Məhkəmə qərarları › İş №2-2(1-8)-653/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-653/2026

08.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-653/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığı məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi, Inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın tutulması” tələbinə dair iş üzrə Cəlilabad Rayon Məhkəməsi ilə Şirvan Kommersiya Məhkəməsi arasında fikir ayrılığının həll edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Cəlilabad Rayon Məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “(bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “cavabdeh2”, “cavabdeh1”) qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən dəymiş 4000 manat ziyanın, hüquqlarını müdafiə edən vəkilə ödənilmiş 300 manatın və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2025-ci il ## ### tarixdə DIN-in "102" Xidməti Zəng mərkəzi sisteminə zəng edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus ərazidə "xxxx" ASC-nin nəzdində uzun illər inşa edilmiş tikilinin divarlarının, şiferlərinin, dəmir hissələrinin sökülərək cavabdehlər tərəfindən aparıldığı, ona 4000 manatdan artıq ziyan dəydiyi barədə müraciət etmişdir. Müraciəti əsasında təhqiqatçı X1 araşdırma aparmış, hadisəni törədənləri müəyyən etmiş, onların iddiaçıya məxsus tikililəri özbaşına və qanunsuz olaraq söküb aparmaları aşkara çıxarılmışdır. Lakin araşdırma səthi aparılmış, sökülüb aparılmış əmlakın bazar qiymətini müəyyən etmədən, sökülmüş və aparılmış əmlakın dəyərini 100 manat qiymətləndirməklə cinayət işi başlanılmasından imtina edilmişdir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ziyan dəyməsi təsdiq edilmişdir. Lakin dəymiş ziyan 4000 manatdan artıqdır. Bunu nəzərə alaraq, cavabdehlərdən dəymiş 4000 manat ziyana - tikilini söküb materialları aparmalarına görə pul ödənilməsini xahiş edir. Hərracdan aldığı ərazidə "xxxx" ASC-nin nəzdində 1992-ci ildə "xxxx" kiçik müəssisəsinə 0,30 ha torpaq sahəsi ayrılmışdır. cavabdeh2 X4 ilə nikahları 1989-cu ildə pozulmuşdur. 1996-cı ildə M.B.Məmmədov vəfat etmişdir. cavabdeh2 M.Məmmədovla nikahı pozulandan 3 il sonra kimya birliyinin nəzdində "xxxx" kiçik müəssisəsinə 0,30 ha torpaq sahəsi ayrılmışdır. cavabdeh2 nikahı pozulandan sonra "xxxx" KM-nin varisi ola bilməzdi. Ona görө də o, bugünə kimi müəssisəyə mülkiyyət hüququ verən çıxarış almamışdır və ala da bilməz. Cavabdeh də mülkiyyət hüququ olmayan cavabdeh2 ilə heç bir müqavilə bağlamadan qanunsuz fəaliyyət göstərib, buna görə * saylı Vergi Idarəsi tərəfindən 1000 manat cərimələnib, özünün fəaliyyət göstərməsinə heç bir icazə olmadan, başqa bir şəxsi də müqaviləsiz işlədir, dövlətə vergi və sosial müdafiə fonduna ödənişlər etmir .

3. Cəlilabad Rayon Məhkəməsinin 2026-cı il ## ##### tarixli *(*-***)-***/**** saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim E.Əmirəliyev).

4. Məhkəmə işdə olan aşağıdakı sənədlərə istinad etmişdir: - Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN *********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. - Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. - Vergi ödəyicisinin uçota alınması haqqında elektron sorğu məlumatından görünür ki, cavabdeh cavabdeh1 Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. - Işdə olan şəxs haqqında elektron sorğu məlumatından görünür ki, cavabdeh X2 rayonu Maşlıq kəndində qeydiyyatdadır.

5. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

b) Şirvan Kommersiya Məhkəməsindəki icraat

6. Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli *-*(*-**)-****/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Nəbiyev).

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər fərdi sahibkar kimi vergi uçotuna alındığından tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur. Lakin, tərəflərin fərdi sahibkar statusuna malik olmasına baxmayaraq, mübahisə hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Belə ki, iddianın faktiki əsasından göründüyü kimi iddiaçı ona məxsus ərazidə "xxxx" ASC-nin nəzdində uzun illər inşa edilmiş tikilinin divarlarının, şiferlərinin, dəmir hissələrinin sökülərək cavabdehlər tərəfindən aparılmasına istinad edir. Belə olan halda hazırkı mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması qənaətinə gəlmək mümkün deyil. Ona görə də, hüquq münasibətinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab oluna bilməz. Bu da onu deməyə əsas verir ki, hazırkı mülki işə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar olan hüquq münasibətinin xarakteri baxımından Şirvan Kommersiya Məhkəməsində baxılması mübahisəlidir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.”

“Maddə 25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.”

“Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.”

“Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.”

“Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Belə ki, “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 1-ci, 25 və 26-cı maddələrinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini müəyyən edərkən yalnız subyekt tərkibini deyil, həm də mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini birlikdə nəzərə almağı tələb edir; tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyəti ilə əlaqənin mövcudluğu işin kommersiya məhkəməsində baxılması üçün kifayət deyil (11-ci bənd).

11. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12-ci bənd).

12. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (13-cü bənd).

13. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (14-cü bənd).

14. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəmələri tərəfindən istinad olunan Plenum Qərarının 11-14-cü bəndlərindəki məsələlər tam və hərtərəfli aydınlaşdırılmamışdır. Belə ki, əsas müəyyən edilməli olan hal iddiaçının istinad etdiyi deliktin tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranıb-yaranmaması ilə bağlıdır.

15. Lakin birinci instansiya məhkəmələri tərəflər arasında yaranmış münasibətlərin onların ayrı-arılıqda həyata keçirtdikləri sahibkarlıq fəaliyyəti nəticəsində yaranıbyaranmadığını araşdırmamışlar.

16. Plenum Qərarından irəli gələn yanaşmaya görə məhkəmə aidiyyətinin müəyyən edilməsində tərəflərin yalnız VÖEN-ə malik olması deyil, hüquq münasibətlərinin xarakteri əsas götürülməlidir. Hazırkı işdə bu məsələ lazımi dərəcədə araşdırılmamışdır.

17. Yuxarıda göstərilənləri nəzərə alaraq, qarışıq məhkəmə tərkibi hesab edir ki, iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün MPM-nin 403-1.9.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə – Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Həmin məhkəmə tərəfindən hazırkı qərarın qeyd olunan məsələlər aydınlaşdırıldıqdan sonra məhkəmə aidiyyatı məsələsi həll olunmalıdır.

18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.9.2-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDI:

Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın tutulması” “tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar