Məhkəmə qərarları › İş №2-2(1-8)-54/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-54/2026

01.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-54/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ####### tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı Cavabdeh ona 2.500.000 ABŞ dolları məbləğində borc verdiyini, həmin borcun qaytarılması ilə yanaşı 940.000 ABŞ dolları faiz məbləği ödədiyini bildirir. Sonuncu isə aralarında investisiya fəaliyyəti ilə bağlı münasibətlərin mövcud olduğunu, “xxxx” MMC və armatur biznesinə yatırımlar edildiyini, əksinə İddiaçı ona 270.000 ABŞ dolları borcunun qaldığını, həmin məbləğin də qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tutulduğunu bildirir.

2. Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi Istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 2024-cü il ## ###### tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı ərizə ilə Nərimanov rayon prokurorluğuna müraciət edərək Cavabdeh 2013-cü ildə ona faiz qarşılığında ümumilikdə 2.500.000 ABŞ dolları pul borc verdiyini, həmin məbləği yüksək faizlə tam olaraq qaytardığını, almış olduğu borc pulun faizi olaraq ona 940.000 ABŞ dolları əlavə pul ödədiyini, hal-hazırda Cavabdeh ona 940.000 ABŞ dolları pul borclu olduğunu bildirərək, sonuncu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin xüsusat üzrə izahatı alınmış Cavabdeh İddiaçı ərizə və izahatında göstərdiklərinin tamamilə yalan və absurd olmaqla həqiqətə uyğun olmadığını bildirərək göstərmişdir ki, o, heç bir zaman heç kəsə faizlə pul vəsaiti verməmiş və ümumiyyətlə həyatı boyu borc verməyi də sevməmişdir. Qeyd etmişdir ki, İddiaçı ondan həmin məbləğdə pul vəsaiti almışdır. Lakin o, həmin məbləğdə pul vəsaitini İddiaçı faizə və yaxud borca verməmişdir. Belə ki, İddiaçı həmin dövrdə armatur biznesi ilə məşğul olduğundan, sonuncu ona həmin biznesə yatırım etməyini və qazancından ona müəyyən faizdə məbləğ ayıracağını bildirmişdir. O, ilk öncələr İddiaçı biznesinə pul vəsaiti yatırım etmək istəməsə də, sonradan Ilqarın israrlı xahişləri nəticəsində sözügedən biznesə 2.500.000 ABŞ dolları məbləğində pul vəsaiti yatırım etmişdir. Yəni, həmin məbləğdə pul vəsaiti vermişdir. Bundan başqa qeyd etmişdir ki, Ilqarın dedikləri tamamilə yalan və həqiqətə uyğun olmamışdır. Belə ki, Ilqar izahatında bildirmişdir ki, 2013-cü ildə sonuncuya biznesə yatırım etmək üçün 1.500.000 ABŞ dolları pul vəsaiti lazım olmuş və sonuncu bununla bağlı banklara müraciət etmək istədiyi zaman güya o, Ilqara həmin pul vəsaitini faizlə verə biləcəyini və banka müraciət etməməsini bildirmişdir. Həmçinin, həmin pul vəsaitini Ilqara illik 15%-lə verə biləcəyini bildirmişdir. Ilqar isə guya həmin vaxt məcbur qalıb sözügedən pul vəsaitini 2013-cü ilin təxminən fevral ayında ondan götürmüşdür. O, Ilqarın dediklərində heç bir həqiqət olmadığını, ona görə ki, heç kəs, heç kəsə məcbur faizə və ya borca pul verə bilməyəcəyini, Ilqarın MKR-i yəni, bank tarixçələri yoxlanılsa sonuncunun banklardan xüsusilə külli miqdarda kreditlər götürdüyünü, lazım olsa idi elə bankdan götürə biləcəyini və götürdüyünü də qeyd etmişdir. Bildirmişdir ki, o, heç bir zaman Ilqara və ya digər şəxsə faizə pul verməmişdir. Araşdırma zamanı toplanmış materiallarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı aralarında razılaşdırıldığı kimi müəyyən faiz qarşılığında 2.500.000 ABŞ dolları məbləğində pul vəsaiti borc vermiş, vermiş olduğu pulun müqabilində müəyyən məbləğdə gəlir əldə etmişdir. Belə ki, İddiaçı Cavabdeh razılaşdıqları qaydada yüksək faiz qarşılığında hər ay müəyyən məbləğdə pul ödəməklə, ümumilikdə 940.000 ABŞ dolları məbləğində əlavə pul ödəmişdir. Bununla da Cavabdeh vergi cinayətlərinə aid olan cinayət əməlini törətmişdir. Bundan başqa İddiaçı Cavabdeh qarşı 940.000 ABŞ dolları məbləğində pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilməsi qərar alınmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi Istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 2024-cü il ## ###### tarixli və ## ##### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Bakı şəhəri Nərimanov rayon prokurorunun müvafiq olaraq 2025-ci il ## #### tarixli və 2025-ci il # #### tarixli qərarları ilə ləğv edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 940 000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2013-cü ildə sahibkarlıq fəaliyyətinə yatırım etmək üçün 1 500 000 ABŞ dolları pul vəsaiti lazım olmuş və sonuncu bununla bağlı banklara müraciət etmək istədiyi zaman cavabdeh ona həmin məbləğdə pul vəsaitini faizlə verə biləcəyini, banka müraciət etməməyi bildirmişdir. Belə ki, cavabdeh həmin pul vəsaitini ona illik 15%-lə verə biləcəyini demişdir. Iddiaçı həmin vaxt məcbur qalıb sözügedən məbləğdə pul vəsaitini 2013-cü ilin təxminən fevral ayında cavabdehdən götürmüşdür. Bundan sonra isə həmin ilin axırında iddiaçının yenidən 1 000 000 ABŞ dollarına ehtiyac olduğundan cavabdeh yenidən həmin pul vəsaitini verə biləcəyini və əvvəl verdiyi vəsaitlə birləşdirib ümumilikdə 2 500 000 ABŞ dollarını 13%-lə verə biləcəyini söyləmiş və iddiaçı əvvəl olduğu kimi həmin məbləğdə pul vəsaitini cavabdehdən qəbul etmişdir. Bundan sonra isə 2014-cü il ərzində iddiaçı cavabdehə ümumi məbləğdən deyil, təkcə faiz olmaqla 450 000 ABŞ dolları pul vəsaiti ödəmişdir. Bundan başqa, iddiaçı 2013cü ildən 2021-ci ilədək cavabdehdən götürdüyü ümumilikdə 2 500 000 ABŞ dolları pul vəsaitini cavabdehə geri qaytarmağından əlavə, ümumilikdə 940 000 ABŞ dolları faiz də ödəmişdir. Ümumi məbləği 2018-ci ildə tam olaraq bağlasa da, 2021-ci ilədək cavabdehə faiz ödəmişdir. Ümumilikdə ödədiyi faiz isə 940 000 ABŞ dolları olmuşdur. Cavabdehdən 13%-lə qəbul etdiyi ümumilikdə 2 500 000 ABŞ dolları pul vəsaitinin müqabilində ödədiyi faiz pullarını iddiaçı mütəmadi olaraq sürücüsü ilə cavabdehə göndərmişdir. Həmin pul vəsaitlərini isə onun sürücüsü cavabdehin Yasamal rayonu ərazisində yerləşən ofisində sonuncuya çatdırmışdır. Sonuncu dəfə cavabdehə 2021-ci ildə 10000 və 10000, ümumilikdə 20000 ABŞ dolları faiz pulu cavabdehlə şərikliyi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabından, yəni ona çatan gəlirdən sonuncunun hesabına ödənilmişdir. Məsələ ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin Istintaq şöbəsində araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi olaraq şöbənin baş müstəntiqi polis Rı X1 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 2024-cü il ## ###### tarixli qərarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı aralarında razılaşdırıldığı kimi müəyyən faiz qarşılığında 2 500 000 ABŞ dolları məbləğində pul vəsaiti borc vermiş, vermiş olduğu pulun müqabilində müəyyən məbləğdə gəlir əldə etmişdir. Belə ki, İddiaçı Cavabdeh razılaşdıqları qaydada yüksək faiz qarşılığında hər ay müəyyən məbləğdə pul ödəməklə ümumilikdə 940 000 ABŞ dolları əlavə pul ödəmişdir. Bununla da Cavabdeh vergi cinayətlərinə aid olan cinayət əməlini törətmişdir. Qeyd edilənlərin mötəbərliyi, həmçinin cavabdehin həqiqətən 2 500 000 ABŞ dolları məbləğində pul vəsaitini sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçıya verdiyini etiraf etməsi (bu işin mübahisəsiz halıdır) sonuncu tərəfindən tərtib edilmiş əlyazmada qeyd edilən məlumatlarla da tam olaraq öz təsdiqini tapmışdır. Eyni zamanda həmin qərarda “Cavabdeh vergi cinayətlərinə aid olan cinayət əməlini törətməsi” qeyd edilmişdir. Cavabdehin malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin mənbəyi bəlli olmadığından sonuncu polis və prokurorluq orqanlarında araşdırma zamanı malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin əldə edilmə mənbəyi barədə rəsmi sənədlər təqdim edə bilməmişdir. Cavabdehin malik olduğu xüsusilə külli miqdarda pul vəsaitlərinin leqal (qanuni) əldə etməsi əsaslı şübhələr doğurur. Məhz bu səbəbdən iddiaçıya 2 500 000 ABŞ dolları pul vəsaitini vermiş cavabdehin həmin vəsaitləri qanuni sahibkarlıq fəaliyyətindən əldə edib-etməməsinin aydınlaşdırılması məqsədi ilə xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməlidir.

6. Cavabdeh iddiaya etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə quda olmuş, qohumluq əlaqəsi olduğu üçün ona armatur və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindəki birgə biznes fəaliyyətinə görə 2013-cü ildən etibarən müxtəlif məbləğlərdə pullar vermişdir. Iddiaçıya investisiya olaraq verdiyi pullar armatur satışına və “xxxx” MMCyə yatırılaraq adambaşına gəlir əldə edilmişdir. Lakin investor o olduğu üçün gəlirdən faizdə onun payı artıq olmuşdur. Müxtəlif bizneslərdə və zamanlarda faiz bölgüsü də fərqli olmuş, cavabdehin pullarını qazanc məqsədilə “xxxx” MMC və armatur biznesinə yatırdıqdan sonra iddiaçı pulun çox hissəsini təkcə “xxxx” MMC-dən əldə etdiyi gəlir hesabına 2020-ci ilədək qaytarmışdır. 2020-ci ilə iddiaçının cəmi 550 000 ABŞ dolları borcu qalmışdır. Həmin pulun 150 000 ABŞ dolları hissəsi ailə məsələləri ilə əlaqədar iddiaçıya güzəşt edilmişdir. Qalan 400 000 ABŞ dolları pulun isə 2020-ci il ## ### tarixdə tərəflərin ortaq tanışı Əliyev Məmmədin iştirakı ilə imzalanan yazılı razılaşmaya (anlaşmaya) əsasən iddiaçı tərəfindən 2020-ci il iyun ayından etibarən hər ay ən azı 10 000 ABŞ dolları olmaqla qaytarılması razılaşdırılmışdır. Iddiaçı 400 000 ABŞ dolları pulun 130 000 ABŞ dolları hissəsini verdikdən sonra qalan 270 000 ABŞ dollarını qaytarmaqdan boyun qaçırdığı üçün cavabdeh 2022- ci ildə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli 2023-cü il ## ###### tarixli qətnaməsi ilə iddiaçıdan 270 000 ABŞ dolları məbləğində borc, həmin borcun 132 gün gecikdirilməsi üçün illik 5 faizi olan 4882 ABŞ dolları, 749 manat dövlət rüsumu və 400 manat mediasiya xərci ümumilikdə 274882 ABŞ dollarının ( ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə) və 1149 manatın alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən cavabdeh yazılı sübutlar olaraq iddiaçının hər ay 10 000 ABŞ dolları qaytarmasını təsdiq edən sonuncunun imzası ilə olan sənədləri məhkəməyə təqdim etmişdir. Iddiaçı 2020-ci il ## ### tarixli anlaşmadakı və təqdim edilən həmin yazılı sübutlardakı imzaların ona məxsus olmadığını iddia etdiyinə və öz imzalarını dandığına görə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə imzaların ona məxsus olduğu öz təsdiqini tapmışdır. Iddiaçı məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 24-cü bəndində göstərilmişdir ki, işin mübahisəsiz halıdır ki, 400 000 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən müqavilə bağlandıqdan sonra verilmiş məbləğ deyil, daha əvvəl tərəflərin birgə biznes fəaliyyətinə qoyulmuş məbləğdir. Iddiaçı 2020-ci il ## ######dan 2021-ci il ## ######adək hər ay 10 000 ABŞ dolları faiz olaraq yox, Anlaşma ilə qaytarmağı öhdəsinə götürdüyü borc olaraq ödəmişdir. 2013-ci ildən iddiaçı ilə Abşeron rayonu ərazisində Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində torpaq sahəsi satın alıb 2020-ci ilədək zavod (sexlər, anqar, ofis binası, mağaza) inşa etmişdir. Tikinti işləri ilə iddiaçı və onun qohumu məşğul olmuş, razılaşmaya görə tikinti işlərinə yatırılacaq vəsaitin 50 faizini cavabdeh, 50 faizini isə iddiaçı ödəməli idi. Tək tikinti işlərinə görə iddiaçı cavabdehdən 2013-2020-cı illər ərzində 831 112 manat ekvivalentində pul vəsaiti almış, həmin vəsaitin bir hissəsi cavabdehin “xxxx” MMC-dəki gəlirindən çıxılmış, bir hissəsi də nağd olaraq iddiaçıya ödənmişdir. Sonuncu pul ortaq tanışlarının yanında “xxxx” MMC-nin Dərnəgül filialında iddiaçıya nağd şəkildə verilmiş, tikinti üçün iddiaçıya ödənilən pullar “xxxx” MMC-nin daxili hesabatlarında öz əksini tapmışdır. Sonradan cavabdeh iddiaçının onu aldatdığından və etibarından sui-istifadə etdiyindən şübhələnmiş və bu şübhə iddiaçının onu aldadaraq torpaq satın alınması üçün cavabdehin 30 000 ABŞ dolları, 27 500 manat pulunu ələ keçirdiyi Nərimanov Rayon Prokurorluğunda sübut olunduqdan sonra daha da artmışdır. Belə ki, bundan əvvəl də cavabdeh Nərimanov Rayon Prokurorluğuna şikayət verərək, iddiaçının guya torpaq satın alınması üçün 30 000 ABŞ dolları, 27 500 manat məbləğində pulları dələduzluq yolu ilə ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmasını, cavabdehə dəyən zərərin ödənilməsinin təmin olunmasını xahiş etmişdir. Şikayətə baxılmasının gedişində iddiaçı cavabdehdən dələduzluq yolu ilə ələ keçirdiyi 30 000 ABŞ dollarını və 27 500 manatı geri qaytarmışdır. Iddiaçı 30 000 ABŞ dollarını və 27 500 manatı dələduzluq yolu ilə ələkeçirdiyini etiraf etmiş, daha sonra cavabdeh müstəqil ekspertlər dəvət edərək ekspertiza keçirtmişdir. Ekspertiza nəticəsində aşkar olunmuşdur ki, zavodun tikintisinə cəmi 1 273 909,90 manat vəsait sərf olunmuş və həmin vəsaitdə də cavabdehin payı cəmi 636 954 manat təşkil edir. Aşkar olunub ki, iddiaçı təkcə tikintidə cavabdehi aldadaraq və etibarından sui-istifadə edərək (831 112 manat – 636954 manat =) 194 157 manat məbləğində pulu ələ keçirmişdir. Bundan əlavə, iddiaçı “xxxx” MMC-nin direktoru X5 və faktiki rəhbəri X4 ilə qabaqcadan əlbir olaraq Cəmiyyətdən cavabdehə dividend olaraq ödənilməli 121 000 manatı da mənimsəmək niyyəti ilə verməkdən imtina etmişlər. Belə ki, “xxxx” MMC-dən iddiaçı və cavabdehə dividend olaraq verilməli vəsaitin 98 000 manatı 2023-cü il sentyabr ayında, 23000 manatı isə 2023-cü ilin noyabr ayında iddiaçının şəxsi kredit borcuna silinmiş, cavabdehə çatası 121 000 manat dividend isə ödənilməmişdir. Cavabdeh dəfələrlə iddiaçıya ona çatası vəsaitin də verilməsini tələb etsə də, direktor və faktik rəhbər iddiaçının yazılı razılığının olmaması bəhanəsi ilə dividendi ödəməkdən boyun qaçırmışlar. Sadalananlardan başqa, iddiaçı tərəflərin birgə vəsaiti ilə (50%+50%) əldə edilmiş, hazırda dəyəri 73 100 manat təşkil edən “H60” markalı dəzgahı satmaq adı altında “xxxx” MMC-dən aparmış, sonradan məlum olmuşdur ki, həmin dəzgah satılmamış və iddiaçının “Ulduz” metrosunun yaxınlığında yerləşən sexində istifadə olunur və iddiaçı həmin dəzgahdan gəlir əldə edir. Dəfələrlə müraciət edilsə də, dəzgah geri qaytarılmamış, cavabdehə çatası 27 500 manat verilməmişdir. Iddiaçı başqaları ilə əlbir olaraq külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirdiyi üçün cinayət təqibini həyata keçirən orqanlara şikayətlər verilmiş, araşdırmaların gedişində iddiaçı əmlakının bir hissəsini geri qaytarmışdır. Iddiaçı ona 940 000 ABŞ dolları məbləğində pul vəsaiti verilməli olduğunun sübutu kimi bir vərəqdə heç bir imza olmayan, cızma-qara ədədlərin və qeydərin surətini və Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X1 ## ###### 2024-cü il tarixli qərarını təqdim etmişdir. Həmin kağız parçaları sübut kimi qəbul edilə bilməz. Birincisi, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Heç bir imza olmayan, cızma-qara ədədlərin və qeydərin surəti əks olunmuş vərəqin əsli təqdim olunduqdan sonra həmin sənədə münasibət bildirilə bilər. Hətta həmin cızma-qara ədədlər və qeydərin surətlərindən də görünür ki, pullar şərikli biznesə yatırılıb və pullar cavabehin olduğu üçün faizi də çox olub. Cavabdehin yatırdığı həmin pulların hesabına iddiaçı yüz minlərlə ABŞ dolları məbləğində gəlir əldə edib, lakin onun əvəzinə şərikliyə yatırılan 550 000 ABŞ dolları hissəsini qaytarmayıb. Buna görə də ## ### 2020-ci ildə Anlaşma (borcun etirafı barədə razılaşma) imzalanmış, həmin anlaşma imzalanarkən də borcun 150 000 ABŞ dolları hissəsi qohumluq əlaqələrinə görə güzəştə gedilmişdir. Iddiaçı qalan 400 000 ABŞdollarının 270 000 ABŞ dolları hissəsini qaytarmadığı üçün ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Ikincisi, iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin istintaq şöbəsinin baş müstəntiqi X1 2024-cü il ## ###### tarixli qərarı Bakı şəhəri Nərimanov Rayon Prokurorunun 2025-ci il ## #### tarixli qərarı ilə ləğv edildiyindən əhəmiyyətsiz kağız parçasıdır və sübut kimi qəbul qəbul edilə bilməz.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – N.Əhmədova).

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tərəflər arasında borc münasibətlərinin təsdiqi kimi sübut qismində təqdim etdiyi əlyazma sənəd surəti üzərində hər hansı təsdiqedici rekvizit olmayan, bu və ya digər formada iradə ifadəsini əks etdirməyən, üzərində düzəlişlər edilmiş, əsli məhkəməyə verilməyən kağızdan ibarətdir. Halbuki ümumi qaydaya görə imza ilə təsdiq olunan sənədin məzmununun onu imzalayan şəxslər üçün həqiqiliyi prezumpsiyası qüvvədir. Başqa sözlə, əksi sübut edilməyincə, sənədin məzmunu düzgün hesab edilməlidir, bu şərtlə ki, həmin sənəd təsdiq edilmiş olsun. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq iddiaçıya istinad etdiyi sübutun əslinin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən həmin sübutun əslinin onda deyil, cavabdehdə olduğunu bildirmiş, cavabdeh həmin halın mövcudluğunu təsdiq etməmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi sənəd məhkəmə tərəfindən sübutların siyahısından kənarlaşdırılır və qəbuledilməz hesab edilir.

9. Iddiaçı həmçinin iddiasında borcun verildiyi və artıq ödənişlərinin edildiyinin təsdiqi kimi Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi Istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 2024-cü il ## ###### tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etmişdir. Həmin qərar, eyni zamanda 2025-ci il ## ##### tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Bakı şəhəri Nərimanov rayon prokurorunun müvafiq olaraq 2025-ci il ## #### tarixli və 2025-ci il # ### tarixli qərarları ilə ləğv edilmişdir.

10. Digər tərəfdən, həmin qərarlarda cavabdeh iddiaya etirazda bildirdiyi dəlilləri təkrarlamış, iddiaçı isə 2013-cü il tarixdən şərik fəaliyyətə başladıqlarını, lakin 2 500 000 ABŞ dollarının ona cavabdeh tərəfindən faizlə borc verildiyini bildirmişdir. Başqa sözlə, hazırda iddiaçının bildirdikləri sadəcə izahatlarından ibarətdir. Halbuki işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.

11. Hazırkı iş üzrə istər eyni tərəflər arasında olması (subyektiv hədd), istərsə də 2013cü il tarixdən etibarən iddiaçı və cavabdeh arasında formalaşmış münasibətin xarakteri baxımından (obyektiv hədd) preyudisial əhəmiyyət daşıyan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçı öz apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh iddiaçıya hər hansı pul məbləğini borc verməmiş və borc kimi təqdim edilən pul vəsaitləri İddiaçı deyil, X2 verilmişdir (mədaxil edilmişdir). Bununla yanaşı, iddiaçının vəsatəti əsasında məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X3 öz izahatında cavabdehin bacısının həyat yoldaşı olduğunu, tərəflərin birlikdə işlədiyini, heç bir tərəfin digərinə verilməsi üçün ona pul təqdim etmədiyini göstərmişdir. Bu mənada məhkəmə göstərmişdir ki, hazırda biri digəri ilə uyğun olan sübutlarla iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətinin mövcudluğu, iddiaçının həmin münasibətə əsaslanaraq faiz borcu ödəməsi öz təsdiqini tapmır. Hazırkı iş üzrə isə iddiaçının bildirdikləri iş materiallarında olan sənədlər ilə müəyyən oluna bilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 89.1, 89.3, 89.4, 82.4, 265.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər T.Mahmudova –və Z.Şirinov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehlə aralarında borc münasibətlərinin mövcudluğunu, cavabdehin ona faizlə 2.500.000 ABŞ dolları məbləğində borc verdiyini, həmin borcun qaytarılması ilə yanaşı 940 000 ABŞ dolları faiz məbləğinin ödənilməsini də sübuta yetirə bilməmişdir.

16. Iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə istintaq orqanının qərarına münasibətdə isə kollegiya birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, həmin qərar MPM-in 82.4-cü maddəsinin tələbləri baxımından iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Həmin qərarın MPM-in 89.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən yazılı sübut kimi nəzərə alınmalı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, sözügedən qərar məhkəmə kollegiyası tərəfindən yazılı sübut kimi qəbul edilsə də, tərəflər arasında borc münasibətlərin mövcudluğu barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.

17. Beləliklə iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətinin mövcudluğu, eləcə də iddiaçının əsassız olaraq faiz ödəməsi iş materialları ilə öz təsdiqini tapmadığından ödədiyi faizlərin geri qaytarılması barədə iddia əsassız olmaqla rədd edilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 1091.1, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.2, 77.1, 119.1, 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 1092.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi bir tərəfdən Mülki Məcəllənin “Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi” adlanan 1092ci maddəsini tələbin qanuni əsası kimi nəzərdən keçirsə də, digər tərəfdən iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin mövcudluğunun cavabdehin özü tərəfindən aşkar təsdiq edilməsinə diqqət yetirməmişdir. Məhkəməyə təqdim edilmiş, 2024-cü il # ####### tarixdə Nərimanov RPI-nin Istintaq şöbəsində verilmiş izahatında cavabdeh iddiaçı ilə birgə metal biznesi ilə məşğul olmaları üçün həmin biznesə 2.500.000 ABŞ dolları yatırdığını, iddiaçı isə həmin pul vəsaitini ona hissə-hissə qaytardığını aşkar etiraf etmişdir. Hətta həmin izahatında cavabdeh qaytarılan əsas məbləğdən əlavə ona ödənilən pul vəsaitlərinin də olduğunu, lakin həmin əlavə pul vəsaitlərinin faiz olmayıb gəlir olduğunu açıq şəkildə qəbul etmişdir. Bununla belə, iddiaçı tərəfindən cavabdehə ödənilən əlavə pul vəsaitlərinin məhz gəlir olduğunu təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

21. MPM-in 14.1, 174.2-ci maddələri üzrə - məhkəmə təqdim edilmiş və cavabdehin öz xətti ilə yazılmış, 2.500.000 ABŞ dollarının iddiaçıya faizlə verilməsini aşkar təsdiq edən əlyazmanın surətinə istinadən mövqe bildirmiş və həmin əlyazmanı sübut hesab etməmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, əlyazmanın surətində əks olunan yazıları cavabdeh öz izahatlarında da etiraf etmiş, həqiqətən iddiaçıya əlyazmada qeyd edilən 2.500.000 ABŞ dollarını verdiyini və həmin pul vəsaitinin ona qaytarıldığını, qeyd edilən vəsaitdən əlavə ödənilən pul vəsaitlərinin isə faiz olmayıb gəlir olduğunu istintaq orqanına vermiş olduğu izahatlarında göstərmişdir. Iddiaçı tərəfindən cavabdehə ödənilən əlavə pul vəsaitlərinin məhz gəlir olduğunu təsdiq edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsi əlyazmada və cavabdehin izahatlarında göstərilənlənlərin bir-birini tamamladığını, bununla da əlyazmada göstərilənlərin mötəbərliliyinin məhz cavabdehin izahatları ilə təsdiq olunduğunu görməzdən gəlmişdir. Məhkəmə cavabdehin izahatlarında göstərdiklərini, yəni 2.500.000 ABŞ dolları məbləğində, xüsusilə külli miqdar təşkil edən pul vəsaitini həqiqətən sərmayə kimi iddiaçının biznesinə yatırdığını, həqiqətən əlavə pul vəsaitlərinin faiz deyil, məhz gəlir kimi iddiaçıdan aldığını təsdiq edən sübutları cavabdehdən tələb etməmiş, bununla əlaqədar nədənsə araşdırma aparmaq istəməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə etiraz ünvanlayaraq, əsassız və qanunsuz olduğuna görə rədd edilməsini xahiş etmişdir.

Kassasiya baxışının hədləri

23. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 1091. Əsassız varlanma anlayışı

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. ... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

28. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eyniyyət təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Əlavə olaraq Məhkəmə kollegiyası vurğulayır ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

32. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar baxımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehlə aralarında borc münasibətlərinin mövcudluğu, cavabdehin ona faizlə 2.500.000 ABŞ dolları məbləğində borc verdiyi, həmin borcun qaytarılması ilə yanaşı 940 000 ABŞ dolları faiz məbləğinin ödənilməsi sübuta yetirilməmişdir.

34. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

35. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli 2025-ci il ## ####### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar