Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-317/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı ASC Bankının Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kredit borcunun tutulması 07.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC Bankının Cavabdeh MMC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2-2(107)-4/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. ASC Bankı ilə Cavabdeh MMC arasında bağlanmış 2015-ci il 30 s entyabr tarixli **********58715 nömrəli kredit xətti müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə illik 16 % olmaqla 120.000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açmağı, borcalan kredit xəttindən göstərilən məqsəd üçün istifadə etməyi, qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürmüşdür.
2. Borcalanın müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmək üçün X2 mülkiyyətində olan B şəhəri, Yrayonu, 1 ünvanında yerləşən 2 otaqlı mənzil, N.K-nın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil və X4-ün mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindəki qeyri-yaşayış sahəsi ipoteka müqavilələri üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 2 aprel tarixli 2 (004)71/2019 nömrəli qətnaməsinə əsasən 2015-ci il 30 sentyabr tarixli **********58715/İM-1 nömrəli ipoteka müqaviləsi üzrə X4-ün mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindəki qeyri-yaşayış sahəsi, 2015-ci il 1 oktyabr tarixli **********58715/İM2 nömrəli ipoteka müqaviləsi üzrə N.K-nın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil və 2015-ci il 1 oktyabr tarixli **********58715/İM-3 nömrəli ipoteka müqaviləsi üzrə X2 mülkiyyətində olan B şəhəri, Yrayonu, 1 ünvanında yerləşən 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına 119.892,65 ABŞ dolları əsas borc, 22.229,67 ABŞ dolları faiz borcu, 2017-ci il 30 sentyabr tarixdən 2019-cu il 2 aprel tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % ilə hesablanmış 9.033,33 ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda) əvəzi, 2019-cu il 2 aprel tarixədək vaxtı keçmiş əsas borc məbləğinə 200 ABŞ dolları penya olmaqla, cəmi 151.355,65 ABŞ dolları məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 29 avqust tarixli 2(103)-9114/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 2 aprel tarixli 2(004)-71/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 27 yanvar tarixli 2(102)594/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2019-cu il 29 avqust tarixli 2(103)-9114/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Hərracın yekunları üzrə əmlakın alqı -satqısı barədə 2020-ci il 20 noyabr tarixli müqavilələrə əsasən B şəhəri, Yrayonu, 1 ünvanında yerləşən 2 otaqlı mənzil 60.562,50 manat, ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzil 31.875 manat, 2021-ci il 14 yanvar tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən binanın zirzəmisindəki qeyriyaşayış sahəsi isə 30.600 manata satılmış və ASC Bankı həmin əmlakları satış qiymətinə uyğun qəbul edərək mülkiyyətinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC Bank (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci il 30 sentyabr tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47.625 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, 22.229,67 ABŞ do lları məbləğində kreditdən istifadəyə görə 2017-ci il 30 sentyabr tarixədək illik 16% dərəcəsi ilə hesablanmış faiz borcu, 19.821,61 ABŞ dolları məbləğində 2017-ci il 30 sentyabr tarixindən 2021-ci il 23 aprel tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45.050 ABŞ dolları məbləğində 2020-ci il 1 aprel tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 134.726,28 ABŞ dolları məbləğində pul vəsaitinin, 2021-ci il 23 aprel tarixindən başlayaraq iddiaçının tələbinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya və iddia ərizəsinin ve rilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 manat və sənədlərin notarial qaydada təsdiqlənməsinə görə 30 manat məbləğində çəkilmiş xərclərin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini §§1-6-da olan işin halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar, cavabdeh iddiaçıya kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 2020-ci il 1 aprel tarixə (müvafiq tarixdə cərimənin hesablanması dayandırılmışdır) bu məbləğ 45.050 ABŞ dolları təşkil etmişdir.
9. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borcalanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit xətti müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehə 2021-ci il 29 mart tarixli 484 nömrəli xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq, sonuncu tərəfindən borcun ödənilməsi üçün heç bir addım atılmamışdır.
10. İddiaçı kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 2017-ci il 30 sentyabr tarixindən hazırkı iddia ərizəsinin məhkəməyə verildiyi 2021-ci il 23 aprel tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın illik 5% faiz dərəcəsi ilə hesablanmasını əsaslı hesab edərək, müvafiq dövr üçün əldən çıxmış faydanın 19.821,61 ABŞ dolları təşkil etdiyini qey d etmişdir.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 443.2, 462, 465.2, 528-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
13. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 9 iyul tarixli e-2-2(117)-298/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 2015-ci il 30 sen tyabr tarixli **********58715 nömrəli kredit müqaviləsi üzrə 47.625 ABŞ dolları məbləğində əsas borc, 22.229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 2017-ci il 30 sentyabr tarixinədək illik 16% dərəcəsi ilə hesablanmış faiz borcu, 9033,33 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda, 200 ABŞ dolları məbləğində dəbbə pulu (penya) və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim - R.Məcidov).
14. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında baş tutmuş ilk məhkəmə araşdırması nəticəsində ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra, cavabdehin öd ənilməmiş 47.625 ABŞ dolları məbləğində əsas borcu və 22.229,67 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə 2017-ci il 30 sentyabr tarixinədək illik 16% dərəcəsi ilə hesablanmış faiz borcu qalmışdır. Bu səbəbdən də ilk məhkəmə araşdırması zamanı müəyyən olunmuş əsas borcdan əmlakların dəyəri çıxıldıqdan sonra ödənilməmiş qalan 47.625 ABŞ dolları məbləğində əsas və məhkəmə tərəfindən müəyyən edilmiş 22.229,67 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. İddia tələbinin “19.821,61 ABŞ dolları məbləğində 2017-ci il 30 sentyabr tarixindən 2021-ci il 23 aprel tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi, 45.050 ABŞ dolları məbləğində 2020-ci il 1 aprel tarixinə qədər kredit üzrə ödənil məsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış penyanın cavabdehdən tutularaq ödənilməsi” hissəsinə münasibətdə isə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin müddəti 24 ay olmaqla 2017-ci il 30 sentyabr tarixdə bitmişdir.
16. İddiaçı cavabdehə qarşı ilk dəfə kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2019-cu il 2 aprel tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apellyasiya, kassasiya şikayətlərinə baxılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 27 yanvar tarixli 2(102)-594/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir.
17. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi əsa sında keçirilən hərracda ipoteka predmetlərini 30.600 manat, 31.875 manat və 60.562,5 manata tələbkar əldə etmiş, 2020-ci il 20 noyabr və 2021-ci il 14 yanvar tarixlərində hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmış və həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına hüquqların dövlət qeydiyyatından çıxarışlar verilmişdir.
18. İddiaçının cavabdehə qarşı kredit müqaviləsinin müddətinin bitməsinə qədər əsas borca hesabladığı əldən çıxmış fayda, cərimə və əlavə faizlərin hesablanmasına dair hazırkı iddiasının maddi hüquqi əsası MM-in 449-cu maddəsi çıxış edir və iddiaçı həmin maddəyə istinadən əlavə pul tələb edir.
19. MM-in 449.1-ci maddəsinin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə h esablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır.
20. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür.
21. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün cavabdeh MM-in 449.1ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
22. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, ya xud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
23. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə işin hallarına əsaslanaraq hesab edir ki, iddiaçı MM-in 449-cu maddəsinə istinadən tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonra cavabdehdən əlavə pul tələb edə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı hazırkı cavabdehə qarşı ilk dəfə kredit xətti müqaviləsi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin tarixə kredit müqaviləsi üzrə əsas borcun, faizin, əldən çıxmış faydanın və cərimənin tutulmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2019-cu il 2 aprel tarixli qətnaməsi ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş və tərəflərin apelyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 27 yanvar tarixli 2(102)-594/2020 nömrəli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmişdir.
25. Eyni zamanda, iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsində irəli sürdüyü ilkin tələb borcun tutulması və borcun ipoteka predmetlərinə yönəldilməsi deyil, yalnız bo rcun ipoteka predmetlərinə yönəldilməsindən ibarət olmuşdur. İddaçı hüquq müdafiə vasitəsini düzgün secməməsi nəticəsində iddia irəli sürdüyü müddətdən icra sənədinin icra olunduğu müddətədək borc hesablaya bilməz. İpoteka predmetlərinin borcun ödənilməsinə kifayət etməməsi riskini isə iddiaçı özü daşıyır. Belə ki, kredit müqaviləsi və ipoteka müqavilələri bağlandığı zaman bank öz riskini nəzərə almalı və borclunun öhdəliyinin icra edilməməsi halı üçün borcun ödənilməsini təmin edəcək əmlakları ipoteka predmeti kimi qəbul etməli idi.
26. Məhkəmə bu qənaətini MM-in 399, 448.2, 448.4, 449.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
27. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 9 iyul tarixli, e-2-2(117)-298/2021 saylı qərardadı ilə iddia tələbi “2021-ci il 23 aprel tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penyanın cavabdehdən tutularaq ödənilməsi” hissəsi, əldən çıxmış faydanın əvəzi və penyanın dəqiq hansı tarixdən etibarən ödənilməsi və bu məbləğin nə qədər təşkil etməsi göstərilmədiyindən baxılmamış saxlanılmışdır (hakim – R.Məcidov).
28. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən 2021-ci 9 avqust tarixində apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbini n tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 oktyabr tarixli 2-2(107)-94/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “Tərəflər arasında bağlanmış 2015-ci il 30 sentyabr tarixli kredit xətti müqaviləsi üzrə 2017-ci il 30 sentyabr tarixindən 2021-ci il 23 aprel tarixinə qədər vaxtı keçmiş əsas borc 47.625 ABŞ dolları məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi nə qədər təşkil edir?” sualı qoyulmuşdur.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 22 noyabr tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iş materialları nda olan arayış məlumatları, 2015-ci il 30 sentyabr tarixli **********58715 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq, cavabdehin 2017-ci il 30 sentyabr tarixinə iddiaçıya olan ümumi borcu 142.229,67 ABŞ dolları (əsas borca görə 120.000ABŞ dolları, faiz borcuna görə 22.229,67 ABŞ dolları) məbləğində müəyyən edilir.
31. Həmçinin borcalan tərəfindən 2017-ci il 30 sentyabr tarixindən 2021-ci il 23 aprel tarixinədək olan müddətdə 72.375,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır, həmin ödəniş əsas borc üzrə silinmişdir. 2017-ci il 30 sentyabr tarixdən 2021-ci il 23 aprel tarixinədək olan müddətdə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 20.946,46 ABŞ dolları təşkil edir. Cavabdehin 2021-ci il 23 aprel tarixinə iddiaçıya olan borcu 90.801,13 ABŞ dolları (əsas borca görə 47.625 ABŞ dolları, faiz borcuna görə 22.229,67 ABŞ dolları, əldən çıxmış faydaya görə 20.946,46 ABŞ dolları) məbləğində müəyyən edilir.
32. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2-2(107)-4/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - R.Rəfiyev, hakimlər - E.Hüseynov və V.Məlikov).
33. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, öhdəliyin lazımınca icrası, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğundan, məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından q ərəzli olaraq boyun qaçırmayaraq, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, cavabdeh MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
34. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2019-cu il 2 aprel tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilməsini gecikdirməmiş, ipoteka predmetlərinin satışına maneə törətməmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən iddiaçı cavabdehdən MM-in 449-cu maddəsinə istinadən pul tələb edə bilməz.
35. Bundan başqa, iddiaçının Yasamal Rayon Məhkəməsində irəli sürdüyü ilkin tələb borcun tutulması və borcun ipoteka predmetlərinə yönəldilməsi deyil, yalnız borcun ipoteka predmetlərinə yönəldilməsindən ibarət olmuşdur. İddaçı hüquq müdafiə vasitəsini düzgün secməməsi nəticəsində iddia irəli sürdüyü müddətdən icra sənədinin icra olunduğu müddətədək borc hesablaya bilməz. İpoteka predmetlərinin borcun ödənilməsinə kifayət etməməsi riskini iddiaçı özü daşıyır. Belə ki, kredit müqaviləsi və ipoteka müqavilələri bağlandığı zaman bank öz riskini nəzərə almalı və borclunun öhdəliyinin icra edilməməsi halı üçün borcun ödənilməsini təmin edəcək əmlakları ipoteka predmeti kimi qəbul etməli idi.
36. Bakı şəhəri Yasama l Rayon Məhkəməsinin 2019-cu il 2 aprel tarixli qətnaməsini və həmçinin ekspert rəyində 5 % dərəcəsi ilə hesablanan faiz borcunun 20.946,46 ABŞ dolları məbləgində olmasını nəzər alaraq, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən vaxtı keçmiş əsas borc məbləginə 5 % dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın 9033,33 dollar məbləgində müəyyən edilməsi ədalətli olmuşdur.
37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 448.2, 448.4, 449.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
38. Apellyasiya məhkəməsin in qətnaməsi 2022-ci il 17 yanvar tarixli məktubla tərəflərə göndərilmiş və 2022-ci il 27 yanvar tarixində iddiaçı tərəfindən qəbul edilmişdir.
39. Qətnamədən iddiaçı tərəfindən 2022-ci il 10 mart tarixində kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 399.3 və 449-cu maddələrinin tələbləri pozulmuşdur. Birinci və apellyasiya instansiyası məhkəmələri nəzərə almamışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə qətnaməsi icra olunarkən, ipoteka ilə yüklü edilmiş və hazırda mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan əmlaklar əvvəlki mülkiyyətçiləri tərəfindən iddiaçıya təhvil verilməmiş və həmin ş əxslər hazırda da iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmaqla həmin əmlaklardan istifadə edirlər (mənzillərdə yaşayırlar). Halbuki, məhkəmələrin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərarının çıxarıldığı iş üzrə cavabdeh və onun ailə üzvləri könüllü olaraq mənzildən çıxmış və mənzili təhvil vermişlər. Konstitusiya Məhkəməsinin Plenumu da məhz həmin hala əsaslanaraq sözügedən qərarındakı hüquqi mövqeyini formalaşdırmışdır. Hazırkı iş üzrə isə belə hal mövcud deyil. Bu səbəbdən də işə baxan məhkəmələrin Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı və MM-in 449-cu maddəsinin hazırkı işə tətbiq edilməli olmadığına dair mövqeyinin hər hansı hüquqi əsası olmamaqla subyektiv mülahizə xarakteri daşıyır və MM-in 399.3-cü maddəsinin tələbini pozur. Belə ki, həmin normaya görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər öz qüvvəsini saxlayır və göründüyü kimi bu şərt MM-in 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digə r şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər ü çün məsuliyyət daşıyır.” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....”
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prin sipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” 47. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla bi rlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarıl ırlar.” 48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına əsasən: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pu l vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 40) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2-2(107)-4/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Kassator öz dəlillərində ona əsaslanır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunarkən ipoteka ilə yüklü edilmiş və hazırda mülkiyyət hüququ əsasında iddiaçıya məxsus ipoteka predmetləri onların əvvəlki mülkiyyətçiləri (ipoteka qoyanlar) G.Q, K.N, S.N və onların ailə üzvləri tərəfindən könüllü olaraq iddiaçıya təhvil verilməmiş və həmin şəxslər hazırda da iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmaqla həmin əmlak obyektlərindən istifadə edirlər (mənzillərdə yaşayırlar). Odur ki, hazırkı mübahisədə MM-in 399.3-cü və 449-cu maddələri məhkəmə tərəfindən tətbiq edilməli idi.
51. Kassatorun eyni dəlilləri apellyasiya instansiyası məhkəməsinə də təqdim olunmuşdur.
52. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı cavabdehə qarşı ilk dəfə kredit müqaviləsi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə məhkəmənin 2019-cu il 2 aprel tarixli qətnaməsi qəbul edilmiş, tərəflərin apellyasiya, kassasiya şikayətlərinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkə məsinin 2020-ci il 27 yanvar tarixli qərarı ilə mübahisə üzrə yekun qərar qəbul edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin icra vərəqəsi əsasında keçirilən hərracda ipoteka predmetini 30.600 manat, 31.875 manat və 60.562,5 manata iddiaçı əldə etmiş, 2020-ci il 20 noyabr və 2021-ci il 14 yanvar tarixlərində hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilələr bağlanmış, həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq adına hüquqların dövlət qeydiyyatından çıxarışlar verilmişdir.
53. Eyni zamanda, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da görünür ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra cavabdeh hər hansı təqsirli hərəkətləri ilə borcun ödənilmə sini gecikdirməmiş, ipoteka predmetlərinin satışına maneə törətməmişdir.
54. Göründüyü kimi, iddiaçının istinad etdiyi cavabdehin pozuntu hallarına yol verməsi iş materialları ilə öz təsdiqini tapmır.
55. İstənilən halda öz tələbinin əsaslı olmasına dair sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq iddiaçının üzərinə düşürdü. Lakin işin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
56. Kassator öz şikayətində də apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
57. Bundan başqa, mübahisə predmeti olan mənzillər ipotek a qoyularkən və ondan sonrakı dövrdə həmin mənzillərin mülkiyyətçisi cavabdeh deyil, ayrı-ayrı fiziki şəxslər olmuşdur.
58. Belə olan halda, hətta mənzillərin əvvəlki mülkiyyətçiləri tərəfindən iddiaçının bildirdiyi qanun pozuntularına (əvvəlki mülkiyyətçilərin mənzilləri könüllü olaraq iddiaçıya təhvil verməmələri, hazırda da həmin mənzillərdə yaşamaları) həqiqətən də yol verilsəydi belə, həmin pozuntulara görə cavabdehin məsuliyyət daşıması qeyri-mümkün idi.
59. Belə ki, ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi qaydası, o cümlədən ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda yeni mülkiyyətçi ilə əvvəlki mülkiyyətçi arasında münasibətlərin tənzimlənməsi, habelə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin oradan çıxarılmasının əsasları və pros eduru “İpoteka haqqında” Qanunun 59-cu maddəsi (bax yuxarıda § 47) ilə müəyyən edilmişdir.
60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 46) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Bank ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 yanvar tarixli 2- 2(107)-4/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.