Məhkəmə qərarları › İş №2-2(1-8)-55/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-55/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-55/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xxxx xxxx (“xxxx”) BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, xxxx xxxx BOKT (“xxxx”) MMC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)- **/**** nömrəli qətnaməsindən xxxx xxxx BOKT (“xxxx”) MMC və cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. xxxx BOKT MMC ilə cavabdeh1 arasında 2017-ci il ## ####### tarixli *** saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT tərəfindən borcalana 72 ay müddətinə, illik 14% olmaqla 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq BOKT, cavabdeh1 və zamin cavabdeh2 arasında 2017-ci il ## ####### tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür.

3. Həmçinin kredit müqaviləsinin təminatı olaraq xxxx BOKT MMC ilə cavabdeh1 arasında eyni tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən ** saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

4. xxxx BOKT MMC ilə cavabdeh1 arasında 2018-ci il ## ###### tarixli ***/* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə BOKT tərəfindən borcalana illik 24% faiz olmaqla, 36 ay müddətinə 26.000 manat məbləğində kredit verilmişdir.

5. Həmin kredit müqaviləsinin təminatı olaraq xxxx BOKT MMC ilə cavabdeh1 arasında 2018-ci il ## ###### tarixdə ***/* saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən ** saylı mənzil ipoteka ilə yüklü edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6.

7. xxxx cavabdehə və cavabdeh2 (bundan sonra – “ikinci cavabdeh”) qarşı digər iddia ərizəsi (ikinci iddia ərizəsi) ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 2020-ci il # #### tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 89.911,75 ABŞ dolları əsas, 15.980,27 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu olmaqla cəmi 105.892,02 ABŞ dolları borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavadehlərdən xeyrinə tutulması, kredit müqaviləsinin təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən, ümumi sahəsi 143.92 kv.m olan ** nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, cavabdehin və həmin mənzildə qeydiyyatda olan, yaşayan şəxslərin mənzildən çıxarılması, borcun hərracdan əldə olunan vəsaitdən ödənilməsi və vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il ## #### tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan, xxxxnın cavabdehə və ikinci cavabdehə qarşı 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə (mənzilə) yönəldilməsi tələbinə dair *(***)-***/**** nömrəli mülki iş; xxxxnın cavabdehə qarşı 2018-ci il ## ###### tarixli 023/2nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə (mənzilə) yönəldilməsi tələbi barədə *(***)-***/**** nömrəli mülki işə birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il # ###### tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il ## #### *(***)- ****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- **/**** nömrəli iş üzrə 2022-ci il # ###### tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyati üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. 2023-cü il ## ####### tarixində xxxxnın nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək, xxxx və cavabdeh arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə gecikmiş borc məbləği 89.911,75 ABŞ dolları, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 46.294,56 ABŞ dolları olmaqla, cəmi 136.206,31 ABŞ dolları məbləğdə kredit borcunun və xxxx tərəfindən 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə borc tələbi üçün məhkəməyə ödənilmiş cəmi 283 manat məbləğdə dövlət rüsumunun cavabdeh və ikinci cavabdehdən müştərək qaydada tutularaq birdəfəlik şəkildə xxxxya ödənilməsi, xxxx və cavabdeh arasında bağlanmış 2018ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikmiş borc məbləği 23.397,87 manat, kredit üzrə gecikmiş faiz borc məbləği 31.498,71 manat olmaqla, cəmi 54.896,58 manat məbləğdə kredit borcunun və xxxx tərəfindən 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə borc tələbi üçün məhkəməyə ödənilmiş cəmi 202 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq birdəfəlik şəkildə xxxxya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliklərinin təminatı üsulu kimi xxxxnın xeyrinə yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə ümumi borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına xxxxya ödənilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə ümumi borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdehdən tutularaq xxxxya ödənilməsi, iddia tələbi üzrə tutma ünvan 2 ünvanında yerləşən 143,92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldildikdə və o satıldıqda həmin mənzildə yaşayan şəxslərin oradan məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 89.911,75 ABŞ dolları əsas borc, 46.294,56 ABŞ dolları faiz borcu tutularaq xxxxya ödənilməsi; cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq cəmi 521,55 manatdan 283 manat tutularaq xxxxya, 238,55 manat isə dövlət büdcəsinə ödənilməsi; 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 23.397,87 manat əsas borc, 14.479,85 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 202 manat tutularaq xxxxya ödənilməsi; tələb üzrə tutma cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 271.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına xxxxnın borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdehə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ müvafiq olaraq cavabdehlərdən tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzil satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, qalan hissədə iddia tələbinin rədd edilməsi, kəm ödənilən 53 manat məbləğində dövlət rüsumunun xxxxdan tutularaq dövlət büdcəsinə ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – G.Namazova).

14. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 2024-cü il # #### tarixli */**** nömrəli rəyinə əsasən 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehin 2023-cü il ## ######## tarixinə əsas borcu 89.911,75 ABŞ dolları, faiz borcu 56.469,57 ABŞ dolları, 2023-cü il ## ####### tarixinə əsas borcu 89.911,75 ABŞ dolları və faiz borcu 57.483,58 ABŞ dolları, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 2021-ci il ## ###### tarixinə əsas borcu 23.404,92 manat, faiz borcu 14.479,85 manat və 2023-cü il ## ######## tarixinə əsas borcu 23.404,92 manat, faiz borcu 14.479,85 manat və illik 5% dərəcəsi ilə faiz borcu 2.064,18 manat müəyyən edilmişdir.

15. Beləliklə, müəyyən olunmuşdur ki, xxxxnın müqavilələr üzrə tələb etdiyi əsas borc məbləğləri üzrə sadəcə 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə iddia tələbi ekspert rəyində müəyyən edilən əsas borcla eynilik təşkil etdiyindən, yəni 89.911,75 ABŞ dolları həddində, faiz borcu isə ekspert rəyində iddia tələbindən daha yüksək göstərildiyindən və iddia həmin hissədə artırılmadığı üçün iddia tələbində qeyd olunan 46.294,56 ABŞ dolları həddində, o cümlədən 2018-cil il 21 dekabr tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə əsas borc ekspert rəyində daha yuxarı həddə müəyyən edildiyindən, iddia tələbində tələb oluna 23.397,87 manat həddində, faiz borcu isə ekspert rəyində iddia tələbindən daha aşağı müəyyən edildiyi üçün, ekspert rəyində göstərilən 14.479,85 manat həddində müəyyən edilməklə cavabdehlərdən birgə tutulması qanunamüvafiq və ədalətlidir.

16. Məhkəmə həmçinin 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən kredit müddəti 72 ay, yəni 2023-cü il ## ####### tarixinə kimi müəyyən edilmişdir və işə baxıldığı müddətdə artıq müqavilə müddəti bitmişdir.

17. Həmçinin məhkəmə qeyd etmişdir ki, birləşmiş işlər üzrə cavabdehlər kredit müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişlər. Nəticədə “Ipoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

18. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, ** nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına xxxxnın borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdehə qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlər müvafiq olaraq cavabdeh və ikinci cavabdehdən tutulmalıdır.

19. Işə kommersiya məhkəməsində baxılarkən (əmlakın əvvəlki məhkəmə qiymətləndirməsindən bir neçə il keçdiyi üçün) məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin yeni rəyi alınmışdır.

20. “xxxx” MMC-nin 2024-cü il ## ##### tarixli LP-***/**** nömrəli mütəxəssis rəyinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin real bazar qiyməti 287.000 manat və likvid dəyəri 271.000 manat dəyərində olması müəyyən edilmişdir.

21. Belə olan halda məhkəmə “xxxx” MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq olan ünvan 3 mənzilin likvid qiyməti 271.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab etmiş və göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184cü məhəllə, ev 23, ** nömrəli mənzilin ilkin satış qiyməti 271.000 manat məbləğində müəyyən edilməlidir.

22. Iddianın “tələbi üzrə tutmanın Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldildikdə və o satıldıqda həmin mənzildə yaşayan şəxslərin oradan məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda (2018-ci il ## ######) dəyişiklik edilmədən öncə 2017-ci il ## ####### və 2018-ci il ## ###### tarixlərində bağlandığından hazırkı qanunvericliyin müddəası həmin müqaviləyə tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır.

23. Hazırkı halda məhkəmə hesab etmişdir ki, ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, ** nömrəli mənzilin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739, 741, 743-cü maddələri; “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 39.3, 41.1, 47.5, 59.3.1, 59.3.2, 59.4-cü maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 88, 107, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin - faiz borcunun tutulması və ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iş üzrə təkrar ekspertiza təyin edilməklə həmin hissələrdə düzgün və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - kredit müqavilələri üzrə faiz borcu və ipoteka predmetinin dəyəri hissələrində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 8.671,49 ABŞ dolları faiz borcu, cavabdehdən 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə isə 3.058,24 manat faiz borcu tutularaq xxxxya ödənilməsi; cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 372.000 manat müəyyən edilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

27. Kollegiya hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

28. Cavabdeh öhdəliyini lazımınca icra edilmədiyini mübahisələndirməsə də, cavabdehdən tutulan faiz borcunun məbləği ilə razılaşmamışdır.

29. Cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il ## #### tarixli */** nömrəli ekspert rəyinə əsasən 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə əsas borc 89.911,75 dollar, faiz borcu 8.671,49 dollar, 2019-cu il ## ###### tarixinə əsas borc 89.911,75 dollar, faiz borcu 8.951,21 dollar; 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə əsas borc 23.404,92 manat, faiz borcu 3.058,24 manat, 2019-cu il ## ###### tarixinə əsas borc 23.404,92 manat, faiz borcu 3.183,07 manat müəyyən edilmişdir.

31. “xxxx” MMC-nin 2025-ci il ## ####### tarixli MEB-***-**** nömrəli mütəxəssis rəyinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin real bazar qiyməti 413.000 manat və likvid dəyəri 372.000 manat müəyyən edilmişdir.

32. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, xxxx tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 2025-ci il ## #### tarixli */** nömrəli ekspert rəyini araşdıraraq kollegiya hesab etmişdir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, faiz borcuna aid hissədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, 2019-cu il # ###### tarixində xxxx tərərfindən cavabdehə göndərilmiş bildirişdə 2017-ci il ## ####### tarixli *** nömrəli və 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.

34. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli və 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqavilələrinin şərtlərinin müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, MM-in 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri 2019-cu il # ###### tarixindən ləğv olunmuş hesab edilir.

35. Bu baxımdan kollegiya hesab etmişdir ki, xxxx yalnız həmin tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

36. Beləliklə, faiz borcun məbləği sonuncu ekspert rəyinə uyğun olaraq 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 8.671,49 ABŞ dolları, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə isə 3.058,24 manat müəyyən edilməlidir.

37. Həmçinin ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti 372.000 manat məbləğində müəyyənləşdirilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 317, 319.1, 319.6, 385.1, 386.1, 390.5, 404, 425.1, 442, 448.1, 460.1, 739.1, 741-ci maddələri; “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 39.3, 48.1-ci maddələri və MPM-in 14.2, 77.1, 88, 103.1, 217.3, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. xxxx kassasiya şikayəti verərək, həmin qətnamənin faiz borcuna aid hissədə ləğv edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir.

40. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin - cavabdehə məxsus və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğv, həmin hissədə sözügedən əmlakın yenidən qiymətləndirilərək ilkin satış qiymətinin artırılmasına və faiz borcunun ləğv edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) xxxxnın kassasiya şikayətinin dəlilləri

41. MM-in 399.4-cü maddəsi üzrə - hər iki müqavilənin qüvvədə olma müddətində cavabdeh tərəfindən müqavilə üzrə şərtlər pozulmuş, ödəniş cədvələri üzrə müəyyən edilmiş aylıq ödənişlər yerinə yetirilməmiş, məhkəmə isə müqavilənin qüvvədə olma müddətində cavabdehin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini əsassız olaraq təmin etməmişdir.

42. MM-in 404.1-ci maddəsi üzrə - məhkəmə müqavilə şərtləri ilə faktiki vəziyyəti müqayisə etmədən yalnış qiymətləndirmə aparmışdır.

43. MM-in 442-ci maddəsi üzrə - xxxx ilə cavabdeh arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə kredit məbləği 100.000 ABŞ dolları və 2018ci il ## ###### tarixli ***/* nömrəli Kredit müqaviləsi üzrə 26.000 manat təşkil etmişdir. Qeyd olunan kredit müqavilələri üzrə əgər cavabdeh ödəniş cədvəlinə uyğun vaxtı-vaxtında ödənişləri yerinə yetirsə idi o, 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 48.351,51 ABŞ dolları, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə isə 10.721,99 AZN faiz ödəniş etməli idi. Təqdim olunmuş maliyyə arayışlarından da görsənir ki, cavabdeh 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 18.944,75 ABŞ dolları, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə isə 2.521,87 AZN məbləğində faiz ödəniş etmişdir. Təqdim edilmiş sənədlərdən də görsənir ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliyini gecikdirərək, tam, vaxtında icra etməməklə müqavilə şərtlərini pozmuşdur.

44. MM-in 448.1-ci maddəsi üzrə - məhkəmə qanunvericilik və müqavilə şərtlərinə zidd olan qərarı ilə cavabdehi müqavilə üzrə müəyyən olunmuş öhdəliklərinin icrasından əsassız olaraq azad edərək MM-in 425-ci “Öhdəliklərin icrası zamanı vicdanlılıq” maddəsində qeyd olunan halları da nəzərə almamışdır.

45. MM-in 449.1-ci maddəsi üzrə - məhkəmə cavabdehin öhdəliyin icrasından boyun qaçırmasına, borcverənin hesabına verilmiş kredit vəsaitindən əsassız faydalanmasına qiymət vermişdir.

46. MPM-in 103.1-ci maddəsi üzrə - məhkəmə özü təkrar ekspertiza təyin etdikdə də mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı cavabdehin 2019-cu il ## ###### və 2019cu il # ###### tarixinə borcunun müəyyən edilməsini əsaslandırmamışdır. Məhkəmə ilkin ekspert rəyi (birinci instansiya) ilə növbəti ekspert rəyi arasında yaranan fərqi hərtərəfli araşdırmadan, əsaslandırmadan, cavabdeh tərəfindən müqavilə üzrə şərtlərin yerinə yetirilməməsini, ödəniş cədvəli üzrə ödəməli olduğu faiz məbləğini nəzərə almadan ekspert rəyi ilə razılaşaraq xxxxnın mülki hüquqlarını pozulmuşdur. Ekspert rəyinin mövcudluğu məhkəməni avtomatik olaraq nəticəyə bağlamamalı, bir rəyə üstünlük verməməli, keçirilmiş rəylərə qiymət verərək müqayisə etməli və müqavilə üzrə öhdəlik davam etdiyi halda kredit müqavilələrinin 2019-cu il # ###### və 17 dekabr tarixinə olan borc məbləğlərinin təyin edilməsini əsaslandırmalı idi.

47. MPM-in 218.1-ci maddəsi üzrə - təqdim olunan sübutlar işin hallarına uyğun olaraq düzgün qiymətləndirilməmiş, ətraflı araşdırılmadan qətnamə qəbul edilmişdir.

b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

48. MM-in 317, 319.6-cı maddələri, “Ipoteka haqqında” Qanununun 39.3.3-cü maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdehə məxsus və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən olunan zaman faktiki olaraq həmin dövrdəki bazar qiymətləri nəzərə alınmalı olduğu halda, daşınmaz əmlak bazarında baş vermiş ciddi qiymət artımı lazımi qaydada nəzərə alınmamış, nəticədə əmlakın ilkin satış qiyməti normaldan qat-qat aşağı müəyyən edilmişdir. Halbuki hal-hazırda Bakı şəhəri Xətai rayonunda yerləşən təmirli mənzillərin bir kvadartı üçün orta bazar dəyəri 3.000-4.000 AZN arasında dəyişməkdədir və əmlak satışı saytlarında axtarış etməklə bu halın müəyyənləşdirilməsi mümkündür, bu isə ipoteka predmeti olan əmlakın cari bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətləndirilməsi nəticəsində cavabdehin mülkiyyət hüquqlarının pozulmasına, əmlakın bazar qiymətinə uyğun olmayan ilkin satış qiymətinə uyğun müəyyən edilmiş likvid dəyəri ilə hərraca çıxarılması isə borclunun əmlakından ədalətsiz və qeyri-proporsional şəkildə məhrum edilməsinə, borc öhdəliyi formal olaraq tam ödənilmiş olsa belə, normal bazar şəraitində əldə edə biləcəyi və ona məxsus olan məbləğdən faktiki olaraq məhrum edilməsinə səbəb olur. Eyni zamanda məhkəmənin faiz borclarının 2019-cu il # ###### tarixinədək hesablanması ilə bağlı nəticəsi düzgün olsa da, həmin məbləğlərin həddindən artıq yüksək olması və 2025-ci il ## #### tarixli ekspert rəyinin hesablamanın qanunauyğunluğunu və düzgünlüyünü təsdiq edən yetərli hüquqi əsaslara malik olmaması, rəyində hesablanma qaydasına dair hər hansı izah, metodika və ya düstur təqdim edilməməsi səbəbindən faiz borclarının hansı əsaslarla müəyyənləşdirildiyinin aydın olmaması bu hissədə də məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılmadığını göstərir.

49. MPM-in 101.6, 217.1, 217.2-ci maddələri üzrə - təqdim edilən ekspert rəyi qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermir. Rəydə tədqiqatın təsviri tam aydın şəkildə qeyd edilməmiş və ya izah verilməmişdir. Bu səbəbdən də onun nəticəsi barədə bir sıra şübhələr yaranmışdır. Belə olan halda məhkəmənin 2025-ci il ## #### tarixli ekspert rəyinə əsaslanması, həmçinin cavabdehə mübasibətdə həddindən artıq yüksək faiz borcu tətbiq etməsi heç də düzgün deyildir. Digər tərəfdən isə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti müəyyənləşdirilən zaman kifayət qədər araşdırılma aparılmamış və nəticə etibarilə də həmin əmlakın ilkin satış qiyməti cari dövrdəki bazar qiymətlərinə nisbətdə aşağı müəyyənləşdirilmişdir. Halbuki mövcud praktikaya və qanunvericiliyə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilən zaman real bazar şəraitinin nəzərə alınması mütləqdir. Buna baxamayaraq, məhkəmə bu halı və faktiki vəziyyəti nəzərə almadan sözügedən əmlaka münasibətdə daha aşağı qiymət müəyyənləşdirmişdir.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

51. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsi yalnız faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı həmin hissələrdə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətlərində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi

445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.”

53. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur (zamana görə qüvvədə olan redaksiyada):

“Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.9. ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.”

“Maddə 39. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsi ... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;”

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər ... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları

418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, xxxxnın kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

57. Ipoteka predmetinin ilkin satış qiymətinə aid hissə ilə bağlı cavabdehin kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

58. Belə ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

59. Eyni zamanda, hər iki kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə əsasaslandırılmış dəlillər də əsassızdır.

60. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

61. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

62. Bununla yanaşı, kollegiya hesab edir ki, faiz borcuna aid hissədə xxxxnın kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir.

63. Belə ki, xxxxnın cavabdehlərə ünvanladığı 2019-cu il # ###### tarixli məktubda xxxx, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borcunun ödənilməsi öhdəliyinin yerinə yetirilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən bildirişin verildiyi 2019-cu il # ###### tarixinə kredit müqavilələrinə birtərəfli qaydada xitam verilməsi və həmin tarixədək faiz məbləğinin tutulması barədə nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

64. Belə ki, MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.

65. 2019-cu il # ###### tarixindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 2023-cü il ## ####### tarixinədək sözügedən kredit müqavilələri üzrə faizin tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin müddət üçün xxxxnın faiz tələbinin təmin olunmamasına dair nəticəsi ilə aşağıdakılara əsasən razılaşmır.

66. Qeyd olunmalıdır ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. ...Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

68. Baxılan iş üzrə iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan göründüyü kimi, xxxx, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunu tələb edir.

69. Apellyasiya instansiyası məhkəməsi faiz tələbinə qiymət verərkən nəzərə almamışdır ki, baxılan iş üzrə xxxx, iddia tələbinin həcminin artırıldığı 2023-cü il ## ####### tarixinədək də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. Halbuki, MM-in 445.7-ci maddəsində (zamana görə qüvvədə olan redaksiyası) göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı xxxxnın kredit müqavilələri üzrə faiz tələbinə yuxarıda qeyd olunanlar və MM-nin 445.7-ci maddəsinin tələbləri baxımından yenidən hüquqi qiymət verilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi kredit müqavilələri üzrə faiz borcunun tutulması hissəsində maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

71. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI:

xxxx xxxx BOKT (“xxxx”) MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni faiz borcunun tutulması hissəsində ləğv edilsin. Iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar