Məhkəmə qərarları › İş №2-2(102)-336/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-336/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-336/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış faydanın tutulması, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1nə qarşı “əldən çıxmış faydanın tutulması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli, 2-2(103)- 988/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh2 MMC (icarəçi) arasında bağlanmış 2019cu il 3 avqust tarixli 3M-770 reyestrli icarə müqaviləsinə əsasən icarəyə verənə məxsus Bakı şəhəri, Zirə qəsəbəsi Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən 1,95 ha istixananı, 0,5 (ha) texniki zona tikintisini, 1,2731 (ha) boş ərazidən ibarət sahəni icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə obyektinin bir illik icarə haqqı 3.000 manat təşkil edir. Müqavilənin 4.3-cü bəndinə görə, elektrik enerjisi, qaz, su, kanalizasiya, telefon və internetdən istifadə üzrə b ütün xərclər icarəçi tərəfindən ödənilir.

2. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 2019-cu il 3 avqust tarixli, 3M770 reyestrli icarə müqaviləsinin ləğvinə dair 2021-ci il 23 noyabr tarixli müqaviləyə görə, Bakı şəhəri Zirə qəsəbəsi Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən qeyriyaşayış sahəsinə dair bağlanmış 2019-cu il 3 avqust tarixli, 3M-770 reyestrli icarə müqaviləsi 2021-ci il 23 noyabr tarixdən ləğv edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,40 ha torpaq sahəsi üzərində Abşeron Rayon İcra Hakimiyyətinin hüququ ********** nömrəli icarə hüququnun alğı-satqısına əsasən İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh1nə göndərilmiş 2021-ci il 14 avqust tarixli müraciətdə İddiaçı MMC-yə Bakı şəhəri Zığ qəsəbəsi Zığ Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən ümumi ərazisi 3.723,1 ha olan obyektin qazla təmin olunması üçün İddiaçı MMC ilə Cavabdeh1 arasında qazın alğı-satqısı məqsədilə müqavilə bağlanması xahiş olunmuşdur.

5. İddiaçı MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 2021-ci il 8 dekabr tarixli ərizədə qeyd olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada ləğv edilmişdir. İstixanada yetişdirilən məhsulların məhv olması təhlükəsi olduğundan İddiaçı MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmasına və təbii qazın bərpasına icazə verilməsi xahiş olunmuşdur.

6. Abonentin saldosundan görünür ki, Zirə Tərəvəzçilik -südçülük sovxozunun ərazisində yerləşən istixana üzrə **********00060 nömrəli kod Cavabdeh2 MMC-nin adına qeydiyyatdadır, abonentin 2021-ci ilin iyun ayının sonuna borcunun məbləği 90.403,09 manat təşkil etmişdir.

7. Cavabdeh1 tərtib etdiyi, Cavabdeh2 MMC-nin imzalamadığı “Qarşılıqlı hesablaşmalar haqqında” üzləşdirmə aktında qeyd olunmuşdur ki, Cavabdeh2 MMC 2021-ci il 31 oktyabr tarixinə qazın alğı-satqısına görə borcunun məbləği 102.739,29 manat təşkil etmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 2021-ci il 14 avqust tarixli xəbərdarlıqda bildirilmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 3 avqust tarixli, 3M-770 reyestrli icarə müqaviləsinin 3.2.1, 4.3-cü bəndlərinin tələbləri pozularaq icarə obyektinə maddi ziyan dəymişdir. Qeyd olunan bəndlərin tələblərini yerinə yetirərək, bir həftə ərzində obyektin İddiaçı MMC-yə qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh2 MMC və Cavabdeh1nə ünvanlanmış pretenziya məktubunda Cavabdeh2 MMC və Cavabdeh1 qeyri-qanuni hərəkətləri nəticəsində əldən çıxmış faydanın (407.200 və 92.000 manat məbləğində vəsaitin) müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 10. 2022-ci il 28 yanvar tarixli MŞB/6-204 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə sənəddən görünür ki, Cavabdeh2 MMC və Cavabdeh1nə sessiyanın tarixi, saatı və yeri barədə 5 gün öncə poçt vasitəsilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştir ak etməmişlər. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh2 MMC-yə və Cavabdeh1nə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “İB”) qarşı iddia ərizəsi ilə 2022-ci il 1 mart tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində əldən çıxmış faydanın (407.200 manat və 92.000 manat) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış 2019-cu il 3 avqust tarixli icarə müqaviləsinə əsasən, iddiaçıya məxs us istilikxana MMC-yə icarəyə verilmişdir. Müqavilə üzrə bütün öhdəlikləri icarəçi öz üzərinə götürmüşdür. MMC təbii qazın alğı-satqısı ilə bağlı İB ilə ayrıca müqavilə bağlamışdır. MMC-nin istixana ilə bağlı fəaliyyəti iki il, yəni 2021-ci ilin avqust ayına kimi davam etmişdir. Lakin icarəçi üzərinə düşən öhdəliklərinə əməl etməmiş və istixananı nəzarətsiz qoyub getmişdir. İcarəçinin rəhbəri olmuş X2 ilə əlaqə saxlamış və istixananı müqavilənin müvafiq bəndinə uyğun olaraq, yəni tam yararlı vəziyyətdə onlara təhvil verilməsini xahiş etmişlər. MMC-nin maddi imkanının olmadığını bildirmiş, ancaq müqavilənin tələblərinə uyğun olaraq fəaliyyətdə olan müddətdə yaranmış kommunal borcların ödənilməsinə söz vermişlər. Lakin bu günə qədər icarəçi təbii qazdan istifadəyə görə yaranmış borcunu ödəmə miş və ödəməkdən yayınmışdır. İddiaçı fəaliyyətinin davam etdirilməsi üçün istixanada təmir bərpa və əkinə hazırlıq işləri aparmağa başlamış, sonunda 2021-ci il 10 sentyabr tarixində istixanada “Şarante” tipli yemiş növündə şitil və 2021-ci il 17 oktyabr tarixində "xxxx" tipli xiyar növünü əkmişlər. Təbii qazın verilməsi MMC-nin səhlənkarlığı nəticəsində İB tərəfindən qeyri-qanuni olaraq dayandırılmışdır. İcarəçinin İB-yə borcu və qazın bərpası ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər olunsa da, İB tərəfindən cavab verilmişdir ki, MMC-nin fəaliyyət müddətində İB-yə müəyyən borc məbləği yarandığından iddiaçıya təbii qazın verilməsinə icazə verilməmişdir.

13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 23, 109 6.1, 1096.2, 1097.1, 1115, 1128.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 aprel tarixli e-2-2(113)-1522/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Ü.Həsənova).

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Belə ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürü lür: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

17. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir.

18. Belə ki, işin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmamışdır.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 1096.1, 1097.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 14 aprel tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 119.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı 2022-ci il 9 iyun tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyun tarixli 22(103)-689/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab olunmuşdur (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

22. İddiaçı 2022-ci il 18 iyul tarixdə müddətin bərpası barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, verilmiş apellyasiya şikayətinə dair buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 iyul tarixli e-2-2(113)-1522/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – Ü.Həsənova). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(103)-988/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdı r (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı istixanada qaz bərpa olunmadan yemiş və xiyar yetişdirməyə başlamış, bununla da qaz verilişinin bərpa olunmamasının doğuracağı nəticələri, o cümlədən məhsulun sonrakı soyuq aylarda məhv olması yaxud zərər görməsi riskini əvvəlcədən gözə alaraq, sonuncuya dəyə biləcək ziyanın məsuliyyətini könüllü qaydada öz üzərinə götürmüşdür. Belə olan halda isə, cavabdehlərin onlara istinad olunan hərəkətsizliklə zərər arasında səbəbli əlaqədən və mülki hüquq pozuntusuna görə mülki məsuliyyətlərinin yaranmasından bəhs oluna bilməz. Belə ki, cavabdehlərin iddiaçıya zərər vurması faktı öz təsdiqini tapmadığı üçün, sonuncu qarşısında eyni əsasla hər hansı öhdəlikləri də əməl ə gəlməmiş, iddiaçı sözügedən əsasla cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa, yəni cavabdehlərdən tələb etmək hüququna və müdafiə hüququna malik olmamışdır. MMC-nin fəaliyyət müddətində borcun yaranmasına görə təbii qazın verilməsinin dayandırılması məsələsi həmin hüquqi şəxslə İB arasında yaranan hüquq münasibətlərinə aid olmuşdur. Qazın İB tərəfindən bərpa edilməməsi isə, sonuncu ilə iddiaçı arasında alğı-satqı müqaviləsi bağlanmadığı və Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən istixananın abonent kodu iddiaçının deyil, MMC-nin adına qeydiyyatda olduğu üçün qeyri-qanuni sayıla bilməz.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.4, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 6.1, 6.1.4, 6.6-cı bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına v ə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 14 aprel tarixli qərarlarına, MPM-in 4.1, 5.1, 14.2, 77.1, 106.1, 217.1, 217.3, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 22 dekabr tarixdə tərəflərə göndərilmişdir.

28. İddiaçı 2023-cü il 20 fevral tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli 2-2(102)-214/2023 saylı qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab olunmuşdur (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Dadaşov).

30. İddiaçı 2023-cü il 3 aprel tarixdə kassasiya şikayəti verməklə həm in qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. İddiaçı 2023-cü il 11 aprel tarixdə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmamış hesab olunmasına dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, verilmiş kassasiya şikayətinin müddətini buraxılmamış hesab edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 22(103)-988/2022 saylı qərardadı ilə ərizə təmin edilmişdir (sədrlik edən – R.Qurbanov, V.Baxışova və A.Hüseyn).

33. İddiaçı 2023-cü il 15 may tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə təqdim edərək, iddiaçı ilə İB arasında razılıq əldə olunduğu ndan, kassasiya şikayətindən İB-yə münasibətdə imtina etdiyini bildirmiş, MMC-yə münasibətdə kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 443.4, 1096.1, 1097.1-ci maddələri üzrə İddiaçı ilə MMC arasında 2019-cu il 3 avqust tarixində bağlanmış icarə müqaviləsi ilə istilikxana tam yaralı vəziyyətdə təhvil verilmişdir. Bir müddət sonra təbii qazın istehlakına görə 2021-ci ilin iyun ayının sonuna MMC-nin borcunun məbləği 90.403,09 manat təşkil etmişdir. Həmin borc məbləğini ödəməmişlər. Borcun yaranmasından xəbər tutan kimi istilikxanaya gəlmiş iddiaçı çox acınacaqlı vəziyyətlə üzləşmişdir. İstixana çox bərbad hala salınmış, baxılmamış, dağıdılmış, baxımsızlıqdan bərbad hala düşmüşdür. İddiaçı tərəfindən MMC-yə istixana təhvil verilərkən tam hazır, işlək vəziyyətdə verilmiş, lakin MMC icarəyə götürdüyü istixananı götürdüyü kimi, yəni təhvil aldığı kimi təhvil verməmiş, xəbər vermədən bərbad hala salaraq, təhvil-təslim etmədən qoyub getmişdir. Bundan sonra iddiaçı istixanada öz vəsait hesabına təmir işləri aparılmış və sonradan əkin işlərinə başlanılmışdır. Əkin işinə başlanılmasının əsas səbəbi isə bundan ibarətdir ki, iddiaçının heç kəsə borcu olmamışdır. Yaranmış borc məbləği MMC-yə məxsusdur. İcarəyə verilməmişdən öncə İB ilə hər hansısa bir problem yaşanmamışdır. Məhz bu səbəbdən əkin işləri aparılmış və sonucu bəllidir. Əkinin hamısı məhv olmuşdur. Yəni iddiaçının borcu olmamış, lakin qazın verilməsi dayandırılmış və naməlum səb əblərdə bərpa edilməmişdir. Hal budur ki, neçə illərdir ki, istixana qazla işləyirdi və heç bir problem yox idi. MMC borcu yaratmışdır. Həmin məbləğin şişirdilməsi, vaxtında tələb olunmaması İB-nin üzərinə düşən bir vəzifə idi ki, bu da vaxtında həyata keçirilməmişdir. Bu səbəbdən hesab edirik ki, MMC-nin istixananı bərbad şəkildə, təhvil vermədən qoyub getməsi, İB-yə qazın borcunu vaxtında ödəməməsi nəticəsində əkinin tam olaraq məhv olmasının əsas səbəbkarı elə həmin MMC-dir. İddiaçı MMC-dən istixananı geri götürdükdən sonra orada təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qazın verilməsinin bərpa olunmasını İB-dən dəfələrlə xahiş etsə də, sonuncu bərpa etməmişdir. MMC tərəfindən istixananın bərbad hala salınması, İB tərəfindən yaranmış borc nəticəsində istixanaya qazın verilməsinin d ayandırılması nəticəsində əkinin məhv olmasının səbəbkarı elə MMC-dir. İddiaçının heç bir borcu olmadan qazın verilməsi dayandırılmışdır. Bir neçə aylar yanacaqla istifadəyə çalışsalar da, bu mümkün olmamış, nəticədə əkin tam məhv olmuş, dəymiş ziyanın tam olaraq ödənilməsi tələbi ilə çıxış edilmişdir. MMC vaxtında üzərinə düşən öhdəliyi yerinə yetirsəydi, yayınmasaydı və İB borcu vaxtında tələb etsəydi, süni şəkildə şişirdilməsinin qarşısı vaxtında alınsaydı, bu hallar baş verməzdi. Bu səbəbdən hesab edirik ki, apellyasiya məhkəməsinin qətnaməsi göstərilən maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

35. MPM-in 4.1, 5.1, 14.2, 77.1, 106.1, 217.1, 217.3-cü maddələri üzrə - Qeyd olunan maddi prosessual hüquq normalarının tələbləri apellyasiya məhkəməsi tərəfindən pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və p rosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması....” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş z ərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nü fuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “6. X1 Dayandırılmasının Əsasları və Qazın alğı-satqı müqaviləsinin ləğvi 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:... 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;... 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir....”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında müəyyən edilmişdir ki: “... Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorun an obyektiv hüquqların pozulması ilə müşayiət olunur.... Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər....”

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması nı araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz....”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 14 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə d ə hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər mə suliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 109 6.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövc ud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər....”

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəm ənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. İddiaçı cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində əldən çıxmış faydanın (407.200 manat və 92.000 manat) müştərək qaydada tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

47. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı istixanada qaz bərpa olunmadan yemiş və xiyar yetişdirməyə başlamış, bununla d a qaz verilişinin bərpa olunmamasının doğuracağı nəticələri, o cümlədən məhsulun sonrakı soyuq aylarda məhv olması, yaxud zərər görməsi riskini əvvəlcədən gözə alaraq, ona dəyə biləcək ziyanın məsuliyyətini könüllü qaydada öz üzərinə götürmüşdür. Belə olan halda isə, cavabdehlərin onlara istinad olunan hərəkətsizliklə zərər arasında səbəbli əlaqədən və mülki hüquq pozuntusuna görə mülki məsuliyyətlərinin yaranmasından bəhs oluna bilməz. Başqa sözlə, cavabdehlərin iddiaçıya zərər vurması faktı öz təsdiqini tapmadığı üçün, onların sonuncu qarşısında eyni əsasla hər hansı öhdəlikləri də əmələ gəlməmiş, iddiaçı sözügedən əsasla cavabdehlərə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa, yəni onlardan tələb etmək hüququna və müdafiə hüququna malik olmamışdır. Apellyasiya şikayətinin konkre t dəlillərinə gəldikdə isə, MMC-nin fəaliyyət müddətində borcun yaranmasına görə təbii qazın verilməsinin dayandırılması məsələsi həmin hüquqi şəxslə İB arasında yaranan hüquq münasibətlərinə aiddir. Qazın İB tərəfindən bərpa edilməməsi isə, sonuncu ilə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmadığı və Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən istixananın abonent kodu iddiaçının yox, MMC-nin adına qeydiyyatda olduğu üçün, qeyri-qanuni sayıla bilməz.

48. Qeyd etmək lazımdır ki, iddiaçı onunla İB arasında razılıq əldə olunduğundan, İB-yə münasibətdə kassasiya şikayətindən imtina etmişdir (bax yuxarıda § 33).

49. İddiaçının MMC-yə münasibətdə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, eyni və ya oxşar məzmunlu dəlillər aşağı məhkəmə instansiyalarında da bildirilmiş, işə baxan məhkəmələrin bununla bağlı mövqeyi onların qətnamələrində əsaslandırılmışdır.

50. İddiaçı özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

51. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 45) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 45) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 2-2(103)-988/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 dekabr tarixli 22(103)-988/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar