Məhkəmə qərarları › İş №2-2(3-6)-209/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-209/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-209/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məmiş qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh BOKT ASC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı olmaqla) “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-2(113)-5456/2025 nömrəli qiyabi qətnaməsindən Cavabdeh BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. İddiaçı (satıcı) ilə cavabdeh (kreditor) arasında imzalanmış 01 mart 2024-cü il tarixli, 0103-2024 nömrəli Əməkdaşlıq haqqında müqaviləyə əsasən satıcı bir və ya bir neçə Malı kreditlə əldə etmək istəyən Müştəriyə Kreditordan müvafiq məbləğə qədər kredit almağı təklif edir. Kreditor həmin Müştərinin kredit ödəmə qabiliyyətini yoxlayıb təsdiq etdikdən sonra, ona bu Müqavilədə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan müvafiq kredit qaydalarına uyğun olaraq müvafiq kredit məbləğini verməyi öz öhdəsinə götürür.

2. Müqavilənin 1.3-cü bəndinə əsasən “Kreditor” bu Müqavilənin və “Müştəri” (Borcalan) ilə Kreditor arasında bağlanılan Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Müştərilərə (Borcalanlara) verilən hər bir kredit məbləğindən bu Müqaviləyə edilmiş 1 saylı Əlavədə müəyyən edilmiş həcmdə komissiya haqqı tutur.

3. Müqavilənin 2.2.3-cü bəndinə əsasən “Kreditor” bu Müqavilənin 1.3-cü bəndi ilə müəyyən edilən komissiya haqqını bu Müqavilənin və “Borcalan” ilə “Kreditor” arasında bağlanılan Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Müştərilərə (Borcalanlara) verilən kredit məbləğindən tutmaqla qalan məbləği həftədə 2 (iki) dəfə olmaqla “Satıcının təqdim etdiyi hesablaşma hesabına köçürür.

4. Müqavilənin 2.2.4-cü bəndinə əsasən bu Müqavilədən və qanunvericilikdən irəli gələn digər vəzifə və öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmək kreditorun vəzifəsidir.

5. Müqavilənin 2.6-cı bəndinə əsasən “Satıcı” bu müqavilənin 2.5-ci bəndinə əsasən ödəməli olduğu pul vəsaitinin ödənişini gecikdirdikdə, hər gecikdirilən gün üçün qalıq məbləğin illik 5% həcmində, lakin onun 10%-dən artıq olmamaq şərti ilə dəbbə pulu ödəməlidir.

6. Tərəflər arasında imzalanmış 01 mart 2024-cü il tarixli, 0103-2024 saylı Əməkdaşlıq haqqında müqaviləyə 01 nömrəli əlavəyə əsasən kreditlər üzrə kreditora ödəniləcək komissiya haqqı məbləği tərəflər arasında razılaşdırılmışdır.

7. xx.xx.2025-ci il tarixli, 339İNTL251060004 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh BOKT ASC-yə (bundan sonracavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 156054,11 manat borcun, 1603,29 manat hesablanmış faizlərin və ödənilmiş 447,66 manat dövlət rüsumunun, ümumilikdə 158105 manat 06 qəpiyin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli, 0103-2024№li saylı “Əməkdaşlıq haqqında Müqavilə” üzrə ödənilməmiş borc məbləği 156054 (yüz əlli altı min əlli dörd) manat 11qəpik təşkil edir. Müqavilənin 1.4-cü bəndinə əsasən cavabdeh komissiya tutulduqdan sonra kreditin qalan məbləğini iddiaçının bank hesabına birdəfəlik ödəməli idi. Müqavilənin 2.2.3-cü bəndinə əsasən isə cavabdeh həftədə 2 (iki) dəfə olmaqla, iddiaçının hesablaşma hesabına ödəniş etməli idi. Cavabdeh uzun müddətdir ki, Müqavilənin 1.4 və 2.2.3-cü bəndləri üzrə öhdəliyini icra etmədiyi üçün xx.xx.2024- cü il tarixə onun iddiaçıya 166054,11qəpik borcu yaranmışdır. Lakin həmin borcdan 10000 manatını cavabdeh 16 aprel 2025-ci il tarixdə ödədiyi üçün hazırda onun iddiaçıya borcu 156054 (yüzəllialtımin əlli dörd) manat 11 qəpik təşkiledir. İddia ərizəsinə əlavə olunan xx.xx.2025-ci il tarixli yazışmadan da göründüyü kimi, cavabdehin nümayəmndəsi - Cavabdeh BOKT ASC-nin direktor müavini Aqşin Babayev maliyyə çatışmazlığı ucbatından, həmçinin investisiya yatırımları üçün maliyyə qurumlarından gözlədikləri maliyyələşdirmənin yubandığı üçün cavabdehin borclarını ödəyə bilmədiyinietiraf etmiş, 2025-ci ilin mart ayının sonuna qədər möhlət istəmişdir. Dəfələrlə şifahi və yazılı müraciətimizə (pretenziya məktubumuz da daxil olmaqla) baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: -maddə 385.1: Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - maddə 386.1: Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. - maddə 442: Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - maddə 448.1: Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - maddə 427.3: Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür döv ərzində istənilən an icra edilməlidir. - 445.7: bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqimövqeyə görə, icranın gecikdirilməsizamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 0103- 2024№li saylı“Əməkdaşlıq haqqında Müqavilə”nin 1.4-cü bəndinə əsasən cavabdeh komissiya tutulduqdan sonra kreditin qalan məbləğini iddiaçının bank hesabına birdəfəlik ödəməli idi. Müqavilənin 2.2.3-cü bəndinə əsasən isə cavabdeh həftədə 2 (iki) dəfə olmaqla, iddiaçının hesablaşma hesabına ödəniş etməli idi. Cavabdeh 156054,11 manat məbləğində borcun ödənilməsini gecikdirdiyindən, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin ödənilməsini tələb etmək hüququmuz da yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən cavabdeh iddiaçının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 100% həcmində ödəniş etməlidir. Cavabdehlə sonuncu üzləşmə 27 fevral 2024-cü il tarixdə aparılmış (Aqşin Babayevin elektron məktubu əlavə olunur), cavabdehin iddiaçıya ödəməli olduğu borcun məbləği 166054,11 manat olmuşdur (ondan 10000 manatını cavabdeh 16 aprel 2025-ci il tarixdə ödəmişdir) və 156054,11 manat məbləğində borcunu 16 aprel 2025-ci il tarixdən etibarən 75 gündür ki, iddiaçıya ödəmir. Borcun ödənilməsinin gecikdirilməsinə görə 75 gün üçün illik 5 faiz hesablanmaqla 1603,29 manat məbləğində faiz borcunu iddiaçı cavabdehə ödəməlidir (156054,11 manat * 5 faiz/ 365 gün * 75 gün) təşkil edir.

9. Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 5456/2025 saylı qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 27 may 2025-ci il tarixli, 091 nömrəli maliyyə arayışına əsasən İddiaçı MMC ilə "xxxx" BOKT ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0103-2024 nömrəli Əməkdaşlıq haqqında müqavilə üzrə ödənilməmiş borc məbləği 26 may 2025-ci il tarixə 156054,11 manat təşkil edir.

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 339İNTL251060004 nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 10000 manat məbləğində vəsait ödənilmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-2(113)- 5456/2025 saylı qətnaməsi ilə iddia təmin edilməsi qət edilmişdir.

13. Cavabdeh BOKT ASC apellyasiya şikayəti verərək, kommersiya mübahisəsi üzrə borcun müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5456/2025 saylı xx.xx.2026-cı il tarixli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbi üzrə təmin olunmuş borcun dəqiq məbləğinin müəyyən edilməsi müvafiq bilik tələb etdiyinə görə kommersiya mübahisəsi üzrə ekspertiza təyin edilməlidir. Lakin buna baxmayaraq 1ci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə yalnız tərəflərin elektron poçt vasitəsilə yazışmanı əsas gətirərək qeyd edilən iddia tələbini təmin etmişdir. Bundan başqa, iddiaçı tərəf məhkəməyə xx.xx.2025-ci il tarixli müvafiq Üzləşmə Aktı təqdim etmişdir. Üzləşmə Aktı hər hansı tərəfin imzası və möhürü mövcud deyildir, sadəcə olaraq sənəd formatında sistemə yüklənmişdir. X8 ciddi hüquqmüəyyənedici sənəd olmağına baxmayaraq, hər hansı imzasız və möhürsüz sistemə vurulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: • 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; • 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

24. 34. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə tam yoxlanılması təşkil edir.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki,iddiaçı və cavabdeh arasında 01 mart 2024-cü il tarixli, 0103-2024 nömrəli Əməkdaşlıq haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir.

41. İş materillarına əlavə edilmiş Cavabdeh BOKT ASC-nin– X5 departamenti direktor müavini Aqşin Babayevə məxusus Elektron ünvan 1 e-mail adresi üzərindən xx.xx.2025-ci il tarixdə iddiaçıya (Elektron ünvan 2 e-mail adresinə) göndərilmiş elektron məktubda “Salam Rahib bəy, həftənin cümə günü telefon danışıqlarımızın davamı olaraq bildirmək istəyirəm ki, Cavabdeh BOKT ASC-nin rəhbərliyi Elit EO MMC-yə olan borcunun qaytarılmasından imtina etmir ki, hər həftə müəyyən məbləğ ödəməklə borcunu tam şəkildə tamamlasın. Bununla yanaşı, Cavabdeh BOKT ASCyə qarşı qaldırdığınız məhkəmə işinin dayandırılmasına razılıq verməyinizi və təklifimizi qəbul etməyinizi Sizdən xahiş edirəm.” deyə qeyd olunmuşdur.

42. İş materiallarında olan cavabdeh tərəfindən Elektron ünvan 3 e-mail adresi üzərindən iddiaçıya (Elektron ünvan 2 e-mail adresinə) xx.xx.2025-ci il tarixdə göndərilmiş elektron məktubda “Salam Rahib bəy, xx.xx.2024 tarixinə və cari tarixə üzləşmə aktlarını sizə təqdim edirəm. Üzləşmə aktında göstərilən 166054,11 AZN borc məbləğinin fevral ayının sonuna tam şəkildə ödənilməsi hal-hazırda maliyyə çatışmamazlıqları ilə bağlı mümkün olmadığını nəzərə almağınızı sizdən xahiş edirəm. Belə ki, investisiya yatırımları üçün maliyyə qurumları ilə bağlanan müqavilələr üzrə ödənişlər gecikdiyi üçün Sizin qarşınızda olan öhdəlikləri mart ayının sonuna kimi ödəməyi öz öhdəmizə götürürük. Anlayışın üçün öncədən təşəkkür edirəm.” deyə qeyd olunmuşdur.

43. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025ci il tarixli Üzləşmə Aktının imza və möhürlə təsdiq olunmaması səbəbindən sübut kimi qəbul edilə bilməyəcəyi barədə arqumenti də əsaslı deyildir. Mülki prosesdə sübutların qiymətləndirilməsi formal tələblərlə məhdudlaşmır və məhkəmə sübutları onların məzmununa, iş üzrə digər sübutlarla qarşılıqlı əlaqəsinə və ümumi sübutlar məcmusuna əsasən qiymətləndirir. Üzləşmə Aktı tərəflər arasında aparılmış hesablaşmalar barədə məlumatı əks etdirən sənəd olmaqla, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edən əlavə sübut kimi çıxış edir.

44. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin mötəbər hesab etmədiyi üzləşmə aktı ilə bağlı tərəflər arasında olan email adresləri vasitəsilə olan yazışmalardan görünür ki, cavabdeh borcun məbləğinə etiraz etməmiş, üzləşmə aktına istinad edərək qeyd olunan məbləği maliyyə çatışmamazlıqları səbəbindən mart ayının sonuna kimi ödəməyi öz öhdələrinə götürdüklərini bildirmişdir.

45. Həmçinin tərəflər arasında olan digər (xx.xx.2025-ci il tarixli) mail yazışmalarındnan aydın olur ki, cavabdeh tərəf borcun ödənməsi ilə bağlı həftəlik ödəniş qrafiki tərtib olunaraq ödənişləri həyata keçirilməsi ilə bağlı iddiaçı tərəflə görüş təşkil edilməsinə maraqlı olmuş,(iş vərəq 52) xx.xx.2025-ci il tarixli mail yazışmasında isə ilkin ödənişin həftənin sonuna qədər aparılacağını bildirmişdir.(iş vərəq 53)

46. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq iştirak etməmiş, borcun məbləğinin müəyyən edilməsi ilə bağlı hər hansı vəsatətlə çıxış etməmişdir.

47. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ekspertiza yalnız iş üzrə müəyyən edilməli olan halların xüsusi bilik tələb etdiyi və həmin halların digər sübutlarla müəyyən edilməsinin mümkün olmadığı hallarda təyin edilir. Halbuki, hazırkı iş üzrə borc münasibətlərinin mövcudluğu və tərəflər arasında aparılmış hesablaşmalar iş materiallarında olan yazılı sübutlar, o cümlədən tərəflər arasında aparılmış elektron poçt yazışmaları ilə təsdiq olunur. Bu səbəbdən borcun mövcudluğunu və tərəflər arasında hesablaşmaların vəziyyətini müəyyən etmək üçün mütləq qaydada ekspertiza təyin edilməsinə zərurət olmamışdır.

48. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdehdən 156054,11 manat əsas borc, 1603,29 manat illik beş faizlə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-2(113)-5456/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar