Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-35/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X3, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2, Cavabdehin vəkili (nümayəndəsi) X2, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə S umqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 24 oktyabr tarixli 2-2(105)-143/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək 783.730 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. X4-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 783.730 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2015-ci il 1 dekabr tarixdən 2016-cı il 31 yanvar tarixədək ümumilikdə 783.730 manat məbləğində materiallar, avadanlıqlar və ölçü ciha zları cavabdehə satılmış və malların cavabdehə verilməsi qaiməfakturalarla və 2016-cı il 8 fevral tarixli üzləşmə aktı ilə təsdiq olunur. Həmin materiallar, avadanlıqlar və ölçü cihazları cavabdeh tərəfindən zavod üçün istifadə edilmişdir. Lakin cavabdeh tərəfindən materialların, avadanlıqların və ölçü cihazlarının dəyəri bu günədək iddiaçıya ödənilməmişdir. Yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina edir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1, 386.1, 442, 448.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 may tarixli 2-2(085)-101/2019 nömrəli qətnaməsi ilə id dia tələbi təmin edilmiş, 783.730 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin halları ilə birmənalı olaraq sübuta yetirilir ki, tərəflər arasında qaimə-fakturalarda göstərilmiş malların alğı-satqısı ilə bağlı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 783.730 manat dəyərində müxtəlif adda mal cavabdehə satılmış və alğı-satqının nəticələri ikitərəfli qaimə-fakturalarla və aktla rəsmiləşdirilmişdir. Cavabdeh 783.730 manat məbləğində pul vəsaitini 2016-cı il 1 aprel tarixdən iddiaçıya ödənilməsinə təminat vermiş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Cavabdeh qətnaməd ən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-2(105)-143/2019 nömrəli qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddia tələbi nin faktiki və hüquqi əsaslarının olmaması ilə bağlı uzun müddət davam edən məhkəmə proseslərində cavabdeh tərəfindən ətraflı məlumat verilmiş, lakin həmin hallara əhəmiyyət verilməmişdir. Tərəflər arasında 2016-cı il 8 fevral tarixli aktdakı siyahıda göstərilən materiallar, avadanlıqlar və ölçü cihazlarının alınması ilə bağlı heç bir alğı-satqı müqaviləsi, o cümlədən şifahi müqavilə və razılaşma mövcud olmamış və iddiaçı bu barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. 2016-cı il 8 fevral tarixli Akt mövcud deyildir, həmin akt iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Bu faktı təkcə o hal təsdiq edir ki, dəfələrlə müvafiq vəsatət verilməsinə baxmayaraq, iddiaçı həmin Aktın əslini məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda bu barədə apellyasiya şikayətinin dəlillərində də ətraflı göstərilməsinə baxmayaraq, məhkəmələr işin nəticəsi üçün həlledici əhəmiyyət kəsb edən bu hala heç bir əhəmiyyət və müvafiq hüquqi qiymət vermədən qərar qəbul etmişdir. İşdən göründüyü kimi, 2016-cı il 8 fevral tarixli Aktın yalnız iddiaçının öz möhürü ilə təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir, məhkəmə isə 20 ədəd qaiməfakturaların əslini tələb etdiyi kimi, 2016-cı il 8 fevral tarixli Aktın da əslini və ya notarial qaydada təsdiq olunmuş surətini tələb etməmiş və məhz bundan sonra həmin akta istinad edərək, müvafiq nəticəyə gəlməli olduğu halda, tamamilə qərəzli və məqsədyönlü olaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 89-cu maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1). Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (89.3). Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir (89.4). İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 20 ədəd qaimə-fakturaları da saxtalaşdırılmışdır. Belə ki, bu faktı təkcə o hal təsdiq edir ki, tarixləri müxtəlif olan 20 ədəd qaimə-fakturaların hamısında cavabdehin möhürü eyni qaydada (istiqamətdə) vurulmuşdur (h albuki, bu qədər təsadüf ola bilməz). Bundan başqa, iddiaçı tərəfindən cavabdehə aid möhürün oxşarının hazırlanması və istifadə olunması ehtimalı da vardır, belə olan halda, məhkəmə öz təşəbbüsü ilə iş üzrə müvafiq ekspertiza təyin edərək həmin qaimə-fakturalardakı imzaların və cavabdehə aid möhürün həqiqiliyini müəyyən etməli olduğu halda, tamamilə qərəzli və məqsədyönlü olaraq bunu etməmişdir. MPM-in 97.1-ci maddəsinə əsasən,işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Digər tərəfdən, həmin qaimə-fakturalar ciddi mühasibat blankları (sənədləri) deyildir, məhkəmə bu hala da hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 11 8 nömrəli Qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli, 9 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında müəssisə və təşkilatların, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq istifadə etdikləri ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalar müəssisədaxili blanklardır, həmin blanklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarına, həmin qərar ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na, həmin Qaydaların 3.1-ci bəndinə uyğun olaraq Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli, Q-09 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na və həmin qərar qəbul edilənədək Maliyyə Nazirliyinin müvafiq əmrlərinə uyğun tərtib və tətbiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinə uyğun tərtib və tətbiq edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması üçün Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin üçüncü şəxs qismində prosesə cəlb edilməsi barədə vəsatətinə də məhkəmə əhəmiyyət verməmişdir. Göründüyü kimi, məhkəmə işin obyektiv və hərtərəfli araşdırılmasında maraqlı olmamış, tamamilə qərəzli qərar qəbul etmişdir. Qaimə-fakturalarda göstərilmiş məlumatlarla 2016-cı il 8 fevral tarixli Aktda göstəri lmiş məlumatlar arasında kəskin uyğunsuzluq mövcuddur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 2016-cı il 19 yanvar tarixli, 19 saylı qaimə-fakturanın təsdiq olunmuş surətində malların məbləği “41.850 manat” göstərilmiş, lakin sonradan birinci instansiya məhkəməsində iddiaçı tərəfindən 2016-cı il 19 yanvar tarixli 19 saylı qaimə-fakturanın əsli təqdim edilmiş, əslində həmin qaimə-fakturaya düzəliş edilərək (artırılaraq) məbləğ “42.100 manat” göstərilmiş, nəticədə növbəti saxtakarlıq edilərək həmin malların məbləği iddia tələbində qoyulmuş 783.730 manat məbləğinə uyğunlaşdırılmışdır. MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifə lərini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (14.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin digər vəkilləri (nümayəndələri) kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbə blərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən müqavilə münasibətlərinin mövcudluğunun və alğı-satqı faktının təsdiqi kimi hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. MM-in 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İkitərəfli qaydada tərtib edilmiş qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən 783.730 manat dəyərində malların cavabdehə təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması təsdiq olunmuşdur. Malların təhvil verilməsinin təsdiqi kimi istinad edilən qaimə-fakturaların öz formasına görə cavabdehin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşk ilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə uyğun olmaması vəziyyəti iddiaçının zərərinə dəyişmir, həmin sənədlərin sübutetmə vasitəsi kimi əhəmiyyətinə təsir etmir. Belə ki, həmin sənədlərin publik-hüquqi (inzibati) qaydada müəyyən edilmiş forma tələblərinə uyğun olmaması onların məzmunun mülki-hüquqi xarakterinə təsir etmir. Əksinə, ikitərəfli qaydada təsdiq edilmiş həmin sənədlər öz formasına və məzmununa görə MM-in 406.1 və 406.3-cü maddələrinin dispozisiya şərtlərini ödəyir. MM-in 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilmə sin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə... bağlana bilər. Beləliklə, malların təhvil verilməsinin təsdiqi kimi istinad edilən qaimə-fakturaların öz formasına görə cavabdehin əsaslandığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın tələblərinə uyğun olub-olmamasından asılı olmayaraq, onların hər biri “tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə” müqavilənin bağlandığını təsdiq edir. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mü lkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən 2016-cı il 8 fevral tarixli aktın əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin tələb edilmədiyinə, qətnamədə əsassız olaraq həmin akta istinad edildiyinə dair şikayətin dəlili ilə razılaşır. Belə ki, MPM-in 89-cu maddəsinə əsasən, yaz ılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1). Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (89.3). Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir (89.4). Beləliklə, 2016-cı il 8 fevral tarixli aktın əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmadığından, apellyasiya instansiyası məhkəməsi qətnamədə həmin akta istin ad etməkdə haqlı olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, MPM-in 418.3-cü maddəsinin tələbinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası nəzərə alır ki, 2016-cı il 8 fevral tarixli aktın sübutetmə vasitəsi kimi qəbul edilmədiyi halda belə, tərəflər arasında, iddia olunan məzmunda öhdəlik-hüquq münasibətlərinin yarandığı malların cavabdehə təhvil verildiyini təsdiq edən və yuxarıda istinad edilən sənədlərlə müəyyən olunmuşdur. Şikayətin digər dəlili ondan ibarətdir ki, qaimə-fakturalarda göstərilmiş məlumatlarla 2016-cı il 8 fevral tarixli aktda göstərilmiş məlumatlar arasında kəskin uyğunsuzluq mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 89-cu maddəsinin yuxarıda qeyd edilən müddəalarına əsasən 2016-cı il 8 fevral tarixli aktın sübutetmə vasitəsi kimi qəbul edilmədiyi nəzərə alındıqda, həmin aktdakı məlumatlarla qaimə-fakturalar arasındakı uyğunsuzluğa istinadla irəli sürülən şikayətin dəlilləri də əsaslı hesab edilə bilməz. İşin obyektiv və hərtərəfli araşdırılması üçün Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin üçüncü şəxs qismində prosesə cəlb edilmələrinin zəruriliyinə dair şikayətin dəlilləri də əsaslı deyil. Belə ki, həmin orqanlar mübahisə olunan hüquq münasibətinin subyekti deyillər və mübahisənin həllinin istən ilən nəticəsi həmin orqanların hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur. Cavabdehin şikayətinin yuxarıda qeyd edilən digər dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətlərini təkzib etmir, yalnız onlara qarşı etirazı ifadə edir və bu, kassasiya şikayətinin təmin edilməsinə səbəb ola bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-2(105)-143/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-2(102)-35/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-35/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver