Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-249/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh XXX şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-249/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhman Qəribov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil itirakları ilə, iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-2(103)-25/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh XXX şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14K/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 516.272,86 manat, faiz borcu üzrə 304.235,90 manat, cərimə borcu üzrə 112.633,50 manat olmaqla, ümumilikdə 933.142,26 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 14k/13 saylı, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 15 faizlə, 36 ay müddətinə 517,894 manat məbləğində kreditlər verilsə də, sonuncu müqavilənin 6.3-cü bəndində qeyd edilən şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Münasibətlərin məhkəmədənkənar qaydada həll etmək məqsədilə cavabdehə “borcun qaytarılması tələbi ilə bağlı” yazılı və şifahi xəbərdarlıqlar olunmuş, buna baxmayaraq borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Nəticədə, kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə kimi əsas borc üzrə 516,272.86 manat, faiz borcu üzrə 304,235.90 manat, c əmi 933,142.26 manat borc yaranmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-854/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə (hakim Hökümə Babayeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, borclu tərəfindən borcun etiraf edilməsini göstərən hərəkət, yəni ödəniş xx xxxxx 2014-cü il tarixdə edildiyindən, iddia müddətinin axımı kəsildiyi tarixdən – xx xxxxx 2014-cü il tarixdən yenidən başlamış və xx xxxxx 2017ci il tarixdə bitmişdir. Lakin iddiaçı hüquqlarının pozulduğunu bildiyi andan 3 il müddətində məhkəmədə iddia qaldırmamış, yalnız iddia müddəti ötürüldükdən 5 ay sonra, yəni xx xxxxxx 2017-ci il tarixdə müraciət etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-2(103)-197/2018 saylı qətnaməsi ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(102)-268/19 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-25/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – faiz borcu üzrə 304.235,90 manatın və cərimə borcu üzrə 112.633,50 manatın tutulması rədd olunan hissədə - ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 77.684,10 manat məbləğdə faiz borcu tutulmuş, iddia 226.551,80 manat məbləğdə faiz borc unun və 112.633,50 manat məbləğdə cərimə borcunun tutulması hissəsində təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxx 2013-cü il tarixli, 14K/13 saylı kredit müqaviləsinə 1 saylı əlavə kimi tərəflər arasında imzalanmış xx xxxx 2013-cü il tarixli müqavilə ilə xx xxxx 2013-cü il tarixli müqavilənin müddəti xx xxxx 2014-cü il tarixədək artırılmışdır. Müqavilə üzrə kredit 15 faizlə verilmiş, cavabdehə 304.235,90 manat məbləğində faiz borcu hesablanmışdır. xx xxxxxx 2017-ci il tarixli, 2243 saylı maliyyə arayışına görə, borc alan cavabdeh xx xxxx 2013-cü il tarixli, 14K/13 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdə 1795 manat ödəmişdir, onun xx x xxxxx 2017-ci il tarixə əsas borc üzrə 516.272,86 manat, faiz borcu üzrə 304.235,90 manat, cərimə borcu üzrə 112.633,50 manat borcu vardır, kredit müqaviləsinin bitmə tarixinə faiz borcu 200.121,54 manatdır, kredit müqaviləsinin bitmə tarixinə cərimə borcu mövcud deyildir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilə müddətindən sonrakı tarixlər üçün cavabdehə faiz borcunun hesablanması qanunsuzdur. Buna görə də cavabdeh tərəfindən iddiaçıdan alınmış əsas kreditə görə müqavilə ilə nəzərdə tutulan müddətdə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün, ondan 77.684,10 manat məbləğində faiz borcu tutula bilər. Bununla belə, xx xxxxxx 2017-ci il tarixli, 2243 saylı maliyyə arayışında kredit müqaviləsinin bitmə tarixinə cəri mə borcunun olmadığı qeyd olunduğu üçün, cavabdehdən hər hansı cərimə borcu tutulmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 427.3, 442, 443.1, 443.2, 445.2, 445.7, 448.1, 448.2, 448.4, 739.1, 739.2-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarı, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək,onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən onlar tərəfindən təqdim edilmiş sübutları nəzə rə almamış, bank tərəfindən təqdim olunan maliyyə arayışlarına və hesabdan çıxışlara düzgün qiymət verməyərək, yalnız öz mövqeyi əsasında qətnamə qəbul etmişdir. İddia məbləği ekspertiza təyin edilmədən kəskin surətdə azaldılmışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 97.1, 217-ci maddələrinə əsaslanmışdır. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəl məmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilə müddətindən sonrakı tarixlər üçün cavabdehə faiz borcunun hesablanması qanunsuz olmuşdur. Həmçinin, maliyyə arayışında cavabdehin kredit müqaviləsinin bitmə tarixinə cərimə borcunun olmadığı qeyd olunduğundan, ondan hər hansı cərimə borcu tutulmalıdır. Bu mövqeyi mübahisələndirən iddiaçının kassasiya şikayətində bildirdiyi dəlil apellyasiya məhkəməsinin qətnamə qəbul edərkən yalnız öz mülahizələrinə əsaslanması, onlar tərəfindən təqdim edilmiş sübutları nəzərə almaması, bank tərəfindən təqdim olunan maliyyə arayışlarına və hesabdan çıxışlara düzgün qiymət verməməsi, iddia məbləğinin ekspertiza təyin edilmədən kəskin surətdə azaldılması ilə bağlıdır. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını aşağıdakılardan irəli gəldiyini qeyd edir. İşin hallarına əsasən, tərəflər arasıda xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Zamana görə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə): - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 740-cı maddəyə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Tərərflərin müəyyən etdiyi kimi, müqavilənin yazılı formada bağlanması nəzərdə tutula bilər. İşin hallarından göründüyü kimi, tərəflər arasında kredit xəttinin açılması barədə xx xxxx 2013-cü il tarixli yazılı müqavilə və həmin müqaviləyə 1 saylı əlavə kimi xx xxxx 2013cü il tarixli kredit sazişi bağlanmış və ona əsasən tərəflərin kredit müaviləsindən irəli gələn münasibət lərin yaranması müəyyən edilmişdir. Hazırda baxılan mübahisəli məsələ kredit üzrə ödənilməli olan faiz məbləği ilə bağlıdır. Tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən, kredit xətti məbləği xx xxxxx 2013-cü ilə qədər, illik 15 faizlə verilmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli əsas müqaviləyə 1 saylı əlavənin 1-ci bəndinə görə, müqavilənin müddəti xx xxxx 2014-cü il tarixədək uzadılmış, əsas müqavilənin digər şərtlərinin dəyişilməz olaraq qalması müəyyən edilmişdir. Əsas müqavilənin 14.1-ci bəndinə görə, müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir, bu müqavilə üzrə bütün öhdəliklər yerinə yetirdiyi tarixədək qüvvədədir. Mülki Məcəllənin 399.3-cü maddəsində göstərilmişdir ki, müqavilədə nəzərdə tutula bilər k i, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunmuş məsələlərə münasibətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarından göstərilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki mübahisəyə münasibətdə Konstitusiya Məhkə məsinin əks olunmuş şərhinin tətbiqi isə o anlama gətirir ki, müqavilə şərtlərinə görə əsas kredit borcuna hesablanmış faiz borcu həmin müqavilələyə 1 saylı əlavənin 1-ci bəndində nəzərdə tutulmuş müddətlə məhdudlaşdırılmalıdır. Şərh olunmuş qaydanın tətbiqi həmçinin o səbəbdən məntiqli görünür ki, kredit münasibətlərində bankların maddi maraqlarının qorunması ilə yanaşı, eyni zamanda borcluya münasibətdə də ədalətli tarazlığa nail olunmalıdır. Bu məqsədlə isə borclu şəxs həddən artıq maliyyə məsuliyyətini daşımamalıdır. Bu baxımından məhkəmə kollegiyası Mülki Məcəllənin 425-ci maddəsində müəyyən edilmiş öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipinə riayət olunmasını zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəfl ərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan başqa, məhz borc münasibətlərini tənzimləyən fəsildə olan Mülki Məcəllənin 743-cü maddəsində müəyyən olunmuşdur ki, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlük ə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Bu maddələrin tələblərinin tətbiqinə görə, tərəflər arasında bağlanmış xx xxxx 2013cü il tarixli müqavilənin 4-cü bəndi “Vaxtından əvvəl tələbetmə” qaydalarını tənzimləmiş və onun ”h” hissəsində müəyyən olunmuşdur ki, borc alan tərəfindən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kredit qaytarılmadığı, habelə bu müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə kreditin hər-hansı bir hissəsi qayratılmadıqda borc öhdəliyinin icra edilməsinin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür. Aparılmış qiymətləndirmə nin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, müqavilənin müddəti bitdikdən sonra cavabdehdən ödənilməmiş borca görə faiz borcunun müqavilədə nəzərdə tutulmuş qaydada tutulması qanunamüvafiq deyidlir. Apellyasiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməli olduğu halda, özünün ekspertin səlahiyyətlərini həyata keçirməsi ilə bağlı iddiaçının dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in: - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır; - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi təmin edilmişdir. Belə ki, öz tələbinin əsası kimi iddiaçı tərəf təqdim etdiyi maliyyə arayışı ilə müvafiq faiz məbləğinin illər üzrə hesab lanmasına əsaslanmışdır. Lakin apellyaisya məhkəməsinin gəldiyi hüquqi nəticəyə görə, faiz məbləğinin hesablanması yalnız müqavinin qüvvədə olduğu müddətlə məhdudlaşdırılmalıdır. Hüquqi nəticəyə uyğun olaraq apellyaisya məhkəməsi müəyyən edilmiş məbləğə illik faiz məbləğini hesablamışdır. Belə hesablamanın riyazi qaydada aparılması mümkün olduğundan, xüsusi bilik tələb olunan sualların izahına ehtiyac olan məsələ kimi qiymətləndirilməməlidir. Yəni göstərilmiş qayda üzrə riyazi hesablamanın aparılması xüsusi bilik tələb olunmayan məsələ olduğu üçün, həmin məsələ üzrə ekspertizanın təyin edilməsinə zəruriyyət qalmamışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası iddiaçının bildirdiyi dəlili əsassız hesab edir. Cərimə borcunun hesablanmasına münasibətdə məhkəmə kollegiyası qeyd edi r ki, kassasiya şikayətində iddiaçı bununla bağlı hər hansı dəlilini, hüquqi əsaslandrımasını aparmamışdır və kasssaiya şikayətində cərimə borcuna münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticənin hansı maddi və prosessual hüquq normalarına zidd olduğu barədə bildirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin cərimə borcu üzrə nəticəsinə dair hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən məsələ üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən həmin mülki proses sual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edilməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. “Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. “ Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cərimə borcuna münasibətdə hüquqi qiymətləndirmənin aparılmasını mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-25/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-249/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-249/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver