Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-305/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kassasiya şikayətinin mümkünlüyü, kassasiya qaydasında mübahisələndirilən iddia məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli 2-2(103)-977/2021 s aylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (bundan sonra - “iddiaçı”) ilə Cavabdeh (bundan sonra - “cavabdeh”) arasında 2020-ci il 8 iyun tariхli 2020/00121-01 nömrəli krеdit müqaviləsi bağlanmış (bundan sonra - “müqavilə”) və sonuncuya dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay müddətə illik 24% hesablanmaqla 15.000 ABŞ dolları məbləğdə krеdit vеrilmişdir.
2. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üçün cavabdehin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni-Yasamal-1 küçəsi 4, mənzil 57 (bundan sonra - “ipoteka predmeti”) ipoteka predmeti kimi tərəflər arasında bağlanmış 2020-ci il 8 iyun tariхli 2020/0012101İP nömrəli ipoteka müqaviləsi (bu ndan sonra - “ipoteka müqaviləsi”) ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 86.000 manat müəyyən edilmişdir. 3. 2021-ci il 26 fevral tarixə olan “Hesabdan çıxarış”dan görünür ki, cavabdeh tərəfindən 2020-ci il 28 sentyabr tarixdə 588,96 manat, 2021-ci il 587,20 manat ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2021-ci il 7 aprel tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi, cavabdehdən kreditin əsas borcu üzrə 15.000 ABŞ dolları məbləğdə qalıq, ona hesablanmış 1.403,84 ABŞ dolları məbləğdə faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.495 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.898,84 ABŞ dolları b orcun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğdə pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 86.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 15.000 ABŞ dolları məbləğdə qalıq, ona hesablanmış 1.403,84 ABŞ dolları məbləğdə faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.495 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.898,84 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,4 manat məbləğində pulun ona ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir.
5. İddia tələbi §§ 1,2-də göstərilənlərə uyğun olaraq əsaslandırılmış və kredit vəsaitinin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən müqavilənin tələblərinə əməl olunmadığı, kredit və ona hesablanmış faizlərin ödənilmədiyi bildirilmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmiş, lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər ödənilməmiş, bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Beləliklə, 2021-ci il 26 fevral tarixinə kreditin əsas borc üzrə 15.000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.403,84 ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.495 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 19.898,84 ABŞ dolları məbləğində borc yaranmışdır.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 295, 317.1, 319.1, 385.1, 427.3, 442, 445.2.1, 448.1, 449, 450, 462, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 39.1, 59.3-cü maddələrinə istinad edilmişdir.
7. İddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyun tarixli, e-2-2(113)-2095/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – müqavilənin ləğv edilməsi, əsas borc üzrə 15.000 ABŞ dolları, faiz borcu üzrə 1.403,84 ABŞ dolları, 500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 16.903,84 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, cavabdehin mülkiyyətində olan ipoteka predmetinin hərracdan ilkin satış qiyməti 86.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin müqavilə üzrə borcunun tutulmasına yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmaqla boşaldılması qət edilmişdir (hakim – K.Hüseynov).
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində göstərilən 15.000 ABŞ dolları məbləğində pul cavabdehə verilmiş, cavabdeh isə müqavilədə müəyyən edilmiş müddətdə və məbləğdə pulu ödəməmiş, müqavilə üzrə yalnız 2 dəfə ödəniş etmiş, müqavilə üzrə borcunun olmasını etiraf etməklə ödəniş üçün ona vaxt lazım olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisə olunmayan 15.000 ABŞ əsas borcuna münasibətdə 3.495 ABŞ dolları cərimə hesablamış, lakin həmin məbləğ əsas borca mütənasib olmamışdır. Bu səbəbdən məhkəmə cavabdehdən tutulmalı dəbbə pulu məbləğini 500 ABŞ dolları həddində müəyyən etmişdir.
10. Qanunvericiliyin tələblərinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmə lidirlər. Bu səbəbdən iddia tələbi iddianın borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılmasından sonra ən geci 1 ay ərzində həmin əmlak boşaldılaraq orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair hissədə də əsaslı olmuşdur.
11. Həmçinin, MM-nin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər ki, hazırki halda müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı mövcud olmuşdur. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
12. Məhkəmə gəldiyi nəticəni MM-nin 5.3, 269. 5, 317.1, 421.1, 425, 462.1, 467, 739.1, 741ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunması nı və iş üzrə qanuni və ədalətli yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli, 22(103)-977/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Nümayəndə, hakimlər – R.Qurbanov və V.Baxışova).
15. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətində yalnız ümumi sözlərlə dəbbə pulundan narazılıq ifadə etdiyini bildirmiş və hesab etmişdir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə və Müqaviləyə Əlavə 1 Ödəniş cədvəlində nəzərdə t utulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməli, onun bu borcu öhdəliyinin icrasının təmininatı olan ipoteka predmetinə yönəldilməlidir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-nin 269.4, 269.5, 317.1, 421.2, 427.3, 442, 448.1, 448.2, 462.1, 467, 739.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 59.3, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəll əsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli Qərarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 29 dekabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iddiaçının nümayəndəsinə və cavabdehə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
18. Həmin qətnamədən cavabdeh 2022-ci il 28 fevral tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-nin 462.5-ci maddəsinin tələbi pozulmuşdur. Cavabdeh “Covid 19” pandemiyası ilə bağlı digər sahibkarlar kimi onun da zərərə uğradığını qeyd etmiş, həmçinin pandemiya şəraiti ilə əlaqədar borcların restrukturizasiyası, iqtisadi subyektlərin xərclərinin azaldılması ilə bağlı şəraitdən, habelə sahibkarlara edilən yardımlardan yararlana bilmədiyini, faktiki fors-major halda icra edə bilmədiyi öhdəliyə görə dəbbə pulu kimi əlavə məsuliyyətə cəlb olunmasının ədalətli olmadığını qeyd etmişdir.
20. MPM-in 372.6-cı maddəsinin tələbi pozulmuşdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin dəbbə pulu ilə bağlı gəldiyi nəticədən narazı qaldığı göstərsə də, apellyasiya məhkəməsi şikayətə düzgün qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şi kayəti verilə bilər....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” İV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Məhkəmə kollegiyası hesab edir ki, işin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 22 aprel tarixli, 2-2(102)-305/2022 saylı qərardad ləğv edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekabr tarixli, 2-2(103)-977/20 21 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılmalıdır.
24. Belə ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən şikayətin onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyi müəyyən olunmuşdur.
25. Kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilməlidir.
26. Hazırkı halda, iddia tələbinin həcmi ümumilikdə 19.898,84 ABŞ dolları təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – cavabdehdən 16.903,84 ABŞ dolları məbləğində vəsaitin tutulması hissəsində təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Cavabdeh apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin, kassasiya şikayəti ilə isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını tələb etsə də, əslində kassasiya şikayətindən cavabdehin yalnız faiz və cərimə borcunu, xüsusən də dəbbə pulunu mübahisələndirdiyi görünür. Cavabdehin əsas borcu etiraf etməklə yalnız faiz və cəriməni mübahisələndirdiyi 70-ci səhifədə olan protokolda əks olunmuş ifadəsindən də görünür. Belə ki, cavabdeh kassasiya şikayətində əsas borcu deyil, 1403,84 ABŞ dolları olan faiz borcunu və 500 ABŞ dolları dəbbə pulunu mübahisələndirmişdir. Həmin mübahisələndirilə n məbləğ isə prosessual qanunvericiliklə kassasiya qaydasında mübahisələndirilə bilinən məbləğdən daha aşağı olmuşdur.
28. Beləliklə, cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilən məbləğ kommersiya mübahisələri üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş iddia qiymətindən daha az məbləği təşkil edir, buna görə də hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz.
29. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
30. İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 22 aprel tarixli, 2-2(102)305/2022 saylı qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 dekab r tarixli, 22(103)-977/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti cavabdehə qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.