Məhkəmə qərarları › İş №2-2(102)-335/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-335/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-335/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: vurulmuş zərərin ödənilməsi 01.12.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı Şirkətinin nümayəndəsi cavabdeh ASC-nin vəkilinin iştirakı ilə İddiaçı Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 iyun tarixli e-2-2(103)-82/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikay ətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 2000-ci il 24 yanvar tarixli Səhmlərin sertifikatının surətindən görünür ki, iddiaçı (bundan sonra – “Şirkət”) 2000-ci ildən Cavabdehin (bundan sonra – “ASC”) 14.738 ədəd səhminin sahibi olmuşdur.

1. İş materiallarına əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014cü il 16 yanvar tarixli 2iqt(81)-284/2014 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Şirkətin cavabdehlər ASC və ASC-nin rəhbəri X1 (bundan sonra – “X1”) qarşı səhmdar cəmiyyətin yenidən təşkili, kənar idarəçinin təyin olunması, cəmiyyətdən çıxan səhmdarın məxsus olduğu səhmləri müqabilində əmlakın naturada ona verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı ASC-nin cavabdeh Şirkətə qarşı səhmlərin alınması və qeydiyyatın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır.

3. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 8 aprel tarixli 2-2(103)-184/2014 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 17 sentyabr tarixli 2-2(102)-269/2014 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanmışdır.

5. X 1 tərəfindən yol verilən qanun pozuntuları, dividentlərin azaldılması, vergidən yayınma barədə Şirkətin müraciətinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin verdiyi 2014-cü il 6 iyun tarixli 05 nömrəli cavab məktubundan görünmüşdür ki, ASC-də 2012-ci il 1 may tarixindən 2013-cü il 1 noyabr tarixinədək olan dövr ü zrə aparılmış səyyar vergi yoxlaması zamanı ASC-yə məxsus ünvan 1-də yerləşən yaşayış binasının 1-ci mərtəbəsində obyektin orta aylıq icarə bazar qiymətinin real bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilmişdir.

6. İş materiallarına əlavə olunmuş ASC-nin səhmdarlarının ümumi yığıncağının 2014cü il 17 dekabr tarixli 01 saylı Protokolunun surətindən görünmüşdür ki, həmin tarixdə ASCnin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Şirkətin iştirak etmədiyi həmin iclasda ASCnin 2013-cü il üçün maliyyə hesabatı təsdiq edilmişdir. ASC-nin həmin il üzrə icarə haqqından mənfəəti 62.033,88 manat, xərcləri 16.397,63 manat, xalis mənfəəti 36.509 manat təşkil edib. İclasda ASC-nin onun idarə heyətinin sədri X1-ə 128.776,39 manat borcunun olduğu tanınmış, dividendlərin yalnız xalis aktivlərə sahib olması halında ödənilməsi qərara alınmışdır.

2. İş materiallarına əlavə olunmuş ASC-nin səhmdarlarının ümumi yığıncağının 2015ci il 6 oktyabr tarixli 01 saylı Protokolunun surətindən görünmüşdür ki, həmin tarixdə cavabdehin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Şirkətin direktorunun və Şirkətin etibarnamə əsasında nümayəndəsinin iştirak etdiyi bu iclasda ASC-nin 2014-cü il üçün maliyyə hesabatı təsdiq edilmişdir. ASC-nin həmin il üzrə icarə haqqından mənfəəti 58.644,06 manat, xərcləri 47.350,5 manat təşkil etmiş, bu məbləğdən 2.258,71 manat mənfəət vergisi ödənildikdən sonra 9.034,85 manat xalis mənfəət qalmışdır. Həmin xalis mənfəət ASC-nin X1-ə olan borcunun qismən ödənilməsinə yönəldilmişdir. İclasda ASC-nin 2014-cü il üçün maliyyə hesabatı təsdiq edilmiş, habelə 2014-cü ildə X1-in təkrarən təmir xərcləri çəkməsi də diqqətə alınmaqla ASC-nin X1-ə olan borcunun 204.081,54 manat olması müəyyən edilmişdir. Şirkət bu məsələlərlə bağlı təkliflərin əleyhinə səs vermişdir.

8. Şirkət ilə X2 (bundan sonra – “X2”) arasında bağlanmış 2016-cı il 14 mart tarixli Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilənin surətindən görünmüşdür ki, iddiaçı özünə məxsus 14.738 ədəd səhmi X2-yə 29.476 manat müqabilində satmışdır.

9. İş materiallarına əlavə olunmuş ASC-nin səhmdarlarının ümumi yığıncağının 2017ci il 28 fevral tarixli 01 saylı Protokolunun surətindən görünmüşdür ki, həmin tarixdə ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Şirkətə məxsus olmuş səhmləri X2-dən əldə etmiş X3 (bundan sonra – “X3”) iştirak etdiyi həmin iclasda ASC-nin 2015 və 2016-cı illər üçün m aliyyə hesabatı təsdiq edilmişdir. ASC-nin 2015-cü il üzrə icarə haqqından mənfəəti 65.423,73 manat, xərcləri 52.446,58 manat təşkil etmiş, bu məbləğdən 2.595,43 manat mənfəət vergisi ödənildikdən sonra 10.381,72 manat xalis mənfəət qalmışdır. Həmin xalis mənfəət ASC-nin X1-ə olan borcunun qismən ödənilməsinə yönəldilmişdir. Nəticədə 2016-cı ilin əvvəlinə ASC-nin X1-ə borcunun 92.962,3 manat olması təsdiqlənmişdir. Cavabdeh cəmiyyətin 2015-ci il üçün maliyyə nəticələri səsverməyə qoyulmuş və yekdilliklə təsdiq edilmişdir. Həmin iclasda ASC-nin 2016-cı il üçün maliyyə hesabatı da müzakirə edilmişdir. Belə ki, ASC-nin 2016-cı il üzrə icarə haqqından mənfəəti 79.209 manat, xərcləri 69.419 manat təşkil etmiş, bu məbləğdən 1.958 manat mənfəət vergisi ödənildikdən sonra 7.832 manat xalis mənfəət qalmışdır. Həmin məbləğ X1-ə olan borcun hissəvi ödənişinə yönəldilmiş, 2017-ci ilin yanvar ayının 1-nə borc məbləğinin 75.966,5 manat təşkil etməsi müəyyən edilmişdir.

7. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Şirkət ASC-yə qarşı 2019-cu il 5 avqust tarixində iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ASC tərəfindən 2011-2015-ci illərdə Şirkətə vurulmuş 813.575 manat maddi zərərin (əldən çıxmış fayda şəklində) və 100.000 manat mənəvi zərərin (ümumilikdə 913.575 manat) ASC-dən alınaraq Şirkətin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ayrı-ayrı 4 sahədən və yarım zirzəmidən ibarət qeyriyaşayış sahəsi vardır. Şirkət 2000-ci ildən 2016-cı ilə kimi ASC-nin 14.738 ədəd (29,999%) səhminin sahibi olmuşdur. Şirkətin səhmdar kimi əsas məqsədi ASC-nin mənfəətindən dividendlər əldə etmək olmuşdur. ASC-nin yeganə fəaliyyəti mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən ibarət olmuşdur. Lakin ASC bu qeyri-yaşayış sahəsini bazar qiymətlərindən xeyli aşağı qiymətə icarəyə vermişdir. Belə ki, ASC-nin icarəyə verdiyi faktiki sahə 758 m2 təşkil etdiyi halda, bağlanmış icarə müqavilələrində bu sahə 655 m2 göstərilmişdir. ASC-yə məxsus qeyri-yaşayış sahəsi Bakı şəhərinin ticarət fəaliyyəti üçün ən bahalı və müştərilərin ən çox olduğu yerində yerləşdiyi üçün bu ünvanda yerləşən obyektlərin 1 m2-nin icarə qiyməti digər ünvanlarda yerləşən obyektlər in icarə qiymətindən xeyli dərəcədə yüksəkdir.

12. ASC-nin icra orqanı tərəfindən bağlanmış icarə müqavilələri reallığı (bazar dəyərini) əks etdirmədiyi üçün Şirkət tərəfindən dəfələrlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə yol verilən qanun pozuntuları, dividendlərin azaldılması və vergidən yayınma barədə müraciət edilmiş, məhkəmələrə iddia ərizələri yazılmışdır. ASC-nin icra orqanının ədalətsizliyi səbəbindən Şirkət uzun sürən məhkəmə proseslərinə cəlb edilmişdir. Bu isə Şirkətə həm maddi zərər (iddialar verilən zaman müxtəlif notariat əməliyyatları, nəqliyyat, vəkil xərci və sair xərclər), həm də mənəvi ziyan vurmuşdur.

13. Şirkətin müraciətlərinə əsasən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən 2012-ci il 1 may tarixdən 2013-cü il 1 noyabr tarixinədək AS C-də səyyar vergi yoxlaması aparılaraq bağlanılmış müqavilələrin real bazar qiymətinə uyğun olmadığı müəyyən edilmiş və verilən məlumata əsasən vergi ödəyicisi barəsində qanunvericilkdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

14. ASC-nin rəhbərliyi bağlanmış icarə müqavilələrində icarə qiymətini bir neçə dəfə aşağı göstərməklə Şirkəti gəlirdən məhrum etmişdir. Beləliklə, icarədən əldə edilməli olan gəlir aylıq icarə məbləği 56.500 manat, illik gəlir isə 678.000 manatdan artıq olmalı idi. ASC mənfəət vergisinin ödəyicisi olduğu üçün həmin məbləğdən 20% mənfəət vergisi çıxıldıqdan sonra ASC-nin xalis mənfəəti hər il üçün 542.400 manat təşkil edərdi. Bu halda, ASC hər il üçün Şirkətə 162.715 (542.400 x 29,999% = 162.715) manat divident verilməli idi. Göründüyü kimi, 2011-2015-ci illər ərzində ASC-nin mülkiyyətindəki səhmlərdən istifadə hüquqları ASC tərəfindən pozulmuş, nəticədə Şirkətə külli miqdarda zərər dəymişdir.

15. ASC-nin nümayəndəsi və vəkili Vəkil 2019-cu il 6 setyabr tarixində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə çıxış edə bilməz; bu barədə Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli, 7 nömrəli Qərarının 3-cü bəndində açıq göstəriş vardır.

16. O ki qaldı maddi zərər tələbinə, Şirkət əvvəl də eyni məzmunlu iddia ilə çıxış etmiş və 2012-ci ilə kimi dividend tələb etmişdir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 16 yanvar tarixli 2 iqt(81)-284/2014 saylı qətnaməsi ilə iddia rədd edilmiş, həmin məhkəmə aktı yuxarı məhkəmələrdə də qüvvədə qalmışdır.

17. Bundan başqa, 2013-2016-cı illər ərzində ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. İclasların protokolları mövcuddur və heç bir halda dividend ödənilməsi barədə qərar qəbul edilməmişdir. Şirkət hazırda ASC-nin səhmdarı deyil. Keçmiş dövrə aid dividendin ödənilməsi tələbi isə ümumiyyətlə yolverilməzdir. 18. 2012-ci ilin oktyabr ayında ASC-yə məxsus qeyri-yaşayış sahəsini su basmış və nəticədə ASC-yə 248.700 manat zərər dəymişdir. Həmin zərər yalnız X1 tərəfindən qarşılanmışdır. Keçən müddət ərzində əldə edilən mənfəət ümumi yığıncaqda qəbul edilən qərarlar əsasında digər xərclərlə yanaşı həm də X1-in borcunun qaytarılmasına yönəldilməkdədir. Həmin borc indi yədək tam şəkildə ödənilməmişdir. Ona görə də ASC tərəfindən dividend ödənilməsi barədə qərarın qəbulu mümkün olmamışdır. 19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 oktyabr tarixli e-2-2(81)1070/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir (hakim – A.O).

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, maddi zərər tələbi 2011-2015-ci illər üzrə ödənilməmiş dividendlərlə bağlıdır. Tərəflər arasında əvvəllər baş tutmuş məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilir ki, 2010-2012-ci illər üzrə hesablanmış, lakin ödənilməmiş 39.134,47 manat dividendin tutulması tələbinə dair Şirkətin iddiası rədd edilmişdir. Deməli, artıq 2010-2012-ci illər üzrə dividend tələbinə dair mübahisəyə hüquqi qiymət verilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, ASC tərəfindən Şirkətə hər hansı məbləğdə maddi zərər vurulmamışdır.

22. Şirkət maddi zərər tələbini əldən çıxmış fayda şəklində zərərə uğraması ilə əsaslandırmağa çalışmışdır. Şirkətinin mövqeyinə görə, əgər ASC mülkiyyətində olan qeyriyaşayış sahəsini bazar qiymətlərinə uyğun icarəyə versəydi, onda Şirkət də dividend ala biləcəkdi; nəticə etibarı ilə, icarə haqqının bazar qiymətlərindən dəfələrlə aşağı olması Şirkəti gəlir əldə etməkdən məhrum etmişdir.

23. Məhkəmə bu dəlili əsaslı saymamışdır. Belə ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik ar asında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

24. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsini tələb edən Şirkət 4 şərtin (hüquqa zidd əməl, zərər, səbəbli əlaqə və təqsir) mövcudluğunu sübut etməli idi.

25. İcarə haqqı ASC-nin tərəf olduğu icarə müqavilələri üzrə sərbəst qaydada müəyyənləşdirilmişdir. Həmin müqavilələr ASC-nin adından idarə heyətinin sədri tərəfindən bağlanmış, səhmdarlar, o cümlədən Şirkət tərəfindən də mübahisələndirilməmişdir.

26. Eyni zamanda, ASC-nin səhmdarlarının ümumi yığıncağında ASC-nin bu dövrlər üzrə fəaliyyəti uğurlu sayılmış və maliyyə hesabatı təsdiqlənmişdir. Həmin iclaslarda qəbul edilmiş qərarlar da səhmdarlar, o cümlədən Şirkət tərəfin dən mübahisələndirilməmişdir.

27. Digər tərəfdən, Şirkətin ehtimalında belə, zərər Şirkətə deyil, ASC-yə vurulmuş olur. Ona görə ki, icarə haqqı məbləğlərinin aşağı göstərilməsi Şirkəti deyil, ilk növbədə, ASC-ni mənfəətdən məhrum edərdi. Dolayısı ilə, bu ehtimalda belə, Şirkət zərərin əvəzinin özünün deyil, səhmdarı olduğu dövrdə ASC-nin xeyrinə tutulmasını tələb etmək hüququna malik idi.

28. Göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlilin əsaslı olduğu ehtimalda belə, zərərin Şirkətə deyil, yalnız vaxtilə səhmdarı olduğu ASC-yə dəydiyi qəbul edilə bilərdi. Şirkət ilk mərhələdə ASC-nin gəlirlərdən məhrum olduğunu (dolayısı ilə zərərə məruz qaldığını) qəbul edir, lakin zərər çəkən şəxsdən (yəni ASC-dən) zərərin əvəzinin ödənilməsini tələb etməklə təzadlı davranır. Çünki delikt törədən şəx sin mülki-hüquqi məsuliyyətindən söhbət gedə bilər, zərər çəkənin deyil.

29. Qeyd edilənləri diqqətə aldıqda, Şirkətin zərərin əvəzinin ödənilməsini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığı nəticəsinə gəlmək mümkündür.

30. Belə ki, Mülki Məcəllənin 106-1.3-cü maddəsində sadalanmış səhmdarların hüquqları sırasında cəmiyyətdən öz xeyrilərinə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ öz əksini tapmamışdır. Bu da təsadüfi deyildir. Ona görə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu çərçivədə müxtəlif əqdlər bağlayan, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər edən şəxs səhmdar deyil, səhmdar cəmiyyətidir (MM, m. 43.1). Dolayısı ilə, zərər və mənfəət yalnız hüquqi şəxs - səhmdar cəmiyyəti baxımından meydana gəlir. Bu mənada, Şirkət iddia vermək üçün müvafiq su byektiv hüquqa malik deyildir və mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz.

31. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, hətta zərərin vurulduğunun qəbulu ehtimalında belə, 2013-2015-ci illər üzrə dividend tələbi də əsaslı deyildir.

32. Belə ki, 2013-2015-ci illər üzrə ASC-nin fəaliyyəti və maliyyə hesabatı səhmdarlarının ümumi yığıncağının iclaslarında müzakirə edilmiş və yuxarıda adı çəkilən qərarlar qəbul edilmişdir. İclas protokollarından aydın olduğu kimi, səhmdarlar tərəfindən dividend ödənilməsi barədə qərar qəbul edilməmişdir.

33. Məhkəmə bildirmişdir ki, səhmdar cəmiyyətlərdə dividend ödəmək öhdəliyi birbaşa qanun norması əsasında deyil, çox tərəfli əqd olan ümumi yığıncağıncağın qərarı əsasında əmələ gəlir. Belə ki, Mülki Məcəllənin 106-3.2-c i maddəsi dividend ödəmək öhdəliyinin əmələ gəlmə anını bu barədə qərarın qəbulu günlə əlaqələndirmişdir. ASC-nin səhmdarları tərəfindən 2013-2015-ci illər üzrə hər hansı dividendin ödənilməsi barədə qərar qəbul edilməmişdir. Deməli, ASC-nin Şirkət qarşısında dividend ödəmək öhdəliyi də yaranmamışdır.

34. Beləliklə, məhkəmə qeyd edir ki, adi səhmin əldə edilməsi dividendlərin ödənilməsinə zəmanət vermir, ona görə ki, dividendlərin ödənilməsi barədə qərarın qəbulu səhmdar cəmiyyətin vəzifəsi deyil, hüququdur. Bu səbəbdən də, bu barədə qərar olmayan dividendlərin ödənilməsinin ASC-dən tələb edilməsi əsassızdır.

35. Məhkəmə icarə haqqının bazar qiymətlərinin yüksək olması ilə bağlı Şirkətin təqdim etdiyi icarə müqavilələri ilə bağlı aşağıdakıları qeyd etmişdir.

36. Təqdim edilmiş hər üç icarə müqaviləsi 2008-ci il tarixdə bağlanmışdır. İcarəyə verilən daşınmaz əmlakların Nizami küçəsində yerləşməsi onların icarə haqlarının ASC-nin mülkiyyətində olan daşınmaz əmlaka da şamil edilməli olmasını deməyə imkan vermir. Ona görə ki, icarə haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir və müxtəlif amillərdən (daşınmaz əmlakın vəziyyəti, sahəsi, icarəçinin həmin əmlaka olan ehtiyacı və s.) asılıdır.

37. Digər tərəfdən, Şirkət iddia edir ki, 2011-2015-ci illər ərzində ona illik ortalama 162.715 manat dividend ödənilməli idi. Tərəflər arasında baş tutmuş məhkəmə işi çərçivəsində qəbul olunmuş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Şirkətə 2004-cü il üçün 4.490,19, 2005-ci il üçün 5.824,68, 2006-cı il üçün 6.276,02, 2007-ci il üçün 6.240,54, 2008-ci il üçün 7.803,6, 2009-cu il üçün 12.790,98 manat dividend ödənilmişdir. 38. 2012-ci il 15 oktyabr tarixində ASC-yə məxsus ünvan 1-də yerləşən 325 kv.m-lik qeyri-yaşayış sahəsinin (zirzəminin) 5 metrliyindən keçən yeraltı su kəməri qəzalı olduğundan deşilmiş və təzyiqli su, habelə suyun gətirdiyi qum və gil ASC-yə məxsus qeyriyaşayış sahəsini üst qata qədər tam doldurmuşdur. Nəticədə həmin qeyri-yaşayış sahəsinə (zirzəmiyə) subasma nəticəsində 248.700 manat məbləğində maddi zərər dəymişdir.

39. Məhkəmə onu da qeyd etmişdir ki, Şirkətə 2011-ci ilə qədər dividend ödənilmişdir. Lakin dividend məbləğləri heç də iddiaçı şirkətin iddia etdiyi kimi ortalama illik 162.715 manat təşkil etməmişdir. Şirkətə ödənilmiş ən yüksək dividend məbləği 2009-cu il üzrə 12.790,98 manat olub. Şirkət həmin dividendi alıb və bu məbləğin həqiqəti əks etdirmədiyini, əslində ona ödənilməli olan dividendin 160 min manatdan çox olduğunu iddia etməyib. Başqa sözlə, Şirkət ona ödənilən dividend məbləği ilə razılaşıb. Bu mənada, Şirkət 2011-ci ilədək aldığı dividend məbləğinin 2011-ci ildən başlayaraq hansı səbəbdən təxminən 162.715 manat təşkil etdiyinə açıqlıq gətirə bilməmişdir. Təqdim edilmiş icarə müqavilələri bağlanan 2008-сi il üzrə Şirkətə 7.803,6 manat dividend ödənilmiş və Şirkət həmin məbləğlə razılaşmışdır.

40. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Şirkətin dividend tələb etmək hüququnun olmadığı, dividendin ödənilib-ödənilməməsinin ASC-nin öhdəliyi deyil, hüququ olması təsdiqlənmişdir. Bu mənada, hazırki iş üzrə irəli sürülmüş vurulmuş zərərin ödənilməsi tələbinin əvvəlki məhkəmə işi üzrə qaldırılmış iddia (d ividend tələbi) ilə hissəvi üst-üstə düşməsi nəzərə alınmalıdır. Başqa sözlə, Şirkətin əvvəlki və hazırki tələbləri arasındaki yeganə fərq dividend tələb edilən illərlə bağlıdır. Odur ki, əvvəlki illər üzrə dividend tələb etmək hüququna malik olmayan Şirkətin sonraki illər üzrə dividendin ödənilməməsi əsası ilə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malik olduğunu demək üçün heç bir əsas yoxdur.

41. Məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1096.1-ci maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki Şirkət zərərin nədə ifadə olunmasını əsaslandırmamış, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

42. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin əvəzini tələb etmək hüququ yalnız fiziki şəxslərə məxsusdur. Şirkət hüquqi şəxsdir, ona görə də, belə bir tələblə çıxış etmək hüququna malik deyildir.

43. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 43.1, 49.3, 106-1.1, 106-1.3, 106-1.3.7, 106-3.1, 106-3.2, 106-3.5, 386.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 217.3, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarının (bundan sonra – “2008-ci il 3 noyabr tarixli qərar) 1-3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

44. Şirkət 2019-cu il 11 deka br tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 iyun tarixli e-2-2(103)-82/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2019-cu il 15 oktyabr tarixli e-2-2(81)-1070/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – M.T, hakimlər – Ü.M və X.C).

46. Apellyasiya instansiya məhkəməsi mahiyyət etibarilə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§ 20-42), öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 43), həmçinin MM-in 21.1, MPM-nin 88, 233.3, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

47. Qətnamə 2020-ci il 23 iyun tarixində tərəflərə göndərilmişdir.

48. Həmçinin 2020-ci il 5 iyun tarixində həmin iş üzrə e-2-2(103)-82/2020 nömrəli xüsusi qərardad qəbul edilmiş, aşkar olunmuş faktlar üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılması üçün işdə olan məlumatlar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

49. Şirkət ona 2020-ci il 29 iyun tarixində təqdim olunmuş həmin qətnamədən kassasiya şikayəti vermiş (kassasiya şikayəti 2020-ci il 28 avqust tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. Şirkətin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəbdən (cinayət işi ilə əlaqədar Kürdəmir rayonunda istintaq hərəkətində iştirak edilməsi səbəbindən) iştirak edə bilmədiyindən, məhkəmənin başqa vaxta keçirilməsi ilə bağlı apellyasiya instensiyası məhkəməsinə teleqram ünvanlamış və bildirmişdir ki, növbəti iclasda üzrlü səbəblə bağlı məhkəməyə sübut təqdim olunacaqdır. Lakin məhkəmə teleqramı nəzərə almamış, iş hərtərəfli araşdırılmadan tələsik qərar qəbul edilmişdir.

51. İşin hərtərəfli araşdırılması üçün, məhkəmə kollegiyası təqdim olunmuş səyyar vergi yoxlamalarına dair aktları əsas gətirərək məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etməli idi. Çünki həmin aktlardan açıq-aşkar görsənir ki, 2011-2015-ci illərdə Cəmiyyətə ödəmə mənfəət vergisinin azaldılması və mənbəyindən vergidən yayındığına görə külli miqdarda cərimələr tətbiq olunmuşdur.

52. Məhkəmə kollegiyası iddiaçının digər nümayəndəsinin izahatını qətnaməyə daxil etməmişdir.

53. Kassator iddia ərizəsində icarə müqavilələrinin real bazar qiymətlərindən dəfələrlə aşağı bağlandığını qeyd etmişdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi Şirkətin izahatlarını və iddia ərizələrində apellyasıya şikayətimizdə qeyd etdiklərini tamamilə düzgün olmayan şəkildə göstərib. Bu isə işin hallarına əhəmiyyətli dərəcədə təsir edir. Şirkət iddia ərizəsində də, məhkəmə çıxışlarında da dəfələrlə qeyd etmişdir ki, icarə qiymətləri sənəd üzərində ( yəni icarə müqavilələrində) real bazar qiymətlərindən qat-qat aşağı qiymətə bağlanılmışdır. Lakin faktiki olaraq ASC-nin icra orqanı ASC-nin mülkiyyətində olan qeyriyaşayış sahələrini nəinki real bazar qiymətlərindən, hətta ondan da baha qiymətə icarəyə vermişdir. Bununla da, sübut olunur ki, uzun illərdir ASC-də ikili mühasibatlıq aparılır, dövlət büdcəsinə ödənilməli olan vergilər süni şəkildə azaldılır, ASC-nin səhmdarları isə külli miqdarda dividendlərdən məhrum edilirlər.

54. Məhkəmə qeyd etmişdir ki, Şirkətin hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yox idi. Bununla bağlı kassator qeyd etmək istəyir ki, burada zərər bilavasitə ASC-yə dəysə belə, dolayısı yolla Şirkətə da zərər dəymişdir. Çünki Şirkət ASC-nin majoritar səhmlərinin sahibi kimi ASC-nin mənfəətindən d ividend almaq hüququndan məhrum olmuşdur.

55. Bu faktları təsdiq edən ASC-də aparılmış 2011-2015-ci illərdə səyyar vergi yoxlamalarına dair aktlarla bağlı məhkəmə hazırkı iş üzrə qətnaməsində fikir bildirməmiş və ümumiyyətlə, sübutlar siyahısında həmin aktları sadalamamışdır.

56. Kassasiya şikayəti MM-nin 21.1, 21.2, 1096.1, 1096.2, 1097-ci, MPM-nin 14.1, 217.3, 218.1, 417.1.4, 418.1-ci, AMP-nin 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 1982-ci il 1 noyabr tarixli, “De Cubber Belçikaya qarşı” iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarlarına istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə q arşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

57. Məhkəmə iclasında iştirak edən ASC-nin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.

58. Məhkəmə iclasında Şirkətin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-nin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

60. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

62. MM-in m üvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış el ə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır....” “Maddə

49. Hüquqi şəxsin orqanları... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qə bulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir...” “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.... 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:... 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən divide nd almaq;...” “Maddə 106-3. Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyiş məsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.... 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüqu qla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

63. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

185. İşdə iştirak edən ş əxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmad ığını müəyyən edir....” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri “.... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.....” “Maddə

385. Məhkəmə qətnaməsinin a pellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları “... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....”

64. AMP-nin 2008-ci il tarixli 03 noyabr qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İns an Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulm ası nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

3. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

65. Məhkəmə kollegiyası işin hallarını və iş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

66. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 50-də göstərilən dəlili ilə bağlı bildirir ki, Şirkətin vəkili məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini qeyd etsə də, teleqramı göndərərkən həmin üzürlü səbəbin mövcudluğunu təqdim edən sübut təqdim etməmişdir. Halbuki MPM-nin 185.1-ci maddəsinə görə (bax yuxarıda § 63), işdə iştirak edən şəxs, məhkəməyə gəlməmənin səbəbini bildirməklə yanaşı, həmçinin bu səbəbin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludur. Apellyasiya baxışı zamanı belə sübutlar təqdim olunmadığından apellyasiya instansiya məhkəməsi işə baxılmasının təxirə salınması barədə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu hərəkəti MPMnin 185.1 və 376.2-ci (bax yuxarıda § 63) maddələrinə uyğun olmuşdur.

67. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 51-də göstərilmiş dəlili ilə bağlı vurğulamağı zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Şirkətin 20102012-ci illər üzrə dividend tutulmasına dair əvvəlki iddia tələbinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə rədd edilməklə öz həllini tapması, hazırkı iş üzrə Şirkətin dividend tələb etmək hüququnun olmaması, o cümlədən dividendin ödənilməsinin ASC-ninvəzifəsinin deyil, hüququnun olması, ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 2013-2015-ci illər üzrə dividendin ödənilməsi barədə hər hansı qərar qəbul edilmədiyindən dividendlərin ödənilməsinə dair tələbin əsassız olması, hazırkı iş üzrə irəli sürülmüş zərərin ödənilməsi tələbinin əvvəlki məhkəmə işi üzrə qaldırılmış iddia (dividend tələbi) ilə hissəvi üst-üstə düşməsi, Şirkətin əvvəlki və hazırkı tələbləri arasındaki yeganə fərqin dividend tələb edilən illərlə bağlı olması, bununla əlaqədar əvvəlki illər üzrə dividend tələb etmək hüququna malik olmayan iddiaçının sonraki illər üzrə dividendin ödənilməməsi əsası ilə vurulmuş zərərin ödənilməsini tələb etm ək hüququna malik olmaması, ASC-nin adından idarə heyətinin sədri tərəfindən bağlanmış icarə müqavilələrin, habelə müvafiq dövrlər üzrə ASC-nin fəaliyyətinin uğurlu sayılması və maliyyə hesabatının təsdiqlənməsinə dair səhmdarların ümumi yığıncağınin iclaslarında qəbul olunmuş qərarların səhmdarlar, o cümlədən Şirkət tərəfindən mübahisələndirilməməsi, Şirkətin ona ödənilmiş və hazırda tələb etdiyindən xeyli az olan dividend məbləği ilə razılaşması, eləcə də hazırki işin hallarından Şirkətə əldən çıxmış fayda şəklində maddi ziyanın vurulduğunun təqdim edilmiş sübutlarla öz təsdiqini tapmaması barədə doğru nəticəyə gəlmişdir.

68. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi Şirkətin 2011-2015-ci illərdə mənfəət vergisinin azaldılması və ödəmə mənbəyindən vergidən yayındığına görə ASC-yə kü lli miqdarda cərimələr tətbiq olunmasını əsas gətirərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə verdiyi vəsatəti təmin etməyərkən düzgün qərar qəbul etmişdir. Belə ki, həmin ekspertizanın verəcəyi rəy hazırkı mübahisənin həllinə təsir göstərə bilməzdi və təsir göstərməmişdir.

69. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 52-də göstərilmiş dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 5 iyun tarixində keçirilmiş iclasının protokoluna və video yazısına, habelə işin digər materiallarına istinad edərək qeyd edir ki, Şirkətin digər nümayəndəsi həmin tarixdə məhkəmə iclasında iştirak etməmiş, eləcə də özünün yazılı izahatını bu məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar kassasiya şikayətinin sözügedən dəlili əsaslı hesab oluna bilməz.

70. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 53-də göstərilən dəlili ilə bağlı bildirir ki, iddiaçının ASC-nin bütün səhmdarlarının adından çıxış etməsi əsaslı hesab oluna bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ASC-nin adından idarə heyətinin sədri tərəfindən bağlanmış icarə müqavilələri, habelə müvafiq dövrlər üzrə ASC-nin fəaliyyətinin uğurlu sayılması və maliyyə hesabatının təsdiqlənməsinə dair səhmdarların ümumi yığıncağınin iclaslarında qəbul olunmuş qərarların səhmdarlar, o cümlədən Şirkət tərəfindən mübahisələndirilməməsi nəinki yalnız Şirkətin, eləcə də bütün səhmdarların ASC-nin təsərrüfat fəaliyyətinin nəticələri ilə qane olmaları anlamına gəlir. Bundan başqa, Şirkətin ona ödənilmiş və hazırda tələb etdiyindən xeyli az olan dividend məbləği ilə razılaşması faktı da bu dəlilin əsassızlığına dəlalət edir. Digər tərəfdən, ASC-nin başqa səhmdarları onların adından çıxış etməklə bağlı Şirkəti səlahiyyətləndirməmişlər.

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda § 54-də göstərilən dəlilini də əsaslı hesab etmir. Belə ki, əgər icarə haqqı məbləğləri aşağı göstərilməklə mənfəətin azadılması faktı hətta həqiqətən də baş versəydi, Şirkətin özünün də etiraf etdiyi kimi, bu halda zərər Şirkətə deyil, ASC-yə vurulmuş olardı. Şirkətin ASC-ni zərər çəkən kimi qəbul etdiyi halda, onun delikt törədən şəxs kimi mülki-hüquqi məsuliyyətə cəlb olunmasını, zərər çəkən şəxsdən (yəni ASC-dən) zərərin əvəzinin ödənilməsini tələb etməsi Şirkətin öz mövqeyində uyğunsuzluq, ziddiyyət yaradır. Çünki bu zaman Şirkət zərərin əvəzinin özünün deyil, səhmdarı olduğu dö vrdə ASC-nin xeyrinə tutulmasını tələb etmək hüququna malik idi.

72. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, Şirkət icarə müqavilələrini, habelə müvafiq dövrlər üzrə ASC-nin fəaliyyətinin uğurlu sayılması və maliyyə hesabatının təsdiqlənməsinə dair səhmdarların ümumi yığıncağınin iclaslarında qəbul olunmuş qərarları mübahisələndirməmiş, əvvəllər Şirkətə ödənilmiş və hazırda tələb etdiyindən xeyli az olan dividend məbləği ilə razılaşmışdır. Bu və işin digər halları Şirkətin hazırda iddia etdiyi zərərin reallıqda mövcud olmamasına dəlalət edir.

73. Məhkəmə kollegiyasının yuxarıda §§ 67-68-də əks olunmuş mövqeyi kassasiya şikayətinin yuxarıda § 55-də göstərilən dəlilinə münasibətdə də keçərlidir. Sözügedən vergi aktlarında qeyd olunanlar hazırkı mübahisənin həllinə təsir edə bilmədiyindən və təsir etmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu aktlara sübut kimi istinad olunmaması ciddi pozuntu kimi qiymətləndirilə və MPM-nin 418.3-cü maddəsinə (bax yuxarıda § 63) uyğun olaraq formal mülahizələr əsasında qətnamənin ləğvinə səbəb ola bilməz.

74. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 iyun tarixli e2-2(103)-82/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar