Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-61/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı işi üzrə QƏRAR Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı QSC ilə cavabdeh3 və zaminlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış 2021-ci il ## ###### tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdeh3 120 ay müddətinə 500 000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər cavabdeh2 və cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan cavabdeh3 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər.
2. İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış 2022-ci il ## #### tarixli ***R********** saylı saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Bank ümumi məbləği 50 000 manat olan krediti aylıq faiz dərəcəsi 1,4167% olmaqla 36 ay müddətinə kredit alana verir. Iş materiallarında olan İddiaçı QSC ilə cavabdehlər cavabdeh2 və cavabdeh1 arasında bağlanmış zaminlik müqavilələridən görünür ki, həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür.
3. Kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh3 bank hesabına 2022-ci il ## #### tarixdə 250 manat komissiya haqqı çıxılmaqla, 50.000 manat məbləğində pul (kredit) köçürülmüşdür.
4. “Ödəniş planı”nın surətindən görünür ki, 2022-ci il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi 2025-ci il ## #### kimi müəyyən edilmişdir.
5. 2024-cü il ## ### tarixli, “Maliyyə arayışı”ndan görünür ki, 2022-ci il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə cavabdeh3 2024-cü il ## ### tarixə olan əsas məbləğ üzrə borcu 30945,82 manat, faiz üzrə borcu 2379,79 manat, cərimə borcu 1611,58 manat olmaqla, cəmi borc məbləği 34937,19 manat təşkil edir.
6. Iddiaçının cavabdehlərə ünvanladığı 2024-cü il ## ### tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış 2022ci il ## #### tarixli ***R********** nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 34937,19 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia qaldıraraq, 2022-ci il ## #### tarixli ***R********** saylı kredit razılaşması üzrə 30.945,82 manat əsas borc, 2.379,79 manat faiz borcu və 1.611,58 manat cərimə olmaqla, ümumilikdə 34.937,19 manat məbləğin, habelə 194,80 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmasını, həmçinin tələbin cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 “mənzil”) ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi xahiş edilmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh3 ilə iddiaçı arasında 2021-ci il ## ###### tarixli uzunmüddətli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında 2022ci il ## #### tarixli kredit razılaşması ilə 36 ay müddətinə, aylıq 1,4167% faiz dərəcəsi ilə 50.000 manat kredit verilmişdir. Cavabdeh ödəniş planına uyğun öhdəliklərini icra etməmiş, 2023-cü il ## ###### tarixdən etibarən ödənişləri dayandırmış, ödənilmiş 19.054,18 manat çıxıldıqdan sonra 30.945,82 manat əsas borc qalmışdır. Müqavilənin şərtlərinə əsasən faiz kreditin verildiyi tarixdən tam qaytarılanadək hesablanır və 2024-cü il ## ### tarixə 156 gün üzrə 2.379,79 manat faiz borcu yaranmışdır. Eyni zamanda, gecikdirilən hər gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə nəzərdə tutulmuş və həmin tarixə 1.611,58 manat cərimə hesablanmışdır. Uzunmüddətli kredit müqaviləsinin şərtlərinə görə borcalan öhdəliklərini yerinə yetirmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan borcun, faiz və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Borcun icrasının təminatı kimi cavabdeh2 (bundan sonra – “P.Qasımzadə”) və cavabdeh1 (bundan sonra – “cavabdeh1”) zaminlik müqavilələri ilə borclu ilə birgə məsuliyyət götürmüşlər. Bundan əlavə, cavabdeh3 2021-ci il # ######## tarixli ipoteka müqaviləsi ilə mülkiyyətində olan qeyd edilən mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir.
9. “xxxx” MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair 2024-cü il ## ###### tarixli qiymətləndirmə hesabatı ilə cavabdeh cavabdeh3 Bakı şəhəri şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 2024-cü il ## ###### tarixə bazar dəyərinin 214,560 manat, likvid dəyərinin 170,000 manat məbləğində olması müəyyən olunmuşdur.
10. Məhkəmə Ekspertiza Mərkəzinin */**** nömrəli, 2025-ci il # ##### tarixli rəyinə əsasən, iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış 2022-ci il ## #### tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh cavabdeh3 2024-cü il ## ### tarixə əsas borc üzrə 30 994,37 manat, faiz borcu üzrə 1 829,57 manat olması müəyyən olunmuşdur.
11. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 2022ci il ## #### tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 30945,82 manat məbləğində əsas borc, 1829,57 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı və ödənilmiş 194,80 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 33121,19 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, tələbin mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 170.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z.Abbasov).
12. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı belə nəticəyə gəlmişdir ki, tələb olunan əsas və faiz borcu məbləğləri müvafiq olaraq əsas borca münasibətdə xəbərdarlıq məktublarında və iddia ərizəsində qeyd olunan məbləğdə, faiz borcuna münasibətdə isə xəbərdarlıq məktublarında qeyd olunan məbləğdə müəyyən edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərə müqaviləyə xitam verilməsi barədə bildiriş (xəbərdarlıq) göndərməklə müqavilədən birtərəfli qaydada imtina etdiyinə görə artıq məhkəmədən kənar qaydada müqaviləyə xitam verilmişdir. Digər ifadə ilə müqavilədən imtina (müqavilənin ləğvi) bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilmişdir. Bu halda, müqaviləyə xitam verildikdən sonra həmin müqavilə üzrə istifadə faizinin hesablanması qanuni hesab edilə bilməz. Buna görə də, faiz borc məbləğləri xəbərdarlıq məktublarında göstərilən həddə hesablanmalıdır.
14. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşmalarının 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəmək öhdəliyini cavabdeh cavabdeh3 öz üzərinə götürmüşdür. Işin halları ilə cavabdehlərin kreditin və ona hesablanmış faizin ödənilməsini gecikdirdikləri müəyyən olunduğuna görə, onların iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır.
15. Lakin məhkəmə, cərimənin məbləğinin əsas və faiz borcuna nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
16. Məhkəmə, sadalanan maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin faktiki hallarına qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh3 etibarlı şəkildə ipoteka müqaviləsi bağlanmışdır və ipoteka hüququ daşınmaz əmlakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. Ipoteka müqaviləsi ilə təminat verilmiş kredit müqaviləsindən irəli gələn əsas öhdəlik lazımınca icra edilmədiyinə görə, ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka saxlayan iddiaçının tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Buna görə də, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
17. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi, ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir.
18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ekspert rəyi əsasında məhkəmə tərəfindən 65500 manat məbləğində müəyyən edilməklə, qeyd edilən əmlak açıq hərracdan satılmalı və həmin əmlakların satışından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.
19. Məhkəmə, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan 1 ay sonra həmin evdən X4, X3 və X2 çıxarılmalarına dair iddia tələbinin əsaslı olduğu qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış 2021-ci il # ######## tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh cavabdeh3 məxsus olan mənzil iddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış 2022-ci il ## #### tarixli ***R********** nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir və yenə işdə olan notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən cavabdehlər X4 və X3 adı çəkilən əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmişlər.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739.1 ,739.2, 385.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 421.1, 421.3, 447.1, 445.1, 445.7, 449.1, 462.1, 465.2, 466.2.1, 467, 269.1, 269.7, 307.6, 307.7, 309.1, 317.1, 317.2, 319.4-cü maddələrinə, ”Ipoteka haqqında” Qanunun 41.1,39.3.3 59.3, 59.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
b)Apellyasiya instansiya məhkəməsindəki icraat
22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Imanov, hakimlər – T.Kərimov, Q.Əliyev).
23. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
24. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 445.2.1, 462.1, 465.2, 467-ci, MPM-in 14.2, 88-ci maddələrinə, ”Ipoteka haqqında“ Qanunun 59.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
26. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi üzrə - birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, qeyd edilən maddənin tələbləri pozulmuş, nəticədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
27. MM-in 462.2-ci maddəsi üzrə - Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol vermişdir. Belə ki, iddiaçı tərəfindən iddia irəli sürülərkən kredit müqaviləsinin müddəti bitmiş, bitmə tarixinə bank qarşısında faiz borcu olmamışdır. Bununla yanaşı bütün dünyada “COVID-19” virusunun yayılması ilə bağlı pandemiya elan edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bütün banklara bu dövr ərzində müştərilərə dəbbə pulunun və gecikmə günlərinin hesablanmaması barədə tövsiyələr olmuşdur.
28. MPM-in 102.1, 149.2.4-cü maddələri üzrə - Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışını mötəbər sübut növü kimi qəbul edərək cavabdehin borc məbləği ilə razılaşmamasına baxmayaraq ekspertiza təyin etməmişdir.
29. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmadığını bildirmiş və bu barədə birinci instansiya məhkəməsinə müvafiq vəsatətlər təqdim etmişdir. O, göstərmişdir ki, 2025-ci il # ##### tarixli, */****/**** nömrəli ekspert rəyi ona aid deyildir və həmin rəy X1 borcu ilə bağlı tərtib edilmişdir.
30. Bu səbəbdən cavabdeh hesab edir ki, mövcud ekspert rəyi hazırkı mübahisə üzrə sübut kimi qəbul edilə bilməz və iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməlidir.
31. Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə razılaşmadığını bildirmişdir. O qeyd etmişdir ki, rəy hazırlanarkən mənzilin faktiki sahəsi barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən həmin rəyin hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir.
32. Eyni zamanda cavabdeh hesab etmişdir ki, mütəxəssis rəyi əsassız və formal xarakter daşıyır və bu hal iş materialları ilə də təkzib olunur.
33. Belə ki, rəyin “yerləşdiyi yerin təsviri və səmərəliliyi” hissəsində qiymətləndirilən obyektin Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,40 ha torpaq sahəsi və üzərində 147,2 kv.m qeyri-yaşayış binası olduğu göstərilmişdir. Halbuki hazırkı iş üzrə ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, Yeni Yasamal yaşayış massivində yerləşən mənzildir. Deməli, rəy üzrə təsvir edilən obyekt ipoteka predmetinə uyğun gəlmir. Bundan əlavə, rəy qeyri-yaşayış binası barədə tərtib olunduğu halda, mübahisə predmeti yaşayış mənzilidir. Bu ziddiyyət rəyin konkret obyektə aid olmadığını və formal qaydada hazırlandığını göstərir. Hamıya məlumdur ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində tikilməkdə olan binalarda 1 kv.m sahənin qiyməti azı 2.200 manat təşkil edir. Mənzilin faktiki sahəsi 142 kv.m-dir və bu halda bazar dəyəri təxminən 312.400 manat təşkil edir (142 x 2.200). Mənzil təmirsiz və çıxarışsız vəziyyətdə belə təxminən 300.000 manat dəyərindədir. Eyni zamanda, cavabdeh tərəfindən müvafiq alternativ qiymətləndirmə rəyi də məhkəməyə təqdim edilmişdir.
34. Beləliklə, təqdim edilmiş mütəxəssis rəyi obyektin ünvanı və təyinatı baxımından səhv göstərildiyindən, onun mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Cavabdeh hesab etmişdir ki, iş üzrə təkrar əmtəəşünaslıq və məhkəməmühasibatlıq
35. ekspertizaları təyin edilməli, həmin ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmalıdır. Məhkəmə əsas borc məbləğinin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir.
36. Eyni zamanda cavabdeh bildirmişdir ki, bank tərəfindən cavabdehlərə hər hansı pretenziya məktubu göndərilməmişdir. Iş materiallarında belə məktubların göndərilməsinə dair yalnız surətlər mövcud olsa da, onların cavabdehlər tərəfindən qəbul edilməsini təsdiq edən poçt sənədləri iddiaçı tərəfindən təqdim edilməmişdir. Buna görə də iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir.
37. Kassator şikayətinə əlavə təqdim edərək, əmlakın bazar qiymətlərinin müəyyən edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
39. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 385. Öhdəlik anlayışı ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq ... 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...“
“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı ... Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. ...”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”
“Maddə 462. Dəbbə pulu anlayışı ... 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...“
“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi ... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. “
“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması ... Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “
42. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 59. Ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi ... 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. ...”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.
46. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh borcalan müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
47. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
48. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdeh borcalanın müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın təmin olunan hissədə əsaslı olması qənaətinə gəlmişdir.
49. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.
50. Kassator dəlillərində “borc məbləğinin tutulması hissəsində də məhkəmənin düzgün nəticəyə gəlmədiyini və.s” qeyd etmişdir. Kassasiya şikayətinin adıçəkilən dəlilləri aşağı instansiya məhkəməsində bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.
51. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
52. Bundan başqa, kassatorun “məhkəmə tərəfindən yenidən ekspertizanın təyin edilməməsinə dair” dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, iş üzrə ekspertizanın (həmçinin təkrar və ya əlavə ekspertizanın) təyin edilməsi MPM-in 97.1 və 102.3-cü maddələrinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan birinci instansiya məhkəməsi növbəti dəfə ekspertiza təyin etməməklə sözügedən hüququndan istifadə etməmiş, apellyasiya məhkəməsi də qeyd olunanlarla bağlı həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Kollegiyanın qənaətinə görə, məhkəmə ekspertizanın keçirilməsinə lüzum görməmiş və bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
53. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
54. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
55. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.