Məhkəmə qərarları › İş №2-2(102)-115/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-115/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-115/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan “İddiaçı ” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-115/21 Bakı şəhəri xx xxxx 2021-ci il Açar sözlər: kredit borcunun tutulması, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili xxx1un, ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx2 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli, 2-2(103)-287/2020 saylı qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdeh, Cavabdeh MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.485.500 ABŞ dolları əsas borc, 2.791.951 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 25.277.451 ABŞ dolları kredit borcunun, kr edit müqaviləsinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 20 və 30 manat pul vəsaitlərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, cavabdeh (bundan sonra mətndə ilk iddia üzrə cavabdeh) iddiaçıya (bundan sonra mətndə ilk iddia üzrə iddiaçı) qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 1008H saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra ilk iddia üzrə cavabdeh məhkəməyə qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ilk iddia tələbinin rədd olunması və tərəflər arasında bağlanmış xx xxx xxx 2016-cı il tarixli, 1008H saylı kredit müqaviləsinin uydurma əqd olması əsası ilə əhəmiyyətsiz hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İlk iddia tələbi üzrə iddiaçı bildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 1008H saylı müqaviləyə əsasən, cavabdehə yalnız dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 12 ay müddətinə, illik 10 faiz olmaqla 22.485,500 ABŞ dolları kredit verilmişdir. Müqavilənin tələblərinə əsasən, müəyyən olunmuş müddətin bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit məbləğinin nağd və ya köçürmə yolu ilə tamamilə geri qaytarılması müəyyən edilsə də, cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirmə mişdir. Müqavilədə həmçinin, öhdəliyin icrasının gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün müqavilə ilə müəyyənlədirilmiş faizlərin iki misli miqdarında cərimənin ödənilməsi də nəzərdə tutulmuş, cavabdehin xx xxxxxx 2018ci il tarixə 22.485.500 ABŞ dolları məbləğində kredir üzrə əsas borcu mövcud olmuş və 2.791.951 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi uydurma əqd olmaqla bankın maliyyə hesabatlarındakı boşluqların doldurulması və aktivlərinin şişirdilməsi məqsədi ilə və tərəflər üçün hər hansı hüquq və öhdəliklərin yaranmasını istisna etməklə bağlanmışdır. Bank tərəfindən kredit alan müəssisənin kredit məbləğini qaytarma imkanlarının və mənbəyinin olub-olmam ası barədə araşdırma aparılmadan, müəssisədən banklarda kreditlərin verilməsi qaydaları ilə nəzərdə tutulmuş zəruri sənədlər tələb olunmadan tərəflər arasında mübahisəli müqavilə bağlanmış və müqavilənin bağlandığı gün kredit məbləği vəsaiti guya nağd olaraq müəssisəyə verilmişdir. Bundan başqa bildirilmişdir ki, qanunveriviliyin tələblərinə görə açıq səhmdar cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd xüsusi əqddir və belə əqdin bağlanması barədə cəmiyyətin səhmdarlarının ümumi yığıncağında qərar qəbul edilməli və bu barədə məlumat açıqlanmalı idi. Mübahisəli müqavilənin bağlandığı ilin sonuna bankın xalis aktivlərinin dəyəri 54.445.446 manat olmuş, həmin məbləğin 25 faizi isə 13.611.361 manat təşkil etmişdir. Bu səbəbdən, müəssisəyə 39.713.891 manat məblə ğində kreditin verilməsi üçün səhmdarların ümumi yığıncağının qərarının tələb olunmasına bamayaraq, belə bir qərar və məlumat mövcud olmamışdır. Həmçinin, bank tərəfindən kredit vəsaitinin verilməsi ilə bağlı öhdəliyin icra olunması üçün müəssisəyə ssuda hesabının açılması və öhdəliyin həmin ssuda hesabında icra edilməli olmasına baxmayaraq, həmin hesab açılmamış, sonradan bank tərəfindən müəssisədə kreditdən istifadənin monitorinqi aparılmamış və kreditin qaytarılması istiqamətində heç bir addım atılmamasına baxmayaraq müəssisəyə ödənişlə bağlı müraciət edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinni xx xxx 2018-ci il tarixli, 2-2(81)-563/2018 saylı qərardadı ilə (hakim İlham Əhmədov) iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 15585 saylı rəy tərtib olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)79/2019 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdehin nizamnaməsində onun mühafizə xidmətlərini göstərmək hüququna malik olması və digər növ sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsi müəyyən edilmişdir. Cəmiyyətin yarandığı tarixdən mübahisəli kredit müqaviləsinin bağlandığı tarixədək, habelə onun bağlandığı tarixdən sonra hər hansı özəl mühafizə fəaliyyəti göstərməsi, hansı sayda mühafizəçiyə sahib olması, əldə etdiyi mənfəət və bu kimi digər halları təsdiqləyən sənədlər mövcud olmamışdır. Heç bir fəaliyyəti, işçisi və maddi texniki bazası ol maya, yəni yalnız sənəd üzərində mövcud olan hüquqi şəxsin kredit verilməsi vasitəsilə dövriyyə vəsaitinin artırılması məsələsinə bank tərəfindən aydınlıq gətirilməmişdir. Bundan başqa, bank həmçinin, kreditin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş kredit sənədlərini də cavabdeh müəssisədən almamış, kredit vəsaitinin istifadəsinin həyata keçirilməli olduğu müəssisənin ssuda hesabı açılmamışdır. Kredit təşkilatlarında kassa əməliyyatları və qiymətlilərin inkassasiyasının təşkilinə dair qaydalara əsasən, kredit təşkilatlarında nağd pulun və digər qiymətlilərin uçotu ”Pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda aparılmalıdır. İlk iddia tələbi üzrə iddiaçı bank kredit müqaviləsinin bağlandığı tarixdə cavabdeh müəssisəyə 39.713.891 məbləğində pulun təq dim olunduğunu bildirsə də, həmin uçot kitabını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının qarşılıqlı iddia tələbinə müddətin tətbiq olunmasına dair dəlilinə münasibətdə isə bildirmişdir ki, qanunvericilik əqdin etibarsızlığının nəticələrinin tətbiqinə dair iddialar üçün onun icrasına başlandığı gündən bir illik iddia müddəti nəzərdə tutmuşdur. Əqdin əhəmiyyətsiz hesab olunması haqqında qarşılıqlı iddia tələbinə hər hansı müddətin şamil olunması mümkün deyil. Həmin qətnamədən ilk iddia tələbi üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(103)-430/19 saylı qətnaməsi ilə (sədrlik ed ən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) ilk iddia tələbi üzrə iddiaçının şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)-5/2020 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Xələfov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanması və ilk iddia tələbi üzrə cavabdehin direktoru tərəfindən imzalanması, həmçinin xx xxxxxx 2016-cı il tarixli çekin üz və arxa tərəflərində “imzalar” qrafalarında və arxa tərəfindəki “Çekdə göstərilən məbləği aldım” qrafasındakı imzanın cavabdehin direktoruna məxsus olması öz təsdiqini tapmış, cavabdeh isə ona hər hansı bir məbləğin verilmədiyini iddia etmişdir. Belə olan halda, məhkəmə həqiqətən bank tərəfindən müəssisəyə pul vəsaitinin verilməsi halının olub-olmamasını araşdırmalı idi. Lakin apellyasiya məhkəməsi iş üzrə natamam araşdırma aparmış, cavabdehin iddiaçıya pul qaytarmaq öhdəliyinin olub-olmaması istiqamətində obyektiv məhkəmə araşdırması aparmamış, iş üzrə sənədlərə istinad etməklə ilk iddianı təmin etmişdir. Halbuki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi hal da məhz həmin sənədlərin görünüş üçün tərtib edildiyi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(103)-287/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Aida Hüseyn) ilk iddia tələbi üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia qismən – ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə 22.485.500 ABŞ dolları əsas, 2.254.795,97 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 24.734.050 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilmişdir, ilk iddia qalan hissədə və qarşılı qlı iddia tələbi bütövlükdə rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı ASC və Cavabdeh MMC arasında bağlanan 1008H saylı, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin notyarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik 10 faizlə 12 ay müddətinə 22.485.500 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. “Xarici valyutanın alınıb-satılması üçün” sifarişdən və əsli iş materiallarının 1-ci cildinin 86-cı vərəqinə əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli qəbzdən görünür ki, ABŞ dolları ilə verilmiş kredit məbləği 1,7662 məzənnə i lə manata konvertasiya edilərək cavabdehin qanuni təmsilçisinə manatla 39.713.891 manat vəsait təqdim edilmiş, qanuni təmsilçi xxx4 qəbzi imzalamaqla pulu aldığını təsdiq etmişdir. Bank tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 22.485.500 ABŞ dolları əsas borcun və bildirişlərin göndərildiyi tarixə yaranan faiz borcunun ödənilməsi cavabdehdən məhkəmədə iddia qaldırılanadək bir neçə dəfə tələb olunmuş, Cavabdeh MMC tərəfindən borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili bank tərəfindən məhkəməyə təqdim edilmiş pulun verilməsi barədə çekdəki imzanın xx x4ə aid olduğunu mübahisələndirərək işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətlə müraciət etmiş, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 15585 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş X2 adına olan xx xxxxxx 2016-cı il tarixli AB-1 seriyalı 128302 saylı çekin üz və arxa tərəflərində “İmzalar” qrafalarındakı imzaların və arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasındakı imzanın-X4 tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Cavabdeh MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsi və hüquqi şəxsin kommersiya hüquqi şəxslərinin dövlət reyestrinə daxil edilmiş məlumatlardan görünür ki, Cavabdeh MMC xx xxxxx 2015-ci il tarixdə təsis edilmişdir. xx xxxxx 2015-ci il tarixdə tərəflər arasında bank hesabı müqaviləsi bağlanmış, (Z.Niftliyev imzalayıb) həmin müqavilə əsasında Cavabdeh MMC-yə İddiaçı ASC-də bank hesabı açılmışdır. Cavabdeh MMC-nin direktoru X2 izahatına əsasən müəyyən edilir ki, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin İddiaçı ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə bağlandığına dair qarşılıqlı iddia ərizəsində qeyd edilənlər işin həqiqi hallarına uyğun deyil. İzahatdan aydın olur ki, xxx4in bankın rəhbər şəxsləri ilə heç bir yaxın münasibəti olmamış və ümumiyyətlə kreditin götürülmə məqsədi bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olmamışdır. xxx4in bankdan kredit götürməkdə məqsədi yaxın tanışı olmuş şəxsə müəyyən avadanlıqla rın alınmasında kömək etmək olmuşdur. İddiaçı ASC-nin Müşahidə Şurasının 41 saylı xx xxxxxx 2016-cı il tarixli iclasının protokolundan və bankın İdarə Heyətinin sədrinin müavininin qərarından çıxarışlardan görünür ki, həmin tarixdə keçirilmiş iclasda Cavabdeh MMC-yə bankın vəsaitləri hesabına 12 ay müddətinə 22.485.500 ABŞ dolları kreditin verilməsi barədə Kredit Komitəsinin qərarı təsdiq edilmiş, həmin qərar əsasında İdarə Heyətinin sədrinin müavini xxx5 tərəfindən Cavabdeh MMC-yə faizlərin aylıq, əsas borcun müddətin sonunda ödənilməsi şərtilə 22.485.500 ABŞ dolları kreditin verilməsi qərara alınmışdır. Bank hesabından çıxarışlarda kreditin verildiyi xx xxxxxx 2016-cı il tarixdə bankın əməliyyat hesabında milli valyuta ekvivalentində 39.713.891 manat məbləğində pul vəsaiti mövcud olduğu və kreditin həmin gün əməliyyat aparılaraq hesabın “kredit” hissəsindən “debet” hissəsinə keçirilməklə Cavabdeh MMC-yə ödənildiyi öz əksini tapmışdır. xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin rəsmiləşdirildiyi dövrdə bankın əməkdaşları olmuş X5, X6 işə apellyasiya qaydasında baxılarkən şahid qismində dindirilmişlər. X1 ifadəsində bildirmişdir ki, İddiaçı ASC-də korporativ müştərilərə xidmət şöbəsinin rəisi olmuşdur. Cavabdeh MMC bankın müştərisi olmuş, MMC-yə verilmiş kreditin məxaricini o təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş çekdəki ikinci imza ona məxsusdur. Ümumi qaydalara görə əməliyyatçı çeki imzaladıqdan sonra o müştərinin imzasının imza nümunəsinə uyğunluğunu, möhürü, müştərinin bank hesabında pul qalığı olub-olmadığını yoxladıqdan sonra o çeki imzalayır. Bundan sonr a müştəri pul vəsaitini almaq üçün kassaya yaxınlaşır. Müştərinin xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi rəsmiləşdirildiyi gün cari hesabında pul qalığı olmuşdur, pul həmin gün verilmişdir, çünki bankın kassa qalığı həmin gün yoxlanılmışdır. 2016-cı il bankın ən işlək vaxtı olmuşdur. X3 ifadə verərək bildirmişdir ki, İddiaçı ASC-də xəzinədar vəzifəsində işləmişdir. Kredit vəsaitinin verilməsi barədə məxaric çeki ilə müştəri ona yaxınlaşır və o təsdiq edir. xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh MMC-yə 39.713.891 manat pul vəsaitinin verilibverilmədiyini 4 il keçdiyi üçün xatırlamır. Çekin onun tərəfindən və müştəri tərəfindən imzalanması o deməkdir ki, pul verilmişdir. İşlədiyi dövrdə bu məbləğdən daha artıq məbləğlərdə də kreditin verildiyini xatırlayır. İşin bu hallarına və sübutl ara əsaslanmaqla apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, birinci instnansiya məhkəməsinin istinad etdiyi “Banklarda kreditlərin verilməsi” Qaydaları kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarını müəyyən etdiyindən, bankın bu Qaydaların tələblərinə riayət etmədən bağladığı kredit müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan məhkəmə qaydasında etibarsız hesab edilə bilməz. Əqdə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi üçün əqdi bağlayarkən tərəflərin gələcəkdə həqiqətən ona uyğun hüquqi nəticələr yaratmaq niyyətləri olmadığı sübut olunmalı və bağlanmış əqd əsasında tərəflərin üzərinə qoyulmuş öhdəliklər formal xarakter daşımaqla icra edilməmiş olmalıdır. Kredit müqav iləsi rəsmiləşdirildikdən və kreditin alınmasına dair qəbz imzalandıqdan sonra pul vəsaiti bank tərəfindən faktiki verilməmiş olsaydı kredit alan bankdan həmin vəsaitin verilməsini tələb etməli, əks halda müqavilənin ləğv edilməsi üçün banka, məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etməli idi. İlk iddia üzrə cavabdeh müqavilə rəsmiləşdirildikdən sonra kredit vəsaitinin təqdim edilməməsi ilə bağlı banka hər hansı pretenziya irəli sürməmişdir. Bankın kredit vəsaitinin verilməsi ilə bağlı öhdəliyini icra etməməsi isə müqavilənin etibarsız əqd hesab edilməsi üçün deyil, ləğv edilməsi üçün əsas ola bilərdi. İlk iddia üzrə cavabdehin xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin konkret hüquqi nəticə yaratmaq məqsədi olmadan, yalnız görünüş üçün bağlandığına dair qarşılıqlı iddia ərizəsinin dəlilləri əsassız olmuşdur. İlk iddia tələblərinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, yəni faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. İlk iddia üzrə cavabdehin əsas borc məbləğini təşkil edən 22.485.500 ABŞ dollarının 10 faizi 2.248.550 ABŞ dolları etdiyi halda, ilk iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında ilk iddia üzrə cavabdehin müqavilə üzrə ödəməli olduğu faiz məbləği düzgün qeyd edilmədiyindən bankın təqdim etdiyi maliyyə arayışları kredit borcunun mə bləğinin müəyyənləşdirilməsi üçün sübut kimi nəzərə alına bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı, “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 14.3, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia tələbi üzrə iddiaçı kassasiya şikayəti verərək onun qismən – ilk iddia tələbi üzrə cavabdehdən 2.254.795,97 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməsi və işin həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı kassasiya şikayətində bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, özgə vəasitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günədək tutulur. Yəni, kreditin qaytarılma müddətindən asılı olmayaraq kreditdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə kredit alan tərəfindən vəzifənin icra müddəti gecikdirildikdə, borc məbləği tam qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilə ilə müəyyən olunan faizlərin ikiqat həcmdə hesab lanması müəyyən edilmişdir. Lakin, apellyasiya məhkəməsi iş üzrə əsas sübut olan kredit müqaviləsinin şərtlərini nəzərə almamış və maddi hüquq pozuntusuna yol verərək faizlərin hesablanması ilə bağlı qanunvericiliyin müddəasını tətbiq etməmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə istinad olunmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin ilk iddia tələbi üzrə cavabdeh kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh kassasiya şikayətində qarşılıqlı iddia ərizəsində göstərilən əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, apellyasiya məhkəməsi bank tərəfindən pul vəsaitini n verilmədiyi təqdirdə müəssisə tərəfindən banka vəsaitin verilməsi və ya müqavilənin ləğvi barədə müraciət etməli olduğunu qeyd etmişdir. Halbuki, müəssisə müqavilənin görüntü üçün bağlandığını və ona hər hansı vəsaitin verilməyəcəyini əvvəlcədən bildiyinə görə banka qarşı heç bir irad bildirməmişdir. Məhkəmə həmçinin, kredit müqaviləsinin tərəflərin qarşılıqlı və könüllü iradə ifadələri əsasında bağlanmasını əsas gətirərək əqdin uydurma ola bilməməsi nəticəsinə gəlmişdir. Halbuki, qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd etibarsızdır və ümumiyyətlə bağlanmamış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hər hansı dəlil irəli sürülə bilməz. Digər bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsi iddiaçı bankım, onun xalis aktivlərinin 25 faizindən artıq məbl əğdə olan vəsaitlə əlaqədar xüsusi əhəmiyyətli əqdin bağlanması barədə səhmdarlarının ümumi yığıncağı tərəfindən qərarın qəbul edilməsinə heç bir münasibət bildirməmişdir. Bundan başqa bildirilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi uydurma əqd olduğundan vəsaitin müəssisəyə verilməsinə dair pul çeki də həmin uydurma razılaşmanın tərkib hissəsidir. Belə ki, həmin çekin olmadığı təqdirdə bankın aktivləri yüksəlmiş olmazdı, əksinə bank tərəfindən müəssiəyə kredit vermək öhdəliyinin olması səbəbindən onun passivinin artmasına səbəb olardı. Şikayətdə həmçinin bildirilmişdir ki, məhkəmə ilk iddia üzrə cavabdehin bank tərəfindən nağd kredit vəsaitinin verildiyi tarixə aid videoçəkilişlərin verilə bilməməsi əsası kimi istinad edilmiş videçəkilişlərin yalnız 6 ay saxlanılmasına da ir sənədlərin, kredit dosyesinin, xx xxxxxx 2016-cı il tarixli balans və həmin tarixi əhatə edən “pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nın, 2016-cı ilin dekabr ayı üçün bank üzrə kassa dövriyyəsi haqqında statistik hesabatın tələb olunması və müəssisəyə kreditin verilməsi barədə rəy vermiş və kreditin verilməsi haqqında qərarı qəbul etmiş şəxslərin dindirilməsi barədə vəsatətlərini təmin etməmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 99.3, 337.1, 340.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4, 420ci maddələrinə, “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının Qaydaları”nın 7.2, 7.3, 13.6, 14.1, 14.2, 14.3, 14.4, 14.5, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 3.1, 3.2, 3.3, 3.4, 4.1.8, 4.1.22, maddəsinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehin kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçının kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissələrdə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, yəni faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. İlk iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında ilk iddia üzrə cavabdehin müqavilə üzrə ödəməli olduğu faiz məbləği düzgün qeyd edilmədiyindən bankın təqdim etdiyi maliyyə arayışları kredit borcunun məbləğinin müəyyənləşdirilməsi üçün sübut kimi nəzərə alına bilməz. Bu mövqeyi ilk iddia üzrə iddiaçı o əsasla mübahisələndirmişdir ki, kreditin qaytarılma müddətindən asılı olmayaraq kr editdən istifadəyə görə faizlər əsas borcun banka ödənildiyi günədək hesablanmalıdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə kredit alan tərəfindən vəzifənin icra müddəti gecikdirildikdə, borc məbləği tam qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilə ilə müəyyən olunan faizlərin ikiqat həcmdə hesablanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə): - 739.1-ci maddəsinə əsaəsn, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni key fiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Yəni borc müqaviləsinin predmetini pul məbləği təşkil etdikdə, həmin müqavilə kredit müqaviləsi sayılır və müqavilədə borcun faizlərlə qaytarıması müəyyənləşdirilə bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsində iddiaçı tərəfindən cavabdehə illik 10% olmaqla 12 ay müddətinə kredit verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməli olan faiz borcunun məbləği hesablanarkən apellyasiya məhkəməsi düzgün olaraq hesablanmanın kredit müddəti ilə məhdudlaşdırılmalı olduğu nəticəsinə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi faiz borcunu hesablayarkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, kredit müddəti bitənədək kredit üzrə faiz müqavilədə nəzərdə tutulmuş qaydada hesablanmalı, kredit müddəti bitəndən sonra hesablanmı ş faiz formasında zərər məbləği tələb oluna bilərdi. İlk iddia üzrə iddiaçı kreditdən istifadə edildiyi bütün müddət üzrə faizin hesablanmasını kssasiya şikayətində Mülki Məcəllənin 449.4-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsinin nəticəsi olaraq iddiaçıya dəymiş zərərin ödənilməsi Mülki Məcəlləsinin 21 və ya 445.7, və ya 449-cü maddələrində, və ya onların əlaqəli şəkildə birlikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməsi bildirilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarxili Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Halbuki, ilk iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələb zərərin ödənilməsi ilə bağlı deyil, kredit məbləği üzrə hesablanmış faizin tutulması ilə bağlı olduğundan, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tutulmalı olan faiz mə bləği kredit müddəti ilə məhdudlaşdırılmalıdır. Bununla isə məhkəmə kollegiyası bildirir ki, ilk iddia üzrə iddiaçı tələbinin təmin edilməsi üçün uyğun olmayan maddi hüquq normasına əsaslanmışdır. İlk iddia üzrə iddiaçı bildirdiyi dəlilin hüquqi əsası kimi həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad etmişdir. Həmin müqavilənin: - 3.5-ci bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kreditqaytarılan günədək hesablanır; - 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3 bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4 bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Bu dəlillə bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında məsələ ilə bağlı göstərilmişdir ki, “kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.” İstinad edilmiş hüquqi əsas üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərini təfsir edərkən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının əsaslandığı müqavilə şərti gecikdirmə faizlərinə deyil, dəbbə pulunun tututlması qaydasına aid edilmişdir. Müqavilə şərti Mülki Məcəllənin aşağıda kı qaydalarına uyğun hesab olunmaldır: - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; - 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər; - 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Sadalanmış normaların məzmununa görə, öhdəliyin icrasını təmin edilməsi üsullarından biri olan dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq dəbbə pulunun miqdarını tərəflər sərbəst müəyyən edir və belə razılaşma yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddia tələbi ilə “faiz borcunun” ödənilməsi xahiş olunmuşdur, borclunun öhdəliyinin icra edilməməsinin məsuliyyətini müəyyən edən maliyyə sanksiyası kimi müqavilədə göstərilmiş “faizlərin iki misli miqdarında cərimə”nin hesablanması qaydası dəbbə pulunun hesablanması qaydasına aid olduğu üçün, müqavilə şərtinin iddia tələbinə tətbiqi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində müəyyən edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçının kassasiya şiakyətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Qarşılıqlı iddia tələblərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, əqdə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi üçün əqdi bağlayarkən tərəflərin gələcəkdə həqiqətən ona uyğun hüquqi nəticə lər yaratmaq niyyətləri olmadığı sübut olunmalı və bağlanmış əqd əsasında tərəflərin üzərinə qoyulmuş öhdəliklər formal xarakter daşımaqla icra edilməmiş olmalıdır. Kredit müqaviləsi rəsmiləşdirildikdən və kreditin alınmasına dair qəbz imzalandıqdan sonra pul vəsaiti bank tərəfindən faktiki verilməmiş olsaydı kredit alan bankdan həmin vəsaitin verilməsini tələb etməli, əks halda müqavilənin ləğv edilməsi üçün banka, məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etməli idi. İlk iddia üzrə cavabdeh müqavilə rəsmiləşdirildikdən sonra kredit vəsaitinin təqdim edilməməsi ilə bağlı banka hər hansı pretenziya irəli sürməmişdir. Bu mövqeyi qarşılıqlı iddia üzrə cavabdeh o əsasla mübahisəlndirmişdir ki, müəssisə müqavilənin görüntü üçün bağlandığını və ona hər hansı vəsaitin verilməyə cəyini əvvəlcədən bildiyinə görə banka qarşı heç bir irad bildirməmişdir. Məhkəmə həmçinin, kredit müqaviləsinin tərəflərin qarşılıqlı və könüllü iradə ifadələri əsasında bağlanmasını əsas gətirərək əqdin uydurma ola bilməməsi nəticəsinə gəlmişdir. Halbuki, qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd etibarsızdır və ümumiyyətlə bağlanmamış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hər hansı dəlil irəli sürülə bilməz. Məhkəmə kollegiyası dəlil üzrə şağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə): - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337. 3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; - 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyinə görə, maddələrin tələbləri belə təfsir edilir ki, mülki qanunvericiliyin tələblərinə zidd olan qaydada bağlanmış əqd etibarsız hesab olunmalıdır. Etibarsız hesab edilən əqdlərin iki grupu müəyyən edilmişdir: digər tərəfə mübahisə barədə iradə ifadəsinin bildirilməsi yolu ilə və ya məhkəmədə mübahisələndirilən (1) və ya əhəmiyyətsiz (2) əqdlər. Əhəmiyyətsiz əqdlər tərəflərin iradə ifadəsindən və ya məhkə mə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. Əhəmiyyətsiz əqdlərə uydurma əqdlər aiddir. Mülki Məcəllənin: - 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddənin tələbləri belə izah olunur ki, hüquqi nəticələr yaratmaq məqsədi olmadan bağlanan əqdlər etibarlı sayılmır. Hüquq nəzəriyyəsində uydurma əqdin anlayışı açıqlanarkən qeyd edilmişdir ki, belə əqd aşağıdakı əlamətlərlə səciyyəvidir: uydurma əqddə tərəflərin əqd bağlamaq barədə iradələrinin ifadə olunması; əqdin müvafiq formada tərtib və təsdiq edilməsi; əqd bağlan dıqda tərəflərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyətlərinin olmaması; əqdin yalnız görünüş üçün bağlanması. Uydurma əqdlər mülki-prosessual qanunvericilikdə müəyyən olunan mümkün sübutlarla sübut edilməlidir. İşin hallarına görə, tərəflər arasında müvafiq formada kredit müqaviləsi bağlanmış və təsdiq edilmişdır. Yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Qarşılıqlı iddia ərizəsində və kassasiya şikayətinin dəlillərində cavabdehin kredit müqaviləsində müəyyən edilmiş pul məbləğinin alınmaması əsası ilə kredit müqaviləsinin yalnız görünüş üçün bağlanmasını bildirmişdir. Məhkəmə kolelgiyası apellyasiya məhkəməsinin cavabd ehin üzərinə düşən sübutetmə yükü ilə bağlı vəzifələrinin icra etmədiyi əsası ilə bağlanmış kredit müqaviləsinin uydurma əqd olmaması barədə nəticəsi ilə aşağdakılara əsasən razılaşır. Azərbaycan Respublikası MPM-nin: - 76.1-cı maddəsinə əsasən, trəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 106.1-ci maddəsinə əsasən, işdə iştirak e dən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 46.1-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin işdə iştirak edən şəxslərin izahatları aiddir. İş də iştirak edən şəxslərin sübutetmə predmetinə aid olan faktlar barədə izahatları mübahisəyə dair toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlir. İşin hallarından göründüyü kimi, cavabdeh iddiaçı müəssisədə olmaqla kredit müqaviləsinin bağlanmasını, müvafiq sənədləşmənin aparılmasını təsdiqləmiş və bildirmişdir ki, həmin vəsaitin bankdan kredit götürməkdə məqsədi yaxın tanışı olmuş şəxsə müəyyən avadanlıqların alınmasında kömək etmək olmuşdur. Qeyd edilmiş izahatı da sübut kimi qəbul etməklə apellyasiya məhkəməsi digər sübutlarla birgə ona qiymət verməklə əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bilavasitə hüquqi nəticələr yaratmaq niyyəti ilə müqavilə bağlanmış və icra edilmişdir, çünki cavabdehin iradə ifadəsi bilavasitə müqavilə əsasında müvafiq pul vəsa itini almaqda olmuşdur ki, bu halı cavabdeh öz izahatı ilə təsdiqləmişdir. Beləliklə, uydurma əqd kimi qiymətləndirilməsi xahiş edilmiş kredit müqaviləsinin hüquqi nəticəsi bilavasitə bir tərəfin digər tərəfə kredit məbləğinin verilməsindən ibarət olduğundan və həmin müqavilənin bağlanması hər hansı digər məqsədlər daşımadığından, müqavilənin yalnız görünüş üçün bağlanması nəticəsi də əldə olunmur. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edir. Apellyasiya məhkəməsinin ötən müddət ərzində kredit müqaviləsinin etibarsızlılığı ilə bağlı cavabdehin mübahisə edilməməsi barədə mövqeyi ilə yanaşı məhkəmə kollegiyası həmçimim bildirir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin e tibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun məsələyə verdiyi hüquqi mövqeyinə görə, “Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdir ilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Qeyd edilənlər isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, cavabdeh tərəfindən xx xxxxxx 2016-cı il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka qarşı mübahisə açmaq hüququ da artıq itirilmişdir. Kassasiya şikayətində cavabdeh tərəfindən bildirilmiş digər dəlillər üzrə qiymətləndirmənin aparılmasını isə məhkəmə kollegiyası o əsasla mümkün hesab etmir ki, onlar mübahusənin artıq əldə edilmiş nəticəsi üçün önəmli deyildir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında K onvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə ( N 16034/90) qəbul etdiyi xx xxxxx 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şiakyətin də göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx2 və ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarix li, 2-2(103)-287/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar