Məhkəmə qərarları › İş №2-2(1-8)-538/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-538/2026

11.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-538/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC tərəfindən Kamran adlı şəxsə ümumi dəyəri 27.463,30 manat olan boru göndərildiyinə dair 2020-ci il ## ######## tarixində *** nömrəli müəssisə daxili qaimə tərtib olunmuş, həmin sənəd yalnız İddiaçı MMC-nin məsul şəxsi tərəfindən imzalanmışdır.

2. Kürdəmir rayonu Atakişili kənd sakini cavabdeh1 və “xxxx" MMC-nin direktoru X2 arasında imzalanmış, hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 2025-ci il # #### tarixli qarşılıqlı razılaşma aktında göstərilmişdir ki, “Mən cavabdeh1, 2020-ci il ## ######## tarixində mənə məxsus olan (VÖEN: **********) Kürdəmir rayonunda quraşdırılan istixanaya İddiaçı MMC-dən yol qaiməsinə (Qaimə nömrə 971): 27.463 manat dəyərində metal boru, F40 mm divar qalınlığı (3.0 mm) olan metal borunun alınması nəticəsində İddiaçı MMC şirkətinə borcum yaranmışdır. Mənə dəymiş ziyan 17 463 manat çıxıldıqdan sonra qalan 10.000 manat borcu İddiaçı MMC-yə ödəməyə hazıram. X1 da bildirirəm ki, 27.463 manat borcdan cavabdeh1 dəymiş ziyan 17.463 manat çıxıldıqdan sonra 10.000 manat məbləğində vəsaitin ödənilməsinə razıyam və 10.000 manat məbləği ödədikdən sonra cavabdeh1 qarşı heç bir iddiam olmayacaqdır”.

3. X2 həmin akta əlyazısı ilə aşağıdakı məzmunda əlavə etmişdir (qeyd vermişdir): 17.463 manat məbləğində ziyanın dəyməsi barədə aktda göstərilənlərlə razı deyiləm, 27.463 manat borcun 2025-ci il ## ###### tarixinədək tam həcmdə ödənilməsini tələb edirəm”.

4. İddiaçı MMC tərəfindən cavabdeh1 ünvanlanmış 2025-ci il ## #### tarixli məktubda qeyd olunmuşdur ki, “2025-ci il # #### tarixli qarşılıqlı razılaşma aktı ilə tanış olundu. Razılaşma sənədində göstərilən məbləğ və şərtlər “xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmir. Təqdim olunan 27.463 manatlıq borcun yalnız bir hissəsinin ödənilməsi ilə bağlı təklif, şirkətin hüquqi və maliyyə maraqlarını təmin etmir. Bu səbəbdən təsisçi 27.463 manatlıq borcun tam məbləğdə və qeyd-şərtsiz şəkildə ödənilməsini tələb edir. Təqdim olunan sənəd hüquqi əsas kimi tanınmır və şirkət tərəfindən qəbul edilmir”.

5. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı 2025-ci il ## ###### tarixli məktubda göstərilmişdir ki, “cavabdeh1, cavabdeh3 Kürdəmir rayon Yaşıllaşdırma idarəsində işləməyib. Hal-hazırda işləmir. Kürdəmir rayon Yaşıllaşdırma idarəsi xidməti idarədir. İdarə eldar şam ağacları, gül kolu, gül şitilləri, mineral gübrələr alır. “xxxx" MMC ilə Kürdəmir rayon Yaşıllaşdırma idarəsi arasında illər ərzində heç bir alış-verişi və heç bir əlaqəsi olmamışdır”.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə (bundan sonra – “cavabdeh”) (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh1”, “cavabdeh3”, “Yaşıllaşdırma İdarəsi”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il ## ######## tarixli *** nömrəli qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8.198 metr uzunluğunda, cəmi qiyməti 27.463,30 manat olan metal borulara görə yaranmış 27.463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il ## ### tarixində dövlət qeydiyyatına alınaraq qanunla qadağan olunmamış fəaliyyət göstərir, fəaliyyət istiqamətlərindən biri dəmir boru və profillərin istehsalı və satışından ibarətdir. cavabdeh1 şirkətə müraciət edərək, sonradan məlum olduğu kimi Kürdəmir rayonunda qardaşı Ayazın inşa etdiyi istixanaya dəmir boruların lazım olduğunu bildirmiş, cavabdehlər əvvəl özlərini fərdi şəxs kimi təqdim etdikləri üçün aralarında olan şifahi razılaşmaya (alqı-satqı müqaviləsi) əsasən 2020-ci il ## ######## tarixində iddiaçıya məxsus boru-profil istehsal edən müəssisədən 40 mm ölçüdə, 8.198 metr uzunluğunda, cəmi qiyməti 27.463,30 manat olan metal borular *** nömrəli qaiməyə əsasən **-JC-*** dövlət nömrə nişanlı yük maşını ilə Kürdəmir rayonuna cavabehlərə məxsus istixanaya göndərilmişdir. Şifahi razılaşmaya görə göndərilən malın dəyəri çatdırılmadan sonra ödənilməli idi. Cavabdehlər malı alandan sonra bildirmişlər ki, yaranmış çətinliklərə görə malın dəyərini hazırda ödəyə bilmirlər və gözləməyi xahiş edirlər. Mütəmadi olaraq onlarla danışıqlar aparılmış, lakin danışıqlar 2025-ci ilədək davam etsə və malın dəyərinin ödənilməsinə vədlər verilsə də, bunun üçün cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Aparılan söhbətlər zamanı cavabdeh3 bildirmişdir ki, aldığı malın dəyərini ödəmək niyyəti yoxdur. O zaman artıq hüquqlarının pozulmasını anlamışlar və cavabdehlərlə razılığa gəlmək üçün yazışmalara başlamışlar. Söhbətlərin və yazışmaların nəticəsi olaraq cavabdehlər qarşılıqlı razılaşmaya dair akt tərtib etmişlər və məlum olmuşdur ki, tərəf kimi bu razılaşmada həm də Yaşıllaşdırma İdarəsi iştirak edir. Belə ki, həmin aktda cavabdeh1 Yaşıllaşdırma İdarəsinin VÖEN-ini göstərərək özünü həmin idarənin təmsilçisi kimi təqdim etmişdir. Cavabdehlər tərəfindən çıxış edən cavabdeh1 tərəfindən tərtib edilmiş 2025-ci il # #### tarixli aktda göstərilmişdir ki, onlar borcun olmasını etiraf edirlər, lakin bir hissəsinin, yəni 10.000 manatın ödənilməsi ilə razı olsalar da, digər 17.463 manatı onlara dəymiş ziyan kimi qiymətləndirirlər və ödəməkdən imtina edirlər. Ziyanın nədən yaranmasını onlarla araşdırmaq istəsələr də, bu barədə heç bir izahat ala bilməmişlər. Həmin akt cavabdeh1 tərəfindən tərtib olunmuş, aktda yazılanlarla razılaşmasalar da cavabdeh buna məhəl qoymamış, aktda müvafiq düzəliş etməmiş və aktı imzalayıb onlara göndərmişdir. Ziyanın nədən yaranması barədə hər hansı bir məlumatın olmaması ilə əlaqədar göstərilən məbləğlə razılaşmadıqları üçün aktda əlyazma ilə müvafiq qeydlər apararaq borcun ödənilməsi üçün 2025-ci il ## ###### tarixinədək vaxt təyin etmişlər. Bundan sonra aktı imzalamış və cavabdehlərə göndərmişlər. Həmçinin cavabdehlərə "Azərpoçt” vasitəsi ilə göndərilən 2025-ci il ## #### və 2025-ci il ## ###### tarixli məktublarla aktda göstərilənlərlə razı olmadıqlarını bildirmişlər.

8. cavabdeh1 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək bildirmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, müqavilə üzrə öhdəliklərin icra müddəti 2023-cü il ## ###### tarixində başa çatmışdır. İddia tələbi iddia müddətinin keçməsi səbəbindən iddia rədd edilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri özünə aid olunmuşdur (hakim – K.Hüseynov).

10. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı iddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə cavabdehlər cavabdeh3 və Yaşıllaşdırma İdarəsindən pul tələbi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki cavabdeh3 və Yaşıllaşdırma İdarəsi hazırkı mübahisə üzrə iddiaya cavab verməli şəxs deyillər. Belə ki, cavabdeh3, iddiaçı ilə cavabdeh1 arasında şifahi bağlanmış metal boruların nisyə alğı-satqısı müqaviləsi üzrə tərəf deyil, onun həmin müqavilə üzrə alıcı olması, həmçinin onun malların alğı-satqısı zamanı, müqavilə üzrə danışıqlarda iştirak etməsi sübut olunmur. İddiaçının nümayəndəsi də cavabdeh3 müqavilə üzrə alıcı olması barədə sübutu olmadığını təsdiq etmişdir.

11. Eyni zamanda Yaşıllaşdırma İdarəsinin də hazırkı mübahisəyə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iddiaçı nümayəndəsi Yaşıllaşdırma İdarəsini iş üzrə cavabdeh qismində qeyd etməsinin səbəbi kimi həmin idarənin VÖEN-inin müqavilədə olması ilə əsaslandırmışdır. cavabdeh3 özü tərəfindən tərtib olunmuş aktda texniki səhv olaraq Yaşıllaşdırma İdarəsinin VÖEN-ünün qeyd edildiyini bildirmişdir. Belə olan halda, qanunvericiliyin tələblərinə əsasən hazırkı iş üzrə iddiaçının cavabdeh3 və Yaşıllaşdırma İdarəsindən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

12. Bundan başqa tədqiq olunan sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh1 arasında şifahi qaydada bağlanmış metal boruların nisyə alğı-satqı müqaviləsi üzrə hüquq münasibətləri mövcud olmuşdur. Hazırda iddiaçı 2020-ci il ## ######## tarixində 40 mm ölçüdə, 8.198 metr uzunluğunda, cəmi qiyməti 27.463,30 manat olan metal boruların *** nömrəli qaiməyə əsasən **-JC-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Kürdəmir rayonuna cavabdeh1 məxsus istixanaya göndərildiyini, şifahi razılaşmaya görə göndərilən malın dəyərinin çatdırılmadan sonra ödənilməli olduğunu, daha sonrakı izahatlarında isə ödənişin 2022-ci ilin sonunadək ödənilməli olduğunu bildirərək 27.463,30 manat pulun ödənilməsini xahiş etmişdir.

13. cavabdeh1 nümayəndəsi isə iddiaya etiraz etmiş, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək tərəflər arasındakı şifahi razılaşmaya əsasən malların dəyərinin 2020-ci ilin dekabrın sonuna kimi ödənilməsinin razılaşdırıldığını, belə olan halda isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə 3 illik müddətin ötürüldüyünü bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin o, ilkin olaraq malların iddiaçı tərəfindən təhvil verilmədiyini bildirsə də, sonradan cavabdeh3 bildirdiklərinə əsasən satılan boruların verildiyini, lakin keyfiyyətsiz olması səbəbindən 2020-ci ilin dekabr ayında 27.463,30 manat dəyərində malın ziyan əvəzinə hesablandığını qeyd etmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdeh1 satdığı malın dəyərini tələb etmək hüququ olsa da, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına və sonuncunun nümayəndəsi iddia müddətinin tətbiqini xahiş etdiyinə görə iddia müddəti tətbiq olunaraq iddianın rədd olunmalıdır.

15. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab etmişdir. İddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyən cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Belə ki, cavabdeh3 qardaşı cavabdeh1 iddiaçı tərəfindən nəyinki 27.643,3 manat, hətta 57.000 manat dəyərində mal verildiyini, 30.000 manatın dərhal ödənildiyini, keyfiyyətsiz boruların partlaması nəticəsində istixanada yetişdirilən məhsullar məhv olduğu üçün, iddiaçı tərəfindən həmin istixanaya baxış keçirildiyini, qalıq 27000 manatı dəymiş ziyana hesablayaraq ödənilməməsini və razılaşma əsasında qardaşı cavabdeh1 dəymiş zərərin əvəzi kimi hesablandığını bildirmişdir. Həmçinin cavabdeh1 nümayəndəsi də sonradan cavabdeh3 dediklərinə istinad etmişdir.

16. Lakin iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığına və cavabdehin nümayəndəsi bu barədə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibətdə qeyd edilməlidir ki, malların dəyərinin ödənilməsi vaxtı ilə bağlı tərəflər arasında yazılı razılaşma olmamış, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclasında mallar çatdırıldıqdan sonra ödənişin edilməli olduğunu qeyd etmiş, lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildikdən sonra malların dəyərinin 2022-ci ilin sonunadək ödənilməli olduğunu bildirmiş, ancaq bu faktı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Bu da onu göstərmişdir ki, iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə həmin tarixi, yəni 2022-ci ilin sonunu məqsədli şəkildə qeyd etmişdir ki, iddia müddəti ötürülməsin. Odur ki, iddiaçının nümayəndəsinin ilkin bildirdiyi kimi mallar çatdırıldıqdan sonra ödəniş edilməli olmasını, cavabdehin nümayəndəsinin isə mallar verildikdən sonra 2020-ci ilin sonuna kimi ödəniş edilməsi barədə dediklərini ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, işin faktiki hallarına əsasən malların ödənişi hissə-hissə olmaqla 2021-ci ilin # ###### tarixinədək tam ödənilməli idi. Beləliklə məhkəmə iddiaçının cavabdeh1 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymamışdır. Ona görə ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

17. Çünki tərəflər arasında şifahi bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənişlərin 2021-ci il # ###### tarixinə kimi tam ödənilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 2020-ci il ## ###### tarixində bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra cavabdeh tərəfindən 3 il ərzində borcu etiraf etməsini göstərən hərəkətlər edilməmiş, yalnız 5 il keçdikdən sonra 2025-ci il # #### tarixində qarşılıqlı razılaşma aktı imzalanmışdır ki, həmin akt imzalansa belə razılaşma baş tutmamışdır. Belə ki, işin mübahisəsiz hallarından cavabdeh tərəfindən qarşılıqlı razılaşmanın hazırlanaraq iddiaçıya göndərildiyi, iddiaçının isə razılaşmadakı şərtlərlə razılaşmadığı müəyyən olunmuşdur.

18. Bundan əlavə, məhkəmə 2025-ci il # #### tarixli qarşılıqlı razılaşma aktı ilə bağlı qeyd etmişdir ki, həmin akt hüquqi qüvvəyə malik sənəd kimi nəzərə alınsa belə, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət başa çatdıqdan sonra imzalanmışdır. Müddət başa çatdıqdan sonra hər hansı etirafedici hərəkətin edilməsi (qarşılıqlı razılaşma aktının imzalanması, ödəniş edilməsi və s.) iddia müddətinin axımını bərpa etmir.

19. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddianın əsasını təşkil edən şifahi alqı-satqı müqaviləsi üzrə iddia müddətinin axımı 2021-ci il # ###### tarixində başlanmış və 2024-cü il # ###### tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə 2025-ci il ## ######## tarixində məhkəməyə müraciət etmişdir. Yəni, alqı-satqı müqaviləsinə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir.

20. Buna görə də məhkəmə, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, iddiaçının cavabdeh3 və Yaşıllaşdırma İdarəsinə münasibətdə mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını, cavabdeh1 münasibətdə iddia müddətini ötürməklə iddia qaldırdığını nəzərə alaraq, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək iddia tələbini əsassız hesab etmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 372, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 383, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1 və 637.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli 2-2(3-6)-328/2026 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin iddiadan qismən imtinası qəbul edilərək: - birinci instansiya məhkəməsinin qətnaməsi “2020-ci il ## ######## tarixli *** nömrəli qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8198 metr uzunluğunda, cəmi qiyməti 27.463,30 manat olan metal borulara görə yaranmış 27.463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun Yaşıllaşdırma İdarəsindən xeyrinə tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmiş; - iddiaçının Yaşıllaşdırma İdarəsinə qarşı “## ######## 2020-ci il tarixli *** nömrəli qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8.198 metr uzunluğunda, cəmi qiyməti 27.463,30 manat olan metal borulara görə yaranmış 27.463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun Yaşıllaşdırma İdarəsindən xeyrinə tutulması” tələbi üzrə icraata xitam verilmişdir (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli 2-2(3-6)-328/2026 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi (“2020-ci il ## ######## tarixli *** nömrəli qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8.198 metr uzunluğunda, cəmi qiyməti 27.463,30 manat olan metal borulara görə yaranmış 27.463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun Yaşıllaşdırma İdarəsindən xeyrinə tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə qətnamənin müvafiq qərardadla ləğv edildiyi və həmin hissədə işin icraatına xitam verildiyi nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmuşdur (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh3 izahatında “2014-cü ildə qardaşı istixana tikən zaman iddiaçıdan 120.000 manat məbləğində mal aldığını və vaxtında da ödənişlərini etdiyini, 2020-ci ildə 57.500 manat məbləğində mal götürdüyünü, bu məbləğdən 30.000 manat ödəniş həyata keçirdiyini”, cavabdeh1 nümayəndəsi isə izahatında “Kamranın 57.000 manat dəyərində boru aldığını, həmin məbləğin 30.000 manat hissəsini bankdan kredit götürülərək ödədiyini, qalan hissəni borular keyfiyyətsiz olduğu üçün ödəmədiyini” bildirmişlər.

26. Başqa sözlə, 2025-ci il # #### tarixli qarşılıqlı razılaşma aktının 2020-ci il ## ######## tarixində bağlanmış şifahi alqı-satqı müqaviləsi əsasında tərtib olunduğu işin müəyyən edilən halıdır. Lakin ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı, cavabdeh1 ünvanladığı 2025-ci il ## #### tarixli məktubda həmin aktı hüquqi əsas kimi tanımadığını və qəbul etmədiyini bildirmişdir – bu isə müvafiq sənədi iddiaçının sübutu kimi qiymətləndirməyə imkan vermir. Həmçinin, sözügedən sənəd sübut kimi qəbul olunsa belə, həmin sənədə istinadən irəli sürülən tələb iddia müddəti ötürüldüyü üçün təmin oluna bilməz. Belə ki, həmin sənəd, 2020-ci il ## ######## tarixində bağlanmış şifahi alqı-satqı müqaviləsi əsasında tərtib olunmuş, sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh1 öhdəliyini hansı müddət ərzində icra edəcəyi isə müəyyən edilməmişdir.

27. İddia tələbi 2025-ci il ## ######## tarixində irəli sürülmüşdür (məhkəməyə təqdim olunmuşdur); 2020-ci il ## ######## tarixli müqavilənin bağlanmasından iddianın qaldırıldığı tarixə qədər ötən dövrü isə ağlabatan dövr hesab etmək mümkün deyildir.

28. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir.

29. İddiaçı cavabdeh cavabdeh1la (yaxud onun qardaşı olan digər cavabdeh cavabdeh3la) 2020-ci ildən 2025-ci ilə qədər çoxsaylı yazışmalar apardığını bildirsə də, bunu təsdiqləyən heç bir sübut təqdim etməmişdir.

30. İddiaçı, kommersiya subyekti kimi öz fəaliyyətini qanuni təşkil etməklə bağladığı əqdlərlə bağlı rəsmi sənədləşməni həyata keçirməli idi.

31. Məhkəmə pozulmuş hüququn bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır və sahibkarların daşımalı olduğu risklərin onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz. Başqa sözlə, iddiaçı özünün daşımalı olduğu riskin məhkəmə vasitəsilə aradan qaldırılmasına, yaxud azaldılmasına nail olmamalıdır.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 372.1, 372.2, 373.2, 385.1, 386.1, 390.1, 390.2, 398.1, 404.1-404.3, 425.1, 427.1-427.4, 442, 445.2.1, 448.3, 567, 598.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2004cü il ## ######## tarixli Qərarına və “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Mülki Məcəllənin 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

34. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi üzrə bildirilir ki, məhkəmə apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edərək Konstitusiyada təsbit olunmuş iddiaçının mülkiyyət hüququnu pozmuş, toxunulmazlığını təmin etməmiş və müdafiə etməmişdir.

35. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi üzrə - məhkəmə bu normada təsbit olunmuş iddiaçının mülkiyyət hüququnu təmin etməmiş, qanunla nəzərdə tutulmuş hüquqi vasitələrlə xüsusi mülkiyyət hüququn qanunla qorunmasını qarant etməmişdir. Nəticədə iddiaçı mülkiyyət hüququnu həyata keçirə bilməmiş, əmlaka sahib olmaq, istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından məhrum olmuşdur.

36. Mülki Məcəllənin 372-ci maddəsi üzrə - məhkəmə bu normada nəzərdə tutulmuş iddia müddətinə dair qaydaları düzgün tətbiq etməmişdir.

37. Mülki Məcəllənin 373.3-cü maddəsi üzrə - məhkəmə qeyd olunan normanın tətbiq olunması üçün iddia müddətinin axımının başlanmasını düzgün müəyyən etməmişdir. Belə ki, hər iki tərəfin verdiyi izahatlara uyğun olaraq görünür ki, borcun ödənilməsinə dair danışıqlar 2025-ci il # #### tarixinədək aparılmış və məhz bu tarixdə cavabdehlər borcun ödənilməsindən imtina etməsini bildirəndən sonra iddiaçı hüququnun pozulmasını bilmişdir.

38. Mülki Məcəllənin 377.1-377.2-ci maddəsi üzrə - iddia müddətinin axımının başlanmasına dair Mülki Məcəllənin müddəaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddia müddətinin axımının 2025-ci il # #### tarixindən başlanmasına dair mötəbər sübutlar (2025-ci il # #### tarixli akt) təqdim olunmuşdur.

39. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - məhkəmə işdə olan sübutları qiymətləndirərkən qanunun bu maddəsində göstərilən tələblərə əməl etmədiyi üçün əsassız qətnamə qəbul etmişdir.

40. Mülki Prosessual Məcəllənin 217.1 və 218.1-ci maddələri üzrə - məhkəmə sadalanan prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara zidd olmaqla, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, hakim sübutları düzgün qiymətləndirməmişdir. İş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyi, nə kimi halların müəyyən olunmadığı, tərəflərin hansı hüquqi münasibətdə olmaları, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığı düzgün müəyyən edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

42. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə qanunamüvafiq şəkildə qəbul edilmişdir. Belə ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət vermişdir. Kollegiya əsaslı olaraq iddiaçının cavabdeh3 və Yaşıllaşdırma idarəsinə münasibətdə mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir. cavabdeh1 münasibətdə məhkəmə işin hallarına düzgün hüquqi qiymət verərək, iddiaçının müddəti ötürməklə iddia qaldırdığı qənaətinə gəlmişdir.

43. Cavabdeh cavabdeh1 da kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

44. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə qanunamüvafiq şəkildə qəbul edilmişdir. Belə ki, şifahi razılaşmaya əsasən (halbuki, qanunvericilik kommersiya təşkilatlarının üzərinə öz aralarında bütün müqavilələrin yazılı şəkildə tərtib edilməsi öhdəliyini qoyur) iddia edilən borcun ödənilməsi vaxtı ilə əlaqədar tərəflər arasında yazılı razılaşma olmamışdır. İddiaçı tərəf nə iddia ərizəsində, nə də ki məhkəmə iclaslarında mallar çatdırıldıqdan sonra ödənişin hansı tarixdə edilməli olması barədə heç bir qeyd etməmişdir. İddia müddətinin tətbiqi barədə ərizə təqdim edildikdən sonra iddiaçının nümayəndəsi və vəkili malların dəyərinin 2022-ci ilin sonunadək ödənilməli olduğunu bildirmiş, lakin məhkəməyə bu faktı təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir.

45. Beləliklə, məhkəmə iddiaçının mənə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmasını müəyyən etsə də, əsaslı olaraq iddiaçının Mülki Məcəllənin 373.2ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırması qənaətinə gəlmişdir. Çünki tərəflər arasında şifahi bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənişlərin 2021-ci il # ###### tarixinə kimi tam ödənilməsi nəzərə alınmaqla, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 2020-ci il ## ###### tarixində bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra isə tərəfimizdən 3 il ərzində borcun etiraf olunmasını göstərən hərəkətlər edilməmiş, yalnız 5 il keçdikdən sonra 2025-ci il # #### tarixində (cavabdeh3 şantaj edilməsilə) qarşılıqlı razılaşma aktı imzalanmışdır. Həmin akt imzalansa belə aramızda heç bir razılaşma baş tutmamışdır. Bundan əlavə, 2025-ci il # #### tarixli qarşılıqlı razılaşma aktının hüquqi qüvvəyə malik sənəd kimi nəzərə alındığı belə, həmin aktın qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət başa çatdıqdan sonra imzalanması qanunazidd olmuşdur.

Kassasiya baxışının hədləri

46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

“Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.”

“Maddə 373. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“...İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır....”

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Mülki Məcəllənin 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:

“...Öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllənin 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur....”

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Kollegiya kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır.

55. Kassasiya şikayətinin iddia müddətinin axımının başlanmasını düzgün müəyyən etməməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.3-cü maddəsinə uyğun olaraq, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Müddətin dayandırılmasının qeyri məhdud zaman çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmamışdır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında təsbit edilmiş mövqeyə əsasən “..Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. .... Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır ...”.

57. Mülki Prosessual Məcəllənin 14.1 və 217.3-cü maddələrinin pozulması barədə dəlillər də öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını və şikayətçinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin nəticələri ilə əsaslı olaraq razılaşmışdır.

58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar