Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-553/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı QSC Cavabdeh MMC-yə qarşı “pulun tutulması və tutmanın əmlaklara yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. “xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – “iddiaçı”) 2018-ci il ## #### tarixində “xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500.000 ABŞ dolları əsas borc, 255.000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 755.000 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını, tələbin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsini, həmin əmlaklar üzrə cavabdehin mülkiyyət hüququna xitam verilərək iddiaçının mülkiyyət hüququnun tanınmasını və səlahiyyətli orqanlara qeydiyyatın aparılması vəzifəsinin həvalə olunmasını xahiş etmişdir.
2. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli *-*(**)-***/**** nömrəli qətnaməsi və 2018-ci il # ###### tarixli düzəliş qərardadına əsasən, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 500.000 ABŞ dolları əsas borc, 255.000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 755.000 ABŞ dolları ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – R.Kərimli).
3. Cavabdeh həmin qətnamədən 2026-cı il ## ##### tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 4. 5.
6. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli *-*(**)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən – T.Qocayev, hakimlər – S.Cəfərov və E.Abdullayev).
8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir.
9. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü araşdıraraq hesab etmişdir ki, şikayət qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən ona apellyasiya qaydasında baxılması qeyri mümkün hesab edilməlidir.
10. Iş materiallarından görünür ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli qətnaməsinin surəti cavabdehə sifarişli poçt göndərişi ilə göndərilmiş, lakin poçt göndərişinin qəbulundan imtina edilmişdir.
11. Bundan başqa, iş materiallarına əlavə edilmiş icra işi sənədlərindən görünür ki, qətnamə 2021-ci il ## #### tarixində icra üçün aidiyyəti icra orqanına göndərilmiş, 2021-ci il ## #### tarixində icra icraatına başlanılması haqqında qərar qəbul edilmiş və cavabdehə qətnamənin könüllü icrası üçün müddət verilmişdir.
12. Hazırkı işdə qətnamənin surətinin cavabdehə göndərilməsi və poçt göndərişinin qəbulundan imtina olunması iş materialları ilə təsdiq edilir. Cavabdeh isə poçt göndərişinin qəbulundan imtinanın qanuni əsasla bağlı olduğunu göstərən konkret hal bildirməmiş və bu barədə hər hansı sübut təqdim etməmişdir. Buna görə də qətnamənin surəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada verilmiş hesab edilməlidir.
13. Prosessual müddətlərin müəyyən edilməsi məhkəmə aktlarının sabitliyinin, hüquqi müəyyənliyin və məhkəmə müdafiəsinin ağlabatan müddətdə həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Tərəfin məhkəmə sənədini qəbul etmək üçün yaradılmış imkandan öz iradəsi ilə istifadə etməməsi, daha sonra isə uzun müddət ərzində hər hansı prosessual hərəkət etməməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsi həll edilərkən onun xeyrinə qiymətləndirilə bilməz. Əks yanaşma qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qeyri müəyyən müddət ərzində mübahisələndirilməsinə imkan yaratmaqla hüquqi müəyyənlik prinsipi ilə uzlaşmazdı.
14. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə qiymət vermiş əvvəlki məhkəmə tərkibi öz qərardadında qeyd edilən halları göstərmiş və birinci instansiya məhkəməsinin qeyd edilən halları araşdırmalı olduğunu göstərmişdir.
15. Birinci instansiya məhkəməsi icra işinin materiallarını tələb edib onlara qiymət versə də, cavabdehin qətnamənin göndərildiyi poçt zərfini qəbul etməkdən hansı səbəbdən imtina etməsini araşdırmamış, Mülki Prosessual Məcəllənin 137-ci maddəsinin hazırkı məsələyə tətbiqini müzakirə etməmişdir.
16. Qeyd edilən əsaslarla, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli *-*(**)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları yuxarıda göstərilən prosessual normaların tələblərinə əsasən apellyasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasının yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 128.1, 130.1, 135.1, 135.2, 137.1, 360, 363.1, 363.1.3, 366.1, 366.2, 366.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. Azərbaycan Respublikasının Konstitusiyasının 127 və 129-cu maddələri üzrə - Hesab edirik ki, qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Apellyasiya məhkəməsi öz qərardadında qeyd edir ki, 2018-ci ildə qətnamənin surəti poçtla göndərilmiş və poçt göndərişinin qəbulundan imtina edildiyi üçün Mülki Prosessual Məcəllənin 137.1-ci maddəsinə əsasən rəsmi qaydada verilmiş hesab olunur. Lakin məhkəmə bu imtinanın məhz kimin tərəfindən edildiyini və hansı hüquqi əsasla qəbul olunduğunu araşdırmamışdır. Cavabdeh hüquqi şəxsdir və müvafiq prosessual hərəkətlərin edildiyi zaman qüvvədə olan Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməlidir. Poçt kuryerinin hüquqi şəxsi təmsil etmək səlahiyyəti olmayan, kənar və ya qeyrisəlahiyyətli şəxslərlə qarşılaşması və həmin şəxslərin imtina etməsi faktı hüquqi şəxsin qanuni nümayəndəsinin (rəhbərliyinin) "qanunsuz imtinası" kimi tövsif edilə bilməz. Məhkəmə iş materiallarında poçt göndərişinin qəbulundan imtinanın məhz cavabdehin səlahiyyətli vəzifəli şəxsi tərəfindən edildiyini təsdiq edən heç bir mötəbər sübut olmadığı halda Mülki Prosessual Məcəllənin 137.1-ci maddəsini əsassız tətbiq etmişdir. Iş materiallarından və faktiki hallardan aydın görünür ki, cavabdeh sözügedən 2018-ci il tarixli qətnamənin mövcudluğundan yalnız 2026-cı ilin mart ayının sonunda icra məmuru tərəfindən icra şöbəsinə dəvət olunduqdan sonra məlumatlı olmuş, bu məlumatı alan kimi şirkətin qanuni nümayəndəsi dərhal Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və qətnamənin surətini rəsmi qəbzlə 2026-cı il # ##### tarixində rəsmi qaydada təhvil almışdır. Qətnaməni 2026-cı il # ##### tarixində rəsmi qaydada qəbul edən kassator apellyasiya şikayətini 2026-cı il ## ##### tarixində, cəmi 11 gün sonra, məhkəməyə təqdim etmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət heç bir halda ötürülməmişdir. Icra icraatının başlaması faktı (2021-ci il ## ####) qətnamənin cavabdehə rəsmi qaydada təqdim edilməsi prinsipini və Mülki Prosessual Məcəllənin 360-cı maddəsi ilə müəyyən olunan 1 aylıq şikayət müddətinin başlama nöqtəsini hüquqi cəhətdən əvəz edə bilməz. Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə əsasən, şəxsin məhkəmə sənədlərinin məzmunu barədə məlumatsız qalması və formal əsaslarla məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini (Məhkəmə müdafiəsi hüququ) birbaşa pozur. Hesab edirik ki, məhkəmə imtinanın həqiqətən bizə aid olduğunu şübhəsiz şəkildə sübut edə bilmirsə, şikayətimizi qəbul etməlidir.
20. Mülki Prosessual Məcəllənin 135-ci maddəsi üzrə - Hesab edirik ki, məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ilə bağlı prosessual tələblər pozulmuşdur. Müvafiq prosessual hərəkətin yerinə yetirildiyi zaman qüvvədə olan Mülki Prosessual Məcəllənin 135.1 və 135.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə sənədləri ünvan sahibinə şəxsən verilməli, hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri isə müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə təqdim edilməlidir. Bu baxımdan, poçt kuryerinin hüquqi şəxsi təmsil etmək səlahiyyəti olmayan, kənar və ya qeyri-səlahiyyətli şəxslərlə qarşılaşması və həmin şəxslərin imtina etməsi faktı hüquqi şəxsin qanuni nümayəndəsinin (rəhbərliyinin) "qanunsuz imtinası" kimi tövsif edilə bilməz. Məhkəmə iş materiallarında poçt göndərişinin qəbulundan imtinanın məhz cavabdehin səlahiyyətli vəzifəli şəxsi tərəfindən edildiyini təsdiq edən heç bir mötəbər sübut olmadığı halda, Mülki Prosessual Məcəllənin 137.1-ci maddəsini əsassız tətbiq etmişdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## #### tarixli Qərarı üzrə - Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə əsasən, apellyasiya instansiyası məhkəmələri məhkəmə sənədlərinin çatdırılması və prosessual müddətlərin ötürülməsini qiymətləndirərkən həddindən artıq formal yanaşmamalıdırlar. Məhkəmə sənədlərinin ünvan sahibinə real və faktiki çatdırılması sübuta yetirilmədən şikayətin "müddət ötürülüb" əsası ilə qeyri-mümkün hesab edilməsi vətəndaşın Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozur. Məhkəmə icraatının formallığı və prosessual qaydalar tərəflərin hüquqlarını iflic etməməli, əksinə, ədalət mühakiməsinin əlçatanlığına xidmət etməlidir. Poçt göndərişlərinin üzərindəki qeyri-müəyyən "imtina" və ya "evdə tapılmadı" kimi qeydlər şəxsin sənədi rəsmi və aşkar şəkildə qəbul etməkdən qanunsuz boyun qaçırdığını birmənalı şəkildə sübut etmir. Bu baxımdan, sənədin real təqdimat tarixi rəsmi qəbzlə müəyyən edilməlidir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsaslı hesab etmir.
25. Kassasiya şikayəti verən şəxs poçt göndərişinin qəbulundan imtinanın məhz cavabdehin səlahiyyətli vəzifəli şəxsi tərəfindən edildiyinin sübuta yetirilmədiyini bildirsə də, həmin imtinanın cavabdehin iradəsindən kənar baş verdiyini və ya poçt göndərişinin səlahiyyətsiz şəxs tərəfindən qəbul edilmədiyini təsdiq edən konkret sübut təqdim etməmişdir. Bu barədə yalnız ehtimallara istinad edilməsi iş materiallarında mövcud olan poçt göndərişinin qəbulundan imtina edilməsi faktını təkzib etmir. Həmçinin, iş materiallarında göndərilən məktubların hüquqi şəxsin təsisçilərindən biri tərəfindən imzalanaraq qəbul edildiyi də mübahisəsiz şəkildə təsdiq edilir.
26. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qətnamənin surətinin cavabdehə göndərilməsini və onun qəbulundan imtina edilməsini nəzərə alaraq Mülki Prosessual Məcəllənin 137-ci maddəsini hazırkı işin hallarına düzgün tətbiq etmişdir.
27. Şikayətçinin qətnamənin surətini yalnız 2026-cı il # ##### tarixində əldə etməsi barədə dəlili də əsaslı deyildir. Məhkəmə aktının surətinin sonradan təkrar alınması əvvəlki təqdimetmənin hüquqi nəticələrini və prosessual müddətin başlanmasını aradan qaldırmır. Həmçinin icra icraatının başlanılması özü-özlüyündə qətnamənin təqdim edilməsini əvəz etməsə də, kassasiya verən şəxsin uzun müddət ərzində hər hansı prosessual hərəkət etməməsi qiymətləndirilərkən nəzərə alınmalı haldır.
28. Kassasiya şikayətində Konstitusiyanın məhkəmə müdafiəsi hüququna və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad olunması da fərqli nəticəyə əsas vermir. Məhkəməyə müraciət hüququ prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət edilməsi şərtini istisna etmir. Bu müddətlər hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin edilməsinə xidmət edir. Uzun müddət keçdikdən sonra isə buraxılmış müddətin bərpa olunaraq həmin qətnamənin yenidən mübahisələndirilməsi, məhkəmə aktlarının sabitliyi baxımından qeyrimüəyyənlik
29. vəziyyətinin yaranmasına səbəb ola bilər ki, bu da ümumilikdə ədalət mühakiməsinin səmərəliliyini, ilk növbədə qanuni qüvvəsini almış məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasını və onların sabitliyinin təmin edilməsini şübhə altına almış olur.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də analoji hüquqi mövqe ortaya qoyaraq, Cavid Ismayılzadənin şikayəti üzrə qəbul etdiyi 2007-ci il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, “...qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığı şübhə altına alaraq onları daim mübahisələndirmə təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır...”
31. Avropa Insan Hüquqları Məhkəməsi, analoji işlərdə eyni hüquqi mövqedən çıxış edərək “Miragall Eskolano və digərləri Ispaniyaya qarşı iş üzrə” 2000-ci il ## ###### tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
32. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş halları və tətbiq edilmiş prosessual hüquq normalarının tələbləri ilə uyğun olduğundan, həmin nəticənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.
33. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALIR:
Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli *-*(*-*)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.