Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(3-9)-4/2026 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı və cavabdeh “Mars-O” X2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, iddiaçı və cavabdeh X5 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli e-2-2(121)-4341/2025 saylı qərardadından (hakim Zaur Abbasov) qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilən şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı “Mars-O” X7 (bundan sonra mətndə “Mars-O” KFT) cavabdeh X6 qarşı “istifadə hüquqlarına qəsdə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, daimi itifadəsində olmaqla Lənkəran rayonu, “Murdov” ərazisindəki dövlət fondu torpaqlarında yerləşən 73 ha torpaq sahəsi üzərində istifadə hüququna cavabdeh X8 tərəfindən qəsdə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran Şəhər Xalq X1 Heyətinin xx.xx.1995-ci il tarixli 13 saylı qərarı ilə, Lənkəran rayonu, “Murdov” ərazisindəki dövlət fondu torpaqlarından, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıqla məşğul olmaq üçün, 73 ha torpaq sahəsi, iddiaçının hüquqi varisi olduğu “Fuad” X4 (bundan sonra mətndə “Fual” KFT) ayrılmışdır. Həmin qərar əsasında ayrılmış torpaq sahəsi üzərində “Fuad” KFT-nin daimi istifadə hüququ, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” A-001430 saylı dövlət aktı ilə qeydə alınmışdır. İddiaçı “Mars-O” KFT, “Fuad” KFT-nin hüquqi varisidir. Belə ki,“Fuad” KFT-nin nizamnaməsinə edilmiş xx.xx.2021-ci il tarixli dəyişiklikdən görünür ki, təsərrüfatın nizamnaməsində “Fuad” KFT sözləri ”Mars-O” KFT sözləri ilə əvəz edilmişdir. Mövcud sənədlərdən aydın olur ki, iddiaçının Lənkəran rayonu, “Murdov” ərazisindəki dövlət fondu torpaqlarında yerləşən 73 ha torpaq sahəsi üzərində daimi istifadə hüququ, xx.xx.1995-ci il tarixdən mövcuddur. İddiaçı, həmin torpaq sahəsindən 30 il ərzində maneəsiz və mübahisəsiz istifadə etmişdir, hazırda da istifadə edir. X8, iddiaçının daimi istifadəsində olan 73 ha torpaq sahəsinin 60 ha torpaq sahəsinə iddia edir və fiziki güc tətbiq etməklə torpaq sahəsinə daxil olmağa çalışır. Bununla bağlı cavabdehin istinad etdiyi hüququ sənəd, 60 ha torpaq sahəsinə dair onunla bağlanmış icarə müqaviləsindən irəli gələn hüququnun qeydiyyatına dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışdır. İddiaçının 73 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınmasına dair hüquqmüəyyənedici sənədlər hazırda da qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. İddiaçı cavabdehlə bağlanmış icarə müqaviləsinin mübahisələndirilməsi və torpaq sahəsinə dair istifadə hüququna qəsdlə bağlı cavabdehin Mülki qanunvericiliyə əsasən Lənkəran rayonu, “Murdov” ərazisindəki dövlət fondu torpaqlarından, kənd təsərrüfatı təyinatlı 73 ha torpaq sahəsinə cavabdeh X8 tərəfindən müdaxilə edilməsi qanunsuzdur. Şirvan Kommersiya Məhkəməsinin 8 dekabr 2025-ci il tarixli, e-2-2(121)-4341/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh X8 17 dekabr 2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Şirvan Komersiya Məhkəməsinə müraciət edərək, “Mars-O” KFT və onun adından hərəkət edən şəxslərin X5 torpaq sahəsindən qanuni istifadəsinə mane olan hərəkətlərinə son qoyulması, faktiki zəbt edilmiş torpaq sahəsi hissəsinin boşaldılması və X5 istifadəsinə qaytarılması, “Mars-O” KFT-yə gələcəkdə torpaq sahəsinə qanunsuz müdaxilə etməsinin qadağan edilməsi, “Mars-O” KFT-nin istinad etdiyi A-001430 saylı dövlət torpaq aktının təyinat üzrə istifadə edilməməsi, torpaq vergisinin ödənilməməsi, dövlət reyestrində qeydiyyata alınmış hüquqa zidd olması səbəbilə etibarsız sayılması və X6 dəymiş maddi zərər və əlavə xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, qeydiyyat № **********, reyestr № **********71 nömrəli çıxarış adına rəsmiləşdirilmiş və 60 ha torpaq sahəsi üzrə hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı, ölçüləri və koordinatları çıxarışın ayrılmaz hissəsi kimi təqdim edilmişdir. Qeyd edilməlidir ki, “Mars-O” KFT özü də öz iddia ərizəsində mənim çıxarışımın mövcudluğunu və dövlət qeydiyyatını açıq şəkildə etiraf edir. “Mars-O” KFT 1995-ci il tarixli qərara, A- 001430 saylı dövlət torpaq aktına, guya 73 ha “daimi istifadə” hüququna istinad edərək, onun torpaq sahəsinə “müdaxilə etdiyini” iddia edir. “Mars-O” KFT-nin istinad etdiyi dövlət torpaq aktı qanunsuz və etibarsızdır, çünki, daha sonra dövlət reyestrində qeydiyyata alınmış hüquqa ziddir. Onun hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqdur. Qanunvericiliyə görə, dövlət reyestrində qeydiyyata alınmış hüquq üçüncü şəxslər üçün məcburidir və ona zidd inzibati akt hüquqi nəticə doğura bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, daimi istifadəyə verilmiş torpaq sahəsi təyinatı üzrə istifadə edilmədikdə, kənd təsərrüfatı istehsalı aparılmadıqda, belə torpaq sahəsi üzrə verilmiş akt ləğv edilə bilər və etibarsız hesab olunur. “Mars-O” KFT isə 1995-ci ildən bu günədək torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmamış, torpağı faktiki olaraq istifadəsiz saxlamışdır. Torpaq Məcəlləsi və vergi qanunvericiliyinə əsasən, torpaq sahəsinə görə torpaq vergisinin ödənilməsi məcburidir. “Mars-O” KFT tərəfindən uzun illər ərzində torpaq vergisi ödənilməmiş, bu öhdəliklər yerinə yetirilməmişdir. Bu hal dövlət torpaq aktının ləğvi üçün ayrıca hüquqi əsasdır. Hazırda “Mars-O” KFT və onun işçiləri çıxarışla adına təsdiqlənən sahədə əkin və becərmə işlərinə mane olur, sahəyə giriş-çıxışı məhdudlaşdırır, torpaq sahəsinin böyük bir hissəsini faktiki olaraq zəbt etmişdir. “Mars-O” Kəndli (Fermer) Təsərrüfatı iddia ərizəsində Lənkəran Şəhər Xalq X1 Heyətinin xx.xx.1995-ci il tarixli, 13 saylı qərarı və həmin qərar əsasında verilmiş A-001430 saylı dövlət torpaq aktına istinad edərək, Lənkəran rayonu “Murdov” ərazisində yerləşən 73 ha torpaq sahəsi üzərində “daimi istifadə hüququ”nun mövcudluğunu əsas gətirir. Lakin göstərilən dövlət torpaq aktı Torpaq Məcəlləsinin tələblərinə uyğun deyil və etibarsızdır, çünki aşağıdakı hüquqi əsaslar mövcuddur, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsinin əsaslarından biri torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməməsidir. Xüsusilə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, həmin hüquqa xitam verilə bilər. “Mars-O” KFT (və ondan əvvəl “Fuad” KFT) 1995-ci ildən etibarən iddia edilən torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə faktiki məşğul olmamış, torpaq sahəsini uzun müddət təyinatı üzrə istifadə etməmişdir. Bu hal Torpaq Məcəlləsinin yuxarıda göstərilən müddəasının birbaşa pozulmasıdır. 23 oktyabr 2025-ci il tarixli, **********71 reyestr nömrəli çıxarışla 60 ha torpaq sahəsi üzrə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Dövlət reyestrində qeydiyyata alınmış hüquq üçüncü şəxslər üçün məcburidir və ona zidd olan əvvəlki inzibati akt üstün hüquqi qüvvəyə malik ola bilməz. Bu baxımdan, “Mars-O” KFT-nin istinad etdiyi 1995-ci il dövlət torpaq aktı, sonradan dövlət reyestrində qeydiyyata alınmış hüququma zidd olduğu üçün hüquqi nəticə doğura bilməz. Dövlət reyestrində qeydiyyatdan keçmiş hüququm mövcud olduğu halda, qarşı tərəfin özbaşına qaydada bu hüququn həyata keçirilməsinə faktiki maneə törətməsi, sahədən istifadəsini məhdudlaşdırması və sahə daxilində “faktiki nəzarət” yaratması mülki hüquqların pozulmasıdır və müdafiə mexanizmi kimi maneələrin aradan qaldırılması və müdaxilələrə son qoyulması tələbini yaradır. “Mars-O” KFT-nin iddiasında istinad etdiyi sənədlərin (1995 qərarı, A-001430 dövlət aktı və s.) mövcudluğu öz-özlüyündə çıxarışla adına rəsmiləşmiş hüququnu aradan qaldırmır. Əksinə, tərəflərin hüquqlarının həcmi, sahələrin üst-üstə düşməsi, sərhədlərin eyniliyi/koordinatlar üzrə uyğunluğu işin mahiyyəti üzrə araşdırma tələb edir. Bu araşdırma aparılmadan qarşı tərəfin faktiki müdaxilələri qanunsuzdur. Kənd təsərrüfatı fəaliyyəti vaxt və mövsüm amili ilə bağlı olduğundan, sahəyə giriş-çıxışın, əkin/becərmənin, texnika-inventar yerləşdirmənin faktiki məhdudlaşdırılması real zərər yaradır (işlərin gecikməsi, əlavə xərclər, məhsul itkisi riski və s.). Bu zərər sonradan mübahisə yekunlaşsa belə tam bərpa olunmaya bilər. “Mars-O” KFT iddia ərizəsində 1995-ci il qərarı və A-001430 dövlət aktı əsasında “73 ha daimi istifadə” hüququna istinad etməklə, guya həmin sahəyə “müdaxilə etdiyini” iddia edir və “istifadə hüququna qəsdə son qoyulması”nı tələb edir. Faktiki vəziyyətdə isə “Mars-O” KFT və onun işçiləri/tapşırığı ilə hərəkət edən şəxslər çıxarışla adına təsdiqlənən sahədə kənd təsərrüfatı fəaliyyəti aparmağına (əkin, becərmə, texnika və inventarın yerləşdirilməsi, sahəyə giriş-çıxış və s.) maneələr yaradırlar, torpaq sahəsinin böyük bir hissəsini faktiki olaraq zəbt edirlər (sahə daxilində sərbəst istifadəmi məhdudlaşdırırlar), sahədə qanuni fəaliyyətinin qarşısını almaqla, ona maddi zərər yetirirlər və zərər riski yaradırlar. MPM-in 149.2.4 və 150.1.6 tələblərinə uyğun olaraq, “Mars-O” KFT-yə pretenziya təqdim edilmiş, qanunsuz müdaxilələrə son qoyulması, zəbt edilmiş hissənin qaytarılması və maneələrin aradan qaldırılması tələb olunmuşdur. (Pretenziyanın surəti və göndərilmə sübutu əlavə edilir.) Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli e-2-2(121)-4341/2025 nömrəli qərardadı ilə MPM-in 153.2.1-ci maddəsinə istinadla qarşılqılı iddia ərizəsi üzrə tələbin “Mars-O” KFT-nin istinad etdiyi A-001430 saylı dövlət torpaq aktının təyinat üzrə istifadə edilməməsi, torpaq vergisinin ödənilməməsi, dövlət reyestrində qeydiyyata alınmış hüquqa zidd olması səbəbilə etibarsız sayılması” hissəsində iddianın yolverilməzliyinə ərizənin qəbul edilməsindən imtina edilmiş, qarşılıqlı iddiaçıya həmin hissədə olan tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Qarşılıqlı iddiaçı X5 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 qəravrdaddan şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin tam şəkildə icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaya mahiyyəti üzrə indidən qiymət vermişdir. Mübahisəli qərardadda məhkəmə, müvəqqəti prosessual mərhələdə olmasına baxmayaraq torpaq aktının hüquqi mahiyyətinə, onun hansı əsaslarla etibarsız sayılmasına, tərəflər arasında maddi-hüquqi münasibətin xarakterinə işin mahiyyəti üzrə araşdırma aparmadan qiymət vermişdir. Bu isə MPM-in əsas prinsiplərinə ziddir və hakimin neytrallıq borcunun pozulmasıdır. Qarşılıqlı iddianın mahiyyəti inzibati deyil, maddi-mülki (torpaq) mübahisəsidir. Qarşılıqlı iddia inzibati aktın sadəcə ləğvi barədə deyil, torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi üçün maddi-hüquqi əsasların mövcudluğunun müəyyən edilməsi barədədir. Bu əsaslar isə birbaşa Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən irəli gəlir. Torpaq Məcəlləsinin 73-cü maddəsi – mübahisənin əsas hüquqi bazasıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən: Torpaq sahəsi üzərində istifadə hüququna xitam verilir, əgər: torpaq təyinatı üzrə istifadə edilmirsə; kənd təsərrüfatı istehsalı aparılmırsa; torpaq vergisi üzürlü səbəb olmadan ödənilmirsə; istifadə və ya icarə müqaviləsinin şərtləri pozulursa. Qarşılıqlı iddia məhz bu maddəyə əsaslanır. Burada hər hansı inzibati orqanın yeni akt qəbul etməsi tələb olunmur, inzibati qərarın ləğvi yox, maddi hüququn mövcudluğunun və ya itirilməsinin müəyyən edilməsi tələb olunur. Bu isə klassik mülki (kommersiya) mübahisədir. Məhkəmənin yanaşması hüquqi paradoks yaradır. Eyni iş üzrə “Mars-O” KFT - torpaq üzərində icarəçi/statusu qeyri-müəyyən olan tərəf kimi müvəqqəti təminat tədbiri barədə ərizə vermiş, həmin ərizə təmin edilmişdir. X8 eyni torpaq sahəsi üzrə, eyni hüquqi statusda, eyni faktiki təhlükə şəraitində qarşılıqlı iddia və MTT təqdim etmişdir, lakin, onun MTT-si rədd edilir, qarşılıqlı iddia icraata qəbul olunmur. Bu, bərabərlik prinsipinin (Konstitusiya m.25) və ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulmasıdır. Məhkəmə Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarına istinad etsə də, həmin qərar tələblərin ayrılması mümkün olduqda tətbiq edilir. Qarşılıqlı iddia da isə torpaq aktının etibarsızlığı torpaqdan qanunsuz istifadə faktiki zəbt mülki hüquqa müdaxilə ayrılmaz şəkildə bir-birinə bağlıdır. Bu tələblərin parçalanması məhkəmə müdafiəsini formal və səmərəsiz edir. Şirvan Kommersiya Məhkəməsi 19 dekabr 2025-ci il tarixli, e-2-2(121)-4341/2025 saylı qərardadı ilə maddi hüququ düzgün tətbiq etməmiş, Torpaq Məcəlləsinin 73-cü maddəsini nəzərə almamış, mübahisənin mahiyyətini yanlış inzibati müstəviyə keçirmiş, tərəflər arasında hüquqi balansı pozmuş, qərəzli və əsassız nəticə doğurmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli e-2-2(121)-4341/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 22 yanvar 2026-cı il tarixli 2- 2(3-9)-4/2026 nömrəli qərardadı ilə şikayətə məhkəmənin öz təşəbbüsü ilə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmədə iddiaçı və cavabdeh X5 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 şikayəti müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı və cavabdeh “Mars-O” KFT-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 şikayətin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul edilməsindən imtina oluna bilər. Belə ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (MPM-in 153.2.1, 153.2.2, 153.2.3 və 153.2.4-cü maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilə bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin qəbulundan imtinanın əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda imtinanın mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin qəbulundan imtina yol verilməzdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 153.2.1-ci maddəsinə istinadla iddianın yolverilməzliyinə görə iddia ərizəsinin hissəvi qəbulundan imtina etməkdə haqlı olmuşdur. Belə ki, A-001430 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” Lənkəran şəhər XDS-nin Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 23 nömrəli qərarına əsasən verilmişdir. Dövlət aktı inzibati akt əsasında verildiyinə görə, etibarsızlığı inzibati icraat qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Plenum Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli e-2-2(121)-4341/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(3-9)-4/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-9)-4/2026
04.02.2026 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver