Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-46/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “Az. İnterservice Co” Firmasının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi ilə yaranmış öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı “Az. İnterservice Co” Firmasının cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.“Az. İnterservice Co” Firması (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2022-ci il # #### tarixli malların alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında müvafiq malları satmağı, alıcı isə həmin malların qiymətini ödəməklə onları qəbul etməyi öz öhdələrinə götürmüşdür. 2.Alqı-satqı müqaviləsinə eyni tarixli əlavə ilə onun 3-cü bəndinə 3.5-ci maddə əlavə edilmiş, həmin maddəyə əsasən alıcı öhdəlik götürmüşdür ki, 2023-cü il ## ###### tarixinə qədər 6 000 litr X6 sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcəkdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3.İddiaçı “Az. İnterservice Co” Firması (bundan sonra-“iddiaçı”) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək onunla Cavabdeh MMC (bundan sonra-“cavabdeh”) arasında bağlanmış 2022-ci il # #### tarixli alqı-satqı müqaviləsinə (bundan sonra-“müqavilə”) eyni tarixli edilmiş əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6 000 litr X6nın bugünkü dəyərini təşkil edən 312.000 manatı iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın və hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əlavənin 3-cü bəndinin icrası üçün mal sifariş etmiş və Azərbaycan Respublikasına idxal etmişdir. Buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, razılaşdırılmış malları sifariş etməmiş, almamış və qiymətini ödəməmişdir. Göstərilən mallar hal-hazırda da iddiaçının anbarındadır və yer tutur. İddiaçı anbarı icarəyə götürür və orada artıq mal saxlamaqla bir az da artıq zərər edir. Malın dəqiq adı “X4 1L” gedir (artikul kodu 1975) və 1 litrinin qiyməti 52 manatdır. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, təqdim olunan alqı-satqı müqaviləsi bağlanmamış əqd hesab edilməlidir, çünki əqdin predmeti bəlli deyildir, ödəniş qaydası və s. razılaşdırılmamışdır. Hansı səbəbdən müqavilə əlavəsində göstərilənlərin müqavilənin mətninə daxil edilməməsi, eyni tarixdə ayrıca əlavənin imzalanması da qeyri-müəyyəndir. Tərəflər müqavilənin mühüm şərtlərinə dair razılığa gəlməyiblər. 2022-ci ilin avqust-sentyabr aylarında cavabdehin rəhbərliyi dəyişmiş, əvvəlki rəhbərlik hazırkı rəhbərliyə belə bir müqavilənin olması barədə məlumat verməmişdir. Həmçinin cavabdeh iradə ifadəsini bildirərək dizel qatqısının ona lazım olmadığını bildirmiş, lakin həmin vaxtdan iddiaçı məhkəməyə müraciət etməmişdir 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında daha əvvəl də alqı-satqı müqaviləsi olmuş, həmin müqavilə üzrə müxtəlif çeşidli və ölçülü mallar cavabdehin sifarişi əsasında ona təhvil verilmiş, cavabdeh tərəfindən də dəyəri ödənilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılığı əsasında həmin müqavilə (2020-ci il ## #### tarixli) 2022-ci il # #### tarixində xitam edilmiş, eyni tarixdə iddiaçının təşəbbüsü ilə tərəflər arasında daha lakonik məzmunlu yeni müqavilə və onun əlavəsi tərtib edilərək imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə təqdim edilməli olan malların həcm etibarilə çox olmasını (6.000 litr) nəzərə alaraq onun sifarişini gözləmədən bir neçə ay sonra Almaniyadan idxal edərək öz anbarında saxlamış, müqavilə müddətinin sonuna qədər cavabdehin həmin malları dəyərini ödəməklə qəbul edəcəyini gözləmişdir. Müqavilənin qüvvədə olma müddəti ərzində cavabdehin hər hansı sifarişi olmasa da, müqavilə üzrə cavabdeh 2023-cü il ## ###### tarixinə qədər iddiaçıdan 6.000 litr dizel qatqısını almağı öhdəsinə götürmüşdür. Bu səbəbdən dizel qatqısının bu günə olan dəyəri cavabdehdən tutulmalı, həmin malın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 7.Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Ü.Həsənova). 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin izahatlarına əsasən hazırkı müqavilə üzrə cavabdeh tərəfindən, ümumiyyətlə, hər hansı sifarişin verilməməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə cavabdehdən qəbul edilməsini tələb etdiyi 6.000 litr dizel qatqısının hazırda iddiaçıda mövcud olması barədə sübut təqdim edilməmişdir. 9.Müqavilədə satılacaq mal kimi dizel qatqısı göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən malın tərəflərindən alınması ilə bağlı yük gömrük bəyannamələri təqdim edilsə də, həmin bəyannamələrdə 6 000 litr həcmdə dizel qatqısının alınması öz təsdiqini tapmır.
10. Məhkəmə tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində yaranmış praktikanı, cavabdeh tərəfindən 6 000 litr həcmdə dizel qatqısının alınması ilə bağlı sifarişinin, malın alınması ilə bağlı iradə ifadəsinin olmaması, tərəflər arasında satılacaq malın adı, çeşidi, qiymətinin razılaşdırılmadığını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 404.1, 404.2, 405.1, 567 və 598.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mübahisə predmeti olan müqavilə real müqavilə olduğundan və iddiaçı malın mövcudluğunu sübuta yetirə bilmədiyindən və nəticə etibarı ilə malı cavabdehə vermədiyindən, eləcə də cavabdeh malı sifariş edərək götürmədiyindən müqavilə qüvvəyə minməmişdir. Odur ki, hazırkı müqavilənin icra edilməsi tələbi təmin edilə bilməz.
15. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 404.1, 404.2, 442, 443.1, 448.1, 567, 568.1, 579.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarına və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
17. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətibndə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
c) Kasssasiya instansiyası məhkəməsindəki ilk icraat
18. Ali Məhkəmənin Kommersiya kollegiyasının 2025-ci il # ##### tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər E.Şamayev və B.Qəribov).
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ətnaməsində real və konsensual müqavilələrin mahiyyətini və fərqlərini düzgün izah etsə də, konkret olaraq mübahisəli müqaviləni real müqavilə kimi qiymətləndirməklə maddi hüququn tətbiqində səhvə yol vermişdir. Hazırkı halda müqavilənin əlavəsi ilə müqavilənin özünə yeni maddə əlavə edilmiş, həmin maddənin şərtinə uyğun olaraq alıcı öz üzərinə konkret öhdəlik götürmüşdür ki, 2023-cü il ## ###### tarixinə qədər 6.000 litr X6 sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcək.
20. Məhkəmələrin istinad etdikləri sözügedən əlavə razılaşmaya görə, “Bu Əlavə razılaşma tərəflər arasında bağlanmış Müqavilənin ayrılmaz tərkib hissədir. Əlavə tərəflərin iradə ifadəsinin hüquqi forması olmaqla Müqavilənin şərtlərinə olan qeyri-müəyyən halların aradan qaldırılması, xüsusi şərtlərin müəyyən olunması və ticarət münasibətlərinin səmərəliyinin artırılması məqsədilə bağlanılır.”. Əlavə razılaşmanın digər şərtində isə nəzərdə tutulmuşdur ki, “Bu Əlavə razılaşma məzmununda başqa hal müəyyən olunmayıbsa, imzalandığı andan qüvvəyə minir. Daha əvvəl imzalanmış sənədlərlə hazırkı əlavə razılaşmanın şərtləri arasında ziddiyyət yarandıqda tarix etibarilə daha yeni şərtlər tətbiq olunur.”.
21. Əlavə razılaşmanın istinad olunan şərtlərindən aydın olur ki, alıcı (cavabdeh) öz üzərinə 2023-cü il ## ###### tarixinə qədər 6.000 litr X6nı sifariş edəcəyi, alacağı və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüş, əsas müqavilənin tərkib hissəsi olan həmin şərt müqavilə şərtlərindəki qeyri-müəyyənliyin aradan qaldırılaraq xüsusi şərtlərin müəyyən olunması məqsədilə razılaşdırılmış, əlavə razılaşma imzalandığı andan qüvvəyə minərək tərəflər üçün məcburi qüvvə almış, eləcə də əsas müqavilə ilə əlavə razılaşmanın müddəaları arasında ziddiyyətin yaranacağı təqdirdə məhz əlavə razılaşmanın şərtlərinin üstün götürüləcəyi nəzərdə tutulmuşdur.
22. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## ### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinad edərək və əlavə razılaşmanın şərtlərini nəzərə alaraq göstərmişdir ki, sözügedən razılaşma əslində apellyasiya instansiyası məhkəmənin hesab etdiyi kimi real deyil, məhz konsensual müqavilədir, həmin müqavilə imzalandığı gündən qüvvəyə minmiş, qüvvəyə mindiyi tarixdən də alıcının onunla öz üzərinə götürdüyü öhdəlik məcburi xarakter almışdır
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, alıcı (cavabdeh) əslində qüvvəyə minən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da əlavə razılaşmanın şərtini pozmuşdur. MM-in 442, 448.1 və 448.2-ci maddələrinin tələbləri baxımından cavabdeh əlavə razılaşmada öz üzərinə götürdüyü və bilavasitə özünün risk dairəsinə daxil olan öhdəliyi qəsdən icra etməməklə onu təqsirli şəkildə pozmuşdur, buna görə də məsuliyyət daşımaqdadır. Bu baxımdan, hazırkı iddia tələbi cavabdehin icra etməməklə pozduğu konkret müqavilə şərtinə əsaslanır.
24. Alıcı istər alqı-satqı müqaviləsi, istərsə də bu müqavilənin bir növü olan göndərmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə, satıcı həmin malın qəbul edilməsi və dəyərinin ödənilməsi vəzifəsinin alıcının üzərinə qoyulmasını tələb etmək hüququna malikdir.Cavabdeh əvvəlcədən öhdəlik şəklində öz üzərinə götürdüyü sifarişi verməməklə faktiki olaraq müqavilənin icrasından imtina etmişdir.
25. Digər tərəfdən, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli müqaviləni ilkin müqavilə kimi qiymətləndirmək də mümkün deyildir. Belə ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (MM-in 402.1-ci maddəsi). Hazırkı halda isə alıcı (cavabdeh) öz üzərinə 2023-cü il ## ###### tarixinə qədər 6.000 litr X6nı sifariş edəcəyi, alacağı və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüşdür.
26. Kollegiyanın mövqeyinə görə mübahisəli müqavilədə konkret tarixdə 6.000 litr X6nın alınmasına dair əsas müqavilənin bağlanacağı deyil, cavabdehin konkret tarixə qədər 6.000 litr X6nı alacağı nəzərdə tutulmuşdur. Müqavilə ilə cavabdehə öz seçimi ilə 2023-cü il ## ###### tarixinədək ayrı-ayrı partiyalarla, yaxud birdəfəlik 6.000 litr X6nı tam həcmdə almaq imkanı verilmişdir. Bundan başqa, mübahisəli müqavilə məzmun etibarilə 2023-cü il ## ###### tarixinə qədər yalnız 6.000 litr X6 üçün tam həcmdə sifarişin verilməsini deyil, həmçinin həmin malların alınması və dəyərinin ödənilməsi ilə bağlı bütün hərəkətlərin başa çatdırılmasını da özündə ehtiva edir.
27. İddiaçının malın mövcudluğunu sübuta yetirə bilmədiyinə dair apellyasiya instansiyası məhkəməsinin dəlilinə gəldikdə isə qeyd olunmuşdur ki, həmin məsələ icra mərhələsində həll edilməli olduğundan ümumiyyətlə hazırkı məhkəmə icraatında sübutetmə predmetinə daxil deyildir. Belə ki, icra mərhələsində mövcud malın həcminin az olduğu aşkar ediləcəyi təqdirdə, iddiaçıya ödənilmiş pul vəsaitinin artıq hissəsinin cavabdehə qaytarılması mümkündür.
28. Kollegiya qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən müqavilə üzrə sifariş verilməli olan mala görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmini dəqiq müəyyən etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
29. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 399.1, 402.1, 442, 448.1, 448.2, 596.3, 627.1, 635.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il ## ### tarixli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## #### tarixli Qərarlarına və MPM-in 217-ci maddəsinə istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, alqı-satqı müqaviləsinə, 2022-ci il # #### tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6.000 litr X6nın dəyərini təşkil edən 123.600 manat iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qət edilmişdir (sədrlik edən-məruzəçi hakim X.Mərdanova, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə).
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırda müqavilənin əlavəsi ilə müəyyən edilir ki, alıcı (cavabdeh) öz üzərinə 2023-cü il ## ###### tarixinə qədər 6.000 litr X6nı sifariş edəcəyi, alacağı və dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüş, əsas müqavilənin tərkib hissəsi olan həmin şərt müqavilə şərtlərindəki qeyri-müəyyənliyin aradan qaldırılaraq xüsusi şərtlərin müəyyən olunması məqsədilə razılaşdırılmış, əlavə razılaşma imzalandığı andan qüvvəyə minərək tərəflər üçün məcburi qüvvə almış, eləcə də əsas müqavilə ilə əlavə razılaşmanın müddəaları arasında ziddiyyətin yaranacağı təqdirdə məhz əlavə razılaşmanın şərtlərinin üstün götürüləcəyi nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən razılaşma məhz konsensual müqavilədir, həmin müqavilə imzalandığı gündən qüvvəyə minmiş, qüvvəyə mindiyi tarixdən də alıcının onunla öz üzərinə götürdüyü öhdəlik məcburi xarakter almışdır.
32. Cavabdeh əvvəlcədən öhdəlik şəklində sifariş verilməsini öz üzərinə götürmüş, lakin həmin sifarişi verməməklə faktiki olaraq müqavilənin icrasından imtina etmişdir. Göründüyü kimi alıcı (cavabdeh) əslində qüvvəyə minən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da əlavə razılaşmanın şərtini pozmuşdur.
33. İddiaçının əlavə razılaşma ilə şərtləşdirilmiş 6.000 litr X6nın anbardan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi MM-in 596.3-cü maddəsinin tələbinə də uyğun olmuşdur. Göründüyü kimi mübahisəli müqavilədə konkret tarixdə 6.000 litr X6nın alınmasına dair əsas müqavilənin bağlanacağı deyil, cavabdehin konkret tarixə qədər 6.000 litr X6nı alacağı nəzərdə tutulmuşdur. Bununla da müqavilə ilə cavabdehə öz seçimi ilə 2023-cü il ## ###### tarixinədək ayrı-ayrı partiyalarla, yaxud birdəfəlik 6.000 litr X6nı tam həcmdə almaq imkanı verilmişdir.
34. “X4 1L” (artikul kodu 1975) X6nın dəyərinin müəyyən edilməsi iş üzrə tərəflər arasında yaranmış hazırki mübahisənin həlli üçün zəruri olmuşdur.
35. Apellyasiya baxışı zamanı iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Təqdim edilmiş “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, MEB-***-**** saylı məktubu ilə daxil olmuş rəyindən görünür ki: Birinci sual üzrə - iddiaçının istifadəsində olan və iddia etdiyi kimi icarəyə götürdüyü anbarda saxlanılan 6.000 litr X6 mövcuddur. İkinci sual üzrə - qablaşdırma, markası, həcmi - 1 qutuda 6 ədəd 1 litr həcmində olan, baş hissəsində plomblu plastik qapaq daşıyan, yüngül metaldan istehsal edilmiş, üzərində istehsalçı tərəfindən çap edilmiş, mala aid məlumatları daşıyan, silindrik formada orijinal qablaşma; Markası - “X2-Zusatz” Üçüncü sual üzrə - alış qiyməti, gömrük rüsumları, ƏDV - alış qiyməti: 72640 manat, gömrük rüsumları: 11459 manat, ƏDV: 15814 manat (Qeyd: ƏDV qiymətin maya dəyərinə daxil edilmir), cəmi maya dəyəri - 88320 manat. Dördüncü sual üzrə - bir ədədinin qiyməti, ümumilikdə hazırkı real bazar dəyəri -1 ədəd malın bazar dəyəri (maya dəyəri marja): 14.72 + 40% = 20.6 manat, 6.000 ədəd malın ümumi bazar dəyəri: 20.6 x 6000 = 123,600 manat.
36. Məhkəmə kollegiyası mütəxəssis rəyini qiymətləndirərək qeyd etmişdir ki, mütəxəssis rəyi tərtib edilərkən mallara vizual baxış keçirilmiş, həmçinin tədqiqat predmetinə aid satınalma, daşınma və idxal sənədlərinə əsasən, yük gömrük bəyannamələrinin tarixinə alış qiymətləri, gömrük rüsumları və ƏDV hesablanmaqla, ayrılıqda qiymətlər müəyyən edilməklə nəticəyə gəlinmişdir. Bu hal iddiaçı tərəfindən təsdiq olunur. Belə ki, ekspertiza keçirilməsi barədə verdiyi vəsatətində iddiaçı “xxxx” MMC 2025-ci il ## #### tarixli mütəxəssis rəyinin 1, 2, 3-cü sualların cavablarına etirazları olmamasını göstərmişdir. Bu isə mütəxəssis rəyinin qeyd edilən suallar üzrə cavablarının mübahisəsiz qaydada qəbulu kimi qiymətləndirilir. Həmçinin qeyd edilən mütəxəssis rəyini şübhə altına alan hal müəyyən edilməmişdir.
37. İddiaçı tərəfindən təqdim edilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 2025-ci il ## ###### tarixli hesabatında qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin “X1 Diesel Zusatz” (1 litr) məhsulunun bazar dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə, 2025-ci ilin avqust ayına olan orta pərakəndə satış qiymətinin 53 AZN (4 mənbədə) sabit qalması, məhsulun rəqabətli və stabil qiymət siyasəti ilə satıldığı, “xxxx” MMC tərəfindən təqdim edilmiş CVN/A 13- ***/**** saylı 2025-ci il ## ###### tarixli mütəxəssis rəyində “X1 Diesel Zusatz” (1 litr) X6nın Azərbaycan Respublikası ərazisində 1 ədədinin (1 litr) və ümumilikdə (6.000 litr) bazar dəyəri 2025-ci il ## ###### tarixinə 53,0 (əlli üç) manat/1 ədəd, 53,0 (əlli üç) manat x 6.000 ədəd= 318.000,0 (üç yüz on səkkiz min) manat təşkil etməsi göstərilmişdir.
38. “xxxx” MMC tərəfindən verilmiş hesabatda “X1 Diesel Zusatz” (1 litr) məhsulunun 1 litrinin dəyəri ilə müəyyən edilmiş məbləğlə təqdim edilmiş digər iki rəy arasında kifayət qədər fərqlər mövcud olsa da, kollegiya hesab etmişdir ki, təqdim edilən rəylər “xxxx” MMCnin 2025-ci il ## #### tarixli, MEB-***-**** saylı məktubu ilə daxil olmuş rəyinin əsassız olması qənaətinə gəlmək üçün əsas verməmişdir. Belə ki, həmin rəylər mallara baxış keçirilmədən, sadəcə ixtisaslaşmış satış mərkəzlərindən eləcə də online mağazalardan əldə edilmiş məlumatlara əsasən tərtib edilməklə əldə edilmiş nəticənin əsaslı olması baxımından işin halları ilə uyğun olmamışdır. Başqa sözlə, rəylərdə yalnız malın bazar dəyərləri müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası cavabdehdən tutulmalı məbləğin 1 ədəd malın bazar dəyəri (maya dəyəri + marja): 14.72 + 40% = 20.6 manat götürülməklə, 6.000 ədəd malın ümumi bazar dəyəri (20.6 x 6000) 123.600 manat müəyyən edilməsi qənaətinə gələrkən iddiaçının tərəflər arasında bağlanmış etibarlı olan müqavilədə malın adının və qiymətinin də göstərilməməsini nəzərə almış və iddiaçının iddia ərizəsində istinad etdiyi malın dəqiq adının “X4 1L” olmaqla (artikul kodu 1975) və 1 litrinin qiymətinin 52 manat olması ilə bağlı dəlinin təsdiqi olmadığı üçün sübut kimi qəbul etməmişdir.
40. Həmçinin kollegiya qeyd etmişdir ki, sözügedən qatqının da adının məlum olmasından sonra onun dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyləri təqdim edilmiş, lakin işdə olan bu rəylər arasında daha dolğun və ətraflı rəy vermiş “xxxx” MMC tərəfindən verilmiş hesabatı sübut növü kimi qiymətləndirmişdir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə “xxxx” MMC tərəfindən verilmiş hesabatda “X1 Diesel Zusatz” (1 litr) məhsulunun 1 litrinin dəyəri ilə müəyyən edilmiş məbləğin orta bazar marjasının ortalama 40% ilə qəbul edilməsi ilə verilmiş qiymətlə iddiaçının tələb etdiyi qiymətin (orta bazar marcası ilə) arasında olan kəskin fərq onu göstərir ki, tərəflər arasında bağlanmış etibarlı olan müqavilədə malın adının və qiymətinin də göstərilmədiyi halda ididaçının onu tələb etdiyi qiymətdə cavabdehdən ödənilməsini iddia etməsi bir növ hüquqdan sui-istifadədir.
42. Müqaviləni və ona olan əlavənin qanuniliyini qəbul etməyən, lakin buna baxmayaraq onu mübahisələndirməyən cavabdehin həm də iddiaçı tərəfindən iddia edilən qiymətlə bağlı müqaviləyə etiraz etməsi də anlaşılandır.
43. Məhkəmə kollegiyası iddiaçının tələbinin əsası kimi istinad etdiyi bir malın real bazar qiymətinin formalaşmasında onun maya dəyərinin üzərinə gələn təkcə ticarət əlavəsi (marja) deyil, həm də işçilərin əmək haqqı, ölkədaxili logistika, anbar, reklam və marketinq, mənfəət vergisi, ofis xərcləri və bu kimi digər mühüm xərclər də əlavə olunmasını nəzərə alınması kimi dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, məhz elmi ədəbiyyatda bir malın real bazar qiymətinin formalaşmasında onun maya dəyərinin üzərinə gələn ticarət əlavəsi (marja) 10-20% faizdən artıq olması müşahidə olunmur. Bu hallara dair hətta mövcud ədəbiyyatlarda belə 20% artıq malın real bazar qiymətinin maya dəyərinin üzərinə gələn ticarət əlavəsi (marja) qoyulması inhisarçılıq kimi qiymətləndirilir və bu qanunvericiliyə görə qadağandır (İstinad edilən ədəbiyyat: Damodaran, A. (2012). İnvesment Valuation; Penman, S.H.(2013). X8 and Security Valuation; Palepu, K., Healy, P. & Peek, E. (2019). Business Analysis and Valuation).
44. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 399.1, 402.1, 422, 448.1, 448.2, 596.3, 627.1, 635.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il ## ### tarixli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il ## #### tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1ci maddələrinə istinadla əsaslandırmışdır.
45. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin “6.000 (altı min) litr X6nın dəyəri” hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barəsində qərar qəbul edilməsi xahiş edilmişdir
46. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) İddiaçının kassasiya şikayətinin dəlilləri
47. MM-in 390.1-ci maddəsi üzrə- apellyasiya instansiyası məhkəməsində aparılan ikinci icraat zamanı malın dəqiq adının “X1 Diesel Zusatz” (1 litr) olması müəyyən olunmuşdur. Həmin malın bütün ticarət nöqtələrində istisnasız olaraq 53 manat olması da mübahisəsizdir. Bunu görən cavabdeh özü də malın bazar qiymətinin 53 manat olmasını qəbul etmiş, lakin iddiaçını inhisarçılıqda ittiham edərək Dövlət Gömrük Komitəsinə sorğu verilməsi barədə vəsatətlə çıxış etmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçını hüquqdan sui-istifadə etməkdə günahlandırmış və “xxxx” MMC-nin xəyali şəkildə müəyyən etdiyi 20.6 AZN qiyməti əsas götürməklə qətnamə qəbul etmişdir. Belə yanaşma həmçinin MM-də təsbit olunmiş 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.5. müqavilələr azadlığı və 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinə ziddir. Belə yanaşma həmçinin azad bazar iqtisadiyyatı qaydalarına zidd olmaqla sovet hakimiyyəti dövründə mövcud olmuş inzibati amirlik sistemini xatırladır (qiymətləri sahibkarlar deyil, dövlət müəyyən edirdi).
48. Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun 10.2.5-ci maddəsi üzrə- “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli rəyində qiymətləndirmə metodunun seçilməsi və əsaslandırılması aparılmamış, bazar qiymətinin müəyyən edilməsi yalnız “maya dəyəri + 40% marja” fərziyyəsinə söykənmişdir. Bu isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 10.2.5-ci maddəsinin tələblərinə ziddir və qiymətləndirmənin obyektivliyini, elmi əsaslılığını və qanunauyğunluğunu şübhə altına alır.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndi üzrə- qeyd olunan normativ hüquqi aktda da mübahisələndirilən qətnamədə əsas kimi qəbul edilmiş “40% marja əlavəsi” yanaşması nəzərdə tutulmamışdır. Qanunvericilikdə bazar qiymətinin müəyyən edilməsi “maya dəyərinə faiz əlavə olunması” üsulu ilə deyil, müxtəlif rəsmi və etibarlı mənbələrdən toplanmış real bazar məlumatlarının müqayisəsi əsasında həyata keçirilməlidir.
50. MPM-in 88-ci maddəsi üzrə- İkinci apellyasiya icraatının üzərinə düşən əsas vəzifəmalların qiymətini dəqiq müəyyən etmək olmuşdur. Bu məqsədlə məhkəmə qiymətləndirici mütəxəssisdən rəy istəmiş, lakin həmin rəydə müəyyən edilmiş real bazar qiyməti reallıqdan kəskin şəkildə uzaq olmuşdur. Belə ki, müəyyən edilən qiymət tərəflər arasında 2022-ci ildə bağlanmış ticarət münasibətləri zamanı bir ədəd üçün müəyyən edilmiş 39 manatlıq qiymətdən təxminən iki dəfə aşağı olmuşdur. Bu ziddiyyəti sübut etmək üçün iddiaçı tərəf iki fərqli qiymətləndirmə hesabatını sübut kimi təqdim etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin hesabatları sübut kimi qəbul etməmişdir. Məhkəmə bu rəylərin mallara baxış keçirilmədən tərtib edilməsini əsas gətirərək onları nəzərə almamışdır. Halbuki, növü məlum olan əşyanın qiymətinin müəyyən edilməsi üçün fiziki baxış keçirilməsi qanunvericiliklə zəruri şərt hesab edilmir.
51. MPM-in 420-ci maddəsi üzrə- hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il # ##### tarixli qərarının 62-ci abzasında verilmiş göstərişi-yəni “cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmini dəqiq müəyyən etmək” tələbinin icrasını təmin etməmişdir. Bunun əvəzinə, apellyasiya instansiyası məhkəməsi kassasiya qərarında nəzərdə tutulmayan məsələləri-malların mövcudluğu, gömrük rüsumları və ƏDV hesablamaları ilə bağlı araşdırma aparmışdır. Nəticədə, cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmini dəqiq müəyyən etmək üçün lazımi ixtisaslı mütəxəssis rəyi alınmamış, iddiaçı tərəfindən təqdim edilmiş əsaslı mütəxəssis rəylərinə hüquqi qiymət verilməmiş və bu istiqamətdə zəruri prosessual hərəkətlər yerinə yetirilməmişdir.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
52. Rəqabət Məcəlləsinin 15-16-cı maddələri üzrə- cavabdeh müqavilə predmeti ehtimal edilən malların yeganə (ən yaxşı halda əsas) idxalçısıdır. İddiaçı qiymətləri faktiki olaraq hökmran mövqeyindən sui-istifadə edərək müəyyən etmək imkanına malikdir. Əks halda idxal qiyməti (14,72 manat) ilə özünün iddia etdiyi pərakəndə satış qiyməti (53 manat) arasında dörd dəfə fərq ola bilməzdi. İddiaçı internet materiallarına istinad etməyi sevir. Onlar da analoji yanaşmanı tətbiq edərək görmüşlər ki, bu və bu kimi malların ən azı əsas satıcısı məhz iddiaçıdır. Məsələn, iddiaçının vəsatətində istinad etdiyi https://www.lmshop.az saytının Facebook profilində # ###### 2020-ci il tarixli elan var ki, “Azİnterservice şirkəti X5 yağ sistemi yuyucusu” və s. endirim aksiyaları keçirir. Başqa tarixli analoji elanlar da həmin profildə var: 2022-ci il # #### tarixli, 2021-ci il ## ###### tarixli, 2022-ci il # ###### tarixli, hətta 6 gün bundan öncə. Yəni həmin profil elə iddiaçının özünə aid resursdur. Analoji elanlar (özü də bir neçə satış yeri göstərilməklə) iddiaçının adından mətbuatda və instagramda dəfələrlə dərc olunub: 2021-ci il # ###### tarixli, 2023-cü il # ###### tarixli və s. və i.a. Nəinki bu, hətta Çin və Yaponiya markalı yağ və digər mallarının da Azərbaycanda rəsmi təmsilçisidir, iddiaçı və bu barədə bu il mətbuatda yayım da edib.Resurslardakı materialların şəklini də məhkəməyə təqdim etmişlər. Bir sözlə, iddiaçı bu kimi malların sadə satıcısı deyil, hökmran mövqeyə malik olan, bəlkə də hətta inhisarçı satıcısıdır. Buna görə də idxal qiyməti ilə pərakəndə satış qiyməti arasındakı dörd dəfəlik fərq sadəcə hüquqdan sui-istifadədir. Məhkəməyə eyni malın digər şəxslər tərəfindən ölkəmizə idxal edilib-edilməməsi (edildiyi halda iddiaçının payının göstərilməsi ilə) ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu verilməsi ilə bağlı vəsatət təqdim edilsə də, məhkəmə vəsatəti təmin etməmiş və iddiaçının hökmran mövqedən sui-istifadə etməsinin müəyyən olunmasına şərait yaratmamışdır. İddiaçının istinad etdiyi müqavilədə qiymət müəyyən edilməyib. Yalnız guya alınmalı olan malın miqdarı müəyyən olunub. İddiaçı malın qiymətini müəyyən edən inhisarçıdırsa, Müqavilənin (əgər o hətta bağlanmış hesab olunsa belə, lakin əslində bağlanmayıb), hüquqdan sui-istifadədir.
53. MM-in 405.1-ci maddəsi üzrə- 2022-ci il # #### tarixli müqavilə bağlanmamış müqavilədir. Çünki onun predmeti və qiyməti müəyyən edilməyib. Əşya və qiymətin mühüm şərt olduğu aşkardır.
54. Müqavilənin predmeti (alınan mal) qeyri-müəyyəndir. Tutaq ki, əvvəllər yalnız bu qatqı alınıb. Bu məgər ona dəlalət edir ki, indi də məhz bu qatqı alınmalıdır. Digər tərəfdən, elə iddiaçının özünün təqdim etdiyi sənədlərdən görünür ki, başqa məhsullar (müəhərrik yağları və s.), o cümlədən qatqılar alınıb. Məsələ ondadır ki, “konkret öhdəliklər” götürülməyib. Nə alınan mal, nə də qiyməti dəqiq məlum deyil. Müqavilənin qiyməti də naməlumdur. Onun 4-cü bəndində deyilir ki, “təqdim olunan Malların qiymətləri Satıcının hər dəfə sifarişi əsasında formalaşan təklifi əsasında müəyyən olunur”. Bu hüquqdan suiistifadə, aşkar şəkildə vicdansız və etibarsız müddəadır. Heç alınan malın özü də dəqiq bəlli deyil.
55. MM-in 404.1-ci maddəsi üzrə- 2022-ci il ## ######## tarixdə cavabdehin sahibləri (iştirakçıları) dəyişib. Cavabdehin direktoru Cəlilov İsrafil Ziyatxan oğlu əvvəlki sahiblərin kadrı idi (həm də yaxın qohumu idi). Cəlilov cavabdehin sahiblərinin dəyişməsi ərəfəsində bir sıra vicdansız hərəkətlər edib. Belə ki, məsələn, əvvəlki sahiblərə (Cəlilovun qohumlarına) məxsus şirkətə də sonradan məlum olmuş “borc” üzrə də ayrıca məhkəmə prosesi hazırda da gedir (Ali Məhkəmə iş 2-2(102)-549/2025). Həmin proses əsnasında hətta məlum olub ki, Cəlilov iki möhürdən istifadə edib və s. Onun barəsində bütün hallar məlum olandan sonra barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcək. O cümlədən bu işdə də onun vicdansızlığı aşkardır. Belə ki, ilkin müqavilə 2020-ci il ## #### tarixli alqı-satqı müqaviləsi olub. Cavabdeh də həmin müqaviləyə əsasən ona lazım olan malları sifariş verib alıb. Həmin müqavilənin müddəti də 3 il olub, yəni 2023-cü il ## #### tarixinədək. Lakin 3 illik müddət bitmədən birdən birə tərəflər arasında 2022-ci il # #### tarixdə tələm-tələsik (bu müqavilənin qısa olmasından, ən azı onun Əlavə Razılaşmasının “Ödəniş qaydası” hissəsindən görünür) yeni müqavilə bağlanıb, əvvəlkinə isə xitam verilib. Elə həmin gündə də ona Əlavə Razılaşma bağlanıb və Əlavə ilə 3.5-ci bəndə əlavə də edilib. Reallıqda bu Əlavə Razılaşma, əksinə, qeyri-müəyyənliyi artırıb və səmərəliliyi heçə endirib. 3.5-ci bəndi daxil etməkdə məqsəd saf olmayıb, cavabdehi vicdansızcasına yükləmək olub. Hər şey elə Əlavə Razılaşma ilə Müqaviləyə əlavə olunmuş 3.5-ci bənddən aydın olur: “Cavabdeh 2023-cü il ## ###### tarixədək 6000 litr X6 sifariş edəcək, alacaq və dəyərini... ödəyəcək”. Yəni məqsəd sahibi dəyişmək üzrə olan cavabdehin üzərinə ağlasığmaz (işgüzar dövriyyə adətlərinə, sağlam ticarət təcrübəsinə tam zidd olan) öhdəlik qoymaq olub. Buna görə tələsiblər. Amma tələsdikləri üçün də o qədər səhvə yol veriblər ki, iddiaçının iddia tələbi hər bir halda əsassızdır. Məsələn, Müqavilənin 11-ci bəndinə görə o, 1 il müddətinə bağlanıb. Və tərəflərdən hər biri icra müddəti ərzində bir ay öncədən bildiriş verməklə onu ləğv edə bilər. Müddət bitəndə isə yazılı müraciət əsasında hər hansı tərəf ona xitam verə bilərdi. Yamaq olmuş 3.5-ci bəndə görə isə cavabdeh malı guya 2023-cü il ## ###### tarixinədək almalı idi. Yəni artıq 2023-cü il # #### tarixdə, yəni altı ay qalmış cavabdeh müqaviləyə xitam verə bilərdi və heç bir öhdəliyi də olmazdı. Müqavilənin nüsxəsi cavabdehdə heç olmayıb. Birinci instansiya məhkəməsində işə baxılarkən məlum oldu ki, hələ 2023-cü il # #### tarixdə iddiaçının nümayəndəsi cavabdehə müqavilə ilə bağlı müraciət edib və cavabdeh məsələdən bixəbər olduğunu və heç bir qatqıya ehtiyacının olmadığını ona bildirib.
56. MPM-in 88-ci maddəsi üzrə- Məhkəmə cavabdehin sübutlarına və dəlillərinə ümumiyyətlə qiymət verməmişdir. Belə ki, müqavilənin ümumiyyətlə bağlanmamış olmasına dair yazılı arqumentlərinə (etiraza) münasibət bildirilməmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətlərinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
58. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
60. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.”
“Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. ...”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”
“Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma
405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. ...”
“Maddə 596. Alıcının əşyanı qəbul etmək vəzifəsi ... 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.”
“Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ...” “Maddə 635. Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə saxlanması ... 635.4. Müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər.”
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında
66. aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
63. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir.
64. Belə ki, iddiaçının kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlilləri müqavilə üzrə X6nın dəyərinin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Lakin işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən malın dəyərinin müəyyən edilməsi üçün xüsusi biliyə malik mütəxəssis rəyi əldə etmişdir. “xxxx” MMC-nin rəyi ilə müəyyən edilmişdir ki, “X2-Zusatz” məhsulunun maya dəyəri, gömrük xərcləri və bazar marjası nəzərə alınmaqla 1 ədədinin bazar qiyməti 20,6 manat, ümumilikdə isə 123.600 manat təşkil edir. Apellyasiya məhkəməsi həmin rəyi digər təqdim olunmuş rəylərlə müqayisəli şəkildə qiymətləndirmiş və MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq daha əsaslandırılmış hesab etdiyi rəyi mötəbər sübut kimi qəbul etmişdir.
65. Məhkəmə tərəfindən qətnamədə zəruri əsaslandırma və hüquqi qiymətləndirmə verilməklə, işdə olan, malın dəyərinə dair digər rəyləri mötəbər sübut kimi nəzərə alınmamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin yanacaq qatqısının dəyərinin düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri tərəflər arasında mübahisəli malın alqısatqısına dair müqavilənin ümumiyyətlə bağlanmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası nəzərə alır ki, eyni məzmunlu dəlillər üzrə hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Kollegiya eyni qiymətləndirmənin təkrarlanmasına lüzum görmür.
67. Hər iki kassasiya şikayətinin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillərinə gəldikdə, hazırkı icraat çərçivəsində həmin dəlillərinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin dəlillər üzrə üzrə araşdırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi).
68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.
69. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.