Məhkəmə qərarları › İş №2-2(102)-25/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-25/2019

20.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-25/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, Cavabdehin vəkili Hətəmov Ceyhun Nadir oğlunun iştirakı ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı (üçüncü şəxs: x3) “sığorta ödənişinin tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 sentyabr tarixli 2-2(103)-436/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıda kı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Lexus” markalı, 90 RA*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin əvəzi 28.000 manat məbləğin, 30 manat məbləğində dövlət rüsumunun və nümayəndəyə çəkilən 1.000 manat məbləğində xərcin, cəmi 29.030 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 2 iyul tarixdə x3nun idarə etdiyi, cavabdehə məxsus “Hyundai-HD65” markalı, H*** dövlət qeydiyyat nişanlı avtomobil ilə x1-də x4 tərəfindən sığortalanmış “Lexus” markalı, 90 RA*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncuya maddi ziyan dəymişdir. İnzibati xəta haqqında qərara əsasən x3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. İddiaçının mütəxəssisləri tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən, dəymiş ziyan 28.500 manat məbləğində müəyyənləşdirilmiş və həmin məbləğdən sığorta şəhadətnaməsi ilə müəyyən edilmiş 500 manat şərtsiz azadolma məbləğini çıxdıqdan sonra sığortalıya 28.000 manat ödəniş həyata keçirmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21, 936.2, 936.5, 1099.1, 1108 və 1097.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, yol-nəqliyyat hadisəsi törədilən zaman nəqliyyat vasitəsində yük olmamış, ondan şirkətin kommersiya məqsədləri üçün istifadə edilməmiş və nəqliyyat vasitəsi etibarnamə ilə üçüncü şəxsin qanuni sahibliyində və istifadəsində olmuşdur. İş materiallarına əlavə edilmiş 2015-ci il 17 avqust tarixli sığorta aktına, 2015-ci il 2 iyul tarixli inzibati xəta haqqında protokola və Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin DYPİ tərəfində verilmiş arayışa əsasən yol-nəqliyyat hadisəsi 2015-ci il 2 iyul tarixində saat 17.20 radələrində törədilmişdir. 2014-cü il 6 noyabr tarixli əmək müqaviləsinin 4.17-ci bəndinə əsasən, şirkətin işçisi x3 həftənin 1-5-ci günləri olmaqla saat 08:00-dan 17:00-a kimi iş saatında işləyir. Yol-nəqliyyat hadisəsi işçinin iş vaxtından sonra baş vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(81)-52/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 12.450 manat sığorta ödənişi və 10 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sığorta hadisəsinin törədilməsində cavabdehin mülkiyyətində olan “Hyundai-HD65” markalı, H*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən işçisi x3 təqsirli olduğundan x2 məsuliyyət daşıyır və ekspert rəyi ilə müəyyən edilən 12.950 manat məbləğdən 500 manat azadolma çıxılaraq iddia tələbi qismən təmin edilir. İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şika yəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 sentyabr tarixli 2-2(103)-436/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi MM-in 1099cu maddəsinin tətbiqi üçün əsas olan halın - zərərin işçi tərəfindən əmək funksiyası icra edilərkən törədilməsi faktının olub-olmamasını araşdırmamış və üçüncü şəxsin verdiyi izahatlara və işə əlavə edilmiş sənədlərə hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2015-ci il 17 avqust tarixli sığorta aktına, 2015-ci il 2 iyul tarixli inzibati xəta haqqında protokola və Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin DYPİ tərəfində verilmiş arayışa əsasən yol-nəqliyyat hadisəsi 2015-ci il 2 iyul tarixində saat 17:20 radələrində törədilmişdir. 2014-cü il 6 noyabr tarixli əmək müqaviləsinin 4.17-ci bəndinə əsasən şirkətin işçisi x3 həftənin 1-5-ci günləri olmaqla saat 08:00-dan 17:00-a kimi iş saatında işləyir. Aydın olduğu kimi yol-nəqliyyat hadisəsi işçinin iş vaxtından sonra baş vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, iş vaxtı müdd əti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasının yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi işçinin iş saatından artıq müddətə əmək funksiyasını yerinə yetirməsinə cəlb etmək üçün işəgötürənin əmri və işçinin razılığı tələb olunur. Hazırkı iş üzrə iş vaxtından artıq müddətə əmək funksiyasının icra edilməsi halı mövcud olmamışdır. Bununla belə məhkəmə hər hansı qanuni əsas olmadan, yalnız yol vərəqəsində “çıxışvə qayıtma müddətinin qeyri-məhdud olaraq göstəril məsi halını”işçinin iş vaxtından artıq əmək funksiyasını icra etmə halı kimi əsassız olaraq qiymətləndirmiş və qətnaməni ziddiyyətli sübutla əsaslandırmışdır. Məhkəmə qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-3-cü bəndinə istinad edərək cavabdeh tərəfindən təqdim edilmiş etibarnamənin dövlət yol polisində qeydiyyatdan keçirilməsinə dair hər hansı sübutun təqdim edilməməsini qeyd etmişdir. Bu dəlil ilə əlaqədar cavabdeh qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 2018-cı il 13 avqust tarixli, 016-85551-1218 nömrəli məktubuna əsasən nəqliyyat vasitəsinin sürücüsünün x3 olması barədə DİN-nin elektron sistemində müvafiq qeydin olduğu göstərilmişdir. Göründüyü kimi məhkəmənin bu dəlili də iş üzrə sübutla təkzib olunmuşdur. Məhkəmə qətnamədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2017-ci il 25 avqust tarixli, 13559 saylı və 2018-ci il 27 fevral tarixli, 29196 saylı ekspert rəylərinə istinad etməklə zərərin məbləğini 12.950 manat olduğunu müəyyən etmişdir. Eyni zamanda, 2015-ci il 17 avqust tarixli sığorta aktına istinad etməklə 500 manat azadolma məbləğini ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən çıxmış və nəticədə 12.450 manat məbləğin cavabdehdən tutulmalı olması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2016-cı il 25 aprel tarixli e tibarnaməyə əsasən iddiaçı onun xeyrinə qət edilmiş əmlakı və pul vəsaitini almaq hüququnu x5-yə həvalə etmişdir. İş materiallarında olan bank ödəniş tapşırıqlarına əsasən H021156 dövlət qeydiyyat nişanlı Hyundai HD65 markalı nəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyətinin icbari qaydada sığortalandığı x6 (sığortaçı) tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi olan x5-nin bank hesabına nağdsız qaydada ümumilikdə 5.000 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda, cavabdehin üzərinə 7.450 manat (12.950-500-5.000) qoyula bilərdi. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş bu sübutlara hüquqi qiymət verməmiş, məhkəmə prosesi zamanı icbari sığorta şirkəti tərəfindən iddiaçıya artıq ödənilmiş ödənişi nəzərə almamış və qanunsuz hesablanmış məbləğin ödənilməsi barədə qətnam ə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırıcı hissə: İddiaçı və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin /bundan sonra mətndə - MPM/ 139.2.9-cu maddəsi). Şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İddiaçı öz tələbinin hüquqi əsası kimi MM–in 1099-cu və 1108-ci maddələrinə istinad etmişdir. Nəzərə alınmalıdır ki, əgər iddiaçı işçinin (o cümlədən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində) vurduğu zərərin əvəzinin ödənilməsini MM–in eyni zamanda həm 1099-cu, həm də 1108.1-ci maddələrinə əsasən tələb edə bilərsə, məhkəmə iddianın əsaslı olub-olmadığını ərizədə göstərilən normaların tələblərinə uyğun yoxlamalıdır. Bu halda, MM–in 1108.1-ci maddəsinin tələbindən (təqsirlilik prezumpsiyası) fərqli olaraq, MM–in 1099-cu maddəsinə (işçinin vurduğu ziyanla bağlı xüsusi halları tənzimləyən normaya) istinad edən idd iaçı zərərin vurulmasında cavabdehin təqsirli olduğunu, zərərin məhz cavabdehin işçisi tərəfindən əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurulduğunu (ümumi əsaslarla) sübut etmək yükünü daşıyır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayət və izahatlarında irəli sürdüyü aşağıdakı dəlillərini araşdırmamış, onlara qiymət verməmişdir: - iş materiallarına əlavə edilmiş 2016-cı il 25 aprel tarixli etibarnaməyə əsasən iddiaçı onun xeyrinə qət edilmiş əmlakı və pul vəsaitini almaq hüququnu x5-yə həvalə etmişdir. İş materiallarına əlavə edilmiş (iş v. 95-100) bank ödəniş tapşırıqlarına əsasən, H021156 dövlət qeydiyyat nişanlı Hyundai HD65 markalı nəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyətinin icbari qaydada sığortalandığı x6 (sığortaçı) tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi olan x5-nin bank hesabına nağdsız qaydada ümumilikdə 5.000 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda, hətta iddia tələbi təmin ediləcəyi təqdirdə belə, cavabdehin üzərinə 7.450 manat (12.950-500-5.000) öhdəliyi qoyula bilərdi. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş bu mötəbər sübutlara hüquqi qiymət verməmiş, məhkəmə prosesi zamanı iddiaçıya artıq ödənilmiş ödənişi nəzərə almamış və qanunsuz hesablanmış məbləğin ödənilməsi barədə qətnamə qəbul etmişdir; - iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və rəsmi distributor tərəfindən verildiyi iddia edilən x7-nin 0276 nömrəli, 2015-ci il 15 iyul tarixli qüsur aktı ümumiyyətlə hüquqi sənəd qüvvəsinə malik deyil. Belə ki, bu sənədin həqiqətən x7 tərəfindən verilməsinə dair hüquqi şəxsin rəhbərinin imzası və rəsmi möhürü mövcud deyildir; - iş materiallarına əlavə edilmiş və iddia ərizəsində istinad edilən x8 2015-ci il 8 avqust tarixli digər qüsur aktına şirkətin direktoru x9. imza atdığı görünür. Bununla belə, sənəddə mövcud olan möhürün üzərində x9 və VÖEN ********** sözləri qeyd edilmişdir. Araşdırılma zamanı vergi ödəyicilərinin elektron reyestrindən alınan məlumata əsasən x8 adlı hüquqi şəxsin yaradılmadığı və ********** nömrəli VÖEN-nın mövcud olmadığı, möhürün üzərində adı qeyd edilən x9nun ümumiyyətlə vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyi müəyyən edilmiş və bu barədə sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Cavabdehin bu dəlillərinə cavab olaraq məhkəmə öz qətnaməsində dəymiş ziyanın iddiaçının öz mütəxəssisləri tərəfindən tərtib edilmiş 2015-cı il 17 avqus t tarixli, 191/15 nömrəli qiymətləndirmə aktına əsasən müəyyənləşdirildiyini əsas gətirmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd edilən 2 qüsur aktının mötəbər olmamasına baxmayaraq, vurulan zərər qiymətləndirmə aktına uyğun hesablanaraq ödənildiyi üçün iddiaçının tələbi əsaslıdır. Halbuki, qiymətləndirmə aktında göstərilən ehtiyat hissələrinin və təmir-bərpa xidmətlərinin siyahısının hansı qaydada müəyyən edilməsi hazırkı iş üzrə öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 2 ədəd qüsur aktı qüsurlu və yarasız olduğundan mötəbər sənəd hesab edilə bilməz....qüsur aktında qeyd edilənlər (ehtiyat hissə və təmir işlərinin) eynilə olduğu kimi iddiaçı tərəfindən 2015-cı il 17 avqust tarixli, 191/15 nömrəli qiymətləndi rmə aktına yazılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün iddiaçının təqdim etdiyi qüsur və qiymətləndirmə aktlarına əsaslanırsa, həmin aktlarda göstərilən qüsurların hər birinin yuxarıda qeyd edilən sığorta hadisəsi ilə səbəbli əlaqədə olduğunu MPM-in 88-ci maddəsinin tələblərinə uyğun yoxlamalı idi. Yəni, məhkəmə avtomaşının hansı hissələrinin bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələndiyini, avtomaşının təmiri zamanı onun bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hansı hissələrinin dəyişdirildiyini, həmin hissələrin dəyişdirilmədən bərpasının mümkünsüzlüyünü əsaslandırmalı idi. Məhkəmə kollegiyası nəzərə alır ki, 2018-ci il 27 fevral tarixli ekspert rəyində də qeyd olunduğu kimi, zərərə məruz qalm ış nəqliyyat vasitəsinin təmir olunması səbəbi ilə onun bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hansı hissələrinin dəyişdirildiyinə, həmin hissələrin dəyişdirilmədən bərpasının mümkün olub-olmadığına dair suala cavab verilməsi mümkün olmamış, ekspertiza tədqiqatı ilə yalnız iddiaçı tərəfindən tərtib edilmiş 2015-cı il 17 avqust tarixli, 191/15 nömrəli qiymətləndirmə aktında göstərilən detalların bazar dəyəri və təmir xərcləri müəyyən edilmişdir. Başqa sözlə, ekspertin istinad etdiyi qiymətləndirmə aktında göstərilən detalların (hissələrin) bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələndiyi, avtomaşının təmiri zamanı onun bilavasitə yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hansı hissələrinin dəyişdirildiyi, həmin hissələrin dəyişdirilmədən bərpasının mümkün olub -olmadığı ekspertiza tədqiqatının predmeti olmayıb. Belə olan halda, məhkəmə iddiaçının əsaslandığı halları MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri nəzərə alınmaqla işdə olan digər sübutlarla yoxlamalı və qiymətləndirməli idi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Qətnamə yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 19 sentyabr tarixli 2-2(103)-436/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar