Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-277/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-277/2020 Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 08.09.2020 Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhmən Qəribov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-109/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 77/14 saylı, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin xx xxxxxxxx 2019-cu il tarixə iddiaçı qarşısında əsas borc üzrə 1.320.000 manat, faiz borcu üzrə 713.890,41 manat, cərimə borcu üzrə 230.643,92 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plen umunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 21.449,99 manat, cəmi borc üzrə 2.285.984,32 manat, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” MMC-nin Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuş və xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında cavabdeh “xxxx” MMC onun hüquqi varisi Cavabdeh ilə əvəz edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 77/14 saylı, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 12 fai zlə 1.320.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhəlikləri yerinə yetirməmiş və iddiaçıya xx xxxxxxxx 2019-cu il tarixə əsas borc üzrə 1.320.000 manat, faiz borcu üzrə 713.890,41 manat, cərimə borcu üzrə 230.643,92 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən 5 faiz ilə hesablanan borc üzrə 21.449,99 manat borcu yaranmışdır. Cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq olunsa da o, borcun qaytarılmasından yayınmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1021/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəflər arasında kredit müqaviləsinin bağlanmasını, tələb olunan pul vəsaitinin cavabdehə kredit olaraq verilməsini, yəni cavabdehin kredit məbləğini və ona hesablanmış faizləri ödəmək öhdəliyinin yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1021/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim Leyla Əliyeva) ləğv prosesində olan İddiaçı ASC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2, 313 və 314-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması ilə araşdırmanın aparılması və cinayət işinin başlanması məsələsinə baxılması üçün xüsusi qərardad Azərbaycan Respublikasının Baş prokuror u yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, e-2-2(103)-109/20 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər İlham Əhmədov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı bankın elektron sistemi üzrə “Hesabdan çıxarış”ından görünür ki, “xxxx” MMCyə xx xxxxxx 2013-cü il tarixdə xx xxx 2014 – xx xxxxxx 2017-ci il tarixləri aralığında 1.320.000 manat məbləğində olmaqla, 1-33133-2 saylı hesab açılmışdır (Cavabdeh-nin iş üzrə təsis sənədlərindən görünür ki, Cavabdeh – “xxxx” MMC-nin hüquq varisidir). İddiaçı ASC ilə “xxxx” MMC arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi və bankın elektron sistemində təsbit olunmuş 1.320.000 manat məbləğində kreditin “xxxx” MMC-yə verilməsini təsdiq edən kassa məxaric sənədləri mövcud deyildir. Belə sənədlər nə birinci, nə də məhkəmənin təklif etməsinə baxmayraq, hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, israrla bildirilmişdir ki, elektron sistemdən hesab çıxarışından başqa bir sənəd-sübut, o cümlədən müqavilə bankın arxivində aşkar olunmamışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab emişdir ki, iddiaçı tərəfindən onunla cavabdeh arasında kredit müqaviləsinin bağlanıldığı və həmin məbləğin sonuncuya verildiyi sübuta yetirilmədiyi halda, cavabdehin kredit alan borclu kimi qiymətləndirilməsi və onun üzərinə öhdəliyin qoyulması istisna edilir. Habelə, iddiaçının apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzləşdirilmiş reyestrində belə bir məlumatın təsbit olunması da vəziyyəti dəyişdirmir. Çünki, həmin məlumat da iddiaçının ötürdüyü və müqavilə əsası görünməyən elektron sistemdə (reyestrdə) təsbit olunan bir məlumatı özüdə əks etdirir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389, 407.2, prosessual hüquq normlar kimi Azərb aycan Respublikası MPM-nin 77.1, 14.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərəkonun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, ləğv prosesində olan bankın elektron sistemində cavabdehin borc məbləği mövcud olmuşdur. Kredit müqaviləsinin təqdim edilə bilməməsi isə, bank ləğv prosesində olduğundan onun ofislərinin yerdəyişməsi səbəbindən baş vermişdir. Lakin məhkəmə sübutların əldə edilməsi üçün ona kifayət qədər müddət verməmiş, habelə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə sorğu yazmaqla da müvafiq kredit barədə məlumatlar əldə edə bilərdi. Dəlillərin hüquqi əsası kimi iddiaçı A zərbaycan Respublikası MPM-nin 78.2, 88-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatlarİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, kredit müqaviləsinin bağlanıldığı və kredit məbləğinin cavabdehə verildiyi sübuta yetirilmədiyi halda, cavabdehin kredit alan borclu kimi qiymətlən dirilməsi və onun üzərinə öhdəliyin qoyulması istisna edilir. Bu mövqeyi mübahisələndirən iddiaçının mövqeyinə görə, məhkəmə sübutların əldə edilməsi üçün ona kifayət qədər müddət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərinin hüquqi əsaslandırılmasında iddiaçı yalnız sübutların əldə edilməsi və qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin müddəalarına istinad etmişdir. Məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə kassasiya şikayətində hər hansı bir hüquqi əsaslandırma aparılmamışdır. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarınd a ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. “Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.“ Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası kassasiya şikayəti üzrə yalnız mülki prosessual qanunvericiliyin tə ləbləri baxımından dəlillərin qiymətləndirilməsini zəruri hesab edir. İşin hallarından göründüyü kimi, ləğv prosesinda olan bankla cavabdeh arasında kredit müqaviləsinin bağlanması əsası ilə cavabdehin öhdəliklərinin icra edilməsini iddiaçı tələb etmiş, lakin qeyd edilmiş müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmasını məhkəmə müəyyən etməmişdir. İddiaçının dəlilinə münasibətdə isə Azərbaycan Respublikası MPM-nin müddəalarında aşağıdakılar müəyyən edilmişdir: - 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlə r, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər; - 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; - 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. (...) Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir; - 149.1-ci və 149.4-cü maddələrə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərə məhkəmə müdafiəsi çərçivəsində öz hüquqlarının həyata keçirilməsi məqsədilə geniş imkanlar verilmişdir. Bunlara sübutların təqdim edilməsi, iddiada öz vəsatətlərinin göstərilməsi, habelə sübutların tələb edilməsi barədə vəsatətlərinverilməsi və s. aiddirSonuncu halda sübutların əldə edilməsi ilə bağlı vəsatətlərin verilməsi o zaman məqbul hesab olunur ki, əgər işdə iştirak edən şəxs zəruri sübutları müstəqil əldə etmək imkanına malik deyildir. Bu zaman vəsatətdə əldə edilməli sübutla hansı halın müəyyən edilməsi və onun olduğu yer göstərilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı əks olunmuş prosessual müddəalara uyğun olaraq yazılı vəsatətlərini təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 271.2-ci maddəsinə əsasən, məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir: 271.2.9. işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatl arı; - 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər; - 361.4-ci maddəsinə əsasən, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın; - 377-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məh kəmə tərəfindən həll edilir; - 380.2-ci maddəsinə əsasən, tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Sadalanmış bu maddələrdən göründüyü kimi, apellyasiya icraatı zamanı işdə iştirak edən şəxs apellyaisya şikayətində yeni sübutlara istinad etdikdə, onların birinci instnasiya məhkəməsinə təqdim edilməsinin mümkün olmadığını əsaslandırmalıdır. İşdə iştirak edən şəxsapellyasiya icraatı zamanı məhkəmə iclasında sübutların əldə edilməsi və ya təqdim edilməsi ilə bağlı yazılı vəsatətlərini vermək hüququna malikdir. Həmin şəxsin məhkəmə iclasında qaldırdığı şifahi vəsatət isə məhkəmə iclasının protokolunda əks olunmalıdır. İşin apellyasiya icraatına aid olan pr osessual sənədlərindən göründüyü kimi, iddiaçının nümayəndəsi hər hansı bir vəsatəti yazılı qaydada təqdim etməmiş və ya şifahi qaydada müraciət etməmişdir. Bununla yanaşı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, məhkəmə iclası zəruri sənədlərin məhkəməyə təqdim edilməsi üçün xx xxxxxx 2020ci il tarixinə təxirə salınmışdır. Sonuncu məhkəmə iclasında da iddiaçının nümayəndəsinin hər hansı bir yazılı və ya şifahi vəsatətlə müraciət edilməsi məhkəmə iclas protokolunda əks olunmamış və protokollara dair qeydlər verilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilmiş dəlil əsassızdır. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mərkəzi Ba nkının mərkəzləşdirilmiş reyestrində kredit müqaviləsi barədə məlumatın təsbit olunması da vəziyyəti dəyişdirmir. Çünki, həmin məlumat da iddiaçının ötürdüyü və müqavilə əsası görünməyən elektron sistemdə (reyestrdə) təsbit olunan bir məlumatı özüdə əks etdirir. İddiaçı bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə sorğu yazılmaqla da müvafiq kredit barədə məlumatlar əldə edilə bilərdi. Məhkəmə kollegiyası dəlilə aşağıdakı qaydada qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; - 14.1.-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtər əfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanmış prosessual qanunvericilik məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsini əks etdirməklə, məhkəmənin üzərinə bütün halların hərtərəfli, tam və obyektiv araşdır ılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsini qoyulur. Lakin ədalət mühakiməsini həyata keçirərkən məhkəmə öz təşəbbüsü ilə bu və ya digər tərəfin mənafeyi naminə prosessual hərəkətlərin aparılmasında səlahiyyətli deyildir. Qeyd edilənlər Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakı kimi ifadə edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında dispozitivlik və çəkişmə prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən h akim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır.” Göstərilmiş hüquqi əsası rəhbər tutmaqla məhkəmə kollegiyası bildirir ki, məhkəmənin öz təşəbbüsü ilə iddiaçının tələbinin əsaslığının sübut edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə sorğunun verilməsi prosessual qanunvericiliyin yuxarıda əks olunmuş tələblərinə ziddir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-109/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-277/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-277/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver