Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-150/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh x1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsinin dəyişdirilməsi, icarə haqqı borcunun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh x1nə qarşı “icarə müqaviləsinin dəyişdirilməsi, icarə haqqı borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(10 3)-949/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. x1 (icarəyə verən) ilə İddiaçı MTK (icarəçi) arasında imzalanmış 2021-ci il 30 avqust tarixli *** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə icarəyə verən icarə əsasında sahəsi 5629 kv.m olan x1 Başçısının 101 saylı, 2020-ci il 15 may tarixli sərəncamı və 2020-ci il 12 oktyabr tarixli, 2059 nömrəli cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, 735-ci məhəllədə yerləşən torpaq sahəsini, icarəçiyə 49 il müddətinə istifadəsinə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 5-ci bəndinə əsasən, bu müqavilədə aşağıdakılar xüsusi hal sayılır: yanğın, partlayış, subasma, zəlzələ və başqa təbii f əlakətlər, magistral kəmərlərin dağıdılması və s. Bu hallardan biri baş verdikdə, qarşı tərəf təcili məlumatlandırılmalıdır. Məlumat müvafiq dövlət qurumları tərəfindən təsdiqlənməlidir. Xüsusi hallar 6 aydan artıq davam etdikdə tərəflər görüşüb müqavilənin gələcək fəaliyyəti ilə razılığa gəlirlər.
3. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə 49 il müddətinə bağlanır; 7.3-cü bəndinə əsasən, icarə haqqı 2020-ci il 15 may tarixdən hesablanır; 7.4-cü bəndinə əsasən, icarəçi hər il 31.612 manat 46 qəpik icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MTK (bundan sonra “iddiaçı”) x1nə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, onunla x1 arasında bağlanmış *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsinin 7.3-cü bəndi dəyişdirilərək, icarə haqqının tikintiyə başlanıldığı vaxtdan hesablanmasının müəyyən edilməsi, *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsi üzrə İddiaçı MTK-ya 2020-ci il 15 may tarixdən hesablanmış 114671 manat icarə haqqı borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmış ki, tərəflər arasında *** saylı 30 avqust 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 735ci məhəllədə yerləşən sahəsi 5629 kv.m. olan torpaq sahəsi yaşayış binalarının tikintisi üçün iddiaçıya 49 il müddətinə icarəyə verilmişdir. *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsinin 7.4-cü bəndinə uyğun olaraq, hər il üçün icarə haqq ı 31612,46 manat müəyyən edilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən isə icarə haqqı 2020-ci il 15 may tarixdən hesablanır. COVİD-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart qərarı ilə xüsusi karantin rejimi elan olunmuş, insanların hərəkəti, biznes fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bununla bağlı hazırda iddiaçıya icarəyə verilmiş torpaq sahəsində yaşayış binalarının tikintisinə başlanılmamışdır. *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsinin 5-ci bəndində göstərilmiş fors-major halı baş vermiş və bunun nəticəsində bu müddət ərzində ərazidə tikinti işlərini həyata keçirmək mümkün olmamışdır. Buna baxmayaraq, *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsi üzrə iddiaçıya 2020-ci il 15 may tarixdə n 114671 manat icarə haqqı hesablanmışdır. Bununla bağlı, cavabdehə pretenziya göndərərək, *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsi üzrə 2020-ci il 15 may tarixdən hesablanmış 114671 manat icarə haqqlarının silinməsi, icarə haqqının tikintiyə başladıqdan sonra hesablanmasını və bununla bağlı icarə müqaviləsinin 7.3.-cü bəndinə müvafiq dəyişiklik edilərək icarə haqqının tikintiyə başlanılmasından sonra hesablanmasının müəyyən edilməsi xahiş edilmişdir. Lakin cavabdeh pretenziyaya cavab verməmişdir. Həmçinin, cavabdeh mübahisənin həlli ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəflər arasında bağlanmış *** saylı 2021-ci il 30 avqust tarixli icarə müqaviləsinin 7.3-cü bəndinin e tibarsız hesab edilməsi, həmin icarə müqaviləsinin 7.4-cü bəndi dəyişdirilərək “hər il” söz birləşməsindən əvvəl “tikintiyə başladıqdan sonra” sözləri əlavə edilməsi, icarə müqaviləsi üzrə iddiaçıya 2020-ci il 15 may tarixdən hesablanmış 114.671 manat icarə haqqı borcunun ləğv edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 iyul tarixli e-2-2(113)-1517/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim K.Hüseynov).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı əsas etibarilə müqavilənin ödəniş tarixinin əvvəlinin onun yanılması nəticəsində imzalandığını qeyd etsə belə, həmin hal sübuta yetirilməmişdir. İddiaçı yanılma nəticəsində müqavilə imzaladığını göstərsə də, məhkəməyə qədərki dövrdə, 2 il ərzində həmin halın aradan qaldırılması istiqamətində hansısa addımlar atmamışdır (qarşı tərəfə rəsmi müraciət olunması və s.). Eyni zamanda tərəflər arasında imzalanmış müqavilənin 8-ci bəndində müqaviləyə əlavə və dəyişiliklərin rəsmi nümayəndənin imzası və yazılı formada olması halında etibarlı hesab edilməsi də qeyd edilmişdir ki, bu da bir daha müqavilə üzrə aparılacaq dəyişiliklərin hansı qaydada aparılacağını müəyyən edir. Həmçinin mülki qanunvericiliyə əsasən tərəflər bağladıqları müqavilənin şərtlərini müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilməsini müəyyənləşdirə bilərlər.
9. İddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında müqavilə imzalaması halı ilə bağlı məhkəmə qeyd etmişdir ki, o həmin halı ona məlum olduğu andan bir ay müddətində mübahisələndirməli idi. Məlum olduğu kimi, Mülki Məcəllənin (bundan sonra-“MM) 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq müddət iddia müddəti yox, kəsici müddətdir. Belə olan halda məhkəmə, müqavilə şərtlərinin iddiaçı tərəfə müqavilə 2021-ci il 30 avqust tarixində imzalandıqdan sonra məlum olduğunu, həmin vaxtdan isə 2 ildən artıq müddət keçdikdən sonra cavabdehə pretenziya göndərildiyini və məhkəməyə müraciət ediyini nəzərə alaraq qeyd olunan müddətin tətbiq edilməsini əsaslı hesab etmişdir.
10. İddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi “COVİD-19” pandemiyası ilə bağlı olaraq ölkə ərazisində tətbiq edilən məhdudiyyətlərin olması və həmin halın müqavilədə nəzərdə tutulmuş tikinti işlərinin gec başlanması halına münasibətdə məhkəmə qeyd etmişdir ki, məlum olduğu kimi pandemiya ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlər artıq uzun zamandır ki, aradan qalxmışdır. Bununla belə iddiaçı, hal-hazırki dövrə qədər də tikinti işlərinə başlamasını və ya nə vaxt başlayacağını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq, iddia tələbində qeyd edilən icarə haqqının tikinti işlərinə başlanmasından sonraki dövrə aid edilməsi kimi ifadənin müqaviləyə əlavə edilməsinin heç bir əsası yoxdur. Çünki mülki dövriyyə iştirakçılarının müqavilələrin bağlanmasında əsas məqsədi mənfəət, gəlir əldə edilməsidir. Hazırki halda müqaviləyə qeyd edilən formada hansısa dəyişikliyin edilməsi, ödənişlərin olmasının qeyrimüəyyən dövrədək təxirə salınmasına, icarəyə verilmiş torpaq sahəsinini isə uzun müddət istifadə edilmədən icarədə qalmasına səbəb olur ki, bu da digər tərəfin hüquqlarının əssassız olaraq pozulması ilə nəticələnəcəkdir.
11. Mülki qanunvericiliyə əsasən müqavilənin birtərəfli qaydada dəyişdirilməsi qarşı tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdikdə mümkündür. Hazırkı halda isə iddiaçı cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı sadəcə olaraq bu günə kimi tikinti işlərinə başlamadığını əsas gətirmişdir ki, bu da cavabdehin təqsirindən olmamışdır.
12. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, hazırkı vəziyyətdə icarə haqqı borcunun silinməsinə də əsas yoxdur. Çünki iddiaçı həmin torpaq sahəsini icarəyə götürərkən icarə haqqı məbləği ilə ra zılaşmış, tikintinin başlamaması cavabdehin hərəkətləri nəticəsində olmamış və qanunvericiliyə əsasən icarəçi olaraq icarə haqqı ödəmək onun vəzifəsidir.
13. Məhkəmə gəldiyi nəticəni MM-in 324.1, 324.4, 347.1, 354.2, 390.1, 399.1, 399.2, 421.1, 421.2, 422, 423.2, 700.1, 710.1, 710.3, 717.1, 717.4 və 719.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1, 51.4 və 82-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 10,11, 13 və 23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.
14. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdi r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(103)-949/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.3-cü bəndinin etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, MM-in 399.2-ci maddəsinin məzmunundan da göründüyü kimi tərəflər bağladıqları müqavilənin şərtlərinin onların müqavilə bağlanana qədər yaranmış münasibətlərin ə də tətbiq edilməsi barədə razılaşa bilərlər. Odur ki, tərəflər 2021-ci il 30 avqust tarixdə bağlanmış mübahisəli icarə müqaviləsində icarə haqqının 2020-ci il 15 may tarixdən hesablanmasını nəzərdə tutmaqla, yəni müqavilənin şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də şamil etməklə mülki qanunvericiliyin tələblərini pozmamışlar.
17. İddiaçı məhkəmədə verdiyi izahatlarda icarə haqqının 2020-ci il 15 may tarixdən hesablanması barədə şərtin etibarsızlığına əsas kimi həmin şərtin vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmasına istinad etmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, birincisi, həmin şərtin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması sübuta yetirilməmi şdir. Bundan əlavə iddiaçının vacib əhəmiyyətli yanılmanın təsiri altında müqavilə imzaladığı ehtimal edilsə belə, müqavilə şərtləri iddiaçı tərəfə həmin müqavilə 2021-ci il 30 avqust tarixində imzalandıqdan sonra məlum olduğu halda, iddiaçı həmin vaxtdan 2 ildən artıq müddət keçdikdən sonra cavabdehə pretenziya göndərmiş, bununla da vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin (və ya onun bir hissəsinin) mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq kəsici müddəti buraxmışdır.
18. İcarə sahəsinin 2020-ci il 15 may tarixdən 2021-ci il 30 avqust tarixədək olan müddətdə icarəçiyə təhvil verilməsini təsdiq edən sübutların iş materiallarına əlavə edilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, icarə haqqının 2020-ci il 5 may tarixdən hesablanması barədə bəndin icarə müqaviləsinə daxil edilməsi və iddiaçının müqaviləni imzalamaqla həmin bəndlə razılaşması ona dəlalət edir ki, icarə obyekti olan torpaq sahəsi məhz 2020-ci il 15 may tarixdə iddiaçıya təhvil verilmişdir. Eyni zamanda, iddiaçı torpaq sahəsinin 2021-ci il 30 avqust tarixədək olan müddətdə ona təhvil verilməsini inkar etsə də, nə iddia ərizəsində, nə apellyasiya şikayətində torpaq sahəsinin nə vaxtdan onun istifadə və sahibliyində olmasını da dəqiqləşdirməmişdir. Göstərilən hal da öz növbəsində iddiaçının dəlilinin əsassız olmasına dəlalət etmişdir.
19. Məhkəmə icarə müqaviləsinin 7.4-cü bəndinin dəyişdirilərək “hər il” söz birləşməsindən əvvəl “tikintiyə başladıqdan sonra” sözlərinin əlavə edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, birincis i, hazırkı halda tərəflər arasında müqavilənin dəyişdirilməsi barədə razılaşma mövcud deyil, eyni zamanda tərəflərdən hər hansı birinin müqavilənin icrasından hissə-hissə birtərəfli imtina etməsi imkanı da MM-də və ya müqavilədə nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin əhəmiyyətli pozuntusuna yol verilməsi, eləcə də müqavilənin məhkəmə qaydasında dəyişdirilməsinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən müqavilə göstərilən əsaslarla da dəyişdirilə bilməz.
20. İcarə müqaviləsi üzrə 2020-ci il 15 may tarixdən etibarən hesablanmış 114671 manat icarə haqqı borcunun ləğv edilərək silinməsi tələbinə aid hissədə iddiaçı, iddiasını «Covid 19» pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı tikintiyə başlaya bilməməsi ilə əsaslandırmışdır.
21. Nəzərə alınmalıdır ki, icarə haqqı icarəçinin icarə obyektindən istifadə etməsinə görə deyil, icarə obyektinin icarəverən tərəfindən icarəçinin sahibliyinə və istifadəsinə təqdim edilməsinə görə ödənilən haqqdır. Odur ki, icarə obyektinin qüsurları nəticəsində icarə obyektindən istifadə edilməsinin qeyri-mümkün olduğu hallar, eləcə də fors-major hallar istisna olmaqla icarəçinin icarə obyektindən faktiki istifadə etməməsi onu icarə haqqını ödəmək öhdəliyindən azad etmir.
22. İkincisi, fors-major halla bağlı torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə «Covid 19» pandemiyası başlanıldıqdan 1 il yarım sonra ( 2021-ci ilin avqustunda) bağlanmışdır. Odur ki, iddiaçı icarə müqaviləsini bağlayarkən pandemiya ilə əlaqədar sahibkarlıq fəaliyyətinin müəyyən sahələrində məhdudiyyətlərin tətbiq edildiyini bilirdi və müqaviləni bağlayarkən həmin halı nəzərə almalıydı. Digər tərəfdən pandemiya ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər artıq uzun zamandır ki, aradan qalxmışdır. Bununla belə iddiaçı, hal-hazırki dövrə qədər də tikinti işlərinə başlamasını və ya nə vaxt başlayacağını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
23. Üçüncüsü, iddiaçının MM-nin 448.4-cü maddəsinin tələblərinə uyğun olaraq müqavilə bağlandıqdan sonra pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi nəticəsində öhdəliklərini icra edə bilməməsi barədə cavabdehə məlumat verməsi də işin materiallarına əsasən müəyy ən edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya müqavilə şərtlərinə əsasən hesablanmış icarə haqqı borcunun silinməsi üçün əsasların mövcudluğu müəyyən edilmədiyindən həmin hissədə də iddia rədd edilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni MM-in 337.1, 347.1, 354.2, 390.1, 399.2, 421.1- 421.3, 422, 448.4 və 700.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1 və 51.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
25. Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 26. “Torpaq icarəsi haqqında” Azərbaycan Republikası Qanununun 11-ci maddəsini n 3-cü hissəsi üzrə - işin materiallarında olan icarə müqaviləsinin preambluasından da görünür ki, icarəyə verilmiş torpağın ancaq sərhədləri 2020-ci il 12 oktyabr tarixində müəyyən edilmişdir. Yəni, 2020-ci il 12 oktyabr tarixinə qədər icarəyə verilmiş torpağın sərhədi bilinmədiyi üçün, ən azı həmin tarixə qədər torpaq sahəsi iddiaçıya təhvil verilməmiş və müvafiq olaraq iddiaçının qeyd edilən tarixə qədər torpaqdan istifadəsi qeyri-mümkün olmuşdur.
27. MM-in 399.1-ci maddəsi üzrə-icarə müqaviləsi 2021-ci il 30 avqust tarixində imzalansa da, müqavilənin 7.3-cü bəndinə əsasən isə icarə haqqının 2020-ci il 15 may tarixindən hesablanması müəyyən edilmişdir. İşin materiallarında iddiaçının 2020-ci il 12 oktyabr tarixindən sonra da, yəni müqavilə imzalandığı tarixə qədər də torpaqdan istifadə etdiyi, o cümlədən, ümumiyyətlə 2021-ci il 30 avqusta qədər torpağın iddiaçıya təhvil verilməsi barədə heç bir sübut, sənəd yoxdur. Bundan başqa, 2020-ci il 15 may tarixindən 2021-ci il 30 avqust tarixinədək tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı heç bir danışıq olmamış, saziş imzalanmamış, icarə münasibətləri yaranmamışdır. Belə olan halda, müqavilədə icarə haqqının 2020-ci il 15 may tarixindən hesablanması üçün heç bir əsas olmamışdır.
28. MM-in 421. 700, 717-ci maddələri üzrə - kassasiya şikayətinin bu hissəsində MM-in müvafiq maddələri sadalanmaqla, mətnlərinə istinad edilmiş, iddia tələbində qeyd edilənlər təkrarlanmışdır. 29. “Torpaq icarəsi haqqında” Azərbaycan Republikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsi üzrə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi icarə haqqının mübahisə predmeti olan icarə müqaviləsinin imzalandığı 2021-ci il 30 avqust tarixdən deyil, torpaqdan istifadə etməsinin başlanmasının sübuta yetirilmədiyi dövrdən, yəni 2020-ci il 15 may tarixindən hesablanması üçün qanunsuz əsas yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib ə həmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər....” Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər....354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutu lmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” Maddə
399. Müqavilənin qüvvəsi... 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir....” Maddə 421.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur....” Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal al mazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
34. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Torpaq Məcəlləsinin müvafiq müddəalarında “Maddə
51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir....
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı i lə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 2021-ci il 30 avqust tarixli *** saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə tərəflər 5629 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, 735-ci məhəllədə yerləşən torpaq sahəsini, icarəçiyə 49 il müddətinə istifadəsinə verməyi, icarəçi is ə onu qəbul etməyi, icarə haqqının isə 2020-ci il 15 may tarixindən hesablanması barədə razılığa gəlmişlər.
39. İddiaçı hazırki iddiasında tərəflər arasında bağlanmış həmin icarə müqaviləsinin 7.3-cü bəndinin etibarsız hesab edilməsini, 7.4-cü bəndinin dəyişdirilməsini və icarə müqaviləsinə əsasən hesablanmış icarə haqqı borcunun silinməsini xahiş edir.
40. İddianın əsassız olmasına dair məhkəmələrin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassaiya şikayətində irəli sürdüyü dəlilər iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərlə eynidir.
41. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi h üquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 8-12, 16-23). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. MPM-in 417-419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(103)-949/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.