Məhkəmə qərarları › İş №2-2(1-8)-5/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-5/2026

12.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-5/2026 12.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Iş № *-2(1-8)-5/2026 Bakı şəhəri Açar sözlər: maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şahbazov Kamran Qurban oğlunun katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “qaz kəmərinin mühafizə zonasından ağacların köçürülməsi və s. tələbinə dair” kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Azərbaycan Dövlət Neft Şirkətinin “X1 kəmərləri sahəsinin DŞ1020 MM-lik Qazməmməd-Qazax İ-ci xətt Magistral qaz kəmərinin Texniki pasportundan müəyyən edilir ki, qeyd edilən kəmər 52,806 km olmaqla, yeraltı kəmər olmaqla 1970-ci ildə istismara qəbul edilməsi, qol qaz kəmərləri, təzyiqi, əlaqələndirici xətləri, keçdiyi yaşayış məntəqələri və coğrafi adlar barədə məlumatlar, kəsişdiyi avtomobil yolları və dəmir yolu xətləri, həmçinin demontaj edilmə tarixləri qeyd edilmişdir.

2. Azərbaycan Dövlət Neft Şirkətinin “X1 kəmərləri sahəsinin DŞ1220 MM-lik Qazməmməd-Qazax II-ci xətt Magistral qaz kəmərinin Texniki pasportundan müəyyən edilir ki, qeyd edilən kəmər 117 km olmaqla, yeraltı kəmər olmaqla 1979-cu ildə istismara qəbul edilməsi, qol qaz kəmərləri, təzyiqi, əlaqələndirici xətləri, keçdiyi yaşayış məntəqələri və coğrafi adlar barədə məlumatlar, kəsişdiyi avtomobil yolları və dəmir yolu xətləri, həmçinin demontaj edilmə tarixləri qeyd edilmişdir.

3. ************ nömrəli çıxarış, ************ nömrəli RX seriyalı ******* nömrəli çıxarış, ************ nömrəli çıxarış, ************ nömrəli çıxarış, ************ nömrəli çıxarış, ************ nömrəli RX seriyalı ******* nömrəli çıxarış, ************ nömrəli RX seriyalı ******* nömrəli çıxarış, ************ nömrəli RX seriyalı ******* nömrəli çıxarışlarda qeyd olunmuş Imsayıllı rayonu, Xəlilli kəndində yerləşən müxtəlif ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh MMC-nin mülkiyyətindədir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz Ixrac” Idarəsinin X1 Kəmərləri Sahəsinin istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm )) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm)) “Qazıməmməd-Qazax II xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında, Ismayıllı rayonu Xəlilli kəndinin yaxınlığında Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) tərəfindən basdırılmış ağacların mühafizə zonasından öz vəsaiti hesabına çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Iddia tələbi belə əsaslandırılmışdır ki, Ismayıllı rayonu, Xəlilli kəndinin ərazisindən keçən “Qaz Ixrac” Idarəsinin X1 Kəmərləri Sahəsinin balans və istismarında olan (Ø1020 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm) istismara verilmə tarixi 1970ci il) “Qazıməmməd-Qazax İ xətt” və (Ø1220 mm, yeraltı, layihə təzyiqi 5,5 MPa (55 kqq/sm ) istismara verilmə tarixi 1980-ci il) “Qazıməmməd-Qazax II xətt” magistral qaz kəmərlərinin üzərində mühafizə zonasında cavabdeh tərəfindən ağaclar basdırılmışdır. Magistral qaz kəmərinin mühafizə zonasında basdırılmış ağacların çıxarılması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Respublikada qaza olan tələbatın artması perspektivləri (işğaldan azad olunmuş ərazilərdə təbii qaz təchizatı infrastrukturunun yaradılması, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı ölkənin qərb regionlarının təbii qaza olan tələbatın artması, Azərbaycan IES-ə təbii qazın nəqlində etibarlığın təmin edilməsi), habelə Gürcüstan Respublikasına ixrac ediləcək təbii qaz həcmlərinin artması perspektivləri qərb (Gürcüstan Respublikası) istiqamətində qaznəql sisteminin yenidənqurulması və əsaslı təmiri işlərinin aparılmasını tələb edir. Məsələnin həlli ilə əlaqədar 2013-cü ildən 1020 mm-lik “Qazıməmməd-Qazax, İ xətt” magistral qaz kəmərinin (1970-ci ildən istismar edilir) 0÷210-cu km hissəsinin yenidən qurulması” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Hal-hazırda işlər davam etdirilir. Yaxın gələcəkdə İ xəttin 0÷210-cu km hissəsi ilə təbii qazın yalnız Gürcüstan Respublikasına nəqli nəzərdə tutulur ki, ölkənin qərb regionlarının təbii qaza artan tələbatının ödənilməsi üçün 1220 mmlik “Qazıməmməd-Qazax, II xətt” magistral qaz kəmərinin (1980-ci ildən istismar edilir) 0÷210-cu km hissəsinin təhlükəsiz istismarının təmin edilməsi üçün əsaslı təmir işlərininyerinə yetirilməsi nəzərdə tutulur. Lakin işlərin görülməsi üçün qaz kəmərinin mühafizə zonası boşaldılmalıdır. Cavabdehə məxsus buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan basdırılan ağaclar qaz kəmərinin istismarı və zədələnməsi üçün təhlükə yaradır. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır.

6. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçıya məxsus Ismayıllı rayonunun Xəlilli kəndində yerləşən təxminən 40 ha torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bu torpaq sahələrində şirkət tərəfindən təxminən 30000 ədəd badam ağacları əkilərək badam bağları salınmış, xüsusi suvarma sistemləri quraşdırılmışdır. Iddiaçı qeyd edilən torpaq sahələrini əldə etməmişdən qabaq orada üzüm bağları salınmışdı və həmin dövrdə də hər hansı işlək qaz kəmərinin olması barədə məlumatları olmamışdır. Qeyd edilən badam bağları təsərrüfatının hazırkı bazar dəyəri təxminən 10000000 manat təşkiledir. Şirkətdə 50-ə yaxın insan daimi və mövsümi işlə təmin edilmişdir. Iddianın təmin ediləcəyi təqdirdə şirkətin fəaliyyətinə ciddi ziyan dəyəcək, şirkət böyük maliyyə itkisi ilə üzləşək, işçilərin ixtisarı, şirkətin fəaliyyəti dayanacaqdır. Iddiaçının qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə, o cümlədən qaz kəmərinin yerini dəyişmək, müvafiq kompensasiya ödəmək və s. şərtlər daxilində həll oluna bilər.

7. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə mütəxəssis və ekspert rəyindən müəyyən edilir ki, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMCnin mülkiyyətində olan 5,22 hektar torpaq sahəsinin 2,158 hektar hissəsi, 407013048779 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3 hektar torpaq sahəsinin 1,364 hektar hissəsi, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3,9439 hektar torpaq sahəsinin 1,236 hektar hissəsi, 4070130000394 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 1,9951 hektar torpaq sahəsinin 0,236 hektar hissəsi, 407013049020 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 13,6243 hektar torpaq sahəsinin 3,33 hektar hissəsi, 407013091860 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 2,4194 hektar torpaq sahəsinin 0,517 hektar hissəsi (ümumilikdə 8,841 hektar hissəsi) “Qaz Ixrac” Idarəsinin X1 Kəmərləri sahəsinin balans və istismarında olan (diametri 1020 mm) “Qazməmməd-Qazax İ xətt” və (diametri 1220 mm) “Qazməmməd-Qazax II xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında yerləşir. “Qaz Ixrac” Idarəsinin X1 Kəmərləri sahəsinin balans və istismarında olan (diametri 1020 mm) “Qazməmməd- Qazax İ xətt” və (diametri 1220 mm) “QazməmmədQazax II xətt” magistral qaz kəmərlərinin mühafizə zonasında yerləşən ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMCnin mülkiyyətində olan 5,22 hektar torpaq sahəsinin 2,158 hektar hissəsində, 407013048779 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3 hektar torpaq sahəsinin 1,364 hektar hissəsinsə, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 3,9439 hektar torpaq sahəsinin 1,236 hektar hissəsində, 4070130000394 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 1,9951 hektar torpaq sahəsinin 0,236 hektar hissəsində, 407013049020 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMCnin 13,6243 hektar torpaq sahəsinin 3,33 hektar hissəsində, 407013091860 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin 2,4194 hektar torpaq sahəsinin 0,517 hektar hissəsində CavabdehMMC-yə məxsus ağaclar mövcuddur.

8. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin hesabına “Qaz Ixrac” Idarəsinin X1 kəmərləri sahəsinin balans və istismarında olan (diametri 1020 mm) “Qazımemmed- Qazax / xətt və diametri 1220 mm) “Qazımemmed-Qazax // xətt magistral qaz kəmərlərinin mühafizə zonasında yerləşən ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMCnin mülkiyyətində olan 5.22 hektar torpaq sahəsinin 2.158 hektar hissəsində, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 3,0 hektar torpaq sahəsinin 1.364 hektar hissəsində, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 3,9439 hektar torpaq sahəsinin 1.236 hektar hissəsində, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMCnin mülkiyyətində olan 1.9951 hektar torpaq sahəsinin 0.236 hektar hissəsində, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 13,6243 hektar torpaq sahəsinin 3.33 hektar hissəsində, ************ nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh MMC-nin mülkiyyətində olan 2,4194 hektar torpaq sahəsinin 0.517 hektar hissəsində basdırılmış ağacların çıxarılması, qaz kəmərində təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən şərait yaradılması qət edilmişdir (hakim M.Hüseynov).

9. Məhkəmə göstərmişdir ki, qeyd edilən kəmərlər Ismayıllı rayonu Xəlilli kəndinin ərazisindən, həmçinin Cavabdeh MMC-yə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçir. Həmin torpaq sahələrindən göstərilən boru kəmərləri, həmin torpaq sahələri mülkiyyətə verilməmişdən əvvəl, yəni Respublikada aparılmış aqrar islahata qədər çəkilmişdir. Hazırkı mübahisədə yeni kəmər çəkilişi üçün torpaq sahəsinin alınmasından söhbət getmir. Çünki qeyd edilən torpaq sahələri hələ 1980-ci illərdə çəkilmiş və qanunla qeyd edilən kəmərlərin müvafiq təhlükəsizlik üçün mühafizə zonası müəyyən edilmişdir. Ona görə də bu halda müvafiq kompensasiya verilməklə torpaq sahəsinin geri alınması halı mövcud deyildir.

10. Iddiaçının tələbindən və təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, qeyd edilən kəmərin bərpası işğaldan azad olunmuş regionun qazlaşdırılmasının təmin edilməsinə yönəldilmiş və 1970-ci illərdən mövcud kəmərin yenidən təmir-bərpa edilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Bu səbəbdən qeyd edilən təmir işlərini qeyd edilən kəmərin üzərində və mühafizə zonasında əkilmiş ağacların çıxarılmadan təmiri və bərpasını, müvafiq mütəxəssis və ekspert rəyləri həmçinin adi məntiqlə məhkəmə mümkün hesab etmir.

11. Məhkəmə qarşı tərəfin diqqətinə çatdırmışdır ki, hazırkı mübahisədə torpaq sahəsinin dövlət ehtiyacı üçün alınması mübahisə predmeti deyil, çünki qeyd edilən torpaq artıq neçə illər əvvəl boru kəməri üçün ayrılmışdır. Cavabdeh isə qeyd edilən kəmərin mühafizə zonasında torpaq sahəsindən istifadə ilə bağlı gördüyü işləri müvafiq razılaşma aparılmadan həyata keçirdiyindən və müvafiq qanunvericiliyin tələblərinə əməl etmədiyindən iddianın rədd edilməsi qanuni deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 6.3, 152.5, 154.2, 238.4, Torpaq Məcəlləsinin 11, 18, 22, 49, 84, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 117.1, 119.1, 218.3cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.1, 2.2, 2.3, 2.4, 2.7, 2.8, 2.9, 2.10, 2.11, 2.12, 3.9 -cu bəndlərinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Sadıqov, hakimlər – E.Hüseynov və Ə.Kərimov).

15. Kollegiya birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri münasibətdə göstərmişdir ki, hazırkı iddia tələbləri cavabdehin məlum torpaq sahələri üzrə mülkiyyət hüququndan məhrum olunması və yaxud torpaq sahəsinin alınması ilə əlaqədar deyil, torpaq sahəsinin müvafiq qanunvericilik normalarının tələbləri ilə nizamlanan qaz boru kəmərlərinin mühafizə zonasına daxil olan hissəsindən müəyyən təyinatlar üzrə istifadəsinin məhdudlaşdırılması (o cümlədən də, bütün növ kol və ağacların basdırılması və s.) ilə əlaqədardır. Halbuki, mülki qanunvericilikdə və torpaq qanunvericiliyində də torpaq mülkiyyətçilərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçən boru kəmərləri ilə bağlı müvafiq məhdudiyyətlərə əməl etmələri təsbit olunmuşdur.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 6.3, 139.1, 152.1, 152.5, 152.6, 152.7, 153.3, 154.2, 238.1, 238.4, 560.1, 560.2, Torpaq Məcəlləsinin 11, 22, 49, 62, “Qaz təchizatı haqqında” Qanunun 19, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.1, 2.2, 2.7, 2.8, 2.9, 2.10, 2.11, 2.12-ci bəndlərinə, MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 217.5, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Azərbaycan Respublikası Konstitusiyasının 29, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi üzrə - cavabdehin mülkiyyətində olan torpaq sahəsindəki ağacların çıxarılmasının qət edilməsi qanuni mülkiyyətdən məhrum edilmə ilə nəticələnəcəkdir. Məhkəmə onu mülkiyyətindən ədalətli dəyərini ödəmədən məhrum etməklə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini kobud surətdə pozmuşdur.

19. MM-in 139.1, 238, 240-cı maddələri iüzrə - torpaq sahələrini öz mülkiyyətinə əldə edərkən və sonra dövlət qeydiyyatını apararkən torpaq sahələrinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilmişdir. Bu zaman həmin torpaq sahələrindən istifadəyə dair hər hansı məhdudiyyət, o cümlədən “Qaz Ixrac” Idarəsi tərəfindən X1 kəmərləri sahəsinin balans və istismarında olan qaz kəmərləri ilə bağlı məhdudiyyət və ya mühafizə zonasının olması barədə heç bir məlumat verilməmişdir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 5-ci maddələri üzrə - məhkəmə torpaqlar üzərində cavabdehin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və məhz bu sənədlərə etimad edərək mülkiyyət hüquqlarını həyata keçirməsini nəzərə almamışdır.

21. MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçının iddianın əsası kimi təqdim etdiyi yeganə sənəd “Texniki şərt” adlı sənəddir. Həmin sənədi iddiaçı özü hazırlamış, tərtib etmiş və təsdiq etmişdir, buna görə də mötəbər sübut hesab edilə bilməz. Halbuki, əgər həqiqətən də dövlət əhəmiyyətli layihədirsə, belə sənəd, layihə müvafiq dövlət orqanları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Nazirlər Kabineti tərəfindən də təsdiqlənməli idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Iddiaçının nümayəndəsi-vəkili kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya baxışının hədləri

23. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 6. Mülki qanunvericiliyin prinsipləri ... 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. ...”

“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ...”

“Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ ... 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. ...”

“Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi ... 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.”

“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; ...”

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 11.

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. 2.Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. 3.Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. 4.Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.”

“Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar. ...

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 3.Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. ...

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.”

“Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. ...”

“Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı ...

6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.”

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları ... “2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri; boru kəmərlərini paslanmadan mühafizə edən elektrokimyəvi mühafizə, texnoloji rabitənin qurğuları və xətləri, boru kəmərlərinin telemexanika ləvazimatları; məsafədən idarə edilən bağlayıcı armaturların, boru kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının elektrik ötürücü xətləri və elektrik təchizatı cihazları; yanğından mühafizə ləvazimatı, boru kəmərlərinin eroziyaya qarşı mühafizə qurğuları; kondensatın saxlanması və qazsızlaşdırılması üçün tutumlar, sıxılmış karbohidrogenlərin buraxılması üçün yeraltı anbarlar; boru kəmərlərinin istismarında xidməti xətt qurğuları; boru kəmərləri boyunca yerləşən daimi yollar, helikopter meydançaları, kəmərlərə gedən yollar, boru kəmərlərinin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlar; əsas və aralıq kompressor və qazpaylayıcı stansiyalar avtomobillərə sıxılmış qazdoldurma stansiyaları; yeraltı qazsaxlama stansiyaları. 2.3. Boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5—2 metr hündürlüyündə qurulur. ... 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.9. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar. 2.10. Boru kəmərlərinin mühafizə zonalarında yerləşdirilməsi, suvarılan torpaqların müvəqqəti su altında qalması ilə əlaqədar görülən işlər, torpaq istifadəçiləri, mülkiyyətçilər və icarəçilər ilə boru kəmərlərini istismar edən hüquqi şəxslər arasında razılaşma ilə aparılır. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 2.12. Boru kəmərlərinin texniki vəziyyəti ilə əlaqədar, baş verə biləcək qəzaların qarşısını almaq üçün, təmir işlərinin aparılması tələb olunduğu halda, boru kəmərlərini istismar edən hüquqi şəxslər, Dövlət Neft Şirkəti, onun yerli orqanları tərəfindən, torpaq istifadəçilərinə, mülkiyyətçilərinə və icarəçilərinə əvvəlcədən bildirməklə, təmirə ehtiyacı olan boru kəmərləri sahəsində və qaydaların 2.9, 2.10, 2.11-ci yarımbəndlərində göstərilən işlərin aparılmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş, magistral boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında verilmiş boru kəmərlərinin mərkəzi oxundan şəhər və digər yaşayış məntəqələrinə qədər olan ərazilərdə müvəqqəti olaraq (təmirin sonuna qədər), minimal məsafələrlə məhdudlaşdırılmasına ixtiyar verilir. Çoxsaylı qarışıq boru kəmərlərində göstərilən məsafə kənar boru kəmərlərinin orta xəttindən təyin edilir. ... 2.25. Kəmərin xətti hissəsinə xidmət edilməsini və mühafizəsini kəməri istismar edən müəssisənin (təşkilatın) xətt baxıcıları tərəfindən həyata keçirilir. ... 2.27. Bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. ... 3.9. Qaz kəmərlərindən ağacların gövdəsinə qədər məsafə 1,5 metrdən az olmamalıdır. Ondan kol bitkilərinə qədər olan məsafə müəyyənləşdirilmir. ... 7.28. Hər bir istismara qəbul edilən qaz kəmərinə pasport tərtib edilməlidir və oraya qaz kəmərini xarakterizə edən əsas göstəricilər qeyd olunmalıdır. Sonralar isə oraya istismar prosesində təmir üzrə aparılan bütün işlər barədə məlumatlar əlavə edilir. Yeraltı və yerüstü qaz kəmərlərinin texniki xidməti üzrə bütün işlər müəyyən olunmuş qaydada işlənib hazırlanmış və təsdiq olunmuş təlimatlara əsasən, cədvəldə nəzərdə tutulan müddətlərdə aparılmalıdır. 7.29. Qaz kəmərlərinin və qurğularının, şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində nəzərdən keçirməklə, yoxlanması qaz təsərrüfatı müəssisələrinin təyin etdiyi və qaz kəmərlərinin təhlükəsiz istismarını təmin edən müddətlərdə aparılmalıdır. Yoxlama müddətləri qaz təsərrüfatının tabe olduğu rəhbər təşkilatlar, baş qaz idarələri tərəfindən təsdiq edilməlidir. Qaz kəməri xətlərinin yoxlanılması müddətləri təyin edilərkən onların konkret istismar şəraiti: istismar olunması müddəti, qaz kəmərinin vəziyyəti, qazın təzyiqi, zirzəmilərdə qaz siqnalizasiyasının olması, torpaqların qabarma xüsusiyyəti və korroziya aktivliyi, azmış cərəyanların olması, mühafizənin olması, ərazinin xüsusiyyəti və onun tikililərlə sıxlığı, ilin fəsli və s. nəzərə alınmalıdır. Istismar şəraitinin dəyişilməsi və istismar prosesində toplanan təcrübə nəzərə alınmaqla qaz kəmərlərinin yoxlanılması müddətlərinə hər il yenidən baxılmalıdır. 7.30. Yeraltı qaz kəmərləri xətlərini yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz qurğularında və qaz kəmərindən hər iki tərəfə 15 metrədək məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasiyanın, istilik trassasının, su kəmərinin, telefon və s.) quyularında, binaların zirzəmilərində, kollektorlarda, körpü dayaqları şaxtalarında, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır. Yeraltı qaz kəmərləri xətlərini yoxlamaq üçün müəyyən nömrələri olan marşrut kartları tərtib olunmalı və bunlar yoxlayıcı şəxslərə verilməlidir. Hər bir marşrut kartında qaz kəmərləri xəttinin sxemi və uzunluğu, həmçinin kəmərdən hər iki tərəfə 15 metr radiusda yerləşən bütün yeraltı kommunikasiyaların quyuları və binaların zirzəmiləri göstərilməlidir. ... 7.35. Şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində qaz təchizatı sistemlərini mühafizə vasitələrinin istismarı və yeraltı qaz kəmərlərinin korroziya (paslanma) vəziyyətinin dövrü olaraq yoxlanılması işləri — ixtisaslaşdırılmış mühafizə xidmətləri (dəstələri), laboratoriyalar, qaz kəmərlərində korroziya təhlükəsi törədən zonaların vaxtında aşkar edilməsinə və onların aradan qaldırılmasına cavabdehlik həvalə olunmuş qaz təsərrüfatı müəssisələrinin şöbələri tərəfindən yerinə yetirilməlidir. Bu təşkilatların heyətində hazırlıqlı və həmin növ işləri görməyə icazə verilmiş lazımi miqdarda fəhlə və X3 (MTI) ştatı olmalıdır. Müəssisələrə, idarələrə və başqa təşkilatlara məxsus yeraltı qaz kəmərlərini elektrik mühafizə avadanlıqlarına həmin müəssisələrin (idarələrin) qüvvəsi və vəsaiti hesabına, yaxud həmin işlərin görülməsi üçün müqavilələr üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən xidmət edilməlidir. ... 7.44. Bütün təzyiqli yeraltı polad qaz kəmərləri, armaturlar və s. istismar prosesində onların kipliyini, həm də izolyasiyasının və borunun xarici səthinin vəziyyətini təyin etmək məqsədi ilə dövrü olaraq yoxlanılmalıdır. 7.45. Bütün təzyiqli qaz kəmərlərində kipliyin yoxlanılması beş ildə bir dəfədən az olmayaraq aparılmalıdır. ... 7.47. Bütün yeraltı polad qaz kəmərlərini istismara buraxdıqdan sonra mühafizə örtüklərinin vəziyyəti və boruların kipliyi 5 ildən bir yoxlanılmalıdır. 7.48. Cihazlar vasitəsilə aşkar edilən yerlərdə şurf (dayaz quyu) qazmaqla da qaz kəmərlərini yoxlamaq olar; cihaz olmadıqda isə belə şurflar küçə, qəsəbələrarası və şəhər magistral qaz kəmərlərində hər kilometrdən bir və həyət, yaxud məhəllə paylayıcı, qaz kəmərlərində isə hər 200 metrdən bir açılmalıdır (lakin hər həyətdə, keçiddə, yaxud məhəllədə bir şurfdan az olmamaq şərtilə). Yoxlamaq üçün tramvay xətlərinə və elektrikləşdirilmiş dəmir yollarına daha yaxın olan sahələr, həmçinin korroziyaya uğrama daha aktiv olan torpaq sahələri seçilməlidir. Mühafizə örtüklərinin vəziyyəti və borunun xarici səthinin vəziyyəti şurflar qazmaqla yoxlanılır. ... 7.50. Qaz kəmərinin kipliyinin, borunun xarici səthinin və izolyasiyasının vəziyyətinin yoxlanılmasının nəticəsi qaz kəmərinin pasportunda qeyd edilməli və qaz kəmərinin təmir növü və müddətləri müəyyən edilərkən nəzərə alınmalıdır. Əgər yoxlama zamanı zədələnmə aşkar edilərsə (izolyasiyanın pis vəziyyətdə olması, korroziya ilə zədələnmə), qaz kəmərinin gələcəkdə daha artıq zədələnməsinin qarşısını almaq və aşkar edilmiş zədələrin aradan qaldırılması üçün tədbirlər hazırlanmalıdır. 7.51. Qaz kəmərlərindəki quyularda quraşdırılmış siyirtmə, kran, kompensator və başqa armaturlara qaz təsərrüfatı müəssisəsinin baş mühəndisinin, yaxud bu müəssisənin vəzifəsini yerinə yetirən təşkilatın təsdiq etdiyi cədvələ uyğun olaraq ildə azı bir dəfə texniki xidmət göstərilməlidir. Armaturun yoxlanılmasının və təmirinin nəticələri qaz kəmərinin pasportuna qeyd edilməlidir.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır.

30. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X1 kəmərləri sahəsinin DŞ1020 MM-lik Qazməmməd-Qazax İ-ci xətt Magistral qaz kəməri 52,806 km olmaqla 1970-ci ildə, həmin şirkətin “X1 kəmərləri sahəsinin DŞ1220 MM-lik Qazməmməd-Qazax II-ci xətt Magistral qaz kəməri 117 km olmaqla 1979-cu ildə istismara qəbul edilmişdir.

31. Qeyd olunan kəmərlər Ismayıllı rayonu Xəlilli kəndinin ərazisindən, həmçinin hazırkı iş üzrə cavabdehin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən (bu torpaq sahələrində badam ağacları əkilmişdir) keçir.

32. Həmin torpaq sahələrindən adı çəkilən boru kəmərləri Azərbaycan Respublikasında 1995-ci ildən başlayaraq aparılmış aqrar islahatlarınadək çəkilmişdir.

33. Iddia tələbini cavabdehin mülkiyyətində olan torpaq sahələrinin mühazifə zonasına düşən ağacların onun öz hesabına çıxarılması və qaz kəmərlərinin bərpasına şərait yaratması təşkil edir.

34. Hazırkı iş üzrə alınmış məhkəmə ekspertizasının ## ### 2025-ci il tarixli **/**** nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 8,841 ha hissəsi qaz kəmərlərinin mühafizə zonasında yerləşir və bu torpaq sahələrində cavabdehə məxsus ağaclar mövcuddur.

35. Beləliklə, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən doğrudan da qaz kəmərlərinin mühafizə zonasına düşən torpaq sahələrində mövcud qanunvericiliyin tələblərinə riayət edilmədən ağaclar əkilmişdir. Bu hal isə onun torpaq mülkiyyətçisi olsa da, həm torpaq , həm də sahəvi qanunvericilik normalarının torpaq sahəsinin qaz boru kəmərlərinin mühafizə zonasına aid olan hissəsinin müəyyən təyinatlar üzrə istifadəsi ilə əlaqədar müəyyənləşdirilmiş məhdudiyyətlərə əməl edilməməsi ilə nəticələnməsinə səbəb olmuşdur.

36. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin torpaq mülkiyyətçisinin torpaq sahəsindən keçən boru kəmərləri ilə bağlı müvafiq məhdudiyyətlərə əməl etmək vəzifəsini daşıması ilə bağlı mövqeyi ilə razılaşır.

37. Bununla belə məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı mübahisənin qanuni və ədalətli həll edilməsi üçün tərəflərin mübahisəyə qədərki davranışları nəzərə alınmaqla bu cür münasibətləri nizamlayan maddi hüquq normalarını əlaqəli surətdə qiymətləndirməklə hazırkı mövcud hüquqi vəziyyətdə məsuliyyətlərinin müəyyənləşdirilməsi müstəvisində dəyərləndirmə kifayət qədər aparılmamış və nəticədə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulması ilə nəticələnən məhkəmə aktı çıxarılmışdır.

38. Əvvəldə də göstərildiyi kimi cavabdehin iddia tələbinə qarşı etirazının əsas dəlillərindən biri onun mülkiyyətində olan torpaq sahələrindən istifadə ilə bağlı məhdudiyyət və ya mühafizə zonasının olması barədə iddiaçı tərəfindən heç bir məlumatın verilməməsidir.

39. Belə ki, iş materiallarında olan cavabdehin torpaq sahələri ilə bağlı dövlət reyestrindən çıxarışlara əsasən müəyyən edilir ki, onun mülkiyyət hüququ 4 torpaq sahəsi ilə bağlı 2017-ci, digər 4 torpaq sahəsi ilə əlaqədar isə 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh 2017-ci ildən başlayaraq mülkiyyətində olan torpaq sahələrində badam ağacları əkmişdir.

40. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ və III hissələri). Bu normaların əlaqəli surətdə təhlili ona dəlalət edir ki, mülkiyyət hüququnun toxunulmazlığı ən yüksək səviyyədə təminat altında olmasına baxmayaraq o mütləq hüquq kimi qəbul olunmur, digərləri ilə yanaşı cəmiyyətin və dövlətin mənafeləri baxımından bu və ya digər formada məhdudlaşdırılmaya məruz qala bilər. Belə yanaşma, həmçinin Konstitusiyanın 29-cu maddəsində də əks olunmuşdur.

41. Konstitusiyanın 71-ci maddəsinə (II hissə) görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

42. Məhz belə yanaşmanı əsas götürməklə Mülki Məcəllənin 6.4-cü maddəsində də nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

43. Mülkiyyətçinin (torpağa mülkiyyət hüququ olan şəxslər də aid edilməklə) qanunda və ya müqavilədə məhdudiyyətlər nəzərə alınmaqla əmlaka (əşyaya) sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək hüquqları Mülki Məcəllədə də tanınmaqla yanaşı başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı və digər təyinatlı torpaq sahələrinin qanunla müəyyənləşdirildiyi birbaşa göstərilmişdir (Mülki Məcəllənin 152.5 və 238.4-cü maddələri).

44. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar (Torpaq Məcəlləsinin 11.1, 22.2 və 22.3-cü maddələri).

45. Həmin Məcəllənin 84-cü maddəsinin 6-cı bəndinə görə Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

46. Tərəflər arasında hüquq münasibətinin yarandığı anda qüvvədə olmuş “Qaz təchizatı haqqında” Qanunun (yeni Qanunun qüvvəyə mindiyi # ###### 2026-cı il tarixində ləğv olunmuşdur) 19-cu maddəsinin 1-ci bəndində göstərilmişdir ki, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.

47. Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 1999cu il ## #### tarixli *** nömrəli qərarla “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları (bundan sonra – “Qaydalar”) təsdiq edilmişdir.

48. Qaydaların 7.28, 7.29, 7.30, 7.35, 7.50, 7.51-ci bəndlərinin əlaqəli surətdə təhlilindən aydın olur ki, qaz kəmərlərinin istismarı zamanı onların texniki sazlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövri yoxlama, texniki xidmət və təmir tədbirlərinin həyata keçirilməsi buna səlahiyyətli edilmiş qurumun üzərinə qoyulmuş əsas vəzifələrdəndir. Belə ki, qaz kəmərlərinin istismar müddəti, texniki vəziyyəti, korroziyaya məruz qalma dərəcəsi və digər istismar şəraiti nəzərə alınmaqla onların müəyyən edilmiş müddətlərdə yoxlanılması, aşkar edilmiş zədələnmə və nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, habelə aparılmış yoxlama, texniki xidmət və təmir işlərinin nəticələrinin qaz kəmərinin pasportunda əks etdirilməsi nəzərdə tutulmuşdur.

49. Həmçinin həmin Qaydaların 7.44, 7.45 və 7.47-ci bəndlərindən də görünür ki, yeraltı qaz kəmərlərinin təhlükəsiz istismarının təmin edilməsi üçün onların texniki vəziyyəti mütəmadi və planlı şəkildə yoxlanılmalıdır. Belə yoxlamaların 5 ildən gec olmayaraq aparılması məcburi minimum müddətdir

50. Beləliklə, Qaydaların qeyd olunan müddəalarının birgə təhlilindən belə nəticəyə gəlmək olur ki, yeraltı qaz kəmərlərinin təhlükəsiz istismarının təmin edilməsi qaz kəmərinin öz texniki vəziyyətinin nəzarətdə saxlanılmasını ilə yanaşı, həm də onun yerləşdiyi ərazidə istismar zamanı yarana biləcək kənar təsirlərin və təhlükələrin vaxtında müəyyən edilməsinə xidmət edir. Xüsusilə qaz kəmərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçdiyi hallarda həmin ərazilərdə torpaq sahibləri və digər şəxslər tərəfindən qaz kəmərinin təhlükəsizliyinə təsir göstərə biləcək müxtəlif işlərin aparılması istisna edilə bilməz. Belə halların vaxtında aşkar edilməsi və qarşısının alınması isə yalnız qaz kəmərinin müəyyən edilmiş müddətlərdə mütəmadi yoxlanılması ilə mümkündür.

51. Bu baxımdan, Qaydalarda müəyyən edilmiş dövri yoxlama müddətlərinə riayət edilməsi qaz kəmərinin texniki vəziyyətinin müəyyənləşdirilməsi ilə yanaşı, onun yerləşdiyi ərazidə təhlükəsiz istismara mane ola biləcək halların vaxtında aşkar edilərək qarşısının alınmasının təmin edilməsi baxımından da zəruri xarakter daşıyır.

52. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirazının əsas dəlillərindən birinin onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə dair hər hansı məhdudiyyət və ya mühafizə zonasının mövcudluğu barədə iddiaçı tərəfindən məlumat verilməməsi olduğu nəzərə alınmaqla, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçı tərəfindən yuxarıda qeyd olunan tələblərə riayət edilib-edilmədiyi araşdırılmalı və hüquqi qiymət verilməli idi.

53. Iş materiallarında olanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mühafizə zonasına düşən ağacların çıxarılması ilə bağlı cavabdehə yalnız ## ##### 2024-cü il tarixli məktubla (bax: İ cild, səhifə 34) rəsmi xəbərdarlıq edilmişdir. Düzdür, iddiaçı daha əvvəl də cavabdehə müxtəlif xəbərdarlıqlar etdiyini və tədbirlər gördüyünü bildirsə də, bunu təsdiqləyəcək mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir.

54. Bundan başqa o da qeyd olunmalıdır ki, həmin Qaydaların 2.3-cü bəndinə görə boru kəmərləri xətti üzrə dəmir betondan və ya taxtadan hazırlanmış fərqləndirici nişanlar (göstərici yazı lövhələri) yer səthindən 1,5-2 metr hündürlüyündə qurulur. Həmçinin 3.6-cı bəndə əsasən yeraltı qaz kəmərlərinin istiqaməti göstəricilərlə qeyd edilməlidir (divar göstəriciləri ilə reperlərlə və s.). Qaydaların 2.13-cü bəndinin “a” yarımbəndinə görə isə boru kəmərlərinin mühafizə zonalarında nəzarət ölçü məntəqələrinin, göstərici və sınaq nişanlarının yerlərinin dəyişdirilməsi, üstlərinin örtülməsi və sındırılmasına yol verilmir.

55. Hazırkı iş üzrə iddiaçı həmin nişanların mövcud olduğunu və cavabdeh tərəfindən söküldüyünü bildirmiş, cavabdeh isə bu halı inkar etmişdir. Lakin cavabdehin torpaq sahəsinə sahiblik etməsindən əvvəl həmin nişanların mövcudluğunu təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Hətta nişanların əvvəllər mövcud olduğu qəbul edilsə belə, onların cavabdeh tərəfindən sökülməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbirin görüldüyü müəyyən edilmir.

56. Halbuki Qaydaların 2.25-ci bəndə əsasən kəmərin xətti hissəsinin mühafizəsi kəməri istismar edən müəssisənin xətt baxıcıları tərəfindən həyata keçirilir, 2.27-ci bəndə görə isə Qaydaların tələblərini pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

57. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 357-ci maddəsinə əsasən magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.

58. Belə olan halda, cavabdehin 2017-ci ildən etibarən ağac əkməyə başlaması və bu fəaliyyətin sonrakı illərdə davam edərək böyük bağın formalaşmasına səbəb olması nəzərə alınmaqla, iddiaçı tərəfindən həmin fəaliyyətə qarşı qanunla nəzərdə tutulmuş hər hansı tədbirin vaxtında görülüb-görülmədiyi və nəticə etibarilə bağın bu həddə qədər böyüməsinə şərait yaradan hallara iddiaçının fəaliyyətinin səbəb olub-olmadığına hüquqi qiymət verilməli idi.

59. Lakin birinci instansiya məhkəməsi cavabdehin qaz kəmərləri ilə bağlı məhdudiyyət və ya mühafizə zonasının olması barədə iddiaçı tərəfindən heç bir məlumatın verilməməsi ilə bağlı dəlilinə münasibətdə belə qənaətə gəlmişdir ki, torpaq sahələrinin cavabdehin hasarlamaqla istifadə etməsini nəzərə alınsa iddiaçının arqumenti (nişanların cavabdeh tərəfindən sökülməsi ilə bağlı arqument) daha inandırıcıdır. Həmçinin torpaq sahəsinin istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərlə əlaqədar qanunvericiliyin tələbinə bütün mülkiyyətçilər riayət etməlidir. Bu hallara riayət edilmədiyi təqdirdə mülkiyyətçilərin qanunvericiliyin tələbinə uyğun olmayan hərəkətlərinə görə məsuliyyəti mövcuddur və bunun nəticəsində vurulmuş ziyana görə qarşı tərəfin ziyanın vurulmasında təqsiri mövcud olmur.

60. Cavabdehin bu dəlili apellyasiya şikayətində də qeyd olunmuş və apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş mövqeyi ilə razılaşmışdır.

61. Lakin işə mahiyyəti üzrə baxmış məhkəmələr yuxarı bəndlərdə göstərilən hallara (iddiaçı tərəfindən yeraltı boru kəmərinin mütəmadi yoxlanılıb-yoxlanılmaması, nişanların qoyulub-qoyulmaması, cavabdehdən əvvəl həmin sahədə bağın olubolmaması, cavabdeh tərəfindən Qaydalara zidd hərəkətlər edilibsə, hansı tədbirlərin görülməsi və s.) Qaydaların müvafiq bəndləri baxımından qiymət verməmiş, iddiaçının təqsirinin olmaması barədə qənaətə gələrkən bu halı konkret maddi hüquq norması ilə əsaslandırmamışlar.

62. Halbuki MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin təmin edilməməsinin səbəblərini və şikayətin dəlillərinin hansı əsaslarla rədd edildiyini məhkəmə aktında göstərməyə borcludur. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli qərarında da ifadə olunmuş, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməli olduqları vurğulanmışdır.

63. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmasıdır. Məhkəmə tərəfin işin nəticəsinə təsir göstərə biləcək mahiyyətli arqumentlərini cavabsız qoya bilməz. Hazırkı halda isə cavabdehin müdafiəsinin əsasını təşkil edən dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən Qaydaların yuxarıda göstərilən müvafiq bəndlərinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməmişdir.

64. Yuxarıda qeyd olunan hallara qiymət verilərkən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. 560.1-ci maddədə qeyd edilən “mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir” göstərişinin funksiyası mülki haqların məhz elə MM-in 5.3-cü maddəsində nəzərdə tutulan şəkildə həyata keçirilməsinin lazım gəldiyini vurğulamaqdır.

65. Belə ki, hüquqdan sui-istifadəyə səbəb olan hallardan biri şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsidir (MM-in 560.3.2ci maddəsi). Bu kimi hallarda şəxsin bir hüququ, yəni hüquq sistemi tərəfindən tanınan və qorunan bir mənafeyi var, ancaq şəxs bundan dürüstlük və vicdanlılığa sığmayan, yəni aşkar ədalətsizliyə səbəb olacaq şəkildə istifadə edir. Burada şəxslər arasında mövcud olan bir hüquqi münasibət çərçivəsində əmələ gələn öhdəlik və ya vəzifələr onlardan biri tərəfindən kobud şəkildə pozulduğu halda bu pozuntuya yol verən tərəfin həmin hüquqi münasibətə istinad edərək özü üçün əlverişli hüquqi nəticəni təmin etməklə aşkar ədalətsizliyə səbəb olmasının qarşısını almaq məqsədi güdür.

66. Yuxarıda da qeyd olunduğu kimi hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin bir hissəsi qaz kəmərlərinin mühafizə zonasına düşdüyü üçün həmin torpaq sahəsinin mülkiyyətçisi olan cavabdeh Qaydalarda nəzərdə tutulmuş məhdudiyyətləri nəzərə almaqla torpaqdan istifadə edə bilər.

67. Belə ki, həmin Qaydalarda həm torpaq sahəsinin mülkiyyətçilərinin, həm də boru kəmərini istismar edən hüquqi və fiziki şəxslər, Dövlət Neft Şirkəti və onun yerli orqanlarının hüquq və vəzifələri təsbit edilmişdir.

68. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr hazırkı mübahisəni həll edərkən tərəflərin öz hüquqlarını vicdanlılığın tələblərinə uyğun şəkildə həyata keçirib-keçirmədiklərinə qiymət verməli idi. Çünki məhkəmələr hüquqi mübahisələrə baxarkən haqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələgəlmə səbəbi olar. Belə bir nəticə isə ədalət mühakiməsi anlayışına ziddir.

69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin Qaydaların 2.11-ci bəndinin “b” yarımbəndinin tələblərini pozması ilə bağlı işin hallarını qiymətləndirərkən, həmin pozuntunun baş verməsinə təsir göstərə biləcək halları, məsələn 2017-ci ildən ağacların əkilməsi və 7-8 il ərzində böyük bağın formalaşması nəzərə alınmaqla, cavabdehin mühafizə zonasında əkin apardığını bilib-bilmədiyi, habelə iddiaçının bu bağın salınmasının və böyüməsinin qarşısının alınmasında hansı tədbirləri görməsi, görməmişdirsə, bunun səbəbləri iddiaçının Qaydaların 2.25, 2.27, 7.30, 7.35, 7.44, 7.45 və 7.47-ci, habelə digər müvafiq bəndlərindən irəli gələn hüquq və vəzifələrini işin konkret halları baxımından vicdanlılığın tələblərinə uyğun həyata keçirib-keçirmədiyini (həmçinin cavabdehin hərəkətləri) də araşdırmalı və hüquqi qiymət verməli idi.

70. O da qeyd olunmalıdır ki, cavabdeh kompensasiya ödənilmədən həmin torpaq sahəsində əkilmiş ağacların çıxarılması ilə razı deyil. Bununla bağlı aşağı instansiya məhkəmələri belə qənaətə gəlmişlər ki, hazırkı mübahisədə yeni kəmər çəkilişi üçün torpaq sahəsinin alınmasından söhbət getmir. Çünki qeyd edilən torpaq sahələri hələ 1980-ci illərdə çəkilmiş və qanunla qeyd edilən kəmərlərin müvafiq təhlükəsizlik üçün mühafizə zonası müəyyən edilmişdir. Ona görə də bu halda müvafiq kompensasiya verilməklə torpaq sahəsinin geri alınması halı mövcud deyildir.

71. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr kompensasiya tələbinə qiymət verərkən tərəflərin hazırkı mübahisəyə qədərki davranışlarını, o cümlədən iddiaçının üzərinə düşən nəzarət və digər vəzifələri vaxtında və lazımi qaydada yerinə yetirib-yetirmədiyini Qaydaların tələblərini nəzərə almaqla kifayət qədər araşdırmamışlar. Belə ki, həmin vəzifələrin vaxtında icra edilməməsinin cavabdehin 2017-ci ildən etibarən saldığı bağın sonrakı illərdə genişlənməsinə və nəticədə daha çox sayda ağacın çıxarılmasının zəruriliyinə təsir edib-etmədiyi, belə təsir mövcud olduğu halda isə yaranmış zərərin həcmində iddiaçının məsuliyyətinin olub-olmamasına hüquqi qiymət verilməli idi.

72. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunmuş maddi hüquq normalarının tələblərinə uyğun dəyərləndirmə kifayət qədər aparılmamış və nəticədə MPM-in 14.1, 88 və 217-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən məhkəmə aktı çıxarılmışdır.

73. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırkı mərhələdə əsaslandırılmış hesab edilə bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, kassasiya icraatında işə açıq məhkəmə iclasında baxılarkən tərəflərin izahatlarından həmin ərazidə alternativ boru kəmərinin çəkildiyi məlum olduğu nəzərə alınmaqla, mübahisənin tərəflərin konsensusa gəlməsi yolu ilə, yəni alternativ boru kəməri çəkildikdən sonra cavabdeh tərəfindən əkilmiş ağacların çıxarılmasının zəruri olubolmaması

74. və hər iki tərəfin məsuliyyəti müəyyənləşdirilməklə iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməsinin mümkünlüyü məsələsi bu qərarın yuxarıda paraqraflarında ifadə olunmuş hüquqi mövqe, eləcə də Mülki Məcəllənin 560-cı maddəsi, Qaydaların müvafiq bəndlərinin, MPM-in 88 və digər əlaqəli normalarının tələbləri nəzərə alınmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar