Məhkəmə qərarları › İş №2-2(102)-20/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-20/2022

02.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-20/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC- yə qarşı “siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 24 iyul 2019-cu il tarixli, **********8 saylı bildirişə görə, vergi borcunun 5 gün müddətində ödənilməsi təklif olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 2. 11 sentyabr 2020-ci il tarixli, **********1 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərara görə, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. 3. “Əmlakın siyahıya alınması haqqında” 20.10.2020-ci il tarixli, **********642600 nömrəli protokola görə, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. 4. "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” 20.10.2020-ci il tarixli akta görə, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün hüquqi şəxsin qanuni təmsilçisi X1 imza edərək qəbul etmişdir.

5. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına gö rə məsuliyyət daşıması barədə 23.10.2020-ci il tarixli xəbərdarlığa görə, Cavabdeh əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12.09.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 62,753.04 manat, Dövlət Sosial Müdafiə Fonduna ödən ilməmiş 0.01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsi nin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12.09.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 12.09.2019-cu il tarixə yaranan 407.830,63 manat borcuna görə 265.600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20.10.2020-ci il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 23.10.2020-c i il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12.09.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 407.830,63 manat ödənilməmiş borcu qalmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, e-2-2(113)-1532/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin 12.09.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 62753,04 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 0,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.000 manat məbləǧində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən dövlət büdcəsinə ödənilməmiş 62753,04 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 0,01 manat və 10 manat məbləğində dövlət rü sumunun tutulması, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılması qət edilmişdir (hakim – K.Hüseynov).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur.

10. Vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və ona məxsus əmlakı satılmaqla dövlət büdcəsinə olan vergi b orcu ödənilməlidir (bax yuxarıda §§ 1-5).

11. İddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 265.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “Vergi Məcəlləsi”) 89.1, 89.7, 89.10, 90.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), A.S.Hüseynov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 aprel tarixli, e-2-2(113)-1532/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§9-12) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

16. Həmçinin hesab etmişdir ki, hazırkı apelyasiya araşdırmasının predmeti mövcudluğu qəbul edilən borcların ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir. Yalnız borcun olmadığı tərəflər arasında mübahisəsiz olduqda yaxud bu fakt cavabdeh tərəfindən təqdim olunan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini taparsa, iş üzrə qəb ul və müzakirə edilə bilər. Əgər belə bir dəlillər yoxdursa və borc da mübahisəlidirsə, o halda vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Belə ki, əgər cavabdeh ona hesablanmış vergi borcları ilə razı deyilsə, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır.

17. Məhkəmə bu qənaətini Vergi Məcəlləsinin 16.1.1, 23.1.8, 65.1, 78.1, 89.1, 90.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Məhkəmələr o nət icəyə gəlmişdir ki, vergi borcunun olub-olmaması mübahisələndirilmir və hazırkı mübahisəyə aidiyyəti yoxdur. Halbuki, əmlakın siyahıya alınması və hərracda satılmasının əsasını vergi borcunun olması təşkil edir. Vergi borcu olmadığı təqdirdə, bu cür tələblər əsassız olmalıdır. Hazırkı iş üzrə isə şəxsi vərəqədən görünür ki, cavabdehin borcu 0 manatdır.

20. Məhkəmə cavabdehin vergi borcunun olduğunu hesab etsə də, cavabdehin hər hansı borcu yoxdur.

21. Məhkəmələr işin faktiki hallarına düzgün qiymət verməyərək, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər.

22. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

23. Məhkəmə Konstitusiyanın bu maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etirazında Azərbaycan Respublikası Konstitusiyanın 73-cü, Vergi Məcəlləsinin 16.1, 23.1.8, 65.1, 78.1-ci maddələrinin tələblərinə istinad edərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğu ndur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Vergi Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək”; “Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəməd ə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək”; “Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər”. “Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsi nin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

31. Apelyasiya məhkəməsi ona istinad etmişdir ki, yalnız b orcun olmadığı tərəflər arasında mübahisəsiz olduqda, yaxud bu fakt cavabdeh tərəfindən təqdim olunan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini taparsa, iş üzrə qəbul və müzakirə edilə bilər. Əgər belə bir dəlillər yoxdursa və borc da mübahisəlidirsə, o halda vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Belə ki, əgər cavabdeh ona hesablanmış vergi borcları ilə razı deyilsə, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır.

32. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əmlakın siyahıya alınması və hərracda satılmasının əsasını vergi borcunun olması təşkil edir. Vergi borcu olmadığı təqdirdə, bu cür tələblər əsassız olmalıdır. Hazırkı iş üzrə isə şəxsi vərəqədən görünür ki, cavabdehin borcu 0 manatdır və cavabdehin hər hansı borcu yoxdur. Məhkəmələr maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsini tətbiq etməli olduqları halda, tətbiq etməmişlər.

33. İddia ərizəsinin əsaslarına görə cavabdehin 12.09.2019-cu il tarixinə ödənilməmiş 407.830 manat vergi olmuş, bu borcun ödənilməsini təmin etmək məqsədi ilə sonuncunun 265.600 manat məbləğində əmlakı siyahıya alınmış, yenə həmin tarixə cavabdehin dövlət büdcəsinə ödənilməmiş 62.753,04 manat borcu qalmış, məhkəmədən məhz 12.09.2019cu il tarixə ödənilməmiş 62.753,04 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin 265.600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Beləliklə, iddia ərizəsinə əsasən cavabdehin 12.09.2019-cu il tarixinə eyni zamanda 407.830 manat, həm də 62.753,04 manat ödənilməmiş vergi borcu olduğu barədə qeyri-dəqiq məlumatlar verilmişdir.

34. İş materiallarında həmin tarixə cavabdehin əslində hansı məbləğdə vergi borcunun olmasını özündə əks etdirən şəxsi hesab vərəqəsi olmadığından, işin 17-ci vərəqindəki şəxsi hesab vərəqəsindən isə cavabdehin ümumiyyətlə vergi borcunun olub-olmadığı barədə dəqiq nəticəyə gəlmək mümkün olmur. Cavabdehin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracdan satılması barədə qərar qəbul edilməsi üçün yeganə və həlledici şərt vergi ödəyicisinin ödənilməmiş vergi borcunun olmasıdır. Məhkəmələr də bu qəbildən olan işlərə baxarkən ilk növbə də vergi ödəyicisinin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun olub-olmadığını müəyyən etməli, bu hal dəqiq müəyyən edildikdən sonra isə nəticəsindən asılı olaraq iddia tələbinin təmin edilibedilməməsi barədə qətnamə qəbul edə bilərlər.

35. Hazırkı kommersiya işində isə cavabdehin vergi borcunun olub-olmadığı apelyasiya məhkəməsi tərəfindən də nəinki müəyyən edilməmiş, əksinə vergi borcunun mövcud olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qaldığı, başqa sözlə vergi borcunun mövcudluğu müzakirə predmeti olmadığı barədə qanunsuz nəticəyə gəlinmişdir. Cavabdeh isə istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya şikayətində ödənilməmiş vergi borcunun olmadığını bildirsə də, onun bu dəlilləri məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. Halbuki, cavabdehin siyahıya alınmış əmlakı açıq hərracdan ona görə satılır ki, onun dövlət qarşısında yerinə yetirilməmiş öhdəlikləri mövcuddur və bu hal müəyyən edilmədən qəbul edilmiş məhkəmə qərarları isə bütün hallarda qanunsuz və ədalətsiz olacaqdır.

36. Avropa İnsan Hüquqları Məhkəməsi "OfertaPlus S.R.L. Moldovaya qarşı" 19.12.2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur; “Van de Hurk Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini ko nkret olaraq əsaslandırmalıdır; "Hiro Balani İspaniyaya qarşı" 9 dekabr 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir.

37. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 05 dekabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X2rşı, 9 dekabr 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). 38. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çı xarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 40. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istina d etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

41. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

43. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-2(103)-724/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar