Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-204/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Ləğv prosesində olan “iddiaçı” ASC-nin ləğvedicisi Əmənətlərin Sığortalanması Fondunun “cavabdeh” MMC-nə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh “cavabdeh” MMC-nin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan “iddiaçı” ASC-nin ləğvedicisi Əmənətlərin Sığortalanması Fondunun cavabdeh “cavabdeh” MMC-nə qarşı kredit borcunun tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə Ali Məhkəmənin binasında 15.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ləğv prosesində olan “iddiaçı” ASC-nin ləğvedicisi Əmənətlərin Sığortalanması Fondu cavabdeh “cavabdeh” MMC-nə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-292/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan «iddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin olunaraq «cavabdeh” MMC-dən 20.05.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478.209 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 20.05.2016-cı il tarixinə faiz borcu 44.470 manat, 15.12. 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.308 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.06.2016-cı il tarixinə faiz borcu 2.774 ABŞ dolları, 15.01.2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borc 46.500 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.06.2016-cı il tarixinə faiz borcu 3.558 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq ləğv prosesində olan «iddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fonduna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh «cavabdeh” MMC apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-292/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019-cu il tarixli qərardadı ilə cavabdeh «cavabdeh” MMC-nin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-292/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün sayılmamış, apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, şikayətin məzmununda işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsasla r, birici instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019-cu il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin uyğun hesab edərək apellyasiya instansiya məhkəməsinə göndərmiş, lakin apellyasiya instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Kassator Mülki Prosessual Məcəllənin 402-409-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayarq iddiaçı məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «cavabdeh” MMC-nin vəkili Vəkil və nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDIR ICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdeh «cavabdeh” MMC 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 22(82)-292/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: “2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-292/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsi ilə razı deyilik. Çünki məhkəmənin vaxtı və yeri barədə bizə bildiriş çatmayıb. Qətnamənin mövcudluğu barədə məlumatımız olmayıb. Tərəfimizdən iddiaçının bank hesabına edilən ödənişlər nəzərə alınma yıb. Hesab edirik ki, məhkəmə tərəfindən işə baxılan zaman hüquq və mülki-prosessual normaların pozulması mövcuddur. Proses zamanı tərəfimizdən şikayətə material və sübutlar əlavə ediləcək.” Apellyasiya instansiya məhkəməsi MPM-nin 361, 364, 366.2, 367.2-ci maddələrinə istinad edərək cavabdeh «cavabdeh” MMC-nin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 22(82)-292/2018 saylı, 11.06.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün sayılmamışdır. MPM-nin 361-ci maddəsinə əsasən Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əs aslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti MPM-nin 361ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, şikayətin məzmununda işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar, birici instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmamışdır. Halbuki, MPM-nin 361-ci maddəsində apellyasiya şikayətində maddi və prosessual hüquq normalarına istinad edilməli olması ilə bağlı norma nəzərdə tutulmamışdır. Bununla yanaşı cavabdeh qətnaməni düzgün hesab etmədiyi əsasları (məhkəmənin vaxtı və yeri barədə bizə bildiriş çatmaması, qətnamənin mövcudluğu barədə məlumatın olmaması, tizdən iddiaçının bank hesabına edilən ödənişlərin nəzərə alınmaması) apellyasiya şikayətində göstərmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi MPM-nin 361-ci maddəsinin tələblərini pozmaqla apellyasiya şikayətini mümkün hesab etməmişdir. AR MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3., 418- 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-211/2019 saylı 04 mart 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-204/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-204/2019
15.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver