Məhkəmə qərarları › İş №2-2(1-8)-448/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-448/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-448/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh ASC (kreditor) arasında imzalanmış 2024-cü il # #### tarixli ****-**** nömrəli Əməkdaşlıq haqqında müqavilənin (bundan sonra – “Müqavilə”): 1.1-ci bəndinə görə, satıcı bir və ya bir neçə Malı kreditlə əldə etmək istəyən Müştəriyə Kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir. Kreditor həmin Müştərinin kredit ödəmə qabiliyyətini yoxlayıb təsdiq etdikdən sonra, ona bu Müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan kredit qaydalarına uyğun olaraq müvafiq kredit məbləğini verməyi öz öhdəsinə götürür. 1.3-cü bəndinə əsasən, “Kreditor” bu Müqavilənin və “Müştəri” (Borcalan) ilə Kreditor arasında bağlanılan Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Müştərilərə (Borcalanlara) verilən hər bir kredit məbləğindən bu Müqaviləyə edilmiş * nömrəli Əlavədə müəyyən edilmiş həcmdə komissiya haqqı tutur. 2.2.3-cü bəndinə görə, “Kreditor” bu Müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilən komissiya haqqını bu Müqavilənin və “Borcalan” ilə “Kreditor” arasında bağlanılan Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Müştərilərə (Borcalanlara) verilən kredit məbləğindən tutmaqla qalan məbləği həftədə 2 dəfə olmaqla Satıcının təqdim etdiyi hesablaşma hesabına köçürür. 2.2.4-cü bəndinə əsasən, bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər vəzifə və öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmək kreditorun vəzifəsidir.

2. Tərəflər arasında imzalanmış Müqaviləyə edilmiş ** nömrəli Əlavəyə əsasən, kreditlər üzrə kreditora ödəniləcək komissiya haqqı məbləği tərəflər arasında razılaşdırılmışdır.

3. 2025-ci il ## ##### tarixli ***INTL********* nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə 10.000 manat məbləğində vəsait ödənilmişdir.

4. 2025-ci il ## ### tarixli *** nömrəli maliyyə arayışına əsasən, İddiaçı MMC ilə “xxxx” BOKT ASC arasında bağlanmış Müqavilə üzrə ödənilməmiş borc məbləği 2025-ci il ## ### tarixinə 156.054,11 manat təşkil edir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il # #### tarixində cavabdeh ASCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 156.054,11 manat borcun, 1.603,29 manat hesablanmış faizlərin və ödənilmiş 447,66 manat dövlət rüsumunun, ümumilikdə 158.105,06 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqavilənin 1.4 və 2.2.3-cü bəndlərinə əsasən cavabdeh komissiya tutulduqdan sonra kreditin qalan məbləğini iddiaçının bank hesabına birdəfəlik, habelə həftədə iki dəfə hesablaşma hesabına ödəniş etməli olduğu halda, həmin öhdəlikləri yerinə yetirməmiş, nəticədə 2024-cü il ## ###### tarixinə 166.054,11 manat borc yaranmış, cavabdeh tərəfindən 2025-ci il ## ##### tarixində 10.000 manat ödənildiyindən hazırda ödənilməmiş borc 156.054,11 manat təşkil etmişdir. Iddia ərizəsinə əlavə edilmiş 2025-ci il ## ###### tarixli yazışmadan göründüyü kimi, cavabdehin nümayəndəsi – ASC-nin direktor müavini Aqşın Babayev maliyyə çatışmazlığı və gözlənilən maliyyələşmənin gecikməsi səbəbindən borcun ödənilməsinin mümkün olmadığını etiraf edərək 2025-ci ilin mart ayının sonunadək möhlət istəmiş, lakin iddiaçının dəfələrlə etdiyi şifahi və yazılı müraciətlərə, o cümlədən pretenziya məktubuna baxmayaraq, borc ödənilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 427.3, 442, 445.7 və 448.1-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, cavabdehin pul öhdəliyini gecikdirməsi iddiaçıya əlavə sübut təqdim edilmədən gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək hüququ verir. Cavabdeh 156.054,11 manat məbləğində borcu 2025-ci il ## ##### tarixindən etibarən 75 gün ödəmədiyindən, həmin dövr üçün hesablanmış 1.603,29 manat faiz məbləğinin də cavabdehdən tutulması tələb olunur.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh tərəfindən elektron ünvan 1 e-mail adresi üzərindən iddiaçıya (elektron ünvan 2 e-mail adresinə) 2025-ci il ## ###### tarixində göndərilmiş elektron məktubda “Salam Rahib bəy, 2024-cü il ## ###### tarixinə və cari tarixə üzləşmə aktlarını sizə təqdim edirəm. Üzləşmə aktında göstərilən 166.054,11 AZN borc məbləğinin fevral ayının sonuna tam şəkildə ödənilməsi hal-hazırda maliyyə çatışmamazlıqları ilə bağlı mümkün olmadığını nəzərə almağınızı sizdən xahiş edirəm. Belə ki, investisiya yatırımları üçün maliyyə qurumları ilə bağlanan müqavilələr üzrə ödənişlər gecikdiyi üçün Sizin qarşınızda olan öhdəlikləri mart ayının sonuna kimi ödəməyi öz öhdəmizə götürürük. Anlayışın üçün öncədən təşəkkür edirəm.” deyə qeyd olunmuşdur.

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında Müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir.

11. Həmçinin borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən də təsdiq edilmədiyindən (qətnamənin mətnindən görünür ki, "təsdiq edilmədiyindən" ifadəsi texniki xəta nəticəsində yazılmış, "təsdiq edildiyindən" ifadəsi nəzərdə tutulmuşdur) məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 777.1, 783.1, 783.2-ci; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.1, 14.2, 77.1, 217.1, 218.3, 241.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, kommersiya mübahisəsi üzrə borcun müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, qətnamənin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər- L.Əliyeva və T.Mahmudova).

15. Məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında Müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir.

16. Iş materillarına əlavə edilmiş cavabdehin – X1 departamenti direktor müavini Aqşin Babayevə məxusus elektron ünvan 3 e-mail adresi üzərindən 2025-ci il # ######## tarixində iddiaçıya (elektron ünvan 2 e-mail adresinə) göndərilmiş elektron məktubda “Salam Rahib bəy, həftənin cümə günü telefon danışıqlarımızın davamı olaraq bildirmək istəyirəm ki, ASCnin rəhbərliyi MMC-yə olan borcunun qaytarılmasından imtina etmir ki, hər həftə müəyyən məbləğ ödəməklə borcunu tam şəkildə tamamlasın. Bununla yanaşı, ASCyə qarşı qaldırdığınız məhkəmə işinin dayandırılmasına razılıq verməyinizi və təklifimizi qəbul etməyinizi Sizdən xahiş edirəm.” deyə qeyd olunmuşdur.

17. Iş materiallarında olan cavabdeh tərəfindən elektron ünvan 1 e-mail adresi üzərindən iddiaçıya (elektron ünvan 2 e-mail adresinə) 2025-ci il 28 fevral tarixində göndərilmiş elektron məktubda “Salam Rahib bəy, 2024-cü il ## ###### tarixinə və cari tarixə üzləşmə aktlarını sizə təqdim edirəm. Üzləşmə aktında göstərilən 166.054,11 AZN borc məbləğinin fevral ayının sonuna tam şəkildə ödənilməsi hal-hazırda maliyyə çatışmamazlıqları ilə bağlı mümkün olmadığını nəzərə almağınızı sizdən xahiş edirəm. Belə ki, investisiya yatırımları üçün maliyyə qurumları ilə bağlanan müqavilələr üzrə ödənişlər gecikdiyi üçün Sizin qarşınızda olan öhdəlikləri mart ayının sonuna kimi ödəməyi öz öhdəmizə götürürük. Anlayışın üçün öncədən təşəkkür edirəm.” deyə qeyd olunmuşdur.

18. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçı tərəfindən təqdim edilmiş 2025ci il ## ###### tarixli Üzləşmə Aktının imza və möhürlə təsdiq olunmaması səbəbindən sübut kimi qəbul edilə bilməyəcəyi barədə arqumenti də əsaslı deyildir. Mülki prosesdə sübutların qiymətləndirilməsi formal tələblərlə məhdudlaşmır və məhkəmə sübutları onların məzmununa, iş üzrə digər sübutlarla qarşılıqlı əlaqəsinə və ümumi sübutlar məcmusuna əsasən qiymətləndirir. Üzləşmə Aktı tərəflər arasında aparılmış hesablaşmalar barədə məlumatı əks etdirən sənəd olmaqla, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edən əlavə sübut kimi çıxış edir.

19. Məhkəmə kollegiyası vurğulamışdır ki, cavabdehin mötəbər hesab etmədiyi üzləşmə aktı ilə bağlı tərəflər arasında olan email adresləri vasitəsilə olan yazışmalardan görünür ki, cavabdeh borcun məbləğinə etiraz etməmiş, üzləşmə aktına istinad edərək qeyd olunan məbləği maliyyə çatışmamazlıqları səbəbindən mart ayının sonuna kimi ödəməyi öz öhdələrinə götürdüklərini bildirmişdir.

20. Həmçinin tərəflər arasında olan digər (2025-ci il # ######## tarixli) mail yazışmalarındnan aydın olur ki, cavabdeh tərəf borcun ödənməsi ilə bağlı həftəlik ödəniş qrafiki tərtib olunaraq ödənişləri həyata keçirilməsi ilə bağlı iddiaçı tərəflə görüş təşkil edilməsinə maraqlı olmuş, 2025-ci il ## ######## tarixli mail yazışmasında isə ilkin ödənişin həftənin sonuna qədər aparılacağını bildirmişdir.

21. Eyni zamanda kollegiya qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq iştirak etməmiş, borcun məbləğinin müəyyən edilməsi ilə bağlı hər hansı vəsatətlə çıxış etməmişdir.

22. Belə ki, MPM-in tələblərinə əsasən ekspertiza yalnız iş üzrə müəyyən edilməli olan halların xüsusi bilik tələb etdiyi və həmin halların digər sübutlarla müəyyən edilməsinin mümkün olmadığı hallarda təyin edilir. Halbuki, hazırkı iş üzrə borc münasibətlərinin mövcudluğu və tərəflər arasında aparılmış hesablaşmalar iş materiallarında olan yazılı sübutlar, o cümlədən tərəflər arasında aparılmış elektron poçt yazışmaları ilə təsdiq olunur. Bu səbəbdən borcun mövcudluğunu və tərəflər arasında hesablaşmaların vəziyyətini müəyyən etmək üçün mütləq qaydada ekspertiza təyin edilməsinə zərurət olmamışdır.

23. Qeyd olunanlara əsasən, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdehdən 156.054,11 manat əsas borc, 1.603,29 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 739.1, 739.2-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 97.1, 217.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

26. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi üzrə - Məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, iş üçün əhəmiyyətli olan faktlara diqqət yetirilməmişdir.

27. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsi üzrə - Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verilməmiş, xüsusi bilik tələb edən sahə üzrə müvafiq ekspertin rəyi alınmadan yekun məhkəmə aktı çıxarılmışdır.

28. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin III hissəsi üzrə - Kassator hesab edir ki, ekspert tərəfindən veriləcək müvafiq rəy nəzərə alınaraq yekun məhkəmə aktı çıxarılmalı idi.

29. Mübahisə üzrə borcun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, məhkəmələr bunu etməmiş, iddia tələbini yalnız elektron yazışmalara və tərəflərin imza və möhürləri ilə təsdiq edilməmiş 2025-ci il ## ###### tarixli Üzləşmə Aktına əsasən təmin etmişlər. Kassator hesab edir ki, bu səbəbdən işin faktiki halları tam araşdırılmamış, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Mülki Prosessual Məcəllənin 87.2-ci maddəsi üzrə - Qeyd edilən iş üzrə ekspertin rəyi lazım olduğu halda məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir.

31. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsi üzrə - Xüsusi bilik tələb edən sualları araşdırmaq üçün ekspert rəyinə ehtiyac vardır.

32. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsi üzrə - Kommersiya mübahisəsi üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işi yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etirazda göstərilmişdir ki, şikayət əsaslı deyildir. Belə ki, cavabdeh iş üzrə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə əsaslandırılmış vəsatət verməmişdir. Buna görə də, kassasiya şikayətində ekspertizanın keçirilməməsinə istinad edilməsi əsassızdır. Etirazda həmçinin bildirilmişdir ki, cavabdeh ləğvetmə prosesində olduğundan və ona qarşı iri məbləğli pul tələbləri mövcud olduğundan, kassasiya şikayəti prosesi uzatmaq və öhdəliyin icrasından yayınmaq məqsədi daşıyır.

Kassasiya baxışının hədləri

34. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.” “Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.” “Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.” “Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.” “Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.”

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” “Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsi ilə bağlı yeganə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin ekspertiza təyin edilməsinə zərurət olmadığı barədə qənaəti Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur və kassasiya şikayətinin bu barədə dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz.

41. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar