Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-458/2026 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “əmlakların və ya onların dəyərinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 1 ədəd 200 tonluq X1 aparatının, 11 ədəd müxtəlif ölçülü pres qəliblərinin, 1 ədəd 50 tonluq pres avadanlığının, 1 ədəd 100 tonluq pres avadanlığının, 1 ədəd Gelatin 3 mt dəzgahının, 1 ədəd 45 dərəcə kəsim dəzgahının, 1 ədəd Cnc mdf aparatının, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgahın, 1 ədəd yatar mişarın, 1 ədəd 500 It-lik kompressorun, 1 ədəd toz-boya peçi 6 mtnln, 6 ədəd kontakt qaynaq dəzgahının, 8 ədəd G02 balonunun, 100 ədəd Qapı stehsalında istifadə edilən mdf listin, 40 ədəd tam satışa hazır qapının, 55 ədəd mənzil qapısı üçün xammalın, 30 ədəd yanğından mühafizə şitinin qapısının, 105 ədəd qapı hazırlanması üçün hazır mdf Nstm. ambardakı qapı aksesuarları və kiçik alətlərin, 2 ədəd hər birinin həcmi 2.000 lt olan dizel yanacağı saxlanc çəninin cavabdehin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim ediməsi, əmalkın bir qisminin və ya hamısının təhvil verilməsi mümkün olmadıqda iddiaçıya məxsus 1 ədəd 200 tonluq X1 aparatının qarşılığı olaraq 120.000 manat, 11 ədəd müxtəlif ölçülü pres qəliblərinin qarşılığı olaraq 40.000 manat, 1 ədəd 50 tonluq pres avadanlığının qarşılığı olaraq 15.000 manat, 1 ədəd 100 tonluq pres avadanlığının qarşılığı olaraq 20.000 manat, 1 ədəd Gelatin 3 mt dəzgahının qarşılığı olaraq 44.000 manat, 1 ədəd 45 dərəcə kəsim dəzgahının qarşılığı olaraq 10.000 manat, 1 ədəd Cnc mdf aparatının qarşılığı olaraq 25.000 manat, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgahın qarşılığı olaraq 15.000 manat, 1 ədəd yatar mişarın qarşılığı olaraq 7.500 manat, 1 ədəd 500 It-lik kompressorun qarşılığı olaraq 2.500, 1 ədəd toz-boya peçi 6 mt-nin qarşılığı olaraq 35.000 manat, 6 ədəd kontakt qaynaq dəzgahının qarşılığı olaraq 13.000 manat, 8 ədəd G02 balonunun qarşılığı olaraq 1.500 manat, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf listın qarşılığı olaraq 7.500 manat, 40 ədəd tam satışa hazır qapının qarşılığı olaraq 18.000 manat, 55 ədəd mənzil qapısı üçün xammalın qarşılığı olaraq 22.000 manat, 30 ədəd yanğından mühafizə şitinin qapısının qarşılığı olaraq 12.000 manat, 105 ədəd qapı hazırlanması üçün hazır mdf listin qarşılığı olajraq 11.000 manat, ambardakı qapı aksesuarları və kiçik alətlərin qarşılığı olaraq 40.000 manat və 2 ədəd hər birinin həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəninin qarşılığı olaraq 2.000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli 2025-ci il ## ###### tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – G.Namazova).
3. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə 2025-ci il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).
5. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya 2026-cı il # ##### tarixində MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq lazımi qaydada çatdırılmışdır. (Sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması yerinə yetirilmişdir). Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2026-cı il # #### tarixində bitmişdir. Iddiaçı tərəfindən isə kassasiya şikayəti 2026-cı il ## #### tarixdə verilmiş, bununla da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, müddətin bərpasına dair ərizə isə verilməmişdir.
8. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 135.5, 135.8, 405.0.1, 408.1.4 və 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(*-*)-***/**** nömrəli 2026-cı il # ##### tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
10. MPM-in 128 və 135.6-cı maddəsi üzrə - iddiaçı elektron kabinet vasitəsi ilə sözügedən qətnaməni 2026-cı il # ##### tarixində deyil, 2026-cı il ## ##### tarixində almışdır və 2026-cı il ## #### tarixində kassasiya şikayəti elektron məhkəmə sisteminə tam imzalanmış formada daxil etmişdir ki, bu da iddiaçının müddəti ötürmədiyini təsdiqləyir. Bunu iddiaçının elektron məhkəmə informasiya sistemindəki şəxsi kabinetinin bildirişlər bölməsindən görmək mümkündür.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
12. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.”
“Maddə 405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;”
“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməlidir.
15. Belə ki, apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən işdə olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair” 2026-cı il # ##### tarixli çıxarışa əsaslanmış və həmin çıxarışda qətnamənin iddiaçının nümayəndəsinin elektron kabinetinə 2026-cı il # ##### tarixində saat 11:33-də yerləşdirildiyini nəzərə alaraq kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü qənaətinə gəlmişdir.
16. Lakin kassasiya şikayətinə əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş bildirişdən görünür ki, həmin qətnamə iddiaçının nümayəndəsinin elektron kabinetinə 2026-cı il ## ##### tarixində saat 19:19-da daxil olmuşdur.
17. Qeyd olunan bildiriş apellyasiya məhkəməsinin sərəncamında olmadığından həmin məhkəmə bu məlumata qiymət verə bilməzdi. Bununla belə, hazırkı kassasiya icraatında həmin bildiriş kassasiya şikayətinə əlavə edilməklə Ali Məhkəməyə təqdim edilmişdir və kassasiya instansiyası məhkəməsi ona digər iş materialları ilə birlikdə hüquqi qiymət verməlidir.
18. Həmin bildiriş iş materiallarında mövcud olan 2026-cı il # ##### tarixli çıxarışda göstərilən məlumatla ziddiyyət təşkil edir. Belə ki, bir sənəddə qətnamənin iddiaçının nümayəndəsinin elektron kabinetinə 2026-cı il # ##### tarixində yerləşdirildiyi, digər elektron sistem bildirişində isə həmin sənədin 2026-cı il ## ##### tarixində elektron kabinetə daxil olduğu göstərilmişdir.
19. Nəzərə alınmalıdır ki, elektron məhkəmə informasiya sisteminin yenilənmiş versiyası 2026-cı il ## #### tarixindən istifadəyə verilmişdir. Sistemin tətbiqinin ilkin mərhələsində sənədlərin elektron kabinetlərdə gec görünməsi, yerləşdirilmə tarixi ilə istifadəçinin kabinetinə faktiki daxil olma tarixi arasında fərqlərin yaranması halları, habelə elektron sistemin işində texniki uyğunsuzluqların olması baş vermişdir.
20. Hazırkı iş üzrə mübahisə edilən qətnamə də sistemin yenilənmiş versiyasının istifadəyə verilməsindən qısa müddət, yəni 2 gün sonra elektron sistemə yüklənmişdir. Bu şəraitdə iş materiallarında mövcud olan iki rəsmi elektron məlumat arasındakı fərq sənədin elektron kabinetə yerləşdirilmə tarixi ilə istifadəçinin elektron kabinetində əks olunma tarixinin üst-üstə düşmədiyini göstərir. Həmin uyğunsuzluq isə elektron məhkəmə informasiya sistemi ilə bağlı olduğundan kassasiya şikayəti verən tərəfin xeyrinə həll olunmalıdır.
21. Qətnamənin 2026-cı il ## ##### tarixində iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirildiyi qəbul olunduqda müəyyən olunur ki, onun tərəfindən 2026-cı il ## #### tarixində verilmiş kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət daxilində verilmiş hesab olunmalıdır.
22. Beləliklə, kassasiya şikayətinin geri qaytarılması üçün əsas kimi göstərilən müddətin ötürülməsi iş materiallarında olan bütün sənədlərlə birmənalı təsdiq olunmadığından, kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün müvafiq prosessual hərəkətlər edilməlidir.
23. Qeyd olunanları və MPM-in 418.3-cü maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün kassasiya instansiyası məhkəməsinin icraatında saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları hazırkı məhkəmənin icraatında saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.