təhvil verdiyi və tələb hüququnu ötürdüyü, cavabdehin mağazada fəaliyyət göstərdiyi müddətdə kassadan ümumilikdə 7.500 manat məbləğində pul götürdüyü işin mübahisəsiz hallarını təşkil etmişdir. Işin mübahisəli halını cavabdehin qanunsuz hərəkətləri nəticəsində 28.045,75 məbləğində ziyana məruz qalması barədə iddiaçının tələbi təşkil etmişdir. Iddiaçının tələbi məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 28.045,75 manat məbləğində zərər vurulmasına dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

6. Belə ki, iş materiallarına iddiaçının mağazaya əlavə olaraq 9.176 manat vəsait qoymasına və cavabdehə 2.500 manat pul verməsinə dair hər hansı bir sübut əlavə edilməmişdir. Işdə olan kredit verilməsinə dair məlumatdan isə həmin kredit məbləğinin məhz cavabdehə verilməsi məqsədi ilə iddiaçı tərəfindən götürüldüyü müəyyən edilmir. Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyi öz məzmun və forması etibarı ilə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, rəydə mübahisələndirilən dövr ərzində əldə olunmuş gəlirin məbləği 8.954,45 manat, iddiaçı tərəfindən maliyyə dəstəyi olaraq mağazaya əlavə qoyulan vəsaitin həcminin 9.376 manat təşkil etməsi göstərilsə də, bu məbləğlərin hansı əsaslarla, hansı sənədlərə və faktlara əsasən, hansı təhqiqat metodları tətbiq edilməklə müəyyən olunması qeyd edilməmişdir. Iddiaçının cavabdehə yalnız 9.715,30 manat dəyərində mal təhvil verdiyi və tələb hüququnu ötürdüyü faktı işdə olan sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Lakin cavabdehin həmin məbləği mənimsəməsi faktı həm baxılan işdə, həm də iddiaçının şikayəti əsasında polis orqanında aparılmış araşdırma nəticəsində sübut olunmamışdır. Malların satışından əldə olunan gəlirin 25 %-nin cavabdehə verilməsinin razılaşdırılması, cavabdehin 2017-ci ilin noyabr ayından 2020-ci ilin yay aylarına kimi iddiaçıya məxsus olan mağazada malların satışını həyata keçirməsi baxılan işin sübuta yetirilmiş hallarıdır. Bununla yanaşı, iddiaçı bu müddət ərzində hansı məbləğdə satışın həyata keçirildiyini, hansı məbləğdə gəlir əldə edildiyini, əldə edilmiş gəlirdən cavabdehə hansı məbləğdə pul vəsaitinin verildiyini, ümumiyyətlə cavabdehə onun tərəfindən pul verildiyini heç bir dəlillə əsaslandıra bilməmişdir.

7. Eyni zamanda, iddia tələbi əsassız olduğuna görə təmin edilmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi öz hüquqi əhəmiyyətini itirmişdir. Bununla yanaşı, iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapacağı halda belə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü aşkar edilir. Belə ki, kazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının hazırkı tələblə çıxış etməsi üçün hüquqi əsas ən gec iddiaçının cavabdehdən şikayətinə əsasən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın tarixi olan 2020-ci il # #### tarixindən etibarən yaranmışdır. Tərəflər arasında mövcud olmuş münasibət hüquqi mahiyyəti etibarı ilə birgə (şərikli) fəaliyyətlə bağlı münasibətləri tənzimləyən müqavilə xarakteri daşıdığı və bu münasibətlərdən irəli gələn tələb hüquqları üç illik müddətlə məhdudlaşdığı üçün iddiaçının iddia müddətini ötürdüyü müəyyən olunmuşdur.

8. Belə ki, tərəflər arasında mövcud olmuş birgə fəaliyyətlə bağlı müqavilə üzrə tələblərə dair iddia müddətinin axımının başlanğıc tarixi ən gec 2020-ci il # #### kimi müəyyən olunduğuna görə, iddiaçının, cavabdehə qarşı tələb irəli sürmək hüququ üzrə iddia müddəti 2023-cü il # #### tarixində bitmişdir. Iddia ərizəsi isə məhkəməyə 2025-ci il ## ####### tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Həmçinin iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü hallar aşkar edilməmişdir. Buna görə də, iddia tələbinin əsaslılığı işin faktiki hallarına əsasən təsdiq olunduğu halda belə, iddia müddəti ötürüldüyü üçün iddia təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3 və 380.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Imanov, hakimlər – T.Kərimov və Q.Əliyev).

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətdə göstərilən kassadan vəsait götürülməsi, malların azalması və hesabatın verilməməsi kimi hallar iş üzrə araşdırılmış, lakin cavabdeh bu vəsaitləri əmək haqqı və digər xərclər kimi götürdüyünü bildirmiş, iddiaçı isə bu vəsaitlərin mənimsənilməsini sübut edən dəqiq uçot sənədləri və ya maliyyə sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, birgə fəaliyyət çərçivəsində yaranmış münasibətlərdə tərəflər arasında yekun hesablaşma aparılmadan və konkret zərər məbləğinin hansı hərəkətlər nəticəsində yarandığı müəyyən edilmədən cavabdehdən tələb edilən məbləğin tutulması mümkün deyildir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 14.1, 14.2, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1-377.3 və 380.1-ci, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, işin yeni apellyasiya baxışına göndəriliməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

15. MM-in 14.1-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətin faktiki əsaslarını qəbul etsə də, həmin faktiki hərəkətlərdən əmələ gələn mülki hüquq və vəzifələrin tam həcmini müəyyən etməmişdir. Iş materiallarından görünür ki, tərəflər arasında birgə kommersiya fəaliyyəti, malların təhvili, gəlirin bölüşdürülməsi və hesabatlılıq elementi olan münasibət mövcud olmuşdur. Bu hallar qanunvericilik baxımından mülki hüquq və vəzifələr doğuran hərəkətlər kimi qiymətləndirilməli idi. Lakin məhkəmə həmin münasibətdən irəli gələn hüquqi nəticələri tam araşdırmamışdır.

16. MM-in 14.2-ci maddəsi üzrə - tərəflər arasında yazılı müqavilə olmasa da, şifahi razılaşma əsasında hüquqi nəticə doğuran əqd münasibəti formalaşmışdır. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı mağazanı və ilkin vəsaiti təmin etmiş, cavabdeh satış fəaliyyətini həyata keçirmiş, gəlirin bölgüsü əvvəlcədən razılaşdırılmışdır. Buna baxmayaraq, məhkəmə bu şifahi əqddən əmələ gələn qarşılıqlı öhdəlikləri, xüsusilə hesabat vermə və yekun hesablaşma borcunu tam hüquqi qiymətləndirməmişdir.

17. MM-in 372.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iddiaçının cavabdehdən tələb hüququna müddət şamil edildiyini düzgün qeyd etsə də, həmin müddətin tətbiqində tələb hüququnun nə vaxt real olaraq formalaşdığını düzgün müəyyən etməmişdir. Mübahisə sadə ani borc münasibəti deyil, davam edən birgə fəaliyyət və hesablaşma münasibəti olmuşdur. Bu səbəbdən tələb hüququnun yaranma anı formal deyil, konkret faktiki hallara əsasən müəyyən edilməli idi.

18. MM-in 372.2-ci maddəsi üzrə - hüququn müdafiəsi üçün nəzərdə tutulan iddia müddəti tətbiq edilərkən məhkəmə hüququn pozulmasının hansı tarixdə iddiaçı üçün müəyyən və aydın olduğunu tam araşdırmamışdır. Xüsusilə zərərin məbləği və hüququn pozulmasının həcmi 2020-ci il # #### tarixdə yekunlaşmamış, sonrakı araşdırmalar və qiymətləndirmə ilə formalaşmışdır. Buna görə iddia müddətinin tətbiqi maddənin məqsədinə uyğun aparılmamışdır.

19. MM-in 373.2-ci maddəsi üzrə - apellyasiya instansiyası üç illik iddia müddətini tətbiq etsə də, həmin müddətin başlanğıc anını səhv müəyyən etdiyindən, müddətin bitməsi barədə gəldiyi nəticə də səhv olmuşdur. Əgər başlanğıc tarixi düzgün müəyyən edilməmişdirsə, üç illik müddətin bitməsi barədə nəticə hüquqi baxımdan dayanıqlı hesab oluna bilməz.

20. MM-in 377.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iddia müddətinin başlanğıcını 2020-ci il # #### tarixdən hesablamışdır. Halbuki həmin tarixli rədd qərarı son və yekun qərar olmamış, iddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, qərar ləğv edilərək material ibtidai araşdırmaya qaytarılmışdır. Iş üzrə son rədd qərarı yalnız 2021-ci il ## ##### tarixdə qəbul edilmişdir. Deməli, 2020-ci il # #### tarixli qərar yekun hüquqi vəziyyət yaratmamışdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi ləğv edilmiş araşdırma mərhələsini yekun hüquqi nəticə kimi qəbul etmişdir. Bu isə qanunvericiliyin səhv tətbiqidir.

21. MM-in 377.2-ci maddəsi üzrə - tərəflər arasında münasibət icra müddəti konkret müəyyən olunmuş sadə öhdəlik deyil, davam edən birgə fəaliyyət, malların satışı, gəlirin toplanması, hesabatlılıq və son hesablaşma elementi olan münasibət idi. Belə olan halda icra müddətinin bitməsi meyarı formal şəkildə deyil, münasibətin faktiki başa çatması və tələb hüququnun real formalaşması baxımından araşdırılmalı idi. Məhkəmə bunu etməmişdir.

22. MM-in 377.3-cü maddəsi üzrə - icra müddəti müəyyən edilməmiş öhdəliklər üzrə iddia müddətinin başlanğıcı kreditorun tələb irəli sürmək hüququnun əmələ gəldiyi andan hesablanır. Hazırkı işdə iddiaçının tələb hüququnun həcmi yalnız zərərin konkret məbləği müəyyənləşdikdən və yekun hüquqi vəziyyət formalaşdıqdan sonra aydın olmuşdur. 2021ci il ## #### tarixli qiymətləndirmə rəyində zərərin 28.045,75 manat olduğu göstərilmiş, 2021-ci il ## ##### tarixdə son rədd qərarı qəbul edilmişdir. Məhkəmə bu tarixlərin hüquqi əhəmiyyətini nəzərə almamışdır.

23. MM-in 380.1-ci maddəsi üzrə - apellyasiya şikayətində ayrıca göstərilmişdir ki, iddiaçı 2024-cü ildə Füzuli Rayon Məhkəməsinə eyni tələb üzrə müraciət etmişdir. Bu müraciətin iddia müddətinin axımına təsiri məhkəmə tərəfindən ayrıca qiymətləndirilməli idi. Lakin apellyasiya məhkəməsi bu faktı ayrıca hüquqi əsaslandırma ilə təhlil etməmiş, yalnız ümumi şəkildə iddia müddətinin kəsilməsi və ya dayandırılması hallarının olmadığını göstərmişdir. Bu isə qanunvericiliyin formal və natamam tətbiqidir.

24. MPM-in 14.2-ci maddəsi üzrə - apellyasiya instansiyası yalnız mövcud sübutları sadalamaqla kifayətlənmiş, onları qarşılıqlı əlaqədə və tam həcmdə qiymətləndirməmişdir. Xüsusilə 2021-ci il ## #### tarixli qiymətləndirmə rəyi, 2024-cü il məhkəmə müraciəti, 2020-ci il # #### tarixli qərarın ləğv olunması və 2021-ci il ## ##### tarixli son rədd qərarı birlikdə qiymətləndirilməmişdir. Buna görə sübutların tam araşdırılması tələbi pozulmuşdur.

25. MPM-in 69.1-ci maddəsi üzrə - iddiaçının nümayəndə vasitəsilə iştirak hüququ təmin edilməmişdir. Apellyasiya şikayətində vəkilin məlumatları, orderin nömrəsi və tarixi göstərilmiş, order də əlavə olunmuşdur. Buna baxmayaraq, vəkil sistemdə iş üzrə nümayəndə kimi əlavə edilməmiş, nəticədə məhkəmə iclası barədə məlumat almamışdır. Bu hal iddiaçının nümayəndə ilə müdafiə olunmaq hüququnun pozulmasıdır.

26. MPM-in 77.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi sübutetmə yükünü əsasən iddiaçının üzərinə yönəltmiş, lakin iddiaçının konkret göstərdiyi hallara cavabdehin verdiyi etirazların sübut bazasını eyni sərtliklə qiymətləndirməmişdir. Xüsusilə kassadan götürülmüş vəsaitin hüquqi əsasının cavabdeh tərəfindən necə sübuta yetirildiyi ətraflı təhlil olunmamışdır. Bu isə sübutetmə yükünün tarazlı tətbiq edilmədiyini göstərir.

27. MPM-in 88-ci maddəsi üzrə - sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verilməmişdir. Məhkəmə 2020-ci il # #### tarixli qərarı əsas götürsə də, həmin qərarın sonradan ləğv olunmasını və son qərarın 2021-ci il ## ##### tarixində qəbul edilməsini nəzərə almamışdır. Bu isə sübutlara seçmə yanaşmanın olduğunu göstərir.

28. MPM-in 217.2, 217.4-cü maddələri üzrə - qətnamə mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq normalarına uyğun əsaslandırılmamışdır. Iddia müddətinin başlanğıcı, zərərin müəyyənləşməsi tarixi və 2024-cü il məhkəmə müraciətinin hüquqi nəticəsi lazımi səviyyədə hüquqi dəyərləndirmə predmetinə çevrilməmişdir. Buna görə maddi və prosessual hüquq normalarının uyğunlaşdırılmış tətbiqi baş verməmişdir. Məhkəmə 2020-ci il # #### tarixini başlanğıc tarix kimi qəbul etmiş, lakin bunun nə üçün 2021-ci il ## ##### son rədd qərarından və ya 2021-ci il ## #### tarixli qiymətləndirmə rəyindən üstün tutulduğunu izah etməmişdir. Həmçinin 2024cü il məhkəmə müraciətinin hüquqi nəticəsi ayrıca əsaslandırılmamışdır.

29. MPM-in 376.2-ci maddısi üzrə - apellyasiya məhkəməsi işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Lakin bunu edərkən iddiaçının vəkilinin orderlə şikayətdə göstərilməsinə baxmayaraq sistemdə nümayəndə kimi əlavə olunmamasını, ona bildiriş verilməməsini və bunun iddiaçının müdafiə imkanlarına təsirini araşdırmamışdır. Bu səbəbdən MPM-in 376.2-ci maddəsi formal tətbiq edilmişdir. Apellyasiya baxışı zamanı işə tərəfin iştirakı olmadan baxılmasının mümkünlüyü qanunda nəzərdə tutulsа da, bu, nümayəndəlik və hüquqi yardım hüququnun faktiki təmin edilməməsini aradan qaldırmır.

30. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi üzrə - iddiaçının yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Apellyasiya şikayətində vəkilin məlumatları və order göstərilsə də, vəkil sistemdə iş üzrə nümayəndə kimi əlavə edilməmiş, iclas barədə məlumat almamış, nəticədə 2026-cı il # ##### tarixli iclasda iştirak edə bilməmişdir. Iddiaçı tərəfindən vəkilə həmin tarixdə etibarnamə verildiyi və vəkilin sonradan məhkəmədən iclasın artıq keçirildiyi barədə məlumat aldığı göstərilir. Bu hal iddiaçını effektiv peşəkar hüquqi yardımdan faktiki məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

37. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.

38. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, tərəflər arasında yaranmış maddi hüquq münasibətləri üzrə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətin hüquqi mahiyyətini müəyyən etmiş, həmin münasibətlərin birgə fəaliyyət xarakteri daşıdığını və tərəflərin qarşılıqlı öhdəliklər götürdüyünü qəbul etmiş və mübahisəyə həmin münasibətlərin xarakterinə uyğun qiymət vermişdir.

40. Iddia müddəti ilə bağlı dəlillərə dair məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri ilk olaraq iddianın əsassız olduğu qənaətinə gəlmiş, iddia müddətini isə şərtlə tətbiq etmişlər, yəni iddia əsaslı hesab edildiyi halda onun ötürülməsi barədə nəticəyə gəlmişlər. Bu baxımdan kollegiya iddia müddəti ilə bağlı dəlillərə ayrıca qiymət verilməsini zəruri hesab etmir. Çünki iddia əsassız hesab edildiyi halda iddia müddətinin düzgün və ya səhv hesablanması mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

41. Eyni zamanda, kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə işin hallarına, mövcud sübutların məzmununa, onların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsinə və çıxarılan faktiki nəticələrə yenidən qiymət verilməsini tələb edir. Belə ki, iddiaçı işin hallarına və sübutlara istinad etməklə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki halların fərqli qiymətləndirilməli olduğunu bildirir.

42. Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də sübutların düzgün qiymətləndirilməməsi və işin hallarının tam araşdırılmaması ilə əsaslandırılmışdır.

43. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

45. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

46. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, aşağı instansiya məhkəmələri tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

47. MPM-in 69.1-ci maddəsinin pozulması, habelə iddiaçının keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində iddiaçının vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi özlüyündə ədalətli məhkəmə araşdırması hüququnun pozulması nəticəsinə gəlmək üçün kifayət deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının özünə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Bu baxımdan, iddiaçının öz hüquq və qanuni mənafelərini müdafiə etmək imkanından məhrum edilməsi barədə nəticəyə gəlmək üçün əsas mövcud deyildir.

48. Məhkəmə kollegiyası vurğulayır ki, ədalətli məhkəmə araşdırması hüququ işdə iştirak edən şəxsin məhkəmə icraatından xəbərdar olması ilə yanaşı, öz hüquq və qanuni mənafelərini müdafiə etmək, iş üzrə mövqeyini bildirmək və prosessual hüquqlarını həyata keçirmək üçün real və səmərəli imkanlara malik olmasını da ehtiva edir. Bununla belə, həmin hüquq məhkəmə icraatının hər bir halda tərəfin seçdiyi vəkilin iştirakı ilə keçirilməsini və ya vəkilin iclasda iştirak etməməsinin avtomatik olaraq ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməsini nəzərdə tutmur. Prosessual pozuntunun mövcudluğu barədə nəticəyə gələrkən yol verilmiş nöqsanın xarakteri, onun tərəfin müdafiə hüququnu həyata keçirmək imkanlarına faktiki təsiri, habelə işin konkret halları nəzərə alınmalıdır.

49. Avropa Insan Hüquqları Məhkəməsinin Konvensiyanın 6-cı maddəsinin şərhinə dair formalaşmış presedent hüququna əsasən, məhkəmə icraatında iştirak edən şəxslərin barələrində aparılan icraat barədə məlumatlandırılması və öz mövqelərini təqdim etmək imkanının təmin edilməsi dövlətin üzərinə düşən prosessual öhdəliklərdəndir. Bu baxımdan, milli məhkəmələr işə mahiyyəti üzrə baxmazdan əvvəl tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıb-məlumatlandırılmadığını yoxlamalıdırlar (Gankin and Others v. Russia).

50. Eyni zamanda, Konvensiyanın 6-cı maddəsi baxımından məhkəmə araşdırmasının ədalətliliyi ayrı-ayrı prosessual hərəkətlərdən təcrid olunmuş şəkildə deyil, icraatın bütövlükdə xüsusiyyətləri və tərəfin öz hüquqlarını həyata keçirmək imkanları nəzərə alınmaqla qiymətləndirilməlidir.

51. Hazırkı işdə iddiaçının apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə şəxsən məlumatlandırıldığı müəyyən edilir. Iddiaçının vəkilinin apellyasiya şikayətində göstərilməsi və orderin əlavə edilməsi, eləcə də həmin vəkilin məhkəmə iclasında iştirak etməməsi halları nəzərə alınsa da, iş materiallarında iddiaçının məhkəmə icraatından xəbərsiz qalmasını, iclasda iştirak etmək və ya öz mövqeyini təqdim etmək imkanından məhrum edilməsini, yaxud vəkilin iclas barədə məlumatlandırılmamasının müdafiə hüququnun faktiki məhdudlaşdırılmasına səbəb olmasını təsdiq edən hallar müəyyən edilmir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar