Məhkəmə qərarları › İş №2-2(1-8)-87/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-87/2026

15.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-87/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində Cavabdeh arasında bağlanmış hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 2022-ci il ## ###### tarixli, ****/**** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383,3 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 103365.0 manat; aylıq icarə haqqı 8613.75 manat; Qeyd: ##.##.2022-ci il tarixinə dövlət büdcəsinə icarə haqqı borcu – 4018,66 manat təşkil edir; 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir; 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək müəyyən edilir; 7.2-ci bəndinə əsasən aşağıdakı hallarda müqaviləyə vaxtından əvvəl xitam verilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; torpaq sahəsinə dövlətin ehtiyacı olduqda; bu müqavilənin 2.2, 5.2-ci bəndləri icarəçi tərəfindən pozulduqda; tərəflərin biri müqavilənin şərtlərinə əməl etmədikdə digər tərəfin tələbi əsasında müvafiq məhkəmə qərarı ilə.

2. Cavabdeh şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin 2025-ci il ## ###### tarixinə 196116,25 manat, 2025-ci il ## ### tarixinə 216122,38 manat məbləğində icarə haqqı borcu mövcuddur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## #### tarixli *-*(***)-***/**** saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış Müqavilənin 3.1-ci bəndinin dəyişdirilərək illik icarə haqqının 2553,32 manat müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.

4. İcarə haqqı borcunun ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 2022-ci il ## ###### tarixli, ****/**** nömrəli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən müqavilə üzrə 2025-ci il ## ### tarixə yaranmış 216122,38 manat məbləğində vəsaitin tutularaq Xidmətin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin göstərilən halları ilə əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, müqavilənin şərtinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlıvaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 2024-cü il ## ###### tarixli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 2022-ci il ## ###### tarixli, ****/**** nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 11383.3 kv.m torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən icarə müqaviləsi üzrə 2025-ci il ## ### tarixə yaranmış 216122,38 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi, cavabdehdən 506,12 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Z.Axundova).

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilərək, icarə haqqı borcunun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb və müqavilənin ləğv edilməsinin təklif edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir. Cavabdeh tərəfindən icarə haqqı olaraq sonuncu dəfə ##.##.2023-cü il tarixdə ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi müqavilənin ləğvi və torpaq sahəsinin boşaldılması hissəsində təmin edilməlidir.

9. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, icarəçinin qanundan və müqavilədən irəli gələn müəyyənləşdirilmiş icarə haqqını ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 385.1, 386.1, 421.2, 423.1, 423.2, 442, 448.1, 700.1, 706.1, 706.4, 719.7-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11, 13, 15, 23, 31-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və L.Əliyeva).

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı icarəyə verən kimi həm icarəçinin öhdəliklərini yerinə yetirməməsini sübuta yetirmiş və bununla bağlı məhkəməyə müraciət etməmişdən öncə icarəçiyə müvafiq qaydada xəbərdarlıq etmişdir. Cavabdeh ödənişin edilməməsini iddiaçının torpaq sahələrini icarəçiyə faktiki olaraq təhvil verilməməsi ilə əsaslandırsa da, şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 2023-cü il # ###### tarixinədək müxtəlif vaxtlarda icarə haqqı ödənilmişdir. Cavabdeh “icarə müqaviləsinin bəndinin dəyişdirilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət edərək icarə haqqının məbləğini mübahisələndirmiş, lakin həmin işdə iddiaçı tərəfindən torpaq sahəsinin cavabdehə təqdim edilməməsi məsələsini qətiyyən qaldırmamış, əksinə icarə haqqı üzrə ödənişlər etdiyini bildirmişdir. Cavabdehin torpaq sahəsindən istifadə etmədiyi halda, məbləğinin yüksək olduğu hesab etdiyi icarə haqqını ödəməsi məntiqi ziddiyyət təşkil edir və ağlabatan hesab edilə bilməz. Beləliklə, cavabdehin icarə müqaviləsi üzrə iddiaçı tərəfindən öhdəliyin yerinə yetirilməməsi barədə arqumenti əsassızdır.

14. Məhkəmə göstərmişdir ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində icarə müqaviləsi üzrə borcun məbləğini mübahisələndirməmiş və borcun mövcudluğunu istisna edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –“MM”) 5.3, 385, 386.1, 404, 423.2, 425, 442, 685.1, 685.2, 700.1, 706.1, 706.4, 719.7, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11, 13, 15, 23, 31-ci, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5, 13.5-ci, MPM-nin 14.2, 77.1, 88, 217.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. “Torpaq icarəsi haqqında” Qanunun 20 və 22-ci maddələri üzrə - məhkəmə nəzərə almayıb ki, iddiaçı torpaq sahələrini icarəçiyə (cavabdehə) faktik olaraq təhvil verməyib, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməyib. Cavabdeh icarəçi olaraq torpaq sahələrindən hər hansı şəkildə istifadə edə bilməyib və etməyib. İstifadəyə qəbul edilməmiş torpaq sahəsindən onun istifadəsinə görə icarə haqqı tələb edilməsi əsassız və qanunsuzdur. Cavabdeh müvəqqəti istifadə etməsi üçün ona verilməsi nəzərdə tutulmuş həmin torpaq sahələrindən heç vaxt istifadə etməyib, lakin həmin torpaq sahələrinə görə ilk il üçün icarə haqqı ödəyib. O torpaq sahəsindən sahibkarlıq fəaliyyəti üçün normal istifadə etməsinə, gəlir əldə edə bilməsinə imkan yaradılması üçün real icarə haqqının müəyyən edilməsini istəyib. Torpaq sahəsi icarəyə qəbul edilmədən, real olmayan icarə qiymətləri ilə gəlir əldə etmək mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsində vəsatət verərək torpaq icarə müqaviləsi ilə icarəsinə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin cavabdehə təhvil verilməsi, cavabdehin həmin torpaq sahəsindən sahiblik və istifadə etməsi faktının dəqiqləşdirilməsi üçün yerində müayinə keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməmişdir. İcarə müqaviləsinin 2.2, 5.3 və 7.2-ci bəndlərinə əsasən icarə haqqı 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilmiş sayılır. Məhkəmə müqavilənin qeyd edilən bəndlərinin tələblərini nəzərə almamış, icarə haqqının ödənilmədiyi 2 aylıq müddətdən sonrakı müddət üçün cavabdehdən icarə haqqı tutulması əsassız və qanunsuzdur.

18. MPM-in 14.1, 88, 217.4-cü maddələri üzrə - sübutlara düzgün hüquq qiymət verilməmiş, məhkəmə öz qətnaməsini tədqiq edilmiş sübutlarla deyil, öz əsassız mülahizələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş, apellyasiya baxışında vəsatəti əsassız və qanunsuz olaraq təmin edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

20. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.1. İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ...”

“Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. ...”

“Maddə 719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi ... 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. ...”

23. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 11. Müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası icarə müqaviləsində nəzərdə tutulur.”

“Maddə 13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar.”

“Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 52. Maddə 23. Torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir.”

“Maddə 31. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.”

25. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 7.5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.”

“Maddə 13.5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Cavabdehin əsas dəlili olan torpaq sahəsinin faktiki olaraq ona təhvil verilməməsi və istifadə etməməsi ilə bağlı Kollegiya göstərir ki, işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən müqavilə üzrə 2023-cü il # ###### tarixinədək müxtəlif vaxtlarda icarə haqqı ödənilmişdir. Bununla da cavabdehin dəlili təkzib olunur, belə ki, torpaq sahəsini ümumiyyətlə təhvil almadığı halda icarə haqqının ödənilməsi ağlabatan və inandırıcı hesab edilmir. Digər tərəfdən apellyasiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, cavabdeh “icarə müqaviləsinin bəndinin dəyişdirilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət edərək icarə haqqının məbləğini mübahisələndirmiş, lakin həmin işdə iddiaçı tərəfindən torpaq sahəsinin cavabdehə təqdim edilməməsi məsələsini qətiyyən qaldırmamış, əksinə icarə haqqı üzrə ödənişlər etdiyini bildirmişdir.

32. Göründüyü kimi əgər torpaq sahəsi təhvil verilməmişdirsə, belə olan halda cavabdehin iddia qaldıraraq icarə haqqının dəyişdirilməsini tələb etməsi də ağlabatan hesab olunmur.

33. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar