Məhkəmə qərarları › İş №2-2(1-8)-44/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-44/2026

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-44/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Açıq Səmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh3 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə, cavabdeh3 və cavabdeh1 qarşı “borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *- *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə “xxxx” MMC arasında ****/K nömrəli, 2021-ci il ## ###### tarixli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə illik 16 faiz olmaqla, 12 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir.

2. Kredit xətti müqaviləsinin təminatı qismində cavabdeh3 ilə iddiaçı arasında ****/Z saylı, 2021-ci il ## ###### tarixli zaminlik müqaviləsi imzalanmışdır.

3. ****/K saylı 2021-ci il ## ###### tarixli kredit müqaviləsinin təminatı olaraq Bank ilə “xxxx” MMC və cavabdeh3 arasında 0096/İ saylı, 2021-ci il ## ###### tarixli və 0096/İ- 1 saylı, 2021-ci il ## ###### tarixli ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdeh cavabdeh3 məxsus ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ********** və ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışlarla rəsmiləşdirilmişdir.

İş üzrə məhkəmə icraatı

Bu icraatdakı məlumatlar da iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax §25 )

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər “xxxx” MMC, cavabdeh3 (bundan sonra birlikdə-“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq-“borc alan”, “cavabdeh3”) və cavabdeh1 (bundan sonra-“cavabdeh1”) iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə ****/K nömrəli, 2021-ci il ## ###### tarixli kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 46933,33 manat cərimə borcu olmaqla ümumilikdə 212600 manat məbləğinin tutulması, tutmanın ipoteka müqavilələrinə əsasən: cavabdeh3 məxsus (2021-ci il ## ###### tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdeh3 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın cavabdeh3 və cavabdeh1 tərəfindən boşaldılaraq təhvil verilməsi; cavabdeh3 məxsus (2021-ci il ## ###### tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdeh3 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın cavabdeh3 və cavabdeh1 tərəfindən boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102,6 manat dövlət rüsumunun, 1.2 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. 2023-cü il # ###### tarixinə 2021-ci il ## ###### tarixli ****/K saylı kredit xətti müqaviləsinə əsasən 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 7270.83 manat faiz (5%) və 23266.67 manat cərimə borcu olmaqla, cəmi 181537.5 manat borc məbləği mövcuddur. Cavabdehlərə kredit xətti müqaviləsi üzrə borcun qaytarılması haqqında poçt vasitəsi ilə 2022-ci il ## ####### tarixli, **-***** saylı bildiriş, eyni zamanda həm poçt, həm də elektron kabinet vasitəsi ilə 2023-cü il ## ###### tarixli, 6-2-22/2- ****/**** saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlmədiklərindən tərəflər arasında mediasiya baş tutmamış və mediator tərəfindən “mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il # ###### tarixli arayış verilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ### tarixli */**** saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; 2021-ci il ## ###### tarixli, ****/K saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il ## ###### tarixli qərarına əsasən borc alanın banka olan borcu 2022-ci il ## ###### tarixə (müqavilə müddətinin sonuna) 151.000,00 AZN, əsas borc üzrə 150000 manat, faiz borcu üzrə 1000 manat, 2023-cü il # ###### tarixə (iddia tarixinə) 158.270,83 AZN, əsas borc üzrə - faiz borcu üzrə 150.000,00 AZN, 1.000,00 AZN, - faiz borcu (illik 5%-lə hesablanmaqla)-7.270,83 AZN müəyyən edilmişdir.

7. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ###### tarixli *-**-**/*-**/****-*/**** saylı ekspert rəyi ilə ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri 126000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin likvid dəyəri 119000 manat müəyyən edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## #### tarixli, e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 7500 manat cərimə borcu olmaqla ümumilikdə 173166,67 manatın tutulması, tutmanın, ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə cavabdeh3 məxsus ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və ilkin satış qiyməti 119.000 manat müəyyən edilməklə cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, əmlakların cavabdeh3 və cavabdeh1 tərəfindən boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 400 manat ödənilmiş mediasiya xərci, ödənilmiş 1.2 manat bank xidmət haqqı və 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqının cavabdehlərdən və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 102,6 manat dövlət rüsumunun 9,37 manat məbləğinin cavabdehlərdən və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 93,23 manat məbləğin iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 122,18 manat məbləğinin cavabdehlərdən və cavabdeh1 müştərək qaydada, qalan 27,82 manat məbləğinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Z.Pirverdiyev).

9. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, iddiaçı ilə borc alan arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 150.000 manat məbləğində pul borc alanın hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmiş, ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışın müqayisəli təhlilinə əsasən cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin aidiyyəti normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Odur ki, məhkəmə iddianın əsas və faiz borcun tələb edilməsi hissələrində əsaslı olması və həmin borcların cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

11. İddia tələbinin tutumanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, borc alan müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

12. İpoteka predmetlərinin likvid qiyməti ilə bağlı məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ###### tarixli *-**-**/*-**/****-*/**** saylı ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 317.1, 319.1, 421.1, 421.2, 425, 445.7, 462.1, 467, 470.1, 472.1, 739.1 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 88, 103.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh cavabdeh3 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “tutma, ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə cavabdeh3 məxsus ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və ilkin satış qiyməti 119.000 manat müəyyən edilməklə cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın, əldə olunan vəsait hesabına borc ödənilsin” hissələrində dəyişdirilməsi, ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.600 manat, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 303.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər S.Cəfərov və L.Əliyeva).

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin müvafiq normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

17. Məhkəmə apellyatorun şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edərək göstərmişdir ki, apellyasiya baxışı zamanı məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X1” MMC tərəfindən verilmiş 2024-cü il ## ####### tarixli, ***/** nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri 170.000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin likvid dəyəri 310.000 manat müəyyən edilmişdir.

18. Əldə edilmiş ekspert rəyləri arasında ziddiyyətlər mövcud olduğu və yekun qiymətin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Mərkəzi Ekspertiza Bürosunun 2025-ci il # #### tarixli, MEB-***-**** nömrəli rəyinə əsasən ünvan 1 ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin orta bazar dəyəri 236.000 manat, likvid dəyəri 200.600 manat, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, *** saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin orta bazar dəyəri 356.500 manat, likvid dəyəri 303.000 manat müəyyən edilmişdir.

19. Kollegiya qeyd etmişdir ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürülməlidir. Kollegiya belə qənaətə gəlmişdir ki, ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alınaraq sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti müvafiq məbləğlərdə müəyyənləşdirilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 317, 319.1, 319.6, 385.1, 386.1, 390.5, 404, 425.1, 442, 448.1, 460.1, 462.1, 467 və 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 39.3.3 və 48.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 103.1, 217.3-cü maddələrinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il ## #### tarixli Qərardadına istinadla əsaslandırmışdır.

21. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin əmlakların ilkin satış qiymətləri hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 4, 7, 8 və 18-ci, MPM-in 88, 102.2, 102.3-cü maddələrinin pozulması və ya düzgün tətbiq edilməməsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il ## #### tarixli Ali Məhkəmənin qərardadına istinad etmişdir.

23. Kassator şikayətinin digər məsələlər bölməsində qeyd etmişdir ki, apellyasiya instansiyasında təyin olunmuş ekspertizaların nəticələrinin heç biri əsaslı sübutlarla dəstəklənməmiş, əmlakların real bazar dəyərləri əhəmiyyətli dərəcədə şişirdilmişdir. Ekspertiza nəticəsində müəyyən edilmiş qiymətlər ipoteka müqaviləsində və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş rəydə göstərilən qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu isə qərarın ədalətliliyinə və iş üzrə nəticəyə birbaşa təsir etmişdir. Belə ki, apellyasiya instansiya zamanı iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticələrində göstərilən qiymətlər bankın hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, obyektiv reallığı da əks etdirmir. Dövlət ekspertiza müəssisəsi dövlətin nəzarətində olan, müstəqilliyi, şəffaflığı və cavabdehlik mexanizmi baxımından xüsusi ekspertiza təşkilatlarından daha etibarlı və qanunverici əsaslı qiymətləndirmə aparmışdır. Belə ki, ilkin olaraq torpaq sahəsi ilə bağlı, birinci instansiya və apellyasiya məhkəməsində təqdim edilmiş ekspert rəyləri arasında 1 il keçməsinə baxmayaraq həmin torpağın likvid dəyərinin 119.000 manatdan 303.000 manata qalxması reallığı əks etdirmir. Çünki, apellyasiya instansiya zamanı verilən rəylərdə məbləğlər iki dəfədən də çox artırılmış və məbləğ süni şəkildə şişirdilmişdir. Bununla bağlı bina.az saytından oxşar torpaq sahələrinin qiymətləri qoşmaya əlavə olunur. Əlavə olaraq, fərdi yaşayış evi ilə bağlı olan qiymətlərdən də görünür ki, əmlakın dəyərinin 126000 manatdan 200600 manata qalxması yenidən qiymətləndirmənin obyektiv aparılmadığını göstərir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində isə kassasiya şikayətinin dəlillərində həmin qətnamə qismən mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən-“ipoteka predmetlərinin ilkin satış qiyməti” hissəsində yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

“Maddə 739. Borc müqaviləsi (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”

28. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Əsas anlayışlar ... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.”

“Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması ... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; ...”

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 101. Ekspert rəyi ... 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. ...”

“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...” Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin dəlillər üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

33. Belə ki, tərəflər arasında ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş dəyəri ilə bağlı mübahisə olduğundan, məhkəmə apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla, təkrar qiymətləndirmə təyin etmiş və alınmış rəylə ipoteka predmetinin həm bazar, həm də likvid dəyəri müəyyənləşdirilməklə, likvid dəyəri əsas götürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin bu sahədə müəyyən etdiyi tələblərə əməl edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin ipoteka ilə yüklü edilmiş əmlak üçün müəyyən etdiyi qiymət, hazırda iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, ilkin satış qiyməti ilə bağlı verilən rəydəki qiymətin düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdırmaq və sübutlara qiymət vermək hüququna malik olan məhkəməyə təqdim olunmamışdır.

35. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin bu cür dəlilləri yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özüözlüyündə

36. həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməlidir. Lakin iş materiallarından iddiaçı tərəfindən belə sübutların təqdim edilməsi müəyyən edilmir.

37. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar