Məhkəmə qərarları › İş №2-2(102)-283/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-283/2022

17.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-283/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı borc un ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 dekabr tarixli 2-2(103)-1255/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. Vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra – Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün Cavabdeh (bundan sonra – cavabdeh) əmlakının siyahıya alınmasına dair 2020-ci il 2 noyabr tarixli, **********6 nömrəli “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərar qəbul olunmuşdur. 2. “Vergilər, faizlər və maliyyə sanksiyaları ü zrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 2020-ci il 3 noyabr tarixli, **********6 saylı protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 15.000 manat məbləğində qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakı siyahıya alınmışdır. 3. 2021-ci il 29 aprel tarixli, **********915500 nömrəli arayışa əsasən, cavabdehin 2021-ci il 28 aprel tarixə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu mövcud olmamışdır. 4. 2021-ci il 5 avqust tarixli, **********205800 nömrəli arayışa görə, cavabdehin 2021-ci il 3 avqust tarixə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu mövcud olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra- iddiaçı) cavabdehə qarşı 2021-ci il 21 iyun tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 2 iyun tarixinə qeyd olunan borc məbləğindən, dövlət büdcəsinə ödənilməmiş 14.514,92 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. Bu səbəbdən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 2020ci il 2 noyabr tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 2020-ci il 2 noyabr tarixə yaranan 230.628,27 manat borcuna görə 15.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 2020-ci il 5 noyabr tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 2020-ci il 13 noyabr tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 2020-ci il 2 noyabr tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 14.514,92 manat ödənilməmiş vergi borcu qalmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi VM-in 1.4, 70.2, 89.1-ci maddələrinə istinad edilmişdir.

8. İddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 avqust tarixli, e-2-2(113)-3229/2021 saylı qərardadı ilə iddia rədd edilmişdir (hakim – Z.Pirverdiyev).

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu olmadığından iddia tələbi təmin olunmamalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə, Vergi Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 90.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli 22(103)-1255/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

14. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmə araşdırmasının predmeti mövcud olmayan vergi borclarının ödən ilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının özünün 2021-ci il 29 aprel və 2021-ci il 5 avqust tarixli arayışları ilə həm iddia qaldırılmamışdan həm də iddia qaldırıldıqdan sonra cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcunun olmadığı müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində 110.705 manat məbləğində ödənilməli borcu kameral qaydada yoxlanılmalı məbləğ kimi xarakterizə etmişdir ki, bu isə mövcud borc demək deyildir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Vergi Məcəlləsinin 16.1.1, 23.1.8, 65.1, 78.1, 89.1, 90.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2022-ci il 5 yanvar tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

17. Həmin qətnamədən iddiaçı 2022-ci il 25 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Vergi Məcəlləsinin 89.1, 89.4, 23.1.15-1-ci maddələrinin tələbi pozulmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən də göründüyü kimi cavabdehin 110.705 manat məbləğində ödənilməli borcu mövcuddur. Cavabdeh riskli vergi ödəyiciləri qrupuna aid olduğundan, borc üzrə yuxarı vərəqədə göstərilən azalma təsdiq edilməmiş, kameral yoxlanılmalı məbləğ kimi saxlanılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fakt iki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;...” “Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;...” “Maddə

65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir....” “Maddə

78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir....” “Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər....” “Maddə

90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər....”

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayc an Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş q aydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.

25. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, cavabdeh riskli vergi ödəyiciləri qrupuna aid olduğundan, borc üzrə yuxarı vərəqədə göstərilən azalma təsdiq edilməmiş, kameral yoxlanılmalı məbləğ kimi saxlanılmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdehin kameral qaydada yoxlanılmalı məbləğ kimi 110.705 manat məbləğində borcu mövcud olmuşdur.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutl ar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni məna felərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.

32. İddiaçının kassasiya şikayətinin dəlili onun apellyasiya şikayətinin dəlili ilə eynilik təşkil etmiş və göstərilən dəlilə münasibətdə məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

33. Belə ki, iddiaçı tərəfindən verilmiş 2021-ci il 29 aprel və 2021-ci il 5 avqust tarixli arayışlarında həm iddia qaldırılarkən, həm də iddia qaldırıldıqdan sonra cavabdehin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcunun olmadığı göstərilmişdir. İddiaçı cavabdehin 110.705 manat məbləğində ödə nilməli borcunun mövcud olduğunu qeyd etməklə yanaşı həmin borcun kameral qaydada yoxlanılmalı məbləğ kimi saxlanıldığını göstərmişdir. Halbuki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir. Həmçinin, iddia ərizəsində göstərilənlərə əsasən iddiaçı tərəfindən cavabdehin 14.514,92 manat məbləğində vergi borcuna görə 15.000 manat məbləğində əmlakının siyahıya alınması nəzərə alındıqda, hazırda cavabdehin 110.705 manat vergi borcunun mövcud olması inandırıcı görünmür.

34. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.1, 76.2-ci maddələri).

35. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

36. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

38. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli, 2-2(103)-1255/2021 saylı saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 dekabr tarixli, 22(103)-1255/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar