Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-303/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Şahhüseyn oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjisindən istifadə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2-2(103)-133/2025 nömrəli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış 2024-cü il 20 fevral tarixli BOE**********694 nömrəli xidmət müqaviləsi bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 2 aprel tarixində "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 25.000 manat maddi ziyan, 50.000 manat mənəvi ziyan və iddiaçıdan ödənilməsinə məcbur edilmiş 244,80 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən dəfələrlə ona elektrik enerjisinin verilməsi dayandırılmış və nəticədə iddiaçıya ziyan dəymişdir.
4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehin iddiaçıya maddi və mənəvi zərər vurmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli 2-2(113)-5436/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Həşimova).
6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız tərəflər arasında imzalanmış 2024-cü il 20 fevral tarixli xidmət müqaviləsi əlavə olunmuşdur. İddiaçı cavabdeh tərəfindən elektrik enerjisinin verilməməsi, bunun nəticəsində maddi və mənəvi zərər dəyməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olun muş həmin müqavilənin cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab edilməməsi qənaətinə gəlmişdir.
7. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.
8. Məhkəmə nəzərə almışdır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir.
9. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hə rəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barə də qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2-2(103)-133/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mö vqelərini vurğulamış və qeyd etmişdir ki, işin hallarından da iddiaçıya hər hansı ziyanın dəyməsi və ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş, bu iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
14. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd olunmuşdur. İddiaçı apellyasiya şikayətində sübut təqdim etməli olduğunu başa düşməməsini qeyd etmişdir. Məhkəmə iddiaçının yalnız izahatına əsaslanaraq zərərin vurulması faktının təsdiq edilmədən, cavabdehin təqsirli olması kimi halların müəyyən olunmadan iddiaçının deliktlə bağlı tələbinin təmin edilməsinin yolverilməz olması qənaətinə gəlmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bun dan sonra – “MM”) 21.1, 21.2, 386.1 və 1096.1-ci, MPM-in 14.2, 76.1, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8-ci bəndi üzrə Məhkəmə cavabdeh tərəfindən iddiaçının borclu olması ilə bağlı mötəbər sübutlar təqdim edilmədən, iddiaçının elektrik enerjisindən istifadəyə görə borcunun olması və həmin borcu ödəməməsi qənaətinə gəlmişdir. Halbuki “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.16-cı bəndinə əsasən, isteh lakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
18. MPM-in 9-cu maddəsi üzrə - Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmiş, iddiaçının təqdim etdiyi sübutlara əhəmiyyət verilməmişdir.
19. MPM-in 77-ci maddəsi üzrə - Cavabdeh qeyd olunan borc məbləği ilə bağlı “abonentin hərəkət cədvəli” kimi iddia etdiyi sə nədləri məhkəməyə təqdim edir. Lakin həmin sənəd özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə, borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilərdi. Bundan başqa, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi mübahisələndirilən sayğacsız dövrdə borcun hesablanması barədə aktları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, cavabdehin təqdim etdiyi sənəd üzrə borcun yoxlanılmasının mümkün olmadığı təqdirdə, məhkəmə iddiaçının borcunun mövcud olması qənaətinə gəlmişdir.
20. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə cavabdehin təqdim etdiyi sübutların mötəbər olması qənaətinə gələrək qəbul etsə də, iddiaçının sübutlarını mötəbər hesab etməmiş, tərəflərin bərabərliyini pozaraq, cavabdehin təqdim etdiyi sübutları iddiaçının təqdim etdiyi sübutlardan üstün tutmuşdur.
21. MPM-in 217-ci maddəsi üzrə - Məhkəmə qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə öz qətnaməsini yalnız cavabdehin dəlilləri və təqdim etdiyi sübutlarla əsaslandırmışdır.
22. Kassator şikayətinin digər bölməsində bildirir ki, qətnamənin əsaslandırıcı hissəsində ziddiyyətli məqamlar mövcuddur. İddiaçı tərəfindən ödənişlər vaxtında edilmişdir. Borcun necə yaranması sual olunur.
23. İddiaçı işıq sayğacının yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 2024-cü il 11 mart tarixli cavab məktubun da “yüksək gərginlikli elektrik verilişi xəttinin yeraltı kabel xətti ilə əvəz olunması üçün “Asan xidmət” mərkəzinə müraciət olunması” tövsiyə edilmişdir. Halbuki, iddiaçı 550 manat işıq sayğacının yerinin dəyişdirilməsi ilə əlaqədar cavabdehin əməkdaşına ödəniş etmişdir.
24. Kassasiya şikayətində həmçinin MM-in 21 və 1096-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdı rılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
31. Cavabdehin təqdim etdiyi “abonentin hərəkət cədvəli”nin iddiaçının borcunun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməməsinə, cavabdehin sayğacsız dövrdə borcun hesablanması barədə aktları məhkəməyə təqdim edə bilməməsinə, iddiaçı tərəfindən vaxtında ödənişlər edilməsinə, bununla belə məhkəmənin iddiaçının borcunun mövcud olması qənaətinə gəlməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, həmin dəlillər hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən və işə baxan məhkəmələr də ümumiyyətlə iddiaçının cavabdehə borclu olduğu qənaətinə gəlmədiklərindən məhkəmə kollegiyası həmin dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
32. Belə ki, hazırkı mübahisə zamanı iddiaçı ona cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsini və ya istehlakla əlaqədar cavabdehə artıq ödədiyi vəsaitin geri qaytarılmasını deyil, cavabdeh tərəfindən elektrik enerjisinin verilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb etmişdir.
33. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi sübutlara əhəmiyyət verilməməsinə, iddiaçının sübutlarını mötəbər hesab etməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, kassator yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, konkret olaraq hansı sübutların qiymətləndirilməməsini və ya səhv qiymətləndirilməsini isə göstərə bilməmişdir. Halbuki iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən aydın olur ki, iddiaçı iddia ərizəsinə iddia tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız tərəflər arasında imzalanmış 2024-cü il 20 fevral tarixli xidmət müqaviləsini əlavə etmiş, cavabdeh tərəfindən elektrik enerjisinin verilməməsi, bunun nəticəsində maddi və mənəvi zərər dəyməsinə dair isə heç bir mötəbər sübut təqdim etməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin müqaviləni cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab etməməklə MPM-in 80-ci maddəsində (bax § 29) müəyyən olunmuş sübutların aidliyi tələbinə əməl etmişdir.
35. İşıq sayğacının yerinin dəyişdirilməsi ilə əlaqədar iddiaçının cavabdehə etdiyi müraciətin nəticəsiz qalmasına dair dəlillərlə əlaqədar q eyd olunur ki, kassator həmin dəlillərin apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəyə nə aidiyyətinin olduğunu və bu nəticənin qanuniliyi və əsaslılığını hansı səbəbdən şübhə altına aldığını ümumiyyətlə əsaslandıra bilməmişdir.
36. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29 ) uyğun olaraq qanuni və əsaslı qətnamə q əbul etmişdir.
37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2-2(103)-133/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2-2(103)-133/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.