Məhkəmə qərarları › İş №2-2(102)-275/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli 2-2(103)-1250/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1.17 avq ust 2009-cu il tarixli № 227/H-09 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 20% olmaqla 18 (on səkkiz) ay müddətinə 986.800 (doqquz yüz səksən altı min səkkiz yüz) ABŞ dolları kredit verilməsi razılaşdırılmışdır; 2.Tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanmış 17 avqust 2009-cu il tarixli № 227/H-09-01 saylı girov müqaviləsinə əsasən girov qoyan "xxxx" MMC-yə məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1.108.807 manat dəyərində qiymətləndirilən avadanlıqlar girovla yüklü edilmişdir; 3. 25 dekabr 2009-cu il tarixli № 479/H-09 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xxx MMC-yə illik faiz dərəcəsi 22% faiz olmaqla 6 (altı) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları kredit verilməsi razılaşdırılmışdır; 4. 18 iyun 2009-cu il tarixli № 152/H-09 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 QSC-yə illik faiz dərəcəsi 22% faiz olmaqla 12 (on iki) ay müddətinə 625.000 (altı yüz iyirmi beş min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır; 5. "xxxx" ASC və "xxxx" MMC (zamin) və "xxxx" QSC (borclu) arasında bağlanmış 18 iyun 2009-cu il tarixli № 152/H-09-01 saylı zaminlik müqaviləsinə əsasən zamin"xxxx" MMC ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları ilə kreditorla borclu arasında bağlanılmış 18 iyun 2009-cu il tarixli 152/H-09 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür; 6.25 dekabr 2009-cu il tarixli № 48 0/H-09 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 QSC-yə illik faiz dərəcəsi 22% olmaqla 6 (altı) ay müddətinə 587.000 (beş yüz səksən yeddi min) ABŞ dolları kreditin verilməsi razılaşdırılmışdır; 7.İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli № 480/H-09-01 saylı girov müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 QSC arasında bağlanmış 25 dekabr 2009-cu il tarixli № 480/H-09 saylı kredit müqaviləsi üzrə veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsinin təminatı kimi girov qoyana məxsus və bu müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən və 1.077.680,06 (bir milyon yetmiş yeddi min altı yüz səksən manat altı qəpik) manat dəyərində qiymətləndirilən əsas vəsaitlər girovla yüklü edilmişdir. 8. 2019-cu il 19 noyabr tarixli 3820 nömrəli maliyyə arayışına əsasən, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə AdaMülkiyyət MMC arasında 2009-cu il 17 avqust tarixli 227/H-09 saylı, 2009-cu il 25 dekabr tarixli 479/H-09 saylı və Cavabdeh1 QSC arasında 2009-cu il 18 iyun tarixli 152/H-09 saylı, 2009-cu il 25 dekabr tarixli 480/H-09 saylı kredit müqavilələri bağlanmışdır. Qeyd olunan 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 ABŞ dolları, 152/H-09 saylı kredit müqaviləsi üzrə 271.436 ABŞ doları, 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları, və 480/H-09 saylı kredit müqaviləsi üzrə 587.000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ASC (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə (bundan sonra birgə işlədildikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış 2009-cu il 25 dekabr tarixli № 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları, iddiaçının Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 MMC arasında bağlanmış 2009-cu il 17 avqust tarixli № 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 ABŞ dolları məbləğində borcun MMC-dən bankın xeyrinə tutulması, Müştəri Xidmətləri Departamenti ilə "xxxx" QSC arasında bağlanmış 2009-cu il 18 iyun tarixli 152/H-09 saylı kredit müqaviləsi üzrə 271.436 ABŞ dolları, Müştəri Xidmətləri Departamenti ilə QSC arasında bağlanmış 2009-cu il 25 dekabr tarixli 480/H09 saylı kredit müqaviləsi ü zrə 587.000 ABŞ dolları məbləğində borcun cavabdehlərdən (borclu-Cavabdeh1 QSC, zamin, girov qoyan-Cavabdeh2 MMC) İddiaçı ASC-nin xeyrinə tutulması, 2009-cu il 17 avqust tarixli 227/H-09 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 MMC (girov qoyan) arasında bağlanmış 2009-cu il 17 avqust tarixli 227/H-09-01 saylı girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus olan girov müqaviləsinin tərkib hissəsi olan cədvəldə göstərilən girov qoyulmuş avadanlıqlara yönəldərək, açıq hərracda satılması və əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, 2009-cu il 25 dekabr tarixli № 480/H-09 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 MMC (girov qoyan) arasında bağlanmış 2009-cu il 25 dekabr tarixli 480/H-G-09-01 saylı girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə məxsus olan girov müqaviləsinin tərkib hissəsi olan cədvəldə göstərilən girov qoyulmuş avadanlıqlara yönəldərək, açıq hərracda satılması və əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, girov tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 60 manat rüsumu, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı iddia tələbində işin hallarına (bax yuxarıda §§ 1-8) istinad edərək göstərmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduqları məbləği vaxtında ödəməmişdir. Belə ki, cavabdeh MMC ilə "xxxx" ASC arasınd a bağlanmış 2009-cu il 25 dekabr tarixli № 479/H09 və 2009-cu il 17 avqust tarixli № 227/H-09 saylı kredit müqavilələrinə əsasən, 2019cu il 14 noyabr tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə bütün öhdəliklərini yerinə yetirməli olduğu halda, öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda MMC-nin banka 2009-cu il 25 dekabr tarixli № 479/H-09 saylı kredit müqaviləsinə əsasən 500.000 ABŞ dolları, 2009-cu il 17 avqust tarixli № 227/H-09 saylı kredit müqaviləsinə əsasən isə 986.800 ABŞ dolları əsas borcu qalmışdır.

11. Cavabdeh QSC ilə bağlanmış 2009-cu il 18 iyun tarixli 152/H-09 və 2009-cu il 25 dekabr tarixli 480/H-09 saylı kredit müqavilələrinə əsasən 2019-cu il 14 noyabr tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə bütün öhdəliklərini yerinə yetirməli olduğu halda, öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda QSC-nin banka 2009cu il 18 iyun tarixli 152/H-09 saylı kredit müqaviləsinə əsasən 271.436 ABŞ dolları, 2009cu il 25 dekabr tarixli 480/H-09 saylı kredit müqaviləsinə əsasən isə 587.000 ABŞ dolları əsas borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir.

12. Tərəflər arasında bağlanmış 2009-cu il 25 dekabr tarixli 479/H-09 və 2009cu il 17 avqust tarixli 227/H-09 saylı kredit müqaviləsinin1.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 33 və 30% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır.

13. Tərəflər arasında bağlanmış 2009-cu il 18 iyun tarixli 152/H-09 və 2009-cu il 25 dekabr tarixli 480/H-09 saylı kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmə dikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 33 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. Tər əflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən, borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar.

14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - “MM”) 385.1, 421.2, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 428.4-cü maddələrinə istinad etmişdir.

15. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2020 -ci il 11 fevral tarixli e-2-2(113)501/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 2009-cu il 18 iyun tarixli 152/H-09 nömrəli kredit müqaviləsi üzrə 271.436 ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi, 2009-cu il 17 avqust tarixli 227/H-09 saylı kredit müqaviləsi üzrə 986.800 ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, 2009-cu il 17 avqust tarixli 227/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş avadanlıqlara yönəldilməsi, həmin avadanlıqların açıq hərracda satılması və satışdan əldə edilən m əbləğin hesabına iddiaçıya olan borcun ödənilməsi, 2009-cu il 25 dekabr tarixli 479/H-09 saylı kredit müqaviləsi üzrə 500.000 ABŞ dolları əsas borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq MMC-dən tutularaq iddiaçını xeyrinə ödənilməsi, 2009-cu il 25 dekabr tarixli 480/H-09 saylı kredit müqaviləsi üzrə 587.000 ABŞ dolları əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq QSC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, 2009-cu il 25 dekabr tarixli 480/H-09-01 saylı girov müqaviləsi üzrə girov ilə yüklü edilmiş əsas vəsaitlərə yönəldilməsi, həmin əsas vəsaitlərin açıq hərracda satılması və satışdan əldə edilən məbləğin hesabına ASC-yə olan borcun ödənilməsi, iddiaçı t ərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş rüsumun əvəzi olaraq 30 manat və girova tutuma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə bağlı ödənilmiş pulun əvəzi olaraq 60 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim S.Nuriyeva).

17. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən (bax yuxarıda §§ 1-8) gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri, habelə həmin müqavilələr üzrə təminat müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdehlər həmin müqavilələr əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də Cavabdeh1 QSC-nin Banka 2009-cu il 18 iyun tarixli 152/H09 nömrəli müqavilə üzrə 271.436 ABŞ dolları, 2009-cu il 25 dekabr tarixli 480/H-09 saylı müqavilə üzrə 587.000 ABŞ dolları, Cavabdeh2 MMC-nin 2009-cu il 17 avqust tarixli 227/H-09 saylı müqavilə üzrə 986.800 ABŞ dolları, 2009-cu il 25 dekabr tarixli 479/H-09 saylı müqavilə üzrə 500.000 ABŞ dolları ödənilməmiş borcu yaranmışdır. 2009-cu il 18 iyun tarixli 152/H-09 nömrəli müqavilə üzrə "xxxx" MMC zamin qismində borclu Cavabdeh1 QSC ilə bərabər məsuliyyət daşıyır. 2009-cu il 25 dekabr tarixli 480/H-09 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 MMC-nin 1.077.680,06 manat dəyərində qiymətləndirilən əsas vəsaitləri girov ilə yüklü edilmişdir. 2009-cu il 17 avqust tarixli 227/H-09 saylı müqavilə üzrə öhdəliklərin təminatı kimi C avabdeh2 MMC-nin 1,108.807 manat dəyərində qiymətləndirilən avadanlıqları girov ilə yüklü edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 470.1, 470.2, 739.1, 739.2, Azərbaycan Respublikası MPM-nin 217.4, 218.3, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli 2-2(103)-1250/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instans iya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), R.Qurbanov və V.Məmmədov)

21. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək gəlinən nəticə ilə razılaşmışdır.

22. Həmin məhkəmə cavabdehlərin birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməməsi, bununla da maddi hüquq normasının tətbiqində pozuntuya yol verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, cavabdehlərin nümayəndəsi tərəfindən işə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə və 2011-ci il 1 iyun tarixində iddiaçı, Cavabdeh2 MMC, "xxxx" QSC, "xxxx" MMC "xxxx" MMC arasında bağlanmış razılaşma təqdim edilmişdir. 2 011-ci il 1 iyun tarixli razılaşmanın mətnindən görünür ki, razılaşmanın imzalanması zamanı borclular (müqavilənin 2-ci bəndinə əsasən “ADA GROUP” şirkətlər qrupuna daxil olan Cavabdeh2 MMC, "xxxx" QSC, "xxxx" MMC) iddiaçıya 2.366.000 AZN məbləğində iddianı ödəmək öhdəliyi daşıyırlar. Həmin müqavilə əsasında "xxxx" MMC iddiaçıdan alacağı 473.200 manat kreditin bir hissəsi hesabına (konkret məbləğ qeyd edilməmişdir) cavabdehlərin borclarının ödəniləcəyini öhdəsinə götürmüşdür.

23. Məhkəmə MM-nin 380.1, 882.1,882.4-cü maddələrinin tələblərini əsas götürərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri öhdəliklərin icra müddəti 2010-2011-ci illərdə bitsə də, cavabdehlər 2011-ci il 1 iyun tarixli razılaşmanı imzalamaqla mövcud borcu etiraf edərək ödəmək öhdəliyi daşıdıq larını qəbul etdiklərindən və 2011-ci il 1 iyun tarixli razılaşmada kredit öhdəliyinin borclular tərəfindən tam icrası üçün yeni müddət müəyyən edilmədiyindən cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz. Kredit müqavilələri üzrə borcun cavabdehlər və ya digər hüquqi şəxslər tərəfindən ödənilməsi barədə işdə sübutlar olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbinin rədd edilməsi üçün qanuni əsaslar mövcud deyil.

24. Cavabdehlərin nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən irəli sürdüyü mülahizə bundan ibarət olmuşdur ki, 2011-ci il 1 iyun tarixli razılaşma imzalandığı cavabdehlərin bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Məhkəmə MM-nin 527.1-ci maddəsinə istnad edərək, bu mülahizələri də əsassız hesab etmiş və göstərmişdir ki, həmin razı laşmanın məzmununda cavabdehlərin iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə borc öhdəliyinin tamamilə "xxxx" MMC-yə ötürülməsi qeyd olunmamışdır. Həmin razılaşmaya əsasən "xxxx" MMC bankdan alacağı 473.200 manat kredit hesabına “ADA GROUP” şirkətlər qrupuna daxil olan hüquqi şəxslərin 2.366.000 AZN məbləğində kredit borcunun bir hissəsinin (konkret məbləğ qeyd edilmədən) ödənilməsini öhdəsinə götürdüyündən müəyyən olunur ki, cavabdehlər kredit öhdəliyinin icrasından azad olunmamışlar. Göründüyü kimi cavabdehlərin bank qarşısındakı kredit öhdəliyinə xitam verilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir.

25. Cavabdehlər həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası qayta rılması barədə qərar qəbul etməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

26. MM-nin 399.3, 373.2-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli qərarının tələbi pozulmuşdur- Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Həmin qərarda göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

27. MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə qalırhüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.

28. MM-nin 368 və 377.2-ci maddələrinin tələbləri pozulmuşdur-i şin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin hüquqi ünvanları üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda fəaliyyət göstərmədikləri üçün çatmamış və cavabdehlər işə birinci instansiya qaydasında baxılarkən məhkəmə prosesləri barədə məlumatsız olduqları üçün məhkəməyə iş üzrə hər hansı sənəd, o cümlədən iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmişlər. Belə olan halda 375.2-ci maddəsinin tələbinə əsasən cavabdehin ərizəsi olmadığına görə birinci instansiya məhkəməsinin mübahisə üzrə iddia müddətinin keçib-keçmədiyini araşdırmaq səlahiyyəti olmamışdır. Lakin işə apellyasiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim olunmuşdur.

29. Belə ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh1 Q SC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iqtisadi üzrə tərəflər arasında olan mövcud müqavilələrin icra olunmaması ilə bağlı müəyyən olunmuş iddia müddətinin keçməsi MM-nin 375.2-maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi üçün apellyasiya şikayətinin təmin olunması və Kommersiya Məhkəməsinin e-2-2(113)-501/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsi üçün əsas olmamalı idi.

30. Məhkəmə qətnamədə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri öhdəliklərin icra müddəti 2010-2011-ci illərdə bitsə də cavabdehlər 2011-ci il 1 iyun tarixli razılaşmanı imzalamaqla mövcud borcu etiraf edərək ödəmək öhdəliyi daşıdıqlarını qəbul etdiklərindən və 2011-ci il 1 iyun tarixli razıl aşmada kredit öhdəliyinin borclular tərəfindən tam icrası üçün yeni müddət müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz. Lakin məhkəmə belə qeyd verməklə cavabdehə qarşı qərəzli mövqe göstərmişdir. Çünki, qeyd olunan müqavilədə borcun etiraf edilərək ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə isə apellyasiya şikayətinin təmin olunması üçün əsas gətirilən iddia müddətini tətbiq etməyərək, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarına zidd tamamilə qanunsuz qətnamə qəbul etmişdir.

31. MPM-nin 217.1-ci maddəsi pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qətnamə çıxararkən qanunun həmin tələblərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya m əhkəməsi iddia müddəti ilə bağlı məsələyə haqlı olaraq MM-in 380.1 və 882.10-ci maddələrinin tələbləri baxımından qiymət vermiş, həmçinin 2011-ci il 1 iyun tarixli müqavilə müddətsiz olduğundan, cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı hesab etməmişdir.

33. Eyni zamanda, cavabdehlər işə apellyasiya qaydasında baxılarkən irəli sürdüyü mülahizə bundan ibarət olmuşdur ki, 2011-ci il 1 iyun tarixli razılaşma imzalandığı üçün, cavabdehlər bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Apellyasiya məhkəməsi bununla bağlı bildirmişdir ki, 2011-ci il 1 iyun tarixli razılaşmanın məzmununda cavabdehlərin iddiaçı ilə bağlanmış kredit müqavilələri üzrə borc öhdəliyinin "xxxx" MMC-yə ötürülməsi qeyd olunmamışdır. Həmin razılaşmaya əsasən "xxxx" MMC bankdanalacağı 473.200 AZN kred it hesabına ADA GROUP şirkətlər qrupuna daxil olan hüquqi şəxslərin 2 366 000 AZN məbləğində kredit borcunun bir hisssinin (konkret məbləğ qeyd edilmədən) ödənilməsini öhdəsinə götürdüyündən müəyyən olunur ki, cavabdehlər kredit öhdəliyinin icrasından azad olunmamışdır. 34.Bundan əlavə, əgər "xxxx" MMC ADA GROUP şirkətlər qrupunun kredit öhdəliyini üzərinə götürmüş olsa idi, bu, borcluların iddiaçı ilə bağlamış olduqları kredit müqavilələrinin ləğvi barədə saziş bağlanardı və ya 2011-ci il 1 iyun tarixli müqavilədə kredit müqavilələrinin ləğvi barədə bəndlər qeyd edilərdi. Hazırkı işin materiallarından göründüyü kimi tərələr arasında kredit müqavilələrinin ləğvi ilə bağlı heç bir müqavilə bağlanmamışdır. Belə olduğu təqdirdə cavabdehlər bankla bağladıqları kredit müqavilələri üzrə borcun m üqavilə əsasında "xxxx" MMC-yə ötürülməsinə istinad edə bilməz. Bu müqavilə müddətsiz olmaqla onların borcunun etirafı kimi qiymətləndirilməlidir ki, apellyasiya instansiya məhkəməsi də bu mövqedən çıxış etmişdir. 35.Apellyasiya məhkəməsinin hər hansı sübuta qərəzli yanaşması ilə bağlı kassatorun heç bir mötəbər dəlili yoxdur. Məhkəmə sübutları obyektiv, qərəzsiz, tam, hərtərəfli qiymətləndirmiş və iş üzrə qanuni və əsaslı qətnamə çıxartmışdır. Bütün bu qeyd edilənlərə əsasən hesab olunur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin heç bir hüquqi və əsası yoxdur, heç bir dəlilə əsaslanmır. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

36. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Resp ublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun i crası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər...” “Maddə

470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər” “Maddə

527. Öhdəliklərə xitam verilməsi əsasları. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir...” “Maddə

739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçü n ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir”

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvaf iq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kolleg iyası cavabdehlərin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsinə düzgün hüquqi qiymət verilməməsinə dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 23-24).

42. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kredit müqavilələri üzrə borcun borcalan hüquqi şəxslərdən tutulması tələbinə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin həmin hissədə ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələb lərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hər iki tərəfin dəlillərinə, eləcə də iddiaçının kredit müqavilələri üzrə borcun tutulması tələbinə qiymət verərkən 2011-ci il 01 iyun tarixli razılaşmanın şərtlərinə istinad etsə də, həmin borcun həm də zamindən tutulması, eləcə də borcun müvafiq kredit müqavilələrinin təminatı üçün bağlanmış girov müqavilələri üzrə əmlaka yönədilməsi tələbi üzrə qiymətləndirmə apararkən həmin razılaşmanın şərtlərini nəzərə almamışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli maddi hüquq norma sı tətbiq edilməmiş, işdə olan sübutlar tam, hərtərəfli qiymətləndirilməmiş, MPMnin 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur.

44. Belə ki, "xxxx" ASC ilə cavabdehlər və "xxxx" MMC, "xxxx" və “X1 Gmbh” arasında bağlanmış, sözügedən 2011-ci il 01 iyun tarixli razılaşmanın 3.1-ci bəndinə əsasən, hazırkı razılaşma bağlandığı andan razılaşmanın restrukturizasiyanın predmeti olan borcu təmin etmək üçün borclunun rəhbərliyi tərəfindən verilmiş və ya buraxılmış bütün təminatlar və zaminliklər qüvvədən düşür.

45. Göründüyü kimi, tərəflər 2011-ci il 01 iyun tarixli razılaşma ilə sözügedən kredit öhdəliklərini restrukturizasiya etməklə yanaşı, həmin restrukturizasiyanın predmeti olan borcu təmin etmək üçün borclunun rəhbərliyi tərəfindən verilmiş və ya buraxılmış bütün təminatlar və zaminliklə r qüvvədən düşməsinə dair razılığa gəlmişlər. İşin materiallarına müvafiq zaminlik və girav müqavilələri üzrə öhdəliklərin 2011-ci ildən sonra da davam etməsinə dair hər hansı sübut əlavə edilməmişdir.

46. «….tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının A zərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2018-ci il 11 iyun tarixli qərarı).

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-kredit müqavilələri üzrə borcun zaminlik müqaviləsi üzrə zamindən tutulması və girov müqavilələri üzrə yüklü edilmiş əmlaklara yönədilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

48. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 2-2(103)-1250/2021 saylı qətnaməsi qism ən-kredit müqavilələri üzrə borcun zaminlik müqaviləsi üzrə zamindən tutulması və girov müqavilələri üzrə yüklü edilmiş əmlaklara yönədilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar