Məhkəmə qərarları › İş №2-2(102)-276/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-276/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-276/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X2 Cavabdeh X1rşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli 2-2(103)-181/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı MMC (bundan sonra-“ iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26.384,75 manat əsas borc, 1.319,2 manat əsas borca görə illik 5%-lə hesablanmış məbləğ, 500 manat hüquqi xidmətlərə görə haqq, 200 manat mediasiya xərci olmaqla, cəmi 28.403,95 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 20 oktyabr tarixli e-2-2(113)3003/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2022-ci il 18 aprel tarixli icarə müqaviləsi üzrə 26.38475 manat əsas borc, 145,20 manat əsas borca illik 5 %-lə hesablanmış məbləğ, mediasiya xərcinin əvəzi olaraq 200 manat və hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmiş (hakim – K.Hüseynov), cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli 2-2(103)-181/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

4. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir.

5. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kas sasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermir.

6. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə apellyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, həmin qətnamənin yoxlanılması kassasiya məhkəməsinin baxış predmeti ola bilməz.

8. Hazırki iş üzrə kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini yalnız ondan iddiaçının xeyrinə 5.000 manatın tutulması hissəsində mübahisələndirmışdır.

9. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.

10. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-c i maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır

11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 yanvar tarixli 2-2(103)-181/2024 nömrəli qətnaməs indən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar