Məhkəmə qərarları › İş №2-2(102)-239/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-239/2025

07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-239/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) və pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1148/ 2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu il 11 noyabr tarixli akta görə, Cavabdeh 30.000 ABŞ dolları məbləğində pulu İddiaçı 2018-ci ilin dekabr ayında borc götürdüyünü təsdiq edərək, həmin pulu 2020-ci il 16 yanvar tarixinədək İddiaçı qaytaracağını göstərmiş, akt Cavabdeh, şahidlər R.Nağıyev və E.Tağıyevin imzaları ilə təsdiq edilmişdir.

2. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi polis polkovnik-leytenantı Əflatun Səlimovun 2024-cü il 21 fevral tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına görə, İddiaçı müraciəti əsasında başlanmış cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibi olmaması səbəbilə xitam verilmişdir. Hə min qərarda göstərilmişdir ki, cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Cavabdehla İddiaçı arasında şifahi formada razılaşdırılmış şərikli ticarət və öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin, o cümlədən mənfəətlə bağlı mübahisənin yarandığı müəyyən edilmiş, özgənin əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktı isə müəyyən edilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 22 aprel tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30.000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, 12.750 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin (b undan sonra – “MM”) 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borc, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 290 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin etibarından sui-istifadə edərək ümumilikdə 30.000 ABŞ dolları məbləğində pul vəsaitini aldığını və qaytarmadığını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh müxtəlif qazanclı layihələr vəd etməklə, 2018-ci ilin aprel, noyabr və dekabr aylarında, eləcə də 2019-cu ilin fevral ayında hissə-hissə bu məbləği iddiaçıdan almışdır. İddiaçının etibarını qazanmaq məqsədilə cavabdeh əvvəlcə ona müəyyən məbləğdə (3.600 AZN və 2. 000 ABŞ dolları) “qazanc” da qaytarmışdır. İddiaçının şikayəti əsasında müxtəlif istintaq orqanlarında araşdırmalar aparılmış və ilkin mərhələdə mübahisənin mülki xarakterli olduğu əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Lakin məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlər nəticəsində bir neçə dəfə istintaq qərarları ləğv edilmiş, məsələ yenidən araşdırmaya qaytarılmış və nəhayət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra – “DİN”) tərəfindən cinayət işi başlanılmış və istintaq zamanı cavabdeh borcu aldığını etiraf etsə də, sonradan müxtəlif ziddiyyətli izahatlar vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 2019-cu il 11 noyabr tarixli aktda cavabdehin iddiaçıdan 30.000 ABŞ dolları məbləğində borc aldığını və bu borcu qaytaracağını öz əli ilə yazdığı və imzaladığı qeyd olunmuşdur. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və borcu qaytarmamışdır. Bu səbəbdən iddiaçı maddi ziyana uğramışdır. İddiaçı 5 il müddətində bu borca görə MM-in 445.7-ci maddəsinə uyğun olaraq 12.750 AZN məbləğində faiz, 290 AZN dövlət rüsumu və 500 AZN hüquqi yardım xərci tələb edir.

5. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçının 30.000 ABŞ dolları məbləğində borc verilməsi ilə bağlı iddiaları əsassız, uydurma və iftira xarakterlidir. İş üzrə müxtəlif istintaq idarələrində aparılmış araşdırmalar nəticəsində – o cümlədən Yasamal və Nizami Rayon Polis İdarələrində – müvafiq tarixlərdə verilmiş qərarlarla iddiaçının şikayətləri əsasında cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı müxtəlif vasitələrlə materia lların yenidən araşdırılmasına nail olmuş, lakin sonda 2024-cü il 21 fevral tarixli qərarla işə xitam verilmişdir. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış üzləşmələr zamanı iddiaçının cavabdehə qarşı ziddiyyətli ifadələr verdiyi və cavabdehin borcu qaytardığının müəyyən edildiyi qeyd olunmuşdur. Cavabdeh özünə qarşı irəli sürülən dələduzluq ittihamını rədd edərək bildirir ki, iddiaçının təqdim etdiyi 30.000 ABŞ dolları məbləğində borc verilməsi ilə bağlı akt onun iradəsinə zidd, təzyiq və hədə-qorxu altında imzalatdırılmışdır. Aktda istifadə olunmuş müxtəlif yazı alətləri və qeyri-normal tərtibat forması onun etibarlılığına ciddi şübhələr yaradır. Cavabdeh iddiaçının bu aktı yalnız məhkəməyə müraciət etdikdən sonra təqdim etdiyini, halbuki istintaq mərhələsində belə bir sənədin mövcu dluğu barədə heç bir bəyanat vermədiyini vurğulayır. Bu hal aktın sübut dəyərinin şübhə altına alınması üçün əsas yaradır. Tərəflər arasında hər hansı yazılı borc müqaviləsi mövcud olmamışdır və qanunvericiliklə tələb olunan forma pozulmuşdur. İddiaçının təqdim etdiyi akt notarial qaydada təsdiq olunmadığı və borc müqaviləsinin əsas şərtlərini əks etdirmədiyi üçün hüquqi nəticə doğurmamalıdır. Cavabdeh əlavə olaraq, iddiaçının eyni məsələ ilə bağlı hüquq-mühafizə orqanlarını və məhkəmələri qərəzli və qanunsuz qərar verməkdə ittiham etməsini əsassız və həqiqətdən uzaq saymışdır.

6. Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək qeyd etmişdir ki, iddiaçı 2019-cu ildə cavabdehin guya ona 30.000 ABŞ dolları məbləğində borclu olduğunu və bu məbləğə qarşılıq olaraq 2-3 m in manat qazanc vəd etdiyini iddia edərək əvvəlcə Yasamal, daha sonra isə Nizami Rayon Polis İdarələrinə şikayətlə müraciət etmişdir. Hər iki izahatında iddiaçı cavabdehin vədini yerinə yetirmədiyini və bu səbəbdən aldadıldığını bildirmişdir. İddiaçı cinayət işinin materiallarına daxil edilmiş 2019cu il 11 noyabr tarixli aktda cavabdehin 30.000 ABŞ dolları borcu aldığını və onu qaytaracağını etiraf etdiyini əsas götürsə də, həmin sənəddə əks olunan hallar göstərmişdir ki, iddiaçı borcun qaytarılmadığını artıq 2019-cu ildə bilmişdir. Bu səbəbdən iddia müddətinin axımı həmin tarixdən başlamışdır. Lakin iddiaçı yalnız 2024-cü ildə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2- 2(113)3171/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).

8. Məhkəmə iş üzrə araşdırma apararaq müəyyən etmişdir ki, tərəflər hər ikisi fərdi sahibkar kimi fəaliyyət göstərmiş və müəyyən dövr ərzində birgə biznes fəaliyyəti həyata keçirmişlər. İddiaçı tərəfindən cavabdehə 2018-ci ilin müxtəlif aylarında hissə-hissə vəsait ödənilmiş, bu vəsaitlər birgə qazanc əldə etmək məqsədilə verilmiş, cavabdeh də müəyyən dövrlərdə iddiaçıya ödənişlər etmişdir. Şahid ifadələri və təqdim olunan akt əsasında məlum olmuşdur ki, iddiaçı cavabdehdən 30.000 ABŞ dollarının qaytarılmasını tələb etmiş və cavabdeh 2019-cu il 11 noyabr tarixli aktla bu məbləği 2020-ci il 16 yanvar tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bu sənədin psixoloji təsir altında yaz ıldığını iddia etsə də, bu barədə heç bir şikayət və ya sübut təqdim etməmişdir. Cavabdeh həm istintaq, həm də məhkəmə iclaslarında pulları aldığını, bir qismini qaytardığını, lakin qalan məbləğin digər bir şəxs tərəfindən mənimsənildiyini bildirmişdir. Lakin o, bu səbəbdən borcu qaytara bilmədiyini əsaslandıra biləcək hüquqi sənədlər təqdim etməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, aralarındakı münasibət birgə kommersiya fəaliyyətindən qaynaqlandığı üçün bu öhdəliklər borc müqaviləsi deyil, biznes ortaqları arasında razılaşma kimi qiymətləndirilməlidir. Buna görə də təqdim edilən akt və digər sənədlər klassik borc münasibətinə uyğun gəlmir. Məhkəmə nəticəyə gəlmişdir ki, iddiaçının borcun qaytarılmadığını bildiyi tarixdən etibarən müəyyən edilən iddia müddəti 2020-ci ilin yanvarından başlamış, lakin iddia yalnız 2024-cü ilin aprel ayında verildiyindən qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq şəkildə ötürülmüşdür. Cavabdeh də iddia müddətinin tətbiqini tələb etdiyindən, bu əsasla iddianın rədd olunması qərara alınmışdır.

10. Məhkəmə iddiaçının hüquqlarının pozulmasını yalnız istintaq orqanlarının qərarı ilə 2022-ci ildə öyrəndiyini əsas gətirməsini də qənaətbəxş hesab etməmiş və belə nəticəyə gəlmişdir ki, iş üzrə təqdim olunan sübutlar iddia müddətinin bərpasını əsaslandırmaq üçün yetərli deyil.

11. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia (30.000 ABŞ dolları məbləğində p ulun və 12.750 manat faiz borcunun tutulması) təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 374.2, 375.1, 375.2, 380.1, 385.1, 390.1, 428.4, 442 və 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2008-ci il 8 may tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1 -ci maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1148/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L. Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

15. Apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında birgə biznes fəaliyyəti barədə şifahi razılaşma olmuşdur. Bu çərçivədə iddiaçı tərəfindən 2018-2019-cu illərdə cavabdehə müxtəlif məblə ğlərdə vəsaitlər ödənilmiş və cavabdeh də müəyyən dövrlərdə qazancdan ödənişlər etmişdir. Hazırda iddiaçı cavabdehdən 30.000 ABŞ dolları məbləğində borcun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imzaladığı 2019-cu il 11 noyabr tarixli akt bu borcun mövcudluğunu təsdiq edir. Həmçinin cavabdeh istintaq zamanı daha az məbləğdə də olsa, iddiaçıya borcunun qalmasını etiraf etmişdir. Cavabdehin həmin aktın hədə-qorxu ilə imzalatdırıldığını və izahatların təzyiq altında verildiyini iddia etməsinə baxmayaraq, bu barədə hər hansı şikayət və ya sübut təqdim edilməmişdir.

16. Məhkəmə tərəflər arasında klassik mənada borc müqaviləsi deyil, birgə fəaliyyət çərçivəsində münasibətlərin formalaşdığını, bu səbəbdən iddiaçının təqdim etdiyi hüquqi təsnifatın uyğun olmadığın ı qeyd etmişdir. Borcun ödənilməsi üçün cavabdehə 2020-ci il 16 yanvar tarixinədək müddət verilmiş, bu müddət bitdikdən sonra iddia müddətinin axımı başlamış və 2023-cü ilin yanvarında başa çatmışdır. Lakin iddiaçı yalnız 2024-cü ilin aprelində məhkəməyə müraciət etmiş və iddia müddətini aşmışdır. İddia müddətinin bərpası barədə isə vəsatət verilməmişdir.

17. Cavabdehin əməlləri barəsində hüquq mühafizə orqanlarına müraciət etməsi və ərizəsi əsasında cinayət işin başlanması və araşdırmanın aparılması, bu baxımından hüquqlarının pozulmasını cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edildiyi tarixdən bilməsi və belə olan halda iddia müddətinin axımının məhz həmin tarixdən başlaması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin imzalandığı aktda mübahisəli öhdəliyin icrası üçün cavabdehə güzəştli müddət müəyyənləşdirilmişdir (2020-ci il 16 yanvar). MM-in 377.3-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə borcluya tələbin icrası üçün güzəştli müddət verildikdə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

18. Cinayət işi üzrə araşdırmanın gedişində cavabdehin verdiyi ifadələrdə daha az məbləğdə olsa da, iddiaçıya borcunun mövcudluğunu təsdiq etməsi və birinci instansiya məhkəməsinin həmin halı iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etirafedici hərəkət kimi nəzərə almaması barədə cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, MM-in 380.1-ci maddəsinin tələbləri baxımından iddia müddətinin axımının kəsilməsi üçün əsa s olan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə borclunun borcun etirafına və ödənilməsinə yönəldilmiş real hərəkətlər, məsələn, borcun bir hissəsinin ödənilməsi, borcun müəyyən müddət ərzində ödənilməsinə dair vəd verilməsi və s. başa düşülür. Cavabdehin hüquq mühafizə orqanlarında verdiyi ifadələr borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyindən, tələbkarda belə bir əminlik yaratmadığından borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz.

19. Bundan əlavə, o da qeyd edilməlidir ki, cinayət işin başlanılması və cinayət iş çərçivəsində araşdırmanın aparılması iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hal kimi də MM-in müvafiq olaraq 379 və 380-ci maddələrində nəzərdə tutulmamışdır.

20. Apellyasiy a instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 375.1, 375.2, 376, 377.2, 377.3, 380.1, 385.1, 390.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarına, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 15.2, 377.1, 380.1, 384.0.4, 385.1-ci maddələri, Norma tiv hüquqi aktlar barədə Azərbaycan Respublikası Konstitusiya qanununun 2.5-ci maddəsi, İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1-ci əlavə protokolun 1-ci maddəsi üzrə - İddiaçı 2021-ci ildə hüquq-mühafizə orqanlarına müraciət etmiş, həmin müraciət əsasında cinayət təqibi başlanmış və o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin sonradan istintaq orqanı tərəfindən verilmiş qərarla məsələ mülki xarakterli hesab edilərək cinayət təqibinə xitam verilmiş və zərərçəkmiş statusuna xitam verilmişdir. Bu qərar həm prokurorluq, həm də məhkəmə tərəfindən dəfələrlə ləğv olunmuş, nəticədə cinayət işi yenidən başlanmış və yalnız 2024-cü ildə xitam verilmişdir. İddiaçı yalnız bundan sonra mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmənin bu prosessual ard ıcıllığı və cinayət icraatının gedişini nəzərə almadan, iddia müddətinin 2020-ci ildən başladığını əsas gətirməsi hüquqi baxımdan qüsurludur. Əgər bu mövqedən çıxış etsək, bu, praktikada cinayət tərkibi olmadığı əsaslı bəraət qərarları verilən hallarda zərərçəkmiş şəxslərin mülki iddia qaldırmaq hüququnu faktiki olaraq məhdudlaşdırmış olar. Bundan əlavə, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış materialları tələb etməmiş, tərəflərin izahatlarını ətraflı təhlil etməmiş və cavabdehin borcun qaytarılmasına dair vəd verib-verməməsini qiymətləndirmək üçün zəruri sübutlara hüquqi qiymət verməmişdir. Cinayət işi üzrə materiallara əsasən cavabdehin iddiaçı və digər şəxslərə qarşı eyni üsul və niyyətlə hərəkət etməsi halları müəyyən edilmişdir. Bu faktlar qiymətləndirilmədən qəbul ed ilmiş qərar hüquqi baxımdan natamam və əsassızdır. İş materiallarına görə, cavabdeh həm hüquq-mühafizə orqanlarında verdiyi izahatlarda, həm də məhkəmə iclaslarında borcu müəyyən məbləğdə etiraf etmişdir. Bu isə hüquq münasibətini təsdiqləyən etirafedici hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmələrin cavabdehin bu davranışını nəzərə almadan iddianı iddia müddəti əsasında rədd etməsi qanunvericiliyin tələblərinə ziddir. Xüsusilə vurğulanmalıdır ki, birinci instansiya mərhələsində cavabdeh borcun bir hissəsini açıq şəkildə etiraf etmiş, bu barədə iddia ərizəsinə yazılı etirazında da qeydlər etmişdir. Belə olan halda, cavabdehin eyni zamanda həm borcu qəbul etməsi, həm də iddia müddətinin tətbiqini tələb etməsi hüquqi baxımdan bir-birini istisna edən mövqelərdir və məhkəmə bu ziddiyyətli vəziyyətə lazımi qiymət verməmişdir.

23. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 və 183.1maddələri üzrə - Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının cinayət prosesi çərçivəsində mülki iddia qaldırmadığını əsas göstərmişdir. Lakin bu mövqe şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə edə biləcəyinə dair qanunda nəzərdə tutulmuş müddətlərin nəzərə alınmaması ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə faktiki olaraq iddiaçının bu hüquqdan istifadəsini vaxt baxımından məhdudlaşdırmaqla, onun üzərinə qanunvericilikdə nəzərdə tutulmayan əlavə vəzifə qoymuşdur. İddiaçının cinayət prosesi zamanı mülki iddia verməməsi onun bu hüquqdan imtina etməsi anlamına gəlmir. İbtidai istintaq mərhələsində bu addımın atılmamasının səbəbi cavabdehin məsuliyyət daşıdığı məbləğl ə bağlı qeyri-müəyyənlik olmuşdur. İddiaçı hüquqi baxımdan daha məqsədəuyğun nəticə əldə etmək üçün cinayət təqibinin yekununu gözləmiş və istintaq orqanlarının qərarlarından müəyyən olunmuş qaydada məhkəməyə şikayətlər vermişdir. Bu qərarların bir neçə dəfə məhkəmələr tərəfindən ləğv olunması da göstərir ki, iddiaçının hüquqdan istifadə etməməsi səbəbsiz və əsassız olmamışdır.

24. MPM-in 14.1, 76.1, 76.2, 76.3, 217 və 218-ci maddələri üzrə - Məhkəmənin qətnaməsi qanunsuz və əsassız olmuşdur ki, maddi hüquq normalar düzgün tətbiq edilməmiş və işin hərtərəfli araşdırılması təmin edilməmişdir.

25. Həmçinin iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-465/2024 nömrəli qərara istinad edərək qeyd etmişdir ki, məhkəmə qərarında hazırki kassasiya şikayətinin dəlillərində göstərilən h üquqi mövqe Ali Məhkəmə tərəfindən təsdiqlənərək, tərəflər arasında olan cinayət təqibi üzrə icraatın mülki icraat qaydası ilə tənzimlənən mübahisə ilə sıxbağlı olduğu qeyd edilmiş və bu səbəbdən iddia müddətinin başlanğıcı məhz cinayət təqibi üzrə icraat üzrə yekun nəticə əldə edildiyi andan hesablanması qərara alınmışdır.

26. Digər məsələlərdə isə qeyd edilmişdir ki, məhkəmə iddia müddətinin nə vaxtdan başladığını, bu müddətin kəsilməsinə səbəb olan halları və cavabdehin borcu etirafedici davranışlarını nəzərə almadan iş üzrə aydınlaşdırılması vacib olan məqamları araşdırmamışdır. Halbuki cavabdeh barəsində dələduzluq əlamətləri ilə başlanmış cinayət təqibi və bu təqibin iddiaçıya münasibətdə yalnız 2022-ci ilin mart ayında xitam verilməsi işin mahiyyətində mübahisəsiz faktdır. Qanunveri cilik göstərir ki, iddia müddətinin axımı şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. Bu halda isə iddiaçının hüquqlarının pozulması və müvafiq hüquqi qiymətləndirmənin nəticəsi, məhz cinayət təqibinə xitam verilməsi qərarı ilə birbaşa bağlıdır. Başqa sözlə, iddiaçı yalnız həmin tarixdən sonra hüquqlarının pozulmasını aydın şəkildə dərk etmiş və məhkəməyə müraciət etmək imkanı qazanmışdır. Bundan əlavə, cinayət prosesi davam edərkən, iddiaçının cavabdehin ödənişdən imtina etməsi ilə bağlı mülki iddia verməsi qeyri-effektiv ola bilərdi, çünki cinayət işinin istənilən vaxt mülki icraata təsir edə biləcəyi ehtimalı mövcud idi. Bu səbəbdən iddiaçının cinayət təqibi başa çatdıqdan sonra məhkəməyə müraciət etməsi hüquqi cəhətdən əsaslıdır. Lakin işə baxan məhkəmələr hüquqların pozulması anının subyektiv formada iddiaçı tərəfindən nə vaxt dərk edildiyini nəzərə almamış, bunun yalnız prosessual deyil, həm də maddi hüquqi baxımdan qiymətləndirilməsinə hüquqi yanaşma verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiri lməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çı xarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Maddə

377. İddia müddətinin başlanması … 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sa yılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında müəyyən edilmişdir ki: “…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borc lunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.

34. Hazırkı əsas iddia tələbi ilə iddiaçı cavabdehdən 30.000 ABŞ dolları məbləğində borcun geri qaytarılmasını tələb etmiş, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin imzaladığı 2019-cu il 11 noyabr tarixli akt bu borcun mövcudluğunu təsdiq edir.

35. Bununla belə, iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmiş, birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, borcun ödənilməsi üçün cavabdehə 2020-ci il 16 yanvar tarixinədək müddət verilmiş, bu müddət bitdikdən sonra iddia müddətinin axımı başlamış və 2023-cü ilin yanvarında başa çatmışdır. Lakin iddiaçı yalnız 2024-cü ilin aprelində məhkəməyə müraciət etmiş və iddia müddətini aşmışdır.

36. Cinayət işi üzrə araşdırmanın gedişində cavabdehin verdiyi ifadələrdə daha az məbləğdə olsa da, iddiaçıya borcunun mövcudluğunu təsdiq etməsi və birinci instansiya məhkəməsinin həmin halı iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etirafedici hərəkət kimi nəzərə almaması barədə cavabdehin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MM-in 380.1-ci maddəsinin tələbləri baxımından iddia müddətinin axımının kəsilməsi üçün əsas olan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə borclunun borcun etirafına və ödənilməsinə yönəldilmiş real hərəkətlər, məsələn, borcun bir hissəsinin ödənilməsi, borcun müəyyə n müddət ərzində ödənilməsinə dair vəd verilməsi və s. başa düşülür. Cavabdehin hüquq mühafizə orqanlarında verdiyi ifadələr borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyindən, tələbkarda belə bir əminlik yaratmadığından borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət işin başlanılması və cinayət iş çərçivəsində araşdırmanın aparılması iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hal kimi də MM-in müvafiq olaraq 379 və 380-ci maddələrində nəzərdə tutulmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakılara görə razılaşmır.

38. Qanuna görə, borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsən əsaslardan biri kimi müəy yən edilmişdir (MM-in 380.1-ci maddəsi – bax § ).

39. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər (“C.Əzimovun şikayəti üzrə” qəbul edilmiş 2018-ci il 28 noyabr tarixli Qərar – bax § ).

40. Göründüyü kim i, nə qanunda, nə də Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan hüquqi mövqelərində borclunun borcu etiraf edən hərəkət kimi borcun gələcəkdə ödəniləcəyinə dair vədini əks etdirən ifadələr işlətməsi iddia müddətinin axımını kəsən əsas kimi nəzərdə tutulmuşdur.

41. Əksinə, Konstitusiya Məhkəməsinin Plenumu həmin siyahını kifayət qədər geniş göstərərək sonda açıq tutmuşdur. Ən əsası isə, bu siyahıda borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, öhdəliyin icrası üçün möhlət istənməsi kimi real hərəkətlərlə yanaşı, sadəcə olaraq kreditora borcun etirafını nəzərdə tutan məktub və ya teleqram göndərilməsi də yer almışdır.

42. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi borcun etiraf etməsini göstərən hərəkət kimi qəbul olunduğu halda, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilən “və digər mühüm hallar” kimi, borclunun polis orqanına izahat verərkən etdiyi etirafın da bu qəbildən olan hərəkət kimi qiymətləndirilməsi tamamilə mümkündür. Bu zaman həmin izahatda əlavə olaraq borcun ödəniləcəyi barədə vədin əks etdirilməsi heç də zəruri deyildir.

43. Belə ki, iş materiallarında olan və özündə sözügedən etirafı əks etdirən Yasamal RPİ-nin müstəntiqinin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarı 2022-ci il 1 oktyabr tarixində qəbul edilmişdir (i/v 44). Belə olan halda isə, qətnamədən aydın olduğu kimi, iddia müddətinin axımının 2020-ci il 16 yanvar tarixindən başlandığı və hazırkı iddianın məhkəməyə 2024-cü ilin aprelində verildiyi nəzərə alındıqda MM-in 373.2 və 3 77.2-ci maddələrinə (bax § ) uyğun olaraq, qanunla müəyyən edilən üç illik iddia müddətinin ötürülmədiyi iş materiallarından aydın olur.

44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunu düzgün tətbiq etməmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § ) zidd olaraq qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamənin dəyişdirilmədən saxlanılması mümkün deyildir.

45. Bununla belə, digər iddia tələbinə (MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində 12.750 manat borcun tutulması) aşağı məhkəmə instansiyalarında mahiyyəti üzrə hüquqi qiymət verilmədiyindən hazırkı kassasiya icraatında iş üzrə yeni qərar çıxarılması qeyri-mümkündür.

46. Odur ki, kassasiya şikayəti qismən təmin edilmə li, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1148/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

47. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks olunmuş hüquqi mövqeləri nəzərə almaqla qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində 12.750 manat borcun tutulmasına dair iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1148/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar