Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-477/2026 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a)Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı xxxx” MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 2024-cü il ## #### tarixli borc müqaviləsi üzrə müqavilə şərtlərini kobud surətdə pozaraq öhdəliklərini yerinə yetirməyən cavabdeh tərəfindən iddiaçıya borclu olduğu 13512 manat kredit borcu, 418.91 manat istifadə faizi üzrə borc və 17000 manat cərimə, ümumilikdə 30930.91 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 2024-cü il ## #### tarixli müqaviləyə əsasən əsas borc üzrə 13.512 (on üç min beş yüz on iki) manat, faiz borcu üzrə 418 (dörd yüz on səkkiz) manat 91 (doxsan bir) qəpik, cərimə borcu üzrə 650 (altı yüz əlli) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov). 3.Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 4.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər S.Cəfərov və T.Qocayev). 5. 6.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayətinin (həmçinin müddətin bərpası barədə ərizə) geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər S.Cəfərov və T.Qocayev). 7. 8.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə # #### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair cavabdehin nümayəndəsinin (vəkili) ərizəsinin təmin olunmaması və kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır (sədrlik edənməruzəçi hakim E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov). 9.Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmənin 2026-cı il # #### tarixli qətnaməsinin 2026-cı il # #### tarixində cavabdehin vəkilinə məxsus elektron kabinetə yerləşdirilməsinə, 2026-cı il # ### tarixinədək qətnamədən kassasiya şikayəti verilməsi üçün müddət nəzərdə tutulmasına baxmayaraq, cavabdeh tərəfindən ilk dəfə kassasiya şikayəti 2026-cı il ## ### tarixində verilmişdir.
10. Cavabdehin vəkilinin elektron kabinetində yaranmış nasazlığın 2 aydan artıq davam etməsi ilə bağlı dəlili ağlabatan deyildir. Digər tərəfdən yaranmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən zəruri hərəkətlər edilməsini təsdiq edən sübut (yaranmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə edilmiş müraciət) məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh müddət ötürüldükdən sonra vermiş olduğu ilkin kassasiya şikayətinə də laqeyd yanaşmış, kassasiya şikayətində və müddətin bərpası barədə ərizədə tələbini düzgün qeyd etməmiş və həmin şikayət məhkəmə təərfindən geri qaytarılmışdır .
11. Cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
12. 2026-cı il ## #### tarixindən Elektron Məhkəmə sistemində baş vermiş dəyişikliklərə görə həmin qətnamənin sistemə yüklənməsindən heç bir xəbəri olmamışdır. Bununla bağlı kassasiya şikayəti yazarkən müddətin bərpasına dair ərizədə bunu xüsusilə vurğulayıb qeyd etmişdir. Elektron Poçt ünvanında yaranmış nasazlıqla əlaqədar olaraq qətnamənin yerləşdirilməsi tarixində problem yaşanmış və həmin sənədi görmək mümkün olmamışdır. Müddətin bərpa edilməsinə dair ərizədə belə bu kimi halların qeyd edilməsinə və sübuta yetirilməsi üçün müddətin bərpa edilməsinə ehtiyac yaranmışdır. Hazırki vəziyyət işin faktiki hallarına ziddir: birincisi elektron məhkəmə sistemində baş vermiş dəyişikliklər nəzərə alınmalıdır. Lakin bu hal nəzərə alınmamışdır. Həmin zaman hansı mülki xarakterli işin elektron kabinetə yerləşdirilməsi ilə bağlı tarix və zamanında göstərilməsində bir sıra dəyişikliklər və problemlər mövcud olmuşdur. Belə olduğu təqdirdə məhkəmə işin faktiki hallarını araşdırıb bu kimi halın olub-olmamasına əsas gətirməli və daha sonra bununla bağlı qərar çıxarmalıdır. Hazırki vəziyyətdə cavabdehin konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Elektron Məhkəmə sistemində yaranmış problem cavabdehə görə yaranmamış, ümumi bu kimi halın aradan qalxması onun üzərinə düşən bir öhdəlik olmamışdır. Hazırki iş üzrə müddətin bərpasına dair ərizədə bu kimi hal qeyd edilmiş və göstərilmişdir. Lakin apellyasiya məhkəməsi bu məsələni araşdırmamış, imzanın cavabdehə məxsus olub-olmamasını müəyyən etməmiş, işin faktki hallarına əsaslanmayan qərardad qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması ... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” ... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
“Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.”
“Maddə 129. Prosessual müddətlərin qurtarması 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. ...”
“Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.”
“Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ...”
“Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. ... 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. ...”
“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan (bax §16) göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
19. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il # ### tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
20. Baxılan işdə, cavabdeh prosessual müddətin buraxılmasını 2026-cı ilin ## #### tarixindən sonra elektron poçt ünvanında yaranmış nasazlıqla əlaqələndirmiş, qətnamənin sistemə yüklənməsindən xəbərsiz olduğunu göstərmişdir.
21. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının elektron qaydada cavabdehə təqdim olunduğu 2026-cı ilin # #### tarixində «Elektron Məhkəmə Informasiya Sistemi»ndə hər hansı nasazlığın olmasına dair məlumat və ya sübutlar mövcud deyildir. Digər tərəfdən, cavabdeh ilk dəfə kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsinin 2026-cı il # #### tarixli qərardadında qeyd olunmuş nöqsanlarla 2026-cı ilin ## ### tarixində təqdim etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsinin təmin edilməməsindən və kassasiya şikayətinin qaytarılmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.