Məhkəmə qərarları › İş №2-2(1-8)-537/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-537/2026

11.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-537/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “sayğacsız istifadəyə görə artıq hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. XXX tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş sayğacsız müəssisəyə müvəqqəti təbii qazın verilməsi ilə bağlı aktlara əsasən, Elster G-100 TRZ EK-230 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə qazdan sayğacsız istifadə dövrü 2024-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr aylarını, Elster G-400 TRZ EK-220 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə isə 2024-cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr aylarını əhatə etmişdir. Həmin dövrlər üzrə qaz sərfiyyatı qaz işlədici cihazların, o cümlədən 2 ədəd qazanın maksimal sərfiyyatına uyğun olaraq hesablanmışdır.

2. XXX tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş, tarixi qeyd olunmayan qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən, 2024-cü ilin fevral ayı üzrə 39.921,25 manat, mart ayı üzrə 174.754,75 manat, aprel ayı üzrə 85.165,25 manat, iyul ayı üzrə 6.383 manat, avqust ayı üzrə 29.440,50 manat, sentyabr ayı üzrə 60.937,50 manat, oktyabr ayı üzrə 117.032,75 manat, noyabr ayı üzrə isə 84.924 manat borc hesablanmışdır.

3. Müdafiə Nazirliyinin Mənzil-Istismar Xidmətinin Kommunal xidmətlər qrupunun rəisi tərəfindən tərtib edilmiş hesablama cədvəlinə əsasən, Cavabdeh IB tərəfindən hesablanmış, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyən sərfiyyat 2024-cü ilin mart ayı üzrə 174.754,75 manat, aprel ayı üzrə 85.165,25 manat, avqust ayı üzrə 29.440,50 manat, sentyabr ayı üzrə 60.937,50 manat, oktyabr ayı üzrə 117.032,75 manat, noyabr ayı üzrə isə 84.924 manat təşkil etmişdir. Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş sərfiyyat isə 2024-cü ilin mart ayı üzrə 36.856,25 manat, aprel ayı üzrə 33.415,25 manat, avqust ayı üzrə 4.057,50 manat, sentyabr ayı üzrə 6.917,75 manat, oktyabr ayı üzrə 15.032,75 manat, noyabr ayı üzrə isə 38.312,50 manat təşkil etmiş, ümumilikdə fərq 417.662,75 manat olmuşdur.

4. Elster G-100 TRZ EK-230 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə abonentin saldo məlumatlarına əsasən, 2024-cü ildə sayğacsız istifadə edilən aylar üzrə ümumilikdə 364.930 m³, 2023-cü ildə isə 132.267 m³ qaz sərfiyyatı hesablanmışdır. Elster G-400 TRZ EK-220 tipli, ******** nömrəli (abonent kodu: 26410**********) sayğac üzrə isə 2024-cü ildə sayğacsız istifadə edilən aylar üzrə ümumilikdə 1.884.102 m³, 2023-cü ildə isə 314.051 m³ qaz sərfiyyatı hesablanmışdır.

5. YYY yanında X1 Agentliyi tərəfindən tərtib edilmiş 2025-ci il ## ###### tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh IB tərəfindən 2024-cü ilin müxtəlif ayları üzrə yüksək həcmdə normativ sərfiyyat hesablamaları aparılmış (G-400 üzrə 1.884.102 m³, G- 100 üzrə 364.930 m³) və həmin hesablamalar əvvəlki ilin faktiki göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1.570.051 m³ və 232.663 m³ kəskin fərq təşkil etmişdir. Bununla yanaşı, normativ hesablamaların sayğacların çıxarılmasından əvvəlki dövrlərə də tətbiq edildiyi, habelə hesablamaların əvvəlki ayların orta gündəlik sərfiyyatına əsasən aparılmadığı müəyyən edilmişdir. Nəticədə, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinin pozulduğu qənaətinə gəlinmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2025-ci il ## #### tarixində Cavabdeh IB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissəyə artıq hesablanmış 417.662,75 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə üzrə yoxlama zamanı qaz sayğaclarının istismara yararsız olduğu hallarda sərfiyyatın hesablanmasının “Qazdan istifadə Qaydaları”na uyğun aparılmadığı müəyyən edilmişdir. Həmin qaydalara əsasən sayğac çıxarıldıqda hesablaşmalar əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalı olduğu halda, sərfiyyat normativ qaydada daha yüksək həcmdə hesablanmışdır. Bununla əlaqədar tərəflər arasında imzalanmış üzləşmə aktlarında fərqlər yaranmış, aidiyyəti qurumlara müraciətlər edilmiş, lakin 2024-cü ildə də sayğacsız dövrlərdə sərfiyyat eyni qaydada norma üzrə hesablanmağa davam etmişdir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, N nömrəli hərbi hissə cavabdehdə qeyri-əhali abonenti kimi qeydiyyatdadır və obyekt qaz sayğacları ilə təchiz edilmişdir. Sayğacların yoxlamaya götürüldüyü hallarda “Qazdan istifadə Qaydaları”na uyğun olaraq qazın verilməsi dayandırılmamış, sərfiyyat isə “sayğacsız obyektə müvəqqəti təbii qazın verilməsi” barədə tərəflər arasında imzalanmış aktlara əsasən hesablanmış və abonentin hesabına istifadə olunmuş təbii qazın dəyəri üzrə borc işlənilmişdir. Həmin aktlar tərəflərin razılığı ilə təsdiq edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya məxsus abonent kodu 26410********** və 26410********** olan sayğaclar üzrə artıq hesablanmış 417.662,75 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət olunmuşdur (hakim – İ.Əliyev).

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmış və mübahisə sayğacsız dövrə görə istifadə edilmiş təbii qaz üzrə artıq hesablanmış sərfiyyatın silinməsi ilə bağlı olmuşdur.

11. Iddiaçının dəlilləri: 1) Sayğacsız istifadə olunan dövr üzrə sərfiyyat əvvəlki ilin müvafiq aylarına uyğun aparılmalıdır; 2) Tərtib edilən üzləşdirmə aktları borcun əsassızlığını istisna etmir; 3) istifadə edilməyən ehtiyat qazanlara əsassız olaraq sərfiyyat hesablanmışdır.

12. Cavabdehin etirazının dəlilləri: 1) sayğacsız dövrə görə hesablaşmalar qazdan istifadə qaydalarının 5.4-cü bəndinə görə əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmışdır; 2) Üzləşdirmə aktları hərbi hissənin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmişdir; 3) Ehtiyat qazanlardan istifadə edildiyini təsdiq edən hər hansı sübutu yoxdur.

13. Məhkəmənin iddiaçının dəlilləri və cavabdehin bu barədə etirazına münasibətdə mövqeyi belədir ki, “Qaz təchizatı haqqında” AR Qanunun və bundan irəli gələn qazdan istifadə qaydalarının normalarından, xüsusilə qazın dəyərinin ödənilməsi ilə əlaqədar olan 5-ci bəndi və paralel olaraq 4.9-cu, 6-cı bəndlərinin tələblərindən aydın olur ki, ümumiyyətlə qazdan istifadə ilə bağlı hesablaşmalar hər ay üzrə aparılır, 1 ay üzrə ödəniş edilmədikdə qazın verilməsi dayandırılır. Qazın verilməsinin dayandırılmasına səbəb olan hallar əsasən istehlakçının təqsiri ilə bağlıdır. Istehlakçının təqsirindən asılı olmayaraq isə qaz sayğacının olmadığı dövrdə, yəni onun təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması üçün sərf olunan vaxtda qazın verilməsinin dayandırılması ümumiyyətlə qadağandır. Qanunvericiliyin burada güddüyü məqsəd istehlakçılarının hüquqlarının qorunmasını təmin etməklə yanaşı, texniki nasazlığın və ya çatışmazlığın mümkün qədər qısa müddətdə aradan qaldırılması ilə qazın itkiyə getməsinin qarşısını almaq, sərfiyyatın düzgün və obyektiv müəyyən edilməsini, ən əsası təhlükəsizliyi təmin etməkdir. Eyni zamanda həmin normalar hüquqdan sui-istifadənin qarşısını almağa yönəlmişdir.

14. Bundan əlavə, qanunvericiliyin yanaşmasından aydın olur ki, qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində vurulmuş zərərə görə borc hesablanması həmin müddət üçün ehtimal olunan sərfiyyatın əvəzinin kompensasiyası qismində çıxış edir. Dolayısı ilə zərərin hesablanması zamanı nəzərə alınmalı olan meyarlar istifadənin mahiyyətindən irəli gəlir. Bu səbəbdən də, sayğacsız dövr üçün hesablaşma aparılan zaman həmin meyarları nəzərə almamaq, qazdan istifadə qaydalarının 5.4-cü bəndinin tələbi olan “əvvəlki ayın orta gündəlik sərfi” ifadəsinə hərfi qaydada yanaşmaq qanunun güddüyü məqsədə uyğun ola bilməz. Halbuki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı nəzərə alınmalı olan meyarlar bunlardır: 1) qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, 2) əvvəlki dövrün orta gündəlik qaz sərfi, 3) istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və 4) qaz sayğacının markası. Lakin hazırkı işin hallarından görünür ki, qaz paylayıcı sayğacsız dövr üzrə hesabat tərtib edərkən həmin meyarları nəzərə almamışdır. Odur ki, məhkəmənin qənaətinə görə, sayğacsız dövr üzrə qazdan istifadəyə görə hesablaşma əvvəlki ilin müvafiq ayları üzrə orta gündəlik sərfinə uyğun aparılmalı və bu zaman mütəxəssis rəyində göstərilən fərq nəzərə alınmalıdır.

15. Məhkəmə cavabdehin etirazının ikinci dəlilinə münasibətdə isə bildirmişdir ki, üzləşdirmə aktı sübutetmə vasitəsi olsa da, faktın mövcudluğunu inkar, mübahisələndirməni istisna edə bilməz. Hansı ki, məhkəmə bu barədə iddiaçının mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, üzləşdirmə aktının mövcudluğu həmin aktda qeyd edilən borcun mübahisələndirilməsinə mane olmur.

16. Iddiaçının üçüncü dəlili ilə isə bağlı məhkəmə qeyd etmişdir ki, həqiqətən də tərtib edilən sayğacsız müəssisəyə müvəqqəti təbii qazın verilməsi barədə AKT-larda Elster G-400 TRZ EK-220 tipli, ******** nömrəli sayğac üzrə 2 ədəd Arikazan qazana görə hesabat aparıldığı müəyyən edilir. Məhkəmə iddiaçının birinci dəlilinə münasibətdə mövqeyini təkrar edərək, bu hissədə hər hansı əsaslandırma aparılmasına zərurət görmür.

17. Beləliklə məhkəmə hesab etmişdir ki, həm tədqiq edilən abonent saldolarından, həm mütəxəssis rəyindən görünür ki, sayğacın olmadığı (işləmədiyi) dövr üçün cavabdeh tərəfindən hesablanmış borc, əvvəlki ilin müvafiq aylarına nisbətdə xeyli çoxdur. Belə ki, bu fərq Elster G-400 TRZ EK-220 tipli, ******** nömrəli sayğac üzrə 1570051 kub.m; Elster G-100 TRZ EK-230 tipli, ******** nömrəli sayğac üzrə 232663 kub.m təşkil edir. Odur ki, bir kub.metr qazın dəyərinin 0.25 manat olduğu nəzərə alındıqda, hər iki sayğac üzrə artıq hesablanmış borcun məbləği 450.678,5 (0.25x(1570051+232663=1802714)) manat təşkil edir. Iddiaçı isə artıq hesablanmış digər hissə ilə razılaşaraq, yalnız 417.662,75 manat borcun silinməsini tələb etdiyindən və məhkəmə iddia tələbi ilə bağlı olduğundan, hər iki sayğac üzrə cəmi 417.662,75 manat borcun silinməsi barədə iddia əsaslı hesab edilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllənin”) 385.1, 442, 567-ci maddələrinə; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Qocayev, hakimlər – S.Cəfərov və E.Həsənov).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən, tərəflər arasında iddiaçının tabeliyində olan N nömrəli hərbi hissəyə təbii qazın verilməsi və alqı-satqısı üzrə müqavilə münasibətləri mövcuddur. Həmin hərbi hissə qaz uçotunun aparılması məqsədilə Elster G-100 TRZ EK 230 tipli və Elster G-400 TRZ EK-220 tipli sayğaclarla təchiz edilmişdir. Tərəflər arasındakı mübahisə sayğacsız dövr üzrə qaz sərfiyyatının artıq və əsassız hesablanması ilə bağlıdır.

22. Iş materiallarından görünür ki, mübahisələndirilən dövrlərin bir hissəsində qaz sayğacları sərfiyyatı qeydə almamış, sonrakı mərhələdə isə sayğaclar qaz paylayıcısı tərəfindən çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu səbəbdən qaz təchizatı “sayğacsız obyektə müvəqqəti təbii qazın verilməsi” barədə aktlar əsasında davam etdirilmişdir.

23. Mübahisələndirilən dövrlər Elster G-100 markalı sayğac üzrə 2024-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr aylarını, Elster G-400 markalı sayğac üzrə isə 2024-cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr aylarını əhatə etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 2024-cü il üzrə qaz sərfiyyatı əsasən normativ, qismən isə sayğac göstəriciləri əsasında hesablanmış, hər ay üzrə tərtib edilmiş ikitərəfli aktlarla rəsmiləşdirilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı məişət abonenti olmadığından sayğacların dəyişdirilməsi onun vəzifəsinə aid olmuş, sayğac dəyişdirilmədiyi üçün sərfiyyatın cihazların saatlıq normativlərinə uyğun hesablanması zəruri hesab edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi yalnız mütəxəssis rəyinə istinad etmişdir.

25. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçı məişət abonenti olmadığından sayğacın dəyişdirilməsi öhdəliyinin iddiaçıya aid olması barədə dəlilinin hazırkı mübahisə baxımından əhəmiyyəti yoxdur. Bu öhdəliyin iddiaçının üzərində olması cavabdehə sayğacsız istifadə dövrü üçün fərqli tariflə hesablama aparmaq səlahiyyəti vermir. Cavabdeh qeyd olunan əsasla iddiaçıdan sayğacı dəyişdirməyi və ya quraşdırılmış sayğacın dəyərini ödəməyi tələb edə bilər.

26. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə görə, qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarıldıqda, sayğacın olmadığı müddət üzrə qaz sərfiyyatı sayğac çıxarılmazdan əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanmalıdır.

27. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılmış hesablamalar bu tələblərə uyğun olmamışdır. Belə ki, G-100 markalı sayğac üzrə fevral, mart, aprel ayları, G-400 markalı sayğac üzrə isə mart, aprel ayları üzrə aparılmış hesablamalar istifadə edilən qaz cihazlarının maksimal saatlıq sərfiyyatına uyğun aparılmışdır.

28. Kollegiya qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-1-ci bəndində nəzərdə tutulmuş cihazların maksimal saatlıq sərfiyyatına əsaslanan hesablama üsulu xüsusi hüquqi rejim olmaqla yalnız istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə və ya qanunsuz qoşulma hallarında tətbiq edilə bilər. Hazırkı iş üzrə isə iddiaçının qazın talanması, sayğaca müdaxilə və ya qanunsuz qoşulma ilə bağlı təqsiri müəyyən edilməmiş, bu barədə səlahiyyətli orqanın qərarı təqdim edilməmişdir. Bu səbəbdən cavabdehin həmin metodologiyanı tətbiq etməsi hüquqi əsasdan məhrum olmuşdur.

29. Kollegiya nəzərə almışdır ki, mübahisəli hesablamalar bilavasitə cavabdeh tərəfindən aparıldığından, həmin hesablamaların “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun aparıldığını sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən hesablamaların məhz hansı metodologiya əsasında və hansı göstəricilər nəzərə alınmaqla aparıldığını, habelə bu metodologiyanın tətbiqini zəruri edən şərtlərin mövcudluğunu təsdiq edən sübutlar təqdim edilməmişdir.

30. Iş materiallarında olan üzləşdirmə aktı da hesablamaların qeyri-obyektiv aparıldığını təsdiq edir. Belə ki, həmin aktdan görünür ki, ayrı-ayrı aylar üzrə məbləğlər arasında kəskin və izah olunmayan fərqlər mövcuddur. Məsələn, fevral ayında borc məbləği 39.921,25 manat olduğu halda, mart ayında bu məbləğ 174.754,75 manat təşkil etmişdir. Yəni cəmi bir ay ərzində məbləğin 4 dəfədən çox artması baş vermişdir ki, bu da əvvəlki ayın orta gündəlik sərfinə uyğun hesablanma prinsipinin pozulduğunu göstərir.

31. Eyni zamanda aprel ayında 85.165,25 manat, may ayında isə cəmi 11.801 manat hesablanması da sərfiyyatın qısa müddətdə kəskin və məntiqsiz olaraq dəyişdiyini göstərir. Bu cür fərqlər hesablamanın obyektiv metodika əsasında aparılmadığını təsdiq edir.

32. Həmçinin, abonent saldolarına nəzər yetirdikdə görünür ki, G-100 markalı sayğac üzrə 2024-cü ilin yanvar ayında sayğacla 33 728 m3 sərfiyyat olduğu halda, fevral ayında 61 380 m3 və mart ayında isə 139 804 m3 normativ hesabat, iyul ayında sayğacla 2 429 m3 sərfiyyat olduğu halda, avqust ayında 26 382 m3, eləcə də G-400 markalı sayğac üzrə fevral ayında sayğacla 98 305 m3 sərfiyyat olduğu halda, mart ayında sayğacsız 559 215 m3 normativ hesabat, iyul ayında sayğacla 23 103 m3 sərfiyyat olduğu halda, avqust ayında 91 380 m3, sentyabr ayında 187 500 m3, oktyabr ayında isə 425 270 m3 normativ sərfiyyat hesablanmışdır.

33. Kollegiya qeyd etmişdir ki, qaz sərfiyyatının həcmi istehlakın xarakterindən və mövsümi amillərdən birbaşa asılıdır. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndi hesablaşmanın sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmasını tələb etsə də, aparılmış hesablamaların real istehlakla uzlaşıbuzlaşmadığının qiymətləndirilməsi zamanı əvvəlki illərin analoji dövrləri üzrə faktiki sərfiyyat göstəriciləri müqayisəli qiymətləndirmə üçün əlavə meyar kimi nəzərə alına bilər.

34. Müqayisəli hesablama göstərir ki, G-400 markalı qaz sayğacı üzrə 2023-cü ilin mart, aprel, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində ümumilikdə 314 051 m³ sərfiyyat olduğu halda, 2024-cü ilin müvafiq ayları üzrə isə 1 884 102 m³ (fərq 1 570 051 m³) normativ sərfiyyat hesablanmış, G-100 markalı qaz sayğacı üzrə 2023-cü ilin fevral, mart, aprel, avqust, sentyabr və oktyabr ayları ərzində ümumilikdə 132 267 m³ sərfiyyat olduğu halda, 2024-cü ilin müvafiq ayları üzrə isə 364 930 m³ (fərq 232 663 m³) normativ sərfiyyat hesablanmışdır.

35. Iş üzrə 2025-ci il ## ###### tarixli mütəxəssis rəyi ilə sayğac göstəricilərinə əsasən hesablanmış müvafiq ayların sərfiyyatı ilə mübahisəli dövr üzrə normativ hesablamalar arasında kəskin fərqin olduğu təsdiq edilmişdir.

36. Kollegiya cavabdehin birinci instansiya məhkəməsinin yalnız mütəxəssis rəyinə istinad etməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən təkcə mütəxəssis rəyinə deyil, iş materiallarında olan sayğacsız qaz verilməsi aktlarına, abonent saldo məlumatlarına, üzləşmə aktına, aylar üzrə sərfiyyat göstəricilərinə, eləcə də “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinə birlikdə hüquqi qiymət vermişdir. Mütəxəssis rəyi isə həmin sübutlarla müəyyən edilən halları texniki baxımdan təsdiq edən sübutlardan biri kimi qiymətləndirilmişdir.

37. Aparılmış müqayisə və mütəxəssis rəyi ilə müəyyən edilən kəskin fərqlər cavabdehin hesablamalarının real istehlakla uzlaşmadığını göstərir.

38. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi arqument – sayğacsız istifadə ilə bağlı aktların tərtib edilməsi və iddiaçı tərəfindən imzalanması da hüquqi baxımdan həlledici əhəmiyyət kəsb etmir. Hazırkı işdə mövcud olan üzləşmə aktı və “sayğacsız obyektə müvəqqəti təbii qazın verilməsi” aktları cavabdeh tərəfindən aparılmış hesablamaların qanuniliyini və düzgünlüyünü mübahisəsiz şəkildə təsdiq edən sənədlər kimi qiymətləndirilə bilməz. Həmin sənədlər yalnız mövcud münasibətlər çərçivəsində yaranmış hesablaşmanın vəziyyətini əks etdirir və sübut xarakteri daşıyır. Bu baxımdan onların hüquqi qiymətləndirilməsi zamanı sənədlərin məzmunu, tərtib olunma şəraiti, tərəflər arasında mövcud olan faktiki münasibətlər nəzərə alınmalıdır. Bu aktların imzalanması tərəfi hesablaşmanın düzgünlüyünü mübahisələndirmək hüququndan məhrum etmir.

39. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh qazın pərakəndə satışı ilə məşğul olan təbii inhisar subyektidir və qazın alqı-satqısına dair müqavilələr mülki hüquqi müqavilə olsa da, həmin müqavilələr çərçivəsində münasibətlər tərəflər üçün məcburi olan tariflər və qaydalarla tənzimlənir. Yəni, bu münasibətlərdə tərəflərin istehlak edilən təbii qazın qiyməti və sərfiyyatın hesablanma qaydası ilə bağlı fərqli qayda müəyyən etməyə səlahiyyətləri yoxdur. Mülki Məcəllənin 390.2 və 390.5-ci maddələrinin mənasına görə tərəflər müqavilə münasibətlərini sərbəst müəyyən edə bilsələr də, müqavilənin məzmunu imperativ hüquq normalarına zidd ola bilməz. “Qazdan istifadə Qaydaları” ilə qaz sərfiyyatının hesablanma qaydası imperativ qaydada müəyyən edildiyindən, tərəflərin imzaladıqları aktlar həmin qaydalardan fərqli hesablama metodunun tətbiqi üçün müstəqil hüquqi əsas yarada bilməz.

40. “Qazdan istifadə Qaydalar”ı istehlak edilmiş qazın həcminin düzgün müəyyən olunması və istehlakçıya hesabat təqdim edilməsi vəzifəsini qaz təchizatçısının üzərinə qoymuşdur. Bu halda, təchizatçının imperativ tələblərə uyğun olmayan hesablamaları nəticəsində tərtib etdiyi yanlış hesabatı akt şəklində istehlakçıya imzalatması istehlakçı üçün məcburi hüquqi nəticəyə çevirə bilməz.

41. Yekun olaraq kollegiya bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən tətbiq edilmiş hesablama metodologiyası “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinə uyğun olmamış, bu metodologiyanın tətbiqini əsaslandıran halların mövcudluğu isə sübuta yetirilməmişdir.

42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (zamana görə qüvvədə olan) 11-ci maddəsinin 6-cı hissəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 5.2, 5.4, 5.5, 6.5, 6.5-1, 6.5-2, 6.5- 3-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 77.1, 78.1, 88, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

44.

45. Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu mövqeyinə əsaslanaraq, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Qətnamədən göründüyü kimi, məhkəmə hesablanan borcu yalnız sayğacsız istifadə nəticəsində hesablandığını vurğulayır, lakin həqiqətdə isə iş materiallarına əlavə edilmiş aktlardan da göründüyü kimi, borcun bir hissəsi sayğacın elektron hissəsinin işləmədiyinə görə mexaniki göstəricilərinə əsasən hesablanmışdır. Dolayısı ilə mübahisə məbləğinin 167.193,25 manat hissəsi qaz sayğacının mexaniki göstəricilərinə əsasən hesablanmış borc məbləğidir. Abonent saldosundan və iş materiallarına əlavə edilmiş aktlardan göründüyü kimi *************** nömrəli abonent kodu üzrə 2024-cü ilin aprel, avqust və noyabr ayları, *************** nömrəli abonent kodu üzrə isə fevral, aprel, avqust və oktyabr aylarında qaz sayğacının mexaniki göstəricilərinə əsasən mübahisə məbləğinin 167.193,25 manat hissəsi hesablanmışdır. Məhkəmə təqdim edilmiş sübutlara səhv hüquqi qiymət vermişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

46. Şikayətin “Digər məsələlər” bölməsində qeyd olunmuşdur ki, 2024-cü il ərzində hər iki abonent kodu üzrə (26410********** və 26410**********) ayrı-ayrı aylarda iddiaçının istifadəsində olan qaz sayğaclarının elektron hissəsinin işləmədiyinə görə sayğacların mexaniki göstəricilərinə əsasən sərf edilən qazın dəyəri hesablanaraq (ümumilikdə 167.193,25 manat) iddiaçının qaz hesabına işlənmişdir. Mübahisə məbləğinin 250.469,50 manat hissəsi isə qaz sayğacı olmadığı müddətdə istifadə edilən qazın dəyərini təşkil edir. Göründüyü kimi məhkəmə işə baxarkən borcun tamamının qaz sayğacı olmadan istifadə edilən qazın dəyəri kimi qəbul etmiş və buna görə də səhv nəticəyə gəlmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

48. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

50. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun (zamana görə qüvvədə olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr ...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

51. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında (zamana görə qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab etmir.

56. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

57. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

58. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

59. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

60. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. Işin müəyyən edilmiş mübahisəsiz hallarından biri də odur ki, cavabdeh tərəfindən tətbiq edilmiş hesablama metodologiyası “Qazdan istifadə Qaydaları”nın 5.4cü bəndinin

61. tələblərinə uyğun olmamışdır.

62. Beləliklə, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, həmin Məcəllənin 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh Istehsalat Birliyinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # ### tarixli *- *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar