Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-243/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz sərfiyyatına görə yaranmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehə qarşı “borcun silinməsi və pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 dekabr tarixli 2-2(103)-924/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icra at qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 2022-ci il 26 dekabr tarixli 6721/22 saylı nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Cavabdeh tərəfindən tərtib edilmiş 2024-cü il 19 mart tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən MMC-yə məxsus ünvanda sayğacın əvəzinə müvəqqəti olaraq G 1000 83052014 saylı sayğac quraşdırılmışdır.
3. İş materiallarında olan “Qaz sayğaclarının y oxlanılması haqqında” 000652 nömrəli protokola əsasən sayğaca hava vurulduğu, hesablayıcı mexanizminin işlədiyi, impuls ötürücüsünün normal, batareyanın istismar müddətinin sonuna 7 ay qaldığı, 2023-cü il 30 oktyabr - 2024-cü il 19 mart tarixlərini əhatə edən arxivə əsasən maksimal mütləq təzyiq P=1.94 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1046 m3, korreksiya olunmamış qaz həcmi 700 m3 qeydə alınmışdır. Elektron göstərici mexaniki göstəricidən 15 m3 çoxdur olması qeyd olunaraq nəticə etibarı ilə sayğacın istismara yararsız olduğu göstərilmişdir.
4. Cavabdeh tərəfindən MMC-yə 2023-cü ilin dekabr ayı üzrə 28.806,36 manat, 2024-cü ilin yanvar ayı üzrə 59.764,32 manat, 2024-cü ilin fevral ayı üzrə 102.742,86 manat borc hesablanmışdır (Cavabdeh İB tərəfindən MMC-yə təqdim edilmiş hesab fak turalara əsasən).
5. Cavabdeh tərəfindən İddiaçı MMC-yə EBDD 596180 nömrəli 2023-cü il 17 aprel tarixli (34.525,26 manat), EBCO 922189 nömrəli 2023-cü il 15 fevral tarixli (36.767,61 manat), EBDX 141920 nömrəli 2024-cü il 17 yanvar tarixli (28.806,36 manat), MT2312 00165043 nömrəli 2023-cü il 17 dekabr tarixli (7.136,58 manat), EBDH 828084 nömrəli 2023-cü il 14 iyun tarixli (2.272,71 manat), EBDL 972148 nömrəli 2023-cü il 11 avqust tarixli (2.268,75 manat), EBDQ 654413 nömrəli 2023-cü il 17 oktyabr tarixli (1.965,98 manat), EBDO 228360 nömrəli 2023-cü il 13 sentyabr tarixli (2.837,67 manat), EBDF 995969 nömrəli 2023-cü il 19 may tarixli (10.695,46 manat), EBDS 988034 nömrəli 2023cü il 18 noyabr tarixli (3.253,14 manat) elektron qaimələr göndərilmişdir.
6. MMC-yə məxsus abonent haqqında məl umata əsasən Cavabdeh İB tərəfindən aktlar əsasında MMC-yə 2018-ci ilin dekabr ayında 6.622,80, 2019-cu ilin fevral ayında 17.481,80, 2019-cu ilin mart ayında 7.944, 2019-cu ilin aprel ayında 1.030, 2019-cu ilin may ayında 169,60, 2019-cu ilin iyun ayında 1.538,40, 2019-cu ilin iyul ayında 3.048,40, 2019-cu ilin avqust ayında 3.316,80 və 2019-cu ilin sentyabr ayında 770,40 manat borc hesablanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 9 aprel tarixində iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) tərəfindən 2024- cü ilin yanvar ayından mart ayına qədər hesablanmış 189.714 manat borcun sili nməsi, cavabdeh tərəfindən 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək aktlar əsasında hesablanmış ve iddiaçı tərəfindən ödənilmiş 41.922,30 manat pulun iddiaçının **********01212 nömrəli qaz hesabına geri qaytarılması, qeyd olunan tələblərin icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, 2024-cü il 15 fevral tarixində cavabdeh tərəfindən qaz sərfiyyatı barədə təqdim edilmiş elektron qaimə-fakturada 59.764,32 manat borc yazılmışdır. Əlavə olaraq 2024-cü il 13 mart tarixində cavabdeh tərəfindən qaz sərfiyyatı barədə təqdim edilmiş elektron qaimə-fakturada isə fevral ayı üzrə qaz istifadəsi üzrə 102.742,86 manat borc məbləği yaranmışd ır. Qaz sərfiyyatı ilə bağlı yanvar və fevral aylarında əvvəlki dövrlərdə olduğu qurğulardan əlavə qurğu istifadə edilməməsinə baxmayaraq sərfiyyat iki dəfədən çox artmışdır. Bu səbəbdən cavabdehə sayğacın yoxlanılması barədə rəsmi ərizə ilə müraciət olunmuş, 2024-cü il 19 mart tarixində sonuncunun əməkdaşları tərəfindən qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Həmin sayğac 2019-cu il tarixində quraşdırılmış və bu günə qədər texniki baxışı həyata keçirilməmişdir. Sayğacın dəyişdirildiyi tarixdən sayğac üzərində olan göstəriciləri nəzərə alaraq 189.714 manat artıq vəsait hesablanmışdır.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2024-cü ilin 19 mart tarixində iddiaçıya məxsus sayğac çıxarılmış, yenisi ilə əvəz edilmiş, çıxarılan s ayğac laborator yoxlanmaya təqdim edilmiş, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Sayğacda yaranmış qüsur texniki qüsur olmuş (qüsur nəticəsində sayğac sərf edilmiş təbii qazı olduğundan daha artıq və ya daha az qeydə ala bilərdi), qüsurun konkret olaraq hansı tarixdən yaranmasının müəyyən edilməsi mümkün olmamış, elektron göstərici mexaniki göstəricidən artıq olmuşdur. Sayğacın üzərində olan göstəricilər əsas götürülməklə 2024-cü ilin yanvar ayından mart ayına qədər iddiaçıya sərfiyyat borcu barədə hesab fakturalar təqdim edilmişdir. İddiaçıya hesablanmış 189.714 manat sərfiyyat borcunun silinməsi üçün əsas yoxdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli e-2-2(113)-2978/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıya əsassız olaraq hesa blanmış 103.294,92 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, cavabdehdən 41.922,30 manat məbləğində pulun, 400 manat dövlət rüsumunun ümumilikdə 42.322,30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim - Ü.Həsənova).
11. Məhkəmə 189.714 manat borcun silinməsinə dair iddia tələbini qismən əsaslı hesab edərək vurğulamışdır ki (digər iddia tələbləri üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi hazırkı kassasiya baxının predmetini təşkil etmədiyindən onlar barədə məlumatlar prosessual qənaət prinsipi baxımından hazırkı qərarda əks etdirilmir), cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 2024-cü il 24 iyun tarixli arayışda göstərilmişdir ki, abonent saldosuna əsasən qaz sərfiyya tı 2023-cü ilin yanvar, fevral və mart aylarında 698701 m3, sayğac çıxarıldığı 2024-cü ilin yanvar, fevral və mart aylarında ******* m3 hesablanmışdır. 2023-cü ilin eyni dövrü ilə müqayisədə qaz sərfiyyatında artım 580396 m3 həcmində olmuşdur. Qaz sayğaclarının yoxlanıİması haqqında 000652 saylı yoxlama protokoluna əsasən sayğac istismara yararsız hesab edilmiş və texniki qüsurun səbəbi bildirilməmişdir. Həmçinin abonent saldosuna əsasən 2023-cü ilin aprel ayında 64821 m3, 2024-cü ilin aprel ayında sayğac çıxarılaraq yeni müvəqqəti sayğac quraşdırıldıqdan sonra aprel ayında 30445 m3 hesablanmışdır. 2023-cü ilin aprel ayı ilə müqayisədə qaz sərfiyyatında 34376 m3 azalma olmuşdur.
12. Tərəflərin nümayəndələrinin izahatlarından, habelə iş materiallardan görünür ki, iddiaçı tərəfindən 2024-cü ilin yanvar, fevral, mart aylarında təbii qazdan istifadə edilmişdir. Bu səbəbdən həmin aylar üzrə hesablanmış bütün borcun silinməsi barədə iddia tam təmin edilə bilməz.
13. Belə ki, iddiaçıya təqdim edilmiş hesab-fakturalarda 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə göstərilmiş borcların əsaslı olmaması (digər aylarla müqayisədə borcun həddən çox olması), mübahisəli dövrdə qaz sayğacının düzgün işləməməsi məhkəmə araşdırması zamanı müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə iddiaçı ona satılmış təbii qazın dəyərini ödəməyi öhdəsinə götürdüyündən məhkəmə hesab etmişdir ki, 2024-cü ilin yanvar, fevral, mart ayları üzrə iddiaçının sərf etdiyi təbii qazın dəyəri sayğacın işləmədiyi və sərfiyyatı düzgün qeydə ala bilmədiyi, habelə iddiaçı və cavabdeh tərəfindən müba hisələndirilməyən əvvəlki ay üzrə (2023-cü ilin dekabr ayı) nəzərə alınmaqla müəyyən edilməli, həmin sərfiyyat mübahisələndirilən borcdan çıxılmalıdır.
14. İddiaçıya məxsus abonent saldosundan və hesab fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin dekabr ayı üzrə 28.806,36 manat borc hesablanmışdır.
15. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının silinməsini xahiş etdiyi 189.714 manatdan iddiaçının 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə orta sərfiyyatı (28.806,36 manat x 3 ay = 86.419,08 manat) çıxılmalı, iddiaçıya əsassız olaraq hesablanmış 103.294,92 manat borc silinməlidir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 5.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin 103.294,92 manat borcun silinməsi hissəsində ləğv edilməsi və həmin hissədə tələb olunan 189.714 manat borcun tam olaraq silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin təmin edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 dekabr tarixli 2-2(103)-924/2024 nömrəli qə tnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - silinməsi qət edilmiş borc məbləği və məhkəmə xərclərinin bölüşdürülməsi hissələrində dəyişdirilməsi, silinməli olan borcun məbləğinin 87.720 manat müəyyən edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 290 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
20. Məhkəmə kollegiyası 189.714 manat borcun silinməsi hissəsində iddia tələbinə münasibətdə qeyd etmişdir ki, laboratoriya rəyi ilə yararsızlığı müəyyən edilmiş qaz sayğacının göstəriciləri əsasında iddiaçıya 2024-cü ilin yanvar ayında 59.764,32 manat və fevral ayında 102.742,86 manat məbləğində borc hesablanmışdır. 2024-cü ilin mart ayında isə iddiaçıya cəmi 48.543,83 manat məbləğində borc hesablanmışdır ki, həmin borcun 21.307,60 manat hissəsi 19-31 mart tarixləri arası dövrdə yeni sayğacın göstəricilərinə əsasən (sayğac quraşdırılarkən göstərici 689, ayın sonunda göstərici 129.826, yeni sayğac üzrə sərfiyyat 129137 m3 ((129.826-689)x0,165 manat=21.307,60 manat)) hesablanmışdır. Beləliklə, mart ayında 1 mart-19 mart tarixləri arası dövrdə yararsız sayğacın göstəricilərinə əsasən hesablanmış borc 27.236,23 (48543,83-21307,60 manat) manat təşkil etmişdir. Odur ki, iddiaçıya 2024 -cü ilin yanvar-mart aylarında yararsız sayğacın göstəricilərinə əsasən cəmi 189.743 manat (59.764,32+102.742,86+27.236,23) məbləğində borc hesablanmışdır.
21. Kollegiya, həmçinin vurğulamışdır ki, həmin dövrdə iddiaçıya məxsus qaz sayğacının yararsız olmaqla sərfiyyatı düzgün qeydiyyata almaması işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığından sözügedən borcun iddiaçının 2024-cü ilin 1 yanvar - 19 mart tarixləri arası dövrdə real qaz sərfiyyatını əks etdirməməsi açıq-aşkardır. Digər tərəfdən mübahisəli aylar ərzində iddiaçının qazdan istifadə etməsi işin mübahisəsiz halı olduğundan iddianın borcun silinməsi hissəsində tam təmin edilərək 2024-cü ilin yanvar-19 mart tarixləri arası dövr üçün hesablanmış qaz borcunun tam silinməsi abonentin həmin müddət ərzində qaz istifadə et diyi halda qazdan istifadəyə görə haqqı ödəməməsinə, nəticədə abonentin əsassız varlanmasına səbəb olacaqdır.
22. Odur ki, məhkəmə kollegiyası həmin müddət üçün qazdan istifadəyə görə borcun Qaydaların 5.4-cü bəndinə əsasən əvvəlki dövr üzrə sərfiyyat əsasında hesablanmasını mümkün hesab etmişdir.
23. Lakin kollegiya abonent saldosundan da göründüyü kimi abonentin sərfiyyatının aylar üzrə hava şəraitindən asılı olaraq kəskin dəyişdiyini, eyni zamanda laboratoriya rəyindən də göründüyü kimi qaz sayğacında nasazlığın 2023-cü ilin oktyabrından yarandığını nəzərə alaraq hesab etmişdir ki, mübahisəli dövr üzrə qaz borcu 2023-cü ilin dekabr ayının qaz sərfiyyatına əsasən deyil, 2023-cü ilin müvafiq dövrü (yanvar-mart ayları) üzrə qaz sərfiyyatına uyğun müəyyən edilməlidir.
24. Digər tərəfdən o d a qeyd edilməlidir ki, yararsız hesab edilmiş qaz sayğacı 2024cü il 19 mart tarixində çıxarılaraq yerinə yeni sayğac quraşdırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi analoji dövr üzrə qaz sərfiyyatına əsasən borc məbləğini 1 mart – 19 mart tarixləri arası dövr üçün hesablanmalı olduğu halda bütövlükdə mart ayı üçün hesablamaqla səhvə yol vermişdir.
25. Abonentə analoji dövr üzrə sərfiyyata əsasən hesablanmalı olan borc məbləğlərinə gəldikdə abonent saldosundan da göründüyü kimi 2023-cü ilin yanvar ayında iddiaçıya 36.767,61 manat, fevral ayında isə 43.992,80 manat məbləğində borc hesablanmışdır. Odur ki, 2024-cü ilin yanvar və fevral ayları üçün borc məbləğləri müvafiq olaraq həmin məbləğlərdə müəyyən edilməlidir.
26. Digər tərəfdən, 2023-cü ilin mart ayında qaz sərfiyyatının dəyəri 34.525,26 manat, yəni gündəlik qaz sərfiyyatının dəyəri 1.113,8 (34.525,26/31 gün) manat olmuşdur. Belə olan halda 1 mart - 19 mart tarixləri arası 19 günlük dövr üçün 2023-cü ilin mart ayının orta günlük qaz sərfiyyatına uyğun hesablanmış orta qaz sərfiyyatı 21.162,2 (1.113,8 manat x 19 gün) manat təşkil edir.
27. Beləliklə, 2023-cü ilin analoji dövründəki qaz sərfiyyatına uyğun olaraq 2024- cü ilin yanvar-19 mart tarixli dövr üçün hesablanmış qaz sərfiyyatı 101.920,60 manat təşkil edir (36.767,61 manat + 43.992,80 manat + 21.162,2 manat) təşkil edir.
28. Odur ki, həmin dövr üzrə cavabdeh tərəfindən hesablanmış 189.743 manat məbləğində borcun 87.720 manat hissəsi (189.743 manat - 101.920,60 manat) əsassız olduğundan silinməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərba ycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1-ci maddələrinə, Qaydaların 5.4 bəndinə, o cümlədən MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
30. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Azərbaycan Respublikası Konstitusiyasının 148 və 149-cu maddələri, “Normativ hüquqi aktlar haqqında” Qanunun 19-cu maddəsi və Qaydaların 5.4-cü bəndi üzrə Abonent saldosunda və hesab fakturaya əsasən 2023-cü ilin dekabr ayı üzrə 28.806,36 manat borc hesablanmışdır. Yəni apellyasiya kollegiyası bunu əsas götürməmiş, hava şəraitini və qaz sayğacında nazaslığın 2023-cü ilin oktyabrından yaranmasını nəzərə alaraq 2023-cü ilin müvafiq dövrü üzrə qaz sərfiyyatına uyğun müəyyən edilməsi qənaətinə gəlmişdir. Lakin 2023-cü ilin müvafiq dövründə hava şəraitinə nəzər saldıqda 2024-cü illə müqayisədə 10-15 dərəcə temperatur fərqinin olduğu açıq aşkar görünür. Məhkəmənin belə bir nəticəyə gəlməsi qanunsuzdur və heç bir əsası yoxdur. 2023-cü ildə qış ayları sərt keçmişdir və nəticədə qazın tədarükü çox olmuşdur. Əlavə olaraq sayğacın arxiv məlumatlarına əsaslanma düzgün deyildir. Əsaslanma düzgündürsə, Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilin sentyabr ayının orta gündəlik sərfinə uyğun hesablanma aparılmalı idi.
32. MPM-in 9.1, 13, 217, 386, 405.0.1, 417.1.3-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi qeyd olunmuş maddələrin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 may tarixli qərarı üzrə - Məhkəmə kollegiyası Qaydaların müvafiq bəndlərini tətbiq etməmişdir. Belə ki, hava şəraitini və qaz sayğacındakı nasazlığı 2023-cü ilin oktyabrından yaranmasını nəzərə alaraq 2023-cü ilin müvafiq dövrü üzrə qaz sərfiyyatına uyğun müəyyən edilməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının kassasiya şikayətinin dəlillərinə və MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yalnız iddia tələbinin təmin olunmadığı hi ssəsində yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hes abına əmlak əldə etsin....” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.....”
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır....”
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli deyildir.
41. Hazırkı iddia tələblərindən birini 2024-cü ilin yanvar-mart aylarında yararsız sayğacın göstəricilərinə əsasən hesablanmış borcun silinməsi təşkil edir.
42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçıya məxsus qaz sayğacı 2024-cü il 19 mart tarixində çıxarılaraq yoxlamaya göndərilmiş, qaz sayğaclarının yoxlanılması barədə protokoluna əsasən sayğacın yaddaşında saxlanılan 2023-cü il 30 oktyabr - 2024-cü il 19 mart arası dövrü əhatə edən arxiv məlumatları yoxlanılaraq sayğacın yararsız olması müəyyən edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi həmin müddət (2024-cü ilin yanvar ayından 19 mart tarixinədək) üçün qazdan istifadəyə görə borcun Qaydaların 5.4-cü bəndinə əsasən əvvəlki dövr üzrə sərfiyyat əsasında hesablanmasını mümkün hesab etmiş, lakin abonentin sərfiyyatının aylar üzrə hava şəraitindən asılı olaraq kəskin dəyişdiyini, eyni zamanda qaz sayğacında nasazlığın 2023-cü ilin oktyabrından yarandığını nəzərə alaraq hesab etmişdir ki, mübahisəli dövr üzrə qaz borcu 2023-cü ilin dekabr ayının qaz sərfiyyatına əsasən deyil, 2023-cü ilin müvafiq dövrü (yanvar-mart ayları) üzrə qaz sərfiyyatına uyğun müəyyən edilməlidir.
44. Bu mövqe ilə razılaşmayan kassatorun əsas dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli müddət üçün qazdan istifadəyə görə borcun müəyyən edilməsi məqsədilə Qaydaların 5.4-cü bəndini tətbiq etməməklə səhvə yol vermişdir.
45. Qaydaların 5.4-cü bəndinin tələbləri (bax § 38) ondan ibarətdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
46. Məhkəmə kollegiyasının qənaətinə görə, istinad olunan normanın dispozisiya şərtindən belə nəticə hasil olur ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), yalnız qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
47. Məsələn, qaz sayğacı 19 mart tarixində çıxarılmışdırsa, bu tarixdən başlayaraq həmin qaz sayğacının yerinə qaytarılaraq quraşdırıldığı və ya müvəqqəti olaraq onun əvəzinə digər sayğacın quraşdırıldığı tarixədək olan dövrdə istehlak olunan qazın dəyəri eyni ilin fevral ayının orta gündəlik sərfinə uyğun aparılır.
48. Baxılan işdə isə mübahisəli dövr (2024-cü ilin yanvar ayından mart ayının 19-dək olan dövr) qaz sayğacının yerində olduğu, yəni sayğacın çıxarılanadək olduğu dövrü əhatə edir.
49. Odur ki, hazırkı halda Qaydaların 5.4-cü bəndinin tətbiqi üçün hüquqi əsaslar ümumiyyətlə mövcud olmamışdır və bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin gəldiyi yekun nəticə Qaydaların tələblərinə zidd deyildir.
50. Kassatorun 2023-cü ilin müvafiq dövründə 2024-cü illə müqayisədə 10-15 dərəcə temperatur fərqinin olduğuna, 2023-cü ildə qış aylarının sərt keçdiyinə və nəticədə qazın tədarükünün çox olmasına dair dəlillər isə bilavasitə işin faktiki halları ilə bağlı olduğundan hazırkı kassasiya icraatında onlara istinad olunması və bununla əlaqədar ayrıca hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin (bax § 39) tələbləri baxımından yolverilməzdir.
51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § ) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 dekabr tarixli 2-2(103)-924/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 dekabr tarixli 2-2(103)-924/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.