Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-307/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icarəyə verilmiş avadanlıqların geri qaytarılmamasına görə kompensasiya tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin (bundan sonra iddiaçı) Cavabdeh-yə (bundan sonra cavabdeh) qarşı “icarə haqqı və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)-36/2019 saylı, 1 fevral 2019-c u il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: işin halları: İddiaçı ilə cavabdeh arasında “Drobilka KMDT-2200” markalı 2 ədəd xırdalayıcıların icarəyə verilməsi barədə 01.10.2012-ci il tarixli “xırdalayıcıların icarəyə verilməsi barədə” müqavilə, habelə həmin müqaviləyə 29.03.2013-cü il tarixli, 1 saylı və 27.12.2013-cü il tarixli, 2 saylı əlavə razılaşmalar bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, 01.10.2012-ci il tarixdə 2 ədəd “Drobilka KMDT-2200” markalı xırdalayıcını cavabdehə təhvil-təslim aktı ilə təhvil verilmişdir. Cavabdeh bu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyinə görə iddiaçıya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etm iş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2-2(83)-558/2016 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.10.2012-ci il tarixli “xırdalayıcıların icarəyə verilməsi barədə” müqavilənin ləğv edilməsi, 01.10.2012-ci il tarixli müqavilə üzrə icarə predmeti olan 2 ədəd “Drobilka KMDT-2200” markalı xırdalayıcının cavabdehdən istismara yararlı (saz) vəziyyətdə alınaraq, iddiaçıyaqaytarılması və cavabdehdən 82.600 manat borc məbləği və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 5 aprel 2017-ci il tarixli, 2-2(83)-558/2016 saylı icra vərəqəsi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İddiaçı cavabdehə qarşı 14 avqust 2018-ci il tarixdə idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin məhkəmə qətnaməsini icra etmədiyi, habelə iddiaçıya məxsus 2 ədəd “Drobilka KMDT-2200” markalı xırdalayıcını qaytarmadığı və qanunsuz olaraq özündə saxladığı üçün 01.05.2016-cı il tarixdən 01.07.2018-ci il tarixədək ƏDV daxil olmaqla 295.000 manat məbləğində icarə haqqının, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 fevral 2017-ci il tarixli, 2-2(102)-52/2017 saylı qərarı ilə öz tədqiqini tapmış 01.10.2015-ci il tarixdən 01.05.2016-cı il tarixədək olan 82.600 manat məbləğində borc ödənilmədiyi üçün yaranmış borc üzrə uçot faiz dərəcəsinin tətbiq edilməsi, habelə 01.05.2016-cı il tarixdən 01.07.2018-ci il tarixədək hesablanmış 24.986,5 manat məbləğində (2016-cı il üzrə 7.227,5 manat, 2017-ci il üzrə 12.390 manat və 2018-ci üzrə 5.36 9 manat) vurulmuş zərər və əldə çıxmış faydanın, cəmi 319.986,5 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, o cümlədən 01.10.2012-ci il tarixli “Xırdalayıcıların icarəyə verilməsi barədə” müqavilənin 2.10-cu maddəsinə əsasən icarəyə verilmiş xırdalayıcıların icarəyə verənə icarəyə verənin ərazisində qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icra vərəqəsi indiyədək icra olunmamışdır. Cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə xitam verildikdən sonra belə iddiaçıya məxsus əşyaları geri qaytarmamışdır. Buna görə də hesab olunur ki, cavabdeh məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hal-hazırkı vaxta kimi üzərinə düşən öhdəliyi icra etmədiyi üçün tərəflər arasında bağlanm ış icarə müqaviləsində göstərilən məbləğdə icarə haqqı (gecikdirilmiş hər ay üçün) kompensasiya olaraq iddiaçıya ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 fevral 2017-ci il tarixli, 2-2(102)- 52/2017 saylı qərarı ilə 01.10.2015-ci il tarixdən 01.05.2016-cı il tarixədək olan dövr üzrə 82.600 manat məbləğində borcun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öz təsdiqini tapsa da, indiyədək heç bir ödəniş olunmamışdır. Buna görə də yaranmış borc üzrə uçot faiz dərəcəsi tətbiq edilməli, 01.05.2016-cı il tarixdən 01.07.2018-ci il tarixədək ödənilməli olan vurulmuş zərər və əldən çıxmış fayda da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.10.2012-ci il tarixli “xırdalayıcıların icarəyə verilməsi ba rədə” müqavilənin 2.10-cu maddəsinə əsasən “İcarəçi” müqavilənin müddəti bitdikdən sonra və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə “xırdalayıcılar”ı saz vəziyyətdə, habelə 5 iş günü ərzində “İcarəyə verən”ə İcarəyə verənin ərazisində qaytaracağına dair öhdəliyi öz üzərinə götürmüşdür. Lakin qeyd edilən müqaviləyə 2016-cı il tarixli məhkəmə qərarları ilə xitam verilsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Buna görə də, müqavilə üzrə icarəyə verilmiş xırdalayıcıların icarəyə verənə icarəyə verənin ərazisində qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 442, 449.1, 697.1, 697.2, 1091, 1093, 1096.1, 1097.1-ci maddələrinə istinad olunmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(83)-706/2018 saylı iş) 1 noyabr 2018-ci il tarixli qətnaməsi iddia qismən təmin edilərək cavabdehdən 295.000 manat borc məbləğinin və dövlət rüsumunun hesabına ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X3 və X4, 2-2(104)-36/2019 saylı iş) 1 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 1 noyabr 2018-ci il tarixli, 2-2(83)-706/2018 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. İddiaçı 18 mart 2019-cu il tarixdə qərarın surətini almış, 18 aprel 2019-cu il tarixdə kassasiy a şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının vurulmuş ziyanın ödənilməsi və öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsinin özündən də göründüyü kimi, iddiaçı heç də cavabdehdən tərəflər arasında bağlanmış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2-2(83)558/2016 saylı qətnaməsi ilə ləğv edilmiş 01.10.2012-ci il tarixli müqavilə üzrə icarə haqqını tələb etmir. İddia tələbi ondan ibarətdir ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmadığına görə iddiaçıya aid əşyalar cavabdehin qanunsuz sahibliyində saxlanılmışdır. Bunun nəticəsində isə iddiaçıya maddi ziyan vurulm uş və iddiaçı haqlı olaraq həmin maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Dəymiş maddi ziyanın məbləğinə gəldikdə isə iddiaçı bunu xırdalayıcının aylıq icarəsinin mövcud bazar qiymətini nəzərə almaqla hesablamışdır. Belə ki, iddia ərizəsində tələb olunan məbləğ avadanlığın qaytarılmasının gecikdirilmiş hər ay üçün itirilmiş gəlirin kompensasiyası kimi qoyulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyə dair icarə haqqını tələb etmir. İddiaçı, xırdalayacının aylıq icarə haqqının müqavilədə öz əksini tapmış bazar qiymətinə istinad etməklə cavabdeh tərəfindən qanunsuz sahiblikdə saxlanılması nəticəsində gecikdirilmiş hər ay üçün kompensasiya tələb edir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 1 noyabr 2018-ci il tarixli qətnaməsindən də görünür ki, məhkəmə Mülki Məcəllənin ica rə müqaviləsindən irəli gələn bir neçə normalarını qətnamədə sadalasa da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi 295.000 manat məbləğində “icarə haqqı məbləğini” deyil, cavabdehdən, onun iddiaçıya aid əşyaları qanunsuz olaraq qaytarmadığına görə yaranmış 295.000 manat borc məbləğinin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 424.2-ci maddəsinin tələbini rəhbər tutmaqla əsaslandırması işin faktiki halları ilə uzlaşmır. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir qanuni əsasın olmamasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normalar pozulmaqla iddianın rədd edilməsi və birinci instansiya məhkəmə sinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə dair qətnamə çıxarılmışdır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırıcı hissə: İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında “Drobilka KMDT-2200” markalı 2 ədəd xırdalayıcıların icarəyə verilməsi barədə DFS/01-10 saylı, 01.10.2012-ci il tarixli “xırdalayıcıların icarəyə verilməsi barədə” müqavilə bağlanmış, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyinə görə iddiaçıya qarşı müqavilənin ləğvi və icarə haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 iyun 2016-cı il tarixli, 2-2(83)-558/2016 saylı qətnaməsinə əsasən, onlar arasında bağlanmış müqavilə ləğv edilmiş və müqavilə üzrə icarə predmeti olan 2 ədəd “Drobilka KMDT-2200” markalı xırdalayıcının cavabdehdən istismara yararlı (saz) vəziyyətdə alınaraq, iddiaçıya qaytarılması və cavabdehdən 82.600 manat icarə haqqı qismində borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icra edilmədiyini bildirərək pul tələbi və icarəyə verilmiş əmlakın onun ərazisində qaytarılması tələbi barədə iddia ilə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qətnamələri qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəll ənin 424.2 və 424.3-cü maddələrinə əsasən hüquqi qiymət vermişdir. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi müddəalar Mülki Məcəllənin öhdəl ik hüququnun ümumi hissəsinə-öhdəliklərin icrası fəslinə aiddir. Mülki Məcəllənin 697, 700 və 705-ci maddələri Mülki Məcəllənin xüsusi hissəsinəmüqavilələrdən əmələ gələn öhdəliklər bölməsində əmlak kirayəsi və icarə fəsillərinə aiddir. Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götü rdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir (697.2-ci maddə). İcarə müqaviləsi əmla k kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1-ci maddə). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2-ci maddə). Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödə nilməsi barədə iddia da istisna edilmir (705-ci maddə). Mülki Məcəllənin 424.2 və 424.3-cü maddələrinin tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyi halda, həmin Məcəllənin 697.2 və 705-ci maddələrinə görə kirayə (icarə) hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi (icarəçi) kirayəyə (icarəyə) götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən (icarəyə verən) kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə (icarə) haqqının verilməsini tələb edə bilər. “Normativ hüquqi aktlar haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisəyə Mülki Məcəllənin xüsusi hissəsinin müddəaları əsasında qiymət verilməlidir. Bəhs edilən hüquq normalarına görə icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü əşyanı qaytarmırsa, icarəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hüquq normalarına uyğun işin halları ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında və apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıdan gətirilən avadanlıqların qaytarılmasına etiraz etmirik və həmin avadanlıqların sökülərək daşınmaya hazır olması barədə 28 mart 2016-cı il tarixli məktubla iddiaçıya bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus cavabdehə icarəyə verilmiş avadanlıqların geri qaytarılmamasının səbəblərini müəyyən etməmiş, cavabdehin dəlilləri ilə bağlı araşdırma aparmamışdır. İddiaçı iddiasında 5 aprel 2017-ci il tarixli icra vərəqinin Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilməsinə baxmayaraq indiyədək icra edilmədiyini bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən avadanlığın cavabdehdən istismara yararlı (saz) vəziyyətdə alınaraq iddiaçıya qaytarılması barədə 5 aprel 2017-ci il tarixdə verilmiş icra vərəqinin icrası vəziyyəti, icra edilməməsinin səbəbləri, bununla bağlı tərəflərdən hansının təqsirli hərəkətə yol verməsi müəyyən edilib hüquqi qiymət verilməmişdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bəhs olunanlara əsasən, kassasiya şikayəti əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Kassasiya şikayətində iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Yeni qərar qəbul edilməsi üçün MPM-in 427.1.4-cü maddəs inin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)-36/2019 saylı, 1 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-307/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-307/2019
23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver