Məhkəmə qərarları › İş №e-2-2(113)-9470/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9470/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9470/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “birgə fəaliyyət haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: birgə fəaliyyət – əməkdaşlıq müqaviləsi, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “birgə fəaliyyət haqqında müqavilə üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyət müqaviləsi üzrə 34172,37 manat məbləğində pul və məhkəmə xərclərinin, o cümlədən ödənilmiş 193 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2022-ci il tarixdə BF/SH-07/1222 nömrəli birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı ümumi sahəsi 535 kv.m olan ərazini müvafiq avadanlıqları birgə fəaliyyət məqsədləri üçün cavabdehin istifadəsinə verməyi, cavabdeh isə öz vəsaiti hesabına restoranın fəaliyyətini təşkil etməyi və hər ay iddiaçıya ƏDV xaric 6500 manat məbləğində sabit haqq və restoranın ümumi gəlirinin 5 %-ni, eyni zamanda kommunal və digər xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə ilə nəzərdə tutulmuş ödənişləri vaxtında icra etməmiş və nəticədə cavabdehin bu günədək 34172,37 manat məbləğində borcu yaranmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziyada müəyyən edilən müddət ərzində borc ödənilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448.1, 449.1-ci maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdeh 2022-ci ilin dekabr – 2023-cü ilin fevral aylarında fəaliyyət göstərmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli BF/SH-07/1222 nömrəli birgə fəaliyyət haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh mallar və avadanlıqlardan istifadə etməklə və işçi heyətini cəlb etməklə sahədə müştərilərə xidmət göstərməyi və xidməti öz riski ilə öz adından və öz hesabına müştərilərə təqdim etməyi, iddiaçı isə xidmətlərin göstərilməsi üçün cavabdehə öz müstəsna mülahizəsinə əsasən sahə ayırmağı və cavabdehin müvəqqəti istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtləri və qarşılıqlı hesablaşmalara dair müddəalarına əsasən, cavabdeh sahənin ayrılması və xidmətin göstərilməsi üçün şərait yaradılması müqabilində aylıq olaraq ƏDV xaric 6500 manat haqq, əlavə olaraq müştərilər tərəfindən cavabdehə ödənilən məbləğlərin aylıq olaraq 5 fazini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hər iki hüquqi şəxs tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli xitam aktı ilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixli BF/SH-07/1222 nömrəli birgə fəaliyyət haqqında müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən ƏDV daxil 15419,78 manat dəyərində haqqı ilə bağlı xx.xx.2023-cü il tarixli EBDA 496381 seriya və nömrəli, ƏDV daxil 13072,48 manat dəyərində haqqı ilə bağlı xx.xx.2023-cü il tarixli EBDB 626279 seriya və nömrəli, ƏDV daxil 5965,13 manat dəyərində haqqı ilə bağlı xx.xx.2023cü il tarixli EBDB 627438 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, xx.xx.2023-cü il tarixli EBDA 496381 seriya və nömrəli cavabdeh tərəfindən, digər elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.

11. İddiaçı xx.xx.2022-ci il tarixli BF/SH-07/1222 nömrəli müqavilə üzrə 34172,37 manat məbləğində pulun tutulmasını tələb edir.

12. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

13. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

17. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BF/SH- 07/1222 nömrəli müqavilə birgə fəaliyyət – əməkdaşlıq müqaviləsidir. Lakin mülki qanunvericilikdə “birgə fəaliyyət – əməkdaşlıq” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

22. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimləyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

23. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

24. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

25. Bu mənada məhkəmə göstərir ki, cavabdehin hər üç elektron qaimə üzrə 34457,39 məbləğində borcu yaranmış, sonuncu xx.xx.2022-ci il tarixli BF/SH-07/1222 nömrəli müqavilənin 2.5 və 3-cü hissədində nəzərdə tutulmuş öhdəliyini – müvafiq haqları ödəmək vəzifəsini icra etməmişdir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

32. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə üzrə razılaşdırılmış haqqın ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2022-ci il tarixli BF/SH-07/1222 nömrəli müqavilə üzrə 34172,37 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

34. İddiaçı ödənilmiş 193 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 193 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Beləliklə, iddia tələbinin təmin edildiyini və qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə 34172,37 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 193 manat Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar