Məhkəmə qərarları › İş №2-2(1-8)-42/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-42/2026

17.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-42/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi və ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Cavabdeh IB ilə İddiaçı MMC arasında 2024-cü il ## ####### tarixli, AMX****/** nömrəli təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.

2. Cavabdeh IB tərəfindən aktlar əsasında İddiaçı MMC-yə 69.954,60 manat məbləğində borc hesablanmış, həmin borcun 50.262,60 manat hissəsi İddiaçı MMC tərəfindən ödənilmiş və 19.692 manat hissəsi qalmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdeh Istehsalat Birliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış 19.692 manat borcun *************** nömrəli abonent kodundan silinməsi və aktlar əsasında hesablanmış borca görə ödənilmiş 50.262,60 manat pulun *************** nömrəli abonent koduna geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanda yerləşən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi müqavilə əsasında *************** saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2023-cü ilin oktyabr ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olduğundan tərəflər arasında hər hansı mübahisə olmamışdır. Istifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən vaxtlıvaxtında ödənilmişdir. 2023-cü ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, cavabdeh tərəfindən ümumilikdə 69.954,60 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. Aktlar nə zaman və kim tərəfindən tərtib edildiyi barədə məlumat yoxdur. Aktlar əsasında iddiaçıya ümumilikdə 69.954,60 manat məbləğində əsassız borc hesablandıqdab sonra bu borcun 50.262,60 manat hissəsi ödəniş kimi iddiaçıdan alınmış, 19.692 (saldoda 06.2021) manat hissəsi isə ödənilməmiş qalmışdır. Mübahisələndirilən ümumi məbləğin ödənilmiş hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmir. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilir. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən edilən ödənişlərdən isə qanunsuz olaraq cavabdeh həmin aktların ödənişinə pul çıxmışdır. Sözügedən aktlarla bağlı cavabdehə müraciət edildikdə bildirilmişdir ki, aktlar tərtib edilən aylarda istifadədə olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək qaz hesabına işlənmişdir. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu iddiaçı tərəfindən bildirilmişdir. Cavabdehin əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa, pulun geri qaytarılacağını) bildirmiş, lakin hesablanmış borc hazırda ödənilməsə, qazın verilməsinin dayandıracaqlarını da qeyd etmişlər. Cavabdeh tərəfindən hər hansı araşdırmanın aparılmadığı və onların aldadıldığı məlum olmuşdur. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi, təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən əmsal müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdehin əmsal dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tətbiq etdiyi müəyyən deyildir. Cavabdeh özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək, həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Cavabdeh tərəfindən tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan görünür ki, cavabdeh yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, aktlar sayğacın elektron hissəsinin işləməməsi, mexaniki hissədən keçən qazın elektron hissədə qeydiyyata alınmaması ilə bağlı tərtib edilmişdir. Aktların hamısı onlarda yoxdur, olan aktlar məhkəməyə təqdim edilmişdir. Digər aktların təqdim edilməsi mümkün deyildir. Hesablanan borc aktlar üzrə hesablanmış, qarşı tərəf də ödənişləri etmişdir. Aktlar əsasında hesablanan borcdan 50.262 manat məbləğ ödənilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).

7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, qaz sayğacının elektron hissəsinin düzgün hesabat aparmaması ilə əlaqədar baxış keçirilərək cavabdeh tərəfindən iddiaçı barəsində aktlar tərtib edilmiş və aktlar əsasında iddiaçıya yanaşı olaraq 69.954,60 manat məbləğində borc hesablanmış, bu borcun 50.262,60 manat hissəsi ödənilmiş, 19.692 manat hissəsi isə ödənilməmişdir. Həmin hal işin mübahisəsiz halını təşkil etmişdir.

8. Abonent saldosundan da göründüyü kimi, abonentə 2012-ci il üzrə aktlar əsasında ümumilikdə 23262,8 manat (iyun, iyul və avqust üçün), 2015-ci il üzrə aktlar əsasında ümumilikdə 4317,6 manat (avqust və sentybar ayları üçün), 2016-cı il üzrə aktlar əsasında ümumilikdə 16803,4 manat (fevral, mart, may, iyun, iyul ayları üçün), 2021-ci il üzrə aktlar əsasında ümumilikdə 25570,8 manat (yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün) olmaqla, cəmi 69954,6 manat (23262,8+4317,6+16803,4+25570,8=69954,6) borc hesablanmışdır. Həmin məbləğin 50262,60 manat hissəsinin ödənildiyini, 19692 manat hissəsinin isə ödənilməmiş qaldığını cavabdehin nümayəndəsi də təsdiq etmişdir. Aktların bəziləri məhkəməyə təqdim edilsə də, bir qismi təqdim edilməmişdir.

9. Iddiaçının nümayəndəsi aktların hamısının onlara təqdim edilmədiyini, cavabdehin nümayəndəsi isə onlarda qalan, mövcud olan aktların təqdim edildiyini, digərlərinin isə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Yuxarıda qeyd olunan illər üzrə abonent saldosunda əksini tapan aktların tərtib olunması, mübahisələndirilən məbləğlərin də həmin aktlar əsasında hesablanması işin mübahisəsiz halını təşkil etmişdir. Hesablanmış 69.954,6 manat məbləğ abonent saldosunun “Aktlar” bölməsində öz əksini tapmışdır.

10. Məhkəmə hesab etmişdir ki, həmin borc iddiaçıya əsassız olaraq hesablanmışdır. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır (qeydə alınma ilə bağlı sübut təqdim edilməmişdir).

11. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməzdi.

12. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, iddiaçı tərəfindən həmin aktlar üzrə edilmiş ödənişlər də əsassız olaraq qəbul edilməli və cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış 19.692 manat məbləğində borc iddiaçının *************** saylı abonent hesabından silinməli və aktlar üzrə ödənilmiş 50.262,60 manat pul vəsaiti *************** saylı abonent hesabı üzrə iddiaçıya geri qaytarılmalıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı maddələrinə, “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 218.3-cü istinadla əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

16. Apellyasiya instansiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 69.954,60 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz.

17. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 3.1.10-cu maddəsinə əsasən qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.

18. Həmçinin tərəflər arasında 2024-cü il ## ####### tarixli, AMX****/** nömrəli qazın alqı-satqısı müqaviləsinin 2.1.11-ci bəndində istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirməsi, 2.1.12-ci bəndində Qaydaların 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək vəzifələri nəzərdə tutulmuş və həmin müqavilənin 2.1.14-cü bəndində isə paylayıcının müqavilə üzrə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirməməsinə görə məsuliyyəti nəzərdə tutulmuşdur.

19. Işin faktiki hallarında müəyyən edilir ki, cavabdehin əməkdaşları 2012, 2015, 2016 və 2021-ci illərdə qaz sayğacında nasazlığın olduğunu müəyyən edərək aktlar tərtib edilərək borc hesablanmışdır. Lakin cavabdeh qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 16.1-ci, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il ## ### tarixli ** nömrəli Qərarı 2.10, 2.11-1-ci bəndlərinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il # #### tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə, MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 106.3, 217.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndi üzrə - hazırda iddiaçının mübahisələndirdiyi borc hər hansı sayğaca müdaxilə və sayğacdan kənar xətt vasitəsi ilə qazdan istifadəyə görə dəymiş ziyan yox, hüquqi şəxsin ünvanında istismarda olan qaz sayğacının elektron göstəricisinin qeydə almadığı, lakin sayğacın mexaniki göstəricilərinə əsasən aparılan hesabata görə olan borc məbləğidir.

23. “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndi üzrə - qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Iddiaçıya xidmət edən sayğacın işlək vəziyyətdə saxlanılmasına özü cavabdehlik daşımasına baxmayaraq iddiaçı cəmiyyətə xidmət edən sayğacda qüsur aşkar edilərək mübahisə predmeti olan istehlak olunmuş qazın dəyərinə görə borc hesablanmışdır. Hesablanmış borc akt əsasında hesablanmış cərimə deyil, iddiaçının istehlak etdiyi qazın dəyəridir. Sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hüquqi şəxs birbaşa cavabdehlik daşıdığı üçün sayğacda baş verən xətalara, nöqsanlara görə də məsuliyyəti iddiaçı daşıyır.

24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi üzrə - cavabdeh iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi yerə gəlməklə müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməmiş və sayğac oxunması zamanı sayğacın elektron göstəricisinin işləməməsi işin mübahisəsiz halı olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, cavabdehin əməkdaşları iddiaçıya məxsus sahibkarlıq subyektinə gələrək hər hansı yoxlama keçirilməmiş, əksinə müəssisənin girişində yerləşən qaz sayğacının qapağı açılaraq cavabdehin əməkdaşları tərəfindən oxunması həyata keçirirlir. Belə olan halda cavabdehin əməkdaşlarının müəssisəyə daxil olaraq hər hansı yoxlamanın aparılmasından söhbət gedə bilməz. Sayğac göstəricisinin oxunması və hesabatının tam hesablanmsı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə müqavilənin tələblərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyət olmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə düşmür.

25. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. Iş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi hesabat müddətində iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmədiyinə görə cavabdeh tərəfindən qaz sayğacının mexaniki göstəricilərinə əsasən təbii qazdan istifadəyə görə qazın dəyəri hesablanmışdır.

26. MPM-in 217-ci maddəsi üzrə - məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Bənd 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir;

Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

31. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu ... 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər ... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

35. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

36. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

37. Əlavə olaraq kollegiya qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin əməkdaşları 2012, 2015, 2016 və 2021-ci illərdə qaz sayğacında nasazlığın olduğunu müəyyən edərək aktlar tərtib etmişlər və həmin aktlar əsasında iddiaçının mübahisələndirdiyi borcu hesablamışlar. Kassasiya şikayətində də qeyd edilir ki, iddiaçıya xidmət edən sayğacda qüsur aşkar edilərək mübahisə predmeti olan istehlak olunmuş qazın dəyərinə görə borc hesablanmışdır.

38. Göründüyü kimi mübahisələndirilən borc məbləği sayğac göstəricilərinin adi oxunmasına görə deyil, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yoxlamanın nəticəsi olaraq hesablanmışdır. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı olaraq həmin sahədə olan qanunvericiliyin müddəalarını tətbiq etmiş və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmaması ilə bağlı nəticəyə gəlmişdir.

39. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

40. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işin hallarının tam araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

41. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

42. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-

43. 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv in 14.1, tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar