Məhkəmə qərarları › İş №2-2(102)-130/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-130/2024

18.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-130/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, ilk İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı pul tələbinə dair, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 22(103)-746/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Tərəflər arasında bağlanmış 2022-ci il 28 sentyabr tarixli müqaviləyə əsasən, yük Gürcüstanda gömrükdən çıxa bilmədiyinə görə LV Caspian Limited Şirkətinin Azərbaycandakı filialı 63.520 avro məbləğində Cavabdeh MMC-yə kompensasiya ödənilməsini həyata keçirir. Bu yük Gürcüstan - Azərbaycan sərhədini keçdikdən sonra həmin gün məbləğ tam şəkildə 63.520 avro olaraq Cavabdeh MMC tərəf indən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına geri ödənilməlidir.

2. Cavabdeh MMC tərəfindən X3 verilmiş 2022-ci il 7 yanvar tarixli etibarnaməyə əsasən, Cavabdeh MMC-ni təmsil etmək, pul ödəmək, pul vəsaitlərini almaq səlahiyyətləri verilmiş, etibarnamənin qüvvədə olması müddəti 1 il müəyyən edilmişdir.

3. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş 2022-ci il 1 noyabr tarixli invoysa əsasən, ödənilməli olan daşınma haqqı 4.693 avro təşkil edir.

4. İddiaçı tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş 2022-ci il 1 noyabr tarixli EBCİ 388785 nömrəli elektron qaiməyə əsasən, nəqliyyat xərci 7.902,55 manat (1 avro = 1.6839 manat) təşkil edir. 5. 2023-cü il 28 sentyabr tarixli qəbzə əsasən, 63.520 avro İddiaçı Şirkətinin Azər baycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-nin nümayəndəsinə (Elçin Məmmədov) təhvil verilmişdir.

6. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı və Cavabdeh MMC-nin qanuni nümayəndələri) arasındakı "xxxx" yazışmalardan görünür ki, yükün çatdırılmasının yubanacağı barədə məlumat həmin proqram vasitə ilə verilmiş, Cavabdeh MMC yükün mümkün qədər tez çatdırılmasını xahiş etsə də, konkret tarix göstərməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “Filial”) Cavabdeh MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.520 avro borc, yükün daşınmasına görə 4.693 avro xidmət haqqı, ümumilikdə 30.213 avro pulun, hüquqi yardıma görə ödəni lmiş 600 manat və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat dövlət rüsumunun MMC-dən tutularaq Filiala ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Filial tərəfindən MMC-nin sifarişi əsasında mallar gətirilmişdir. Mallar gətirilən zaman müəyyən problemlər yaranmış, bunun nəticəsində malın çatdırılmasında gecikmələr olmuşdur. İşlərin davam etdirilməsi üçün Filial tərəfindən MMC-yə qaytarılmaq şərti ilə kompensasiya şəklində 63.520 avro borc verilmişdir. 2022-ci il 28 sentyabr tarixli sənədə əsasən, yük Gürcüstan-Azərbaycan sərhədini keçdikdən sonra borc məbləği tam şəkildə Filiala ödənilməli idi. Yük sərhədi müvəffəqiyyətlə keçməsinə baxmayaraq, MMC tərəfindən 38.000 avro ödənilsə də, sonuncunun 25.520 avro b orc, yükün daşınmasına görə 4.693 avro xidmət haqqı borcu, ümumilikdə 30.213 avro borcu yaranmışdır.

9. Daha sonra MMC Filiala qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Filialdan ödənilən günün məzənnəsinə uyğun olaraq Azərbaycan Respublikasının manatı ilə vurulmuş 40.000 avro zərər və 306 manat dövlət rüsumunun alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC Filialın iddia tələblərini qəbul etmir. 2022-ci il 28 iyul tarixində MMC idman qida məhsullarını Almaniyanın Köln şəhərindən X7 GmbH Co KG firmasından 55.658,54 avroya almış, Azərbaycan Respublikasının ərazisinə gətirilməsi üçün Filiala daşımaya təhvil vermişdir. Filial həmin malı 2 ay Gürcüstan Respublikasında saxladıqdan so nra Azərbaycan Respublikası ərazisinə gətirmişdir. Filial malın daşınmasında əsassız gecikdirmələrə yol verdiyindən MMC satış nöqtələrinə məhsullarını vaxtında çatdırmamış, sifarişçilər qarşısında öhdəliklərini icra etməmiş, xüsusi qida məhsullarının idxalı üçün yeni lisenziyanın alınması zərurəti yaranmış, nəticədə MMC-yə 40.000 avro zərər vurulmuşdur.

11. Şahid qismində dindirilmiş Babaşov Samir Vaqif oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ildən şirkətdə hazırkı günədək sürücü vəzifəsində çalışır, MMC-ni tanıyır. Ötən ilin noyabr ayında həmin MMC-yə bir dəfə 38.000 avro pulun alınmasına görə getmiş, həmin pulun alınmasına dair qəbzi imzalamışdır. 2022-ci il 4 noyabr tarixli sənəddə olan imza ona məxsusdur, lakin o, həmin sənədi oxumadan imzalamışdır. Ona öz rəhbərliyi tərəfindən MMC-də n pul vəsaitini geri alarkən qəbzə imza etmək tapşırılmış, bu səbəbdən həmin sənədi imza etmiş, daha sonra MMC-yə getməmişdir. Pulu alanda cavabdehin direktoru Qanuni nümayəndə orada olmuşdur. Pul ilə bağlı bir dəfə MMC-yə getmiş, ondan əvvəl isə invoysların alınmasına görə getmişdir. Direktorları F.Əhmədov ona yalnız pulu almaq və bununla bağlı qəbzə qol çəkməyi həvalə etmişdi. Sənədi imzalayan zaman direktorları F.Əhmədova zəng etməmişdir.

12. Şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2009-cu ildən MMC-də ictimai əsaslar ilə işləyir, əmək müqaviləsi olmadan, etibarnamə əsasında gömrük və sair işləri görür. MMC və şirkət ilə son 4-6 il müddətində əməkdaşlıq etmişdir. Malların son daşınmasında Gürcüstan Respublikasında problem yaranmış, malların çatdırılmasında gecikmələrin olması səbəbilə aldıqları idman qidalarını digər şəxslərə satdıqları üçün MMC-də problemlər olmuş, müştərilər tərəfindən onlardan bununla bağlı kompensasiyalar tələb edilmişdir. 2022-ci ilin sentyabr ayında İddiaçı şirkətindən təxmini 63.000 avro pulu təhvil almışdır. Bu barədə qəbzə imza etmiş, materiallarda olan qəbzdəki imza ona məxsus olmuşdur. Yeni partiya malın alınması üçün iddiaçıdan borc pul almışlar. Almaniyaya həmin pulla yeni sifarişlər verilmiş, yeni sifarişlərin çatdırılması bu dəfə başqa şirkətə həvalə edilmiş, direktorlar arasında razılaşmaya görə onlara dəymiş ziyanın yarısını iddiaçı öz üzərinə götürmüş, 38.000 avro pulun geri alınmasını iddiaçının sürücüsü S.Babaşov imzalamışdır. O, özünü cavabdehə iddiaçının əməkdaşı olduğunu bildirmiş, qəbzi oxuyandan sonra imzalamaqd an qəti şəkildə imtina etmiş, daha sonra direktorları F.Əhmədova zəngdən sonra sonuncu ondan qəbzi imzalamasını xahiş etmişdir. O, onların telefon danışıqlarını eşitməmiş, ehtimal etmişdir ki, sürücü direktorla danışmış, həmin telefon danışığından sonra qəbzi imza etmişdir. Həmin sənədi həmçinin o da imzalamışdır. Oradakı imza ona məxsusdur. Malların çatdırılmasında gecikmələr baş verəndən sonra, cavabdeh bəzi lisenziyaları yeniləmişdir. Mallar vaxtında çatdırılsa idi, onların lisenziyaları yeniləməsi zərurəti yaranmazdı.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 may tarixli e-2-2(113)-1047/2023 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, MMC-dən 25.520 avro borc, yükün daşınmasına görə 4.693 avro xidmət haqqı, hüquqi yardıma görə ödənilmiş 600 manat, ödənilmiş 400 manat dövlət rüs umu olmaqla, ümumilikdə tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə 30.213 avro və 1.000 manat pulun tutularaq Filiala ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd olunmuş, qarşılıqlı iddia verilərkən ödənilmiş 306 manat dövlət rüsumu MMC-nin özünə aid edilmişdir (hakim – Ü.Həsənova).

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında MMC-nin sifarişi ilə Filial Almaniya Respublikasından özünə məxsus nəqliyyatı vasitəsi ilə Azərbaycan Respublikasına MMCyə məxsus yüklərin (idman qida malları) daşınmasını həyata keçirmişdir. Daşıma haqqının ümumi məbləği 4.693 avro müəyyən edilmiş, mallar iki ay gecik mə ilə MMC-yə təhvil verilmişdir.

15. Bundan əlavə, tərəflər arasında 2022-ci il 28 sentyabr tarixində borc müqaviləsi imzalanmış, Filial tərəfindən MMC-yə 63.520 avro məbləğində kompensasiya şəklində borc verilmiş, borcun qeyd olunan mallar Azərbaycan Respublikasına idxal edildikdən sonra qaytarılmalı olması razılaşdırılmış, 38.000 avro məbləğində borc qaytarılmış, qalan 25.520 avro borcun qaytarılmasından imtina olunmuşdur.

16. MMC iddiaya etiraz edərək, yük daşınmasının 2 ay gecikmə ilə həyata keçirilməsi səbəbindən onlara ziyan dəydiyini, bu səbəbdən iddianın rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunmuşdur ki, MMC tərəfindən Filiala ekspeditor xidmətlərinə dair müqavilənin şərtlərinə uyğun yazılı sifariş göndərilməmiş, sifariş şifahi qaydada verilmişdir.

17. Tərəflərin qanuni nümayəndələri arasındakı "xxxx" mobil telefon proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalardan görünür ki, yükün çatdırılmasının yubanacağı barədə məlumat həmin proqram vasitə ilə verilmiş, MMC yükün mümkün qədər tez çatdırılmasını xahiş etsə də, konkret tarix göstərməmişdir.

18. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi 2 ay gecikdirməklə icra etsə də, qeyd olunan hal daşıma haqqının ödənilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası MMC tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə ilk iddia tələbi əsaslı olmuşdur. "xxxx" yazışmalarından gö rünür ki, Filial yükün təhvil verilməsinin gecikəcəyi barədə MMC-yə məlumat vermiş, MMC daşımadan imtina etməmişdir.

19. Malın vaxtında çatdırılmasının mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, Filial öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir. MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə Filiala 4.693 avro borcunun yarandığını, belə olan halda isə Filialın borcun ödənilməsini MMC-dən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilk iddia həmin hissədə təmin olunmalı, MMC-dən 4.693 avro məbləğində daşıma haqqı tutularaq Filiala ödənilməlidir.

20. Məhkəmə ilk iddia tələbini 25.520 avro borcun qaytarılması hissəsində də əsaslı hesab etmişdir. Tərəflər arasında borc müqaviləsi şərtlə bağlanmış, həmin şərt (yükün Gürcüstan – Azərbaycan sərhədini keçməsi) baş vermiş, borcun həmin şərtin baş verdiyi gün qaytarılmalı olması razılaşdırılsa da, borcun bir qismi 2022-ci il 4 noyabr tarixində qaytarılmış, qalan 25.520 avro borc ödənilməmiş qalmışdır.

21. Məhkəmə MMC-nin təqdim etdiyi 2022-ci il 4 noyabr tarixli yazılı sənədi (cild 3, iş v. 57) hazırkı iş üzrə mötəbər sübut hesab etməmişdir. Həmin sənəddə göstərilmişdir ki, Almaniyadan yeni sifariş edilmiş mallar Azərbaycana gəldikdən və satışa çıxarıldıqdan sonra MMC Filiala qalan 11.000 avro məbləğində borcu ödəyəcək. Bununla 2022-ci il 28 sentyabr tarixində Filial tərəfindən MMC-yə verilmiş 63.520 avro məbləğində pul tam olaraq geri qaytarılacaqdır.

22. Belə ki, həmin sənədi Filialın adından orada əmək müqaviləsi əsasında işləyən sürücüsü S.Babaşov imzalamış, onun Filialın sürücüsü olması faktı MMC-yə bəlli olmuş, belə bir razılaşmanın imzalanmasına dair ona hər hansı etibarnamə verilməmişdir. İddiaçının nümayəndəsi izahatında sürücüləri S.Babaşovun həmin sənədi imza etmək kimi səlahiyyətinin olmadığını, ona yalnız qaytarılan borcu qəbul etməklə bağlı səlahiyyət verildiyini bildirmiş, göstərilən halı məhkəmə iclasında şahid S.Babaşov özü də təsdiq etmişdir. İş materiallarda həmin razılaşmaya dair Filialın iradə ifadəsinin olduğunu təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilənin bağlandığının müəyyənləşdirilməsi üçün ən azı oferta və akseptin mövcudluğu sübut edilməlidir.

23. Qarşılıql ı iddia ərizəsində yükün vaxtında MMC-yə çatdırılmaması səbəbindən ona 40.000 avro məbləğində ziyan dəydiyi göstərilmişdir. Məhkəmə iclasında MMC-nin nümayəndəsi A.Ağalarov həmin ziyan hesablanarkən Almaniyadan məcbur daha yüksək qiymətə yeni sifarişlərin verilməsi ilə bağlı xərclərin, yeni icazələrin alınmasına çəkilmiş xərclərin, habelə üçüncü şəxslər - həmin qida məhsullarını təhvil verməli olduqları alıcılar qarşısında öz öhdəliklərini vaxtında icra etməməklə bağlı yaranmış xərclərin nəzərə alındığını, ziyanın dəqiq deyil, təxmini olaraq hesablandığını bildirmişdir. Lakin, məhkəmə tərəfindən MMC-yə zərərlə bağlı sübutların təqdim edilməsi bir neçə dəfə təklif olunsa da, MMC tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da MMC MPM-in 77.1-ci maddəsinə əsasən üzərinə dü şən sübutetmə vəzifəsini icra edə bilməmişdir. MMC tərəfindən məhkəməyə çoxsaylı sənədlər təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş həmin sənədləri Filial tərəfindən MMC-yə ziyan vurulmasını təsdiq edən sübutlar qismində nəzərə alınmalı olmaması qənaətinə gəlmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 328.1, 328.6, 386.1, 425.1, 850.1, 852.1, 852.4, 739.1, 1096, 1097.1 və 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini n (bundan sonra – "xxxx") 77.1 və 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, Filialın iddiasının rədd, MMC-nin iddiasının isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-746/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu qərarın 18-22-ci bəndlərində göstərilən mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, MMC tərəfindən tələb və etirazı n əsası kimi istinad olunan hallara dair mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. MMC tərəfindən X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” publik hüquqi şəxsinin hesabına ödənilmiş məbləğlərə dair sənədlər və ekspert rəyləri təqdim edilmişdir. MMC tərəfindən ekspertiza ilə bağlı çəkdiyi xərclər Filial tərəfindən ona vurulmuş zərər kimi qiymətləndirilə bilməz. MMC Almaniyadan məcbur qalıb daha yüksək qiymətə yeni sifarişlərin verilməsi ilə bağlı xərclərin, habelə üçüncü şəxslər (həmin qida məhsullarını təhvil verməli olduqları alıcılar) qarşısında öz öhdəliklərini vaxtında icra etməməklə bağlı yaranmış zərərlə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 328.1, 328.6, 425.1, 850.1, 852.1, 852.4, 739.1, 1096 və 10 99.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

29. MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 739.1-ci maddəsi üzrə - Məhkəmə 2022-ci il 28 sentyabr tarixli kompensasiya ödənişini borc müqaviləsi kimi qəbul etməsi əsasızdır. F.Əhmədov MMCnin baş ofisə şikayətlərindən qorxaraq 2022-ci il 28 sentyabr tarixində şəxsi hesabından MMC-yə 63.520 avro kompensasiya ödəmişd ir. Bu halı pulun verilməsi zamanı yazılan vərəqdə Filialın möhür və rəsmi şəxsinin imzasının olmaması, eləcə də Qanuni nümayəndəla F.Əhmədovun "xxxx" danışıqlarından bəlli olur. F.Əhmədov bildirir ki, kompensasiyanı müəssisənin hesabından ödəyə bilmərəm. Qeyd olunan yazıda “işin adı” qrafasında “kompensasiya” sözü yazılmışdır. Məhkəmə isə yanlış olaraq həmin yazıdakıları borc müqaviləsi kimi qiymətləndirmişdir.

31. MM-in 852.4-cü maddəsi üzrə - Müqavilə Filial ilə MMC arasında olmamışdır. 2018-ci il 3 dekabr tarixli LVC-GBR-S-1771 nömrəli yükdaşıma xidmətlərinə dair xidmət müqaviləsi İngiltərə şirkəti olan LV Caspian LTD ilə MMC arasında bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, podratçı, yəni LV Caspian LTD göstərdiyi xidmətlərə görə İngiltərə qanunvericiliyi tətbiq edilməli dir. Məhkəmə xidmətin ödənişlərinə görə Azərbaycan Respublikasının maddi hüquq normalarını tətbiq etməli deyil.

32. Eyni zamanda, məhkəmə yükün daşıması münasibətlərinə ekspeditor, nəqliyyat komisionçusu münasibətlərini tənzimləyən MM-in 852-ci maddəsini tətbiq etməli deyil. Filial daşıyıcı kimi çıxış etdiyi halda, məhkəmə onu ekspeditor hesab edə bilməz. Filialın yük daşıması MM-in 850.1-ci maddəsi ilə tənzimlənir, məhkəmə bu normaya istinad etməmişdir. Filial ilə MMC arasında yük daşıma müqaviləsi mövcud deyil. MMC yük daşınma müqaviləsini LV Caspian LTD ilə bağlamışdır, buna görə yük daşınma haqqını LV Caspian LTD tələb etməlidir. Apellyasiya məhkəməsinin qətnaməsində bu hallara hüquqi qiymət verilməmiş, apellyasiya şikayətində göstərilən bu hallar araşdırılmamışdır.

33. Kassator şikayə tin digər bölmələrində qeyd edir ki, 2018-ci il 3 dekabr tarixli müqavilənin 7.1-ci bəndinə uyğun olaraq, tərəflərin ləğvə dair müraciətləri olmadığından müqavilə bu günə kimi qüvvədədir. MMC 2022-ci il 28 iyul tarixində Almaniyanın Köln şəhərindən X7 GmbH Co KG firmasından idman qida məhsullarını 55.658,54 avroya almış, LVC-GBR-S1771 nömrəli yükdaşıma xidmətlərinə dair xidmət müqaviləsinə əsasən LV Caspian LTD müəssisəsinə sifariş vermişdir. Filial MMC-nin razılığını almadan LVCGBR-S-1771 nömrəli yükdaşıma xidmətlərinə dair müqavilənin icrasını öz üzərinə götürərək, MMC-nin malını Almaniyadan Azərbaycan Respublikası ərazisinə daşımağa çalışmışdır. Nəticədə Filial malı 2022-ci il 4 noyabr tarixinədək Gürcüstan Respublikası ərazisində saxlamaqla daşımanı gecikdirmişdir. Gecikdirməyə səbəb F ilialın əməkdaşlarına qarşı cinayət işinin başlanması olmuşdur. 34. 2022-ci il 4 noyabr tarixində tərtib edilmiş sənədə MMC-nin nümayəndəsi Elçin Məmmədov və Filialın əməkdaşı Samir Babaşov imza etməklə təsdiq etmişlər ki, 2022-ci il 3 noyabr tarixində F.Əhmədov ilə Qanuni nümayəndə razılığa gəldikləri kimi, MMC-yə vurulan 40.000 avro məbləğində zərərin 22.800 manat hissəsi Filial tərəfindən qarşılanır, 38.000 avro məbləğində pul MMC tərəfindən Filiala ödənilir, qalan 17.930 manat əlavə ödənildikdən sonra 65.320 avro məbləğində vəsaitin Filiala ödənilmiş hesab ediləcəkdir. F.Əhmədov ilə Qanuni nümayəndə 2022-ci il 3 noyabr tarixində göstərilən razılığa gəlməsi "xxxx" danışıqları və şahidlərin izahatları ilə təsdiqini tapmışdır. Məhkəmənin gəldiyi nəticəyə görə, Samir Babaşov Filialın sürüc üsü işlədiyinə və etibarnaməsi olmadığından qeyd olunan 2022-ci il 4 noyabr tarixli sənəd mötəbər deyil. Lakin həmin sənəddə göstərildiyi kimi 38.000 avro məbləğində pulun MMC-dən Samir Babaşovun qəbul etməsini mötəbər hesab edərək qəbul etmişdir.

35. Məhkəmə qətnaməsində göstərmişdir ki, Samir Babaşov həmin sənədi oxumadan imzalamışdır. Lakin sənəddən görünür ki, Samir öz xətti ilə “oxudum təsdiq edirəm” yazmışdır. X5 ifadəsində təsdiq etmişdir ki, Samir Babaşov sənədi oxumuş, F.Əhmədova telefon vasitəsilə demiş və sonradan “oxudum təsdiq edirəm” yazmaqla imza etmiş, 38.000 avro pulu qəbul etmişdir. Filialın daşımanı 67 gün gecikdirməsi, MMC-nin qida malları vaxtında çatdırılmadığından müştəriləri ilə problemlərin yaranması, bazarda qida məhsullarının satıcısı kimi işgüzar nüfuzuna xələl gəlmişdir. Yeni lisenziya, razılıqlar, ekspertiza müayinələrinin keçirilməsi üçün əlavə pulların ödənilməsi, F.Əhmədovun MMC- yə kompensasiyanın ödənilməsi, Qanuni nümayəndə güzəştlə zərərin yalnız 22.800 manat hissəsini F.Əhmədovdan saxlaması, sonuncunun buna razılıq verməsi, kompensasiyanın 38.000 avro məbləğinin F.Əhmədova ödənilməsi və qalan 17.930 manat MMC tərəfindən F.Əhmədova ödənilməsi öhdəliyi mövcud olmuşdur. Apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və işi hərtərəfli, qərəzsiz araşdırmamış, nəticədə səhvlərə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Filial kassasiya şikayətinə qarşı etiraz verərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Etiraz onunla əsaslandırılmışdır ki, Filial ilə MMC-nin sifarişi əsasında mallar gətirilmişdir. Mallar gətirilən zaman müəyyən problemlər yaranmış, nəticədə malın çatdırılmasında gecikmələr olmuşdur. MMC-nin işlərinin davam etdirilməsi üçün Filial tərəfindən 63.520 avro məbləğində MMC-yə qaytarılmaq şərti ilə kompensasiya şəklində borc verilmişdir. 2022-ci il 28 sentyabr tarixli sənədə əsasən, yük Gürcüstan-Azərbaycan sərhədini keçdikdən sonra borc məbləği tam şəkildə Filiala ödənilməli idi. Yükün sərhədi müvəffəqiyyətlə keçməsinə baxmayaraq, sifarişçi tərəfindən 38.000 avro ödənilmişdir. MMC tərəfindən verilmiş kassasiya şikayətində həqiqəti əks etdirməyən faktlar yazılmış, həmin faktları sübuta yetirəcək hər hansı sübut məhkəmələrə təqdim olunmamışdır.

38. Kassasiya şikayətində tərəflər arasında yüklə rin daşınmasına dair müqavilənin olmamasına dair dəlili üzrə Filial qeyd edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 1956-ci il 19 may tarixli “Beynəlxalq yükdaşımalar haqqında konvensiya”-nın (CMR konvensiyası) 9.1-ci maddəsinə əsasən, sifarişçi tərəfindən yüklərin daşınmasına dair icraçıya təqdim edilmiş qaimə artıq tərəflər arasında müqavilənin mövcud olmasını bildirən faktdır. Vətəndaş hər hansı ölkədən sifariş verilən malın daşınmasını həyata keçirən şirkətlə müqavilə imzalamır, çünki qaimə artıq müqavilə qüvvəsinə malik bir sənəddir, bütün münasibətlər sözügedən konvensiya ilə tənzimlənir. Bundan başqa, apellyasiya məhkəməsinə tərəflər arasında yüklərin daşınmasına dair 7049, 7777, 8622, 9031, 9762 nömrəli invoyslar və əlavə sənədlər elektron qaydada təqdim edilmişdir.

39. Kassa siya şikayətində verilən pulun yanlış olaraq borc kimi qiymətləndirilməsi, həmin pulun “kompensasiya” məbləği olması ilə bağlı dəlilinə dair isə Filial qeyd edir ki, əgər 2022-ci il 28 sentyabr tarixində verilən pul məbləği dəymiş ziyana görə kompensasiya olmuşdursa, hansı səbəbdən həmin məbləğin 38.000 avro hissəsinin MMC tərəfindən geri qaytarılması sual olunur. Şikayətdə borc ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Filial tərəfindən 63.520 avro məbləğində pul vəsaiti mübahisə üzrə MMC-yə yeni malların sifariş olunması məqsədilə verilmişdir. 2022-ci il 28 sentyabr tarixli sənəddə həmin borc məbləğinin, gecikdirilən yükün Gürcüstan-Azərbaycan sərhədini keçdikdən dərhal sonra MMC tərəfindən Filiala geri ödənilməsi qeyd edilmişdir. Həmin yük dövlət sərhədini keçdikdən, mallar təhvil verildikdən sonra, MMC tərəfindən 38.000 avro məbləğində geri qaytarılmış, qalan 25.520 avro borc məbləği və yükün daşınmasına görə 4.693 avro xidmət haqqı ödənilməmişdir.

40. Bundan sonra, Filialın direktoru tərəfindən MMC-nin direktoru ilə əlaqə saxlanılaraq borcun nə vaxt qaytarılmasının bildirilməsi xahiş edilmişdir. MMC tərəfindən malın gecikdirilməsinə görə maddi və mənəvi ziyanın dəydiyi bildirilmiş, iddiaçı qeyd edilən məsələni müsbət qarşılamış, malın gecikdirməsinə görə dəymiş ziyanın, MMC tərəfindən maddi və mənəvi ziyanın nədən ibarət olması və ziyanı sübuta yetirəcək sənədlər təqdim olunacağı təqdirdə tam qarşılayacağını bildirilmişdir. MMC-nin direktoru tərəfindən bütün sübutların yaxın zamanda təqdim olunacağı (Filialın malı gecikdirməsinə görə MMC-nin lisenziyasının vaxtın ın bitməsi, malların vaxtında təqdim edilməməsinə görə işgüzar nüfuza xələl gətirilməsi, digər şəxslər qarşısında müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və s.) bildirilmişdir. Qeyd edilən məsələdən 2 ay keçməsinə baxmayaraq, MMC tərəfindən sübut təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

328. Şərtlə bağlanmış əqdlər 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.... 328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçı ları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt ) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüq uqun pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.”

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

46. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-746/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

48. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında 2022-ci il 28 sentyabr tarixində borc müqaviləsi imzalanmış, Filial tərəfindən MMC-yə 63.520 avro məbləğində kompensasiya şəklində borc verilmiş və borcun qeyd olunan mallar Azərbaycan Respublikasına idxal edildikdən sonra qaytarılmalı olması razılaşdırılmışdır.

49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. MM-in “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 4 25-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

50. Lakin MMC 2022-ci il 28 sentyabr tarixli borc müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməməklə, Filiala olan borcunu tam ödəməmişdir. Bununla da MMC müqavilənin şərtlərini pozmuş, 38.000 avro məbləğində borcu qaytarsa da, qalan 25.520 avro borcu qaytarmaqdan imtina etmişdir. Məhkəmə ilk iddia tələbini 25.520 avro borcun qaytarılması hissəsində də əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında borc müqaviləsi şərtlə bağlanmış, həmin şərt (yükün Gürcüstan – Azərbaycan sərhədini keçməsi) baş vermiş, borcun həmin şərtin baş verdiyi gün qaytarılmalı olması razılaşdırılsa da, borcun bir qismi 2022-ci il 4 noyabr tarixində qaytarılmış, qalan 25.520 avro borc ödənilməmiş qalmışdır. MMC tələb edilən borc tələbinin əsassız olmasına dair hər hansı əsaslı əsaslı arqument irəli sürə bilməmişdir. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad et diyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

52. Məhkəmə kollegiyası bildiri r ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş borc tələbinin qanuni əsası müəyyən edilmiş və faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı (yuxarıda § 43) dispozisiya şərtləri ilə uzlaşmış, habelə MMC-nin cavabdeh kimi etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

53. Bundan başqa, malın vaxtında çatdırılmasının mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, Filial öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir. MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəli yi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə Filiala 4.693 avro borcunun yarandığını, belə olan halda isə Filialın borcun ödənilməsini MMCdən tələb etmək hüququna malik olduğunu nəzərə alan aşağı instansiya məhkəməsi haqlı olaraq, MMC-dən 4.693 avro məbləğində daşıma haqqının da tutularaq Filiala ödənilməsi qənaətinə gəlmişdir.

54. MMC tərəfindən tələb və etirazının əsası kimi istinad olunan hallara dair mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim edilməmişdir. MMC tərəfindən təqdim edilmiş digər sənədlər və ekspert rəyləri ilə bağlı sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, MMC tərəfindən ekspertiza ilə bağlı çəkilən xərclərin Filial tərəfindən ona vurulmuş zərər kimi qiymətləndirilə bilməz. MMC daha y üksək qiymətə yeni sifarişlərin verilməsi ilə bağlı xərclərin, habelə üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında icra etməməklə bağlı yaranmış zərərlə bağlı sübutları aşağı instansiya məhkəmələrinə təqdim edə bilməmişdir.

55. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası MMC-nin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağ lı gəldiyi nəticə ilə razılaşır.

56. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlillər i üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

57. Bundan başqa, kassasiya şikayətinin bir sıra dəlilləri əvvəlki məhkəmə instansiyalarında bildirilmiş, lakin dəlildə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq pozuntularına yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.

58. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəli lləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-746/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(103)-746/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar