Məhkəmə qərarları › İş №2-2(102)-294/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-294/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-294/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh1nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin mübahisələndirilməsi, hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı (mübahisə predmeti barədə müstəqil tələ b irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Cavabdeh3) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 yanvar tarixli 22(103)-142/2024 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 29 yanvar tarixli 2(103)-492/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2ndən LPO QSC “Bank Standard" KB-nin xeyrinə 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 70.000 manat cərimə borcu olmaqla, cəmi 3.564.376,63 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödə nilmiş 237 manat dövlət rüsumları tutulmuş, ipoteka predmetləri olan digər əmlaklarla yanaşı X4 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinin ilkin satış qiyməti 150.000 manat və Cavabdeh2nə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə, tutma həmin daşınmaz əşyalara yönəldilmiş, adları çəkilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına LPO QSC "xxxx" KB-nin təmin edilmiş tələblərin ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamə əsasın da verilmiş icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 2021-ci il 22 yanvar tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 3. 2021-ci il 14 aprel tarixli (məktuba düzəliş edilməsi barədə 2021-ci il 19 aprel tarixli) 18814/21-38-7 nömrəli sifariş məktubu ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80.3 kv.m ümumi, 36.2 kv.m əsas, 44.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150.000 manat və Cavabdeh2nə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə açıq hərracda satılması mə qsədi ilə Cavabdeh1 MMC-yə sifariş verilmiş, sonuncu tərəfindən 2021-ci il 12 may tarixinə ilkin hərrac təyin edilmiş, bu barədə “525-ci qəzet”in 2021-ci il 20 aprel tarixli nömrəsində elan dərc olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, 2021-ci il 19 aprel tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən 2021-ci il 12 may tarixə təyin edilmiş ilkin hərracın tarixi 2021-ci il 17 may tarixə keçirilmiş, bu barədə “525-ci qəzet”in 2021-ci il 21 aprel tarixli nömrəsində elan dərc edilmiş, Cavabdeh3 2021-ci il 17 may tarixli hərracda iştirak etmək üçün 2021-ci il 16 may tarixdə 272.500 manat beh ödəmiş, onunla 2021-ci il 16 may tarixli hərracda iştirak üzrə müqavilə bağlanmış, həmin şəxs hərracda iştirak hüququ əldə etmiş, 2021-ci il 17 may tarixli hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmiş, Cavabdeh3 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması qərara alınmış, Cavabdeh3 2021-ci il 1 iyun tarixdə ərizə ilə müraciət edərək, beh məbləğinin "xxxx" ASC-də yerləşən cari hesabına köçürülməsini xahiş etmiş, 272.500 manat pul Cavabdeh1 MMC-nin hesabına mədaxil edilərək Cavabdeh3 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. LPO "xxxx" KB QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 3 may tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürac iət edərək, cavabdeh tərəfindən Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin satılmasına dair 2021-ci il 17 may tarixdə keçirilmiş hərracın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına (bax – § 1-3) istinad etməklə onunla əsaslandırılmışdır ki, əmlakların satılmasına dair cavabdeh tərəfindən daxil olmuş 50 nömrəli 2021-ci il 19 aprel tarixli hərrac bildirişində beh məbləğinin ödəniləcəyi bank hesabı qeyd olunmuş, həmçinin hərrac bildirişində, hərracın keçirilməsinə dair “525-ci qəzet”in 2021-ci il 20 aprel tarixli buraxılışında da hərrac mərkəzinin behin ödənilməsinə dair depozit hesabı qeyd edilmişdir. Yəni bildirişdə və qəzetdə qeyd olun ub ki, hərracda iştirak etmək üçün müvafiq sənədlər (fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənəd, hərrac mərkəzinin depozit hesabına behin köçürülməsini təsdiq edən sənəd) hərracın başlanmasına ən geci bir iş günü qalanadək təqdim olunmalıdır. Qəzetdə və bildirişdə qeyd olunan hesaba isə X2 (kimliyi onlara bəlli olmayan şəxs) tərəfindən beh məbləği 2021-ci il 1 iyun tarixdə saat 09:33:23 radələrində, yəni hərracın keçirilməsindən 15 gün sonra ödənilmişdir. Beh məbləğinin bank hesabına ödənildiyi gün, yəni 2021-ci il 1 iyun tarixdə beh verən X1 (bundan sonra – “Cavabdeh3”) tərəfindən hərrac mərkəzinə ərizə ilə müraciət olunaraq beh məbləğinin geri qaytarılması xahiş edilmiş və həmin tarixdə beh məbləği onun hesabına qaytarılmışdır. Göründüyü kimi beh məbləği hərracın keçirilməsindən 15 gün sonra hərrac mərkəzinin hesabına ödənilmiş və həmin gün məbləğ geri qaytarılmışdır. Həmçinin iddiaçının nümayəndəsi hərrac keçirilən gün hərrac mərkəzində olsa da, qeyd olunan əmlakla bağlı beh verənin olmadığı ona bildirilmişdir. Cavabdeh tərəfindən 2021-ci il 17 may tarixdə ilkin satış qiyməti ilə hərraca çıxarılan və satışı baş tutmayan daşınar və daşınmaz əmlakların siyahısı “525-ci qəzet”in 2021-ci il 20 may tarixli buraxılışında dərc edilmişdir. Əgər sözügedən əmlak kompleksinin satılması üçün təşkil olunmuş hərracda iştirak etmək üçün Cavabdeh3 tərəfindən bildirişdə və elanda qeyd edilmiş qaydada beh məbləği ödənilsəydi, həmin qəzetdə hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldiyi üçün satışı baş tutmayan daşınmaz əmlak kimi dərc etməli idi. Habelə, həmin kompleksi n satılması üçün 2021-ci il 9 iyun tarixinə təyin edilmiş hərracda satış qiyməti ilkin qiymətindən 15% az olmamalı idi. 2021-ci il 17 may tarixdə, yəni hərrac keçirilən gün tərtib edilmiş gündəlik məsələyə dair 50 nömrəli protokolda hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan olunması, 1 №-li alıcı Cavabdeh3 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması və bununla əlaqədar lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. 1 №-li alıcı Cavabdeh3 beh məbləğinin geri qaytarılmasına dair ərizə ilə hərrac təşkilatına 2021-ci il 1 iyun tarixdə (beh məbləğinin bank hesabına ödənildiyi gün) müraciət edərkən səhhətində yaranmış problemi əsas gətirərək ərizəni gec yazdığı nı qeyd etmişdir. Əgər Cavabdeh3 2021-ci il 17 may tarixdə hərrac təşkilatında alıcı kimi iştirak etsəydi, behin geri qaytarılmasına dair ərizəni də hərrac keçirilən gün yazmalı idi. Buradan da görünür ki, Cavabdeh3 tərəfindən həmin əmlakın satışında iştirak etmək üçün qanunda nəzərdə tutulmuş qaydada beh məbləği ödənilməmiş və hərrac təşkilatında alıcı kimi iştirak etməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, 2021-ci il 17 may tarixli hərrac qanunvericiliyin tələblərinə və hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib.

6. Əlavə olaraq iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hərracın etibarsızlığı tələblərinin əsasını həmçinin hərrac təşkilatının rəsmi internet saytında elanın dərc olunmaması, qəzetdə elan dərc edilməmişdən əvv əl bildirişin göndərilməsidir. Belə ki, “İpoteka haqqında” Qanunun tələbinə əsasən hərrac barədə hərrac təşkilatının rəsmi internet saytında elan dərc olunmalı, həmçinin mediada və rəsmi internet saytında elan dərc edildikdən sonra ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərilməlidir. Lakin bildiriş 2021-ci il 19 aprel tarixdə tərtib olunmuş, qəzetdə isə 2021-ci il 20 aprel tarixdə dərc olunmuşdur. Bildirişin özündə də yazılmışdır ki, 2021-ci il 20 aprel tarixdə elan dərc edilmişdir.

7. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, hərracın keçirilməsi ilə bağlı tərəflərə bildirişlər göndərilmiş və bununla yanaşı kütləvi informasiya vasitələrində də elan verilmişdir. Bildirişlər 19 aprel tarixə verilmiş, elan da 19 apreldə verilməsinə baxmayaraq, 5-ci günə düşmüş və 20 apreld ə elanlar qəzetdə yerləşdirilmişdir. Həmin vaxt internet saytlarında profilaktik iş aparıldığı üçün elanları öz saytlarında dərc etdirə bilməmiş və digər elan saytında yerləşdirmişlər. Cavabdeh3 hərracda iştirak üçün müraciət etmiş və hərracda iştirak üzrə müqavilə bağlanmışdır. Cavabdeh3 hərracda iştirak etmiş, onun bank hesabı olmadığı üçün behin qaytarılması yubanmışdır. Beh məbləği kassa vasitəsi ilə daxil olmuş, beh verənə mədaxil qəbzi təqdim olunmuşdur. Cavabdeh3 səhhətində problem olduğu üçün xahiş etmiş, onlar da pulu həmin şəxsin bank hesabına köçürmüşlər. 2021-ci il 1 iyun tarixli qəbzdə adı qeyd olunan X3 hərrac təşkilatının mühasibidir.

8. Üçüncü şəxs Cavabdeh2 nümayəndəsi iddiaya etiraz etmişdir.

9. Üçüncü şəxs Cavabdeh3 da iddiaya etiraz etmiş və bildirmişdir ki, o, hərrac b arədə üçüncü bir şəxsdən məlumat almış, həmin vaxt bir neçə əmlakını satdığı üçün bir istiqamətdə bizneslə məşğul olmaq istəmişdir. Köməkçisini əmlak kompleksinə baxmaq üçün göndərmiş, o isə əmlakın əlverişli qiymətə olduğunu, müəssisənin işlək olduğunu, fəaliyyətə başlaması üçün çox xərc tələb olunmayacağını bildirmişdir. Behi ödəmiş, hərracda iştirak etmiş, hərrac baş tutmamışdır. Elə hesab etmişdir ki, ikinci dəfə hərracda iştirak edəcək. Lakin sonradan bilmişdir ki, müəssisənin fəaliyyətə başlaması üçün çox xərc lazımdır, ona görə də behin geri qaytarılması üçün ərizə ilə müraciət etmiş, beh qaytarılmışdır. Həmin vaxt səhhətində yaranmış problemə görə ərizə ilə gec müraciət etmişdir. Behin hərrac təşkilatına ödənildiyi tarix qəbzdə qeyd olunan tarixdir. Prosedur qaydaları yaxşı bilmədi yi üçün behi nağd qaydada ödəmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 oktyabr tarixli e-2-2(113)2727/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Əhmədova).

11. Birinci instansiyası məhkəməsi əvvəla, iddiaçının nümayəndələrinin hərrac keçirilən gün hərrac mərkəzində olması və adıçəkilən əmlakla bağlı beh verənin olmadığı barədə bildirdikləri ilə bağlı qeyd etmişdir ki, həmin hal hər hansı sübuta əsaslanmayan iddiaçı tərəfin formal mülahizələrdən ibarətdir. Həmçinin “İpoteka haqqında” Qanunun 42.3 və 42.4-cü maddəsinə əsasən ipoteka saxlayanın hərracda alıcı qismində iştirak edə bilməsi və beh ödəməkdən azad olunduğu nəzərə alındıqda iddiaçının (ipoteka saxlayanın) nümayəndəsinin hərrac mərkəzində olduğu halda hərracda iştirak etməməsi istinad etdiyi halla ziddi yyətdədir.

12. Bundan başqa iddiaçının ikinci hərrac barədə dərc olunan 2021-ci il 20 may tarixli elanda əmlakın 15% aşağı qiymətlə hərraca çıxarılmasının birinci hərracda iştirakçı olmadığı qənaətinə gəlməyə əsas verməsinə dair mövqeyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan digər sübutlarla təsdiq olunmamaqla birlikdə bu hal etibarsızlığı tələbi irəli sürülən hərrac keçirildikdən sonraya aid haldır və hərracın təşkilatçısının ipoteka predmetini qanunazidd olaraq daha aşağı qiymətlə təkrar hərraca çıxarması əvvəlki hərracın keçirilməsi ilə bağlı qaydalara aid olan məsələ deyildir, əvvəlki hərracın etibarsızlığına səbəb ola bilməz.

13. Eyni zamanda iddiaçı behin ödənilməsi qaydasının pozulduğunu qeyd edir və bunu onunla əsaslandırır ki, beh məbləği bildirişdə və elanda qeyd olunan bank hesabına kimliyi onlara bəlli olmayan X2 tərəfindən hərracın keçirilməsindən 15 gün sonra ödənilmişdir və X1 2021-ci il 17 may tarixdə hərrac təşkilatında alıcı kimi iştirak etsəydi behin geri qaytarılmasına dair ərizəni də hərrac keçirilən gün yazmalı idi, lakin 2021-ci il 1 iyun tarixdə yazmışdır.

14. İşin müəyyən edilən halına əsasən Cavabdeh3 2021-ci il 17 may tarixli hərracda iştirak etmək üçün 2021-ci il 16 may tarixdə 272 500 manat beh ödəmiş, behin ödənilməsi hərrac təşkilatçısı tərəfindən kassa mədaxil orderi ilə rəsmiləşdirilmiş, onunla 2021-ci il 16 may tarixli hərracda iştirak üzrə müqavilə bağlanmışdır. Göründüyü kimi, beh məbləği hərrac keçirilməmişdən 1 gün əvvəl ödənilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində müəy yən edilmiş hərracın keçirilməsinə dair elanda və bildirişdə behin ödənilməsi qaydası barədə məlumatın təsbit olunması tələbi hərracda iştirak etmək istəyən şəxslərin hüquqlarının təminatına yönəlmiş tələbdir və cavabdeh tərəfindən qeyd olunan tələbə əməl olunaraq bu barədə məlumat elan və bildirişdə təsbit olunmuşdur. Eyni zamanda həmin maddədə qeyd olunmuşdur ki, hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, behin ödənilməsi tələbinin müəyyən edildiyi bu normada qayda müəyyən edilməmiş, hüquqların müdafiəsi baxımından behin ödənilməli olması təsbit olunmuşdur. Hazırkı iş üzrə hərracın iştirakçısı beh məbləğini ödəmişdir. Behin bank hesabına deyil, hərrac təşkilatına nağd qaydada ödənilməsi behin ödənilməsi faktını inka r etməyə əsas verə bilməz. Behin geri alınması ilə bağlı iddiaçının bildirdiklərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 7 təqvim günü müddətində geri qaytarılır. Bu qayda beh verənin hüquqlarının müdafiəsinə yönələn qaydadır və beh verən tərəfindən ərizə ilə müraciət olunması əsasından asılı edilməmişdir. 2021-ci il 17 may tarixli 50 nömrəli protokolundan da görünür ki, 1 №-li alıcı Cavabdeh3 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması qərara alınmışdır. Belə olan halda beh verənin hüququndan vaxtında (7 gün müddətində) istifadə etməyərək behin qaytarılması üçün sonradan müraciət etməsi hərracın keçirilməsi qaydasının pozulması kimi qiymətləndirilə bil məz. Təqdim olunan sübutlardan da görünür ki, hərracın iştirakçısı behin bank hesabına qaytarılmasını xahiş etmiş, beh məbləği hərrac təşkilatçısının hesabına mədaxil olunaraq köçürmə yolu ilə beh verənə qaytarılmışdır.

16. Məhkəmə qəzetdə elan dərc edilməmişdən əvvəl hərrac barədə bildirişin göndərilməsi, bununla da “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinin pozulması barədə iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan normada elan və bildirişin məzmununa dair tələblər eyni olmaqla hərracın vaxtı, yeri, keçirilmə qaydası və s. məlumatların əks olunmasını nəzərdə tutur və “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipot eka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” müddəası elan və bildirişin məzmununa dair tələblərlə qarşılıqlı təhlil olunmalıdır. Bu zaman aydın olur ki, “bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” tələbi dərc olunan elan barədə bildirişi deyil, məhz hərracın vaxtı, yeri və s. barədə bildirişin göndərilməsini nəzərdə tutur. Belə olan halda həmin normada elan və bildirişin birinin digərindən əvvəl və ya sonra olması ilə bağlı tələbin qoyulmadığı aydın olur. Odur ki, iddiaçının qeyd olunan dəlili də əsassızdır.

17. Hərrac təşkilatının rəsmi internet saytında hərrac barədə elanın dərc olunmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə qeyd olunan tələbin qoyulması hərrac barə də məlumatın şəxslərə çatımlılığını təmin etməkdir. Cavabdeh rəsmi internet saytında profilaktik iş aparıldığı üçün elanı orada dərc edə bilmədiklərini qeyd etmişdir. Bununla bərabər, hərrac barədə mediada (qəzetdə) elan dərc edilmiş, hərracın iştirakçısı da olmuşdur. Həmçinin ipoteka qoyana, ipoteka saxlayana hərrac barədə lazımi qaydada məlumat verilmişdir. Hərracı ipoteka saxlayanın mübahisələndirdiyi, onun isə hərrac barədə məlumatlı olması nəzərə alındıqda qeyd olunan halın ipoteka saxlayanın hansı hüququnu pozduğu məhkəməyə aydın deyildir. Bu zaman məhkəmə həm də nəzərə almışdır ki, ipoteka saxlayanın öz hüququnun müdafiəsi üçün irəli sürdüyü iddia məhz hərracın iştirakçısı olan üçüncü şəxsin hərracda iştirak etməməsinin sübut edilməsi yönündədir. Belə olan halda qeyd olunan elanın h ərrac təşkilatının rəsmi internet saytında dərc edilməməsini iddiaçının hüquq və mənafelərinə toxunub-toxunmaması baxımından qiymətləndirdikdə məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının hüquq və mənafelərinin müdafiəsi baxımından qeyd olunan hal hərracın etibarsızlığına səbəb olan hal kimi şərh oluna bilməz.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317.2, 415.1, 415.2, 416.1 və 416.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 42.2, 42.3, 42.4, 43.1, 44-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119, 218.3-cü, maddələrinə istinadən əsaslandırmışdır.

19. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-142/2024 nömrəli 2024-cü il 30 yanvar tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax - § 11-17) ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, işin mübahisəsiz halları və iş materiallarında olan sübutlarla hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verilmədiyi müəyyən olunur. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın əsaslığını təsdiqləyən birbaşa sübutlar təqdim olunmamışdır.

22. Məhkəmə vurğulamışdır ki, iddiaçının istinad etdiyi halları təsdiq edən sənədlər dolayı sübutlar kimi qiymətləndirildikdə də iddianın əsaslı olması öz təsdiqini tapmır. Belə ki, yalnız dolayı sübutlar əsasında nəticəyə gəlmək üçün bir yox, bir neçə dolayı sübut olmalıdır, sübutların heç birinin etibarlığı şübhə doğurmamalıdır, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır, bu sübutlar birlikdə dəyərlənməlidir, bu sübutlar birlikdə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır.

23. İddiaçının istinad etdiyi sübutlar isə mübahisələndirilən hərracda iştirakçının olmaması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Ümumiyyətlə, iddiaçının istinad etdiyi hallar yalnız o vaxt iddianın əsaslı hesab edilməsi üçün əsas ol a bilərdi ki, yuxarıda istinad olunan elan, bildiriş, ödəniş və s. sənədlərin saxtalığı müəyyən olunmuş olsun. Lakin həmin hal müəyyən edilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, MM-in 317.2, 415.1, 415.2, 416.1 və 416.2-ci, “İpoteka haqqında” Qanunun 42.1, 42.2, 42.3, 42.4, 43.1, 44-cü maddələrinə istinadla əsaslandırmışdır.

25. İddiaçı LPO "xxxx" KB QSC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 26. “İpoteka haqqında” Qanunun 42-ci maddəsi üzrə - iddia tələblərinin əsasını həmçinin hərrac təşkilatının rəsmi internet saytında elanın dərc olunmaması, qəzetdə elan dərc edilməmişdən əvvəl bildirişin göndərilməsi təşkil edir. Belə ki, əmlak kompleksinin satılmasına dair 2021-ci il 19 aprel tarixli 50 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdə qeyd olunmuşdur ki, 2021-ci il 20 aprel tarixdə (yəni bir gün sonra) “525”-ci qəzetdə elan dərc edilmişdir. Bildirişin özündə də yazılmışdır ki, 2021-ci il 20 aprel tarixdə elan dərc olunmuş, yəni hərracın keçirilməsi ilə bağlı hərrac mərkəzi qəzetdə elan dərc etdirmədən tərəflərə bildiriş göndərmişdir. Həmin bildirişdə və “525”-ci qəzetin 2021-ci il 20 aprel tarixli buraxılışında beh məbləğinin ödənilməsinə dair depozit hesab qeyd edilmiş, lakin Cavabdeh3 tərəfindən həmin hesaba beh məbləği ödənilməmişdir. Hərrac keçirilən günü hərrac təyin olunan saatda iddiaçının nümayəndəsi hərracda işti rak etmiş, lakin hərrac mərkəzi tərəfindən ona beh verənin olmadığı bildirilmişdir. Cavabdeh qeyd edir ki, Cavabdeh3 hərracda iştirak üçün müraciət etmiş və hərracda iştirak üzrə müqavilə bağlanmışdır. Cavabdeh3 hərracda iştirak etmiş, onun bank hesabı olmadığı üçün behin qaytarılması yubanmışdır. Beh məbləği kassa vasitəsi ilə daxil olmuş, beh verənə mədaxil qəbzi təqdim edilmişdir. Cavabdeh3 səhhətində problem olduğu üçün xahiş etmiş, onlar da pulu həmin şəxsin bank hesabına köçürmüşlər. 2021-ci il 1 iyun tarixli qəbzdə adı qeyd olunan X3 hərrac təşkilatının mühasibidir. Sonuncu hərrac təşkilatının əməkdaşı olaraq hərracda birbaşa və ya dolayı yolla iştirak etməsində maraqlarının olmasına şübhə yaradır. O, Cavabdeh3 rekvizitlər təqdim edərək, istənilən banka yaxınlaşıb təşkilatın depoz it hesabına ödəniş edə biləcəyinə istiqamət verə biləcəyi təqdirdə, öz adından kassaya mədaxil etmiş, həmçinin qəbzi əvvəlki tarixə saxtalaşdırmışdır. Cavabdeh3 hərracda iştirak etdiyini, onun bank hesabı olmadığı üçün behin qaytarılmasını yubandırdığını, üçüncü şəxs Cavabdeh3 isə prosedur qaydalarını yaxşı bilmədiyi üçün behi nağd qaydada ödədiyini bildirərək, nəticədə onların ifadələri arasında ziddiyyət yarandığı aşkar edilmişdir. Lakin hərrac mərkəzi tərəfindən iddiaçının nümayəndəsinə beh verənin olmadığı bildirilmişdir. Cavabdeh3 hərracda iştirak etmək üçün istənilən banka müraciət edərək, beh məbləğinin qeyd olunan depozit hesaba ödənişini köçürmə yolu ilə, yəni qanunauyğun edə bilərdi. Cavabdeh3 hərracda iştirak etdiyini qeyd edir, lakin təyin olunan saatda iddiaçının nümayəndəsi h ərracda iştirak etmiş və hərrac mərkəzi tərəfindən ona beh verənin olmadığı üçün hərracın baş tutmadığı bildirilmişdir. Həmçinin Cavabdeh3 hərracda iştirak etmək üçün istənilən banka müraciət edərək, beh məbləğinin qeyd olunan depozit hesaba ödənişini köçürmə yolu ilə, yəni qanunauyğun edə bilərdi. Qeyd olunanlara əsasən hərrac “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələbləri pozulmaqla təşkil olunmuşdur.

27. MPM-in 88, 217, 386, 390-cı maddələri üzrə - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmadan maddi və prosessual hüquq normalarını pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayət inə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. A zərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi... 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Qanununa uyğun olaraq həyata keçirilir”. müvafiq müddəalarında Respublikasının “Maddə

415. Hərracın təşkili və keçirilmə qaydası 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın r əsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir....” “Maddə

416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur”. 32. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra m əmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənil məsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.... 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər.... 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur”. “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet say tında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın....” “Maddə

44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, işə baxan məhkəmələr tərəfindən hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdehlərin mövcud qanunvericiliyin tələblərinin hər hansı bir pozuntusuna yol vermələri müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələnd irilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

39. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

40. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Əlavə olaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın §21-24-də verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq bildirir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə hər hansı dəlilə istinad olunmamış və apellyasiya instansiya məhkəməsi tərəfindən də həmin dəlillərə ətraflı hüquqi qiymət verilmişdir. Odur ki, hazırda həmin hüquqi qiymətləndirmənin təkrarlanmasına lüzum yoxdur.

42. Eyni zamanda həmin məhkəmə iddiaya münasibətdə onun qanuni əsaslarını və tətbiq olunan hüququ da düzgün olaraq müəyyənləşdirmiş, işin hallarını ətraflı təhlil edilmiş, məhkəm ənin gəldiyi nəticə isə kifayət qədər güclü və tutarlı arqumentlərlə əsaslandırılmış, sübutların qiymətləndirilməsi ilə bağlı hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

44. Şər h olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 30 yanvar tarixli 2-2(103)-142/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar