Məhkəmə qərarları › İş №2-2(102)-293/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-293/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-293/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-293/2021 Bakı şəhəri 2021-ci il 11 avqust Açar sözlər: kredit xətti müqaviləsi üzrə əsas borc, faiz və cərimə borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər Şamayev Elşad Yaquboviç oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin vəkili Cavabdeh2 iştirakı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə qarşı “borcun tut ulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 mart tarixli 2-2(105)-8/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2015-ci il 22 may tarixdə İddiaçı ASC-“borcverən” və Cavabdeh1 MMC-“borcalan” olmaqla KXM 01 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 12 (on iki) ay müddətinə, yəni 2016-cı il 22 may tarixinədək illik faiz dərəcəsi 18 faiz olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “borcalan” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 22-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə 2016-cı il 22 may tarixi nədək tam şəkildə “borcverən”ə qaytarmalıdır. Müqavilənin 5.3-cü bəndinə əsasən, “borcalan” kredit xətti və ona hesablanmış faiz məbləğinin ödənilməsinin müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə, “borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 faizi miqdarında “borcalan”a cərimə tətbiq edir.

2. İddiaçı tərəfindən tərtib edilmiş 2019-cu il 2 may tarixli, **********393 saylı maliyyə arayışına əsasən, “borcalan” cavabdehin 2015-ci il 22 may tarixli, 01 saylı kredit xətti müqaviləsi üzrə banka 2019-cu il 30 aprel tarixinə 247.595,50 manat əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 2016-cı il 22 may tarixinə hesablanmış 29.017,79 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz h esablanmış 36.384,62 manat faiz borcu və müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118.046,92 manat cərimə borcu olmaqla – cəmi 431.011,83 manat məbləğində borcu vardır. 3. 2016-cı il 18 yanvar tarixdə İddiaçı ASC – “borcverən” və Cavabdeh1 MMC – “borcalan” olmaqla 04 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 4 ay müddətinə, yəni 2016-cı il 18 may tarixinədək illik faiz dərəcəsi 18 faiz olmaqla 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “borcalan” kredit xətti üzrə istifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 18-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə 18 may 2016-cı il tarixinədək tam şəkildə “borcverənə” qaytarmalıdır. Müqavilənin 5.3-cü bəndinə əsasən, “borcal an” kredit xətti və ona hesablanmış faiz məbləğini müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə ödəmədikdə “borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36 faizi miqdarında “borcalan”a cərimə tətbiq edir.

4. İddiaçı tərəfindən tərtib edilmiş 2019-cu il 2 may tarixli, **********394 nömrəli maliyyə arayışına əsasən, “borcalan” cavabdehin 2016-cı il 18 yanvar tarixli, 04 saylı kredit xətti müqaviləsi üzrə banka 2019-cu il 30 aprel tarixinə 150.000 ABŞ dolları əsas borc, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 2016-cı il 18 may tarixinə hesablanmış 8625 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış 22.089,60 ABŞ dolları faiz borcu və müqavilə üzrə borcun gecikdirildiyinə görə h esablanmış 96.300 ABŞ dolları cərimə borcu olmaqla – cəmi 277.014,60 ABŞ dolları məbləğində borcu vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 5. 2019-cu il 17 may tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) Cavabdeh1 MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2016-cı il 18 yanvar tarixli, 04 saylı kredit xətti müqaviləsi üzrə 150.000 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 2016-cı il 18 may tarixinə 8.625 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 22.089,60 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə 96.300 ABŞ dolları olmaqla cəmi 277.014,60 ABŞ dolları vəsaitin, 2015-ci il 22 may tarixli, 01 saylı kredit xətti müqaviləsi üzrə 247.595,50 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 2016-cı il 22 may tarixinə 29.017,79 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 36.384,62 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 118.046,92 manat cərimə borcu olmaqla ümumilikdə 431.044,83 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Sumqayıt filialı ilə cavabdeh arasında 2016-cı il 18 yanvar t arixli, 04 saylı və 2015-ci il 22 may tarixli, 01 saylı kredit müqavilələri bağlanmışdır. 2016-cı il 18 yanvar tarixli müqaviləyə əsasən cavabdehə 4 ay müddətinə, faiz həcmi 18 faiz olmaqla 150.000 ABŞ dolları məbləğində, 2015-ci il 22 may müqaviləyə əsasən isə, 12 ay müddətinə, faiz həcmi 18 faiz olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin tələblərinə görə cavabdeh kredit qrafikinə əsasən ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh kredit borcu və müəyyən edilmiş faizlər üzrə ödənişlər aparmamış, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385, 442, 113-118, 445.7, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə istinad etmişdir. 8. 2019-cu il 19 iyun tarixdə cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı borc məbləğini əsassız olaraq şişirdərək cavabdeh tərəfindən edilmiş ödənişlərin bir hissəsini cərimə faizinə hesablayaraq silmişdir. Belə ki, cavabdeh tərəfindən mübahisəli kredit müqavilələri üzrə 2016-cı ildə 20.000 manat, 2017-ci ildə 165.015,73 manat, 2018-ci ildə 197.000 manat, 2019-cu ilin ilk dörd ayında isə 64.000 manat məbləğində olmaqla ümumilikdə 404.015,73 manat məbləğində ödənişlər edilmiş, bank isə həmin vəsaitləri əsassız olaraq cərimə faizi borcu kimi silmişdir. İddiaçı tərəfindən külli miqdarda faiz və cərimə borcu hesablansa da, dəbbə və gecik mə faizi kimi göstərilən məbləğlər üzrə hesablanmış borcun yaranma əsasları göstərilməmişdir.

9. Həmçinin, kredit müqavilələrinin müddətləri 2016-cı ilin may ayında başa çatsa da, iddiaçı yalnız 2019-cu ildə məhkəmə qarşısında iddia qaldırmaqla cərimə faizlərinin şişirdilməsinə çalışmışdır. Halbuki, cavabdehin dövlət sifarişlərinin dəyərinin vaxtında ödənilməməsi səbəbindən kredit borclarının ödənilməsində çətinlik yaranmış və bununla bağlı individual ödəniş cədvəlinin tərtib edilməsi üçün banka müraciət edilmişdir. Banklar haqqında qanunvericiliyin tələblərinə əsasən, bankdaxili qaydalarda kreditlərin ödənilməsi müddətinin uzadılmasına dair ümumi şərtlər müəyyən edilməli və kredit müqaviləsində öz əksini tapmalıdır. İddiaçı isə buna əməl etməmiş, həmçinin cavabdehin bununla bağlı müraci ətlərini cavabsız qoymuşdur.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 iyul tarixli, e-2-2(085)316/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim Vəfa Əzizova).

11. Məhkəmə-mühasibatlıq ekspertizasının 2020-ci il 25 fevral tarixli, 20534 saylı ekspert rəyinə əsasən, “borcverən” iddiaçı ilə “borcalan” cavabdeh arasında bağlanmış 2015-ci il 22 may tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun 2019-cu il 30 aprel tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə 187.273,91 manat və 5 faizlə birlikdə hesablanmış cəmi 2109,62 manat məbləğində faiz borcu olmaqla, cəmi 189.383,53 manat məbləğində borcu vardır. “Borcverən” iddiaçı ilə “borcalan” cavabdeh arasında bağlanmış 2016-cı il 18 yanvar tarixli, 04 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun 2019-cu il 30 aprel tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə 150.000 ABŞ dolları və 5 faizlə birlikdə hesablanmış cəmi 30.600 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 180.600 ABŞ dolları məbləğində borcu vardır.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 7 avqust tarixli, e-2-2(119)12/2020 saylı qətnaməsi ilə iddia qismən – cavabdehdən 2015-ci il 22 may tarixli, 1 saylı kredit xətti müqaviləsi üzrə 187.273,91 manat məbləğində əsas borcun, 2019-cu il 30 aprel tarixə hesablanmış (5 faizlə birlikdə) 2109,62 manat məbləğində faiz borcunun və 20.000 manat məbləğində olmaqla cəmi 209.383,53 manat məbləğində borcun, 2016-cı il 18 yanvar tarixli, 4 saylı kredit xətti müqaviləsi üzrə 150.000 ABŞ dolları məbləğində əsas borc, 2019-cu il 30 aprel tarixə hesablanmış (5 faizlə birlikdə) 30.600 ABŞ dolları məbləğində faiz borcu və 10.000 ABŞ dolları məbləğində cərimə olmaqla – ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 190.600 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmişdir (hakim Zülfüqar Sadiqov).

13. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh kredit xətti müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıya ödənilməli olan əsas borcları və hesablanmış faizləri müvafiq qaydada ödəməmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və cavabdehdən tutulmalı olan borcun miqd arı ekspert rəyi ilə müəyyən edilmiş həddə müəyyən edilməlidir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MM-in 739.1, 739.2, 385.1, 425.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 467, 439.1, 439.2, 373.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Məhkəmənin qətnaməsindən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun qismən ləğv, iddia tələblərinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2020-ci il 16 noyabr tarixli, 2-2(105)-101/2020 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (sədrlik edən hakim Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Elman Əhmədov). 18. 2021-ci il 22 fevral tarixli 9/5371 saylı ekspert rəyinə əsasən, “borcverən” iddiaçı ilə “borcalan” cavabdeh arasında bağlanmış 2015-ci il 22 may tarixli, 1 saylı kredit xətti müqaviləsi üzrə sonuncunun 2019-cu il 30 aprel tarixinə (iddia ərizəsində iddiaçı tərəfindən tələb olunan borcun hesablandığı tarixə) əsas borc üzrə 187.273,91 manat və 5 faizlə birlikdə hesablanmış, cəmi 2109,62 manat məbləğində faiz borcu olmaqla, cəmi 189.383,53 manat məbləğində borcu vardır.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli, 2-2(105)-8/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 2015-ci il 22 may tarixli, 1 saylı kredit xətti müqaviləsi üzrə 20.000 manat məbləğində cərimənin tutulması hissəsində dəyişdirilmiş, həmin müqavilə üzrə cavabdehdən tutulacaq məbləğ 10.000 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 2016-cı il 18 yanvar tarixli, 4 saylı kredit xətti müqaviləsi üzrə 10.000 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsində dəyişdirilmiş, həmin müqavilə üzrə tutulacaq dəbbə borcu 5000 ABŞ dolları məbləğində müəyyən edilmişdir (sədrlik edən Zaur Məmmədov, hakimlər Telman Məmmədov və Səyyad Qafari).

20. Apellyasiya instansiyas ı məhkəməsi bildirmişdir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən, dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Hazırki halda, iddiaçının müqavilə müddəti üzrə hesabladığı cərimənin məbləği əsas və faiz borcunun məbləğinin təxminən yarısı qədər olmuşdur. Cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənişlər olunduğundan məhkəmə müqavilələrin qüvvədə olduğu 1 il 4 ay müddətində gecikdirilən günlər üçün 10.000 ABŞ dolları və 20.000 manat cərimənin hesablanmasının ağlabatan olmaması nəticəsinə gəlmiş və tənasübsüz surətdə yüksək olan cərimə məbləğini 5000 ABŞ doll arı və 10.000 manat məbləğində azaltmışdır.

21. Məhkəmə kollegiyası cavabdehin məhkəmə prosesində iştirakı olmadan iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün 2020-ci il 7 avqust tarixə təyin edilmiş məhkəmə iclası ilə bağlı bildiriş 2020-ci il 23 iyul tarixdə cavabdehin nümayəndəsi Fidan Həbibova tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 739.1, 739.2, 385.1, 425.1, 427.3, 448.1, 442, 445.1, 445.2, 445.2.1, 462.1, 467, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Apellyasiya m əhkəməsinin qətnaməsi 2021-ci il 7 aprel tarixində cavabdehə, 2021-ci il 9 aprel tarixdə iddiaçıya təqdim edilmişdir.

24. Həmin qətnamədən iddiaçı 2021-ci il 5 may tarixində kassasiya şikayəti verməklə qətnamənin kredit müqavilələri üzrə faiz və cərimə borclarının, həmçinin 1 saylı kredit xətti müqaviləsi üzrə əsas borcun təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının qətnaməsindən cavabdeh 2021-ci il 4 may tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsini və tələb olunan cərimə məbləğlərinin azaldılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri

26. Məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən aparılmış ödənişlər qanunvericiliyin tələbinə uyğun olaraq faizdən silinmiş, hər ödənilmiş məbləğ üzrə faizdən silindikdən sonra qalan məbləğ isə əsas borcdan silinmişdir. Belə ki, qanunvericilik də öhdəliyin icrası zamanı borcun ödənilməsi üçün yetərli olmayan məbləğin əvvəlcə xərclərdən, daha sonra faizlərdən və nəhayət əsas borcdan silinməsini nəzərdə tutmuşdur. Lakin ekspert tərəfindən rəy tərtib olunarkən qanunvericiliyin bu göstərişi nəzərə alınmamış, məhkəmə isə düzgün tərtib olunmamış 2020-ci il 25 fevral tarixli ekspert rəyinə istinad etməklə qətnamə qəbul etmişdir.

27. Həmçinin, tərəflər arasında bağlanmış kredit xətti müqavilələrinə əsasən, borcalan kredit xətti üzrə ist ifadə edilmiş vəsaitə hesablanmış faizləri hər ayın 18-dən gec olmayaraq, kredit xətti üzrə istifadə edilmiş vəsaiti isə 2016-cı il 18 may tarixədək tam şəkildə borcverənə qaytarmalıdır. Faiz məbləği müqavilənin tələbinə uyğun şəkildə ödənilmədikdə, borcverən gecikdirilmiş hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 36% miqdarında borcalana cərimə tətbiq edir. Məhkəmə müqavilənin göstərilən tələblərini də nəzərə almamışdır.

28. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MPMin 63.4-cü maddəsinə istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəliləri

29. Məhkəmə araşdırması zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğlərinin iddiaçı tərəfindən tələb olunan məbləğlərdən kəskin şəkildə fərqli olması iddiaçı tərəf indən hər-hansı hesablamanın aparılmadığını və cavabdehdən şişirdilmiş əsassız vəsaitin tələb olunduğunu sübut edir. Belə ki, ekspert rəyi ilə 2015-ci il 22 may tarixli, 4 saylı kredit xətti müqaviləsi üzrə faiz borcunun 2109,62 manat olması, 2016-cı il 18 yanvar tarixli, 1 saylı kredit xətti üzrə isə faiz borcunun 3.600 ABŞ dolları olması müəyyən edildiyi halda, məhkəmə cavabdehdən müvafiq olaraq 10.000 manat və 5.000 ABŞ dolları məbləğində tənasübsüz dərəcədə yüksək cərimənin tutulmasına dair düzgün olmayan nəticəyə gəlmişdir.

30. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 15 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına və Azərbayca n Respublikası MPM-in 4.1, 14.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, cavabdehin kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir, yalnız apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cav abdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələb olunan cərimə məbləğlərinin azaldılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

33. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (MPM-in 415.3-cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

35. İş üzrə tərəflər apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlə ndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər m üqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql a icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tər əfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənil dikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şər tləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 15 iyul tarixli Qərarında nəzərdə tutulmuşdur: “... məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır.... Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir.... Qeyd olunduğu kimi, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbayca n Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin X hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər....”

39. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədl əri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə iddia olunun əsas və faiz borcunun miqdarının müəyyən edilməsi üçün birinci instansiya məhkəmə si tərəfindən, eləcə də iddiaçının vəsatətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş, iddia tələbi əsas və faiz borcuna münasibətdə həmin rəylərlə müəyyən edilmiş məbləğlər həddində təmin edilmişdir.

42. İddiaçı kassasiya şikayətində həmin rəylərlə razılaşmadığını göstərsə də, işin materiallarından görünür ki, işə mahiyyəti üzrə baxılarkən həmin rəylərin mötəbərliyini şübhə altına alan sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.

43. Cərimə borcunun tutulması tələbi üzrə həm iddiaçının, həm də cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsas borc məbləğinə nisbətdə cərimə məbləğini müəyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etm işlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır (bax yuxarıda 37-ci bənd).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (bax yuxarıda 38-ci bənd).

45. Məhkəmə kollegiyası t ərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini və əsas borc məbləğinin 5%-i məbləğində cərimənin tutulmasına dair mövcud məhkəmə təcrübəsini, Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini (bax yuxarıda 30-cu bənd) nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehdən əsas borcun 5%-i həddində cərimənin tutulması Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. 52.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 mart tarixli 2-2(105)-8/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.Y.Şamayev V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar