Məhkəmə qərarları › İş №2-2(102)-203/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-203/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-203/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təminatsız kredit borcunun ödənilməsi) 18.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Fondun vəkili X1 və cavabdeh MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun C avabdeh MMC-yə qarşı təminatsız kredit müqaviləsi üzrə borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli 2(103)-481/2020 saylı qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “X3” ASC ilə “xxxx” MMC arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli, 47 saylı kredit müqaviləsinə əsasən, Bank Borc alana 24 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə, 1.400.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit tikinti avadanlıqlar ının alınması məqsədi ilə verilmişdir. Kreditin əsas məbləğinə hesablanmış faizlər həmin müqavilədə göstərilən müddətdə və qaydada borc alan tərəfindən hər ilin sonunda, kreditin əsas məbləği isə dövrün sonunda ödənilir. Müqaviləyə əsasən kredit üzrə faizlər kreditin verilmə tarixindən etibarən kreditin tam Banka qaytarıldığı günədək hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan tərəfindən banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 24 %-lə hesablanan cərimə faizləri ödənilməlidir.

2. Eyni tərəflər arasında bağlanmış 01 iyul 2015-ci il tarixli, 110 saylı kredit müqaviləsinə əsasən, Bank Borc alana 36 ay müddətinə, illik 6 faiz dərəcəsi ilə, 15.000 manat məbləğində kredit verməyi, borc a lan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit heyvandarlığın inkişafı məqsədi ilə verilmişdir. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər həmin müqavilədə göstərilən müddətdə və qaydada borc alan tərəfindən hər ay ödənilir. Kredit üzrə faizlər kreditin verilmə tarixindən etibarən kreditin banka tam qaytarıldığı günədək hesablanır. Kredit üzrə vaxtı keçmiş kredit borcu əmələ gəldikdə borc alan tərəfindən banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün illik 12 %-lə hesablanan cərimə faizləri ödənilməlidir.

3. İşin materiallarında olan, 26 iyul 2019-cu il tarixli, **********565 saylı maliy yə arayışına görə, Cavabdeh MMC-nin 13.11.2014-cü il tarixli, 47 saylı kredit müqaviləsi üzrə 23.07.2019-cu il tarixə əsas borcu 1.400.000 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 79.800,07 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 190.944,44 manat, ümümi borc isə 1.670.744,51 manat təşkil edir.

4. İşin materiallarında olan, 26 iyul 2019-cu il tarixli, **********566 saylı maliyyə arayışına görə, Cavabdeh MMC-nin 01.06.2015-ci il tarixli, 110 saylı kredit müqaviləsi üzrə 23.07.2019-cu il tarixə əsas borcu 10.443,45 manat, müqavilə müddət üçün hesablanmış faiz borcu 559,59 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 958,32 manat, Azərbaycan Respublikası Mülki Məc əlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 561,34 manat, ümümi borc isə 12.522,70 manat təşkil edir.

5. İşin materiallarında olan iddiaçı Fond tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 26 iyul 2019-cu il tarixli xəbərdarlıqlara uyğun olaraq sonuncuya kredit müqavilələri üzrə borcun 3 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə Fond tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.11.2014 cü il tarixli, 47 nömrəli kredit müqaviləsi üzrə 1.400.000 manat əsas borc, 79.800,07 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 190.944,44 manat faiz borcu (5%); 01.07.2015-ci il tarixli, 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat əsas borc, 559.59 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 958.32 manat cərimə borcu, 561.34 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu (5%); ümumilikdə, 1.683.267,21 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh MMC-dən tutularaq iddiaçı Fonda ödənilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişdir

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən kredit müqavilələrinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən, kredit məbləğini və ona hesablanmış faizləri kredit müqavilələrinə əlavə olunmuş kreditin və faizin ödənilmə qrafikinə uyğun hər ay sabit məbləğində banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq, MMC tərəfindən bu öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Kredit müqavilələrinin şərtlərinin pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Göründüyü kimi, Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikl əri tam yerinə yetirsə də, MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda 23 iyul 2019-cu il tarixə Cavabdeh 13.11.2014-cü il tarixli, 47 nömrəli və 01.07.2015-ci il tarixli, 110 nömrəli kredit müqavilələri üzrə cəmi 1.683.267,21 manat borcu yaranmışdır. Kredit müqavilələrinin 12.2-ci bəndinə əsasən tərəflər arasında həmin müqavilələrin qüvvədə olduğu müddət ərzində yarana biləcək hər hansı mübahisə və anlaşılmazlıqlar danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlı razılıq əldə edilmədikdə mübahisələrin qanunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.11.2019-cu il tarixli qiyabi qətnaməsi ilə (hakim L.Əliyeva; iş No e-2-2(82)-1015/2019) iddianın təmin edil məsi; cavabdeh MMCdən 13.11.2014-cü il tarixli, 47 saylı kredit müqaviləsi üzrə 1.400.000 manat məbləğində əsas borc, 79.800,07 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 190.944,44 manat məbləğində faiz borcu; 01.07.2015-ci il tarixli, 110 saylı kredit müqaviləsi üzrə 10.443,45 manat məbləğində əsas borc, 559,59 manat məbləğində faiz borcu, 958,32 manat məbləğində cərimə, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 561,34 manat məbləğində faiz borcu, cəmi 1.683.267,21 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəs aitinin tutularaq iddiaçı Fonda ödənilməsi qət edilmişdir. 9. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış 13 noyabr 2014-cü il tarixli, 47 saylı və 01 iyul 2015-ci il tarixli, 110 saylı kredit müqavilələri üzrə Bank üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, MMC kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada Banka qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuşdur. Nəticədə MMC-nin Banka 13.11.2014cü il tarixli, 47 saylı kredit müqaviləsi üzrə 1.400.000 manat məbləğində əsas borc, 79.800,07 manat məbləğində faiz borcu, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən hesablanmış 190.944,44 manat məbləğində faiz borcu; 0 1.07.2015-ci il tarixli, 110 saylı kredit müqaviləsi üzrə 10.443,45 manat məbləğində əsas borc, 559,59 manat məbləğində faiz borcu, 958,32 manat məbləğində cərimə, kredit müddəti bitdikdən sonrakı vaxt üçün Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən hesablanmış 561,34 manat məbləğində faiz borcu yaranmışdır.

10. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

11. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir.

12. Əlavə olaraq, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdeh MMC-nin mübahisəli 01.07.2015-ci il tarixli, 110 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi təsdiq edildiyindən, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı Fond cavabdeh MMC-dən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 13. 1-ci instansiya məhkəməsi hüquqi əsas kimi, Mülki Məcəllənin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 449, 462.1, 467, 739; Azərbaycan Respublikası Mülki Məcəllə sinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.

14. Həmin qətnamədən narazı qalan cavabdeh MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik e dən C.Yusifov; hakimlər R.Qurbanov və V.Baxışova; iş No 22(103)-481/2020) cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.11.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, cavabdeh MMC apellyasiya şikayətində iddiaçı Fond MMC-yə heç bir xəbərdarlıq etmədən, pretenziya qaydasına riayət etmədən kredit borcu tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasları cavabdeh MMC-yə heç bir məlumat verilmədən və onuniştirakı olmadan keçirilmiş, qətnamə ona çatdırılmamışdır.

17. Lakin işdəki materiallara əsasən müəyyən olunmuşdur ki, cavabdeh MMC-nin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, iddiaçı Fond tərəfindən pretenziya qaydasında cavabdeh MMC-yə 26 iyul 2019-cu il tarixli **********559 və **********557 saylı xəbərdarlıq məktubları ünvanlanaraq onun 23 iyul 2019-cu il tarixinə Banka iddia olunan borc məbləğləri barədə bildirilərək, 3 gün müddətində həmin borcun banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə ona qarşı borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin həmin xəbərdarlığın müsbət nəticəsi olmamış və iddiaçı Fond 10.09.2019-cu il tarixində məhkəmədə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh MMC-nin iddiaçı Fond tərəfindən ona borcu barədə pretenziya verilmədiyini bildirən dəlilləri əsassızdır.

18. Eyni zamanda, cavabdehin məhkəmənin qətnaməsinin ona göndərilmədiyini mübahisələndirən dəlili ilə də razılaşmaq mümkün deyil. Belə ki, iş materiallar ından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş və cavabdeh MMC-nin MPM-in 10-1-ci maddəsinin tələbləri qaydasında üzərinə düşən vəzifəsi idi ki elektron kabinetini yaratmaqla 135.5 və 135.8-ci maddələrinin tələblərinə müvafiq bütün məhkəmə sənədlərinə əldə etmiş olsun. Həmçinin işin materiallarından görünür ki, cavabdeh MMC ünvanını dəyişməsi və faktiki ünvanı barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, prosessual qanunvericiliyin qeyd olunan tələbi baxımından, 1-ci instansiya məhkəməsi tərəfindən cavabdeh MMC onun hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə qətnaməsinin ona çatdırılmadığını mübahisələndirməkdə haqlı hesab edilə bilməz.

19. Əlavə olaraq, cavabdeh MMC-nin apellyasiya şikayətində digər bir mübahisələ ndirdiyi hal ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)233/2018 saylı cinayət işinə baxılarkən, eyni tələblər üzrə həmin məhkəmədə iddiaçı Fond tərəfindən ona qarşı mülki iddia qaldırılmış və həmin tələbə dair cinayət məhkəməsi tərəfindən 05.07.2018-ci il tarixli 1(101)233/2018 saylı hökm çıxarılmış, həmin qətnamədən apellyasiya şikayəti verilmiş və hal-azırda Bakı Apellyasiya Məhkəməsinin icraatında işə baxılması davam etdiyindən 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia ərizəsi baxılmamış saxlanmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı əsaslara görə cavabdeh MMC-nin qeyd olunan dəlilləri ilə də razılaşmamışdır. İşə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)233/2018 saylı cinayət işi üzrə 05 iyul 2018-ci il tarixli hökmündən və hazırkı mərhələdə həmin cinayət işi üzrə iddiaçı Fond tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iş üzrə iddia ərizəsində irəl sürülən iddia tələbləri və qeyd olunan cinayət işində irəli sürülən iddia tələbləri eynilik təşkil etmir.

21. Belə ki, hazırkı işin məhkəmə araşdırmasının predmetini 13 noyabr 2014-cü il tarixli, 47 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.400.000 manat əsas borc, 79.800,07 manat faiz borcu və gecikdirilməyə görə beş faizlə hesablanmış 190.944,44 manat faiz borcu; 01.07.2015-ci il tarixli, 110 nömrəli kredit müqaviləsi üzrə 10.443,45 manat əsas borc, 559.59 manat müqavilə müddətinə hesablanmış faiz borcu, 958.32 manat cərimə borcu, 561.34 manat faiz borcu (5%), ümumlikdə iki müqavilə üzrə, cəmi, 1.683.267,21 manat k redit borcun qaytarılması tələbi təşkil etdiyi halda, həmin predmet qeyd olunan cinayət işinin araşdırma obyektini təşkil etməmiş, tamamilə başqa kredit müqavilələri üzrə təqsirləndirilən şəxslərə, N.Vəliyev və B.Hüseynova qarşı 5.036.790 manat məbləğində ziyan tələbini əhatə edir.

22. Apellyasiya məhkəməsi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 449, 462.1, 467, 739-cu maddələrinə istinad etmişdir.

23. Məhkəmənin qətnaməsi 30.10.2020-ci il saat 14.24-də “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilmişdir.

24. Həmin qətnamədən narazı qalan cavabdeh MMC ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yeni apellyasiya baxışına qaytarılmas barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasında n xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, hazırki mübahisə predmeti olan, tərəflər arasında bağlanmış 13.11.2014-cü il tarixli, 47 nömrəli və 01.07.2015-ci il tarixli, 110 nömrəli kredit müqavilələri cavabdeh MMC-nin iradə ifadəsində zidd olaraq MMC-nin direktoru X2 xəbəri olmadan, onun əvəzinə başqa naməlum şəxs və ya şəxslər tərəfindən imzalanmışdır.

26. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 16 mart 2017-ci il tarixdə 17.11 2008-ci ildən 23.05.2016-cı ilə qədər “X3” ASC-nin İdarə Heyyətinin sədri işləmiş N.Vəliyevlə bağlı toplanmış 02/2-51 c-17 nömrəli material ü zrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmış, 06 may 2017-ci il tarixdə N.Vəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanı tərəfindən ona ittiham irəli sürülmüşdür. Cinayət işinin istintaqı yekunlaşandan sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

27. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC və digər müxtəlif təşkilatların adına sənədləşdirilmiş kredit məbləğləri real olmamış, Nizamnamə kapitalının məbləğinin artırılması məqsədilə sənədləşdirilmişdir.

28. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılmış yoxlamanın nəticəsinə uyğun olaraq tərtib edilmiş 17.08.2017-ci il tarix li Akta əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru R.Hacıyevə 13.11.2014-cü il tarixli kredit müqaviləsi ilə 1.400.000 manat məbləğində kreditin mənbəyi kimi səhmdarlar tərəfindən kapital qoyuluşu olaraq mədaxil edilmiş vəsaitdir.

29. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 26.10.2017-ci il tarixli, 27038 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 13.11.2014-cü il tarixli 681630 nömrəli çekdə, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsində və həmin tarixli ərizə blankında olan imzalar R.Hacıyev tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

30. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı Fond bilə-bilə ki, N.Vəliyevin təqsirli bilindiyi cinayət işi üzrə istintaq tərəfindən Cavabdeh MMC ilə “X3” ASC arasında bağlanması iddia olunmuş 13.11.2014-cü il tarixli, 47 nömrəli və 01.07.2015-ci il tarixli, 110 nömrəli kredit müqavilələri saxtadır hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan iddia tələbi üzrə o halda məhkəmə iddianı təmin edə bilərdi ki, qeyd olunan kredit müqavilələrində əks olunmuş kredit məbləğlərinin Cavabdeh MMC-yə verilməsini təsdiq edən kassa məxaric orderləri mövcud olsun. Belə kassa məxaric orderləri mövcud deyildir. Çünki qeyd olunan cinayət işi üzrə əldə olunan məhkəmə xətşünaslıq ekspertizasının 26.10.2017-ci il tarixli, 27038 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 13.11.2014-cü il tarixli 681630 nömrəli çekdə, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsində və həmin tarixli ərizə blankında olan imzalar R.Hacıyev tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

31. Əslində, hər iki məhkəmə instansiyası iddia tələbini hərtərəfli araşdırmadan iş üzrə qanunsuz qətnamə qəbul etmişlər. Əks təqdirdə məhkəmə cavabdehin iştirakını təmin edərək qeyd olunan müqavilələri imzalamasını, həmin müqavilələr üzrə kassa məxaric qəbzlərini imza edib-etməməsini aydınlaşdırmalı, əgər həmin imzalar MMC-nin direktoru tərəfindən icra olunmamışdırsa bunun yoxlanılması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli idi. Lakin qeyd olunan cinayət işi üzrə belə bir ekspertiza rəyi olduğundan məhkəmə hərtərəfli araşdırma aparmadığı üçün bundan məlumatsız olmuş və nəticədə iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

32. Beləliklə, apellyasiya inst ansiya məhkəməsi tərəfindən yalnız iddiaçının mövqeyinə istinad olunaraq sübutların hərtərəfli və lazımi qiymətləndirilməsi aparılmamış, sübutların mötəbərliyi, kifayətliliyi tədqiq edilməmişdir.

33. Kassasiya şikayətinin hüquqi əsas kimi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi məhkəmə kollegiyasına təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

36. İddiaçı Fondun vəkili R.Cabbar lı kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində müvafiq olaraq Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadis ənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyek tiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““xxxx” MənzilTikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.02.2021-ci il tarixli qərarına görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçiril məsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə g əlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CinayətProsessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

40. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin mate riallarına uyğun olsun.

42. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

46. Hazırki iş üzrə müəyyən edilir ki, bu iş 1-ci instansiya məhkəməsi tərəfindən 10.09.2019-ci il tarixdə icraata qəbul edilməzdən əvvəl, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2018-ci il tarixli hökmü, habelə hazırki işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılıb qətnamə qəbul edildiyindən sonra isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırda qüüvədə olan 26.02.2021-c il tarixli hökmü çıxarılmışdır.

47. Hər iki hökm ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər X5 Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25.07.2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozaraq, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün, bankın fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün tələb olunan vəsaitin 28.782.000 manatının kapital qoyuluşu kimi formal olaraq kassaya bankın səhmdarlarının adından guya mədaxil olunmasının rəsmiləşdirilməsini təşkil etmişlər, sonradan qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, faktiki mövcud olmayan maliyyə vəsaitləri ilə özlərinin iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr i təsis edib onların adlarına, o cümlədən “xxxx” MMC-nin direktoru R.Hacıyevə 13.11.2014-cü il tarixli kredit müqaviləsi ilə1.400.000 manat, 27.08.2015-ci il tarixli kredit müqaviləsi ilə 3.000.000 manat, 01.07.2015-ci il tarixli kredit müqaviləsi ilə 15.000 manat məbləğində kreditlərin rəsmiləşdirilməsi ilə,saxta rəsmi sənədlər əsasında Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görünütüsü yaratmışlar, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olmuşlar.

48. Həmçinin hər iki hökmə müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 26.10.2017-ci il tarixli, 27038 nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 13.11.2014-cü il ta rixli 681630 nömrəli çekdə, 01.07.2015-ci il tarixli 110 nömrəli kredit müqaviləsində və həmin tarixli ərizə blankında olan imzalar “xxxx” MMC-nin direktoru R.Hacıyevə tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə hökmləri hazırki iş üçün preyudisial xarakter daşımaqla, onda müəyyən edilmiş halların və hadisələrin olması hazırki işə baxan məhkəmələr üçün məcburidir (bax hazırki qərarın 37-39-cu bəndlərinə).

50. Ona görə də, hazırki işin yenidən apellyasiya instansiyası məhkəməsində araşdırılmasına zərurət yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırki işə yenidən baxıb müvafiq qətnamə qəbul edərkən qanuni qüvvəyə minmiş və preyudisial xarakter almış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının hazırda qüüvədə olan 26.02.2021-c il tarixli hökmü ilə müəyyən edilmiş halları nəzərə almaldır.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına dair cavabdeh MMC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

52. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli 2(103)-481/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar