Məhkəmə qərarları › İş №2-2(102)-301/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-301/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı X1 cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, mülkiyyətçiyə dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-9/ 2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Abşeron rayonu Masazır kəndində yerləşən X2 məxsus məqsədli istifadə növü sahibkarlıq (tikinti) olan kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) X1 mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi – **********05; Qeydiyyat nömrəsi – 160606430; Qeydiyyat tarixi – 2006-cı il 27 oktyabr). 2. ünvan 1 ünvandakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (ümumi sahəsi 7.771 kv.m) X1 xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********05 - 12301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 2014-cü il 27 dekabr).

3. İcarəyə verən X3 ilə icarəçi “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2014-cü il 1 fevral tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə”nin: - 1.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi ərazisindəki mülkiyyətində olan 0,75 ha torpaq sahəsindəki Abşeron rayon İcra Hakimiyyəti Başçısının 2011-ci il 29 aprel tarixli 667 saylı Sərəncamı ilə istismara qəbul olunmuş istehsalat və satış kompleksinin yol kənarında yerləşən 1.180 kv.m zirzəmi sahəsi və 2.370,8 kv.m satış pavilyonu (istehsalat və satı ş pavilyonu) olan obyekti icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının xalis məbləği aşağıdakı cədvələ müvafiq olaraq aparılacaqdır: 1) 2014-cü il 1 aprel tarixindən 2015-ci il 1 aprel tarixinədək 2.000 manat; 2) 2015-ci il 1 aprel tarixindən 2016-cı il 1 aprel tarixinədək 3.000 manat; 3) 2016-cı il 1 aprel tarixindən 2017-ci il 1 aprel tarixinədək 4000 manat; 4) 2017-ci il 1 aprel tarixindən 2018-ci il 1 aprel tarixinədək 5000 manat; 5) 2018-ci il 1 aprel tarixindən 2019-cu il 1 aprel tarixinədək 5000 manat - 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasınd a icarəyə verənə ödəməyi öhdəsinə götürür. - 5.1-ci bəndinə əsasən, bu müqavilə 2014-cü il 1 aprel tarixindən qüvvəyə minir və 2019-cu il 1 aprel tarixinədək qüvvədədir.

4. İddiaçı X3 2022-ci il 14 yanvar tarixində cavabdeh “X5” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 2 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1.180 kv.m zirzəmi və 2.370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3.550,8 kv.m sahəsinin cavabdeh “X5” MMC tərəfindən tam şəkildə boşaldılaraq iddiaçı X2 geri qaytarılması, cavabdeh “X5” MMC-dən iddiaçı X1 xeyrinə 2014-cü il 1 fevral tarixli İcarə müqaviləsi üzrə 145.000 manat və 2020-ci il 15 may tarixli icarə müqaviləsi üzrə 30.000 manat olmaq la, cəmi 175.000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin əvəzinin cavabdeh “X5” MMC-dən tutulub iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(119)- 222/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan (iş üzrə əmlak kompleksinin) cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya (iş üzrə iddiaçı) geri qaytarılması, cavabdehdən 2014cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 68.000 manat məbləğində icarə haqqı borcu, 2020-ci il 15 may tarixli icarə müqavi ləsi üzrə ödənilməmiş 30.000 manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 65 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98.465 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, eyni zamanda cavabdehdən (iş üzrə cavabdeh) dövlət rüsumunun qalığı kimi 319 manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 oktyabr tarixli 2-2(105)-80/2022 nömrəli qətnaməsinə əsasən, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edi lməyən 77.000 manat icarə haqqı borcu hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin olunması, cavabdehdən ümumilikdə 145.000 manat iddiaçının xeyrinə tutulması, iddiaçının apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(102)-77/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(105)-80/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar XXXX ünvanında 0.75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 3.550,8 kv.m sahəsi borclu “X5” MMC tərəfindən boşaldılaraq tələbkara təhvil verilmişdir (2023-cü il 18 iyul tarixli aktla). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. X3 (bundan sonra - “iddiaçı”) “X5” MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı 2023-cü il 9 iyun tarixində iddia ərizəsi və 2023-cü il 17 iyul tarixində “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 2014-cü il 1 fevral tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1.180 kv.m zirzəmi, 2.370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3.550,8 kv.m sahəsini (bundan sonra – “əmlak kompleksi”) 2022-ci il 1 yanvar tarixindən 2023-cü il 15 iyul tarixinədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 92.500 manat məbləğində icarə haqqı borcunun və çəkilmiş məhkəmə xərclərinin əvəzini cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü il 1 fevral tarixində bağlanmış qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə (bax § 3) üzrə ödənilməli olan aylıq icarə haqqının məbləği 2017-ci il 1 aprel tarixindən etibarən 5.000 manat müəyyən olunmuşdur. Cavabdeh iş üzrə əvvəlki məhkəmə icraatları nəticəsində qəbul olunmuş məhkəmə aktlarına istinad etməklə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2023-cü il 10 aprel və 2023-cü il 19 aprel tarixlərində icra vərəqələri verilərək icraya göndərildiyini qeyd etmişdir. Cavabdeh icra sən ədinin icrasını hələ də təmin etməmiş və müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edildiyi 2022-ci ilin yanvar ayından etibarən indiyədək icarə obyekti boşaldılmamışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 2022-ci il 1 yanvar tarixindən 2023-cü il 15 iyul tarixinədək olan dövrdə (17 ay) qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış 92.500 manat məbləğində icarə haqqı borcu tutulmalıdır.

11. Cavabdehin nümayəndəsi məhkəmənin baxış iclasında bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi 2014-cü ildən 2019-cü ilədək qüvvədə olub və müqavilə müddəti 4 il əvvəl bitmişdir. Müqaviləyə əsasən, icarə haqqı əvvəl 2.000 manat müəyyən edilib və hər il icarə haqqının qiyməti artaraq 5.000 manata çatıb. İcarəyə verən tərəfindən i carə obyektində işlər görülməsi şərti ilə icarə haqqı məbləğinin artırılması nəzərdə tutulmuşdur. Müqavilə müddəti 2019-cu ildə bitdikdən sonra tərəflər arasında icarə münasibətləri əslində mövcud olmamışdır. Əgər tərəflər arasında icarə münasibətləri olsaydı, bununla bağlı yenidən müqavilə bağlanardı. 2021-ci ilin iyul ayından isə obyektə girişin iki qapısı dəmir barmaqlıqlarla bağlı olduğundan cavabdehin obyektə heç bir formada giriş imkanı olmamışdır.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 11 sentyabr tarixli e-2-2(119)801/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 92.500 manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 92.900 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən dövlət nəfinə 367,50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – H.Alıyeva).

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus əmlak kompleksi 2014-cü il 1 fevral tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqaviləsinə əsasən cavabdehə icarəyə verilmiş, həmin müqavilə 2019-cu il 1 aprel tarixinədək qüvvədə olmuşdur. İcarə müqaviləsinin müddəti bitdikdən sonra sözügedən icarə obyekti cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməmiş və tərəflər arasında icarə münasibətləri obyektin boşaldılaraq təhvil verildiyi 2023-cü il 18 iyul tarixinədək davam etmişdir. Cavabdehin nümayəndəsi izahatında iddiaçının cavabdehə icarə obyektinə daxil olmasına maneələr yaratmasını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qətnaməsində (tərəflər arasındakı əvvəlki mübahisə üzrə çıxarılmış qətnamə - bax § 6) icarə müqaviləsinin müddəti 2019-cu ilin aprel ayında bitsə də, tərəflər arasında icarə münasibətlərinin davam etməsi göstərilmiş və cavabdehdən icarə müqaviləsinin müddətinin bitdiyi 2019-cu ilin aprel ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla hər ay 5.000 manat olmaqla icarə haqqı borcu tutulmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarı (bax § 7) ilə dəyişdirilmədən saxlanılmışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(105)-80/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar əmlak kompleksi borclu tərəfindən 2023-cü il 18 iyul tarixində boşaldılaraq tələbkara təhvil verilmişdir (bax § 8). Bu səbəbdən, hazırkı iddia ərizəsində cavabdehdən icarə obyekti olan əmlak kompleksi kimi müəssisəni 2022-ci il 1 yanvar tarixindən 2023-cü il 15 iyul tarixədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 92.500 manat məbləğində icarə haqqı borcunun tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuş, məhkəmə cavabdehdən 2022-ci il 1 yanvar tarixindən 2023-cü il 15 iyul tarixinədək hər ay 5.000 manat olmaqla hesablanmış 92.500 manat məbləğində icarə haqqı borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbini əsaslı hesab etmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 675, 697.1, 697.2, 700.1, 701.2.4 və 705-ci; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci; “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1 və 119.2-ci maddələri ilə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnaməni ləğv və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-9/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – E.Əhmədov və G.Cabbarova).

19. A pellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdehin apellyasiya şikayətinin aylıq ödəniş məbləğlərinin ekspertiza keçirilmədən müəyyən edilməsinin ciddi prosessual pozuntu olmasına dair dəlilinə münasibətdə isə qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə tələb olunan borcun miqdarının müəyyən edilməsi xüsusi bilik tələb etməyən hal olmaqla, həmin məbləğin sadə riyazi yolla hesablanması mümkündür və iş üzrə ekspertizanın keçirilməsinə zərurət olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi prosessual normaların pozuntusu kimi qiymətləndirilə bilməz. Əsassız ekspertizaların təyin edilməsi işə vaxtında baxılmasına maneə olmaqla, lüzumsuz yerə məhkəmə araşdırmasının davam etməsinə şərait yaradan hal kimi qiymətləndiri lir.

20. Məhkəmə kollegiyası şikayətin eyni predmet və eyni tərəflər arasında əvvəllər mübahisənin olması və məhkəmə tərəfindən artıq bu mübahisəyə qiymət verilməsinə dair dəlili ilə də razılaşmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 oktyabr tarixli e-2-2(105)-80/2022 nömrəli qətnaməsinə istinadən (bax § 6) bildirmişdir ki, icarə obyektinin təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5.000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutulması hissədə iddia tələbi, həmin tələbin qeyri-müəyyən olması əsası ilə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası araşdırılan mübahisə üzrə tələbin cavabdehin şikayətinin dəlilində göstərildiyi kimi eyni predmet və eyni tərəflər arasında eyni mübahisə kimi qiymətləndirilməli olmaması, həmçinin araşdırılan mübahisənin yeni əsasdan (icarə obyektinin 2023-cü il 18 iyul tarixində boşaldılmasından) irəli gəlməsi, icarə haqqının tələb olunduğu dövr dəqiq göstərilməklə irəli sürülməsi və bununla da düzgün olaraq yeni tələb kimi qiymətləndirilməsi nəticəsinə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 675, 697.1, 697.2, 700.1, 701.2.4 və 705-ci; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci; MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 425. 1-ci maddəsi üzrə - İddiaçı icarə obyektini 2021-ci ilin iyul ayından etibarən faktiki olaraq bağlamış və cavabdehin həmin obyektə girişi məhdudlaşdırılmışdır. Belə ki, obyektə girişin hər iki qapısı dəmir çərçivələrlə qaynaqlanmışdır. Bununla bağlı iş materiallarında müvafiq fotoşəkillər də əlavə edilmişdir. Və bu məhdudlaşdırma 2021-ci ilin iyul ayından 2023-cü ilin aprel ayına qədər davam etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin həmin obyektə girişinə əngəl törədərək faktiki olaraq vicdanlı davranmamış və müqavilə üzrə öhdəliklərini pozmuşdur.

24. MM-in 385.1 və 442-ci maddələri üzrə - Yuxarıda qeyd edilən hala görə - 4 kredit müqaviləsindən 3-ü üzrə ödəniş tapşırığı olmadığı və son ödəmə tarixi çatmadığı üçün əslində iddiaçının tələb etmə hüququ yaranmamışdır.

25. MPM-in 153.2.2-ci maddəsi üzrə - Daha əvvəl də eyni predmet və eyni tərəflər arasında eyni mübahisədən dolayı iş məhkəmədə mübahisələndirilmiş, birinci instansiya məhkəməsi (bax § 5) hazırkı iddia tələbinə uyğun ilkin iddia tələbinin həmin hissəsini əsaslı hesab etməmiş və rədd etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi öz qətnaməsində (bax § 6) iddianın rədd edilmiş hissəsinin dəqiq olmaması səbəbindən rədd edilməli olduğu bildirilmişdir. Lakin bu apellyasiya məhkəməsinin yeni mövqeyi kimi qiymətləndirilə bilməz. Çünki yeni mövqe irəli sürülmüş olsa idi, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək yeni qətnamə qəbul edilməli idi. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə (bax § 7) apellyasiya instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılaraq, birinci instansi ya məhkəməsinin mövqeyi düzgün hesab edilmişdir. Artıq sözügedən iş üzrə 2023-cü il 22 fevral tarixli 22(102)-77/2023 nömrəli yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Bu səbəb belə qətnamənin ləğv edilməsi üçün təkbaşına əsasdır.

26. MPM-in 76.1, 77 və 88-ci maddələri üzrə - İddiaçı obyektin cavabdeh tərəfindən istifadəsi səbəbi ilə məruz qaldığını iddia etdiyi zərərin həcmini əsaslandıra biləcək heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş və öz mülahizəsinə əsasən obyekt üçün aylıq 5.000 manat icarə haqqı hesablasa da, bu məbləği əsaslandırmamışdır. Həmin aylıq ödəniş məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın keçirilməsi məqsədi ilə cavabdeh tərəfindən ünvanlanmış vəsatət də əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəl i sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə ha qqı ödəməyi öhdəsinə götürür.” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələr 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifad ə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

701. İcarəyə verilən əşyanın ləvazimatı 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir:... 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir;...” “Maddə

705. İcarəyə verilmiş əşyanın qaytarılmasının gecikdirilməsi Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.” 31. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması... 5.M üqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər....”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır.

34. Kassator hesab edir ki, 4 kredit müqaviləsindən 3-ü üzrə ödəniş tapşırığı olmadığı və son ödəmə tarixi çatmadığı üçün iddiaçının tələb etmə hüququ yaranmamışdır.

35. Halbuki həmin dəlil hazırkı işin hallarına ümumiyyətlə uyğun deyildir. Belə ki, hazırkı iddia tələbini cavabdehdən kredit müqavilələrindən irəli gələn borcun deyil, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadəyə görə müvafiq dövr üzrə icarə haqqı borcunun tutulması təş kil edir.

36. Cavabdehin qalan dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

37. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

38. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 32) tələblərinə əmə l etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 32) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

39. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-9/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 8 yanvar tarixli 2-2(105)-9/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar