Məhkəmə qərarları › İş №2-2(102)-183/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-183/2021

04.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-183/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Firmanın Cavabdeh1 və cavabdeh2-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, maddi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı Firmanın nümayəndəsi onun vəkili Cavabdeh1 -in vəkilinin iştirakı ilə, İddiaçı Firmasının cavabdehlər cavabdeh1 və cavabdeh2-yə qarşı “yeni icarə müqaviləsi bağlanmasının cavabdehin üzərinə qoyulması, maddi zərərin tutulması və sair” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)-95/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarına əlavə edilmiş “A” Azərbaycan-Britaniya birgə müəssisəsi (bundan sonra – “AG”) ilə İddiaçı Firması (bundan sonra – “Firma”) arasında bağlanmış 2000-ci il 28 iyun tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, tərəflər müqavilənin etibarlılıq müddəti 1 il müəyyən edilməklə, tərəflərdən heç biri bu müqavilənin qüvvədə olma müddəti bitənədək 30 gündən gec olmayaraq onu uzatmaq istəmədiyini yazılı şəkildə bildirməzsə, bu müqavilənin həm in müddətə və bağlandığı şərtlərlə uzadılmış sayılması şərti ilə, əmlakın, əşya hüquqlarının və əmək iştirakının birləşdirilməsi, əhalinin xidmətlərə olan tələbatını ödəmək və mənfəət əldə etmək məqsədi ilə hüquqi şəxs yaratmadan birlikdə “Bakı” hava limanında baqajın qablaşdırılması xidmətlərinin göstərilməsi üzrə müəssisənin açılması yolu ilə fəaliyyət göstərməyi öhdələrinə götürürlər.

2. AG ilə Firma arasında bağlanmış 2006-cı il 1 iyun tarixli 38 saylı, 2007-ci il 29 dekabr tarixli 7 saylı, 2008-ci il 19 dekabr tarixli 5 saylı icarə müqavilələrindən görünür ki, indiki Heydər Əliyev adına Beynəlxalq hava limanında (bundan sonra – “hava limanı”) Yerli Hava Xətləri Terminalı ərazisində Firma üçün “Saxlama kamerası” servis xidməti təşkil edilməsi və aeroportun cənub terminalının ikinci mər təbəsində (2 m2), şimal terminalının ikinci mərtəbəsində (2 m2) və Yerli hava Xəttləri Terminalında (2 m2) yüklərin və əl çantalarının üzlənməsi üçün bükücü aparatlara yer ayrılmasını AG öz üzərinə götürür.

3. AG ilə Firma arasında bağlanmış sonuncu – 2008-ci il 19 dekabr 05 saylı tarixli icarə müqaviləsindən görünür ki, “B” Aviaşirkəti MMC-nin (bundan sonra – “MMC”) AG filialı tərəfindən hava limanında əl çantalarının üzlənməsi aparatları üçün yer ayrılaraq Firmaya icarəyə verilmiş, göstərilən müqavilə 1 il müddətinə (2008-ci ilin dekabr ayının 31-dən 2009-cu ilin dekabr ayının 31nə kimi) bağlanılmış və müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə üzrə vəzifələri lazımi qaydada yerinə yetirən icarəyə götürən müqavilənin vaxtını uzatmaqda üstün hüquqa malikdir.

4. MMC-nin AG filialı tərəf indən Firmaya ünvanlanmış 2009-cu il 23 noyabr tarixli 255 nömrəli məktubdan görünür ki, MMC-nin AG filialı tərəfindən 2008-ci il 19 dekabr tarixli 05 saylı müqaviləyə 2009-cu il 1 dekabr tarixindən qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verilir.

5. Firma tərəfindən MMC-nin AG filialına ünvanlanmış 2009-cu il 25 noyabr tarixli 12 nömrəli məktubdan görünür ki, Firma 2008-ci il 19 dekabr tarixli 05 saylı müqaviləyə 2009-cu il 1 dekabr tarixindən qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verilməsinə heç bir əsas olmadığını, təklif ediləcək yeni qiymətlərlə işlərini davam etdirməyə razı olduqlarını MMC-nin AG filialına bildirmişdir.

6. MMC-nin AG filialı tərəfindən Firmaya ünvanlanmış 2009-cu il 1 dekabr tarixli 260 nömrəli məktubdan görünür ki, MMC-nin AG filialı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edildiyindən 3 gün ərzində Firmaya məxsus 4 ədəd üzləyici aparatın hava limanından çıxarılması Firmadan tələb olunmuşdur.

7. Firma MMC-yə 2019-cu il 17 avqust tarixli pretenziya məktubu göndərərək iddia tələbinin 3 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə məhkəmə müraciət edəcəyini bildirmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – “ƏMDX”) tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 2019-cu il 6 dekabr tarixli **********47 nömrəli məktubdan görünür ki, Firmanın icarəsinə verilmiş qeyri-yaşayış sahələrinin yerləşdiyi aerovağzal kompleksinin cənub, şimal və yerli hava xətləri terminalları “C” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – “QSC”) ba lansında olmaqla dövlət mülkiyyətinə aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Firma 2019-cu il 2 sentyabr tarixində iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hava limanında qablaşdırma fəaliyyətinin bərpa olunması və 10 illik müqavilənin qarşı tərəflə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi aşağıdakı hallarla əsaslandırılmışıdır.

11. Firmanın qanuni təmsilçisi Firma sahibinin həyat yoldaşı tərəfindən 1998-ci ildə yaradılmış Firma həmin ildən hava limanının ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı xidmət növü ilə məşğul olmuşdur. Firma ilə əməkdaşlıq edən zamanadək aeroportda bağlamalar kağızla bağlanırdı. Bu işin Avropa standartlarına uyğun şəkildə gör ülməsi məqsədilə Firma QSC-nin rəhbərliyinin razılığı ilə xaricdən avadanlıq aldı. Aeroport rəhbərliyi ilə danışıqlarına və müqavilələrinə inanaraq avadanlığı ala bilmək üçün onlar xüsusi mülkiyyətlərində olan evlərini satmış, bütün vəsaitlərini istifadə etmişlər.

12. Avadanlığın yerləşdirilməsi üçün Aerovağzal kompleksinin cənub terminalının 2-ci mərtəbədə 2 m2, şimal terminalının 2-ci mərtəbəsində 2 m2, yerli hava xətləri terminalında 2 m2 yüklərin və əlçantalarının üzlənməsi üçün onların müasir avadanlıqlarına yer ayrılmışdır. Firma fəaliyyət göstərdikləri dövr ərzində ASC və MMC qarşısında üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmiş, dövlət büdcəsinə 1998-ci ildən 2010-cu ilə qədər vergi ödəmiş, heç zaman qanunsuz hərəkətə yol verməmiş, 2009-cu ildə MMC yarananadək AG ilə 12 il əməkdaşlıq etmiş, MMC yarandıqdan sonra MMC ilə əməkdaşlığa dair müqavilə bağlamışdır.

13. Lakin 2009-cu ildə müqavilənin vaxtı bitmədən, MMC heç bir səbəb göstərmədən gecə ilə 7 üzləyici müasir avadanlığı aeroportdan kənarlaşdırdı. Nəticədə 39 nəfər işsiz qaldı. Böyük miqdarda vəsait xərclənərək xaricdən alınıb gətirilmiş avadanlıq bu gün dəyərsiz əşya kimi kənarda qalmışdır, xarab olmaq təhlükəsi altındadır. Bu avadanlıq yalnız aeroportda bağlamanı həyata keçirmək üçün istehsal olunduğu üçün bu gün onu başqa heç bir sahədə istifadə edə bilmirlər. İşə davam etməklə bağlı MMC-yə dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmış, Firmaya çox böyük maddi zərər vurulmuşdur.

14. Belə ki, onlar bu işi görmək üçün öz vəsaitləri hesabına xaricdən 1 ədəd müasir üzləyici avadanlıq almış, əlavə o laraq 6 ədəd üzləyici avadanlığı öz vəsaitləri hesabına yığdırmış və onun ölkəyə gətirilməsi üçün böyük miqdarda vəsait xərcləmişlər. Hazırda həmin 1 avadanlığın alınması üçün xərclənən 85.000 ABŞ dolları ödənilməmiş və bağlamada istifadə etdikləri 10.000 ABŞ dolları dəyərində olan yarımçıq qalmış strec materialı isə başqa heç bir sahədə istifadə edilmədən qalmışdır.

15. Məsələ ilə bağlı Firmanın müraciətinə QSC-nin 2019-cil 17 avqust tarixli məktubu ilə aidiyyatı üzrə MMC-yə müraciət edilməsi tövsiyə olunsa da, MMC-nin 2019-ci il 17 avqust tarixli məktubu ilə QSC-yə müraciət edilməsi bildirilmişdir. Halbuki Firma 2008-ci il 19 dekabr tarixli 05 nömrəli Müqaviləni MMC ilə bağlamışdır. Dəymiş maddi ziyana görə MMC cavabdehdir. Biznes fəaliyyətinin geri qaytarılması və 10 illik müqavilənin b ağlanılması, əks təqdirdə 1.180.000 manat maddi və mənəvi ziyana görə təzminat ödənilməsi ilə bağlı MMC-yə pretenziya məktubu göndərilməsinə baxmayaraq nəticəsi olmamışdır. Çünki ilk dəfə Azərbaycanda bu biznes fəaliyyətini 1998-ci ildən 2009-cu ilə qədər Firma göstərmişdir. Heç bir səbəb olmadan 9 il 9 aydır ki, işsiz, qazancsız qalan Firma bu müddətdə 3 il və 6 il məsafə buraxmadan hər yerə şikayət etmişdir. Onlara hədə qorxu gəlindiyindən, çarəsizlikdən indi də məhkəməyə müraciət edirlər.

16. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 377, 380.2, 385.1, 422.1,, 430.1, 442, 448.1, 448.2, 704.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 47.2, 118-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Firma 2019-cu il 16 sentyabr tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) xidməti ilə əlaqədar 2009-cu ilə kimi hava limanında göstərilmiş fəaliyyətin bərpa olunması öhdəliyinin, bu fəaliyyətin yenidən göstərilməsi üçün Firma ilə icarə müqaviləsinin bağlanılması öhdəliyinin MMC-nin üzərinə qoyulması, Firmaya dəymiş maddi zərərə görə 1.180.000 manat pulun MMC-dən tutularaq Firmaya ödənilməsi və MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət əlamətləri aşkara çıxarsa bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Firmanın nümayəndəsi 2020-ci il 13 avqust tarixində məhkəməyə əriz ə ilə müraciət edərək ƏMDX-nın cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.

19. Məhkəmənin 2020-ci il 13 avqust tarixli 2-2(113)-423/2020 saylı qərarı ilə ƏMDX cavabdeh qismində işə cəlb edilmişdir.

20. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndələri izahatlarında aerovağzal kompleksinin MMC-nin mülkiyyətində olmadığını, iddia tələbini qəbul etmədiklərini bildirərək, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs ifadəsində əvvəllər işlədiyi Firmanın hava limanının ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı fəaliyyətlə məşğul olduğunu bildirmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli 2-2(113)-423/2020 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iddianın verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Firmaya aid edilmişdir (hakim – E.Əliyev).

23. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

24. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Firmanın icarəsinə verilmiş qeyri-yaşayış sahələrinin yerləşdiyi aerovağzal kompleksinin cənub, şimal və yerli hava xətləri terminalları QSCnin balansında olmaqla dövlət mülkiyyətindədir. Belə olan halda MMC-yə qarşı fəaliyyətinin davam etdirilməsi və müqavilənin bağlanması ilə bağlı öhdəlik tələbi üzrə Firmanın subyektiv hüququ yoxdur. Hətta Firmanın belə hüququ olsaydı belə, Firma məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür.

25. Maddi ziyan tələbi ilə bağlı Firma tərəfindən fə aliyyəti ilə bağlı vergi-hesab faktura, qəbzlər, kassa mədaxil orderləri təqdim edilsə də, Firma iddia müddətini ötürmüşdür.

26. Qanunvericiliyin iradə sərbəstliyi və müqavilələrin bağlanması azadlığı prinsiplərinə uyğun olaraq Firmanın ƏMDX-yə qarşı olan tələblərlə bağlı iddiası əsassız olduğundan təmin edilə bilməz.

27. Xüsusi qərardadın çıxarılması müstəqil tələb kimi irəli sürülə bilməz.

28. Məhkəmə bu qənaətini MM-in 6.1.2, 6.1.5, 373.2, 390.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2008-ci il 30 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

29. Firmanın nümayəndəsi həmin qətnamədən 2020-ci il 20 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 2-2(103)95/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli e-2-2(113)-423/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

32. Qarşı tərəfin müqavilə bağlamaq vəzifə sinin qanundan və ya könüllü götürülmüş öhdəlikdən irəli gəldiyi hallar istisna olmaqla, mülki hüquq subyektlərinin üzərinə fiziki və hüquqi şəxslərlə onların iradəsinə uyğun olmayan müqavilələrin bağlanması öhdəliyi qoyula bilməz. Hazırkı halda MMC və ƏMDX-nın Firma ilə müqavilə bağlamaq öhdəliyi nə qanundan, nə də müqavilədən irəli gəlir.

33. Firmanın 1.180.000 manat məbləğində dəymiş ziyan tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin qanunsuz hərəkətləri nəticəsində Firma 10 ilə yaxın müddətdə fəaliyyətini tamamilə dayandırmışdır. MMC-nin qanunsuz hərəkəti dedikdə Firma ilə bağlanmış icarə müqaviləsinin müddətinin uzadılmaması nəzərdə tutulur.

34. MMC-nin AG filialının Firma ilə bir il müddətinə bağlanmış icarə müqaviləsinə 2009-cu il 1 dekabr tarixindən xitam verməsi mülki qanunveric iliyə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, müqavilə azadlığı prinsipinə uyğun olduğundan mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Buna görə də maddi ziyanla bağlı tələbin rədd olunması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

35. MMC və ƏSX-nin Firma qarşısında hər hansı öhdəliyi olmadığından hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqi zəruri hesab edilmir.

36. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 390.1, 390.3, 1096.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Firmanın nümayəndəsi həmin qətnamədən 2021-ci il 10 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı eti razın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

38. Firma iddia müddətini ötürməmişdir. Birinci instansiya məhkəməsi faktiki olaraq iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə MMC və ƏSX-nin Firma qarşısında hər hansı öhdəliyi olmamasını əsas gətirərək iddia müddətinin tətbiqini zəruri hesab etməmiş, birinci instansiya məhkəməsindən fərqli nəticəyə gəlsə də, həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayaraq apellyasiya şikayətini təmin etməmiş, bununla da ciddi prosessual hüquq pozuntusuna yol vermişdir.

39. MMC 2008-ci il tarixli icarə müqaviləsini birtərəfli qaydada bir ay öncədən ləğvetmə hüququ ilə, heç bir səbəb və fors-major halı olmadan ləğv etməklə, əməkdaşlığı bitirməklə, Firmaya məxsus aparatlar ı hava limanından çıxarmaqla Firmaya birbaşa ağır maddi zərər vurmuşdur. Firma dövlətə 1998-ci il 1 yanvar tarixindən 2006-cı il 1 avqust tarixinədək 9.113,70 manat, 2006-cı il tarixindən 2019-cu il 5 avqust tarixinədək 6.200,13 manat vergi ödəmişdir. Bu məbləğlərdən görünür ki, Firmanın aylıq gəliri 10.000 manatdan da yüksəkdir. Ona görə də Firma MMC-dən hər ay üçün 10.000 manat olmaqla, ümumilikdə 1.180.000 manat maddi zərər tələb etmişdir. Müqavilənin müddətinin birtərəfli qaydada müəyyən olunması həmin müqavilədə öz əksini tapmamışdır. Firmanın aldığı avadanlıqlar yalnız hava limanında istifadə oluna bilər. Bu avadanlıq müqavilənin vaxtından əvvəl və əsassız pozulmasına görə istifadəsiz qalmış, istismar müddətini başa vurmadan sıradan çıxmışdır.

40. QSC və Firma arasında bağlanmış 2009 -cu il 1 dekabr tarixli müqavilənin müddətinin uzadılması haqqında sazişdən görünür ki, Xidmətlərin təqdimatına dair 2008-ci il 10 dekabr tarixli 231/08 nömrəli müqavilənin qüvvədə olma müddəti 2010-cu il 31 dekabr tarixinə qədər uzadılır. Bu, bir daha təsdiq edir ki, MMC-nin vətəndaşların Firmanın işçilərindən narazılığını əsas gətirməklə birtərəfli qaydada müqaviləyə xitam verməsi qanunsuzdur. Çünki belə bir hal olsaydı QSC Firma ilə müqavilə münasibətlərini uzatmazdı.

41. İş materiallarında olan MMC-nin çoxsaylı məktublarından görünür ki, AG MMC-nin filialıdır. Belə olan halda Firma qanuni olaraq hüquqi şəxs hesab edilməyən filialı deyil, hüquqi şəxs olan MMC-yə qarşı məhkəmədə iddia qaldırmışdır.

42. Bir il müddətinə bağlanmış 2008-ci il tarixli son müqavilənin 4.3-cü maddəsindən görün ür ki, bu müqavilə üzrə vəzifələri lazımi qaydada yerinə yetirən “icarəyə götürən” onun vaxtını uzatmaqda üstünlük hüququna malikdir

43. MMC iddia edir ki, Firmaya verilən sahələri vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsindən icarəyə götürmüş, Firma ilə sub-icarə müqaviləsi bağlamış, hazırda isə həmin sahələr bu Komitəyə geri qaytarılmışdır. Lakin iş materiallarında sahələrin geri qaytarılmasına və müqavilələrin ləğv edilməsinə dair heç bir mötəbər dəlil yoxdur. Üstəlik mötəbər dəlil olsa belə, MMC Komitəyə 1.997,9 m2 sahədən 909 m2 sahəni qaytarmışdır. Hazırda MMC-də qalan sahənin Firmaya sub-icarəyə verilən sahə ilə üst-üstə düşməsi bilinmir. Bundan başqa, hətta sahələr Komitəyə geri qaytarmışdırsa belə, bu, 2015-2016-cı illərdə edilmişdir. Halbuki Firma qanunsuz sub-icarəyə verilən sa hədən 2008-2009-cu illərdə çıxarılmışdır.

44. Kassasiya şikayəti MM-in 21, 53, 373.2, 384, 430.1, 442, 443.1-ci, MPM-nin 67.1, 76.1, 76.2, 130.1, 130.3, 261, 405, 406.1, 407.1, 407.4, 416, 420-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5, 8.3, 12, 13, 14, 15-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

45. Tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

46. Məhkəmə iclasında iştirak edən Firmanın vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qə tnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

47. Firmanın nümayəndəsi kassasiya şikayətini müdafiə etdiyi və vəkilin dedikləri ilə razı olduğunu bildirdi.

48. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayəti nin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Firmanın nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması v ə araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

52. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....”

53. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. KMP-nin "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" 2008-ci il 30 iyul tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elem entləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

55. KMP-nin “MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral qərarında qeyd edilmişdir “Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhə miyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).” tarixli “Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

56. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq, tərəfləri n izahatlarını dinləyərək kassasiya şikayətini əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

57. Məhkəmə kollegiyası kassatorun maddi zərərlə bağlı dəlilləri (bax yuxarıda §39) üzrə aşağıdakıları bildirməyi zəruri hesab edir.

58. İşin materiallarından görünür ki, Firmanın 1.180.000 manat məbləğində maddi zərərlə bağlı tələbi MMC-nin Firma ilə bağlanmış icarə müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv etməsi və müqavilənin müddətini uzatmaması nəticəsində Firmanın 10 ilə yaxın müddətdə fəaliyyətini tamamilə dayandırması ilə əsaslandırılmışdır. Kassator öz şikayətində də eyni mövqedən çıxış etmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı hesab etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq həmin icarə müqaviləsinə 2009-cu il 1 dekabr tarixindən xitam verilməsi mülki qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olduğundan mülki hüquq pozuntusu kimi qiymətləndirilə bilməz.

60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə bağlı qeyd edir ki, nə sözü gedən müqavilədə, nə də qanunvericilikdə müqavilənin müddəti başa çatmadan əmlakı icarəyə verən tərəfindən birtərəfli (məhkəmədənkənar) qaydada xitam olunması nəzərdə tutulmuşdur.

61. Bununla belə, qeyd olunan hala münasibətdə müqavilə tələbləri üzrə MM-in 372.2-ci maddəsi (bax yuxarıda §52) ilə nəzərdə tutulmuş 3 illik iddia müddəti Firma tərəfindən ötürülmüşdür.

62. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşdığı üçün hesab edir ki, MM-in 372.2-ci maddəsinin tətbi q edilməməsi qətnamənin ləğvi üçün əsas ola bilməz.

63. Müqavilə müddətindən sonrakı (yəni 2009-cu il 31 dekabr tarixindən sonrakı) dövr üçün isə MMC tərəfindən müqavilənin müddətinin uzadılmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətini məhkəmə kollegiyası qanuni və əsaslı hesab edir.

64. Belə ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı mülki hüququn təməl prinsipləridir (MM-in 6.1.2, 6.1.5-ci maddələri - bax yuxarıda § 52). Bu subyektlər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məz mununu müəyyənləşdirə bilərlər (MM-in 6.2, 390.1-ci maddələri - bax yuxarıda §52)

65. MM-in 390.3-cü maddəsinin tələbinə (bax yuxarıda §52) görə, müqavilə bağlamaq vəzifəsi MM-də və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

66. Hazırkı mübahisə üzrə MM-də və ya tərəflər arasında bağlanmış icarə müqaviləsində MMC-nin Firma ilə növbəti dövrlər üçün müqavilə bağlamaq və ya müqaviləni uzatmaq vəzifəsi nəzərdə tutulmamışdır.

67. Eyni zamanda, MMC Firma qarşısında onunla uzunmüddətli əməkdaşlıq edəcəyinə dair öhdəlik də götürməmişdir. İcarə müqaviləsinin məhz bir il müddətinə bağlanması da buna dəlalət edir. Belə ki, əgər icarəyə verən arzu etsəydi, müqaviləni daha uzun müddətə də bağlaya bilərdi.

68. Bundan başqa, o da nəzərə alınmalıdır ki, istənilən sahibkarlıq fəaliyyəti həyata keçirilərkən müəyyən dərəcədə risk amili özünü büruzə verir. Belə ki, heç bir sahibkar öncədən əminliklə deyə bilməz ki, başlayacağı biznes fəaliyyətindən gözlədiyi gəliri götürə biləcəkdir. Ona görə də sahibkardan asılı olan və olmayan elə halların baş verməsi mümkündür ki, o, müvafiq biznesdən gözlədiyindən daha az mənfəət əldə etsin və ya ümumiyyətlə zərərlə çıxsın.

69. MM-in 1096.1-ci maddəsinə (bax yuxarıda § 52) görə, mülki hüquq pozuntusu (delikt) zərərçəkənə birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)

70. Hazırkı halda MMC-nin Firma ilə müqavilə bağlamaq öhdəliyi nə qanundan, nə də müqavilədən irəli gəldiyindən Fi rmaya məhz (bilavasitə) MMC-nin hərəkətləri nəticəsində zərər dəyməsi, MM-in 1096.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən istisna olunur.

71. Bu baxımdan, 2009-cu il 31 dekabr tarixindən sonrakı dövrdə MMC tərəfindən icarə müqaviləsinin müddətinin uzadılmaması mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilə bilməz.

72. İddia müddətinin Firma tərəfindən ötürülməməsinə dair dəlillə (bax yuxarıda § 38) bağlı məhkəmə kollegiyası öz mövqeyini yuxarıda bildirmişdir.

73. Eyni zamanda, birinci instansiyası məhkəməsi iddia müddətini yalnız maddi ziyan tələbi ilə bağlı tətbiq etmiş (bax yuxarıda §22-25), yekunda iddia tələbini bütövlükdə rədd etmişdir.

74. Birinci instansiyası məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi isə hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqin i heç bir tələb üzrə zəruri hesab etməsə də, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməmiş, başqa sözlə, aşağı məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ilə razılaşmışdır.

75. MPM-nin 385.2-ci maddəsinin (bax yuxarıda §53) tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar baxımından qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

76. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı fərqli nəticəyə gələn apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməməklə ciddi prosessual hüquq pozuntusuna yol verməsinə dair dəlil də əsassızdır.

77. Kassatorun istinad etdiyi QSC və Firma arasında bağlanmış “Xidmətlərin təqdimatına dair” 2008-c i il 10 dekabr tarixli 231/08 nömrəli müqavilənin müddətinin 2010-cu il 31 dekabr tarixinə qədər uzadılmasına (bax yuxarıda § 40) gəldikdə isə, işin materiallarından (İ cild, səh. 151-156) görünür ki, həmin müqavilənin hazırkı mübahisənin predmeti olan icarə haqqında 2008-ci il 19 dekabr tarixli 05 nömrəli müqaviləyə və hazırkı iş üzrə iddianın predmetinə ümumiyyətlə aidiyyəti yoxdur.

78. Belə ki, QSC və Firma arasında bağlanmış “Xidmətlərin təqdimatına dair” 2008-ci il 10 dekabr tarixli 231/08 nömrəli müqavilənin predmetini Firma tərəfindən Beynəlxalq Aerovağzal Kompleksinin Yerli Hava Xətlərinin 1-ci mərtəbəsində ümumi həcmi 48,2 m2-də yerləşən saxlama kamerasını istifadəyə götürərək ona müvafiq xidmətlər göstərilməsi olmuşdur.

79. Bundan başqa, istər QSC, istərsə də MMC müstəqil hüquqi şəxslərdir. Hər bir hüquqi şəxs özünün kommersiya fəaliyyətini öz mülahizələrinə uyğun və öz riski ilə həyata keçirir. Hazırkı mübahisənin həlli baxımından Firmanın QSC ilə bağladığı müqavilə ilə bağlı məsələlərin Firmanın MMC ilə bağladığı müqavilədəki məsələlərə heç bir aidiyyəti yoxdur. Belə ki, hazırkı mübahisənin predmetini Firmanın MMC ilə bağladığı icarə haqqında 2008-ci i 19 dekabr tarixli 05 nömrəli müqavilə təşkil edir.

80. Bundan başqa, MMC tərəfindən Firmaya göndərilmiş, müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair 2009-cu il 23 noyabr tarixli 255 nömrəli məktubdan görünür ki, müqavilənin xitamına səbəb kassatorun qeyd etdiyi kimi, vətəndaşların Firmanın işçilərindən narazılıq etməsi deyil, qiymətlərin qalxması olmuşdur.

81. Eyni zamanda, AG-nin MMC-nin filialı olması, belə olan halda isə Firmanın qanuni olaraq hüquqi şəxs hesab edilməyən filialı deyil, hüquqi şəxs olan MMC-yə qarşı məhkəmədə iddia qaldırmasına qarşı dəlili (bax yuxarıda §41) hazırda ümumiyyətlə mübahisə obyekti olmadığından məhkəmə kollegiyası həmin dəlil üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür.

82. Həmçinin müqavilə üzrə vəzifələri lazımi qaydada yerinə yetirən “icarəyə götürən”in onun vaxtını uzatmaqda üstünlük hüququna malik olmasına dair kassatorun dəlili (bax yuxarıda §42) ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir. Müqavilədə nəzərdə tutulan üstünlük hüququ hazırkı mübahisənin həllinə o zaman təsir edə bilərdi ki, MMC əsassız olaraq Firma ilə müqaviləyə xitam verib, eyni məzmunlu və eyni şərtləri əks etdirən müqaviləni başqa bi r sahibkarlıq subyekti ilə bağlayaydı. Lakin hazırkı MMC-nin başqa subyektlə analoji müqavilə bağlaması işin materialları ilə təsdiq olunmur. Bununla əlaqədar işin materiallarında mötəbər sübutlar yoxdur.

83. MMC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə qaytarılmış sahələrlə Firmaya subicarəyə verilmiş sahələrin üst-üstə düşüb-düşməməsinin məlum olmamasına dair dəlillə (bax yuxarıda §43) bağlı məhkəmə kollegiyası yuxarıda əks olunmuş mövqeyinə müvafiq olaraq qeyd edir ki, (bax yuxarıda § 32), qanundan və ya könüllü götürülmüş öhdəlikdən irəli gəldiyi hallar istisna olmaqla, mülki hüquq subyektlərinin üzərinə fiziki və hüquqi şəxslərlə onların iradəsinə uyğun olmayan müqavilələrin bağlanması öhdəliyinin (vəzifəsinin) qoyulması mümkünsüzdür. Bu baxımdan, kassatorun hazırkı dəlilinin əsa slı olduğu hətta güman edilsə belə, qeyd olunan məsələlər MMC-nin, Əmlak Məsələləri Dövlət Komitəsinin iradə sərbəstliyinin və müqavilə azadlığının məhdudlaşdırılması üçün səbəb bilməz.

84. Şərh olunanlara və MPM-nin 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 fevral tarixli 22(103)-95/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar