Məhkəmə qərarları › İş №2-2(1-8)-85/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-85/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-85/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı ASC ilə X2 (bundan sonra – “N.Səfərov”) arasında bağlanmış 2024-cü il ## #### tarixli ******-******/* nömrəli kredit müqaviləsinə (bundan sonra – “kredit müqaviləsi”) əsasən N.Səfərova 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 30.000 manat məbləğində krеdit verilmişdir.

2. Krеdit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi 2024-cü il ## ######, son ödəniş tarixi isə 2027-ci il ## #### kimi qeyd olunmuşdur (Ödəniş planının surəti).

3. İddiaçı ASC ilə N.Səfərov, cavabdeh2 (bundan sonra – “cavabdeh2”) və cavabdeh1 (bundan sonra – “cavabdeh1”) arasında bağlanmış 2024-ci il ## #### tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin, borcalanın kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür.

4. N.Səfərov “Baş beynin diffuz travması” səbəbi ilə 2024-cü il ## ###### tarixində vəfat etmişdir (Ölüm haqqında Şəhadətnamə).

5. N.Səfərovun 2025-ci il # ##### tarixinə kredit müqaviləsinə əsasən əsas borcu 24.954,37 manat, faiz borcu 0 manat olmaqla, cəmi borc məbləği 24.954,37 manat təşkil edir (2025-ci il # ##### tarixli Maliyyə arayışının surəti).

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ### tarixində cavabdeh2 və cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 24.954,37 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, cəmi 24.954,37 manat borcun və 164,86 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki halları ilə (bax §§1-5) əsaslandırılmış və göstərilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrin 4.2-ci bəndinə əsasən zaminlər borcalan tərəfindən kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə bank qarşısında borcalanla eyni dərəcədə məsuliyyət daşıyaraq kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, kredit müqaviləsi üzrə icra edilməyən öhdəliklər üzrə borcların tutulması ilə bağlı məhkəmə və digər xərclərin ödənilməsinə cavabdehdirlər; borcalan əsas öhdəliyi lazımınca icra etməmiş, kredit üzrə təsdiq edilmiş hissə-hissə ödəmə qrafikini pozmuş, cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də borc ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il # #### tarixli Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur və zamin, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə miras əmlakın həcmi öhdəliyin icrasına imkan vermədikdə kreditor qarşısında tam məsuliyyət daşıyır, həmçinin vərəsələr və zamin borclu öldükdən sonra əsas borcla yanaşı faiz borcuna görə də məsuliyyət daşıyırlar və müvafiq hallarda dəbbə pulunun ödənilməsi tələbi irəli sürülə bilər. Beləliklə bank öhdəliyin icrasını zamindən tələb etmək hüququna malikdir və 2025-ci il # ##### tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 24.954,37 manat əsas borcu olmaqla (faiz borcu 0 manat), cəmi 24.954,37 manat kredit borcu yaranmış, istehlak krediti müqaviləsinə əsasən borcalan kreditin və hesablanmış faizlərin, eləcə də xidmət haqlarının ödənilməsini öhdəsinə götürsə də ödəniş cədvəlində müəyyən edilən müddətlərdə öhdəliklər icra edilmədiyindən gecikdirilmiş kredit yaranmışdır.

8. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli e-2-2(121)- ****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – Z.Abbasov).

9. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyinə görə iddiaçının əsas borc, faiz və cərimə tutulmasına dair tələb irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır. Lakin həmin tələbin hazırkı işin müəyyən edilmiş faktiki hallarına və qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən cavabdeh-zaminlər qarşı irəli sürülə bilməsi, başqa ifadə ilə iddiaçının verdiyi kredit məbləğinin vaxtında qaytarılmaması ilə bağlı pozulmuş subyektiv hüququnun müdafiəsi ilə əlaqədar cavabdehlərin mülki məsuliyyətinin yaranıb-yaranmamasına açıqlıq gətirilməsini məhkəmə zəruri hesab etmişdir.

10. Maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd etmişdir ki, zaminin kreditor qarşısında öhdəliyi zaminliklə təminat altına alınmış əsas öhdəliyə münasibətdə əlavə (aksessor) xarakter daşıyır. Zaminin əsas borclu ilə bərabər kreditor qarşısında birgə məsuliyyət daşımasına (subsidiar məsuliyyət daşıması ilə bağlı hal istisna olmaqla), əsas öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmamasından irəli gələn bütün növ tələblərə qarşı əsas borclu ilə eyni məsuliyyətlə cavabdeh olmasına baxmayaraq, zaminin əlavə (aksessor) öhdəlik daşıyıcısı olması səbəbi ilə kreditor qarşısında öhdəliyinin yaranması, ona qarşı tələb irəli sürülə bilməsi üçün əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulmasının baş verməsi tələb olunur. Yalnız bu hüquqi faktın baş verməsi, yəni borclunun öhdəliyini lazımınca icra etməsindən yayınması zaminin kreditor qarşısında öhdəliyinin yaranması üçün əsas yaradır.

11. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Burada nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, zaminlik müqaviləsi gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması məqsədilə bağlandığından, zaminlik müqaviləsi bağlandığı andan qüvvəyə minsə də, həmin müqavilə üzrə hüquq və vəzifələr əsas öhdəliyin borclu tərəfindən pozulması halında yaranır. Buna görə də, kreditor zaminə qarşı tələbini yalnız əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulması baş verdikdə irəli sürə bilər.

12. Məhkəmə, şərh olunanları hazırkı işin faktiki hallarına tətbiq edərək hesab etmişdir ki, baxılan iş üzrə cavabdeh-zaminlərin iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyin borclu tərəfindən pozulması ilə əlaqədar zaminlik müqavilələrindən irəli gələn öhdəliyi yaranmamışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, borclu N.Səfərov kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq 2024-cü il ## ###### tarixində həyata keçirilməli olan ilk ödənişdən əvvəl, 2024-cü il ## ###### tarixində ölmüşdür. Buradan belə nəticə hasil olmuşdur ki, kredit müqaviləsi üzrə əsas borclu N.Səfərov tərəfindən kredit borcunun ödənilməsinin həyata keçirilməməsi onun ölümü ilə əlaqədar olmuşdur.

13. Məhkəmə, borclunun ölümünun öhdəliyin pozulması kimi qəbul edilərək zaminlərə qarşı tələb irəli sürülməsini tamamilə əsassız hesab edərək vurğulamışdır ki, öhdəliyin pozulması (icra edilməməsi və ya lazımınca icra edilməməsi) iradəvi aktdır və məhz buna görə də, qanunvericilik borclunun kreditor qarşısında mülki məsuliyyətinin yaranmasını onun təqsirli pozuntuya yol verməsi ilə əlaqələndirmişdir.

14. Beləliklə məhkəmə müəyyən etmişdir ki, baxılan iş üzrə iddiaçı ölmüş əsas borclunun vərəsələri müəyyən edilərək onlara qarşı tələb irəli sürülmədən zaminlərə qarşı tələblə çıxış etməkdə haqlı olmamışdır. Nəzərə alınsa ki, əsas borclu tərəfindən öhdəliyin pozulması borclunun təqsirli hərəkələri nəticəsində baş verməmiş, onun ölümü ilə əlaqədar olmuşdur, bu halda zaminlərin öhdəliyinin yaranmasından danışmaq olmaz. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia təmin olunmamalı və iddiaçıya ilk növbədə mirası qəbul etməkdən imtina etməmiş vərəsələrə qarşı tələb irəli sürülməsi, vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə zaminlərə qarşı tələb irəli sürmək hüququnun yarandığı izah olunmalıdır.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 445.5, 448.2, 460.1, 470.1, 472-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ######## tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – C.Imanov, hakimlər – Q.Əliyev və T.Kərimov).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövgeyini olduğu kimi vurğulayaraq hesab etmişdir ki, işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalar ilə əsaslandırmışdır (bax §15).

20. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 385.1, 470.1, 472.1, 477, 739.1-ci maddələri və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarı üzrə - Birinci və apellyasiya instansiyası məhkəmələri Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarını düzgün tətbiq etməmiş və MM-in 472-ci maddəsinin məzmununu yanlış təfsir etmişlər. Həmin Qərarda göstərildiyi kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü – birgə və subsidiar məsuliyyəti fərqləndirmişdir. Birgə məsuliyyət halında, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, əsas öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditor öz istəyi ilə tələbini həm əsas borcluya, həm də zaminə və ya onlardan hər hansı birinə qarşı yönəldə bilər və zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət halında isə kreditor əvvəlcə əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli və yalnız bundan sonra zaminə qarşı tələb yönəldə bilər.

22. Lakin apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyini nəzərə almadan zaminlərin məsuliyyətinə birgə məsuliyyət kimi deyil, subsidiar məsuliyyət kimi yanaşmış və nəticədə kreditorun zaminlərə qarşı tələb irəli sürə bilməsi üçün əvvəlcə borclunun və onun vərəsələrinin öhdəlikləri icra etməməsinin müəyyən edilməli olduğunu göstərmişdir. Bu yanaşmadan belə nəticə çıxır ki, vərəsəlik açılmadığı halda Bank zaminlərə qarşı iddia qaldıra bilməz ki, bu da zaminlik institutunun mahiyyətinə ziddir. Halbuki Konstitusiya Məhkəməsinin 2018-ci il # #### tarixli Qərarında göstərildiyi kimi, zaminlik müqaviləsi üzrə birgə məsuliyyət razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədikdə öz mülahizəsinə əsasən tələbini həm borcluya, həm də zaminə və ya onlardan birinə qarşı yönəltmək hüququna malikdir.

23. MPM-in 9.1, 9.2, 14.1, 47.2, 88, 99.1-ci maddələri üzrə - Şirvan Apellyasiya Məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Hazırkı işlə bağlı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun gəlmir. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam baxdıqdan sonra həmin sübutlara müvafiq qiymət verməlidir. Lakin iş materiallarından göründüyü kimi, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş və işin faktiki hallarını əks etdirməyən qətnamə qəbul edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

25. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti ... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. ...”

“Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ...”

“Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.”

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ######## tarixli Qərarında aşağıdakılar göstərilmişdir:

“Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.”

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında aşağıdakılar göstərilmişdir:

“Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.”

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

32. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı iş üzrə toplanmış sübutların tam, obyektiv və hərtərəfli araşdırılıb qiymətləndirilməsi ilə bağlı üzərinə düşən prosessual vəzifələri tam yerinə yetirməmiş, nəticədə iş üzrə əhəmiyyət kəsb edən halları tam müəyyənləşdirməməklə qətnamə çıxarmışdır.

33. Ilk növbədə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşübdüşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir.

34. Apellyasiya məhkəməsi isə zaminlərin məsuliyyətinə birgə məsuliyyət kimi deyil, subsidiar məsuliyyət kimi yanaşmış, nəticədə iddiaçının zaminlərə qarşı tələb irəli sürməsi üçün əvvəlcə borclunun və onun vərəsələrinin öhdəlikləri icra etməməsinin müəyyən olunmasını tələb etmişdir.

35. Halbuki, iş materiallarında olan 2024-ci il ## #### tarixli hər iki zaminlik müqaviləsindən zaminlərin birgə məsuliyyəti razılaşdırıldığı görünür.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını əlaqəli surətdə araşdırıb Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında formalaşdırılan hüquq mövqeyinin hazırkı iş üzrə tətbiqində yanlışlığa yol vermişdir.

37. Belə ki, mülki qanunvericilikdə birgə zamin olmuş şəxslərin, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıdıqları təsbit olunmuşdur (MM-in 472.3-cü maddəsi).

38. Həmçinin, yuxarıda qeyd olunan 2018-ci il # #### tarixli Plenum Qərarında göstərilmişdir ki, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: birgə məsuliyyət və subsidiar məsuliyyət. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər.

39. Bununla belə, həmin qərarda o da təsbit edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, bank ilə borcalan arasında bağlanmış 2024-cü il ## #### tarixli ******-******/* nömrəli müqavilədən 30.000 manat məbləğində krеdit verildiyi görünür. Bankın təqdim etdiyi maliyyə arayışının surətindən isə 2025-ci il # ##### tarixinə 24.954,37 manat əsas borcun qaldığı göstərilir. Beləliklə, iş materiallarından kredit üzrə borcun müəyyən hissəsinin azaldığı məlum olur. Apellyasiya məhkəməsi isə həmin azalmanın hansı əsaslarla baş verdiyini, ödənişlərin kim tərəfindən və hansı tarixlərdə həyata keçirildiyini müəyyənləşdirməyi diqqətdən qaçırmışdır. Məhkəmənin qeyd olunan halları nəzərə almadan iş üzrə nəticəyə gəlməsi işin faktiki hallarının tam və hərtərəfli müəyyən edilmədiyini göstərir. Bu isə MM-in mirasın qəbul olunması ilə bağlı qaydaları müəyyənləşdirən 1243-cü maddəsinin müddəalarının faktiki olaraq kənarda qalması ilə nəticələnmişdir.

41. Belə ki, borcalanın vəfat etdiyi 2024-cü il ## ###### tarixində qüvvədə olan MM-in mirasın qəbul edilməsi ilə bağlı 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (1243.3).

42. Işin hallarından isə müəyyən olunur ki, borcalanla bank arasında 30.000 manat kreditin verilməsi ilə bağlı müqavilə 2024-cü il ## #### tarixində bağlanmış, borcalan 2024cü il ## ###### tarixində vəfat etmişdir. Iddiaçı bank hazırkı iddia ərizəsi ilə 2025-ci il ## ### tarixində məhkəməyə müraciət etmiş və 24.954,37 manat borcun cavabdeh zaminlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, göstərilən hallardan kredit üzrə borcun müəyyən hissəsinin azaldığı məlum olur (yuxarıda § 40).

43. Belə olan təqdirdə tərəflər arasındakı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş MM-in 1243-cü maddəsinin müddəaları baxımından borcun azalmasının kim tərəfindən ödənişlərin həyata keçirilməsi nəticəsində baş verməsi əhəmiyyət kəsb edir. Həmin xüsusatların isə müəyyənləşdirilməsi üçün məhkəmə əvvəla borcun azalmasının hansı tarixləri əhatə etdiyini, borcalanın ölümündən sonrakı dövrü əhatə etdiyi təqdirdə ödənişlərin konkret olaraq kim tərəfindən həyata keçirildiyini, borcalanın vərəsələrinin və ya miras əmlakının olub-olmadığını, mirasın faktiki olaraq qəbul edilib-edilmədiyini, miras əmlakın tərkibini, vərəsələrin belə əmlak üzərində sərəncam verməsi və ya ondan istifadə etməsi məqamlarına qiymət verməlidir.

44. Işin faktiki hallarının araşdırılması zamanı apellyasiya məhkəməsi tərəfindən ödənişlərin məhkəməyədək olan dövrdə vərəsələr tərəfindən ödənilməsi, sonradan həmin ödənişlərdən imtina olunması və ya vərəsələrin elə zaminlər olması, həmin ödənişlərin isə zaminlərin həyata keçirdiyi müəyyən olunacağı təqdirdə, tərəflər arasındakı mübahisəyə MM-in 1243-cü maddəsinin tənzimlədiyi qaydalar da nəzərə alınmaqla qiymət verilməlidir.

45. Belə ki, zaminin birgə məsuliyyət daşıması ilə yanaşı, borclunun hüquq varisliyinin mövcudluğu halında vərəsələrin öhdəliklərin icrasına cəlb olunub-olunmaması məsələsi iş üzrə hüquqi nəticənin düzgün müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Buna görə də apellyasiya instansiyası məhkəməsi zaminlik münasibətləri ilə yanaşı, həm də vərəsəlik hüquq münasibətlərindən irəli gələn halları tam və hərtərəfli qiymətləndirməklə, iş üzrə bütün mühüm faktiki halları müəyyən etdikdən sonra müvafiq maddi hüquq normalarını tətbiq etməlidir.

46. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ###### tarixli Qərarında müəyyənləşdirdiyi hüquqi mövqe də nəzərə alınmalıdır. Belə ki, həmin qərara görə, MM-in vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

47. Qeyd olunan mövqeni nəzərə alan kollegiya bildirir ki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

48. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il ## ### tarixli və 2018-ci il ## #### tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

52. Belə olan halda işə yenidən baxılarkən apellyasiya məhkəməsi zaminlərin məsuliyyətinə dair hüquq münasibətlərinə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermək üçün həm onların birgə məsuliyyətlə bağlı razılaşmalarını, həm də vərəsəlik hüquq münasibətlərindən irəli gələn yuxarıda qeyd olunan halları qiymətləndirməli, kredit borcunun azalmasının hansı tarixlərdə və kim tərəfindən həyata keçirilmiş ödənişlər hesabına baş verdiyini, bunun isə iddia tələbinin həcminə və cavabdehlərin məsuliyyət dairəsinə təsirini müəyyən etməli, həmçinin iddia tələbinin əsaslılığı üçün əhəmiyyət kəsb edən digər halları tam və hərtərəfli araşdıraraq, bundan sonra müəyyən edilmiş hallara uyğun müvafiq maddi hüquq normalarını tətbiq etməli və iş üzrə toplanmış bütün sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək qanuni və əsaslı qərar qəbul etməlidir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mövcud sübutlara isə bu Qərarın əsaslandırma hissəsində göstərilənlər nəzərə alınmaqla MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi tam ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar