Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-381/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, daşıyıcı, ekspeditor, daşıma zamanı yaranan məsuliyyətin həddi, daşıma zamanı yükə dəymiş zərər, daşımanın ağlabatan müddət ərzində həyata keçirilməsi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC (sifarişçi) ilə “xxxx” MMC (ekspeditor) arasında 2024-cü il # #### tarixində ****/M-** nömrəli “Nəqliyyat-ekspedisiya xidmətinə dair” müqavilə bağlanmış, müqaviləyə və onun Əlavəsi olan 2024-cü il ## ####### tarixli “Qiymətlərin razılaşdırılması protokolu”na görə ekspeditor, İddiaçı MMC-nin sifarişi ilə ölkədaxili və beynəlxalq nəqliyyat - ekspedisiya xidmətləri göstərərək ümumi dəyəri 27.895,9 ABŞ dolları olan üç ədəd, ümumi çəkisi 40,98 ton olan Galvanized coil (Sinklənmiş polad) və bir ədəd, çəkisi 1 ton, dəyəri 480 ABŞ dolları olan pallet adlı yükləri Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşıyaraq İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən, ekspeditor yalnız müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat - ekspedisiya xidmətləri (bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərir. Sifarişçinin ayrıca sifarişinə əsasən ekspeditor bu müqavilə üzrə həmçinin terminal əməliyyatları, gömrük və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətləri göstərə bilər.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən, sifarişdə yükün xarakteri, etiketlənməsi, çəkisi, həcmi, bağlamaların sayı, habelə yük göndərən və yük alan haqqında məlumatlar, tarix və tonaj üzrə planlaşdırılan daşınma müddəti və xidmətlərin göstərilməsi üçün zəruri olan digər məlumatlar etibarlı və dolğun şəkildə göstərilir.
4. Müqavilənin 2.1-ci bəndinə görə, ekspeditorun aşağıdakı hüquq və vəzifələri vardır: 2.1.4. sifarişçi tərəfindən nəqliyyat-ekspedisiya xidmətlərinə görə ödəniş edilmədikdə, ödəniş tam ödənilənə qədər yükü saxlamaq və bununla bağlı yaranmış itkilərə görə sifarişçidən kompensasiya tələb etmək hüququ var. Bu bənddə nəzərdə tutulmuş hallarda Ekspeditor tərəfindən yükün saxlanması nəticəsində yükə dəyə biləcək zərərə görə məsuliyyəti sifarişçi daşıyır; 2.1.8. bütün istiqamətlər üzrə, ekspeditorun iradəsindən asılı olmayan (hava şəraiti, qatarın xarab olması (qatarın növündən aslt olmayaraq), terminalda texniki problemlər və/və ya onun yüklənməsi, platforma çatışmazlığı, carı təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə məsuliyyətdən azad olmaq.
5. Müqavilənin 2.2-ci bəndinə görə, sifariçinin aşağıdakı hüquq və vəzifələri vardır: 2.2.1. sifarişçi Azərbaycana idxal və/və ya Azərbaycandan ixrac zamanı zəruri bütün sənədləri öz qüvvəsi ilə hazırlamaqla və ya bu əməliyyatın həyata keçirilməsi ilə bağlı ekspeditora əlavə sifariş verməklə xidmətlərin başlanmasına 7 (yeddi) iş günü qalmış, ekspeditora yükü və aşağıdakı sənəd və məlumatları təqdim etməlidir. Məlumatlar: Yükləmə tarixi; Təyinat stansiyası (stansiya kodu: Yük alanın adı: Konteyner nömrəsi: Göndərmə stansiyası (.stansiya kodu):Yük göndərənin adı; Yükün adı (YHN kodu göstərilməklə) və brutto və netto (tara ayrıca göstərilməklə) çəkisi; Tələb olunan konteynerin tipi. mənsubiyyəti və sayı: Qiymətli mal olduqda onların dəyəri; Xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda, təhlükəli yüklərin təsnifat kodu və belə hallarda təqdim edilməli əlavə sənədlər; 2.2.4. Sifarişçi yükün nəqliyyat vasitələrinə yüklənilməsini və nəqliyyat vasitələrindən boşaltmasını, həmçinin gömrük rəsmiləşdirilməsini öz vəsaiti hesabına müstəqil yerinə yetirməlidir. Sifarişçinin sifarişi əsasında, bu xidmətlər Ekspeditor tərəfindən həyata keçirildikdə həmin xidmətin dəyərini əlavə olaraq ödəməli; 2.2.8. Yükün yer sayında, (arasının vəziyyətində və ya ağırlığında hər hansı çatışmazlıq aşkar edildikdə, hər iki tərəfin imzaladığı yükün təhvil sənədlərində btı barədə müvafiq qeydlər aparmalı və 48 saat ərzində Ekspeditoru yazılı şəkildə məlumatlandırmalıdır.
6. Müqavilənin 3.1-ci bəndinə əsasən, sifarişçi ekspeditor tərəfindən təqdim edilmiş hesabtaktura əsasında, nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 (üç) iş günü əvvəl, göstəriləcək xidmətlər üzrə ödənişi (bütün bank xərcləri və komissiyaları sifarişçinin hesabına olmaq şərtilə) 100% avans olaraq ekspeditorun bank hesabına həyata keçirir və elektron poçt vasitəsilə ödəniş tapşırığının surətini və ya SWIFT-dən çıxarışını ekspeditora göndərir.
7. Müqavilənin 3.4-cü bəndinə əsasən, göstərilən xidmətlərin hesablaşması məqsədi ilə hər bir rüb bitdikdən sonra tərəflər 5 (beş) iş günü müddətində “Üzləşmə Aktı"nı imzalayırlar. Ekspeditor tərəfindən hazırlanmış və göndərilmiş X1 tərəfindən qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində imzalanıb geri göndəriImədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə, Akt sifarişçi tərəfindən imzalanmış hesab olunur və ekspeditorun uçotunda əks olunmaq üçün “imzalanmış" kimi qəbul edilir.
8. Müqavilənin 3.5-ci bəndinə əsasən, ekspeditor birtərəfli qaydada müştəridən alınan avans ödənişinin məbləğini müqaviləyə əsasən müştərinin ekspeditor qarşısında mövcud borcuna hesablamaq hüququna malikdir. Eyni zamanda, bundan sonra müştərinin vəsaiti müqavilə üzrə müştəriyə xidmətlərin göstərilməsi üçün kifayət etmədikdə, ekspeditor çatışmayan avans ödənişinin məbləği üçün hesabfaklura verir və müştəri həmin hesab-fakturanı müqavilənin 3.1-ci bəndində göstərilən müddətdə ödəməyə borcludur.
9. “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə daşımanın həyata keçirilməsi barədə MT************ saylı 13.005 manat məbləğində e-qaimə göndərilmişdir.
10. 2025-ci il ## ##### tarixli ödəniş tapşırığına əsasən, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin hesabına təyinatı MT************ saylı e-qaimə göstərilməklə 5.000 manat məbləğində ödəniş edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
11. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdehnə (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2024-cü il # #### tarixli, ****/M-** nömrəli müqavilə üzrə cavabdehin öhdəliklərini pozması nəticəsində vurulmuş zərərin əvəzinin - cəmi 71.012,16 manat məbləğində pulun, 304 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1.745 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2024-cü il # #### tarixli ****/M-** nömrəli müqavilə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 2024-cü il ## ####### tarixli qiymətlərin razılaşdırılması protokolu əsasında iddiaçının sifarişi ilə cavabdeh ölkədaxili və beynəlxalq nəqliyyat ekspedisiya xidmətləri göstərək ümumi dəyəri 27.895,9 ABŞ dolları olan üç ədəd, ümumi çəkisi 40,98 ton olan Galvanized coil (Sinklənmiş polad) və bir ədəd, çəkisi 1 ton olan pallet adlı yüklər Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınaraq iddiaçıya təhvil verilməli idi. Lakin cavabdeh tərəfindən öhdəliklərin icrası zamanı ciddi səhlənkarlığa yol verilmiş, işini düzgün qurmamış və nəticədə yüklər 6 ay gecikmə ilə təhvil verilmişdir. Bu gecikmə nəticəsində sifariş olunan məhsulların təyinatı üzrə istifadə olunduğu layihə əhəmiyyətini itirmiş, eyni zamanda məhsullar uzun müddət yol şəraitində saxlanıldığından atmosfer təsirləri (rütubət, yağış və s.) nəticəsində koroziyaya uğramış, pas izləri, səth deformasiyası və keyfiyyət itkisi müşahidə olunmuşdur. Dərhal bu barədə cavabdehə məlumat verilmiş, məhsulların video və fotoşəkilləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh vurduğu zərərin məsuliyyətindən yayınmışdır. Nəticə etibarilə, cavabdehin göstərdiyi səhlənkarlıq və öhdəliklərin kobud şəkildə pozulması nəticəsində ciddi maliyyə və kommersiya itkiləri ilə üzləşmişdirlər. Belə ki, sifariş edilən məhsullar layihə üzrə nəzərdə tutulmuş işlər üçün vacib və vaxtında istifadəsi zəruri olan komponentlər idi. Lakin bu məhsulların 6 ay gecikmə ilə təhvil verilməsi, həm layihənin icrasını tamamilə qeyri-mümkün etmiş, həm də məhsulların texniki vəziyyətinə ciddi zərər vurmuşdur. Uzun müddətli yol şəraitində saxlanılan yüklər atmosfer təsirlərinə məruz qalmış, nəticədə səthlərində pas, deformasiya və ümumilikdə keyfiyyət itkisi baş vermişdir. Bu səbəbdən, məhsullar (Sinklənmiş poladlar) təyinatı üzrə istifadəyə yararsız olmuş və iddiaçı zəruri tədbir kimi həmin məhsulları alış dəyərinin 50%-i həcmində ucuzlaşdırılmış qiymətlə satmağa məcbur qalmışdır. Beləliklə, daşınma, gömrük və digər xərclər nəzərə alınmadan, yalnız məhsulun (Sinklənmiş poladların) alış qiymətinə görə 50% yəni ƏDV xaric 23.037,30 manat maliyyə itkisi yaranmışdır (real zərər). Bundan əlavə, Sinklənmiş poladlar təyinatı üzrə istifadəyə yaralı olsaydı, əvvəlcədən alınan sifarişə əsasən iddiaçı həmin məhsulların hər kiloqramını 2,04 manata satacaqdı. Lakin həmin məhsullar təyinatı üzrə istifadəyə tam yararlı olmadığından razılaşdırılmış qiymətə satmaq mümkün olmamışdır. Ümumilikdə, 40.980 kq çəkisi olan Sinklənmiş poladların satışı mümkün olmadığından 83.599,2 manat gəlirlərdən məhrum olmuşdurlar (əldən çıxmış fayda). Nəticədə, məhsulların təhvil verilməsi 6 ay gecikdiyindən və bununla yanaşı, sinklənmiş poladlar uzun müddət yol şəraitində saxlanılaraq atmosfer təsirlərinə məruz qaldığından səthlərində paslanma, deformasiya və ümumilikdə keyfiyyət itkisi baş vermiş və beləliklə də cavabdeh tərəfindən iddiaçıya 60.561,90 manat məbləğində zərər vurulmuşdur (83.599,2 manat - 23.037,30 manat= 60.561,9 manat). Həmçinin, məhz layihənin həyata keçirilməsi üçün öncədən işə götürülmüş 4 əməkdaşın aylıq əmək haqqı ödənilmiş, lakin malların vaxtında çatdırılmaması səbəbindən bu əməkdaşların saxlanması faydasız və nəticəsiz xərclərə çevrilmiş, nəticədə iddiaçı əlavə əmək haqqı itkiləri ilə üzləşmişdir. Hər ay 1.741,71 manat olmaqla 6 ay ərzində işçilərə, ümumilikdə 10.450,26 manat məbləğində əmək haqqı ödənilmiş, lakin cavabdehin təqsiri nəticəsində bu xərclərin iddiaçıya heç bir faydası olmamış, əksinə iddiaçını ciddi şəkildə zərərə uğratmışdır. Bu hallar müəssisəyə ciddi iqtisadi zərbə vurmuş və ümumi biznes prosesimizin effektivliyini pozmuşdur. Beləliklə də, cavabdehin müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində iddiaçıya çox saylı maliyyə və kommersiya xarakterli itkilər dəymişdir. 2024-cü il # #### tarixli ****/M-** nömrəli müqavilənin 4.3.2-ci maddəsinə əsasən özünün və/və ya cəlb etdiyi 3-cü şəxs(lər)in hərəkət və ya hərəkətsizliyi ucbatından dəymiş ziyana görə tərəflər məsuliyyət daşıyır.
13. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2024-cü il # #### tarixli, ****/M-** nömrəli müqavilə üzrə cavabdehin öhdəliklərini pozması nəticəsində vurulmuş zərərin əvəzi olaraq 23.037,30, əldən çıxmış fayda üzrə 37.524,6 manat və çəkilmiş xərclərin əvəzi olaraq (əmək haqqı xərcləri) 7.070 manat olmaqla cəmi 67.631,9 manat məbləğində pulun, 304 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1.745 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına zərurət yaranmışdır. Belə ki, cavabdehin göstərdiyi səhlənkarlıq və öhdəliklərin kobud şəkildə pozulması nəticəsində iddiaçı ciddi maliyyə və kommersiya itkiləri ilə üzləşmişdir. Sifariş edilən məhsullar layihə üzrə nəzərdə tutulmuş işlər üçün vacib və vaxtında istifadəsi zəruri olan komponentlər idi. Lakin bu məhsulların 6 ay gecikmə ilə təhvil verilməsi, həm layihənin icrasını tamamilə qeyrimümkün14. etmiş, həm də məhsulların texniki vəziyyətinə ciddi zərər vurmuşdur. Uzunmüddətli yol şəraitində saxlanılan yüklər atmosfer təsirlərinə məruz qalmış, nəticədə səthlərində pas, deformasiya və ümumilikdə keyfiyyət itkisi baş vermişdir. Bu səbəbdən, məhsullar (Sinklənmiş poladlar) təyinatı üzrə istifadəyə yararsız olmuş və iddiaçı zəruri tədbir kimi həmin məhsulları alış dəyərinin 50%-i həcmində ucuzlaşdırılmış qiymətlə satmağa məcbur qalmışdır. Beləliklə, daşınma, gömrük və digər xərclər nəzərə alınmadan, yalnız məhsulun (Sinklənmiş poladların) alış qiymətinə görə 50% yəni ƏDV xaric 23.037,3 manat maliyyə itkisi yaranmışdır (real zərər). Bundan əlavə, Sinklənmiş poladlar təyinatı üzrə istifadəyə yaralı olsaydı əvvəlcədən alınan sifarişə əsasən iddiaçı həmin məhsulların hər kiloqramını 2,04 manata satacaqdı. Lakin həmin məhsullar təyinatı üzrə istifadəyə tam yararlı olmadığından razılaşdırılmış qiymətə satmaq mümkün olmamışdır. Ümumilikdə, 40.980 kq çəkisi olan Sinklənmiş poladların satışı mümkün olmadığından 83.599,2 manat gəlirdən məhrum olmuşdurlar. Bu məbləğdən maya dəyəri çıxıldıqdan sonra 37.524,6 manat məbləğində mənfəət əldə olunacaqdı, lakin cavabdehin hərəkətləri nəticəsində iddiaçı bu gəlirlərdən də məhrum olmuşdur (əldən çıxmış fayda). Nəticədə, məhsulların təhvil verilməsi 6 ay gecikdiyindən və bununla yanaşı, sinklənmiş poladlar uzun müddət yol şəraitində saxlanılaraq atmosfer təsirlərinə məruz qaldığından səthlərində paslanma, deformasiya və ümumilikdə keyfiyyət itkisi baş vermiş və beləliklə də cavabdeh tərəfindən iddiaçıya 60.561,90 manat məbləğində zərər vurulmuşdur (83.599,2 manat - 23.037,30 manat = 60.561,9 manat və ya 37.524,6 manat + 23.037,3 manat =60.561,9 manat). Həmçinin, məhz layihənin həyata keçirilməsi üçün öncədən işə götürülmüş 4 əməkdaşın aylıq əmək haqqı ödənilmiş, lakin malların vaxtında çatdırılmaması səbəbindən bu əməkdaşların saxlanması faydasız və nəticəsiz xərclərə çevrilmiş, nəticədə iddiaçı əlavə əməkhaqqı itkiləri ilə üzləşmişdir. 4 ay ərzində sözügedən işçilərə ümumilikdə 7.070 manat məbləğində əmək haqqı ödənilmiş, lakin cavabdehin təqsiri nəticəsində bu xərclərin iddiaçıya heç bir faydası olmamış, əksinə iddiaçını ciddi şəkildə zərərə uğratmışdır.
15. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmalarından da aydın olur ki, yüklərin çatdırılmasının uzanması aşağıdakı səbəblərdən baş vermişdir: Yüklər iddiaçı tərəfindən onlara hissə-hissə verilmişdir. Bu səbəbdən yekun yükün yola salınması sonuncu yükün verildiyi tarixdən sonra baş tutmuşdur; Sinklənmiş polad rulonlar ağır və təhlükəli yük olduğundan Sian dəmiryolları vasitəsilə onun daşınması qaydası və üsulu dəqiqləşdirilmişdir. Sian dəmiryollarının sorğulara cavabı müəyyən qədər vaxt almışdır. Hava şəraiti ilə əlaqədar Aktau dəniz limanı gəmiləri bir müddət limana qəbul edə bilmədiyindən yükün gəmiyə yüklənməsi və yola salınması prosesi ləngimişdir. Yazışmada bu barədə bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış 2024-cü il # #### tarixli ****/M-** nömrəli “Nəqliyyat-ekspedisiya xidmətinə dair Müqavilə”nin 2.1.8-ci yarımbəndinə əsasən bütün istiqamətlər üzrə Ekspeditorun iradəsindən asılı olmayan (hava şəraiti, qatarın xarab olması, terminalda texniki problemlər və/və ya onun yüklənməsi, platforma çatışmazlığı, cari təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə Ekspeditor məsuliyyətdən azad olunur. Iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi fotoşəkillərdən (Çin nömrəli nəqliyyat vasitəsində yüklənmiş) görünür ki, rulonlar taxta paletlərin üzərinə üst-üstə qoyularaq daşınmaqla onların anbara təhvil verilmişdir. Digər fotoşəkillərindən görünür ki, yüklər tərəflərindən konteynerə taxta paletlərin üzərinə qoyulmaqla, arxadan, öndən və ortadan taxtalarla bərkidilərək tərpənməz formada yerləşdirilmişdir. Yəni yüklər, daşınma qaydalarına tam uyğun şəkildə daşınmışdır. Cavabdeh tərəfdən sübut qismində məhkəməyə təqdim edilən əmtəə-nəqliyyat qaiməsindən (nakladnoydan) aydın olur ki, yüklərin daşındığı konteynerdə iddiaçı ilə yanaşı, “xxxx” MMC-nin də yükləri (qaimənin 3-cü bəndində sağ aşağı tərəfdə qeyd olunub) olmuşdur. “xxxx” MMC-yə məxsus yüklər karton qutulardan ibarət olmuşdur. Həmin qutular konteynerin ön hissəsində yerləşdirilmişdir. Daşınma zamanı “xxxx” MMC-nin yüklərinə heç bir zərər dəyməmişdir. Onlar tam salamat formada çatdırılmış və xidmət haqqı onlara tam şəkildə ödənilmişdır. Bu fakt cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 2025-ci il 22 may tarixli *** nömrəli “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında Akt”la öz təsdiqini tapmışdır. Iddiaçının bildirdiyi kimi, əgər yüklər nəm çəkərək paslanmışsa, karton qutular da yaş olmalı, keyfiyyət itkisinə məruz qalmalı idi. Lakin belə hal baş verməmişdir. Iddiaçı yükləri hansısa layihənin icrası məqsədilə gətirdiyini bildirsə də, ərizəsində layihənin nə olduğu, hansı dövrdən başlamalı olduğu, hansı dövrü əhatə etdiyi, layihənin təcililiyini əsaslandıran halların nə olduğu və s. barədə məlumatları qeyd etməmişdir. Sadəcə iş materiallarına iddiaçı ilə “xxxx” MMC arasında 2024-cü il # ####### tarixli ****/**-S nömrəli “Alqı-satqı Müqaviləsi”ni əlavə etmişdir. Həmin “Alqı-satqı Müqaviləsi”-nin * nömrəli Əlavəsində qeyd olunur ki, tərəflər gətirilən yükün 1 kq-nın alınma qiymətini 2,04 manat olaraq razılaşdırmışlar. Həmin tərəflər arasında bağlanılan 2025-ci il # ### tarixli “Zədələnmiş mallara başıx aktı” ilə tərəflər “zədələndiyi iddia olunan” malları alış dəyərinin 50 %-i həcmində ucuzlaşdırılmış qiymətlə satın alınması razılığına gəlmişdir. Mallar bu qiymətə iddiaçı tərəfindən “xxxx” MMC-yə satılmışdır. Iddiaçı yuxarıda qeyd olunan halların təsdiqi ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Əgər yükün 1 kq-nın alınma qiyməti əvvəlcədən 2,04 manat olaraq razılaşdırılmışdırsa, Satıcı tərəfindən bu məbləğə uyğun qaydada Alıcıya elektronqaimə göndərilməli idi. Əgər mallar malların alış dəyərinin 50 %-i həcmində ucuzlaşdırılmış qiymətlə satılmışdırsa, ödənişi təsdiq edən sənədlər əlavə edilməli idi. Gətirilən yüklər sinklənmiş polad rulonlardır. Həmin polad rulonların ən əhəmiyyətli xüsusiyyəti paslanmamasıdır. Üzərindəki sink onu paslanmadan qoruyur. Bu mallar havalandırma sistemlərinin qurulmasında istifadə olunur. Onlar nəmə və rütubətə kifayət qədər dözümlü mallardır. Bununla yanaşı, gətirilən sinklənmiş polad rulonların sayı 10-dan artıq olmuşdur. Bunların hamısındamı problem yaranması və içində heç bir zədə olmayan rulon olmaması ilə bağlı məlumat göstərilməmişdir. Qeyd olunanlardan aydın olur ki, ortada hər hansı layihə yoxdur. Yükün 1 kq-nın alınma qiymətinin 2,04 manat olaraq razılaşdırılması ilə bağlı Əlavə sonradan əvvəlki tarixlə rəsmiləşdirilmişdir. Malların alış dəyərinin 50 %-i həcmində ucuzlaşdırılmış qiymətlə satılması yalandır. Iddiaçı məhkəmədə bildirmişdir ki, malları ekspertizaya təqdim edə bilər. Satılmışdırsa, malları necə ekspertizaya təqdim edə bilirlər. Qarşı Tərəfin bildirdiyi qüsur lap mövcud olsa belə, mallar dəyərini cüzi itirə bilər. Çünki mallar həmin vəziyyətdə də havalandırma sistemlərinin qurulması üçün tam yararlı hesab olunur. Habelə, iddiaçının iddiasında bildirdiyi işçilərin işdən çıxmasına dair hər hansı bir rəsmi sənəd əlavə edilməmişdir. Əmr şirkətin özü tərəfindən tərtib edilə bilən bir sənəddir, işçinin işdən çıxması ƏMAS-dan çıxarılan “əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş” ilə sübut edilməlidir. Lakin bu iddiaçı tərəfindən əlavə edilməmişdir. Iddiaçının layihə dediyi iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 2024-cü il # ####### tarixli ****/**-S nömrəli “Alqı-satqı Müqaviləsi”dir. “xxxx” MMCyə, yəni layihə tərəfdaşı olan subyektə malların yenidən satılması iddiası göstərir və təsdiq edir ki, bu adı çəkilən tərəflər qabaqcadan əlbir olmaqla və həqiqiliyi heç bir sənədlə təsdiqlənməyən, guya ucuzlaşdırılmış məbləğin yerdə qalanını cavabdehdən almaq istəyirlər. Odur ki, işçilərin əmək haqqı ilə bağlı tələblər, həmçinin digər tələblər ümumiyyətlə əsassızdır.
16. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Namazova).
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı dəymiş zərəri istəsə də, daşınan əmlaklara faktiki olaraq dəymiş zərər məbləğini deyil, həmin əmlakların gec gətirilməsi nəticəsində görüləcək layihənin baş tutmaması nəticəsində itkilər, işçilərə boşdayanma zamanı ödənilən əmək haqqının əvəzi və daşınan əmlakın daha az dəyərdə üçüncü şirkətə satılması nəticəsində əldən çıxmış fayda formasında zərər məbləğlərini tələb edir. Məhkəmə bu xüsusda qeyd etmişdir ki, daşıyıcı yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı dəymiş zərərə görə məsuliyyət daşıyır, lakin indiki halda iddiaçı iki partiyada daşınan sinklənmiş polad məhsuluna dəymiş zərərin əvəzini yox, yəni, üçünçü şəxslər qarşısında öz öhdəliklərini tam icra etmədiyindən üzləşdiyi zərər məbləğini tələb etmişdir. Tərəflər arasında imzalanmış nə müqavilədə, nə də digər sənədlərdə malların daşıma müddəti müəyyən edilməmişdir. Cavabdeh tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni iddiaçıya aid mallar Çin Xalq Respublikasından ölkəyə gətirilmiş və hətta daşıma xidmətinin dəyəri olan 13.005 manatdan iddiaçı tərəf cavabdehə 5.000 manat ödəniş etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə “nəyə görə iddiaçı yükə dəymiş zərərin əvəzi tələb etmir?” sualına cavab olaraq bildirmişdir ki, “müştərini itirməmək üçün gələn malı dəyərindən aşağı məbləğdə artıq satdığı üçün üzləşdiyi digər zərər məbləğini tələb edir və bu da dolayısı ilə yükə dəymiş zərər kimi qiymətləndirilməlidir”.
18. Iddiaçının tələbini yükə dəymiş zərər kimi qiymətləndirildiyi halda belə qeyd edilmişdir ki, yükə dəymiş zərər və zərərin məhz cavabdehin təqsiri üzundə baş verməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, birincisi, iddiaçının nümayəndəsinin izahatından müəyyən edildi ki, mallar təxminən 2025-ci il ## ##### tarixində gömrük ərazisinə çatdırılmışdır, lakin, iddiaçı tərəfindən gömrük ərazisindən qısa idxal bəyannamələri tərtib edilərək may ayında götürülmüşdür. Göründüyü kimi malların iddiaçının öz məsuliyyəti nəticəsində təxminən iki həftə ərzində gömrük ərazisində (qeyri-müəyyən şəraitdə) qalmışdır. Məhkəməyə təqdim edilmiş video və foto şəkillərdə isə cəmi bir sinklənmiş polad layının görüntüsü təqdim edilmişdir və həmin məhsulun üzərində müəyyən ləkələrin olması müəyyən edilir. Daşınan bütün yükün (polad laylarının hamısının) üzərindən ləkələrin olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bundan əlavə, həmin sinklənmiş polad layları tarolaşdırılaraq cavabdehə bağlı vəziyyətdə təhvil verilmişdir, həmin malların cavabdehə təhvil verilməmişdən qabaq mövcüd vəziyyəti (ləkələrin olub-olmaması) qeyri-müəyyəndir. Iddiaçı cavabdehin daşıma xidmətinin lazımi qaydada icra etmədiyi üçün daşınan yükdə keyfiyyətin itkisinin baş verdiyini qeyd etsə də, lakin müqavilədə həmin yükün hər-hansı xüsusi daşıma şərti altında həyata keçirilməsi müddəası müəyyən edilmir. Digər tərəfdən, iddiaçı bildirir ki, mallar iki partiyada gəlib, bir partiya gələn malda heç bir qüsur aşkar edilməmişdir, lakin tələbi bütün daşınan yükə münasibətdə irəli sürmüşdür və bildirir ki, gətirilən mallar digər şirkətə dəyərindən az giymətə satılmışdır deyə zərərə düşüb.
19. Beləliklə, məhkəmə araşdırılması zamanı cavabdehin təqsiri üzündən daşınan yükə zərərin dəyməsi, iddiada tələb edilən zərərlərin cavabdehin göstərdiyi daşıma xidməti ilə səbəbli əlaqənin mövcüdluğu müəyyən edilməmişdir. Əksinə, iddiaçı tərəfindən cavabdehə göstərdiyi xidmətin dəyəri qismən (5.000 manat hissədə) ödənilmişdir və həmin mallar iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır (artıq mübahisələndirilən yük iddiaçıda olmadığı üçün məhkəmə tərəfindən yükə zərərin dəyib-dəyməməsinin, dəymişdirsə həcmi və səbəbləri barədə hər hansı ekspertizanın təyin edilməsi də mümkün olmamışdır).
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 427.3, 850.1, 850.2, 851, 852.1, 852.4, 859.1, 859.2, 861.1, 861.2 və 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 78.1, 107, 115.0.9, 119.1 və 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli 2-2(3-6)-133/2026 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).
23. Kollegiya, iddiaçının irəli sürdüyü faktiki hallarla bağlı cavabdehin məsuliyyətinin hədlərini tərəflərin bağladıqları müqavilə şərtləri kontekstində aydınlaşdırmağı zəruri hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə yükün çatdırılmalı olduğu müddət haqqında müddəa nəzərdə tutulmamışdır; lakin işin mübahisələndirilməyən halına görə mallar 2025-ci ilin yanvar ayının 15-də daşınma üçün təhvil verilərək mümkün olan ilk reyslə 2025-ci il ## ###### tarixində yola salınmış, 2025-ci ilin aprel ayının 20-də Azərbaycan Respublikasının gömrük ərazisinə çatdırılmışdır. Tərəflərin nümayəndələri malın 2025-ci il ## ###### tarixində Ələt Limanına, 2025-ci il ## ##### tarixində isə X2 çatdırıldığını və bununla da daşımanın yekunlaşdırıldığını, gömrük rəsmiləşdirilməsinin iddiaçı tərəfindən həyata keçirilməli olduğunu, həmin rəsmiləşdirmənin iddiaçının özündən qaynaqlanan səbəblərdən gecikdiyini, malların bir müddət X3, 2025-ci il # ### və 2025-ci il ## ### tarixlərində gömrük ərazisindən çıxarıldığını qəbul edirlər. Iddiaçı sübuta yetirməlidir ki, daşımanın konkret müddət ərzində həyata keçirilməli olduğu barədə cavabdehlə razılığa gəlmişlər, lakin cavabdeh bu razılaşmaya əməl etməyib - hansı ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür.
24. Iddiaçı qeyd olunan halı sübuta yetirə bilmədiyindən kollegiya hesab etmişdir ki, tərəflər daşımanın ağlabatan müddət ərzində həyata keçirilməli olduğuna razılaşmışlar və daşınan yükün xüsusiyyəti (ağır və təhlükəli yük olan sinklənmiş polad rulonlar), onların daşınması üçün xüsusi taralaşdırmanın və qaydaların tətbiq olunmasına zərurət, gömrük prosedurlarına sərf olunan vaxt, habelə malların dəmiryolu və dəniz vasitəsilə uzun məsafədən daşınmalı olması kimi hallar daşımanın məhz həmin ağlabatan müddət ərzində başa çatdırıldığı qənaətinə gəlməyə əsas verir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı “yüklərin 6 ay gecikmə ilə təhvil verildiyini” iddia edir – halbuki, 2025-ci il ## ###### tarixində daşınmaya təhvil verilən mal o halda 6 ay gecikmə ilə təhvil verilmiş hesab olunardı ki, daşımanın başa çatdırılmalı olduğu tarixdən ən azı 6 ay sonra təhvil verilərdi – hazırkı halda isə mal, daşınmaya təhvil verildikdən təxminən 3 ay sonra (yəni ümumilikdə 3 ay ərzində) iddiaçıya çatdırılmışdır. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında əvvəllər də Çin Xalq Respublikasından malların daşınması ilə bağlı müqavilə münasibətləri olmuş, həmin daşıma prosesləri təxminən 3 ay müddətində başa çatdırılmışdır – bu xüsusat da hazırkı mübahisənin yaranmasına səbəb olan daşımanın ağlabatan müddət ərzində həyata keçirildiyi qənaətinə gəlməyə əsas vermişdir.
25. Iddiaçının nümayəndəsinin istinad etdiyi “WhatsApp” yazışmalarına (malların çatdırılmasının niyə gecikdirildiyi, zərərə məruz qalındığı, malların nə vaxt çatdırılacağı və s. barədə olan yazışmalar) münasibətdə kollegiya qeyd etmişdir ki, həmin yazışmaların məzmunlarından onların daha əvvəlki daşıma(lar) ilə bağlı olduğu aşkar görünür; belə ki, hazırkı mübahisəyə əsas verən və 2025-ci il ## ###### tarixində başlayan daşımadakı problemlərlə əlaqədar 2024-cü ilin oktyabr-noyabr, habelə 2025-ci ilin yanvar ayının əvvəllərində müzakirələr aparılması mümkün deyildir.
26. Iddiaçının irəli sürdüyü tələblər bilavasitə yuxarıda qiymət verilən halla, yəni malların 6 ay gec təhvil verildiyi halı ilə bağlı olduğundan, həmin hal isə sübuta yetirilmədiyindən, kollegiya digər məsələlər üzrə qiymətləndirmə aparmağa zərurət görməmiş və özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır. Başqa sözlə, əgər malların razılaşdırılan tarixdən gec təhvil verildiyi sübuta yetirilmirsə, məhz gecikmə nəticəsində yarandığı irəli sürülən zərərin (məhsulların təyinatı üzrə istifadə olunduğu layihənin əhəmiyyətini itirməsi, malların koroziyaya uğraması, paslanması, səth deformasiyasına və keyfiyyət itkisinə məruz qalması, dəyərini itirməsi və s.) ortaya çıxıb-çıxmadığının araşdırılmasına ehtiyac yoxdur.
27. Iddiaçının, layihənin həyata keçirilməsi üçün işə götürdüyü 4 əməkdaşa ödədiyi əmək haqlarını zərər qismində tələb etməsinə münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, iddiaçı hər hansı layihənin mövcudluğu və malların məhz həmin layihə üçün nəzərdə tutulduğu barədə sübut təqdim etməmişdir; ikincisi, işin hallarından iddiaçının, 2024-cü il # ###### tarixində 4 nəfər işçinin əmək müqaviləsinə xitam verdiyi, digər 4 nəfər işçini isə sinklənmiş poladlarla bağlı layihəyə cəlb etdiyi aydın olur – əgər iddiaçı malların satın alınmasından 2 ay, ölkəyə gətirilməsindən 7 ay əvvəl işə işçi qəbul etmişdirsə, qəbul etdiyi həmin işçiyə ödədiyi pul vəsaitinə görə riski özü daşımalıdır.
28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 386.1, 398.1, 399, 404.1, 404.2, 404.3, 404.4, 425.1, 427.1, 427.2, 427.3, 427.4, 442, 445.2.1, 446.8, 462.1, 462.2, 462.3, 463.1, 463.2, 850.1, 850.2, 851, 852.1, 852.2, 852.3, 852.4, 852.5, 855.1, 855.2, 859.1, 859.2, 859.3, 859.4, 859.5, 861.1 və 861.2ci , MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 404.1-404.5-ci maddələri üzrə - məhkəmə müqavilədə çatdırılma müddətinin ayrıca göstərilməməsini əsas götürərək daşımanın “ağlabatan müddət”də başa çatdırıldığı nəticəsinə gəlmişdir. Lakin bu yanaşma hüquqi baxımdan son dərəcə səthi, formal və ədalətsizdir. Belə ki, müqavilə şərtlərinin təfsiri zamanı yalnız yazılı mətnlə kifayətlənmək hüquqi baxımdan qəbul edilməzdir. Hüquqi təfsir yalnız formal yanaşma ilə deyil, tərəflərin real iradəsi, müqaviləyə qədər və müqavilədən sonrakı davranışları, tərəflər arasında formalaşmış işgüzar münasibətlər, konkret daşıma marşrutunun xüsusiyyətləri və həmin sahədə mövcud olan işgüzar adətlər əsasında kompleks şəkildə aparılmalıdır. Apellyasiya məhkəməsi isə bu fundamental prinsipləri tamamilə gözardı etmiş, işin mahiyyətinə varmadan, sadəcə səthi mülahizələrlə qərar qəbul etmişdir ki, bu da məhkəmə ədalətinin kobud şəkildə pozulmasıdır. Bunan başqa, məhkəmə “ağlabatan müddət” kimi hüquqi cəhətdən konkret əsaslandırma tələb edən anlayışı tamamilə özbaşına və heç bir hüquqi meyar göstərmədən 3 ay kimi müəyyən etmişdir. Bu isə bir daha göstərir ki, apellyasiya instansiyası işə formal yanaşmış, sübutları müqayisəli şəkildə təhlil etməmiş, hüquqi əsaslandırma aparmamış və nəticə etibarilə ədalətsiz və əsassız qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmənin bu cür yanaşması cavabdehin öhdəliyinin mahiyyətini tamamilə təhrif etmişdir. Məhkəmə bu prinsipi faktiki olaraq formal bir anlayışa çevirmiş, öhdəliyin real icra vəziyyətini və gecikmənin nəticələrini araşdırmadan cavabdehin hərəkətlərini dolayısı ilə qanuni hesab etmişdir. Məhkəmə işin bütün hallarını araşdırmadan, sübutları müqayisəli təhlil etmədən və hüquqi əsaslandırma aparmadan nəticə çıxarmış, beləliklə də ədalətli məhkəmə araşdırması prinsipini kobud şəkildə pozmuşdur.
31. MM-in 1096.1-ci maddəsi üzrə - cavabdehin yükü lazımi qaydada qorumaq, saxlamaq və təhlükəsiz şəkildə çatdırmaq öhdəliyini səhlənkar və məsuliyyətsiz şəkildə icra etməsi nəticəsində iddiaçının əmlakına birbaşa zərər dəymişdir. Bu hal yalnız müqavilə öhdəliyinin pozulması ilə məhdudlaşmır, eyni zamanda mülki hüququn ümumi prinsipləri baxımından delikt məsuliyyəti üçün də tam hüquqi əsas yaradır. Lakin apellyasiya məhkəməsi bu açıq hüquqi imkanı ya formal şəkildə qeyd etmiş, ya da ümumiyyətlə dərin hüquqi təhlil aparmadan diqqətdən kənarda qoymuş, nəticədə yenə də ədalətsiz və əsassız qənaətə gəlmişdir. Halbuki, cavabdehin hərəkətləri nəticəsində zərərin baş verməsi, zərərin məhz onun davranışı ilə səbəbli əlaqədə olması və iddiaçıya maddi itkinin yaranması iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Buna baxmayaraq, məhkəmə zərərin mövcudluğunu və səbəbli əlaqəni təsdiqləyən sənədli və rəqəmsal sübutları, o cümlədən foto, video materialları, baxış aktlarını və digər sübutları ayrıca və sistemli şəkildə araşdırmadan, səthi yanaşma ilə onları faktiki olaraq görməzdən gəlmişdir. Belə yanaşma nəticəsində delikt məsuliyyətinin tətbiqi üçün mövcud olan bütün hüquqi şərtlər olmasına baxmayaraq, məhkəmə bu əsası da əsassız şəkildə rədd etmiş və bununla da iddiaçının hüquqlarının müdafiəsini təmin etməmişdir. Məhkəmə mövcud sübutları sistemli şəkildə araşdırmadan, hüquqi əsasları düzgün tətbiq etmədən və tərəflərin arqumentlərinə bərabər yanaşmadan qərar qəbul etmiş, bu isə ədalətli məhkəmə araşdırması prinsipinin kobud şəkildə pozulması ilə nəticələnmişdir.
32. MM-in 825.5, 851.2, 859.1, 859.2 və 859.3-cü maddələri üzrə - məhkəmə yükün zədələnməsi, korroziyaya uğraması, dəyərdən düşməsi və məcburi ucuzlaşdırılmış satış nəticəsində yaranmış real zərəri ayrıca və müstəqil hüquqi əsas kimi ümumiyyətlə araşdırmamışdır. Bu isə işin mahiyyətinin ciddi şəkildə təhrif edilməsi və açıq-aşkar ədalətsiz yanaşmanın göstəricisidir. Halbuki hüquqi baxımdan bu hallar yalnız gecikmənin nəticəsi kimi deyil, ayrıca məsuliyyət yaradan müstəqil əsaslar kimi qiymətləndirilməlidir. Lakin apellyasiya instansiyası bu mühüm hüquqi fərqi nəzərə almamış, nəticədə isə işi birtərəfli və səthi şəkildə qiymətləndirərək ədalətsiz nəticəyə gəlmişdir. Məhkəmə MM-in 859.2-ci maddəsinin açıq məzmununa baxmayaraq, məsələni yalnız gecikmə prizmasından qiymətləndirmiş, “6 ay gecikmə sübuta yetirilməyib” kimi formal və səthi qənaətə gəlməklə yükə dəymiş zərərin ayrıca hüquqi təhlilindən faktiki olaraq imtina etmişdir. Daha da ciddi və qəbuledilməz hal ondan ibarətdir ki, məhkəmə sübutetmə yükünü də kobud şəkildə təhrif etmişdir. Belə ki, MM-in 859.3-cü maddəsinə əsasən daşıyıcının məsuliyyətdən azad olunması üçün qanunda nəzərdə tutulmuş istisna halların mövcudluğunu məhz daşıyıcı, yəni cavabdeh sübuta yetirməlidir. Lakin məhkəmə bu açıq hüquqi tələbi nəzərə almadan, faktiki olaraq sübutetmə yükünü iddiaçının üzərinə qoymuş, sanki zərərin baş vermədiyini və ya daşıyıcının məsuliyyətsizliyini iddiaçı sübut etməli imiş kimi yanlış və ədalətsiz yanaşma sərgiləmişdir. Bu isə yalnız hüquqi səhv deyil, eyni zamanda tərəflərin prosessual bərabərliyinin kobud şəkildə pozulmasıdır.
33. MM-in 21.1-ci və 21.2-ci maddələri üzrə - apellyasiya məhkəməsi iddiaçının tələbini mahiyyətindən kənarlaşdıraraq onu guya üçüncü şəxslərlə münasibətlər çərçivəsində yaranmış dolayı itki kimi təqdim etmiş və bununla da tələbin hüquqi təbiətini açıq şəkildə yanlış müəyyən etmişdir. Halbuki iş materiallarında mövcud olan 2025-ci il # ### tarixli baxış aktı, 2025-ci il ## ### tarixli əlavə razılaşma və eyni tarixli təhvil-qəbul aktı birlikdə və kompleks şəkildə sübut edir ki, iddiaçı malları onların ilkin planlaşdırılmış bazar dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur qalmışdır. Bu hal heç bir halda üçüncü şəxslərlə münasibətdə yaranmış dolayı zərər deyil, əksinə, birbaşa daşınan əmlakın zədələnməsi, keyfiyyətinin pisləşməsi və nəticədə dəyərinin azalması kimi qiymətləndirilməli olan real zərərdir. Bununla yanaşı, iddiaçı ilə alıcı arasında əvvəlcədən bağlanmış müqavilə və təsdiq edilmiş əlavə ilə razılaşma əsasında formalaşmış kommersiya gözləntiləri, yəni müəyyən edilmiş satış qiyməti və marja – məhz normal şəraitdə əldə ediləcək gəlir kimi nəzərdə tutulmuşdur. Malların zədələnməsi səbəbindən bu iqtisadi gözləntilərin reallaşmaması isə hüquqi baxımdan əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Lakin apellyasiya instansiyası bu iki zərər növü – real zərər və əldən çıxmış fayda arasında hüquqi fərqi nə nəzərə almış, nə də hər birinə ayrıca və əsaslandırılmış hüquqi qiymət vermişdir.
34. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iş materiallarında mövcud olan baxış aktı, dəyişdirilmiş spesifikasiya, təhvil-qəbul aktı, maliyyə arayışları, foto və video materiallar, eləcə də tərəflər arasında aparılmış yazışmaları vahid sistem daxilində, qarşılıqlı əlaqədə və kompleks şəkildə qiymətləndirməli olduğu halda, bu vəzifəni yerinə yetirməmişdir. Əksinə, bəzi sübutlar yalnız formal olaraq qeyd edilmiş, lakin onların hüquqi əhəmiyyəti barədə nəticə çıxarılmamış, digər bir qisim sübutlar isə seçmə yanaşma ilə, məhdud və səthi şəkildə qiymətləndirilmişdir. Bu isə sübutların qiymətləndirilməsində ardıcıllığın və məntiqi bağlılığın tamamilə pozulduğunu göstərir. Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### və 2026-cı il ## #### tarixli iclaslarında işə baxılarkən məhkəmə tərəfindən təqdim edilmiş çoxsaylı sübutlara münasibət bildirməmiş, yalnız gecikmə məsələsinin formal müzakirəsi aparılmış, digər mühüm hallar isə ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, iş materiallarında təqdim edilən sənədlər yükün gecikməsi ilə yanaşı, malların zədələnməsi, düzgün saxlanmaması, keyfiyyətinin aşağı düşməsi və bunun nəticəsində yaranmış ciddi maliyyə zərərini tam sübut edirdi. Məhkəmə yüklərin ağlabatan müddətdə çatdırılmasının müəyyən olunması məqsədilə 2026-cı il # #### tarixli iclasda cavabdehdən əvvəlki daşımalar üzrə sənədlərin təqdim edilməsini xahiş etmişdir. Cavabdehin bu sənədləri təqdim etməyəcəyini əvvəlcədən nəzərə alaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli yükdən əvvəl Çin Xalq Respublikasından başqa yüklərin daşınması sifariş olunmuş və həmin daşıma üzrə bütün rəsmi sənədlərlə sübuta yetirilmişdir ki, belə yüklər maksimal 1 ay müddətində Azərbaycan Respublikasına təhvil verilir. Məhkəmə tərəfindən cavabdehə əvvəlki daşımalar üzrə sənədlərin təqdim edilməsi barədə göstəriş verilsə də, cavabdeh bu sənədləri təqdim etməmiş, əvəzində yalnız “WhatsApp” yazışmalarına istinad etmişdir. Bu yazışmaların hüquqi dəyəri olmadığı halda məhkəmə nədənsə məhz bu qeyri-rəsmi yazışmaları əsas götürərək çatdırılmanın “ağlabatan müddət”ini 3 ay kimi qəbul etmişdir. Bu yanaşma faktiki olaraq 6 aya qədər davam edən gecikmənin legitimləşdirilməsi deməkdir və hüquqi baxımdan əsaslandırılması mümkün deyil. Bundan başqa daşınan malların xüsusiyyətləri nəzərə alındıqda, onların saxlanma və daşınma zamanı müvafiq temperatur, rütubət və qorunma şərtlərinə riayət olunması cavabdehin birbaşa öhdəliyinə daxil olmuşdur. Lakin iş materiallarından və təqdim edilmiş foto-video sübutlardan aydın görünür ki, yüklərin saxlanma və daşınma zamanı zəruri qaydalara əməl edilməmiş, nəticədə mallar islanmış, üzərində ağ ləkələr əmələ gəlmiş və onların keyfiyyət göstəriciləri ciddi şəkildə pisləşmişdir. Bu hal daşınan əmlakın dəyərinin aşağı düşməsinə və iddiaçının mallarımaya dəyərindən xeyli aşağı qiymətə satmağa məcbur qalmasına səbəb olmuşdur. Halbuki daşıyıcı üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq yükün təhlükəsiz və müvafiq qaydalara uyğun saxlanmasını təmin etməli idi. Bu öhdəliyin yerinə yetirilməməsi isə cavabdehin səhlənkarlığını açıq şəkildə göstərir və iddiaçıya vurulmuş zərərin birbaşa səbəbinin məhz malların düzgün saxlanmaması olduğunu təsdiq edir. Həmçinin məhkəmə cavabdeh tərəfindən təqdim olunmayan və heç bir hüquqi dəyəri olmayan qeyri-rəsmi izahatı əsas götürərək, iddiaçının təqdim etdiyi sənədli sübutlara qiymət verməmiş, bütün bu dəlilləri nəzərə almadan 2026-cı il ## #### tarixdə – sonuncu iclasdan cəmi 1 gün sonra qətnaməni elektron kabinetə yerləşdirmişdir.
35. MPM-in 97.1-ci maddəsi üzrə - birinci instansiya məhkəməsi zərərin dəqiq miqdarına və səbəbinə şübhə etdiyini bildirmiş, lakin MPM-in imkan verdiyi hallarda olduğu kimi, iş üzrə heç bir məhkəmə ekspertizası təyin etməmişdir. Qətnamədən göründüyü kimi məhkəmə həm zərərin mövcudluğu, həm də onun cavabdehin təqsiri nəticəsində yaranmasına dair tərəddüdlər ifadə edir. Məsələn, malların gömrük anbarında qaldığı müddətdə zədələnə biləcəyi ehtimalını irəli sürmüş, yaxud pas izlərinin yalnız bir hissədə olduğunu vurğulamışdır. Əgər məhkəmədə belə şübhələr yaranmışdısa, işin obyektiv araşdırılması üçün mütləq məhkəmə ekspertizası təyin edilməli idi. Bununla bağlı tələb apellyasiya şikayətində göstərildiyi halda apelyasiya instansiyası buna əhəmiyyət verməmişdir.
36. MPM-in 217.3-cü və 217.4-cü maddələri üzrə - məhkəmə əvvəlcə iddiaçının irəli sürdüyü 5 müstəqil faktiki əsası sadalamış, bununla da mübahisənin çoxşaxəli xarakterini etiraf etmiş, lakin sonradan yalnız gecikmə məsələsini əsas götürərək, guya bu hal sübuta yetirilmədiyinə görə digər bütün məsələlərin araşdırılmasına ehtiyac olmadığını bildirmişdir. Bu isə qərarın hansı hüquqi məntiq və prinsiplər əsasında formalaşdırıldığını qeyri-müəyyən edir, nəticənin əsaslandırılmış və qanuni olmasına ciddi şübhə yaradır.
37. MPM-in 14.1-ci maddəsi üzrə - məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasına lazımi şərait yaratmalı olduğu halda, hazırkı işdə bu fundamental vəzifəni yerinə yetirməmiş, araşdırmanı açıq şəkildə dar çərçivədə aparmışdır. Apellyasiya şikayətində gecikmə ilə yanaşı, malların zədələnməsi, onların dəyərdən düşməsi, məcburi ucuzlaşdırılmış satış nəticəsində yaranmış real zərər, əldən çıxmış fayda, eləcə də işçilərə ödənilmiş əmək haqqı xərcləri üzrə ayrıca və ətraflı hüquqi arqumentlər təqdim olunmasına baxmayaraq, məhkəmə faktiki baxışı yalnız gecikmə məsələsi ilə məhdudlaşdırmışdır. Mübahisənin əsas predmetinə daxil olan digər mühüm hallar ya ümumiyyətlə araşdırılmamış, ya da formal şəkildə qeyd olunaraq hüquqi qiymətdən kənarda saxlanılmışdır. Məhkəmə bu məsələlər üzrə təqdim edilmiş sübutları sistemli şəkildə təhlil etməmiş, onların qarşılıqlı əlaqəsini və zərərin formalaşmasında oynadığı rolu nəzərə almamışdır.
38. MPM-in 77.1-ci maddəsi üzrə - sübutetmə yükü iş üzrə düzgün və qanunvericiliyin tələblərinə uyğun bölüşdürülməmişdir. Məhkəmə cavabdehin məsuliyyətdən azad olunmasına əsas verə biləcək halların mövcudluğunu ciddi və hərtərəfli yoxlamadan, faktiki olaraq sübutetmə yükünü tam şəkildə iddiaçının üzərinə yönəltmişdir. Belə ki, məhkəmə iddiaçıdan eyni zamanda müqavilədə konkret çatdırılma müddətinin mövcudluğunu, zərərin yaranmasını və həmin zərərin yalnız cavabdehin davranışından irəli gəldiyini tam və mübahisəsiz şəkildə sübut etməyi tələb etmişdir. Bu isə sübutetmə yükünün balansının pozulması olmaqla yanaşı, iddiaçıya həddindən artıq və hüquqi baxımdan əsaslandırılmamış sübut öhdəliyi yüklənməsi deməkdir. Halbuki, MM-in 859.3-cü maddəsinə əsasən, daşıyıcı yalnız qanunda nəzərdə tutulmuş konkret istisna halların mövcudluğunu sübuta yetirdiyi təqdirdə məsuliyyətdən azad oluna bilər. Bu isə o deməkdir ki, cavabdeh həmin istisna hallara istinad edirsə, onların mövcudluğunu və zərərin məhz həmin hallardan irəli gəldiyini sübut etmək məhz onun üzərinə düşür. Lakin məhkəmə bu açıq hüquqi prinsipi nəzərə almamış, cavabdehin bu istiqamətdə hər hansı əsaslı və yetərli sübut təqdim edib-etmədiyini araşdırmadan, faktiki olaraq bu yükü iddiaçının üzərinə keçirmişdir. Nəticə etibarilə, məhkəmə sübutların bölüşdürülməsi ilə bağlı hüquqi çərçivəni düzgün tətbiq etməmiş, bu isə iş üzrə qəbul olunmuş qərarın həm hüquqi, həm də ədalət baxımından əsassız olmasına səbəb olmuşdur.
39. MPM-in 372.6 və 372.7-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi qarşısında birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvi tələbi qoyulduğu halda, işi geniş həcmdə yoxlamalı, maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yalnız şikayətdə göstərilən arqumentlərlə məhdudlaşmadan, bütün iş materialları üzrə hərtərəfli şəkildə araşdırmalı idi. Bu, apellyasiya baxışının mahiyyətindən irəli gələn əsas vəzifədir. Lakin hazırkı işdə apellyasiya kollegiyası bu vəzifəni yerinə yetirməmiş, əksinə, özünü dar çərçivə ilə məhdudlaşdıraraq selektiv yanaşma nümayiş etdirmişdir ki, bu da açıq şəkildə ədalətsiz və qeyri-obyektiv nəticəyə gətirib çıxarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.”
“Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 446. Kreditorun icranı gecikdirməsi 446.8. Əgər öhdəliyin icrası müddəti müəyyənləşdirilməyibsə və ya borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etmək hüququna malik deyildirsə, kreditor təklif olunmuş icranı qəbul etməyə müvəqqəti imkanı olmadığına görə icranı gecikdirmiş sayılmır, lakin borclunun buna qədər ağlabatan müddətdə ona icranı təklif etdiyi hallar istisna təşkil edir.”
“Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.”
“Maddə 851. Yük göndərən, yük alan və daşıyıcı 851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. 851.2. Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır.”
“Maddə 855. Yükün qablaşdırılması 855.1. Yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. 855.2. Öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.”
“Maddə 859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin, məhvinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının), habelə bu Məcəllənin 851.2ci maddəsinin tələblərinin pozulmasının aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.”
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
46. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
47. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
48. Əlavə olaraq kassasiya şikayətinin MM-in 404.1-404.5-ci maddələrinin düzgün tətbiq edilməməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı müqavilədə yükün çatdırılma müddətinin konkret olaraq müəyyən edilmədiyini nəzərə alaraq, öhdəliyin icra müddətinin MM-in 427-ci maddəsinə uyğun olaraq ağlabatan müddətlə müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi müqavilənin şərtlərini, yükün xüsusiyyətini, daşınmanın həyata keçirilmə üsulunu, gömrük prosedurlarını və tərəflərin əvvəlki münasibətlərini nəzərə alaraq müvafiq hüquqi nəticəyə gəlmişdir.
49. Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi həmin halların özünün düzgün olmadığı, əvvəlki daşımaların müddətinin fərqli olduğu, “WhatsApp” yazışmalarının başqa daşımalara aid edilməsinin yanlış olduğu və digər sübutların fərqli məzmun daşıdığı irəli sürülür. Lakin bu dəlillər mahiyyət etibarilə iş üzrə müəyyən edilmiş faktiki halların və sübutların qiymətləndirilməsi ilə bağlıdır. Belə dəlillərin yoxlanılması isə kassasiya instansiyasının səlahiyyətlərinə daxil deyildir.
50. Eyni zamanda, kassasiya şikayətində müqavilənin təfsiri ilə bağlı MM-in 404cü maddəsinin tələblərinin pozulduğu göstərilsə də, apellyasiya instansiyası məhkəməsinin həmin normanın tətbiqində hansı konkret hüquqi səhvə yol verdiyi əsaslandırılmamışdır. Məhkəmənin tərəfin təqdim etdiyi sübutlardan fərqli nəticəyə gəlməsi müqavilənin təfsiri haqqında normanın düzgün tətbiq edilməməsi kimi qiymətləndirilə bilməz.
51. Kassasiya şikayətində MM-in 859.3-cü maddəsinə istinadla daşıyıcının məsuliyyətdən azad olunması üçün müvafiq halları sübut etməli olduğu bildirilmişdir. Lakin həmin normada nəzərdə tutulan məsuliyyətin yaranması üçün ilk növbədə 859.1 və 859.2-ci maddələrdə nəzərdə tutulan hüquqi faktların mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara əsasən isə iddiaçının istinad etdiyi gecikmə və yükün zədələnməsi ilə bağlı məsuliyyətin yaranması üçün zəruri faktiki əsasların mövcudluğu müəyyən edilməmişdir.
52. Kassasiya şikayətində qeyd edilən MM-in 1096.1-ci maddəsinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd edilir ki, həmin norma delikt münasibətlərini tənzimləyir. Deliktdən yaranan öhdəliklər qanundan irəli gələrək müqavilədənkənar öhdəliklərə aiddir. Hazırki işin tərəfləri arasında isə müqavilə münasibətləri mövcuddur və öhdəliklər də həmin münasibətlərdən yaranmışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisənin həllində həmin normanı tətbiq etməmişdir.
53. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarının tam araşdırırlmaması ilə əlaqələndirilməsi isə əsassızdır.
54. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
56. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
57. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.