Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-411/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı malın dəyəri olan 13.934 manat, 697 manat faiz borcunun, ödənilmiş 13 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 1.500 manat, ümumilikdə 6.270 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 11.808,81 manat əsas borc, 697 manat faiz borcu olmaqla, cəmi 12.505,81 manat borc, 139 manat dövlət rüsumu və 600 manat hüquqi yardıma görə ödənilmiş pul məbləğinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim İ.Əhmədov).
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
5. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2026cı il ## ###### tarixli, *-*(*-*)-**/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instanisya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (məruzəçi hakim – K.Abiyeva, hakimlər – B.Qəribov və Z.Babayev).
9. Cavabdeh kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasassiya verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 128.3-cü və 129.1-ci maddələrinə görə aylarla hesablanan prosessual müddətin axını hadisənin baş verməsindən sonrakı gündən başlanır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Uzun müddət ərzində formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən prosessual müddətlərin axımı məhkəmə aktının təqdim edildiyi gündən sonrakı gündən hesablanırdı. Belə ki, məhkəmə aktı, məsələn, 14 iyun tarixində təqdim edildiyi halda müddətin axımı 15 iyun tarixindən başlayır və müvafiq müddətin son günü 15 avqust tarixi hesab edilirdi. Bu yanaşma uzun müddət ərzində sabit məhkəmə təcrübəsi kimi tətbiq olunmuşdur. Lakin hazırkı iş üzrə həm apellyasiya instansiyası məhkəməsinin qərardadından, həm də kassasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, məhkəmələr müddətin son gününü əvvəlki təcrübədən fərqli olaraq, yuxarıdakı nümunədə olduğu kimi 15 avqust deyil, 14 avqust kimi hesablayırlar. Bununla belə, qeyd edilən yanaşmanı təsdiq edən hər hansı vahid və formalaşmış, o cümlədən rəhbər (presedent xarakterli) 2 və ya 3 ulduz məhkəmə qərarı mövcud deyildir. Başqa sözlə, bu yanaşma hüquqi müəyyənlik baxımından tərəflər üçün əvvəlcədən proqnozlaşdırıla bilən və açıq şəkildə müəyyən edilmiş təcrübə kimi formalaşmamışdır. Cavabdeh tərəf isə kassasiya şikayətini təqdim edərkən məhz uzun müddət tətbiq edilmiş və sabit xarakter almış əvvəlki məhkəmə təcrübəsinə və qanuna əsaslanmışdır. Mövcud təcrübənin dəyişməsi barədə məlumatlı olmamaqları obyektiv xarakter daşıyır və onun tərəfindən asılı olmayan hal kimi qiymətləndirilməlidir. Hüquqi müəyyənlik, legitim gözləntilər və məhkəməyə çıxış hüququ prinsipləri baxımından tərəflərin əvvəlki sabit məhkəmə təcrübəsinə etibar etməsi təbii və əsaslıdır. Bu səbəbdən prosessual müddətin buraxılması üzrlü səbəb kimi qiymətləndirilməlidir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün müddətinin bərpası barədə ərizəsi təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2026-cı il ## ###### tarixli qərardadla cavabdehin kassasiya şikayətini isə 2026-cı il ## ###### tarixində məhkəməyə daxil olduğu, kassasiya şikayətinin verilməsi müddəti ötürüldüyü müəyyən edilmişdir. Şikayət etmə müddəti cavabdehə münasibətdə 2026-cı il ## ###### tarixində bitdiyi halda, kassasiya şikayəti 2026-cı il ## ###### tarixində verilmişdir.
13. Bundan əlavə, Ali Məhkəmənin iş üzrə qərarı ilə kassasiya şikayətinin prosessual müddətin ötürülməməsinə dair dəlili əsassız hesab edilmiş və müəyyən olunmuşdur ki, kassasiya şikayətinin qaytarılması müddətin ötürülməsi əsası üzrə qanuni və əsaslı olmuşdur.
14. Cavabdehin kassasiya şikayəti verilərkən “anlaşılmazlıq yaranması” ilə bağlı istinad etdiyi hallar prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Çünki prosessual müddətin üzrlü səbəbdən buraxılmış hesab olunması üçün həmin halın şəxsin iradəsindən asılı olmayan, obyektiv xarakter daşıyan və şikayətin vaxtında verilməsini faktiki olaraq mümkünsüz edən səbəblərlə təsdiq olunması tələb olunur. Cavabdeh isə belə halların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 133.1 və 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onu ləğv edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
17. MPM-nin 128.3, 129.1 və 133.1-ci maddələri üzrə - uzun müddət ərzində formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə əsasən prosessual müddətlərin axımı məhkəmə aktının təqdim edildiyi gündən sonrakı gündən hesablanırdı. Belə ki, məhkəmə aktı, məsələn, 14 iyun tarixində təqdim edildiyi halda müddətin axımı 15 iyun tarixindən başlayır və müvafiq müddətin son günü 15 avqust tarixi hesab edilirdi. Bu yanaşma uzun müddət ərzində sabit məhkəmə təcrübəsi kimi tətbiq olunmuşdur. Lakin hazırkı iş üzrə həm apellyasiya instansiyası məhkəməsinin qərardadından, həm də kassasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, məhkəmələr müddətin son gününü əvvəlki təcrübədən fərqli olaraq, yuxarıdakı nümunədə olduğu kimi 15 avqust deyil, 14 avqust kimi hesablayırlar. Bununla belə, qeyd edilən yanaşmanı təsdiq edən hər hansı vahid və formalaşmış, o cümlədən rəhbər (presedent xarakterli) 2 və ya 3 ulduz məhkəmə qərarı mövcud deyildir. Başqa sözlə, bu yanaşma hüquqi müəyyənlik baxımından tərəflər üçün əvvəlcədən proqnozlaşdırıla bilən və açıq şəkildə müəyyən edilmiş təcrübə kimi formalaşmamışdır. Cavabdeh isə kassasiya şikayətini təqdim edərkən məhz uzun müddət tətbiq edilmiş və sabit xarakter almış əvvəlki məhkəmə təcrübəsinə və qanuna əsaslanmışdır. Mövcud təcrübənin dəyişməsi barədə məlumatlı olmamaqları obyektiv xarakter daşıyır və cavabdeh tərəfindən asılı olmayan hal kimi qiymətləndirilməlidir. Hüquqi müəyyənlik, legitim gözləntilər və məhkəməyə çıxış hüququ prinsipləri baxımından tərəflərin əvvəlki sabit məhkəmə təcrübəsinə etibar etməsi təbii və əsaslıdır. Bu səbəbdən prosessual müddətin buraxılması üzrlü səbəb kimi qiymətləndirilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadın qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir:
“Maddə 47. Işdə iştirak edən şəxslərin hüquq və vəzifələri
47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.”
“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması
128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.”
“Maddə 129. Prosessual müddətlərin qurtarması
129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.”
“Maddə 133. Prosessual müddətlərin bərpası
133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.”
“Maddə 405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;”
“Maddə 408. Kassasiya şikayətinin qaytarılması
408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri
416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
23. Kassasiya şikayətində göstərilən dəlillər də əsaslı hesab edilə bilməz.
24. Belə ki, MPM-in 133.1-ci maddəsinə əsasən buraxılmış prosessual müddət yalnız onun buraxılmasının səbəbi məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Qanunun mənasına görə üzrlü səbəb şəxsin iradəsindən asılı olmayan, obyektiv xarakter daşıyan və prosessual hərəkətin qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməsini faktiki olaraq mümkünsüz edən hallarla şərtlənməlidir.
25. Kassatorun istinad etdiyi “uzun müddət formalaşmış məhkəmə təcrübəsinə etibar etməsi”, “müddətin hesablanması ilə bağlı anlaşılmazlığın yaranması” və “təcrübənin dəyişməsindən xəbərsiz olması” kimi hallar isə prosessual hərəkətin vaxtında edilməsinə obyektiv maneə təşkil edən səbəblər hesab edilə bilməz. Çünki həmin hallar şəxsin hüquqi mövqeyi və qanunun tətbiqi ilə bağlı subyektiv qiymətləndirməsindən irəli gəlir və prosessual hərəkətin qanunda müəyyən edilmiş müddətdə həyata keçirilməsinin mümkünsüzlüyünü göstərmir.
26. Kassasiya şikayətində hüquqi müəyyənlik və legitim gözləntilər prinsiplərinə istinad olunması da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanunsuz olması barədə nəticəyə gəlmək üçün əsas vermir.
27. Belə ki, prosessual müddətlərin hesablanması qaydası qanunla, yəni MPM-in 128 və 129-cu maddələrində birbaşa müəyyən edilmişdir. Kassasiya şikayətində istinad edilən hallar həmin normaların məzmununu dəyişdirmir və qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının nəticələrini aradan qaldırmır. Hüquqi müəyyənlik prinsipi qanunun açıq şəkildə müəyyən etdiyi prosessual müddətlərə əməl olunması vəzifəsindən azad etmir.
28. Bundan əlavə, MPM-in 408.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də MPM-in 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı).
29. MPM-in 47.1-ci maddəsində isə təsbit edilmişdir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
30. Bu baxımdan, MPM-in 405 və 408.5-ci maddələrinin birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, obyektiv səbəblər olmadan kassasiya şikayətinin prosessual müddətin sonuncu günündə verilməsi MPM-in 47.1-ci maddəsinin tələbləri ilə tam uzlaşmır. Ona görə də, işdə iştirak edən şəxslər hüquqlarını belə şəkildə həyata keçirtdiyi hallarda prosessual müddətlərin hesablanması və s. kassasiya şikayətinin mümkünlüyü ilə bağlı tələblərə riayət olunmamsının prosessual nəticələrini (risklərini) nəzərə almalıdırlar.
31. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual müddətin bərpasından imtina edərkən düzgün nəticəyə gəlmiş, MPM-in 133-cü maddəsini düzgün tətbiq etmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.