Məhkəmə qərarları › İş №2-2(1-8)-462/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-462/2026

06.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-462/2026 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sudan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Işin halları

1. Iş materiallarından görünür ki, tərəflər arasında ****** nömrəli abonent kodu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablanmış borcun qanuniliyi ilə bağlı mübahisələr əvvəllər də məhkəmə baxışının predmeti olmuşdur. Bu mübahisələr üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdeh “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı hesablanmış müəyyən borc məbləğlərinin əsassız olduğu müəyyən edilmiş, sonrakı dövrə aid sənədlərdə isə həmin abonent kodu üzrə yenidən borc məbləğlərinin əks etdirildiyi görünür.

2. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il # ######## tarixli *-*(**)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı hesablanmış 20.370 manat məbləğində borcun silinməsi, iddianın qalan hissəsinin rədd edilməsi və 100 manat ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ##### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı adına rəsmiləşdirilmiş ****** nömrəli abonent kodu üzrə qrunt sularının axıdılması (istifadə edilməsi) ilə əlaqədar 2019-cu ildə əsassız hesablanmış 4.911 manat və mediasiya xərci kimi ödənilmiş 69,11 manat, ümumilikdə 4.980,11 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Iş materiallarında olan sənədlər sırasında 2025-ci ildə tərtib edilmiş üzləşmə aktı və abonent məlumatlarına dair çıxarışlar da mövcuddur. Həmin sənədlərin məzmunu aşağıdakılardan ibarətdir: - 2025-ci il ## ### tarixli üzləşmə aktından görünür ki, İddiaçı Qaradağ Rayon Sukanal Idarəsinə 2025-ci il # ### tarixinə 12.286 manat məbləğində borcu göstərilmişdir. Üzləşmə aktı yalnız Qaradağ Rayon Sukanal Idarəsinin nümayəndəsi tərəfindən imzalanmış və təsdiq edilmişdir. - 2025-ci il ## ####### tarixli çıxarışa əsasən, ****** nömrəli abonent kodu üzrə abonent məlumatlarında iddiaçının 2023-cü il üzrə qalıq borcu 11.047 manat göstərilmişdir. - Həmin tarixli çıxarışa əsasən, ****** nömrəli abonent kodu üzrə iddiaçının 2024-cü il üzrə qalıq borcu 12.285 manat göstərilmişdir. - 2025-ci il ## ###### tarixli çıxarışa görə, ****** nömrəli abonent kodu üzrə iddiaçının 2025ci il üzrə qalıq borcu 11.673 manat göstərilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ###### tarixində “xxxx” publik hüquqi şəxsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx”xxxx“ASC”) tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 12.286 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə iddiaçı arasında bağlanmış 2016cı il ## ###### tarixli ****** nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə əsasında iddiaçı ünvan 2 ünvanında yerləşən ticarət obyektində sudan istifadə edir. Cavabdeh tərəfindən 2018-ci və 2022-ci illərdə iddiaçıya qanunsuz və əsassız borc hesablanmış, həmin borclar keçmiş * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il # ######## tarixli *-*(**)-***/**** nömrəli və Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli qətnamələri ilə silinmiş, apellyasiya instansiyası tərəfindən də qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, ASC məhkəmə qətnamələrini nəzərə almadan həmin borcu yenidən hesablamış və iddiaçını suyun verilməsinin dayandırılması ilə təhdid etmişdir. Iddiaçı 2025-ci il ## ### tarixli *** nömrəli sorğu ilə borcun yaranma əsasları, məbləği, abonent saldosu və digər sənədlərin təqdim edilməsini tələb etsə də, sorğu iki aydan artıq müddətdə cavablandırılmamış, qeyri-rəsmi məlumata və birtərəfli qaydada tərtib edilmiş uzlaşdırma aktına əsasən iddiaçıya 12.286 manat borc hesablanmış, lakin həmin borcun hansı əsaslar və sənədlər üzrə hesablandığı açıqlanmamışdır. Şifahi məlumata görə borc qrunt sularının kanalizasiya xəttinə axıdılmasına görə hesablanmışdır, halbuki əvvəlki məhkəmə mübahisələrində qrunt sularının olmaması təsdiq edilmişdir. Iddiaçı pretenziya qaydasında hesablanmış borcların qanunsuz olduğunu, ondan artıq ödənişlər alındığını bildirərək borcun silinməsini tələb etsə də, cavabdeh tərəfindən buna heç bir reaksiya verilməmişdir.

7. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə uyğun olaraq “xxxx” ərizə verərək, ASC tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 11.674 manat qalıq borc məbləğinin silinməsi və iddiaçıdan qanunsuz tutulmuş 20.724 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. xxxx ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması zamanı təqdim edilmiş abonent saldo vərəqəsi və hesablamalardan Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli qətnaməsinin icra edilmədiyi, əksinə qətnamə ilə silinmiş borcun tutulduğu, həmçinin 2021-2025-ci illərdə qrunt sularından istifadəyə görə qanunsuz hesablanmış borclar üzrə ümumilikdə 20.724 manat vəsaitin abonentdən tutulduğu, hazırda isə həmin əsasla əlavə 11.674 manat borcun tələb edildiyi müəyyən edilmişdir. Iddiaçı qeyd etmişdir ki, əvvəlki ekspert rəyləri və məhkəmə qətnamələri ilə obyektdə qrunt sularının olmadığı təsdiq edilmiş, buna baxmayaraq, 2019-cu ilin fevral ayında 4.911 manat, 2022-ci ilin may ayından 2024-cü ilin yanvar ayınadək isə 27.487 manat olmaqla ümumilikdə 32.398 manat məbləğində borc hesablanmış, bunun 20.724 manatı abonentin ödədiyi vəsaitlərdən xəbərsiz silinmişdir. Iddiaçı göstərmişdir ki, obyektdə heç vaxt qrunt sularından istifadə edilməmiş, bununla bağlı yoxlama, akt, protokol və ya digər sənəd tərtib olunmamış, belə yoxlamanın aparıldığı və yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındığı da təsdiq edilməmişdir. Buna görə də, qanunsuz tutulmuş 20.724 manatın geri qaytarılması, qrunt sularından istifadəyə görə hesablanmış 11.674 manat borcun isə silinməsi tələb edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-2-2(113) ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ASC tərəfindən qrunt sularının axıdılmasına görə qanunsuz hesablanmış borca görə 11.673 manat məbləğində pul vəsaitinin iddiaçının ******** nömrəli abonent hesabından silinməsi, iddiaçıdan qanunsuz tutulmuş 4.611 manat pul vəsaitinin ona geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim - Z.Axundova).

10. Belə ki, təqdim edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən müəyyən edilmişdir ki, əvvəllər də hazırkı iddia tələbində qeyd edilən hallarla bağlı tərəflər arasında mübahisə mövcud olmuş, mübahisəyə baxılmış, əvvəlki işlər üzrə ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müavfiq rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının qanuni istifadəsində olan ünvan 2 ünvanında yerləşən ticarət obyektində (market) qrunt sularından istifadə edilmir.

11. Məhkəmə MPM-nin 82.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadə edilmədiyi müəyyən edilmişdir. Sonradan isə həmin obyektdə qrunt sularından istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi, iddiaçıya içməli su və çirkab suyundan əlavə müəyyən hissədə borclar eyni zamanda qrunt suyu sərfiyyatına görə də hesablanmışdır.

12. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və cavabde tərəfindən qrunt suyu sərfiyyatına görə qanunsuz hesablanmış borca görə 11.673 manat məbləğində pul vəsaiti iddiaçının ******** nömrəli abonent hesabından silinməli, qalan hissədə isə təmin edilməməlidir.

13. Bundan başqa, iddia tələbinin digər hissəsini iddiaçıdan qanunsuz tutulmuş 20.724 manat vəsaitin geri qaytarılması təşkil edir.

14. Həmin hissə ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə də qismən təmin olunmalı, iddiaçıdan qanunsuz tutulmuş 4.611 manat pul vəsaiti ona geri qaytarılmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.

15. Belə ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ###### tarixli e-2-2(113) ****/**** nömrəli qətnaməsi ilə işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının ****** nömrəli abonent kodu üzrə obyektə qrunt sularından istifadəyə görə yalnız 2019-cu ilin fevral ayında 4.911 manat məbləğində sərfiyyat hesablanmış, digər aylarda isə qrunt sularından istifadəyə görə heç bir sərfiyyat hesablanmamışdır. Qeyd olunan qətnamə ilə həmin məbləğin geri qaytarılması qərara alınmışdır. Həmçinin məhkəmə qətnamələrindən göründüyü kimi, 2020-ci ilə qədər qrunt sularından istifadəyə görə hesablanmış borclar silinmiş və ya ödənilmiş məbləğ geri qaytarılmışdır. 2020-ci il və 2021-ci il illər üzrə iddiaçıya qrunt sularından istifadəyə görə hər hansı məbləğ hesablanmamışdır. Qrunt sularından istifadəyə görə iddiaçıya 2022-ci ildə 9.817 manat, 2023-cü ildə 16.430 manat, 2024-cü ildə isə 1.240 manat sərfiyyat hesablanmışdır. Həmçinin həmin illər ərzində iddiaçıya içməli su və çirkab suyuna görə də sərfiyyat hesablanmışdır.

16. Hazırda mübahisəli olan dövr 2022-2024-cü illər üzrə olan dövrdür (2024-cü il # ###### tarixindən etibarən abonentə qrunt suyu sərfiyyatı hesablanmamışdır). Həmin dövr üzrə iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 46.922 manat (15.747+21.325+9.850=46.922) ödəniş edilmişdir. Həmin məbləğin 30.638 manatını içməli su və çirkab suyuna görə ödəniş təşkil etmiş (4.532x2+5.863x2+4.924x2=30.638), qalan 16.284 məbləğ (46.922-30.638=16.284) isə qrunt sularından istifadəyə görə ödənilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1, 1091.1, 1091.2-ci maddələrinə; MPM-in 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-2-2(113) ****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsində yanlışlıq, açıq hesab səhvləri düzəldilmiş və qətnamənin həm “əsaslandırıcı”, həm də “nəticə” hissəsində “4.611 manat” sözləri “15.202 manat” sözləri ilə əvəz olunmuşdur.

19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – S.Cəfərov, hakimlər- E.Həsənov və T.Qocayev).

21. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında eyni abonent kodu, eyni obyekt və eyni xarakterli hesablamalar üzrə əvvəllər də məhkəmə mübahisələri olmuş, həmin mübahisələr üzrə keçirilmiş məhkəmə ekspertizaları nəticəsində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektdə qrunt sularından istifadə edilmədiyi müəyyən edilmişdir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri ilə də təsdiq olunmuşdur.

22. Hazırkı işdə preyudisial əhəmiyyət kəsb edən hal iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadənin müəyyən edilməməsidir. Cavabdeh əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş həmin halın sonradan dəyişdiyini, yəni iddiaçı tərəfindən sonrakı dövrdə faktiki olaraq qrunt suyunun axıdıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, abonent üzrə formalaşmış ümumi saldo tam şəkildə yalnız “qrunt suyu sərfiyyatı”ndan ibarət olmamış, həmin saldo daxilində içməli su və çirkab su xidmətlərinə görə hesablanmış məbləğlər də mövcud olmuşdur. Iş materiallarında olan abonent çıxarışlarından görünür ki, iddiaçıya müxtəlif dövrlərdə həm içməli su təchizatı, həm çirkab su axıdılması, həm də əlavə olaraq “qrunt suyu sərfiyyatı” üzrə hesablamalar aparılmışdır. Buna görə də, iddiaçı tərəfindən mübahisələndirilən 11.674 manat qalıq borcun tam şəkildə silinməsi barədə tələb yalnız “qrunt suyu” hissəsində əsaslı hesab edilə bilər.

24. Belə ki, iş materialları və hesablaşma sənədləri üzrə müəyyən olunmuşdur ki, iddiaçı digər xidmətlər – içməli su və çirkab su xidmətlərinin göstərilməsini ümumilikdə mübahisələndirməmiş, həmin xidmətlər üzrə sərfiyyatın mövcudluğunu istisna edən hər hansı sübut da təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi saldo məlumatlarından isə görünür ki, abonent üzrə formalaşmış borcun müəyyən hissəsi məhz həmin xidmətlər üzrə yaranmışdır. Odur ki, yalnız qrunt suyunun axıdılmasına görə hesablanmış hissənin hüquqi əsasının olmaması bütün saldo məbləğinin tam şəkildə əsassız olması nəticəsinə gətirib çıxarmır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən “qrunt suyu sərfiyyatı” üzrə hüquqi əsas olmadan hesablanmış məbləğin abonent hesabından silinməsi barədə nəticəyə gəlinməsi düzgün olsa da, əsaslandırmada həmin qalıq borcun müəyyən hissəsinin içməli su və çirkab su xidmətlərinə aid ola bilməsi ayrıca göstərilməli idi. Çünki cavabdeh yalnız qrunt suyu üzrə hesablamaların əsassızlığını sübuta yetirə bilməmiş, içməli su və çirkab su xidmətləri üzrə hesablamalar isə ayrıca olaraq tam təkzib edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qiymətləndirilərkən ümumi saldo ilə “qrunt suyu sərfiyyatı” üzrə hesablanmış hissə birbirindən

26. fərqləndirilməli, yalnız hüquqi əsası sübut edilməyən hissə üzrə iddia təmin olunmalı idi. Bununla belə, cavabdeh tərəfindən apellyasiya şikayətində həmin məbləğin konkret olaraq hansı hissəsinin içməli və çirkab su xidmətlərinə aid olmasını təsdiq edən ayrıntılı hesablaşma təqdim edilmədiyindən və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin mahiyyətcə yanlış olması müəyyən edilmədiyindən, qətnamənin ləğvi üçün əsas yaranmır.

27. Cavabdeh tərəfindən məhkəməyə yalnız birtərəfli qaydada tərtib edilmiş abonent çıxarışları və daxili hesabat sənədləri təqdim edilmişdir. Halbuki, kommersiya fəaliyyətini həyata keçirən abonentə əlavə xidmətin göstərilməsi və buna görə ödəniş hesablanması üçün həmin xidmətin faktiki göstərilməsi obyektiv sübutlarla – yoxlama aktları, ölçmə sənədləri, texniki baxış materialları, laborator nəticələr, abonentin iştirakı ilə tərtib olunmuş aktlar və ya digər ilkin uçot sənədləri ilə təsdiq edilməli idi. Belə sübutlar isə iş materiallarında mövcud deyildir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə uzun müddət ərzində sistematik şəkildə “qrunt suyu sərfiyyatı” hesablanmış olsa da, həmin hesablamaların hansı hüquqi və faktiki əsaslarla aparılması açıqlanmamışdır. Cavabdeh nə qrunt suyunun mənbəyini, nə onun həcmini, nə də axıdılma mexanizmini müəyyən edən hər hansı texniki sənəd təqdim etmişdir. Bu isə hesablamaların ehtimala və daxili mülahizələrə əsaslandığını göstərir.

29. Iş materiallarında olan abonent saldoları və ödəniş məlumatlarının məcmu şəkildə qiymətləndirilməsindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən “qrunt suyu sərfiyyatı” adı altında cavabdehin hesabına faktiki ödənişlər edilmişdir. Həmin sənədlərdən görünür ki, 2022-ci ildə 7.116 manat, 2023-cü ildə 12.592 manat, 2024-cü ildə 5.942 manat və 2025-ci ildə 1.837 manat olmaqla ümumilikdə 27.487 manat məbləğində vəsait “qrunt suyu” təyinatı ilə abonent hesabından silinmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin məbləğin 2024-cü il üzrə 4.702 manat, 2025-ci il üzrə isə 1.837 manat hissəsi iddiaçının içməli su və çirkab su xidmətləri üzrə mövcud borclarının bağlanmasına yönəldilmişdir. Buna görə də, faktiki olaraq hüquqi əsas olmadan “qrunt suyu” adı ilə tutulmuş və cavabdehin sərəncamında qalan məbləğ 20.948 manat təşkil etmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin vəsaitlərin tutulmasının hüquqi əsası sübut edilmədiyindən, göstərilən məbləğlər MM-in 1091.1-ci maddəsinin mənasında əsassız əldə edilmiş əmlak hesab olunur. Cavabdeh iddiaçıya münasibətdə “qrunt suyu sərfiyyatı” hesablamalarının hansı texniki göstəricilər, hansı yoxlama nəticələri və hansı ilkin sənədlər əsasında aparıldığını sübuta yetirə bilməmişdir. Bu səbəbdən iddiaçının ödədiyi vəsaitlərin “xidmət haqqı” kimi deyil, hüquqi əsas olmadan tutulmuş pul vəsaiti kimi qiymətləndirilməsi birinci instansiya məhkəməsinin düzgün nəticəsi olmuşdur.

31. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə almışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə 15.202 manat məbləğində vəsaitin tutulması qət edilmiş, iddiaçı isə qətnamədən həmin hissədə şikayət verməmişdir. MPM-in dispozitivlik prinsipindən irəli gələrək apellyasiya instansiyası məhkəməsi şikayət verilməyən hissədə iddiaçının vəziyyətini yaxşılaşdıra bilməz. Buna görə də, iş materialları üzrə faktiki tutulmuş məbləğin daha artıq olması müəyyən edilsə belə, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Həmçinin, cavabdehin “abonentin ümumi borcunun mövcudluğu” ilə bağlı dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı digər xidmətlər – içməli su və çirkab su xidmətləri üzrə hesablanmış borcları mübahisələndirməmiş, yalnız hüquqi əsası olmayan “qrunt suyu” hesablamalarına etiraz etmişdir. Buna görə də, məhkəmə yalnız mübahisələndirilən hissə üzrə hüquqi qiymətləndirmə aparmışdır.

33. MM-in 1091.1 və 1091.2-ci maddələrinin mənasına görə, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanan hesab olunur və həmin əmlakı geri qaytarmalıdır. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıdan “qrunt suyu sərfiyyatı” adı altında vəsait tutulsa da, həmin tutulmanın hüquqi və faktiki əsası sübuta yetirilməmişdir. Bu səbəbdən cavabdehin əldə etdiyi vəsait əsassız varlanma kimi qiymətləndirilməlidir.

34. Bundan başqa, cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlili də qəbul edilə bilməz. Belə ki, MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Iş materiallarından görünür ki, mübahisəli hesablamalar davamlı xarakter daşımış, müxtəlif dövrlərdə abonentin etdiyi cari ödənişlərdən silinmə yolu ilə həyata keçirilmiş və iddiaçı yalnız abonent çıxarışları və hesablaşma sənədlərini əldə etdikdən sonra tutulmaların mahiyyətini müəyyən etmişdir. Buna görə də iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlili işin hallarına uyğun deyildir. Bundan əlavə birinci instansiya məhkəməsində belə bir ərizə təqdim edilməmiş, yalnız apellyasiya şikayətində bu barədə qeyd edilmişdir.

35. Eyni zamanda cavabdehin hazırkı dövr üzrə əlavə ekspertiza keçirilməli olması barədə dəlili də əsaslı hesab edilməmişdir. Çünki ekspertiza yalnız artıq mövcud olan faktiki məlumatların xüsusi bilik vasitəsilə qiymətləndirilməsinə xidmət edir. Hazırkı halda isə cavabdeh tərəfindən ümumiyyətlə qrunt suyunun mövcudluğunu və ya axıdılmasını təsdiq edən ilkin sübutlar təqdim edilməmişdir. Sübutetmə yükü MPM-in 77.1-ci maddəsinə əsasən məhz cavabdehin üzərinə düşdüyündən, ilkin sübutlar təqdim edilmədən ekspertiza təyin edilməsi sübutetmə vəzifəsinin məhkəmənin üzərinə keçirilməsi anlamına gələrdi ki, bu da mülki prosesin çəkişmə prinsipinə ziddir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla iş üzrə müəyyən edilmiş halları və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 377.1, 1091.1, 1091.2, 1092.1-ci; MPM-in 14.2, 77.1, 82.3, 88, 119.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

39. MM-in 383-cü maddəsi üzrə - Məhəkəmənin qərar qəbul edərkən qurunt suyunun axıdılması barədə hesabat verilməsi barədə 2019-cu il fevral ayında 15.202 manat məbləğində sərfiyyat hesbalanmasına dair ekspertiza rəyinə əsaslanması əsassızdır. Belə ki, keçirilən ekpertiza dövrü 2019-cü ili əhatə etməklə tərəfimizdən həmin dövr üçün qətnamə tam icra olunmuş, mübahisə edilən borc məbləği iddiaçının abonent hesabından silinmişdir. Hazırkı dövr üçün qurunt suyunun hesablanmasına dair ekpertiza təyin edilmədən mübahisəli pulun geri qaytarılması prosessual hüquq normalarının pozuntusudur.

40. MM-in 1095-ci maddəsi üzrə - Iş üzrə qeyd olunan maddi hüquq normaları tətbiq edilməli halda tətbiq edilməmişdir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Belə ki, iddiaçı bu barədə 2022-ci ildə məlumatlı idi bu onu iddiaçının 2022ci ildə Bakı Kommersiya Məhkəmsinə müraciət etməsində və həmin ildə 2022-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnamə ilə sübut olunur. Beləliklə 15.202 manat pulun geri tələb edilməsi tam əsassızdır.

41. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci bəndi üzrə - Bildiririk ki, yaranmış borc məbləği əsaslıdır. Belə ki, abonent haqqlnda məlumat vərəqindən göründüyü kimi 2016-cı il üçün satış 16.782 manat təşkil etdiyi halda ödəniş 12.670 manat, 2019-cu il üçün satış 2.164 manat olduğu halda ödəniş 620 manat, 2021-cü il üçün 4.296 manata münasib 150 manat, 2023-cü il il üçün 2.568 manat satışa münasibətdə 250 manat, 2024-cü il üçün isə satış 1.292 manat olduğu halda ümumiyyətlə ödniş edilməmişdir. Belə olan halda qalıq borc məbləği 17.272,72 manat təşkil etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

43. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

46. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadə edilməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunduğundan həmin hal preyudisial əhəmiyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin də düzgün qeyd etdiyi kimi, cavabdeh əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş həmin halın sonradan dəyişdiyini, yəni iddiaçı tərəfindən sonrakı dövrdə faktiki olaraq qrunt suyunun axıdıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

51. Buna görə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məsələyə dair qənaəti ilə razılaşır və hesab edir ki, bu qənaət işin müəyyən edilmiş hallarına və Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Kassasiya şikayətinin bu barədə dəlili isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas vermir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh “xxxx” publik hüquqi şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar