Məhkəmə qərarları › İş №2-2(1-8)-39/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-39/2026

08.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-39/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh2 və cavabdeh1 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı ASC ilə cavabdeh3 MMC arasında 2019-cu il ## #### tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1 şərtlərinin qəbul etməsi barədə OnGTC-*****LE/**** saylı Razılaşma imzalanmışdır.

2. Tərəflər arasında 2020-ci il # ######## tarixli 10.000.000 manat məbləğinə dair müddəti 2030-cu il # ######## tarixi olan GL**** saylı Kredit Limiti Müqaviləsi imzalanmışdır.

3. Tərəflər arasında X1 və GL**** saylı Kredit Limiti Müqaviləsi çərçivəsində 2022-ci il ## ######## tarixli K**** saylı Maliyyələşdirmə üçün ərizəyə və ona edilmiş 2023-cü il ## ######## tarixli * saylı əlavəyə əsasən Borcalana 2024-cü il ## #### tarixədək illik faiz dərəcəsi 15%, kreditin müddəti ərzində cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra cərimə faiz dərəcəsi 30% olmaqla 2,620,244 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit verilmişdir.

4. Bank ilə Borcalan arasında bağlanılmış GL**** saylı Kredit Limiti Müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə cavabdeh2 arasında 2020-ci il # ######## tarixli Z**** saylı; cavabdeh1 arasında 2020-ci il # ######## tarixli Z**** saylı zaminlik müqaviləsi imzalanmışdır.

5. İddiaçı ASC ilə cavabdeh3 MMC arasında bağlanmış GL**** saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1188-ci məhəllə, ev 17C, mənzil 603 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 63, M19, m2) İddiaçı ASC-nin xeyrinə 2021-ci il ## ###### tarixli İ**** saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: 010013000667-05301-093634, qeydiyyat tarixi: ##.##.2021, qeydiyyat nömrəsi: 1121021232) dövlət reyestrindən çıxarış verilmişdir.

6. Eyni tərəflər arasında bağlanmış GL**** saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh3 MMC-nin ünvan 1 ünvanında yerləşən G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində göstərilən, ümumi dəyəri 2,578,473.12 manat təşkil edən 814 adda mal qalığı İddiaçı ASC-nin xeyrinə G**** saylı, 2021-ci il # ####### tarixli girov müqaviləsi əsasında yüklü edilmişdir.

7. Eyni tərəflər arasında bağlanmış GL**** saylı Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh3 MMC-nin ünvan 1 ünvanında yerləşən G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində göstərilən, ümumi dəyəri 1,117,870 manat təşkil edən 87 adda mal qalığı İddiaçı ASC-nin xeyrinə G**** saylı, 2022-ci il ## ###### tarixli girov müqaviləsi əsasında yüklü edilmişdir.

8. 2024-cü il ## ###### tarixli, PB/PBL-OUT-*****-**** saylı maliyyə arayışına əsasən cavabdeh3 MMC-nin K**** saylı malyyələşdirmə üçün ərizə üzrə 1,411,110.60 manat əsas borc, 171,878.81 faiz borcu, 71,305.31 manat cərimə borcu olmaqla, cəmi 1,654,294.72 manat borcu müəyyən edilmişdir (gecikmə günün sayı: 299).

Iş üzrə məhkəmə icraatı

Bu icraatdakı məlumatlar da iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax §36 )

a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh3 MMC, cavabdeh2, cavabdeh1 (bundan sonra-birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “borc alan”, “cavabdeh2”, “cavabdeh1”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada: - K**** saylı maliyyələşdirmə üçün ərizəsinə əsasən 1.411.110.60 manat əsas borc, 171.878.81 manat faiz borcu, 71.305.31 manat cərimə borcu olmaqla, cəmi 1.654.294,72 manat məbləğində borcun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması; tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: 1. cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1188-ci məhəllə, ev 17C, mənzil 603 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 63, M19, m2) (Reyestr nömrəsi: 010013000667-05301- 093634); 2. Borc alanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ünvanında yerləşən, G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində öz əksini tapan və aşağıda göstərilən 814 adda mal qalığı; 3. Borc alanın Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ünvanında yerləşən, G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində öz əksini tapan və aşağıda göstərilən 87 adda mal qalığına, aşağıda sadalanan əmlakların ilkin satış qiymətlərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçıya olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi; 1. cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1188-ci məhəllə, ev 17C, mənzil 603 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 63, M19, m2) (Reyestr nömrəsi: 010013000667-05301- 093634); ilkin satış qiyməti 206,400 manat; 2. borcalanın Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ünvanında yerləşən, G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində göstərilən, 814 adda mal qalığı; 3. Borc alanın Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ünvanında yerləşən, G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində göstərilən, 87 adda mal qalığı. ipoteka predmetlərinin və girov predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi 1617.15 manat dövlət rüsumunun, ipoteka bildirişinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi Idarəsində qeydiyyata alınması üçün ödənilmiş 31.36 manat dövlət rüsumu və 73.60 manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, müştəri qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda, ipoteka saxlayan ipoteka qoyanlara “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinmüvafiq Ərazi Idarələrinə təqdim olunmuş və qeydiyyata alınmışdır. Iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1591.57 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi Idarəsində qeydiyyata alınması üçün 31.36 manat dövlət rüsumu və 73.60 manat xidmət haqqı ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Həmçinin GL**** saylı Kredit Limiti Müqaviləsinin 5.1.2-ci bəndində kredit alanın müqavilənin vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit məhsulu üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan tələb edə bilər. Ipoteka müqaviləsinə əsasn bu müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

11. Məhkəmənin qərardadı ilə K**** saylı maliyyələşdirmə üzrə ərizənin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə və maliyyə arayışında göstərilən 2024-cü il ## ###### tarixə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iki dəfə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və ekspertlərin 2025-ci il # #### və 2025-ci il ## ### tarixli rəylərində cavabdeh cavabdeh3 MMC-nin 2024-cü il ## ###### tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 1.544.957,21 manat məbləğində, 2024-cü il ## ######## tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu isə 1.555.306,43 manat məbləğində müəyyən edilir, o cümlədən: 2024-cü il ## ###### tarixə: əsas borc üzrə 1.379.895,94 manat, faiz borcu üzrə 165.061,27 manat, 2024-cü il ## ######## tarixə: əsas borc üzrə 1.379.895.94 manat, faiz borcu üzrə 175.410,49 manat müəyyən edilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada: K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1.379.895,94 manat əsas borc, 165.061,27 manat faiz borcu, 68995 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 1597 manat, ipoteka bildirişinin qeydiyyata alınması üçün xərcin əvəzi olaraq 104,96 manatın tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1188-ci məhəllə, ev 17C, mənzil 603 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 63, M19, m2) (Reyestr nömrəsi: 010013000667-05301-093634) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 307.000 manat məbləğində müəyyən edilməsi, tələb üzrə tutmanın borc alanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ünvanında yerləşən, G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində öz əksini tapan və aşağıda göstərilən 814 adda mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, tələb üzrə tutmanın borc alanın Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ünvanında yerləşən, G**** saylı girov müqaviləsinin ** saylı əlavəsində öz əksini tapan və aşağıda göstərilən 87 adda mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin müvafiq olaraq cavabdehlərə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, qalan hissədə iddianın rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim G.Namazova).

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borc alan mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr mülki qanunvericiliyin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Məhkəmə ekspert rəyində əsas borc və faiz borcu məbləğinin iddia tələbinin dəqiqləşməsi barədə ərizədə tələb olunan məbləğdən daha aşağı həddə müəyyən edilməsini, tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla, ekspert rəyində müəyyən edilən məbləğdə götürülməsini əsaslı hesab etmişdir.

16. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

17. Məhkəmənin qənaətinə görə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi nəzərə alınaraq cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu K**** saylı malyyələşdirmə üçün ərizəsi üzrə 68995 manat məbləğində müəyyən edilməlidir.

18. Iddia tələbini borc üzrə tutmanın girov predmetlərinə yönəldilməsi hissəsinə münasibətdə təmin edən məhkəmə qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirmiş, nəticədə “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna əsasən girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

19. Belə olan halda məhkəmə girov predmetlərinə tutma yönəldilməsi tələbinə dair hissədə iddianın təmin edilməsi, tələb üzrə tutmanın G**** saylı, 2021-ci il # ####### tarixli girov müqaviləsi əsasında yüklü edilmiş ümumi dəyəri 2,578,473.12 manat təşkil edən 814 adda mal qalığına, G**** saylı, 2022-ci il tarixli 10 yanvar girov müqaviləsi əsasında yüklü edilmiş ümumi dəyəri 1,117,870 manat təşkil edən 87 adda mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməli olması qənaətinə gəlmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269, 270.1, 295, 296.1, 297, 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739, 741 və 743-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

21. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın rədd edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

24. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüyü dəlilə münasibətdə kollegiya qeyd etmişdir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və 2025-ci il # #### tarixli */**** nömrəli ekspert rəyi ilə 2024-cü il ## ###### tarixə cavabdehin iddiaçıya olan əsas borcu 1.379.895,94 manat, faiz borcu 165.061,27 manat; 2024-cü il ## ######## tarixə əsas borcu 1.379.895,94 manat, faiz borcu 175.410,49 manat müəyyən edilmişdir.

25. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçının vəsatətinə əsasən təkrar məhkəmə-mühasibatlıq ekspertizasını təyin edilmiş və 2025-ci il ## ### tarixli, */**** nömrəli ekspert rəyi ilə 2024-cü il ## ###### tarixə cavabdehin iddiaçıya olan əsas borcu 1.379.895,94 manat, faiz borcu 165.061,27 manat; 2024-cü il ## ######## tarixə əsas borcu 1.379.895,94 manat, faiz borcu 175.410,49 manat müəyyən edilmişdir.

26. Kollegiya belə qənaətə gəlmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

27. Eyni zamanda apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, birinci instasiya məhkəməsi tərəfindən 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və işdə iştirak edən şəxslərə ekspertiza keçirilən zaman baxılmalı sualları məhkəməyə təqdim etməyə lazımi şərait yaradılmış, lakin suallar məhkəməyə təqdim edilməmişdir.

28. Kollegiya girov predmetinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsini zəruri hesab etməyərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış G**** nömrəli girov müqaviləsinin 6-cı bəndi və G**** nömrəli girov müqaviləsinin 7.5-ci bəndində onlar, “girovun predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə müəyyən edilmiş qiymətləndirici tərəfindən qiymətləndiriləcəyi” barədə razılığa gəlmişlər və MM-in girovun satışı ilə bağlı müəyyənləşdirdiyi qaydaların mənasına görə də, qətnamə ilə ilkin satış qiymətinin müəyyənləşdirilməsi girov qoyanın hüquqlarını məhdudlaşdırılması ilə nəticələnə bilər.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 269.1, 276.1, 279, 295, 296.1, 297, 298.3, 385, 386.1, 390.2, 425, 442, 448.1, 462.1, 465.2, 467, 739-cu, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 15.1, 15.2, 15.3, 16.1, 16.2, 16.3, 17.1, 17.2, 17.3, 17.4, 17.5, 17.6, 18.1, 18.2, 18.3, 18.4-cü və MPM-in 14.2, 77.1, 81, 102.2, 103.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 30.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 467-ci maddəsi üzrə-məhkəmə cərimə məbləğinin tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bu qənaətini hər hansı hüquqi norma, sübut və ya hesablamalarla əsaslandırmamış, cərimənin hansı meyarlar üzrə tənasübsüz hesab edildiyini qətnamədə göstərməmişdir. Nəticədə, qətnamənin mübahisələndirilən hissəsində hüquqi müəyyənlik prinsipi pozulmuş və məhkəmə aktının məzmununda qeyrimüəyyənlik yaranmışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, borcalan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə uyğun olaraq cərimə faizlərinin və dəbbə pulunun hesablanması şərtləri ilə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə qarşılıqlı iradə ifadəsinin nəticəsi olmaqla, tərəflərin hüquq və öhdəliklərini müəyyən etmişdir. Qeyd edilməlidir ki, mülki qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunun (cərimə, penya) müəyyən edilməsini nəzərdə tutmaqla, kreditorun icranın gecikdirilməsi və ya öhdəliyin pozulması nəticəsində yarana biləcək zərərlərdən qorunmasını və öhdəliyin vaxtında və düzgün icrasının stimullaşdırılmasınıməqsəd kimi qarşıya qoymuşdur. Bu baxımdan, cərimə məbləğinin əsaslandırılmadan azaldılması həmin institutun hüquqi mahiyyətini zəiflədir və tərəflər arasında müqavilə balansını pozur.

32. MM-in 69, 296-cı, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi üzrə- girov predmetinin dəyərinin birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməməsi qətnamənin icrası mərhələsində ciddi praktiki və hüquqi çətinliklər yarada bilər. Belə ki, tutulmalı pul məbləğinin və ya icra predmeti olan girov əmlakının dəyərinin konkret müəyyən edilməməsi icra sənədinin aydınlığını və dəqiqliyini azaldır, nəticədə onun faktiki icrası çətinləşir. Qətnamədə girov predmetinin dəyəri müəyyən edilmədikdə, icra mərhələsində hansı həcmdə və hansı çərçivədə tutulma aparılmalı olduğu qeyri-müəyyən qalır. Bu isə icra tədbirlərinin ardıcıllıqla və düzgün şəkildə həyata keçirilməsinə, borcun real məbləğinin hesablanmasına, habelə girov predmetinə yönəldilən tədbirlərin məntiqi və hüquqi əsaslarla aparılmasına mane ola bilər. Eyni zamanda, girov predmetinin dəyərinin göstərilməməsi icra prosesində hesablamaların aparılmasını, mümkün indeksasiya və digər maliyyə əməliyyatlarının düzgün icrasını çətinləşdirir. Bu hal həm icra prosesinin uzanmasına, həm də icra tədbirlərinin nəticəliliyinin azalmasına səbəb olur. Bundan əlavə, icra sənədində konkret dəyərin əks etdirilməməsi icra zamanı aparılan tədbirlərin qətnamənin məzmununa uyğunluğuna nəzarəti zəiflədir və tərəflərin hüquqlarının faktiki və vaxtında bərpasını risk altına qoyur. Praktikada bu kimi hallar icra mərhələsində əlavə izah və ya dəqiqləşdirmə tələbi ilə yeni məhkəmə müraciətlərinə, nəticə etibarilə isə icra prosesinin əsassız şəkildə uzanmasına və tərəflər arasında əlavə mübahisələrin yaranmasına gətirib çıxara bilər.

33. MPM-in 88, 97, 217.1, 220.1, 153 və 220.4-cü maddələri üzrə-apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissələr üzrə işin hallarını qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərinə əməl etməmiş, sübutları iş üzrə əhəmiyyətinə, qarşılıqlı əlaqəsinə və məcmusuna uyğun olaraq qiymətləndirməmişdir. Bununla yanaşı, məhkəmə MM-in 269, 296 və 467-ci maddələrinin, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərini nəzərə almamışdır.

34. Hazırkı mübahisə üzrə cavabdehin müqavilədən irəli gələn əsas borcunun və faiz borcunun müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə borcun məbləğinin müəyyən edilməsində əsasən ekspert rəyinə istinad etmiş, lakin həmin rəyin hansı faktiki məlumatlara və hesablamalara əsaslandığını, təqdim edilmiş sənədlərlə uyğunluğunu və məntiqi əsaslandırmasını qiymətləndirməmişdir. Ekspert rəyində təqdim olunmuş bank çıxarışlarının, ödəniş əməliyyatlarının, borcun silinməsi hallarının, habelə tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinin tam və düzgün təhlil edilməməsi həmin rəyin mötəbərliyini şübhə altına alır. Bundan əlavə, məhkəmə cavabdeh tərəfindən faktiki həyata keçirilmiş ödənişlərin məbləğini və tarixlərini, bu ödənişlərin borcun hansı hissəsinə-əsas borca, faiz borcuna və ya cərimə öhdəliklərinə yönəldildiyini, habelə real gecikmə müddətlərini müəyyən etmədən, borc məbləğini həm əsas, həm də faiz hissəsində əsassız şəkildə azaltmışdır. Nəticədə, qətnamədə faktiki hallara uyğun olmayan və iş materialları ilə uzlaşmayan rəqəmlər göstərilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

36. Iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun tutulması, habelə G3668 və G**** saylı girov müqavilələri üzrə girov predmetlərinin dəyəri müəyyən edilmədən tutmanın yönləndirilməsi hissəsində mübahisələndirilir. Ona görə də, MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. ...” “Maddə 276. Girov predmeti 276.1. Ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. ...”

“Maddə 279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.”

“Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.”

“Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. ...”

“Maddə 297. Girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.”

“Maddə 298. Girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi ... 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...” “Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. ...” “Maddə 741. Borc üzrə faizlər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37-ci fəsil yeni redaksiyada verilmişdir.) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 101. Ekspert rəyi ... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ...”

“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

41. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətinin girov predmetlərinin dəyəri müəyyən edilmədən tutmanın yönəldilməsi hissəsinə aid dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, ipoteka haqqında qanunvericilikdən fərqli olaraq, qanunda girov predmetinə tutma yönəldildikdə, məhkəmə tərfindən onun ilkin satış qiymətinin müəyyən edilməsinə dair imperativ tələb müəyyən edilməmişdir. Tərəflər bununla bağlı zəruri tənzimləmələri girov müqaviləsində nəzərdə tutmuşlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məsələ üzrə məhkəmə nəticəyə gələrkən hər hansı maddi hüquq normasının tələblərini pozmamışdır.

42. Cavabdehlərdən K**** saylı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun tutulması tələbinə gəldikdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

43. Belə ki, mülki prosessual qanunvericiliyin tələbləri və mülki məhkəmə icraatında baxılan mübahisələrin həlli baxımından məhkəmə ilk olaraq işin mübahisəsiz və mübahisəli hallarını dəqiq müəyyən etməlidir. Bu hallar müəyyən edildikdən sonra isə tərəflərin hansı maddi hüquq münasibətlərində (müqavilə, delikt, əsassız varlanma və s.) olmaları və həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən iddia tələblərinin və iddiaya etirazın qanuni (hüquqi) əsasları, habelə sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müəyyən edilməlidir.

44. Eyni zamanda, tərəflərin müqavilə münasibətlərində olmaları müəyyən edildikdə iddianın hüquqi əsası, sübutetmə predmeti və tərəflərin üzərilərinə düşən sübutetmə vəzifələri müqavilə şərtlərinə uyğun müəyyən edilərək mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2018-ci il ## #### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe də ondan ibarətdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

46. Işə baxan məhkəmə isə qeyd olunan tələblərə riayət etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsas borcun məbləğini müəyyən edərkən məhkəməmühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir.

47. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilə şərtlərini və ödənişlərin silinmə ardıcıllığını tənzimləyən müqavilə müddəalarını nəzər almamış, bununla da işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi hüquqi qiymət verməmişdir.

48. Belə ki, tərəflər arasında bağlanmış 2019-cu il ## #### tarixli, «Bank xidmətlərinin göstərilməsinə dair X1» 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.

49. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipindən irəli gələrək ödənişlərin silinməsi qaydasını əvvəlcədən müəyyən etmişlər. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər öz iradələri ilə müqavilələr bağlamaqda və onların məzmununu müəyyən etməkdə sərbəstdirlər. Apellyasiya instansiyası məhkəməsi isə ekspert rəyini qəbul edərkən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin müqavilədə müəyyən edilmiş ardıcıllıqla silinibsilinmədiyi

50. və ekspert hesablamalarının tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki iddiaçının apellyasiya baxışı zamanı irəli sürdüyü əsas dəlil məhz ödənişlərin müqavilədə nəzərdə tutulmuş qaydada əvvəlcə dəbbə puluna və faizlərə deyil, birbaşa əsas borca silinməsi ilə bağlı olmuşdur.

51. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və həmin rəy MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydada digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bu baxımdan ekspert rəyi məhkəməni iş üzrə hüquqi nəticə çıxarmaq vəzifəsindən azad etmir. Məhkəmə ekspert tərəfindən aparılmış hesablamaların işin müəyyən edilmiş hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğun olub-olmadığını yoxlamalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi ekspert rəyində əks olunmuş hesablamaların müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş ödənişlərin silinmə ardıcıllığına və iddiaçının bu barədə dəlillərinə ətraflı hüquqi qiymət verməmiş və yalnız ekspert rəyinə istinad etməklə əsas borcun məbləğini müəyyən etmişdir. Halbuki, kredit münasibətlərindən irəli gələn borcun məbləğinin müəyyənləşdirilməsi zamanı yalnız mühasibat hesablamalarının aparılması kifayət etmir. Həmin hesablamaların müqavilənin şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğu da məhkəmə tərəfindən yoxlanılaraq hüquqi qiymətləndirmə aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qiymətləndirmə aparmadan ekspert rəyini əsas götürməklə nəticəyə gəldiyi üçün onun gəldiyi qənaət hüquqi cəhətdən yetərincə əsaslandırılmış hesab edilə bilməz.

53. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində yol verilmiş nöqsanlar iş üzrə əsas borcun məbləğinin düzgün müəyyən edilməsinə təsir göstərmişdir. Həmin pozuntular MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə cavab verməyən qətnamənin qəbul olunması ilə nəticələndiyindən, qətnamə əsas borc, faiz və cərimə borcuna aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

54. Işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin silinməsi qaydasını müəyyən edən müddəalarını, aparılmış ödənişlərin həmin qaydalara uyğun silinib-silinmədiyini, ekspert rəyinin müqavilə şərtlərinə və tətbiq edilməli maddi hüquq normalarına uyğunluğuna hüquqi qiymət verilməli, bundan sonra müəyyən edilmiş hallara uyğun əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

55. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).

56. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara alır:

Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi qismən- K**** saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun tutulması hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar